Müasir inqilabçı müsəlman qadınlar
Yaşadığımız bu qarışıq zəmanədə yaradıcı qadına həmişəkindən daha artıq ehtiyac duyulur. Müasir, gözüaçıq, inqilabçı müsəlman qadını özünün bu tarixi rolunu yaxşı dərk edərək sələfləri kimi yeni-yeni qəhrəmanlıqlar yaratmaqdadır.
Ayıq müsəlman qadını bizim əsrimizdə belə qəhrəmanlıqlar sırasında materialistlərin qaranlıq zindanlarını qırıb-dağıtmaq, XX əsrin daşlaşmış, cahiliyyə dövrünə məxsus dəmir qəfəsələrini sökmək, insanın, ümumiyyətlə bəşərin, xüsusilə də qadının köləlik, qulluq zəncirlərini sındırmaq və onların yerində mənəviyyat, təmizlik və dindarlıqla dolu bir dünyanın bünövrəsini qoymaq istəyir. Bu kimi qəhrəmanlıqların şanlı və tarixi nümunələrini İslam ölkəsi olan İranın qəhrəman qadınları 1356-cı ilin dey ayının 19-da təlatümlü inqilab günlərində həyata keçirməyə başlayıb, 1357-ci ilin qanlı 17 şəhrivər – 22 bəhmən günlərində ən yüksək zirvəyə çatdırdılar. Bu hərəkətləri ilə onlar dünya qadınlarına və qadınlar dünyasına varlıq aləmində qadının rolunun necə olmasını və onu necə ifa etməyi göstərmək istədilər.
Tarix İranın müsəlman qadınlarının həmin o qanlı fəryadlı və qəhrəman günlərdə nə etdiklərini unutmayacaqdır. İran qadınları həmin günlərdə küçə yürüşlərində fəal və təsirli iştirak etməklə, güllə və atəş qabağında sinə gərməklə, orucluq bayramı, Tasua, Aşura günləri və başqa günlərdə keçirilən bir neçə milyon adamlıq izdihamlı mitinqlərin ön cərgələrində addımlamaqla, ərlərini, qardaşlarını və oğullarını hərəkətə gətirərək onları iqtidar sahibləri ilə zəiflərin əbədi döyüşlərinə göndərməklə, imperializm və dünya sionizmi əlaltılarının zülmkar və zorakı hökumətinə qarşı qanlı nümayişlərin ön sıralarında getməklə, dam üstünə çıxan kişilərin səsinə səs verərək Amerika hökumətini lərzəyə salan və dünyanın bu qaniçən qüdrət sahibinin muzdurlarını çıxılmaz vəziyyətdə qoyan möhtəşəm "Allahu Əkbər” sədasını göylərə ucaltmaqla, əl bombası, qumbara və bu kimi əldəqayırma silahların düzəldilməsində, 1357-ci ilin 21-22 bəhmən günlərindəki səngər qurmaq və səngərdə dayanmaq işlərində və başqa vacib tədbirlərdə fəal iştirak etməklə göstərdilər ki, ayıq müsəlman qadını artıq Şərqin və Qərbin qüdrət sahiblərinin iradəsiz gəlincik, məclislərin zinəti kimi görmək istədikləri qadın deyil. Əksinə, elə bir qadındır ki, istibdad və müstəmləkəyə, xaricilərə və xaricipərəstlərə qarşı mübarizədə öhdəsinə böyük vəzifələr götürür və bu vəzifələrin öhdəsindən də yaxşıca gələ bilir. İran qadınının inqilab tarixində oynadığı bu əzəmətli böyük rolu gələcək qadın nəsilləri və ümumiyyətlə bəşər həyatının gələcək tarixi üçün bir nümunə ola bilər və olmalıdır...
