TƏSİRLİ DUALAR
Dua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda və zamanda olmasından asılı olmayaraq, təsirli və faydalı olur. Lakin ən üstün dualar ilahi övliyalardan nəql olunmuş dualar sayılır. Qurani-Kərimdə peyğəmbərlər və ləyaqətli bəndələrin dilindən nəql olunmuş dualar, girami peyğəmbər və pak imamlardan rəvayətlərdə nəql olunmuş dualar bu dualardan sayılır. İki səbəbə görə bu dualar başqa dualardan üstündür:
1. Bu dualar ibadətin qaydalarını bizdən daha yaxşı bilən kəslər tərəfindən deyilmişdir. Onların Allaha münasibətdə mərifətləri daha çox olmuş və dua etməyin qayda-qanunlarını başqalarından daha yaxşı bilmişlər. Bundan əlavə, onlar daha kamil mərifət sahibi olduqlarından istəkləri bizim istəklərimizdən daha üstün və daha bəyənilmiş sayılır. Buna görə də necə dua etməyi onlardan öyrənməliyik. Demək olar ki, imamlardan nəql olunmuş dualar hər cəhətdən bizim dualardan, istək və düşüncə tərzimizdən fərqlidir. Adətən, onların duaları Allahı həmd-səna etməklə, Ona təsbih və təkbir deməklə başlanır. Onların istəkləri etiraz və tələbkarlıq yox, üzrxahlıq və bağışlanma istəyi ilə müşayiət olunur. Onlar nemətlərin inkarı, çətinlik və məhrumiyyətlərdən şikayət əvəzinə Allahın rəhmətlərini, sonsuz nemət və fəzlini yada salırlar. Dünyəvi mal və məqam, maddi istəkləri daha az, ilahi yaxınlıq, Allahın razılığı və insani kamillikləri isə daha çox dilə gətirirlər.
Başqa bir tərəfdən, rəvayət yolu ilə bəyan oluna bilməyən bir çox uca və dəyərli biliklər dualar yolu ilə, xüsusən imam Səccadın (ə) duaları ilə yayılmışdır. Çünki hidayət imamları dua halında haqqın zatı ilə qarşı-qarşıya olmuş və Onunla raz-niyaz etmişlər. Buna görə də ürəklərində olanları dilə gətirmiş və Allahla onu tanıdıqları kimi söhbət etmişlər; Ona həmd-səna demiş, Onu vəsf etmişlər. Lakin rəvayətlərdə adi insanlara müraciət olunduğundan bütün maarifi izah etməyə imkan olmamışdır. Rəvayətlərdə camaatın düşüncəsinə uyğun həqiqətlər izah olunmuşdur.
2. Peyğəmbərlər və hidayət imamlarından nəql olunmuş duaları oxumaqla həqiqətdə onlara ardıcıl olmuş oluruq. Allahın peyğəmbəri və Onun dostlarına ardıcıllığı tövsiyə edən bir sıra göstərişlər bizə ünvanlanır. Demək, imamlardan nəql olunmuş duaları oxumaqla ən yaxşı duaları ən yaxşı qaydada oxumuş oluruq. Bundan başqa, ilahi övliyaların üsuluna da riayət etmiş oluruq. Bu isə duanın özündən əlavə, ayrıca bir fəzilət sayılır.
Əlbəttə, böyüklərə ardıcıl olmağın bir çox faydaları vardır. Ən böyük fayda isə bu işlə insanın təkəbbürdən uzaqlaşması və ondan da böyük, ondan da qabaqcıl insanların olmasını hiss etməsidir. Bu nöqtə nəfsi təmizləmək üçün çox əhəmiyyətlidir. Bir çoxları nəfsi paklaşdırdıqdan sonra müəyyən kamillik mərhələləri keçirlər. Bununla da başqaları ilə müqayisədə özlərini onlardan üstün görür və təkəbbürə düçar olurlar. Bu iş də insani çirkinliklərdən sayılır. Lakin insan ilahi bəndələr və ilahi yol yolçularının hamısından öndə və hamının tabe olduğu karvan başçısı olduğunu nəzərə alarsa, Ona qarşı müti olar. Bu düşüncə insanın təkəbbürünə mane olar. Əhli-beyt (ə) vilayəti nemətindən məhrum kəslər bəzi vaxtlardakı xalis niyyətləri və çəkdikləri əziyyətlərə baxmayaraq, nəfsin paklaşdırılması üçün zəhmətlərindən bəhrə götürməmiş və bir sıra səhvlərə düçar olmuşlar. Bu da daha çox onların qüruru səbəbindəndir.
