DÖRDÜNCÜ HİSSƏ
MƏKARİMUL-ƏXLAQ DUASINDAN SEÇMƏLƏRİN ŞƏRHİ
(1)
"Əllahummə səlli əla Muhəmmədin və alih”.
Pak imamlar tərəfindən nəql olunmuş bütün dualar Allah-təalaya yaxınlaşmaq üçün qiymətli vasitələrdir. Lakin bəzi duaların əlavə məziyyətləri də vardır.
Bu dualarda Əhli-beyt maarifindən xəzinələr mövcuddur. Bu dualara diqqətlə nəzər saldıqda öz tutumumuz, düşüncəmiz, mərifətimiz və diqqətimiz qədərində onların qiymətli maarifindən bəhrələnə bilərik. "Məkarimul-əxlaq” duası("Səhifeyi-Səccadiyyə”, 20-ci dua.) bu növ dualardan sayılır. Bu böyük duanın hər cümləsi insan üçün mühüm dərslər və xəbərlərlə zəngindir. Adından məlum olduğu kimi, duanın əsas mövzusu əxlaqi məsələlərdir. Duanın məzmununa diqqət yetirdikdə dəyərli əxlaqi nöqtələr nəzəri cəlb edir.
Duanın adı bizə Allaha dua zamanı yalnız dünyəvi və maddi işləri düşünməməyi öyrədir. Əksər dua edənlər çox zaman maddi, dünyəvi ehtiyaclarının aradan qaldırılmasını istəyirlər. Əxlaqi fəzilətlərin əldə olunması üçün Allaha dua etməyin zəruri olduğunu çox az düşünürlər. Əxlaqi fəzilətlər maddi işlərdən üstün olduğundan onların əldə olunması üçün daha çox dua etmək lazımdır.
Biz, adətən ehtiyaclarımızın ödənməsi üçün maddi vasitələr olmadıqda dua edib Allahdan kömək istəyirik.
"Gəmiyə mindikləri zaman (dəryada batacaqların-dan qorxub, dində ixlas sahibi olan möminlər kimi) yalnız Allaha dua edərlər.”("Ənkəbut” surəsi, ayə 65.)
Dəryanın ortasında şiddətli dalğalar qalxdıqda insan boğulmaq təhlükəsi hiss edir. O bu zaman dua etməyə başlayır. İnsan çətin bir problemlə qarşılaşarkən onun aradan götürülməsi üçün gücü çatmayacağını gördükdə Allahdan kömək istəyir. Lakin hər bir ehtiyacımızı və olanlarımızın davamlılığını Allahdan istəməliyik. Çünki varlıq aləmi Onun qüdrəti altındadır. Bütün vasitə və səbəblərin qaynağı Odur. Həmçinin Allahın bizə əta etdiyi şeylərin davamlı olması Onun əlindədir. Bu baxımdan, qarşıya çıxan ehtiyaclarla mənəvi və əsas ehtiyaclar arasında bir fərq yoxdur.
Halal ruzi əldə etmək üçün işlə məşğul olan fəhlə evdən çıxdıqda əl, ayaq, göz, ağıl, həyat və ixtiyarında olan digər saysız nemətlərin Allah tərəfindən olduğunu düşünməlidir. Bu vasitələrin istənilən birində nöqsan yarandıqda o istəklərinə çatmayacaqdır. Demək, çalışmaqla yanaşı öz ehtiyaclarını Allahdan istəməlidir.
Elm öyrənən şagird təhsil almaq üçün çalışmalı, lakin müəllim, kitab, eşidən qulaq, düşüncə, sağlamlıq kimi vasitələrin Allah tərəfindən olduğuna inanmalıdır. Əgər bu vasitələr davamlı olmazsa, o elm öyrənməyə müvəffəq olmayacaqdır. Demək, insan Allahdan elm öyrənmək vasitələri əta etməsini istəməlidir.
