AŞIQANƏ RAZ-NIYAZ
Duanın bu hissəsində Həzrət Əli (ə) rəhmətə səbəb olacaq bütün incəliklərə işarə edir: ibadətdə süstlüyün etirafı, nəfs istəklərinin həddi aşmasına görə üzrxahlıq, tövbə etməklə bağışlanmaq istəyi, günahların etirafı, Allahın rəhmətindən savayı sığınacaq tapmamaq və s.
Bu nalələr və sızıltılar Allahın xoşuna gələn həqiqətlərdir. Nəql olunur ki, haqq yolçusu olmaq istəyən bir şəxs İlahi övliyalardan birinin yanına gəlib dedi: "Mən Haqq dərgahına üz tutmuş bir yolçuyam. Mehriban və bağışlayan Allahın hüzuruna hədiyyə olaraq nə aparım? Axı Onun hüzuruna əliboş getmək mərifətsizlik olar.” Övliya deyir: "Elə bir şey apar ki, orada olmasın. Ağlar qəlb və gözdən savayı bütün kamilliklər oradadır.”
Bəli, Allah-Taala tövbəkar günahkarın nalələrinə aşiqdir. Şübhəsiz ki, bütün məşuqlar öz aşiqinin səsini eşitmək arzusundadır. Eləcə də bütün aşiqlər öz məşuqunun lütf nəzərlərinə möhtacdır.
Nəql olunur ki, Züleyxa öz gücündən istifadə edərək Yusifi zindana saldırdıqdan sonra, məşuqunun səsini eşitmək üçün yollar axtarırdı. O, xidmətsinə göstəriş verdi ki, Yusifi fəryad edənədək qamçılasın. Amma Yusifin ilahi məqamından çəkinən xidmətçi hiyləyə əl atdı və Yusifə qalın köynək geyindirib astaca qamçıladı. Xəlvətdə durub Yusifin naləsini eşitməyən Züleyxa - ”Onu bərk vur!” - dedi. Xidmətçi Yusifdən üzr istəyib zərbələrini gücləndirdi. Yusifin naləsi ərşə ucaldı. Bu nalələr aşiqə ləzzət verirdi.
Züleyxa dinləyib onun naləsin Qucurdu qəlbində eşqin şöləsin. Bu nalə önündə durmağa güc yox, Qüssə şahə qalxıb, zərrə sevinc yox. Yüz növhəçi yaza bu dərdi - bitməz, Şimşək çaxa - qəmdən kimsə eşitməz. |
Yunusun onları tərk edib başqa bir diyara köçdüyünü eşidən qövm yəqin etdi ki, qarşıdan əzab gəlir. Aralarındakı rəbbani alim onlara bildirdi ki, qarşıdakı bəladan qurtarmağın yeganə yolu günahların etirafı və tövbədir. Beləcə böyük-kiçik, qadın-kişi köhnə libas geyinib, yalın ayaqla tövbə üçün səhraya çıxdılar.
Kişilər ayrıca, qadınlar ayrıca, südəmər körpələr də analarından uzaq bir yerdə yerləşdilər. Hamı bir səslə Allahın dərgahına üz tutaraq raz-niyaza başladı. Onlar deyirdilər: ”Pərvərdigara! Yunus demişdi ki, qulları azad edib savab qazanın. Demişdi ki, biçarələrin fəryadına çatın. İndi isə biz bəndələr çarəsizik və Səndən başqa bir pənahımız yoxdur. Dadımıza çat!”
Bu dualar qəbul olduqdan, əzab buludları rəhmət buludları ilə əvəz olunduqdan sonra şəhər camaatı rahatca evə qayıdıb gündəlik işinə məşğul oldu.
Allaha üz tutmaq, günahları etiraf edərək tövbə qılmaq bağışlanmanın təsirli amillərindəndir.
Səninlə görüşdə olmaq bircə an Yüz illik ömürdən üstündür inan. Hər cilvən danışır əzəmətindən, Şəm kimi eşqindən alışıram mən. Turundan kənara götürsəm qədəm, "Lən tərani” sözün anlaya bilməm. Pərvanə yanaraq ucaldığı tək Əbədiyyət verir bu odlu istək. Doğru yoldan kənar həqiqət nədir, Gümanların çoxu boş əfsanədir. Bu pirdə quş könlü saxlayan da Sən, Çarəsiz anlarda yoxlayan da Sən. Eşqinlə məst edib, itir özümü, Dünyaya asudə yumum gözümü. Sənə aşiq qəlbin bilinməz ömrü, Yetəsən yetməmiş əcəlin əmri. |
"Allahummə fəqbəl uzri, vərhəm şiddətə zurri, və fukkəni min şəddi vəsaqi, ya Rəbirhəm zəfə bədəni, və riqqətə cildi, və diqqətə əzmi, ya mən bədəə xəlqi və zikri, və tərbiyəti və birri və təğziyəti, həbni libtidai hərəmikə və salifi birrikə bi.”
