ALLAHLA ÜNSİYYƏT ÖLÜMDƏN SONRA ÜÇÜN ƏN ÜSTÜN AZUQƏDİR
İnsan bu dünyanı əliboş tərk etməmək üçün elə bu dünyada ölümdən qabaq axirət gününü fikirləşməli və münasib azuqə yığmalıdır. İnsan bütün səyini dünya və dünya ləzzətlərinə sərf etməməlidir. Öncədən bilməlidir ki, kiminlə ünsiyyət saxlasa qəriblik günü onu tənha qoymaz. Onun əsas ehtiyacını ödəyən şəxsiyyətlərlə ünsiyyət saxlamalıdır. Həmin şəxslər ki, bu dünyada bəzi vasitələr yaratmaqla onun mənəvi və maddi ehtiyaclarını təmin etmişlər. İmam Zeynəl-abidin (ə) "Əbu-Həmzə” duasının bir hissəsində yuxarıdakı həqiqətə nəzər salaraq Allaha ərz edir:
"Pərvərdigara, ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et. Qüsül üçün uzadıldığım vaxt saleh qonşularım məni sağa-sola çevirərkən mənə fəzl mərhəmət et. Aparılarkən qonşularım cənazəmin ətrafını tutduğu vaxt mənə mehribanlıq göstər. Aparılıb qəbrimdə hüzuruna tək-tənha daxil olan zaman mənə kərəm göstər. Həmin təzə evdə qəribliyimə rəhm et, Səndən başqası ilə üzləşməyim”.
Duanın bu hissəsinin ən mühüm nöqtəsində Allaha ərz edir: "İlahi, həmin yeni evdə tənhalığıma rəhm et ki, Səndən başqası ilə əlaqə saxlamayım”. Məgər bu dünyada Allah ilə ünsiyyətin tamını dadmış şəxsin qəbrə daxil olarkən Ondan başqası ilə ünsiyyət saxlaması mümkündürmü? Ya da dünyada Allahdan başqası ilə ünsiyyət yaratmış şəxsin qəbrə daxil olarkən yalnız Allahla ünsiyyətdə olması mümkündürmü?
Allah Davuda buyurdu:
"Ey Davud, yer əhlinə de: Mən Məni sevən kəsin dostuyam. Mənim məclisimdə iştirak edənin yoldaşıyam. Mənim zikrimlə ünsiyyət saxlayanın munisiyəm və Mənimlə olan şəxsin müsahibiyəm.” (Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 70-ci cild, səh.26, 28-ci rəvayət.)
İnsan dünyada kiminlə ünsiyyət yaradırsa, qəlbi də onunladır; qiyamət günü də onunla səhnəyə gətiriləcəkdir:
"Sevdiyin kəslə olacaqsan və əldə etdiklərin Sənin üçündür.” (Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”, 27-ci cild, səh.105, 75-ci rəvayət.)
Dünya həyatında yalnız var-dövlət, dostlar, qadın və övlad haqqında düşünən şəxs qəbrə qoyulub tərk olunan zaman bir yığın həsrət və qəmlə qarşılaşacaqdır. Yalnız bu dünyada Allah ilə ünsiyyət yaratmış, Onu tanımış və Ona ürək bağlamış şəxslər axirət aləmində Allah ilə ünsiyyət saxlaya bilərlər. Qadın, övlad və ya dostlar bir neçə saat bizim yanımızda olmadıqda, evdə tək qalıb baş qatışdırmağa bir iş tapmadıqda tənhalıq hiss edir, qorxuya düşürük. Allah ilə ünsiyyətin mənasını bilmir, onun ləzzətini dərk etmirik. Dostlar və yaxınlardan birini bir müddət görmədikdə onun üçün darıxırıq. Amma indiyə qədər heç olubmu ki, namaz üçün darıxaq? İndiyədək dua və münacat üçün, Allah ilə raz-niyaz üçün fürsət yaranmasının intizarında olmuşuqmu?
Adətən, hansısa sakit bir yerdə olduqda qorxu hissi keçirir, söhbət etməyə bir şəxs axtarırıq. Bu şəxsi tapmadıqda xəyallar aləmində özümüzlə danışıb, hər nə yolla olur-olsun başımızı qatışdırırıq. Belə bir durumda təbii olaraq, qəbrə daxil olduqdan sonra tezliklə hər şeyi unudub Allah ilə ünsiyyət yarada bilmərik.