Onlar pak imamların məqamını tanımadıqlarından və onların insaniyyət karvanının rəhbər olduğunu anlamadıqlarından bəzən elə təsəvvür edirdilər ki, zirvə məqama çatmışlar və tam vilayət əldə etmişlər. Buna görə də bəzən onlardan bəndəliklə bir araya sığmayan sözlər eşidilirdi. Lakin yaranmışların ən şərəflisi olan girami Peyğəmbər (s) ömrünün son anına kimi belə deyirdi: «Əşhədu ənnə Muhəmmədən əbduhu...». Əhli-beytin sadiq ardıcılları heç zaman belə gümana düşmürlər. Bu da onların tabe olduqları vilayətin böyük bərəkətlərindən biridir.
Təsirli dualar bu cür fəzilətlidir. Lakin unutmamalıyıq ki, insaniyyətin üstün mərhələsini keçmiş və ilahi yaxınlıqda uca məqamlara çatmış şəxslər Allah ilə münacatlarında elə sözlər ərz edirlər ki, bizim o sözləri zikr etməyimiz yersiz olar. Çünki bu sözlər bizim halımıza uyğun deyil və bu mətləblərin bizim tərəfdən deyilməsi sadiqanə olmayacaq. Məsələn, dəyərli və şərafətli dualardan biri olan "Kumeyl” duasında həzrət Əli (ə) Allaha xitabən buyurur: "Ey mənim Ağam, ey Rəbbim, tutaq ki, əzab atəşinə səbr etdim, bəs Sənin ayrılığına necə səbr edəcəyəm? Tutaq ki, odunun hərarətinə dözdüm, bəs kəramət və lütfünə necə göz yuma bilərəm?”
Bu ifadələr yalnız və yalnız Allahın kamil övliyalarının halına uyğundur və hər kəs belə bir iddia edə bilməz. Bu sözləri yalnız ayrılıq və vüsalı tanıyan şəxslər deyə bilər.
O kəslər ki, vüsalın ləzzətini dadmış, ayrılığın, özü də həqiqi məhbubdan ayrılığın əziyyətini çəkmiş olsun. Lakin vüsalın nə olduğunu bilməyən şəxs Allahla ayrılıqdan əziyyət çəkdiyini deyə bilməz. Vüsalı anlamış və onu tanımış şəxs ayrılıqdan əziyyət çəkə bilər; məsələn, öz dostunu çox istəyən bir şəxs onunla vüsaldan ləzzət alır və onunla ayrılıqdan əziyyət çəkir. Lakin özgə birisi onunla ayrılıqdan heç bir əzab hiss etmir. Necə ki, onunla vüsaldan və ona qovuşmadan heç bir ləzzət duymur.
Biz Allahı tanımayıb, Onun kamalını dərk etməyənədək heç zaman Onunla ayrılıqdan əzab hiss etməyəcəyik. Beləliklə, necə deyə bilərik ki, Sənin əzabına dözərik, lakin ayrılığın bizim üçün çətindir?
Sadə dişağrı və adi başağrıdan fəryadı göylərə çatan, axirət əzabının milyardda biri də olmayan bu ağrı qarşısında səbirsizlik edib naşükürlüyünün həddini artıran insan cəhənnəm əzabına dözümlü, lakin Allahdan ayrılığa dözümsüz olduğunu necə iddia edə bilər?! Biz Allahla vüsaldan nə dadmışıq ki, Onun ayrılığı bizim üçün cəhənnəm əzabından daha çətin olsun!