("Pərvərdigara! Üzrümü qəbul et, pisliyi son həddə çatmış halıma rəhm et, əl-ayağımı bağlamış günah zəncirindən məni azad et. Ya Rəbb! Bədənimin zəifliyinə dərimin yuxalığına, sümüklərimin kövrəkliyinə rəhm et.
Ey yaranışın əsasını qoyan, məni yada salan, tərbiyə edən, xeyirxahlıq edib ruzi verən! İndi məni əvvəlki kərəminlə bağışla.”)
Duanın bu hissəsində mərifətli aşiq hiss edir ki, rəhmət qapıları açılmışdır və məşuq onu dinləyir. Ona görə də ərz edir ki, mənim günaha sövq edən nadanlığımı üzürlü say, bundan sonra Sənin yardımınla tapdığım mərifət hesabına nəfsin bəlalarından qurtarım.
Pərvərdigara! Təkəbbür və lovğalıq, hərislik və tamah, riya və özününümayiş kimi sifətlər məndə qalarsa, sağalmaz yaraya, xərçəng xəstəliyinə çevrilər.
Pərvərdigara! Şeytan və əmmarə nəfs buxovları əl-ayağımı, ağıl düşüncəmi hərəkətdən saxlayaraq məni yerə oturdub. İndi ki, öz lütfünlə bu aşiqi zəncirlərdən azad etmisən, o da qarşında göz yaşları axıtmağa müvəffəq olub, yardım əlini uzadıb ona şeytan və nəfs əsarətindən nicat ver.
Pərvərdigara! Əgər bu gün fəryadıma çatıb fironi, qaruni hallarımdan qurtarmasan Qiyamət günü daha ağrılı zəncirlərlə buxovlanasıyam.
"İnsan” surəsinin 4-cü ayəsində buyurulur: "Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu atəş hazırlamışıq”. "Haqqə” surəsinin 30-33-cü ayələrində oxuyuruq: "Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş zər uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük Allaha inanmırdı.”
Ya Rəbb! Əgər bu gün bizi zəncirlərdən azad etməsən, elə bir gün gələcək ki, azadlığımız mümkün olmayacaq!
Əlbəttə ki, bu buxovlardan azad olan insanlar ibadət yolunda rahatlıqla irəli gedir və ömrünün sonunda asudəliklə məşuqa doğru qanad açırlar. Lakin şeytan və nəfs əsarətində olanlar qolu bağlı əsir tək yaşayır və elə bir aqibətə düçar olurlar ki, kimsə onun fəryadına yetişə bilmir!
Məşhur xəlifə Harun ər-Rəşid Xorasanda ağır xəstəliklə yatdığı vaxt öz sidik nümunəsini digər sidik nümunəsi ilə birlikdə ustad bir həkimə göndərir. Həkim Harun ər-Rəşidin sidiyi olan qabı ayırıb deyir: "Bu qabın sahibinə deyin ki, vəsiyyətini etsin.”
Xəlifəyə xəbər verirlər ki, şəhərdə ölümün haqqında şayiələr yayılıb. Bu şayiəni aradan qaldırmaq üçün xəlifə şəhərə çıxmaq qərarına gəlir. Əmr edir ki, minik gətirsinlər. Xəlifə ata minmək istəyərkən atın qıçı qatlanır. Xəlifə deyir: "Şayiə yayanlar düz deyib. Mənə kəfən hazırlayın və yatağımın yanında qəbir qazın.” Xəlifənin göstərişi yerinə yetirilir. O, qəbrə baxıb bu ayəni oxuyur: "Var-dövlətim mənə heç bir fayda vermədi; səltənətim də məhv olub getdi.”("Haqqə”, 28-29.)
Ey mənim Allahım! Qiyamət zəncirləri, buxovları çox ağrıdır! Cismimin zəifliyinə dərimin yuxalığına rəhm et. Bu günkü günah zəncirlərindən xilas etməsən, bu zəncirlər Qiyamət günü od zəncirlərə çevriləsidir. Zəif cismimlə əbədi olaraq bu zəncirlərdə qalmaq necə də ağırdır!