Əgər axirət aləmində qəriblik və narahatlığa düçar olmaq istəmiriksə, bu dünyada Allah ilə ünsiyyətin müqəddiməsini hazırlayaq ki, axirət aləmində bizimlə olsun və bizi tərk etməsin. Ən azı ünsiyyət saxladıqlarımızdan biri də Allah olmalıdır. Özümüz üçün proqram tərtib etməli, sakit bir vaxt ayırıb həmin vaxtda yalnız Allahı düşünməliyik. Dünya və onda olanları, iş, qadın, övlad, dostlar və tanışları unudub yalnız Onu düşünüb zikr etməliyik. Əgər bu işi görməsək bərzəx aləmində böyük bir həsrət çəkəcəyik. Qürbət, tənhalıq, əzab və kədər bizi dövrəsinə alacaq. Heç kəs və heç bir şey onu bizdən uzaqlaşdıra bilməyəcək.
Həzrət Fatimeyi-Zəhra (ə) həzrət Əliyə (ə) vəsiyyətində buyurur:
"Əlican, öldüyüm zaman mənə özün qüsl ver və kəfənə bük. Məni dəfn edəndə isə başım üstə üzbəüz otur və çox Quran oxu.” (Əzizullah Ütaridi, "Musnədi-Fatimətuz-Zəhra, Ütaridi nəşriyyatı, birinci çap, səh.401.)Həzrətin qəlbi Allahla ünsiyyətdə olduğu üçün həmişə Allah kəlamı eşitmək istəyir.
Bir neçə anlıq da olsa, imkan tapıb Quran oxumaq intizarında olan şəxslər var. Onlar Quranı oxuduqda, ona qulaq asdıqda ləzzət alırlar. Onlar namaz və ibadəti aşiqcəsinə yerinə yetirirlər: Məgər indiyədək hansısa bir aşiq öz məşuqu ilə söhbət etməkdən bezmişdirmi? Lakin bizim fikrimiz namaz zamanı ayrı yerdə olur. Qəfəsin açılması intizarında olan əsir bir quş kimi! Biz namazın və ya ramazan ayının nə vaxt tamam olacağının intizarını çəkirik. Namaz qılan zaman da daim o tərəf bu tərəfimizdən kimin ötüb-keçdiyini düşünürük. Bütün bunlar Allah və Onun zikri ilə ünsiyyətdə olmadığımızı göstərir.
ALLAH İLƏ NECƏ ÜNSİYYƏT YARADAQ?
Allahdan diləyirik ki, bizə Öz lütfü ilə, qəlbizimin dərinliyində Ona qarşı ünsiyyət və məhəbbət yaranması üçün iradə əta etsin. Onunla ünsiyyət yarada bilək. Bu iş mümkündür, lakin Allahdan tövfiq istəməli və özümüz də iradəli olmalıyıq. Əlbəttə, bu məqsədlə çalışmaq da lazımdır.
Bu istəyin sadə yollarından biri proqram qurub sutkada bir neçə dəqiqə vaxt ayırıb, sakit bir yerdə yalnız Allahı düşünməyinizdir. Bu iş dua, namaz, münacat, Quran qiraəti ilə müşayiət oluna bilər; Allahın hazır və nəzarətçi olduğunu, bizi gördüyünü, həmişə bizə lütf etdiyini unutmamaq mühümdür. Səmimi qəlblə günahlarımızdan tövbə etməli və təsirli olanadək bu proqramı davam etdirməliyik ki, axirət aləmində Allahın lütfünə ümidvar olaq.
İnsan dünyadan gedən kimi əməllərinin nəticəsini görəcəkdir; o zaman hər nə qədər desə: "Pərvərdigara! Məni geri qaytar! Bəlkə, tərk etdiyim saleh əməlləri yerinə yetirim,”("Mu`minin” surəsi, ayə 99, 100.) cavabında belə deyiləcək: "Kəlla!”-"Heç zaman!” Onun vaxtı keçib. Ona görə də ömrün dəqiqələrini qənimət saymaq lazımdır. Minlərlə dünyəvi iş içində öz axirətimiz üçün bir iş görək. Minlərlə məhbub və ünsiyyət yaratdıqlarımız arasında, öz qəlbimizin bir guşəsində Allaha və Onun zikrinə yer ayıraq. Bütün qəlbimizi Allaha və Onunla ünsiyyətə bağlamırıqsa, ən azı Allahı işlərimizdə şərik edək.