Bu növ dualar yalnız Əmirəl-möminin (ə) kimi kəslərə layiqdir. Bu sayaq sözlərin nümayiş etdirilməsi bizim üçün həqiqətdən çox uzaqdır. Bununla belə, uyğun mətləblər təsirli dualarda çox gözə çarpır. Əgər bu sözləri öz adımızdan desək, yalan demiş olarıq və Allaha yalan danışmaq xalqa yalan danışmaqdan çox-çox pisdir. Buna görə də uyğun dualarda məqsədimiz hekayət olmalıdır. Məsələn, həzrət Əlinin (ə) Allah qarşısında ərz etdiklərini hekayət məqsədi ilə nəql edərək, bu şeyləri öz adımızdan bəyan etməməliyik. Çünki bu mətləbləri biz özümüz inşa etməmişik. Ya da məqsədimiz belə olmalıdır: Allahdan bizim üçün də elə bir mərifət əta etməsini istəyək ki, bu sayaq sözlər deməyə səlahiyyətimiz çatsın.
DİNİ HÖKMLƏRƏ İTAƏT ZƏRURƏTİ VƏ EHTİRAMSIZLIĞIN TƏSİRLƏRİ
Dua Allahdan bir şeyin istənilməsi və Onunla söhbətdir. İnsan təbiətən istədiyi şeyi tanıyır və istəyən zaman nə istədiyini və nə dediyini anlayır. Elə buna görə də bəzilərində belə güman yaranır ki, nəql olunmuş duaların mənasını anlamayan kəslər üçün bu duaları oxumağın heç bir faydası yoxdur. Çünki onlar yalnız bəzi sözləri qiraət edərək Allahdan nə istədiklərini və nə dediklərini anlamırlar. Beləliklə, daha yaxşı olar ki, bu duaların mənasını anlamayanlar onları oxumasınlar və bunun əvəzində öz dilləri ilə və öz düşüncələrinə uyğun Allahla söhbət etsinlər. Quran oxunmasına münasibətdə də belə gümana düşənlər olmuşdur. Onlar deyirlər: Mənasını anlamayan kəslər üçün Quran oxumağın faydası yoxdur və bu iş onların vaxtlarının tələf olmasına gətirir!
Əlbəttə, bu da düzdür ki, insanın mənasını anladığı dua ilə yalnız sözlərini deyərək mənasını anlamadığı dualar arasında bir çox fərqlər var. Quran oxunuşu da belədir. Eyni zamanda qəlbin iştirakı ilə anlamaqla, qəlbin iştirakı olmadan anlamaq arasında fərqlər çoxdur. Bu məsələdə heç bir şəkk yoxdur.
Buna görə də dua və ya Quran ayələrinin mənasını anlamayan kəslər çalışsınlar ki, mənaları öyrənsinlər. Beləliklə də, Allahla nə danışdıqlarını və ya Allahın onlara nə dediklərini anlasınlar. Lakin duaların və ya Quran ayələrinin mənasını bilməmək və ya onların cümlələrini qeyri-ərəb dilində demək onların tərk olunmasına səbəb ola bilməz.
Əgər bu fikir genişlənərsə, iş o yerə çatar ki, bəziləri deyər: Hər qövm namazı öz dilində qılsın. Sonra da yavaş-yavaş deyiləcək ki, namazın hərəkətləri lazımsızdır və əyilib-düzəlməyə ehtiyac yoxdur! Məgər Allah diktatordur ki, Onun qabağında əyilək?! Bu qayda ilə də peyğəmbər və Allahın göstərişlərinə qarşı ibadət ruhu zəifləyib aradan çıxasıdır.
İslam iddiasında olan və həqiqətən də müsəlmanlığı aydın olan bəzi siyasi qrupların çaşqınlığı elə bu nöqtədən başladı: İbadət məsələlərində yalançı ziyalı! Buna görə də ibadət məsələlərinə çox ehtiyatla yanaşmalıyıq. İbadət xəttini tapdamaq olmaz. Yoxsa, çoxları kimi pis aqibətə düçar olarıq.
