YETİMLƏRƏ XİDMƏTDƏ EHSANA ƏSASLANMA
İslam maarifində ehsan ünvanlarından biri də yetimlərdir. Yetimlərə qayğı göstərərkən əvəz nəzərdə tutulmur. Biz onlara xidmət edərkən onlardan gələcəkdə əvəz almaq məqsədi güdməməliyik. Biz onların gələcək iqtisadi durumunu nəzərə almadan onların ehtiyaclarını aradan qaldırmalıyıq. Maddi ehtiyac yetimin ehtiyaclarından yalnız biridir. Bəzən yetimin mal-mülkü olur, amma yaşı az olduğundan öhdəsindəkilərdən düzgün istifadə edə bilmir. Əgər belə məqamda yetim özbaşına qalsa və yalnız ona qalmış sərmayəsini xərcləsə, miskin vəziyyətə düşər. Həmin sərmayəni işə salmaq, hətta artırmaq lazımdır. Sərmayədən gələn gəlirlə onun gündəlik ehtiyacları ödənməlidir.
Amma iş bununla başa çatmır. İnsanın ehtiyacı təkcə yemək deyil. Onun yeməkdən də mühüm ehtiyacları var. Yetim əsasən nəvazişə ehtiyac duyur. Ata-anasından birini və ya hər ikisini itirmiş uşaq məhəbbət təşnəsidir. Ata-ana məhəbbətindən məhrum olmuş körpə məhəbbətə olan ehtiyacını necə ödəməlidir? Təbii ki, mən, siz və başqaları onu himayəyə alıb doğma övlad kimi nəvaziş göstərməliyik. Uşaq evi yaradıb, yetim uşaqları orada yerləşdirməklə vəzifəmiz başa çatmır. İslam nəzərincə, yetimlərə münasibətdə vəzifələr daha əhatəlidir. Biz yetimlərlə elə rəftar etməliyik ki, onların məhəbbətə olan ehtiyacı imkan həddində ödənsin. Onun başqa ehtiyaclarına da diqqət yetirilməlidir. Uşaq düzgün təlim-tərbiyə almalı, ona İslam əqidəsi, İslam təlimləri öyrədilməlidir. Cəmiyyətdəki adət-ənənələrlə tanışlıq, əqli təkamül, qazanc yollarından və müxtəlif peşələrdən məlumatlılıq, elmi biliklər yetimlərin zəruri ehtiyaclarındandır və bu ehtiyaclara yetərincə diqqət göstərilməlidir.
Bu dəyərli vəsiyyətdə Əmirəl-mömininin (ə) bəyanlarının bir hissəsi yetimlərin ehtiyaclarının aradan qaldırılmasına aiddir. Digər bir hissədə yetimlərin növbəti ehtiyaclarından, onlara nəvaziş göstərilməsindən, təlim-tərbiyədən danışılır. Əmirəl-möminin (ə) yetim uşaqların maddi ehtiyacları ilə bağlı bildirir ki, məbada bir gün onlara əl tutula, başqa bir gün yox! Hətta Allah və axirətə etiqadsız cəmiyyətlərdə yetim uşaqlar aclıqdan öləcək dərəcədə diqqətsiz buraxılmır. İnsanlar canıyananlıqdan və ya vicdanın hökmü ilə yetimlərə sədəqə verir. Mühüm nöqtə budur ki, bu yardımlar arabir unudulduqda və ya kəsildikdə körpələr sıxıntıda qala bilər. Həzrət bu nöqtəni nəzərə çatdırır. Həzrət «ağızları üçün növbə saxlamayın» tapşırarkən, nəzərdə tutur ki, onlara bir gün yardım göstərib, bir gün yaddan çıxarmaq olmaz. Onlara ardıcıl və vaxtında əl tutulmalıdır. Belə olmaz ki, sədəqəsi olan onlara yardım göstərə, sədəqə olmayanda ac qalalar. İnsanlar fərdi və ya qrup şəklində yetimləri qidalandırmalı, onları bu sahədə çətinlik çəkməyə qoymamalıdırlar.