Bir gün mərhum Şeyx Cəfər Şuştəri minbərdə buyurdu: "Camaat, mən bu gün bütün peyğəmbərlər və övliyaların dediyinin əksinə bir söz demək istəyirəm”. Camaat təəccüb etdi. Buyurdu: "Bütün peyğəmbərlər xalqı tövhidə dəvət ediblər, lakin mən istəyirəm sizi şirkə dəvət edim. Bütün peyğəmbərlər və övliyalar deyirdilər ki, işlərinizi yalnız Allah üçün görün. Lakin mən istəyirəm deyəm ki, Allahı da öz işlərinizdə şərik edin! Siz qəlbinizi Allaha məxsus etməyəcəksinizsə, ən azı qəlbinizin bir guşəsini ona tapşırın. Qəlbinizi tamamilə Allahdan başqasına verməyin. Çünki bir gün peşiman olacaqsınız!”
«Allahım, qəlblərimizə məhəbbət rüşeymini ək. Mərifət nurunu bizə saçdır. Əfv şirinliyini və bağışlanma ləzzətini bizə daddır və gözlərimizi qarşılaşma günü öz görüşünlə işıqlandır.» ("Məfatihul-cinan”, imam Səccadın (ə) "Xəmsə Əşərə” münacatı, Zahidin münacatı.)
(9)
"İlahi, Səndən həmişə qəlbimdə olası sabit iman və sadiq yəqin istəyirəm ki, təqdir qələminin yazdığından başqa bir şeyin mənə çatmayacağına inanam. Məni yaşayış vasitələrindən qismətimə verdiklərin üçün razı və xoşhal et. Ey mehribanların ən mehribanı”.
Bu hissə "Əbu-Həmzə” duasının axırıncı cümlələrindəndir. İmam Səccad (ə) duadan sonra, axırıncı və ən üstün istəyini bu iki cümlədə xülasələşdirərək Allahdan "sabit iman” və "ilahi qəzavü qədərə razılıq” tələb edir.
Məlum olur ki, iman çox əhəmiyyətli olduğundan imam Səccad (ə) bu uzun münacatdan sonra Allahdan ona iman əta etməsini istəyir. Həmçinin iman yarandıqdan sonra xətər qorxusu olduğu üçün Allahdan ona qəlbində sabit və əbədi qalacaq bir iman əta etməsini istəyir. Əgər insanda iman yaranarsa, o qürurlanıb bu imanın onda həmişəlik və sabit qalacağını təsəvvür etməməlidir.
İnsanın dili imanın dəyərini vəsf etməkdə acizdir. İman insan ruhunun sakitlik mayası, həyat çətinliklərində insanın pənahgahı, ən əsası, əbədi səadət və axirət əzabından qurtuluş səbəbidir.
İman (zəif də olsa) Allahın insana mərhəmət etdiyi ən böyük nemətdir. Belə bir imanın təsiri çox zəif olsa da, o həm də çox dəyərli, dünya və axirət səadəti üçün əhəmiyyətlidir. İnsanın imanla münasibəti balığın su ilə münasibəti kimidir. Balıq nə qədər ki sudadır, suyun qədrini bilmir. Lakin sudan çıxan kimi necə də böyük nemət içində olduğunu, indi isə bu nemətdən məhrum qaldığını anlayır. Biz də, həmd olsun Allaha, bu böyük ilahi nemətdən bəhrələnirik. Zəif olsa da həyatımız onun əhatəsindədir. Əgər Allah eləməmiş, həmin zəif iman bizdən alınarsa, şəkk və zəlalət halına düçar olarıq. Bu zaman necə də böyük nemətə sahib olduğumuzu və bu nemətin bizdən alındığını anlayarıq.
Bir şəxs nəql edir ki, səfərdə bir nəfərlə tanış oldum. Onun bütün əməl və halları təbii idi. Lakin cümə gecələrini səhərə qədər oyaq qalır, əhya saxlayırdı. Bu işin səbəbini soruşdum. O dedi: "Bir çətinliklə qarşılaşmışdım. Əhd etdim ki, Allah onu aradan qaldıran gündən ömrümün axırınadək cümə gecələrini əhya saxlayım. Ondan soruşdum: "Sizin çətinliyiniz nə idi?” (Biz elə təsəvvür edirik ki, onun çətinliyi kasıblıq, xəstəlik və ya bu kimi başqa problemlər olduğundan əhd etməyə məcbur olub.)
