VALIDEYNIN ÜZÜNƏ AĞ OLMUŞ GƏNC
"Təfsire-Nişaburi”də nəql olunur:
İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə zəkat ödəməyib? Dedilər ki, ödəyib. Həzrət (s): - "Bəlkə atasının üzünə ağ olub?” deyə maraqlandı. Yenə də "yox” dedilər. Nəhayət, Həzrət (s) belə bir sualla müraciət etdi: "Bəlkə anasının üzünə ağ olub?” Cavab verdilər ki, - "Bəli, anasının üzünə ağ olub.” Ananı dəvət edib oğlunu halal etməsini istədilər. Ana dedi: "Mən onu necə halal edə bilərəm ki, üzümə sillə vurub?!”
Həzrət Peyğəmbər (s) buyurdu: "Od gətirin.” Ana soruşdu ki, "Odu nə üçün istəyirsiniz?” Həzrət buyurdu ki, "Pis əməlinə görə onu yandıracağam.” Ana dedi: "Mən razı olmaram ki, onu yandırasınız. Onu doqquz ay bətnimdə gəzdirib, sonra iki il süd vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu oddan qurtarmaq üçün bağışlayıram.”
İnsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla!
Nəql edirlər ki, Xorasan ağalarından biri Yəzib ibn Mühəlləbdən borc almışdı. Yəzidin adamları borclunun vəkilini incidir, borcun ödənməsini tələb edirdilər. Bir gün həmin nümayəndəni Yəzidin yanına gətirirlər ki, möhlət istəsin. Bu gəliş yemək vaxtına düşür və nümayəndə də əyləşib təamlardan yeməyə başlayır.
Bunu görən Yəzid adamlarını çağırıb deyir: "Daha ondan pul tələb etməyin. Çünki süfrəmizdə çörək kəsdi. Bundan sonra ona əziyyət verməyimiz düz olmaz.”
Biz günahkar bəndələr Allahın süfrəsində çörək kəsmirikmi?!
Tarixçilər yazır:
Məşhur sərkərdə Mən ibn Zaidə 300 əsirin qətlinə fərman verir. Əsirlərin arasında olan, hələ büluğ həddinə çatmamış bir oğlan deyir: "Ey əmir, səni and verirəm Allaha, su içməmiş bizi qətlə yetirmə.” Əmir göstəriş verir ki, əsirlərə su paylansın. Oğlan suyu içib deyir: "Ey əmir, sənin süfrəndən istifadə edib, sənə qonaq olduq. Böyüklər qonağa hörmət göstərməyə layiqdirlər.” Mən deyir: "Düz deyirsən.” Sonra isə bütün əsirləri azad edir.
Bəli, Həzrət Əli (ə) buyurduğu kimi, Allahın süfrəsində qonaq olmuş bəndənin əzab görəcəyi ehtimal olunmur.
Kiçilmişik torpağadək, «Mən» bütümüz çilik-çilik. Kiçilməklə ucalmışıq, Məhəbbətdən kam almışıq. Sənsən səbrü-qərarımız, Yox dünya adlı yarımız. Göz açılır görür Səni, İnan, yox başqa həmdəmi. Günahımız olsa da çox Səcdəmizin qatqısı yox. Yoxsa da bir günah duyan Nəyimiz var Sənə əyan. Çıxsa da suçumuz dizə Öz qəmimiz yetər bizə. Qaradırsa da naməmiz. Göz yaşıdır nişanəmiz. Olarmı ki, sınıq könül Od içində qala zəlil? |
"Və ləytə şiri, ya Səyyidi və İlahi və Məvlayə, ətusəllitun-narə əla vucuhin xərrət liəzəmətikə sacidətən, və əla əlsunin nətəqət bitəvhidikə sadiqətən və bişukrikə madihətən və əla qulubinitərəfət biilahiyyətikə mühəqqiqətən və əla zəmairə həvət minəl-ilmi bikə hətta sarət xaşiətən və əla cəvarihə səət ila əvtani təəbbudikə taiətən və əşarət bistiğfarikə muzinətən, ma hakəzəz-zənnu bikə və la uxbirna bifəzlikə Ənkə ya Kərimu ya Rəbb.”