İnsanın əsas ehtiyaclarından biri gözəl əxlaq və insani səciyyələrdir. Çalışıb kobud əxlaqdan uzaqlaşmaq, onun yerinə əxlaqi fəzilətləri canişin etmək lazımdır. Lakin bütün vasitələr və səbəblər Allahın ixtiyarında olduğu üçün bu işdə də Allahdan tövfiq istəməliyik. Yaranış nizamındakı bütün vasitə və səbəblər ilahi feyzin axarıdır.
DUANIN QƏBULU ÜÇÜN SALAVAT ZİKRİ
Məhəmməd və Ali-Məhəmmədə salavat zikr etmək peyğəmbər qarşısında ədəb göstəricisi və duanın qəbul olma səbəbidir. Bəzi rəvayətlərdə bildirilir ki, duanın qəbulu üçün onu Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməklə başlayın. Çünki Məhəmməd və Ali-Məhəmmədə salavat həmişə qəbul olur. Allah isə birinci duanı qəbul edib, ikinci duanı qəbul etməməkdən daha kəramətlidir. Başqa bir rəvayətdə göstərilir ki, duanızı salavatla başlayıb, onunla qurtarın. Bununla da sizin duanız iki qəbul olunmuş duanın arasında qəbul edilsin. Çünki Allah duanın əvvəlini və axırını qəbul edib, ortasını qəbul etməməkdən daha kəramətlidir.
Bu böyük duanın da əvvəlində və hər hissəsindən sonra Məhəmməd və Ali-Məhəmmədə salavat zikr olunmuşdur.
İMAN VƏ YƏQİNİN ƏN ÜSTÜN VƏ KAMİL MƏRHƏLƏSİNƏ ÇATMA YOLU
İmam (ə) salavat zikr etdikdən sonra buyurur: "İmanın ən kamil mərtəbəsini mənə mərhəmət buyur və mənim yəqinimi ən üstün yəqin et”.
İnsan Allahdan mənəvi nemətlər tələb etdikdə onların ən üstün mərtəbəsini istəməlidir. Adətən, biz maddi və dünyəvi ehtiyaclarımızı tələb etdikdə onların ən üstününü istəyirik. Lakin insani səciyyələri əldə etdikdə onların aşağı mərtəbəsi ilə kifayətlənirik. Yüksək təlaş göstərdikdə vacib göstərişlərə əməl edib haramlardan çəkinirik ki, cəhənnəm oduna düçar olmayaq. Amma imam (ə) bu duada bizə öyrədir ki, himmətli olaq və öz dualarımızda peyğəmbərlərin imanı kimi iman və sadiqlərin yəqini kimi yəqin istəyək. Əgər bu məqamı kəsb etməyə layiq olmasaq, Allah öz tutumumuz qədər bizə əta edəcəkdir.
Həmişə böyük maddi nemətlərlə yanaşı bəla olur. Maddi nemətlər nə qədər çox olarsa, onun başağrısı və qüssəsi də çox olar. Lakin mənəvi nemətlər bu cür deyil. Mənəvi nemətlər nə qədər üstün olarsa, onların ləzzəti, səadəti və kamilliyi də bir o qədər çox olar. Beləliklə, iman və yəqinin ən üstün mərtəbəsini əldə etmək üçün himmət göstərməli və Allahdan kömək istəməliyik.
İmanın dərəcələri var. Bu dərəcələr artıb-azala bilər. Qurani-Kərim buyurur: "Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. . .”("Ənfal” surəsi, ayə 2.)
İmam bu duada Allahdan imanın heç bir əskikliyi olmayan, ən üstün dərəcəsini istəyir. İmam yəqin barəsində "ən yaxşı” təbirini işlədir. Bu bəlkə də yəqinin yüz faiz qəti etiqad olmasından irəli gəlir. Beləliklə, yəqinin üstün və ya aşağı mərtəbələri olduğunu demək olmaz. Lakin onun üçün növlər təyin etmək olar. Yəqinlərin keyfiyyəti fərqlidir. Onun növlərindən biri dəlil yolu ilə hasil olur. Bu "elmül-yəqin”dir. Başqa bir növ isə kəşf və müşahidə ilə əldə olunur. Bu isə "eynül-yəqin” adlanır. Üçüncü növ isə həqiqəti tapmaq və ona qovuşmaq ilə əldə olunur. Buna isə "həqqul-yəqin” deyilir.