O belə cavab verdi: "Bir etiqadda şəkk-şübhəyə düçar olmuşdum və imanım zəifləmişdi. Özümü bu haldan çıxarmaq üçün nə qədər çalışdımsa, bacarmadım. Bir çox şəxslərə müraciət etdim. Hərəsi bir kitab göstərdi. Çoxları ilə söhbət etdim. Amma bunların heç bir həqiqi təsiri olmadı. Əksinə, iztirabım artırdı. Eşitdim ki, müqəddəs Məşhəddə şeyx Həsən Əli İsfahani adlı bir alim yüksək məqam və kəramət sahibidir, xalqın çətinliklərini həll edir. Ona bir məktub yazıb öz şərhi halımı açıqladım. Əhvaz əhalisindən olduğum üçün məktubun cavabında belə yazdı: "Filan gün, filan saat Karun çayının kənarına gedib, xurmalıqların bir guşəsində otur, bəlkə Allah sənin çətinliyini aradan qaldırdı!” Həmin gün təyin olunmuş saatda ora gedib bir guşədə oturdum. Çaya tamaşa etdiyim vaxt bir camışın suyun ortasında üzdüyünü gördüm. Camış tədricən mənə tərəf gəlib sahilə çatdı. Sudan çıxıb bir neçə dəqiqə xurmalıqda dayandı və qarnında olan balasını doğdu. Sonra onu təmizləyib süd verdi. Bu mənzərəyə tamaşa etdikdən sonra bütün şəklərim aradan qalxdı, ruhum sakitləşdi. Yenidən imanımı tapdığım üçün bu nemətin şükrü olaraq özümlə əhd bağladım ki, hər cümə axşamı sübhə qədər oyaq qalam.
Bir müddət iman nemətindən məhrum olub, yenidən Allah tərəfindən bu nemətə çatan şəxslər iman nemətinin qədrini daha yaxşı bilirlər. İmansızlığın pis təsirini, etiqadın zəifləməsini və onun acısını dadan şəxslər imanı qənimət sayırlar. Lakin heç bir zaman imanımız bizdən alınmadığı üçün (zəif də olsa) onun nə qədər dəyərli olduğunu anlamırıq. Zərifinin dediyi kimi "Allahsızlıq görməmişik ki, Allaha imanın nə qədər böyük nemət olduğunu anlayaq!” Gərək imanımızın xətərə düşməməsi və möhkəm qalması üçün çalışaq. Beləcə, inşaallah, imanlı halda dünyadan gedək. Əgər bir gün insanın Allahla əlaqəsi kəsilsə və o yolu itirsə, yol tapmaq üçün çalışıb kiçik bir baca belə tapmadıqda necə böyük bəlaya düşdüyünü anlayar.
İman çox dəyərli olsa da, onun sabit və əbədi olduğunu düşünməməliyik. Bu nemətin də sair nemətlər kimi zay olması mümkündür. Bu nemətin bizdən alınmaması üçün Allaha pənah aparmalıyıq. Bir çoxları imanlı olub yaxşı işlər gördükləri halda, bir müddət sonra bəzi səbəblərdən imanları zəifləmiş və dünyadan imansız getmişlər.
Allah kimsəyə verdiyi neməti geri almayacağını zəmanət verməmişdir. "İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: "Əgər Mənə şükür etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!”
Beləliklə, imanımız üçün daim bəla təhlükəsi olduğunu düşünməliyik. Bir tərəfdən şeytani vəsvəsələr və şübhələr, digər tərəfdən insanın pis əməlləri iman üçün ciddi qorxu yaradır. Rəvayətlərdə göstərilir ki, günah edən şəxsin qəlbində qara bir nöqtə yaranır. Həmin qara nöqtə qəlbdə genişlənib onu zülmətə bürüyür. Günahlar çoxaldıqca bütün qəlb zülmətə bürünür. Bu halda insanın qurtuluşu mümkünsüz olur.("Bihar”, 73-cü cild, səh.327, 10-cu rəvayət.)