Əzizlər, şeyx Bəhainin rəvayət etdiyi Tövbə adlı kişi kimi hər gün nəfsimizi hesaba çəkməyimiz zəruridir. O, altmış yaşında ikən 21500 gün yaşadığını hesablayıb, nalə çəkdi: "Vay olsun mənə! Əgər gündə bir günah etmiş olsam, 21500 günaha batmışam. Bu qədər günahla Allahın görüşünə gedə bilərəmmi?!” Bu sözləri deyib huşunu itirdi və dünyasını dəyişdi!
Pərvərdigara, hər nəyəmsə Sənin bəndənəm, Sənin iradənə tabeyəm və qaçmağa bir yerim yoxdur. Ya Rəbb, məni yada salıb yoxluqdan var etdin, tərbiyələndirib ruzi verdin. İndi də Səndən istəyirəm ki, əvvəlki ehsanlarının davamı olaraq dünya və axirət əzabından məni qurtarasan!
Bu eşqdən hər könül məstanə olmuş, Dağlara daşlara yolunu salmış. Vəsl olmuş ruhumuz alır güc ondan, Ömür tükənər eşq tükənən zaman. Rəhmət dünyasında gəlmişik cana, Varmı ondan başqa yanan insana. Hər zərrə dolanır nəvazişindən, Yaxşı bizləri də qurtardı qəmdən. Lütfüylə çəkilib qayıdır nəfəs, Bir Odur bu ruhda saxlayır həvəs. Kainat qurulub bu mərhəmətdən, Eşq yağışı yağır altı cəhətdən. Vüsalı arzular fərağın duyan, Bilməz bu dünyanın eyşinə uyan. Əlbət hicranın da şirinliyi var, Çünki qışdan sonra gələsi bahar. |
"Ya İlahi və Səyyidi və Rəbbi, əturakə muəzzibi binarikə bədə tovhidikə və bədə məntəva ələyhi qəlbi min mərifətikə və ləhicə bihi lisani min zikrikə vətəqədəhu zəmiri min hubbikə və bədə sidqitirafi və duai xaziən lirububiyyətikə.”
("Ey Məbud, ey Ağam, ey Rəbbim! Səni belə görməyim mümkündürmü ki, Sənin yeganəliyini etiraf edəndən, qəlbim mərifət nuru ilə işıqlandıqdan, dilim Sənin zikrinlə danışandan, batinim eşqinin bəndinə düşdükdən, tövhidinə sədaqətlə etirafından, hüzurunda müti dualarımdan sonra mənə odda əzab verəsən?!”
Xeyr, and olsun müqəddəs zatına, heç bir peyğəmbər, imam, övliya, arif, aşiq, abid, zahid, tövbəkar belə deməyib və belə də deyil. Həqiqət budur ki, öz bəndənə Qiyamət günü lütfünlə nəvaziş göstərəcək, mərhəmət göstərib nöqsanlarını bağışlayacaq və Behiştdə aşiqlərlə birgə yer verəcəksən.
Ayə və rəvayətlərdən kömək alaraq, hikmət əhlinin söhbətlərini dinləyərək, varlıq aləmindəki nizamı mütaliə edərək Səni bir olaraq tanıyan kəs bütün batil məbudlardan üz döndərir, qəlb dili və vücudunun bütün zərrələri ilə "la ilahə illəllah” deyir. Bütün böyük peyğəmbərlər belə bir tövhidə əsaslanmış və hamını bu əsasa dəvət etmişlər. Bütün insanlar bir Allaha olan etiqada çağırılmışdır.
Tövhidin etiqadi mənası düşüncələrin şirkdən təmizlənməsində çox əhəmiyyətlidir. Allaha şərik qərar verənlər, bütpərəstlər, istənilən şəkildə Allahın sifətlərini təhrif edənlər tovhiddən kənardır. İnhirafa düçar olanların ən cahili əsrimizdəki vəhhabilərdir.
Peyğəmbər daim cəmiyyəti şirk çirkinliyindən təmizləməyə çalışmışlar. "Saffat”surəsinin 35-ci ayəsində oxuyuruq: "Onlara "Allahdan başqa heç bir tanrı yoxdur” deyildiyi zaman təkəbbür göstərirdilər.” Çünki bu kəlmələr fironların, zalım hakimlərin xalqı qul etmək məqsədinə mane olurdu. Tövhid kəlmələrini deyən insan özünü yalnız Allaha qul hesab etməliydi. Belə bir əqidə isə heç zaman istismarçılara sərf etməmişdir.
Haqqın yeganəliyinə etiqad, Onun oxşarsız olması, şəriksizliyi, zatının sifətləri ilə eyniliyi, varlıq aləminə hakim olması, bir sözlə Quranın tanıtdırdığı Allaha etiqad əsil tovhiddir. "La ilahə illəllah”, yəni tövhid kəlmələrini dili ilə deyib, əməli ilə təsdiq edən şəxs həqiqi mömin və gerçək müvəhhiddir.