Mövzunun yaxşı anlaşılması üçün stəkanda dadlı bir şərbət təsəvvür edək: Bir şəxs onu görməyib, lakin sadiq bir xəbər vasitəsi ilə onun mövcudluğuna inanıb; ikinci şəxs şərbəti stəkanda görür; üçüncü şəxs isə bu şərbəti içir. Burada hər üç nəfərin şərbətin olmasına "yəqin”liyi var. Lakin onların yəqinləri fərqlidir. Bəlkə də, duada "əfzəl” sözündə məqsəd yəqinin ən üstün və ən kamil növüdür. Bunu isə adətən əxlaq alimləri "həqqül-yəqin” kimi təbir edirlər.
Elm, düşüncə və etiqad ixtiyari olaraq əldə olunmur. Onların sadə müqəddimələrinin ixtiyari olması mümkündür. Lakin müqəddimələr hazırlan-dıqdan sonra insanda istəmədən ona etiqad yaranır. İnsan qarşısında bir şəxsi görür və o şəxsin olmasına inanır, yəqin edir. Ya da ixtiyarsız olaraq, əli oda dəyir və yanır. Bununla da onda odun yandırıcı olması üçün yəqin hasil olur. İnsan istəmədən nəsə öyrənə bilər. Hətta bəzən insan nəsə bildiyi üçün narahat olur. Lakin iman əldə etmək üçün yəqin və ya gümanla olan etiqaddan əlavə qəlb də hazır olub, istəməlidir.
Sevməyi nəfsani keyfiyyət biliriksə, bu meyl və istək elm sayılmır. Bu yerdə ixtiyar ünsürü təsirlidir. Mümkündür ki, bir şəxs yəqin etdiyi halda qəbul etməsin. Qurani-Kərim fironçular barədə buyurur: "İnandıqları halda, zülm, inadkarlıq və təkəbbür üzündən inkar etdilər...” ("Nəml” surəsi, ayə 14.)
Həzrət Musanın böyük möcüzələri və ilahi ayələrini gördükdən sonra fironçular onun həqiqətən də Allahın peyğəmbəri olmasını və bu möcüzələrin Onun tərəfindən gəlməsini yəqin etdilər. Lakin inadkarlıq, zülm və təkəbbür üzündən onları inkar etdilər. Allahın peyğəmbərini sehrbaz və sehrlənmiş adlandırdılar. Onlar qəlblərində yəqin tapmışdılar, lakin iman gətirmədilər və inkar etdilər. Həzrət Musa (ə) Firona belə deyir:
"Yəqin bilirsən ki, bu ayələri yerin və göylərin Rəbbi nazil etmişdi...” (İsra” surəsi, ayə 102.)
Bu ayədə iki təkid ("lam” və "qəd”) işlənmişdir. Yəni, "həqiqətən” və "yəqin” bilirsən ki, bu ayələri aləmlərin Rəbbi nazil etmişdir. Buna baxmayaraq Firon belə cavab verdi:
"Ey qövm böyükləri! Mən özümdən başqa heç bir kəsi sizin Allahınız bilmirəm...” ("Qəsəs” surəsi, ayə 38.)
Beləliklə, Firon iman gətirmədi. Lakin o dəryada qərq olan zaman dedi:
"İman gətirdim və şəhadət verirəm ki, Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir Allah yoxdur, mən də Onun əmrinə təsliməm.” ("Yunus” surəsi, ayə 90.)
Lakin onun bu sözü çarəsizlikdən olduğu üçün qəbul edilmədi. Demək, iman məcburi müqəddimələr vasitəsi ilə hasil olmur. Onun gerçəkləşməsində ixtiyar ünsürü rol oynayır.