Allahdan imanımızı gücləndirməsini, onu cin və insan şeytanların qarətindən qorumasını istəməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, günah nəticəsində qəlbimizdə yer almış qaranlıqları təmizləməliyik. Qəlb qaranlıqlarının insana təsirli nəticələri var. Lakin biz bunu hiss etmir və sağlam olduğumuzu düşünürük. Günah nəticəsində qəlb bərkiyir, sonda insan Allahla münacat və duadan, Quran oxumaqdan və pak imamlara təvəssüldən ləzzət almır. Onda günaha, şəhvətə və boş-boş işlərə meyl yaranır. Günahkarlarla yaxınlıq, onların məclislərində iştirak etmək Allahın layiqli bəndələri ilə yaxınlığın yerini tutur. İnsan az-çox onun özü kimi olan insanlarla yoldaş olmaq istəyir. Bütün bunlar qəlbin bərkiməsi və zülmətə bürünməsinin nişanələridir.
Nurani və Allahla əlaqədə olan qəlb onu Allahdan və Onun zikrindən ayıran şeylərlə əlaqə saxladıqda əzab çəkir. Dünya və əyləncə əhli ilə birlikdə oturduqda özünü zindandakı kimi hiss edir və bu cür məclislərdən azad olmağa çalışır.
Tutu düşdü qarğa ilə qəfəsə, Azadlıqçün bir də gəldi həvəsə. |
Beləliklə, bilməliyik ki, əvvəla, iman (hər nə qədər zəif olsa da) Allahın bizə verdiyi qiymətli bir gövhərdir. İkincisi, öz imanımızın təhlükədə olduğundan qafil qalmamalıyıq. Buna görə də, daim imanımızı gücləndirməyə çalışmalı və mümkün qədər öz etiqadlarımızı möhkəmləndirməliyik. Şübhələr və şübhəyə səbəb olan şeylərdən uzaqlaşmalıyıq. Hansısa bir şübhə ilə qarşılaşdıqda ona əlac etməli, qəlb və zehnimizin şeytani vəsvəsələr meydanı olmasına icazə verməməliyik.
Eyni zamanda, günah və insanı günaha yaxınlaş-dıran işlərdən çəkinməliyik. Allah eləməmiş, günah etdikdə dərhal tövbə qılıb, tam kiçiklik və yalvarışlar şəklində Allahdan imanımızı qoruyub gücləndirməsini istəməli və pak imamlara təvəssül etməliyik.
"Əbu-Həmzə” duasının bu hissəsi xatırlanan nöqtələrə yetərli dəlildir:
"İlahi, mənə daim qəlbimdə qalan və qəlbimdən ayrılmayan iman və yəqin əta et”.
a) Yəqin: Qəlbdə iman sabitləşdikdən sonra onun səmərələri ortaya çıxır. İmam Səccad (ə) onun iki nəticəsinə işarə etmişdir: Allahın təqdirlərinə yəqin və ilahi qəzalarla razılıq: "İlahi, elə bir yəqin ver ki, Sənin təqdirin olmadan mənə heç nə çatmayacağına inanam”.
Yəqin imanın ən üstün və ən kamil mərhələsidir. İman mərifətə bağlıdır, kamil mərifət insanda yəqin sifətinin yaranmasına səbəb olur. Yəqin mərhələsinə çatmış şəxs üçün rifahda və ya çətinlikdə olmağın heç bir fərqi yoxdur. O, maddi həyat hadisələri qarşısında etinasızdır. Çünki onun qəlbi başqa bir yerə bağlıdır. Kamil imana və yəqin mərhələsinə çatmış mömin bütün işlərini Allahın öhdəsinə buraxır. O, mənfəətinin Allahın təqdir etdiyi şeylərdə olduğuna inanır.
Beləliklə, mömin xəyalən həmişə rahatdır. Çünki Allah onun həyatını öhdəsinə götürmüşdür və onun xeyiri Allahın təqdir etdiyi şeylərdədir. Merac hədisində Allah buyurur: "Bəndəm yəqin mərhələsinə çatdıqda həyatın ona ağır və ya asan keçdiyinə əhəmiyyət verməz.”("Biharul-ənvar”, 77-ci cild, səh.27, 6-cı rəvayət.)
İmam Rizadan (ə) "yəqinin” mənası soruşuldu. İmam buyurdu: İmam Baqir onu belə təsvir etmişdir:
"Yəqin Allaha təvəkkül, Onun göstərişlərinə təslimçilik, ilahi qəzalardan razılıq və işləri ona tapşırmaqdan ibarətdir.” ("Biharul-ənvar”, 7-ci cild, səh.738, 4-cü rəvayət.)