("Ey mənim Ağam, ey mənim Məbudum, ey mənim Mövlam! Ey kaş biləydim ki, əzəmətin qarşısında torpağa səcdə edən çöhrələri oda salacaqsan? Tovhidin və həmdin üçün sədaqətlə mədh oxuyan dilləri, İlahiyyətini etiraf edən qəlbləri, mərifətinin əhatə etdiyi və qarşında təvazökar olan batinləri, pərəstişgahlarına eşqlə tələsən və bağışlamağını axtaran əzaları odda yandıracaqsanmı? Xeyr, Sənin haqqında belə bir güman yoxdur. Fəzl və ehsanın haqqında belə bir xəbər verilməyib, ey Kərim, ey Pərvərdigar!”)
İbadətlər arasında ən əhatəli olan namazdır. Namaz vasitəsi ilə təvazökarlıq və mütilik izhar olunur, Allahın birliyi etiraf edilir, təşəkkür bildirilir. İnsanın iradəsinə tabe olaraq bütün əzalar Kəbə evinə peyğəmbər və imamların (ə) hərəminə tələsir. Məhz namaz yolu ilə mərifət əhli Allahı, özünü, yaranış hədəflərini tanıyır. Beləcə ilahi məzhərdə təvazö göstərir, gizlində və aşkarda Allahın birliyi təsdiq olunur, qəlb dili ilə nemətlərə şükür edilir, mərifət dolu könüllərlə müqəddəs məkanlar ziyarət olunur.
Mərifət əhli nə üçün Allaha nikbin olmamalıdır?! Hansı peyğəmbər, hansı kitab iman əhlinin cəzalandırılacağını xəbər verir?! Əksinə bütün mötəbər mənbələrdə təsdiq olunur ki, iman, saleh əməl, gözəl əxlaq sahibləri büdrəsələr də tövbə etdikləri üçün Cəhənnəm atəşi ilə cəzalandırılmayacaqlar.
İnsanı əzabdan qurtaracaq ibadət olan namazda ixlas üçün Allah dərgahına əl açaq!
Həzrət Peyğəmbər (s) buyurur: "Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz peyğəmbərlərin yoludur.”("Xisal”, 2-522) "Tərifi böyük olan Allah gözümün nurunu, qəlbimin sevincini namazda qərar verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan doymuram.”("Məkarimul-əxlaq”, 461.) "Elə ki, namaza durdun, qibləyə üz tutdun, "Fatihə” və müyəssər olan bir surə oxudun, rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və salam oxudun, səninlə qıldığın namaz arasında olan bütün günahlar növbəti namazadək bağışlanar.”("Əmaliye-Səduq”, 544.)
Həzrət Əli (ə) buyurur: "Namaz mərhəmət nazil edər.”("Ğürərül-hikəm”, 175.) "Namaz hər bir təqvalını Allaha yaxınlaşdırır.”("Xisal”, 2-620.)Sizə namaz və onun hifzini tapşırıram. Çünki namaz əməllərin üstünü və dinin sütunudur.”("Əmaliye-Tusi”, 522.) "Namazda olan insanın cismi, libası və bütün ətrafındakılar təsbih deyir.”("İləlüş-şəraye”, 2-336.) "Ey Kumeyl! Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı üçün və xuşu ilə yerinə yetirəsən.”("Tuhəful-uqul”, 174)
Doğrudan da, müəyyən həddə qədər iman, saleh əməl və əxlaqa malik olan şəxs, ömrünün axırınadək kamala doğru hərəkət etmək məqsədində olan mömin insan Allaha nikbin olmalı, Onun rəhmətinə bel bağlamalıdır. Bəndə Qiyamət əzabından qorxduğu vaxt ümidvar olmalıdır ki, Qiyamət səhnəsində onunla mərhəmətli davranılacaq, onun günahları bağışlanacaqdır.