İslam da başqa səmavi dinlər kimi bizim bilik və fəlsəfi təxəyyüllərimizdən asılı olmayan ibadət məsələlərinə malikdir. Ümumiyyətlə, İslamın ruhu vahid Allah qarşısında təslim olmaq və ibadətdir.("Biharul-ənvar”, 68-ci cild, səh.309, 35-ci bab, 1-ci rəvayət: Əli (ə): Əl-İslam və huvət-təslim”.)Bəndə odur ki, Allah qarşısında itaətkar olsun, verilmiş fərmanın hikmətini anlasa da, anlamasa da bəndəlik etsin, ağası ondan nə istəyirsə, ona da əməl etsin. Əgər yalnız sirrini anladığı şeylərə əməl etmək istəyərsə, həqiqətdə bəndəlik yox, özünə pərəstiş etmişdir. Əgər yalnız özümüzə xeyirli bildiyimiz əmrlərə itaət etsək, əslində Allaha yox, özümüzə pərəstiş etmiş olarıq. Allahpərəstlik ruhu budur ki, insan xeyirinə də olsa, zərərinə də olsa, Allahın buyuruqlarına əməl etsin.
Həzrət İbrahimə (ə) övladını qurban kəsmək vəhy olunan zaman onun mübarək zehnində belə düşüncə yaranmadı ki, bu iş özüm, övladım və ya cəmiyyət üçün məsləhətlidir, yoxsa yox? İbrahim düşünmədi ki, şəri hökmlər xeyir və zərərdən asılıdır və qətl pisdir. Ona əmr olunan zaman övladını qurban kəsməyə cəhd göstərdi. Onun bu əməli ibadət ruhunun göstəricisi idi.
Ümumiyyətlə dinin qanuniləşməsində əsas məqsəd insanların bəndəlik və təslim ruhunu gücləndirməkdir. Bununla da insanlar Allah qarşısında müti olub, bəndəlik və öz iradəsini fəna etməklə Allaha yaxınlaşa bilərlər.
Əlbəttə, biz bilirik ki, İslam hökmləri cəmiyyətin və şəxsin xeyirini təmin etmək üçündür. Lakin bizim Allahın göstərişlərinə itaətdə məqsədimiz ictimai və ya şəxsi mənafeyimiz olmamalıdır. Biz bəndəlik və ibadət məqsədi ilə Allaha pərəstiş etməliyik. Bəndəlik edirik, çünki O ağa və biz bəndəyik. Əlbəttə, hikmət sahibi olan ağa boş yerə əmr verməz; amma bizim məqsədimiz ictimai və ya şəxsi mənafeyimizin təmini olmamalıdır.
Bir çox şəri qanunlar və hökmlər bizim ibadət ruhumuzun güclənməsi üçün qanuniləşdirilə bilər. Həcc əməllərinin böyük bir qismini bu cür hökmlər təşkil edir. Məsələn, müəyyən zamanda, təyin olunmuş qədər, seçilmiş məkanlarda dayanmaq, ətirdən çəkinmək, saçı düzəltmək, Kəbə evini təvaf etmək, Mərvə və Səfa arasında xüsusi şəkildə səy və sair əməllər. Bu növ əməllər natiqlərin birinin dediyi kimi, bəndəliyin məşğələsidir (Mərhum Hacı Şeyx Əli Əkbər Türbəti).
Həcc üçün Məkkəyə gedən insan əslində şərtlərə əməl etməklə, əməlləri yerinə yetirməklə Allaha deyir: "İlahi, Sən dediyin üçün gedirəm və Sənin əmrinə əsasən dayanıram, qaçıram, saçlarımı qısaltmıram, xoş iy qoxulamıram və sair”.