Amma qeyd olunduğu kimi, təkcə maddi ehtiyacları aradan qaldırmaq bəs etmir. Həzrət sözünün davamında buyurur ki, onların qarnını doyurmaqla yanaşı başqa ehtiyacları da ödənilməlidir. Əgər yetimləri doyurub, onların təlim-tərbiyəsi ilə məşğul olan varsa, bu körpələr gələcəkdə günah yol tutmaz. İslam maarifindən xəbərdar körpə müstəqil həyata başladığı vaxt şərəfli bir ömür sürər. Bəzi başqa rəvayətlərdə deyilənlər «ehtiyacsızlıq» kimi nəzərə çatdırılır. Əmirəl-mömininin (ə) buyuruqlarından birində oxuyuruq: «Yetimə onun ehtiyaclarını aradan qaldıranadək himayə göstərən kəsə Allah behişti vacib edir. Necə ki, yetimin malını (zorla) yeyənə od vacib edilmişdir.»("Biharul-ənvar", c.42, s.248, rəvayət 51, bab 127.)«Hətta yəstəğniyə» dedikdə yetim uşaq öz ayağı üstə dayana bilənədək, öz işlərini idarə etməyi bacaranadək mənası anlaşılır. Yetim ehtiyacsızlığın bu həddinə çatdığı vaxt onun bütün maddi və mənəvi ehtiyacları ödənir. Hədisə əsasən yetim müstəqil həyata başlayanadək ona himayə göstərən insana Allah behişti vacib edir. Əksinə, yetimin malına xəyanət edib, onu zorla yeyəni cəhənnəm odu gözləyir. İnsanın yetim bir uşağa öz övladı kimi qayğı göstərməsi ondan böyük fədakarlıq tələb edir. Əksinə, sahibsiz uşağın mal-mülkünü min yolla ələ keçirmək üçün insanda xüsusi bir alçaqlıq, xəbislik olmalıdır. Bu səbəbdən də Allah birincilərə behişt, ikincilərə cəhənnəm odu vəd edir. Digər bir hədisdə əziz Peyğəmbər (s) yetimlərə diqqət haqqında buyurur: «Mən və yetimin qəyyumu behiştdə bu iki (barmaq) kimiyik.»("Biharul-ənvar", c.35, s.117, rəvayət 58, bab 3.) (Həzrət iki barmağını yanaşı tutub ona işarə etdi.) Həzrət bu işarə ilə bildirdi ki, yetimə qəyyumluq göstərən kəs bu iki barmaq yaxın olduğu kimi behiştdə həzrət Peyğəmbərlə (s) yaxın olasıdır. Hədisə əsasən yetimə qayğı göstərmək o qədər mühüm işdir ki, bu əməlin sahibi behiştdə əziz Peyğəmbərlə (s) yaxın olur. Adi bir şəxsin kainatın şərəflisi ilə yaxın olması araşdırılası mövzudur. Olsun ki, belə bir yaxınlıq bəndə üçün əlçatmazdır. Amma nəzərdə tutulur ki, belə bir insan özünü İslam Peyğəmbərindən (s) uzaq bilməsin. Əslində həzrət Peyğəmbərin (s) düşüncəmizin fövqündə dayanmış bir məqamı var. İnsanın peyğəmbərin xidmətində olub, onun faydalandığı nemətlərdən faydalanması kiçik məqam deyil. İstənilən bir halda, yetimə qəyyumluq həzrət Peyğəmbər (s) tərəfindən böyük fəzilət sayılır və belələrinə zəmanət verilir.
Vəsiyyətin növbəti hissəsi qonşulara həsr olunub. Əmirəl-möminin (s) buyurur: «Qonşulara münasibətdə Allahı…Allahı unutmayın! Çünki onları peyğəmbəriniz tapşırıb; o həzrət qonşular haqqında daim elə tövsiyə edirdi ki, tezliklə onlara miras düşəcəyini güman edirdik.»
İslamda qonşularla bağlı bir çox göstərişlər var. Bu göstərişlərdən biri Qurani-kərimdə zikr olunmuşdur. Ayədə xüsusi əhəmiyyətli müəyyən göstərişlərin ardınca qonşular tapşırılır: «Allaha pərəstiş edin, Ona nəyisə şərik qoşmayın, ata-anaya ehsan edin; qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın (qohum) və uzaq (qohum olmayan) qonşulara yaxşılıq edin.»("Nisa", 36.) Ayədən göründüyü kimi qonşular müəyyən səciyyələrinə görə fərqlənir: Qohum qonşu, qohum olmayan mömin və müsəlman qonşu, kafir qonşu… Qonşu kafir də olsa, onun qonşuluq haqları var. Əgər digər qonşuların çeşidli haqları varsa, kafir qonşunun yalnız qonşuluq haqqı mövcuddur.