İran İslam inqilabında qadının rolu
Qadın da mübariz və öz haqqını tələb edən kişilərin döyüş və səngər yoldaşı kimi həmişə izzət, şərəf və yüksək amallar uğrundakı döyüş meydanlarında özünü fəal və aparıcı qüvvə kimi göstərmiş və adını bəşər tarixinin qanlı və iftixarlı səhifələrinə yazmışdır. Elə çoxlu qadınlar olmuşlar ki, haqq və batil uğrunda döyüş meydanlarına kişilərlə bərabər (hətta bəzən kişilərdən qabaqda və kişilərdən daha çox) atılaraq onlarla birgə mübarizə bayrağını əllərinə almış və döyüş səngərlərindən möhkəm dayanıb canlarından keçmişlər. tarixin də əsil və şərəfli, döyüşkən və mübariz qadınların şanlı qəhrəmanlıq səhifələri ilə bəzənmiş zərli vərəqləri, başlıqları çoxdur. Aslan kimi elə çoxlu qadınlar da olmuş və vardır ki, iman və əzmlə meydana qədəm qoymuş, müxtəlif ictimai sahələrdə həmişə öz ləyaqət və istedadını, bacarıq və huşyarlığını, ayıqlıq və uzaqgörənliyini sübuta yetirmişlər.
Belə qadınlar həmişə göstərmişlər ki, onlar analıq sahəsində bahar şehindən daha lətif, səhər yelindən daha nəvazişlidirlər. Ömür-gün gün yoldaşlığında günəşdən daha isti, ay işığından daha ürəkoxşar, buludlardan daha bərəkətli, daha barlıdırlar. Qadın böyüklüyünün təzahüründə isə dağlardan daha möhkəm, həmişə coşub-daşan çaylardan daha inadcıl, dağ sellərindən daha gur, yırtıcı şirdən daha çox hücumçəkən, səhrada tək dayanan Səbur ağacından daha dözümlüdürlər. Şanlı qəhrəmanlıq səhifələrini, yorulmaz və dönməz mübarizə tarixini yaradanlar da onlardır.
Bəli, insafla desək, bəşər tarixində bu cür qadınlar az olmamışlar. Onların içərisində bəzən çox qəribələri də olmuşlar...
Amma İslam ölkəsi olan İranda özünün layiqli rolunu bütün bəşəriyyətə göstərmiş və şərəfli adını dünya tarixində zərli xətlərlə yazdırmış qadın həqiqətən qadınlığın və qadın olmağın elə bir keyfiyyətlərini, xüsusiyyət və özəlliklərini də aşkar etdi ki, nəinki bugünkü dünya qadınlarını heyrətə saldı, eyni zamanda müasir kişiləri də İran qadınına başqa gözlə baxmağa, onun haqqında ayrı cür düşünməyə, zəmanə və tarix kitabında onun əbədi qəhrəmanlıq tarixçəsi üçün ayrıca yer ayırmağa vadar etdi.
Ona görə ki, İran İslam inqilabı tarixində, ardıcıl və coşqun mübarizə meydanında, qəhrəman millətimizin taleyində, Şərq və Qərb qüdrət sahiblərinə qarşı amansız döyüşlərdə, 2500 illik çürük rejimin satqın başçılarının zülm və haqsızlığı əleyhinə mübarizədə, bir sözlə, "Şanlı İran İslam inqilabı”nda müsəlman qadın və qızları – Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübra (ə) məktəbinin bu yetirmələri sübut etdilər ki, onlar bəşər həyatı meydanında qadının əbədi surətinin layiqli davamçılarıdır.
Tarixə düşmüş həmin şanlı dövrdə müsəlman İran qadınları Suməyyələrin, Sudələrin döyüş və səngər yoldaşları kimi ağır vəzifələri və qorxulu məsuliyyətləri çiyinlərinə götürdülər. Bu, Fatimənin (ə) və Kübranın (ə) vəzifələrinin davamı idi. Bəli, İranın qəhrəman müsəlman qadınları Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübradan (ə) sonra uzun əsrlər boyu yarıucalmış halda qalan və kimsənin dalğalandırmadığı qadının əzəmət, izzət və şərəf bayrağını bir daha əllərinə alıb onu yenidən ucaltmaq üçün çoxlu səy və təlaşlar, fədakarlıq və qəhrəmanlıqlar göstərdilər...
İranın müsəlman qadın və qızlarının İslam inqilabında oynadığı rol elə əzəmətli və böyükdür ki, dünya qadınlarının mübarizə tarixində dönüş nöqtəsi hesab oluna bilər. Eynilə müqəddəs Kərbəla döyüşündə də qadının kişi ilə bərabər bir səngərdə vuruşması vacib bir zərurət kimi özünü göstərmişdi. Çünki qadının təlaşı, mübarizə və cihadı ilk dəfə İslamın Kərbəla inqilabında kişi ilə bərabər addımlayan bir döyüşçü kimi özünün həqiqi sifətini aşkarca büruzə vermişdi.