Beləliklə, imanın birinci nəticəsi insanın ona çatmalı olan şeylərin bir gün çatacağına və təqdir olmayanların çatmayacağına inanmasıdır.
İmam Sadiq (ə) nəql edir ki, həzrət Əli (ə) buyurdu:
"Heç bir bəndə ona çatası şeylərin çatmamasının və ona çatmayası şeylərin çatmasının mümkün olmamasına (yəqin) elm tapmayana qədər imanın tamını dadmayacaqdır. (Ona çatmalı olan şeylər çatacaq və ya çatmışdır. Ona çatması qərarlaşdırılmayan şeylər ona çatmayacaqdır.) Yalnız böyük Allah fayda və ziyan verə bilər.” (Məhəmməd Təqi Məclisi, "Biharul-ənvar”, 70-ci cild, səh.154, 12-ci rəvayət.)
Çalışmaq və əziyyət nəticəsində hasil olan şeylərin yalnız özümüzdən olması əqidəsi şirk dolu bir baxışdır.
Təkallahçı insan vücudunun, əqli və cismi enerjisinin, sərf etdiyi vasitələri Allahdan olduğunu bilməlidir. Bundan əlavə, bu şeylərdən istifadə etmək də Allahın tədbiri əhatəsindədir. İnsan mal, sərvət yığıb Allahın istəyi olmadan istifadə edə bilməz. Bir çoxları sərvət toplayır (istər halal, istər haram yolla), lakin ondan istifadə etməyə müvəffəq olmur. Beləliklə, sərvətdən istifadə etmək də Allahın istəyinə bağlıdır.
Əlbəttə, "yəqin”i qəbul etməyin şərti cəbrə (məcburiyyətə) inanmaq deyil. Yəni elə də deyil ki, insan iş-güc dalınca getməyib tənbəllik etsin, dini etiqadları bəhanə gətirib, "işləsəm də, işləməsəm də Allahın təqdiri olan hər şey mənə çatacaq” desin. Burada cəbr-ixtiyar məsələsini geniş şəkildə açıqlamaq üçün imkan olmadığından, ümumi şəkildə qeyd edirik ki, təqdir olunan iş "vasitələrin səbəblər yolu ilə gerçəkləşməsidir”. Allah işləri müəyyənləşdirdikdə vasitələr və səbəblər nəzərdə tutmuşdur. Bu vasitələrdən biri insanın öz iradəsidir.
Misal üçün, bir şəxs üçün 50 il ömür müəyyənləşdirilibsə, bu o deməkdir ki, Allah onun ömrü boyu hansı işlər görüb, hansıları görməyəcəyini bilir. Ömürü azaldan və ya uzadan şeylərə, məsələn, sileyi-rəhim (yaxınlarla əlaqə), qəti-rəhim (əlaqəni kəsmək), ana və atanın haqqını gözləmək, sağlamlığı gözləmək və bu kimi başqa məsələlərə nə qədər əhəmiyyət verəcəyini bilməsidir.
Beləliklə, Allah öz geniş elmi əsasında şəxsin ixtiyari rəftar və əməlləri əsasında məsələn 50 il yaşayacağını müəyyənləşdirmişdir. Lakin insanın "mənim ömrüm 50 ildir və işlərimin ömrümün uzanıb-azalmasına heç bir təsiri yoxdur” deməsi düzgün deyil. Allahın müəyyənləşdirdikləri insanın ixtiyari işlərinin əsasındadır.
İnsanın ixtiyari işlərinin Allahdan asılı olması bu işlərin onun özündən asılı olması ilə zidd deyil. Çünki bu əsaslanmalar bir xətt boyudur və bir-birlərinə maneə törətmirlər. Başqa sözlə, iş görənin insan olması bir səviyyədə və bu işin Allaha əsaslanması daha üstün bir səviyyədədir; bu səviyyədə insanın öz vücudu işin əsaslandığı maddələrin vücudu və iş vasitələrinin vücudu Allaha əsaslanır. Səbəblər toplumunun son tərkibi kimi insan iradəsinin işə təsiri səbəblər toplumunun bütünlüklə Allaha aid olması ilə zidd deyil. Dünyanın, insanın, cismə aid bütün şənlərin ixtiyarı Allahın əlindədir. Allah daim onlara varlıq verir və heç bir mövcud hansısa zamanda ondan ehtiyacsız deyil. Belə ki, insanın azad şəkildə gördüyü işlər də Allahdan, Onun iradəsindən asılıdır. Bir işi müstəqil şəkildə insanın və ya Allahın iradəsindən asılı bilmək düzgün deyil. Çünki bu iki iradə bir-birindən ayrı deyil. İnsanın iradəsi də onun vücudu kimi Allahın iradəsinə bağlıdır. İnsanın iradəsinin gerçəkləşməsi üçün Allah-təalanın iradəsi zəruridir. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəməzsiniz!”("Təkvir” surəsi, ayə 29.)