Əmirəl-möminin (ə) öz vəsiyyətində buyurur ki, qonşuluq haqlarına riayət olunması girami Peyğəmbərin (s) tapşırıqlarındandır. Bildirir ki, həzrət ardıcıl şəkildə qonşuları tapşırırdı. Belə ki, onun buyuruqlarından qonşuların övladlarla yanaşı irsdən pay alacağı güman edilirdi.
Dini rəvayətlərdə qonşuluq haqlarına riayət edilməsinin və yaxşı qonşuluğun bir sıra bərəkətləri zikr olunmuşdur. Uzun ömür, mal və ruzinin artması, evlərin abadlığı yaxşı qonşuluğun bərəkətlərindəndir. Bu rəvayətlərdən bəzilərini nəzərdən keçirək: İmam Baqir (ə) buyurur: «Qonşularla rabitə və yaxşı qonşuluq var-dövlətin artmasına səbəb olur.»("Biharul-ənvar", c.74, s.97, rəvayət 32, bab 3.) İmam Sadiq (ə) buyurur: «Yaxınlarla rabitə və yaxşı qonşuluq evləri abad edər, ömürləri uzadar.»("Biharul-ənvar", c.74, s.120, rəvayət 82, bab 3.)İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə buyurulur: « Mehriban qonşuluq ruzini artırar.»("Biharul-ənvar", c.74, s.153, rəvayət 14, bab 9.)
Dini rəvayətlərdə müxtəlif qonşuluq haqlarından danışılır. Bu haqlardan biri budur ki, qonşu xəstələndikdə, onu yoxlamaq lazımdır. Haqlardan biri də budur ki, qonşunun problemi olduqda gücünüz çatırsa, bu problemi aradan qaldırın. Rəvayətlərə əsasən, qonşu xüsusi ilə məişət əşyalarına, qab-qacağa ehtiyac duyduqda ona əl tutmaq lazımdır.
Öz növbəsində pis qonşuluğun da mənfi təsirləri vardır. Bu mənfi təsirlər əməli olaraq sübuta yetmişdir. Qonşunu incitmək ömrü qısaldır, ruzini azaldır, həyatı acılaşdırır, ömrün bərəkətini aparır. İnsan öz divarını o qədər yuxarı qaldırmamalıdır ki, qonşunun evi günəş işığından məhrum olsun. Dövrümüzdə həyat şəraiti və tikinti işi elə bir vəziyyətdədir ki, uyğun nöqtəyə yetərincə diqqət verilməməsi mümkündür. Hər halda İslam qonşunu zikr olunmuş həddə nəzərə alır.
Qeyd olunduğu kimi, qonşuya pis münasibətin acı nəticələri təcrübədə özünü göstərir. Divarın yuxarı qaldırılması ilə bağlı sevimli ustadlardan biri maraqlı bir əhvalat danışdı. Bu əhvalatı xatırlamağımız münasib olar:
Bir tacir İsfahandan həccə yola düşür. Niyyətində tutur ki, əgər həcci qəbuldursa, Allah bir yolla bu məsələni ona anlatsın. Həcc günləri başa çatır, isfahanlı tacir hansısa bir əlamət gözləməkdə davam edir. Nəhayət, bir yuxu görür və anlayır ki, həcci qəbul deyil. O çox nigaran olur və həccinin nə üçün qəbul olmaması barədə soruşur. Ona bildirilir ki, divarın çox ucadır və qonşuya əziyyət verir. Onun narazılığı səbəbindən həccin qəbul olmayıb. İsfahanlı tacir vətənə qayıtmadan övladlarına məktub yazır ki, mən bu ili növbəti həcc mərasiminədək Məkkədə qalıram və yenidən həcc əməllərini yerinə yetirmək istəyirəm; siz isə qonşuya narahatlıq yaradan divarı söküb bu barədə mənə xəbər verin. Övladlar atalarının göstərişini yerinə yetirirlər. Onlar divarı uçurub qonşunu razı salırlar. İsfahanlı tacir növbəti il də həcc əməllərini yerinə yetirir və yuxuda ona bildirilir ki, həccin qəbuldur.
Bir nöqtəni də qeyd edək ki, yaxşı qonşuluq o demək deyil ki, qonşunu incitməyəsən. Qonşunun əziyyətlərinə dözmək də yaxşı qonşuluqdur. Əgər hər iki qonşu İslam təlimlərində nəzərdə tutulmuş göstərişlərə əməl etsələr, çox şirin bir həyat yaşayar, dünyanın bərəkətlərindən faydalanarlar. Şübhəsiz ki, onların mehribanlığı müqabilində axirət mükafatları da nəzərdə tutulmuşdur.