İmanın gerçəkləşməsi üçün yüz faiz yəqin lazım deyil. Güclü zənn ilə də iman gətirmək olar. Yəni qəlbi həmin güclü zənnə uyğunlaşdırıb, onun olmaması ehtimalına əhəmiyyət verməyərək, qəbul edirsən. Lakin elm və ya hansısa mərtəbə gümanın olmadığı yerdə iman gətirmək olmaz. İslamın əvvəllərində peyğəmbərə iman gətirən şəxslərin bir çoxu əvvəldə kamil yəqin sahibi deyildilər. Buna görə də onların bəziləri özlərində yaranmış şübhələrə görə mürtəd olub İslamdan xaric çıxırdılar. Demək, iman hansısa bir möcüzə, təmayül və etiqad nəticəsində yaranır. Etiqad güclü və zəif ola bilər. Etiqad gümandan tutmuş yəqinin ən kamil növünə kimi arta bilər. Təmayül də səthi meyldən eşqin ən üstün mərtəbəsinə qədər dəyişə bilər. Bu iki ünsür güclü və zəif olaraq iman qüvvəsinə təsir edə bilər. İnsanın mövzuya etiqad və meyli çox olarsa, həmin mövzuya olan imanın da gücü bir o qədər çox olar. Eyni zamanda təmayül və etiqadın azlığı iman gücünün zəifləməsinə səbəb olur.
Beləliklə, kamil iman kəsb etmək üçün etiqadımızı gücləndirməliyik. İman üçün daha möhkəm dəlillər tapıb, onun qəbulu üçün qəlbimizdə olan maneələri aradan götürməliyik.
ÜMMƏTLƏRİN PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFƏTLƏRİNİN SƏBƏBLƏRİ
Əksər ümmətlərin peyğəmbərlərlə müxalifətinin səbəbi peyğəmbərlərin onları məadın qəbuluna dəvət etməsi idi. Bu dəvəti qəbul etmək bəzi insanlar üçün çox çətin idi. Onlar özləri üçün tanrılar düzəldib, itaət edirdilər. Lakin həqiqi Allaha iman gətirmirdilər. Çünki tövhidi qəbul etmək üçün məadı və ölümdən sonrakı həyatı qəbul etmək lazım idi. Onlar Allahın qüdrətini məhdud bildikləri üçün öz tanrılarının onları yenidən dirildə biləcəyinə və əməllərinin nəticələrini başqa bir dünyada alacaqlarına inanmırdılar. Məad bütün insanların əməllərinin ölçülməsi, yaxşı və pis işlərin əvəzinin verilməsi mənasını daşıyır. Kafirlər güman edirdilər ki, əgər əvvəlcədən onu inkar etsələr, rahat və asudə şəkildə öz meyllərinin təmini ilə məşğul olacaqlar.
Məadın qəbulu üçün ən yaxşı yol Allahın qüdrəti haqqında düşünməkdir. O, insanları yoxdan yaratdığı kimi, bir də yenidən dirildə bilər. Qurani-Kərim buyurur:
"Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onun barmaqlarının ucundakı xətləri də (dünyada olduğu kimi) düzəltməyə qadirik! Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək (və qiyaməti danmaq) istəyir.” (Qiyamət” surəsi, ayə 3-5.)
Rəvayətdə nəql olunur ki, imam Sadiq (ə) buyurdu:
"Bir gün Allahın rəsulu məsciddə camaatla namaz qıldı. Sonra başını aşağı salıb, fikrə dalmış bir cavana nəzər saldı. Onun rəngi saralmış, bədəni zəifləmiş, gözləri çökəyə düşmüşdü. Allahın peyğəmbəri ona buyurdu:
"Halın necədir?” O dedi: "Mən yəqinə çatmışam”. Allahın rəsulu onun sözlərinə təəccüb etdi (xoşu gəldi) və dedi: "Hər bir yəqinin həqiqəti var. Sənin yəqininin həqiqəti nədir?” O dedi: "Ey Allahın peyğəmbəri! Mənim yəqinimin əlaməti budur ki, gündüzlərim qəmgin, gecələrim oyaq və isti günlərim susuz keçir. Mən dünya və dünyada olanlara meylsiz olmuşam. Elə bil ki, Rəbbimin ərşini görürəm. Xalq hesab üçün düzülüb, mən də onların arasındayam. Behişt əhlinin nemətlər içində qərq olmuş, oturacaqlara söykənmiş və bir-birini tanıtdırdıqları halda görürəm. Cəhənnəm əhlini isə əzab içində və kömək axtaran vəziyyətdə müşahidə edirəm”. Allahın rəsulu buyurdu: «Bu bəndənin qəlbini Allah iman nuru ilə işıqlandır-mışdır...» ("Üsuli-kafi”, 2-ci cild, səh.53.)