Quran buyurur:
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”("Hədid” surəsi, ayə 22.)
Sonra buyurur:
"Bu sizin əlinizdən çıxana görə kədərlənməməyiniz və sizə verilənə görə sevinib qürrələnməməyiniz üçündür.”("Hədid” surəsi, ayə 23.)
Dünyada əzizlərimizin birini itirsək, kasıbçılıq, xəstəliyə düçar olsaq və bu kimi başqa çətinliklərə düşsək, naümid olub, özümüzü uduzmamaq üçün bütün bu şeylərin müəyyənləşdiril-miş və yazılmış olduğunu bilməliyik. Bütün bu nemətləri Allahın verdiyini, sonra isə məsləhət əsasında bizdən aldığını düşünməliyik.
Allah həzrət Musaya (ə) buyurdu: "Bəndələrimdən ən sevimlisi o kəslərdir ki, sevimlilərini onlardan aldıqda Mənimlə müxalifət etmir və Mənə təslim olurlar.”("Bihar”, 82-ci cild, səh.90.)
Beləliklə, mömin insan dünya nemətlərinə bağlanmamalı, onları itirən zaman qəmgin olmamalıdır. Mömin daim bəndəlik və öz vəzifə-lərini yerinə yetirmək barədə düşünməlidir. Nəsə əldə edib, nəsə əldən vermək haqqında çox düşünməyə dəyməz.
b) İlahi qəzavü-qədərə razı olmaq: İmanın ikinci təsiri ilahi qəzavü-qədərə razılıqdır: "Ey mehribanların ən mehribanı, məni həyatımda qismət etdiyin şeylərə razı sal”
Allah-təala öz bəndələri üçün işlər müəyyənləşdirmişdir. Bəzən bu müəyyənləşdirmə insanın istəyinə müvafiq olur, bəzən isə insan bu təqdirlərdən narazı qalır. Allah istəyir ki, insanlar Onun müqəddəratından razı qalsın və Onun qəzavü-qədərinə boyun əysinlər. Bu təqdir bəzən şəri işlərdə, bəzən isə təkvini (təbiət) işlərdə gerçəkləşir.
Şəri işlər həmin göstərişlər, vaciblər və haramlardır. Bu yerdə razılıq vacibləri yerinə yetirmək və haramlardan çəkinmək mənasını bildirir.
Təkvini işlərdə razılıq Allahın bəndə üçün müəyyənləşdirdiyi şeylərlə razılaşmadır. İstər pis hadisələr, istərsə də xoşa gələn hadisələr müəyyənləşdirilsin! İnsanlar xoşgəlməz hadisələr qarşısında necə reaksiya göstərəcəkləri ilə bağlı yoxlanılırlar. Bəzi yoxlamalar imanın birinci mərhələsinə aiddir. Burada insanın ağır hadisələr qarşısında ilahi hökmlərə riayət edəcəyi, yoxsa üsyan qaldıracağı yoxlanılır. Daha üstün mərtəbə isə üstün bəndələrə aiddir. Bununla onların acı hadisələr qarşısında dözəcəyi, yoxsa Allaha şikayət edəcəyi yoxlanılır. Onların bu hadisələrə dözməsi "səbr” məqamı sayılır. Səbrdən daha üstün isə "razılıq” məqamıdır. Yəni razılıq əhli həm çətinliklərə və əziyyətlərə səbr edir, həm də razılıq bildirirlər. (Qəlblərinin dərinliklərində heç bir narahatçılıq çəkib şikayət etmirlər.) Çünki bütün olaylar Allah tərəfindəndir. Bu, imanın ən üstün mərhələsidir. Bu mərhələdə insan Allahın təqdiratından qəlbən razı qalır və ilahi müqəddəratın hikmətə əsaslandığına inanır. Buna görə də Allah merac gecəsi öz peyğəmbərinə buyurdu: "Mənim yanımda ən gözəl iş təvəkküldür.(Ondan da üstünü təqdir etdiklərimə "razılıqdır”; "Biharul-ənvar”, 77-ci cild, səh.21.)