Qeyd etmək lazımdır ki, ehram halında hacıya bəzi şeylər haramdır. Məsələn, xoş ətir qoxulamaq, güzgüyə baxmaq, kölgədə dayanmaq, bədəndən tük çəkmək və s. Həcc və ümrə mərasiminin əməllərindən biri də "hülq” və ya "təqsir” əməlidir. Bu əməli yerinə yetirən hacı ya başını qırxır, ya başından və ya üzündən bir miqdar tük kəsir, ya dırnağını tutur. Bu iki bir-birinə qarışdırılmamalıdır. Hülq və ya təqsir həccin xüsusi bir mərhələsində yerinə yetirilir. Bu əməli yerinə yetirən hacı ehram halından xaric olur. Şübhəsiz ki, İslami ibadətlərdə xalqın ilahi fərmana tabe olması, insanda özünəpərəstiş və mənafepərəstliklə mübarizə üçün ibadət ruhiyyəsinin gücləndirilməsi və insanın öz fikrində yox, Allahın göstərişlərinə itaət fikrində olması təkid olunur.
Demək, bütün İslami göstəriş və hökmlərdə onların hikmət və xeyirini dərk etmək ardınca getməməliyik. İslam hökmlərində, kitab və sünnədə hər nə əmr olunubsa, xeyir və ya hikmət axtarmadan bu əmrlərə əməl edək. İslam hökmlərinin dəyərləndirilməsində təcrübənin heç bir rolu yoxdur. Əvvəlcə mövzuların sənədini araşdırırıq və onların dəlillərini müəyyənləşdirdikdən sonra əməl edirik.
Əlbəttə, dini rəhbərlər bir çox hallarda hökmlərin hikmətlərini bəyan etmişlər. Lakin bu o demək deyil ki, hansısa bir hökmün hikmətini anlamadıqsa onu qəbul etməyək və ya şübhə ilə yanaşaq. Hikməti bəyan olunmuş elm və təcrübə ilə sübuta yetmiş hökmləri qəbul edib, hikməti bəyan olunmamış, təcrübə ilə sübuta yetməmiş əmrləri rədd etməməliyik. Lakin mərifət və biliyimizin artması lazımdır ki, hökmlərin xeyirini və ziyanını anlaya bilək.
Beləliklə, Quran, namaz və ya dua buyurulduğu kimi oxunmalıdır. Namazın hərəkətləri və dayanışları bizdən istənilmiş şəkildə və tərtibdə olmalıdır. Günəş doğduqdan sonra halımız yaxşı olur deyə sübh namazını həmin vaxta saxlamaq olmaz. Bu sözlər ibadət ruhu ilə müxalifdir və Allahın işinə qatışmaqdır. Sabiq rejimin zindanında bəzi ziyalılarımız gün ərzində bir neçə saat Quran oxuyaraq, öz namazlarında "Bəqərə” surəsi kimi böyük surələr oxusalar belə, sübh namazını qəzaya verirdilər və heç narahat olmurdular. Bəndəlik həddinin aşılması belə yanlışlıqlarla sonuclanır. Onlardan bəziləri inzibat məsələsini önə çəkirdilər: İnsan gərək nizamlı olsun və hər bir namazı müəyyən bir saatın başlanğıcında qılsın. Məsələn, həmişə sübh namazını saat 6-da, günorta namazını isə saat 12-də qılsın!
Aydındır ki, şəri vaxt dəyişdiyindən onu rəsmi vaxtla nizamlamaq olmaz. Çünki şəri günorta vaxtı bəzən saat 12-də, bəzən isə neçə dəqiqə əvvəl və ya sonra olur. Əgər inzibat adı ilə namazlarımızı şəri vaxtdan əvvəl və ya sonra qılmaq istəsək, bu özü də bir növ ibadət həddinin aşılması deməkdir.