Həzrət Əli (ə) buyurur: "Dinin başlanğıcı Onu tanımaqdır. Kamil tanıma Ona inam, inamın sonu Onu yeganə bilmək, yeganə bilməyin əsası hüzurunda xalis olmaq, ixlasın ən uca həddi Onu pak bilməkdir...”("Nəhcül-Bəlağə”.) Başqa bir xütbədə oxuyuruq: "Ey xalq!.. Allah sizi məqsədsiz yaratmadı, özbaşına buraxmadı, nadan saxlamadı, əməlləri xeyir və şər olaraq tanıtdırdı. O, sizin əməllərinizdən xəbərdardır, dünyada qalacağınız müddəti müəyyən etmiş, həqiqətləri tanıtdıran Kitab nazil etmiş, hidayətiniz üçün Peyğəmbərə (s) göndərmiş, dinini onun və sizin üçün kamilləşdirmişdir. O, bu dini özü üçün bəyənib, peyğəmbərlərin dili ilə yaxşını, pisi tanıtdırıb. Bütün dəlillər tamamlanıb, üzr üçün yer qalmayıb, itaətsizlik müqabilində əzab vəd edilib. Qalan ömrünüzü itaət edin, dözüm göstərin.”("Nəhcül-Bəlağə”.)
Tövhid etiqadını Qurandan, peyğəmbərlərdən, imamlardan və övliyalardan əxz edib Allah əmrlərinə itaət edən, günahdan çəkinən, batil məbudları inkar edən şəxs müvəhhiddir və Qiyamət günü nicat tapasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı ibadət "La ilahə illəllah” deməkdir.”("Kafi”, 2-506.) "Allaha şərik qərar vermədən ölən kəs Behiştə daxil olar.”("Tövhide-Səduq”, 19.)
İmam Baqir (ə) buyurur: "Ən böyük mükafat "la ilahə illəllah” şəhadətinə məxsusdur. Çünki Allah-Taala ilə bərabər bir şey yoxdur və heç kim Onunla şərik deyildir.”("Tövhide-Səduq”, 19.)
İmam Sadiq (ə) buyurur: "Şübhəsiz ki, Allah-Taala müvəhhidlərin cismini oda haram etmişdir.” "Behiştin dəyəri "la ilahə illəllah” deməkdir.”("Tövhide-Səduq”, 20.)
Həzrət Peyğəmbər (s) buyurur: "La ilahə illəllah” kəlməsi Allah yanında ən böyük və dəyərli kəlmədir. Bu kəlmələri ixlasla deyən şəxs Behiştə gedər. Kim bu sözləri yalandan desə dünyada var-dövləti qorunar, amma axirətdə oda düşər.” "And olsun məni həqiqət müjdəçisi göndərənə heç bir müvəhhidə əsla atəşlə əzab verilməz.”("Tövhide-Səduq”, 23, 29.)
Ey mehriban Allah, ey tövhid əhlinin aşiqi! İnanmırıq ki, xalis qəlblə tovhidini təsdiq etdikdən sonra, qarşında təvazökarlıq göstərdiyimiz halda bizə əzab edəsən!
"Heyhatə, Əntə əkrəmu min ən tuzəyyiə mən rəbbəytəhu, əv tubəidə mən ədnəytəhu, əv tuşərridə mən avəytəhu, əv tusəllimə iləl-bəlai mən kəfəytəhu və rəhimtəhu”
("Heyhat, inanmıram ki, məni Cəhənnəm oduna düçar edəsən. Çünki bu iş Səndən çox-çox uzaqdır. Sən bundan daha böyüksən ki, yaratdığını sıxıntıya salasan, yaxınlaşdırıb bu yaxınlıqdan faydalandırdığını uzaqlaşdırasan, sığınacaq verdiyini qovasan, təmin edib rəhm buyurduğunu bəlaya salasan.”
Allah-Taala insanı doğulduğu gündən dünyasını dəyişdiyi günədək iki istiqamətdə tərbiyələndirir: maddi və mənəvi.
Maddi tərbiyə insanın ixtiyarına verilmiş saysız-hesabsız nemətlərdən istifadə qaydalarını müəyyənləşdirir. "Yunus” surəsinin 31-ci ayəsində buyurulur: "De ki, sizə göydən və yerdən ruzi verən, qulaqlara və gözlərə sahib olan, ölüdən diri və diridən ölü çıxaran, işləri sahmana salan kimdir? Deyəcəklər ki, Allahdır. De ki, bəs Allahdan qorxmursunuz?”