Məlum olduğu kimi, Zeynəbi-Kübra (ə) Hüseynin (ə) müqəddəs inqilabının davam etdirilməsi və Kərbəla meydanı şəhidlərinin qanının alınması, ədalətin bərpa olunması yolunda çox əlləşib-çalışdı, tarixi heyrətə saldı. Bu aslan kimi güclü qadın coşqun və alovlu kəlamları ilə inqilabın əsaslarını möhkəmlətdi. Bu, canlı Kərbəla üsyanının məntiqi davamı idi. O, müharibə meydanının tozu yatdıqdan və şəhid qanlarının arxları quruduqdan sonra bütün zamanların və məkanların insanının hüquqlarını müdafiə etmək üçün ədalət səsini qaldırdı. Beləliklə, dünya inqilabları tarixində qadının da kişi ilə bərabər eyni səngərdə mühüm rol oynamasını sübut etdi.
Bəli, Əlinin (ə) qızı, pakların pakı Fatimənin (ə) tərbiyəsini görmüş Zeynəb Kərbəla döyüşünün yeganə qız qəhrəmanı idi ki, mübarizlik, cəsurluq tarixinə yeni səhifə yazdı və mübarizə, üsyan, inqilab məfhumlarına yeni məna bəxş etdi. Bu səbəbdən də dünya tarixi, xüsusilə də İslam tarixi ona "Kərbəlanın aslan qadını” və "Neynəva çölünün qəhrəmanı” ləqəblərini verdi. Doğrudan da, Zeynəb döyüş səhnəsində elə bir qəhrəmanlıq və şücaət göstərdi ki, bu igidlik onun tərifi və vəsfini ifadə etmək üçün insan ağlına gələn bütün söz və məfhumlardan daha ali, qat-qat üstündür. Zeynəb hər bir ləqəb və tərifdən daha ucadır. Bu döyüşçü qadın Hüseynin (ə) üsyan və mübarizəsini şəhidliyin dərin fəlsəfi mənası ilə tarixin əbədi döyüş səhnəsinə daxil etdi və onu elə yazdı ki, dünyanın gələcək tarixi bu qəhrəmanlığı heç vəchlə unuda bilməsin. Zeynəb bu coşqun ruhu, yüksək duyğunu, güclü qəlbi, aydın fikri və bənzərsiz xüsusi keyfiyyətləri Peyğəmbər (s), Əli (ə) və Fatimə (ə) məktəbindən irsən almışdı. Dəlilik atəşinin şölələri söndükdən və Kərbəlanın qan seli kəsildikdən, Zeynəbin yeddi böyük qardaşı və bir neçə nəfər gözünün işığı, ürəyinin parçası olan öz övladı da şəhid olduqdan sonra (onların arasında südəmər uşaq da var idi, təzəcə evlənmiş və nişanlı cavanlar da; onlar qanlarının damcılarını zəncir halqaları kimi bir-birinə bağlamışdılar ki, tarixi qorxunc və qaranlıq uçurumdan nur və gözəllik meydanına keçirmək üçün körpü hazırlasınlar) o, bir an belə geri çəkilmədi. Bütün o dözülməz, taqət sındıran məsuliyyətlərin ağır yükünü öz çiyninə götürdü və tam ayıqlıq və gözüaçıqlıqla, coşqun inqilabi ruhla İslamın ədalət bayrağını başı üstündə ucaltdı və qanları coşdurdu.