Dini əməllərin şəriətin göstərdiyi kimi yerinə yetirilməsi zahirən fayda verməsə də, ən azı insanda ibadət ruhunun güclənməsinə səbəb olur. Bu dəlil kifayətdir ki, hər kəs şəriətin dediklərinə qarşı diqqətli olsun. İbadi işlərin ən böyük faydası budur. Əgər hansısa bir yerdə Allahın hökmü cəmiyyət və ya şəxs üçün zərərli olarsa, ibadətin faydası bu zərəri aradan qaldırır. Bu dinin, sünnə və ilahi hökmlərin qoruyucusudur. İbadətlərin yerinə yetirilməsinə diqqətli olan şəxs Allahın qanunlarının pozulmasına icazə verməz. Məsələn, sosializm iqtisadiyyatının cəmiyyət üçün daha çox faydalı olduğunu düşünərək İslam iqtisadiyyatında mənfəət görməsə belə, sosializm iqtisadiyyatının İslam iqtisadiyyatının yerini tutmasına razı olmaz. Mömin və abid insan Allahın dediklərinə əməl edir.
İbadətlər və ilahi qanunların həddinin aşması ilə tədricən belə bir mövzu gerçəkləşəcək ki, İslamın ictimai hökmləri xüsusi bir zaman üçün idi, indi isə daha yaxşı hökmlərimiz var; xüms və zəkat təbəqələr arasındakı fasiləni azaltmaq üçün idi. İndi isə "ümumi bərabərlik” məsələsi gerçəkləşib və xüsusi mülkiyyət ləğv olunmuşdur. Buna görə də, xüms və zəkat yersizdir.
Belə sözləri danışanlar zahirən İslamın müxalifi deyillər. Lakin onlar düşünürlər ki, uyğun İslam hökmləri 14 əsr əvvəl üçün idi; amma indi bəşəriyyətin əqli inkişaf etmişdir, vəhy göstərişlərinə itaət etməyə ehtiyac yoxdur və insan özü üçün qanun yarada bilər!
Duanın mənasını anlamaq məqsədi ilə qeyri-ərəb dilindən istifadə ilə bağlı hazırkı şübhə vəhydən və səmavi qanunlardan imtina ilə nəticələnir. Bu səbəbdən də ilahi hökmlər və ibadətlər möhtərəm sayılmalıdır. Din Allah tərəfindəndir və heç bir bəndəyə ona müdaxilə icazəsi verilməmişdir: "Hökm ancaq Allahındır.”("Ən`am” surəsi, ayə 57.) "Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” ("Maidə” surəsi, ayə 44.)
"Səbt əshabı” dəryanın kənarında yaşayan Bəni-İsrail qövmlərindən biri idi. Onlar balıq ovu ilə güzəranlarını keçirirdilər. Allah tərəfindən göstəriş gəldi ki, şənbə günləri balıq ovlamasınlar və ibadətlə məşğul olsunlar. Allah onları yoxlamaq istədi; balıqlar şənbə günləri dəryanın kənarına gəlir, başqa günlər gözdən itirdi. Onlar daha çox gəlir əldə etmək və iqtisadi zərərlərinin qarşısını almaq üçün tədbir düşündülər: Dəryanın kənarında çalalar qazdılar. Şənbə günləri balıqların çalalara dolması üçün dərya ilə çalalar arasında yol açdılar; balıqlar çalaya dolduqdan sonra onun çıxış yolunu tuturdular. Sonrakı gün isə balıqları ovlayırdılar. Zahirdə bu işdə eyb görünmürdü və o şəriətlə müxalif deyildi. Onlara su çalalarını doldurub, balıqların yolunu kəsmək yox, balıqları ovlamaq qadağan olmuşdu. Şəriətə don geydirmək hiyləsi bəzilərimizin dini hökmlərə münasibətdə güman etdiyi hiylələrdən daha qabarıqdır. Necə ki, bəzilərimiz sələmlə bağlı hiylə qururuq. Olsun ki, biz də onların zümrəsindən olsaydıq, bu işi ümumi şəkildə təsdiq edərdik. Amma Allah həmin qövmü uyğun əməlinə görə məsx etdi.
Bu mövzu nə əfsanə, nə də İncil və Tövratda təhrif olunmuş məsələlərdəndir. Quran özü bu hadisəni təsdiqləyir.(Ən`am” surəsi, ayə 159; "Bəqərə” surəsi, ayə 65, 66.)