Xalqın razılığını Allahın qəzəbi bahasına qazanmamaq, Allahın onlara verdiklərinə görə onları qınamamaq müsəlmanın gerçək əminlik nişanələrindəndir.”("Biharul-ənvar”, 70-ci cild, 7 və 143-cü hədis.)
İlahi ayələrdən məlum olur ki, yalnız qeyb aləminə iman gətirib, axirətə yəqinlə inanan şəxslər Qurandan faydalana bilər:
"O kəslər ki, qeyb aləminə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edir axirətə də şəksiz inanırlar.” ("Bəqərə” surəsi, ayə 3, 4.) Elmül-yəqin əldə etmək üçün Allahı tanımaq və qeyb aləmi barəsində güclü dəlillər əldə etmək lazımdır. Saleh əməllə yanaşı yəqin insanın qarşısından bir çox maneələri götürərək, onun nəfsini eynül-yəqin və həqqül-yəqin əldə etmək üçün hazırlayır.
ƏN YAXŞI NİYYƏT VƏ ƏN GÖZƏL ƏMƏL
"Niyyətimi ən gözəl niyyətlərlə və əməlimi ən yaxşı əməllərlə tamamla”.
Buradan məlum olur ki, niyyət də əməl kimi yaxşı və pis olur. Əməllərin nöqsanı və kamilliyi niyyətin naqisliyi və ya kamilliyindən asılıdır. Pak niyyət qəlbdə haqdan başqa heç bir şeyin olmamasıdır. Bunu əldə etmək çox çətin işdir. Nəql olunur ki, Əbi-Əbdillah buyurdu:
"Niyyət əməldən üstündür, bəlkə də niyyət əməlin bütün həqiqətidir.” ("Üsuli-kafi”, kitabul-iman vəl-küfr, babul-ixlas, 4-cü hədis.)
Niyyət və əməldə məqsəd onların kəmiyyəti deyil. Məqsəd keyfiyyətdir. Necə ki, Qurani-Kərim buyurur:
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün Allah bu aləmdə ölüm və həyat yaratdı.” ("Mulk” surəsi, ayə 2.)Ayədə əməlin çox olması yox, yaxşı olması qeyd edilib.
Rəvayətdə nəql olunur ki, imam Sadiq (ə) buyurdu: "İbadət edənlər üç dəstədir: bir dəstə Allaha cəhənnəm əzabı qorxusundan ibadət edir - bu qulların ibadətidir; başqa bir dəstə isə Allaha behişt tamahı ilə ibadət edir - bu muzdurların ibadətidir; üçüncü dəstə isə Allaha məhəbbət və eşq səbəbindən ibadət edir - bu azad insanların ibadətidir və ən yaxşı ibadətdir.”("Üsuli kafi”, 3-cü cild, kitabi-iman v küfr, babi ibadət, 5 və 131-ci hədis.) Zəif iman və məhəbbətlə xalis niyyət intizarında olmamalıyıq. İnsanı işə vadar edən onun meylidir. Meyl isə mərifət və imana tabedir. Mərifət və iman niyyətin həqiqətini təşkil edir. Demək, xalis niyyət əldə etmək üçün insanın iman və mərifəti inkişaf etməlidir. Xalis niyyətlə yanaşı saleh əməl gəlir. Çünki ən yaxşı əməl ən yaxşı niyyət gerçəkləşən əməldir. Buna görə də, bütün kamilliklərin açarı imanı gücləndirmək və mərifət kəsb etməkdir.