Düşmən özünün zəhərli və yalançı təbliğatı ilə İslamın simasını dəyişdirməyə çalışaraq namuslu və pak Əhli-beytin (Məhəmməd Peyğəmbərin (s) ailə üzvlərinin) parlaq sifətlərini sadəlövhlər və ğəflət yuxusunda yatanlar üçün öz istədiyi şəkildə qələmə vermək istəyirdi. Lakin bütün bu cəhdlərə baxmayaraq Zeynəbi-Kübra (ə) düzlərə və çöllərə, şəhər və məhəllələrə yola düşərək atəşin kəlamı və düşmənin iç üzünü açan, qaranlıqlara işıq saçan aydın çıxışları ilə Hüseyn (ə) hərəkatının əsl simasını göstərdi. Həqiqətlə yalanın, paklıqla murdarlığın, düzlüklə əyriliyin bu mübarizəsində Zeynəbin (ə) kəlamları hər yeri dolaşır, açıq ürəklərdə özünə yer tapır, oyaq ruhları özünə gətirir və Əməvilər səltənətinin istismarçı hökumətinin zülm və cəhalət, zorakılıq və istibdad üzərində qurulmuş sütunlarını lərzəyə salırdı. Bu sözlər zülmkarları, Əlinin (ə) buyurduğu kimi, yüzlərlə haqqı tapdalanmış və dəfn olunmuş zavallılar qarşısında göylərə ucalan zülm və sitəm saraylarında bərk qorxudur, əsdirib titrədirdi. Bəli, bu Zeynəb idi ki, Fatimə məktəbinin ilkin bir yetirməsi kimi bəşər tarixinə mübariz və qəhrəman qadınların əbədi yaşayan ölməz surəti kimi daxil oldu. İndi bizim zəmanədə də - insanlığın siyasi alverlərdə girova çevrildiyi, qadının qiymət və fəzilətinin dəyərsiz bir mal kimi hərraca qoyulduğu bu bəlalı və qarışıq əsrdə iranlı qız və qadın da öz qarşısında belə bir parlaq nümunəyə malikdir. O, həmişə yanan bu alovdan hərarət və dirilik alır və öz yolunu işıqlandırır. Beləlikdə, ismət Əhli-beytinin şanlı məktəbindən ilhamlanan İranın qəhrəman qadın və qızları da İslamın iki qüdrətli və yol göstərən xanımının – Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübranın (ə) ardınca gedərək İran millətinin azadlıq mübarizəsinin ilk günlərindən başlayaraq bütün mübarizə meydanlarında ardıcıl surətdə fəal iştirak etmiş və inqilabçı müsəlman kişilərlə çiyin-çiyinə qoşa addımlayaraq öz müqəddəs borclarını şərəflə yerinə yetirmişlər.
İran qadınlarının İran İslam inqilabında oynadığı rol təkcə bu şanlı inqilab tarixində deyil, eyni zamanda bütün dünya inqilabları tarixində də misilsiz və bənzərsizdir. Cəsarətlə demək olar ki, bəşəriyyətin gələcək tarixi İranın bu şanlı dövrünə nəzər salarkən qadın haqqında başqa cür mühakimə yürütməyə, ona başqa gözlə baxmağa məcbur olacaqdır. Bəli, qəhrəman İran qadını da qarşısındakı o iki əzəmətli qadın kimi indidən belə həmişə elə parlaq nümunə ola bilər ki, dünya qadınları qadın və insan olmağın əsl mənasını ondan öyrənmiş olar.
İran qadını bir neçə əsrin zülm və haqsızlığının canlı şahididir
İranın müsəlman qadınlarının öz qardaş və ataları, ərləri ilə birgə göstərdikləri o fədakarlıq və qəhrəmanlıqlar öz səmərəsini verdi. Onların əlləri ilə əkilmiş İslam inqilabının qollu-budaqlı ağacı bar verməyə başladı. Hazırda biz qəhrəman İran qadınının şəxsi həyatında necə əsaslı dəyişikliklərin baş verdiyinin şahidiyik. Bugünkü iranlı qadının öz itirilmiş qiymət və etibarının yenidən qazanması, bir neçə əsrlik zülm və ədalətsizliyin dar hasar divarlarını yarıb çıxması, ictimai sahələrdə vüqarla, başucalığı ilə addımlaması – bütün bunların hamısı onun həmin qanlı-qadalı günlərdə göstərdiyi fədakarlıq və qəhrəmanlığın nəticəsində hasil olmuşdur. Bəli, İran qadını həmin günlərdə əsrlər boyu kölgədə qalmış qəhrəmanlıq və ləyaqətini bir daha sübuta yetirdi.