İnsan öz orqanizminin bir üzvünün funksiyalarını dərk etməkdə acizdir. Məsələn, göz əsasən altı hissədən ibarətdir: göz kasası, göz kürəsi, xarici əzələlər, göz qapaqları, qapaq daxili, göz yaşı qurğusu. Göz kürəsi göz kasasının yalnız 1/5 hissəsini doldurur. Gözün hərəkətinə beyin kürələri nəzarət edir. Qapaqlar və kirpiklər gözü xarici təsirlərdən qoruyur. Burunla əlaqəli olan göz yaşı qurğusu gözü şəffaf və təmiz saxlayır. Göz kürəsi gözün xarakterik xüsusiyyətlərini, eləcə də rəngini təyin edən üç hissədən ibarətdir.
İnsan orqanizmində təqribən 15 milyard sinir hüceyrəsi iştirak edir. Bu mexanizmin ən primitiv nümunəsini yaratmaq üçün yüksək ixtisaslı elektronika mütəxəssisinə qırx min il vaxt lazımdır! İnsanı nütfədən, nütfəni torpaqdan yaradan Xaliq yenidən insanda nütfə vücuda gətirir. Toyuqdan yumurta, yumurtadan isə toyuq yaranır. Bu mürəkkəb proseslərə yalnız Allahın qadir olduğunu bilən insan hansı məntiqlə Ona şərik axtarır?!
İnsan əql, fitrət, vicdan, nübuvvət, imamət, ilahi kitablar kimi mənəvi tərbiyə vasitələri ilə həqiqi azadlıq qazanır. Bu azadlıq sayəsində Allahın razılığına müvəffəq olur.
Həzrət Əli (ə) duanın bu hissəsində ərz edir ki, maddi və mənəvi nemətlər vasitəsi ilə Allahın rübubiyyətini qəbul etmiş bəndənin Allah dərgahından qovulması çox uzaq bir fikirdir. Allah-Taala buyurur: "Məni çağırdınız - cavab verdim. Məndən istədiniz əta etdim. Müxalifət göstərdiniz - möhlət verdim. Məni tərk etdiniz - sizi qorudum. Günah etdiniz - üstünü örtdüm. Mənə arxa çevirsəniz - geri dönməyinizi gözlər və Mənə tərəf qayıtsanız, qəbul edərəm. Mən bağışlayanların bağışlayanı, kərimlərin kərimi, mehribanların mehribanıyam.”("Təfsire "Kəşful-əsrar”, 3-374.)
Əllamə Məclisi, Əli ibn İbrahim Qummidən belə rəvayət edir:
Qarun Musanı və onun peyğəmbərliyini inkar edib, zəkat verməkdən boyun qaçırdıqdan sonra Musa Allaha şikayət etdi. Allah-Taala buyurdu: "Göyləri və yeri sənin itaətinə qoydum, nə istəyirsən əmr et.”
Musa Qarunun qəsrinə üz tutdu. Qarun köməkçilərə göstəriş vermişdi ki, Musaya qapı açmasınlar. Musa qapıları bir işarə ilə açdığı zaman Qarun anladı ki, Musa Allahın əzabı ilə gəlib. Qarun dedi: "Ya Musa, aramızdakı yaxınlığa görə mənə rəhm et.” Musa torpağa Qarunu udmaq əmri verdi. Torpağa batan Qarun Musaya yalvararaq, tövbə edirdi. Amma Qarunun hərəkətləri Musanı çox incitmişdi.
Qarun həlak olduqdan sonra Allah-Taala Musaya buyurdu: "Ey Musa, onlar sənə çox yalvardılar, amma sən onlara rəhm etmədin. And olsun izzət və cəlalıma, əgər Məni çağırsaydılar, onlara rəhm edərdim!”
Nida oldu: Musa, yetmişcə dəfə Qarun əlin açdı sənin tərəfə. Bilirsənmi necə çəkdi iztirab, Bircə dəfə olsun vermədin cavab. İnan, çağırsaydı bir dəfə Məni, Çəkərdim yolundan qüssəni, qəmi. Yaratmış olsaydın əgər sən onu İstərdin əzabdan qurtulsun canı Yaxşıya yaxşılıq asandan asan, Bacar günahkara rəva qıl ehsan. Min günahdan sonra damla göz yaşı Əlbət ki, tərpətməz cansız bir daşı. Mənsə həmin damla göz yaşı üstə Qaldırram bəndəmi buludlar üstə. Güzəşt etməyənin nəyi var axı, Böyüklər bacarır bağışlamağı. |