İnsan öz niyyətləri barəsində dərindən düşünməlidir. Əgər cəhənnəm və behişt olmasaydı, Allahın razılığını əldə etmək ilahi nemətlərin şükrünü yerinə yetirmək üçün günahlardan çəkinib, gecə yarı isti yataqdan qalxıb gecə namazı qılardıqmı? Ramazan ayının aclığına dözüb özümüzü maddi ləzzətlərdən məhrum edərdikmi?
Bəzi insanların mərifəti o dərəcədədir ki, əgər cəhənnəm olmasaydı da, behişt və onun bol nemətləri həvəsi ilə Allaha ibadət edərdilər. Bəziləri isə nə cəhənnəm qorxusu, nə də behişt həvəsindən ibadət edirlər. Onlar ibadətə layiq olduğu üçün Allaha ibadət edirlər. Çalışırlar ki, Ona yaxınlaşsınlar, Onun məhəbbətini əldə etsinlər və nemətlərinə şükür etsinlər.
Yüksək niyyət əldə etmək üçün dayanmadan çalışmaq lazımdır. Saleh əməl, varlıq sirləri haqqında təfəkkür, bütün aləmin Allaha məxsusluğu Ondan çox sevməli bir kəsin olmaması, yalnız Onun ibadətə layiq olması barədə düşünməklə və Allahın köməkliyi ilə iman və yəqinimizi artırıb, xalis niyyət əldə edə bilərik.
Əlbəttə, behişt və cəhənnəmin yaranması, behişt vədəsi və ilahi əzabdan çəkindirmə Allahın öz bəndələrinə böyük lütfüdür. Çünki bir çox insanlar yalnız məhəbbət üzərində qurulmuş pərəstiş üçün üstün mərifət əldə edə bilmirlər. Onlar behişt həvəsi və ya cəhənnəm qorxusu ilə ibadət edirlər. Əgər behişt və cəhənnəm olmasaydı bu dəstə günahların tərki və ibadətin nəticəsində bəhrələnməyərək mümkün kamilliyə də çatmayacaqdı.
"İlahi, öz lütfünlə niyyətimi üstün et və yəqinimi həqiqi yəqinlərdən qərar ver (Yəqinimi şəkkə aludə olmağa qoyma). Öz qüdrətinlə keçmişdə korladıqlarımı düzəltmək üçün mənə yol əta et”.
İlahi, mən öz zəifliyimlə ali niyyət əldə edə bilmirəm. Mənə bu iş üçün vasitələri Sən hazırlamalısan. "Lütfünlə” sözündə məqsəd Allahın xüsusi nemətləridir; yəni gərək məni öz mehribanlıq və rəhmətinlə himayə edəsən ki, düzgün və kamil niyyət əldə edəm. Kamil niyyət odur ki, Allaha yalnız şükür və bəndəlik vəzifəsinin ədası olaraq ibadət edilsin. Savaba çatmaq və ya axirət əzabı qorxusundan olan ibadət düzgün sayılsa da, kamil niyyət hesab olunmur.
İmam duanın əvvəlində duadakı mövzuları və Onun istəklərini əks etdirən müqəddimə əvəzi bir fəsil vermişdir. İslamda dəyər ölçüsü iman və saleh əməldir. İman bağladığımız şeylərin əməl zamanı gerçəkləşməsi üçün müqəddimə lazımdır. Yəqinlə olan etiqad kamil iman şərtidir. İmanı əməllə əlaqələndirən niyyətdir.
Demək, çalışmaq, yeməkdən çəkinmək, borc vermək, borc almaq və sair işlər həmişə imanla müşayiət olunmur. Hər bir şəxs bu cür işlər görə bilər. İnsanın əməli ilahi niyyət əsasında olduqda yaxşı əməl sayılır və imanla əlaqələnir. Ən yaxşı niyyətlər ən dəyərli əməllərlə nəticələnir.
Kamil iman, yüksək yəqin mərtəbəsində etiqad üstün xalisanə niyyət, əməllərin ən dəyərliləri "Məkarimul-əxlaq” duasının əsas dörd mehvəri və sərlövhəsidir.