Bu, bəlkə də iranlı müsəlman qadının ən ibtidai hüququ idi ki, öz bilik və bacarığını, qüdrət və ləyaqətini müxtəlif ictimai, bəşəri sahələrdə göstərə bilir. Haqqı, həqiqəti tələb edən fəryadını bütün dünya qadınlarının, xüsusilə də İslam ölkələri qadınlarının qulağına çatdıra bilir. Xarici əlaqələrdə öz şəxsiyyətini büruzə verir. Həmçinin, hərtərəfli inkişaf etmiş bir qadın kimi öz səsini dünyanın mübariz qadınlarının səsinə qoşur, beynəlxalq qadın təşkilatlarında, BMT-də və başqa ümumdünya məclislərində çıxış edir, bütün dünya qadınlarının onlar üçün taleyüklü olan məsələlərin həllində seyrçi kimi qalmamağa, fəal iştirak etməyə çağırır.
Bəli, həqiqətən də bu, iranlı müsəlman qadınının hüququdur ki, bir mübariz və ayıq insan kimi ictimai sahələrdə, beynəlxalq məsələlərin həllində iştirak etsin və nəyə qadir olduğunu bütün dünyaya göstərsin. Çünki bu gün artıq bütün dünya bilir ki, İranın qəhrəman müsəlman qadınının varlığı doğrudan da, qadının əsrlər boyu çəkdiyi əzab-əziyyətlərin aşkar təcəssümü, məşəqqət və işgəncələrin şahididir. Həmçinin, İranın sonuncu qaniçən rejiminin, SİA-nın, SAVAK-ın olmazın zülm və haqsızlıqlarının əyani təcəssümüdür. Əgər iranlı qadın çox da uzaq olmayan keçmişin müsibətlərinə və bu müsibətlərin aradan qaldırılması üçün baş vermiş mübarizələrə şahidlik edirsə, bu, doğru-düzgün şahidlikdir, çünki o, bütün nəsli boyu İran qadınının, İran əhalisinin 2500 illik mübarizələr tarixində bu cür əzab və təlaşlarının, müsibət və çətinliklərinin şahidi olmuşdur. Onun varlığı tarixin zülmkarlarının, əsrlərin fironlarının əzab-əziyyətlərinin, zülm və işgəncələrinin aşkar nümunəsidir. Bütün bunları o özü öz gözləri ilə görmüş, qulaqları ilə eşitmiş və bütün vücudunda hiss etmişdir.
Hər hansı bir insaflı və təmizürəkli insan müsəlman və inqilabçı İran qadınını haqq-ədalət uğrundakı fəryadını eşidir. Bu fəryad əzablar görmüş bir qadının hər tərəfə yayılan bir səsidir. O, Zeynəb kimi özünün bəşəri hədəf və amallarını və İslam inqilabının məqsədlərini bütün dünyaya çatdırmaq istəyir. Hər bir vicdanlı şəxs bu qadının haqlı olduğunu yaxşı bilir, çünki onun varlığı iranlı müsəlman qadınının əsrlər boyu dərd və qəm içində yaşamasının, təhqir və işgəncələrə dözməsinin, bəşər haqq və hüquqlarının tapdalanmasının açıq-aşkar təzahürüdür. Xüsusilə də son bir neçə ildə İran qadınları mübariz müsəlman kişiləri ilə yanaşı haqq-ədalət uğrunda səslərini ucaltmış, zindanda olmazın əzab və işgəncələrini görmüşlər. Bütün bu dözülməz ağır dərdlər təkcə qadınlara yox, bütövlükdə cəmiyyətə xass idi. Azadlıq sevər insanlar onun hər bir küncündə özlərini məhbus və dustaq kimi hiss edirdilər.
Bəli, yüzlərlə dərdə, əzaba qatlaşmış müsəlman İran qadını indi özünün islami və bəşəri arzu və istəklərinin çiçəklənməsinin şahididir. O özünün bir neçə əsrlik məzlumluq səsini və bugünkü haqq-ədalət uğrundakı fəryadını bütün dünyaya çatdırmaq istəyir. Bu fəryadlar əgər bir tərəfdən onun dərdinin təzahürüdürsə, digər tərəfdən də dərmanının bir parçası sayıla bilər.