Həzrət Əli (ə) buyurur: "Nikbinlik odur ki, Allah qarşısında öz səylərini xalis edəsən və büdrəmələrinin bağışlanacağına ümidvar olasan.”("Ğürərül-həkim”, 83.)
İmam Sadiq (ə) buyurur: "Allaha nikbinlik odur ki, yalnız Allaha ümid bağlayıb, yalnız öz günahlarından qorxasan.”("Kafi”, 2-72.)
İslam Peyğəmbəri (s) nikbinlik haqqında buyurur: "And olsun Ona ki, Ondan başqa məbud yoxdur. Mömin bəndə Allaha ümidsiz olmaz. Çünki Allah Kərimdir və bütün yaxşılıqlar Onun əlindədir. Allah Ona nikbin olan mömin bəndənin gümanına qarşı çıxmaqdan həya edər. Allaha nikbin olun, Ona doğru şövq göstərin.("Kafi”, 2-71.) "Heç biriniz Allaha nikbin olmadan dünyadan getməyin. Çünki Behiştin dəyəri Allaha nikbinlikdir.”("Əmaliye-Tusi”, 379.) "Allaha nikbinlik ibadətdir.”("Mizanul-hikmə”, 7-3400.)
"Və Əntə tələmu zəfi, ən qəlilin min bəlaid-dünya və uqubatiha, və ma yəcri fiha minəl-məkarihi əla əhliha, əla ənnə zalikə bəlaun və məkruhun qəlilun məksuhu, yəsirun bəqauhu, qəsirun muddətuhu, fəkəyfəhtimali libəlail axirəti, və cəlili vuquil məkarihi fiha, və huvə bəlaun tətulu muddətuhu və yədumu məqamuhu və la yuxəffəfu ən əhlihi liənnəhu la yəkunu illa ən ğəzəbikə vəntiqamikə və səxətikə və haza ma la təqumu ləhus-səmavatu vəl-ərzu, ya Səyyidi, fəkəyfə li və ənə əbdukəz-zəifuz-zəlilul həqirul miskinul mustəkin.”
("Sən dünyanın kiçik qəmləri və cəzaları qarşısındakı zəifliyimizdən, əhlinə ağır gələn işlərdən xəbərdarsan. Belə ki, bu qəm-qüssə və çətinliklər yüngül və ötəridir. Elə isə zamanca uzun, məkanca əbədi olan ağır axirət çətinlikləri qarşısında necə tab gətirəcəyəm?! Həmin çətinlik Sənin qəzəbin, intiqamın və narazılığından doğduğu üçün yüngülləşdirilməz. Bu, göylərin və yerin tab gətirmədiyi bir çətinlikdir. Ey mənim Ağam, zəif, zəlil, həqir, miskin, köməksiz bir bəndə olduğum halda mən necə dözüm?!”)
Həzrət Əli (ə) buyurur ki, dünya bəlası axirət bəlasından bir neçə cəhətdən fərqlənir:
Əvvəla tufan, zəlzələ və digər dünya bəlaları yüngül və ötəri, axirət bəlaları isə ağır və həmişəlikdir.
İkincisi, dünya bəlaları imtahan məqsədi də daşıya bilər. Axirət çətinlikləri isə itaətsizlik və günahlara görə cəzadan başqa bir şey deyil. "Ənfal” surəsinin 46-cı ayəsində oxuyuruq: "Səbir yolunu seçin, şübhəsiz, Allah səbir edənlərlədir.” Bəli, Qurani-Kərim dünya bəlalarına səbir edənləri böyük mükafatla müjdələyir.("Bəqərə”, 154-156.)