Əlbəttə, bu o demək deyil ki, insan iş-gücdən əl çəksin. Çalışmaq özü ilahi təqdirin nəticələrindəndir. Məqsəd baş vermiş hadisələrə razı olmağımızdır. Hər bir hadisənin hikmət əsasında olduğunu bilməliyik. Allah Musaya buyurur: "Ey Musa, mənim yanımda mömin bəndədən sevimli heç bir yaranmış yoxdur. Ona bəla və ya çətinlik göndərirəmsə, bu onun xeyirinədir. Çünki mən bəndəmin məsləhətindən xəbərdaram.” ("Bihar”, 13-cü cild, səh.348, 36-cı rəvayət.)
Xəstə uşağına acı dərmanlar verən ana, şübhəsiz ki, övladını sevir. Ana bu işi övladına düşmən olduğu üçün yox, onu sevdiyi üçün edir. Allahın da işləri bu cürdür.
Bir çox rəvayətlər göstərir ki, bəzən Allah öz bəndəsinin məsləhətini yoxsulluqda bilir. Bəzən din kasıblıqla islah olunur. Allah məhəbbət üzündən bəndəni yoxsul edir. Bəzilərinin isə imanı sərvət və varlılıqdan başqa heç bir şey ilə qorunmur. Allah bu cür şəxsləri varlı edir. Bəzən isə Allah kasıblıq və varlılığı bəndələri üçün imtahan vasitəsi edir.("Bihar”, 72-ci cild, səh.327, 12-ci rəvayət.)
Yenidən təkid edirik ki, insan əlini əlinin üstünə qoyub, heç bir səy göstərmədən "Allahım, hər nə xeyirdir mənə yetir” deməməlidir! Vəzifəni yerinə yetirmək bir mövzu, işləri Allahın öhdəsində qoymaq və Onun qəzavü-qədərinə razı olmaq isə başqa bir mövzudur.
Hər halda insan Allahın ona qismət etdiklərindən (istər az, istər çox) razı olmalıdır. Bu razılığın həm dünyəvi, həm də axirət nəticəsi var. Razı insan dünyada sakitlik və aramlıq hissi keçirir, axirətdə də "razılıq” məqamına nail olur.
Təəssüf ki, bir çox insanlar iman zəifliyi nəticəsində öz yaşayış vəziyyətlərindən razı deyillər və şikayət edirlər. Allahın onlara verdiklərinə qane olmurlar. Buna görə də heç zaman aramlıq və sakitlik tapmır, daim nigaranlıq hissi keçirirlər. Lakin mömin insan inanır ki, xalqın arzuladığı və əldə etmək istədiyi bir çox şeylər çox vaxt onların xeyrinə olmur, bəzən isə onların narahatlıqlarına və çətinliklər yaranmasına səbəb olur.
"İftitah” duasında oxuyuruq: "İlahi, Səndən bəzi şeylər istəyirəm, Sən isə onların qəbulunu təxirə salırsan. Bu təxirə görə narahatlıq hissi keçirirəm. Lakin bir çox hallarda duamın təxirə düşməsi mənim üçün daha yaxşı olur. Çünki Sən işlərin sonundan agahsan”.
Qurani-Kərim buyurur:
"Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.” ("Bəqərə” surəsi, ayə 216.)
Bir çox hallarda insan özü də əldə etməyə maraqlı olduğu şeylərin ziyanına olduğunu və xoşuna gəlməyən şeylərin gerçəkləşdikdən sonra onun xeyrinə olduğunu anlayır.
Quran zövcələr barəsində buyurur:
"Əgər qadınlarınız xoşunuza gəlməzsə, (nifrət etməyin). Ola bilsin ki, sizin xoşunuza gəlməyən (nifrət etdiyiniz) hər hansı bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuş olsun.”("Nisa” surəsi, ayə 19.)
Beləliklə, bütün hallarda insan öz işlərini Allahın öhdəsinə qoymalı və başına gələnlərlə razılaşmalıdır. Buna görə də, kamil imanın nəticələrindən biri yəqin, digəri ilahi qəzavü-qədərə razılıqdır.