İslam qayda-qanununda qadının layiqli yeri
İndi, tarixin bu həssas nöqtəsində bütün dünyada aşkara və gizlicə bütün dillərdə və ürəklərdə dolaşan bir sual ortaya çıxır. Doğrudanmı, əgər İran inqilabı yalnız bu günün tələbinə görə qələbə çalıbdırsa və İslam inqilabı deyildirsə, görəsən onda iranlı qadın yenə də həmin nüfuz və etibarını, bu dərəcədə böyük əhəmiyyət və insan şəxsiyyətini qazanıbdırmı?
Bu suala cavab vermək üçün təkcə bunu bilmək kifayətdir ki, heç bir din və ayində, məslək və məramda qadın İslamın vacib və lazım saydığı dərəcədə böyük ehtiram və etibar, misilsiz qiymət və dəyərə layiq bilinməmişdir. Bəli, İslamın qoyduğu qayda-qanuna görə qadının olduqca böyük qədr-qiyməti və ehtiramı, xüsusi imtiyazları vardır. Heç bir quruluş və sistemdə qadının təbii və həqiqi insani hüquqları İslam məktəbində olduğu qədər təmin olunmamışdır. İslamın düşmənləri, xüsusilə də müsəlman qadınının bədxahları onlar haqqında çoxlu yalan və iftiralar uyduraraq bununla İslamın pak və təmiz hökmlərinə, Allah hökumətinə zərbə vurmaq istəyirlər. Lakin, bütün bu cəhdlərə baxmayaraq, müsəlman qadını olduqca layiqli bir məqamdadır, bir sözlə, bəşərin ehtiram və etibar zirvəsindədir.
İslam düşmənlərinin zəhərli təbliğatına baxmayaraq, İranın qəhrəman müsəlman qadını bu inqilabdan kənarda – İslam cəmiyyətində nəzərlərdən uzaq, görünməyən bir künc-bucaqda deyil. Əksinə o, cəmiyyətin ən gur yerindədir. İnsanlara ehtiram və ləyaqət bəxş edən bir cəmiyyətin bütün yaradıcı və qurucu fəaliyyətinin mərkəzindədir, özü də bu cəmiyyətdə çox həssas və əhəmiyyətli rol oynayır. Çünki İslamın həyat bəxşedici məktəbi insanların fəzilət və dindarlığı, düzlük və təmizliyi, namus və ləyaqəti, bilik və bacarığı və insan varlığının başqa ən ali dəyərləri və üstünlükləri üzərində qurulmuşdur. Burada insanların cinsi və irqinin, növü və təbəqəsinin, zahiri görünüşünün heç bir əhəmiyyəti yoxdur.
Bəli, İslam fəzilət və dindarlığın, əməl və mübarizənin ən yüksək dəyərlərini bilik, paklıq və iman meyarlarını əsas ölçü kimi götürür. Bu keyfiyyətlər istər qadında olsun istər kişidə, istər ərəbdə olsun istər əcəmdə (ərəb olmayanda – farsda), ağdərilidə olsun, ya qaradərilidə olsun – fərqi yoxdur. Çünki bu prinsipin əsasını, özülünü, sütununu müqəddəs səma Quranının buyurduğu aşağıdakı kəlam təşkil edir: "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir.”(Əl-Hucurat surəsi, 13-cü ayə )
Göründüyü kimi, Qurani-Kərim yalnız dindarlığı, Allahdan qorxmağı və pis əməllərdən çəkinməyi hörmət və ləyaqət üçün meyar hesab edir. Bu keyfiyyət sahibi şəxsin qadın və kişi olmasına fərq qoymur. Ona görə də pis əməllərdən çəkinən çoxlu elə fəzilət sahibi qadınlar var ki, bu keyfiyyətlərə malik olmayan kişilərdən daha üstün və daha layiqlidirlər. İman və dindarlıq sıralarında bir çox kişilərdən daha öndə gedən qadınlar da çoxdur. Quranın qadına olan baxışı ictimai elmlər üzrə bir sıra alim və filosofların fikirlərinin əksinə olaraq həqiqətləri aydın görmənin ən uca zirvəsidir. Çünki tam aydınlıqla qadını da kişi ilə bərabər eyni cövhərdən, eyni zatdan yaranmış kimi təqdim edir və hər ikisinin yaranış dünyasında, varlığın yayılmasında, uşağın doğulmasında, deməli, insan nəslinin davamında öhdələrinə düşən yaradıcı vəzifələrin bərabər və eyni olduqlarını tanıyır və tanıdır.