Həzrət Peyğəmbər (s) buyurur: "Səbir üçdür: müsibət zamanı səbir, itaətdə səbir və günah məqamında səbir.”("Kafi”, 2-91.) Lakin axirət bəlası imtahan xarakteri daşımır; o, əməlin cəzası olduğundan, burada səbir etmək təsəvvürolunmazdır və əgər bir kəs onun müqabilində səbir etsə də belə, bu səbrin heç bir savabı və əcri olmayacaqdır!
Bərzəx və Qiyamət əzabları
Qurani-Kərimdə xüsusi ilə onun son üç cüzvündə Bərzəx və Qiyamət əzabları təsvir olunur. Bu mövzu rəvayətlərdə də geniş şərh olunur. Həzrət Əli (ə) Allah düşmənləri haqqında buyurur: "Allahın düşməninə rəftar və görünüşcə çox çirkin, üfunət qoxuyan bir mələk yaxınlaşar. Mələk deyər: "Səni qaynar su və Cəhənnəmlə müjdələyirəm...”("Təfsire-Qummi”, 1-370.)
İmam Baqir (ə) buyurur: "Od əhli əzabın ağırlığından it və canavar kimi ulayar. Onlar üçün ölüm yoxdur, əzab yüngülləşmir, ac və susuzdurlar, gözləri zəifdir,çöhrələri qaradır...”("Əmaliye-Səduq”, 557.)
İmam Sadiq (ə) buyurur ki, bir gün Cəbrail çox narahat halda Həzrət Peyğəmbərə (s) nazil olur. Həzrət (s) bu qəmginliyin səbəbini soruşur. Cəbrail deyir: "Bu gün Allah-Taala od haqqında əmr verdi. Bu od min il yanıb qızarmış, min il yanıb ağarmış, daha min il yanıb qaralmış bir oddur. Bu qaranlıq maddə zülmətə bürünmüşdür. Bu oddakı zəncirdən bir halqası dünyaya düşsə, dünya əriyər. Onun zəqqumundan bir damlası yer sularına qatılsa, üfunətindən dünya əhli məhv olar...”("Təfsire-Qumi”, 2-81.)
Pərvərdigara! Bu ağır əzablar qarşısında mən zəif bəndənin halı necə olacaq?! İbadətim naqis, günahım çox olsa da Sənin, Peyğəmbər və imamlarının, nazil etdiyin kitabının aşiqiyəm. Bəndəlik və ibadətdən qaçası deyiləm, günahkarlığı peşə seçməmişəm. Bütün nöqsanlarımın səbəbi mərifətimin azlığı və iradəmin zəifliyidir. Məni günaha sövq edən şey nəfsin qələbəsidir. Kamil və xalis ibadət həvəsindəyəm, günahdan təmizlənmək arzusundayam. Şeytanın, tağutun, nəfsimin əlindən zara gəlmişəm. Vüsal həsrətindəyəm, məni bağışla, mənə əl tut, günahdan xilas et, ibadətə həvəsləndir, Behişt qapılarını üzümə aç!
"Ya İlahi və Rəbbi və Səyyidi və Məvlayə liəyyil umuri iləykə əşku və lima minha əziccu və əbki, liəlimil-əzabi və şiddətihi, əm litulil bəlai və muddətihi, fələin səyyərtəni lil-uqubati məə ədaikə və cəmətə bəyni və bəynə əhli bəlaikə və fərrəqtə bəyni və bəynə əhibbaikə və əvliyaikə fəhəbni ya İlahi, və Səyyidi, və Məvlayə və Rəbbi, səbərtu əla əzabikə fəkəyfə əsbiru əla firaqikə və həbni səbərtu əla hərri narikə fəkəyfə əsbiru əninnəzəri ila kəramətikə əm kəyfə əskunu finnari və rəcai əfvukə.”