İmamın bu duadakı istəkləri kvadrat bünövrəli tikiliyə bənzədilə bilər. Öncə uyğun fəzilətlər və uca dəyərlər dörd nöqtədə xülasələşdirilir. Həmin dörd nöqtəni uyğun tikilinin tərəfləri kimi götürsək, hər tərəf eyni bir təpə nöqtədə başa çatır (piramida formasında). Həmin nöqtə Allaha yaxınlıq nöqtəsidir. Tikilinin (piramidanın) dörd tərəfi uyğun olaraq üstün iman, üstün yəqin, dəyərli niyyət və üstün əməllə müqayisə oluna bilər. Bu tikilinin çöl üzüdür. Amma uyğun dörd ünsür tikilinin daxilində də bir-biri ilə əlaqəlidir, bir-birinə təsir göstərir və digər bir dəyərli səciyyə yaradır.
İnsan fitrəti öz xeyir və səadətinə meyllidir. Buna görə də insan nə üçün yaradıldığını, həyat sərmayəsinin hansı məqsədlə onun ixtiyarına verildiyini və onun səadət yolunun hansı yönümdə olduğunu düşündükdə bütün qüvvəsini öz kamillik və səadət qülləsinə çatmaq üçün sərf edəcək.
Zikr olunmuş əsas dörd mehvərdən sonra birinci məsələ bütün qüvvəni yaranış hədəfinə çatmağa sərf etməkdir. Yəni kamillik və səadətə səbəb olan işlər görmək! Gündəlik işlər, təhsil, ruzi əldə etmək üçün çalışmaq, başqaları ilə əlaqə və sair işlər insanın Allaha doğru səfərdən uzaq düşməsinə səbəb olmamalıdır. Bu fəsildə imam Allahdan istəyir ki, onu bütün qüvvəsini Allaha yaxınlığa çatmaq üçün sərf etməyə yönəltsin və bu hərəkətin süstləşməməsi üçün lazım olan şeylərlə onu təmin etsin.
"İlahi, qəlbimi məşğul edən şeyləri yolumdan götür ki, qəlbim yalnız Səni düşünsün. Məni sabahkı qiyamətdə barəsində sual edəcəyin vəzifələrimi yerinə yetirməkdə müvəffəq et”.
Əqli və qəlbi maneələr insanı Allah qarşısındakı məsuliyyətlərini düşünməkdən çəkindirir. Həyat vasitələrinin hazırlanması, gözəlliklər, çətinliklər və sair işlər insanın öhdəsində olan vəzifələr barədə düşünməməsinə səbəb olur.
İnsanın zəruri ehtiyaclarının ödənməsi ilahi göstərişdir. Allahın razılığı üçün göstərişləri yerinə yetirmək ibadətdir. İbadət isə insanın kamala çatmasında təsirlidir. Bəs ruzi qazanan şəxs vacib qədərlə kifayətlənib, bu işi yalnız Allaha itaət niyyəti ilə görürmü? Evlənən şəxs yalnız Allahın razılığı xatirinə evlənib Onun şərtlərinə əməl edirmi? Yoxsa onun öz şəxsi istəkləri də var? Məgər bu işlər onun qəlbini məşğul edib ibadətinə və Allahı düşünməsinə mane olmurmu? İctimai-siyasi səhnəyə qədəm qoyan möminin bütün siyasi və ictimai fəaliyyətləri Allah xatirinədirmi? İctimai-siyasi işlər insanın qəlbinin məşğulluğuna səbəb olarsa, həmin şəxs Allah ilə raz-niyaz edib, Onu düşünmək üçün vaxt tapmayacaq. Belələri çətin ki, bütün enerjilərini ibadətə sərf etmək istəsinlər! Demək, uyğun çətinliyə çarə qılmaq üçün Allahdan istəməliyik ki, ehtiyaclarımızı təmin etsin və ya bizim ehtiyaclarımızı sadə yolla aradan qaldırmağa müvəffəq buyursun. Elə bir şəkildə ki, ehtiyaclarımıza sərf olan qüvvə bizi bəndəlik vəzifəsini yerinə yetirməkdən, Allahı düşünməkdən və xalisanə ibadət etməkdən çəkindirməsin.