Təqvalı şəxslər belə dastanlardan öyüd götürməli, Allahın dini və ilahi hökmlərlə oynamayaraq bunlara şəri don geyindirməməlidirlər. Din Allahın buyurduqlarıdır. Onun hökmləri isə peyğəmbər və imamlar tərəfindən bəyan olunmuşdur.
Şəri hökmlərdə hiylə işlətməyin sonunda bəlalar durur. Allahın dini ilə oyun oynamaq dinin məhv olmasına səbəb olur. Hər halda insan mənasını anlamasa belə namaz qılmalı, dua və Quran oxumalıdır. Namazı ərəbcə qılmaq vacib, dua və Quranı ərəbcə oxumaq isə müstəhəb sayılır. Yenə də təkid olunur ki, insanın mənasını anladığı dua ilə mənasını anlamadığı dua arasında böyük fərq var. Bununla belə, demək olmaz ki, mətnlərin mənasını anlamayan kəsin Quran və ya dua oxuması faydasızdır. Əgər bu işin ibadət ruhunun güclənməsindən savay heç bir faydası olmazsa da, o, sözlərin mənasını anlayıb, lakin bidət qoyan kəsin bütün əməllərindən üstündür. Kiçik bir ibadət özümüzdən qoşduğumuz yüz illərin ibadətindən üstündür. Bu bəndəlikdir, o isə özünəpərəstiş!
Nəql olunmuş dualar da belədir. Bu dualarda ibadət ruhunun gücləndirilməsi əsas götürülmüşdür. Baxmayaraq ki, başqa faydaların da olması mümkündür. Üzüqibləyə oturub dəstəmazlı halda "Kumeyl” duasını oxuyan savadsız bir şəxs haqqında onun Allaha heç bir diqqəti olmadığını demək olarmı? Məgər o Allahdan duanın üstün məzmunlarının gerçəkləşməsini istəmirmi? O, duanın cümlələrinin ayrı-ayrılıqda mənasını bilməsə də, lakin Allahı düşünür və həzrət Əlinin (ə) öz duasında Allahdan istədiklərinin ona da mərhəmət olunmasını arzulayır. Demək, ibadət ruhunun güclənməsindən əlavə, Allahın zikri və Ona diqqət də dua və Quran tilavəti üçün lazımlıdır, eyni zamanda çox dəyərlidir.
Əlbəttə, yenə də təkid olunur ki, təkcə oxumaqla kifayətlənməyək. Çalışmalıyıq ki, Allaha olan mərifətimiz artsın və Ona nə dediyimizi və ya Onun bizə nə dediyini anlayaq; lakin mənalarını anlamasaq da bunlardan əl çəkməməliyik.
Ramazan ayında mömin şəxsin Quran oxuması dinin qorunma səbəbidir. Necə ki, indiyədək şəhidlər ağası və başqa imamlar üçün saxlanılan əzalar İslamın və şiəliyin möhkəmlənməsinə səbəb olmuşdur. Bəzi hallarda bu mərasimlərdə ideallıq olmasa da, onlarda böyük bir ruh gizlənmişdir; Allaha təslimçilik, din və din övliyalarına hörmət və s. Əlbəttə, çalışmalıyıq ki, bunların forması da lazımi şəkil alsın. Mərasimlər üstün formada olmalı və ibadət ruhu da saxlanılmalıdır. Lakin lazım olan səviyyə alınanadək bu sünnələr qorunub saxlanılmalıdır.
Əlbəttə, ibadətləri dəyişmək olmaz; lakin əzadarlıq mərasimləri kimi nümayiş xarakterli işləri daha yaxşı şəkildə keçirmək olar. Bu növ işlərdə ən yaxşı forma xalqın pak fitrətindən qaynaqlanan forma sayılır. Yəni heç bir kənar təsirsiz xalqın dini hisslərinin tələbi!