("Ey Məbud, ey Pərvərdigar, ey Ağa, ey Mövla! Hansı müsibətimə görə dərgahına şikayət edim, hansı çətinliyimə görə nalə çəkim? Əzab və çətinliyinə ya bəlaların uzunluğuna görə? Məni düşmənlərinlə birlikdə əzaba düçar etsən, məni əzab əhlinə qoşsan, məni aşiqlərdən ayrı salsan nə edərəm?! Ey Məbud, ey Ağa, ey Mövla, ey Pərvərdigar! Tutaq ki, əzabına dözdüm, bəs ayrılığına necə səbir edim? Tutaq ki, yandırıcı atəşin qabağında dayandım, bəs kəramətinə göz yummağa necə tab gətirim? Hər zaman bağışlayacağına ümid etdiyim halda atəş içində necə durum?”)
Gəl dua əlini açıb göylərə Nalə çəkib rəhmət yağdıraq yerə. Günaha bulanmış qəlbin şəfası Nalədir, naləylə mümkün xilası. Gözlərindən qanlı yaşlar axıtsan, Dərdinin dəvası olacaq asan. Quru gözlə döymə hacat qapısın, Elə ağla, sanki qurulub yasın. Bilki yanan ürək olası elçi, Göz yaşıyla axtar şəfi bələdçi. Vasitə seç o pak olan hüzura, Çağır Əhli-beyti düşəndə dara. Əvvəlcə son qoyub günah, riyaya, İç vəhdət camından, çat o liqaya. |
Aşiqlər mövlası Əmirəl-möminin Əli (ə) duanın bu hissəsində bəla və çətinliklərdən dostun dərgahına şikayət edir:
Səndən başqa dərdlərimə kim dəva edə bilər?
Sənsən bütün müşküllərin həlli əlində olan.
Sənsən bir işarə ilə bütün dərdlərə şəfa verən.
Sənsən çətinlikləri, bəlaları aradan qaldıran.
Sənsən Həzrət Zəhranın göz yaşları içində üz tutub bu sözləri dediyi kəs: "Pərvərdigara! Səndən hidayət, təqva, iffət, ehtiyacsızlıq, razılığına uyğun əməl istəyirəm...”("Biharul-ənvar”, 87-338.)
Sənsən tövhid qəhrəmanı Həzrət İbrahimin (ə) Kəbə evini tikdikdən sonra oğlu İsmail ilə birlikdə bu dua ilə üz tutduğu kəs: "Ey Rəbbimiz! Hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et.”("Bəqərə 128.)
Sənsən 950 il əzab-əziyyətdən sonra Nuhun üz tutduğu və bütün düşmənləri böyük tufanda həlak edən kəs.
Sənsən Bədr döyüşündə düşməndən üç qat az olan möminləri Peyğəmbərin (s) duası ilə qələbəyə çatdıran.
Bu zülmətdən bir yol tapılsa əgər, Şəksiz, ətəyinə çatası əllər. Əlbət yetərsizdir mənim istəyim. Sənin istəyindir işdə köməyim. Kəsilməz ümidim bir an da olsun Ya rəhmətin ensin, ya qəlb ucalsın. Enən nura cismim qurban olası, Vüsal həsrətində nəfəs alası. Nurundan bir soraq yoxdursa hələ Rüsxət ver ki, bu can önünə gələ. O nur ensə torpaq çıxası təbdən, Qorxuram gəlişim olmaz ədəbdən. Layiq deyilsə də bu can liqaya, Ləyaqətçün razı min bir bəlaya. Bundan başqa arzu-diləyimiz yox, Qızıldan-gümüşdən köməyimiz yox. Həsrətdən uçunub bu can xonçası, Külək qopsa Sənə qanad açası. |
Sənsən bütün peyğəmbərlərə imamlara, möminlərə sığınacaq verib nəvaziş göstərən.
Kimdir qapından əliboş qayıdan? Kimdir istəyi yerinə yetirilməyən? Hansı tövbəkarın tövbəsi qəbul olunmayıb?!