Bizim əzadarlıqlarımızın qərb ölkələrində keçirilən mitinqlər kimi sakit keçməsi düzgün olmazdı. Çünki dini nümayişlər dini oyanışdan qaynaqlanmalıdır. Sakitlik dini oyanışla bir araya sığmır. Ümumi ənənələrə münasibət açıqlandı. Lakin şəriət alimləri tərəfindən forması müəyyənləşdirilmiş işlər iynə ucu qədər də dəyişə bilməz və Allah buyurduğu kimi yerinə yetirilməlidir. Hətta daha yaxşı forma düşünsək belə!
Rəvayətdə göstərilir ki, imam Sadiq (ə) bir şəxsə dua öyrətdi, ona buyurdu: De "Ya muqəllibəl-qulubi səbbit qəlbi əla dinik”. O dedi: "Ya muqəllibəl-qulubi vəl-əbsar səbbit qəlbi əla dinik”. Həzrət ona buyurdu: Sənə öyrətdiyim kimi de. O şəxs buyurdu: Məgər Allah "muqəllibəl qulubi vəl-əbsar” deyilmi? Buyurdu: "Bəli, amma mən dediyim kimi de.”(Məhəmməd Baqir Məclisi, əvvəlki mənbə, 52-ci cild, səh.148, 73-cü rəvayət, 22-ci bab.)
Əgər insan imamın sözünü və şəriətdə göstərilmiş hansısa bir mövzunu dəyişirsə, demək özünü imam və müqəddəs şəriətdən daha ağıllı hesab edir. Bu ruhiyyə təkəbbür, qürurdan qaynaqlanır, ibadət və bəndəliklə uyğunlaşmır. İbadət üçün təvazökarlıq, kiçilmək və özünü unutmaq lazımdır. İmam Sadiq (ə) buyurur: "Şeytan Allaha ərz etdi: Pərvərdigara, and olsun sənin izzətinə, əgər məni Adəmə səcdə etməkdən azad etsən, bunun əvəzində sənə heç kəsin aləmdə etmədiyi bir ibadət edərəm”. Allah buyurdu: "Əgər itaət etmək istəyirsənsə, mənim dediyim kimi et!”(Əvvəlki mənbə, 2-ci cild, səh. 262, 5-ci rəvayət, 32-ci bab.)
Allaha ürəyimiz istəyən kimi ibadət etmək əslində Allaha yox, öz qəlbimizə ibadətdir. Sözün qısası, şəriət göstərişlərinə olduğu kimi əməl etməliyik. İstər vacibat olsun, istərsə müstəhəbbat; ibadət əhli olaq və bu işlərə iynə ucu qədər təcavüz etməyək. İbadət hədlərinin pozulmasına icazə verməməliyik. İbadət hədlərinin aşılması dinin məhvi ilə bərabərdir.
Bu qayda bizim dini hökmlərin xeyirlərini əldə etmək üçün çalışmalarımızla zidd deyil. Din hökmlərinin bir çox faydaları rəvayətlər və hətta Quranda bəyan olunub. Bunlardan bəziləri isə təcrübə və elm ilə sübuta yetir. Bu da öz yerində məqsədə uyğundur. Dinin qəbulunu onun faydalarını tanımaqla şərtləndirmək düzgün deyil.
Eyni zamanda, unutmamalıyıq ki, dini hökmlərin bir faydasını peyğəmbər və imamların bəyanı, ya da təcrübə yolu ilə tanımaq o demək deyil ki, bu fayda elə buradaca tamamlanır. Mümkündür ki, bu işdə onlarla başqa faydalar da olsun, lakin biz onlardan xəbərsiz olaq.
Beləliklə, dua, namaz və Quranı şəriət buyurduğu kimi oxumalıyıq və eyni zamanda, onların mənasını anlamağa, bu işdə qəlbin iştirakına çalışmalıyıq. Nəzərdə saxlamalıyıq ki, ibadət ruhunun dəyəri öz düzəltdiyimiz ibadətlərdən qat-qat üstündür.