XALQA XIDMƏT
Qüdsi hədislərdə möminə ehtiram Allaha ehtiram, möminə hörmətsizlik Allaha hörmətsizlik hesab olunur. İslam Peyğəmbəri (s) Cəbrailin (ə) nəqlinə əsasən, Allahın belə buyurduğunu bildirir: "Mənim dostuma pislik edən şəxs açıq-aşkar Mənimlə döyüşə qalxmışdır.”("Biharul-ənvar”, 67-16.)
Həzrət Peyğəmbər (s) buyurur: "Mömin qardaşının bir istəyini yerinə yetirən şəxs sanki ömür boyu Allaha bəndəliketmişdir.”("Əmaliye-Tusi”, 481.)
İmam Sadiq (ə) buyurur: "Hər kəs mömin qardaşının bir istəyini yerinə yetirsə Allah-Taala Qiyamət günü həmin şəxsin yüz min istəyini yerinə yetirər ki, bu istəklərin birincisi Behiştdir.”("Kafi”, 2-192.)"Elə ki, bir bəndə öz mömin qardaşının hacətini yerinə yetirmək üçün ayağa qalxdı, Allah onun üçün bir sağ, bir soldan iki mələk göndərər. Bu iki mələk bəndə üçün bağışlanma diləyər və onun istəklərinin qəbul olması üçün dua edərlər.”("Vəsailuş-şiə”, 16-359.)
İmam Baqir (ə) buyurur: "Həzrət Peyğəmbərdən (s) soruşdular ki, Allah yanında ən məhbub əməl hansıdır? "Allah yanında ən məhbub əməl müsəlmanı sevindirməkdir”-deyə Həzrət buyurdu. Soruşdular ki, müsəlmanı necə sevindirmək olar? Həzrət (s) buyurdu: "Acı doyurmaq, qüssəsini aradan aparmaq, borcunu ödəmək.”("Mizanul-hikmət”, 2-952.)
İmam Sadiq Allah-Taalanın belə buyurduğunu nəql edir:
"İnsanlar Mənim ailəm, süfrəmdən yeyənlərdir. Mənə onların ən əzizi, onlara mehriban olanlar və onların istəklərini yerinə yetirmək üçün çalışanlardır.”("Kafi”, 2-199.)
Həzrət Əli (ə) Allaha xidmət üçün güc istədikdən sonra bu xidmət üçün qəlb möhkəmliyi tələb edir.
Böyük filosof, "əl-Mizan” təfsirinin müəllifi mərhum Əllamə Təbatəbai yəqinə belə tərif verir: "Yəqin heç bir səhv və şübhənin yol tapmadığı bilikdir.”
Yəqin üçün üç dərəcə müəyyənləşdirilmişdir: elmül-yəqin, eynəl-yəqin və həqqül-yəqin. Bu dərəcələri sadə bir misalla aydınlaşdıraq. Divar başından tüstünü görən adamda odun varlığına olan əminlik elmül-yəqindir. Odu gözlə görən adamın əminliyi eynəl-yəqin, odda yanan adamın əminliyi isə həqqül-yəqindir.
Həzrəti Peyğəmbər (s) buyurur: "Yəqin əhlinin altı xüsusiyyəti var: Allaha həqqül-yəqin yəqinlikləri var və belə bir yəqinliklə imana malikdirlər; ölümü haqq bilir və onun nəticələrindən həzər qılırlar; ölümdən sonra diriləcəklərinə yəqinlikləri var, ona görə də Qiyamət rüsvayçılığından qorxurlar; Behiştin haqq olduğuna inanır və ona can atırlar; Cəhənnəmin varlığına əminlikləri var, ona görə də qurtuluşa çalışırlar; hesaba əmin olduqlarından həmin hesabdan qabaq özlərini hesaba çəkirlər.”("Tuhəful-uqul”, 20.)
Yəqinin bu üç dərəcəsinə Quran ayələri və Əhli-beyt rəvayətləri vasitəsi ilə çatmaq olar. Bu iki mənbə vasitəsi ilə yəqinə çatmayan kəs heç nəyin vasitəsi ilə yəqinə çata bilməz.
Quran vasitəsi ilə yəqinə belə çatmaq olar: əvvəlcə ayələrə diqqət etməklə onların həqiqətən ilahi vəhy olmasına əmin olmaq. "Bəqərə” surəsinin 23-cü ayəsində buyurulur: "Əgər şəkkiniz varsa, siz də ona bənzər bir ayə gətirin.” "İsra” surəsinin 88-ci ayəsində oxuyuruq: "De ki, əgər insanlar və cinlər bir yerə yığışıb Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.”
Bu iki ayəyə yetərincə diqqət etdikdə insan Quranın Allah vəhyi olduğuna əmin olur. Əhli-beyt (ə) maarifi Quranın izahı, təfsiridir. Eyni yolla bu maarifə yəqinlik tapıb, yəqin əhli zümrəsinə daxil olmaq mümkündür.
"Allahummə və mən əradəni bisuin fə əridhu, və mən kadəni fəkidhu, vəcəlni min əhsəni əbidikə nəsibən indəkə və əqrəbihim mənzilətən minkə və əxəssihim zulfətən lədəykə fəinnəhu la yunalu zalikə illa bifəzlikə və cudli bicudikə vətif ələyyə biməcdikə vəhfəzni birəhmətikə”
("Pərvərdigara, mənim barəmdə pis düşünən haqqında Sən düşün, mənə hiylə qurana Sən özün cavab ver, məni Sənin yanında payı olan ən üstün, Sənə məqamca ən yaxın, hüzuruna yaxınlıqda xüsusi olan bəndələrindən qərar ver. Şübhəsiz ki, bütün bunlar yalnız Sənin fəzlinlə əldə oluna bilər. Pərvərdigara, Öz səxavətinlə məni bağışla, Öz böyüklüyünlə mənə nəzər sal, Öz rəhmətinlə məni hifz et.”)
İnsana pislik istəyən düşmənlər şeytan, nəfs həvəsi və ləyaqətsiz yoldaşdır. Onlar hər biri insanla hiylə ilə rəftar edir. Bu düşmənlər o qədər qüdrətlidirlər ki, Həzrət Əli (ə) onları məğlub etmək üçün Allahdan yardım istəyir.
Allah yanında məqama çatanlardan olmaq istəyən insan yəqinə ixlasa, əxlaqa, təqvaya can atmalıdır. "Hucurat” surəsinin 13-cü ayəsində buyurulur: "Şübhəsiz ki, Allah yanında sizin ən əziziniz ən təqvalı olanınızdır.”
İnsan səadətinin əsası olan təqva üçün üç mərhələ zikr olunmuşdur: ümumi, xüsusi və ən xüsusi. Ümumi təqva vacibləri yerinə yetirmək və haramları tərk etməkdir. Xüsusi təqva sahibləri məkruhlardan (bəyənilməyən şeylərdən), bəzən isə mübahlardan da çəkinir. Ən xüsusi təqva isə Allahı unutduran hər şeydən çəkinməkdir.
Xacə Nizamülmülk və təqvalı kişi
Xacənin həyatından danışan tarix kitablarında rəvayət olunur ki, bir gün o, təqvalı bir kişi ilə rastlaşır. Xacə deyir: "Sən ehtiyaclı, mən isə varlıyam. Məndən bir şey istə.” Kişi deyir: "Mən Allahdan Onun Özündən başqa bir şey istəmərəm. Çünki Allahdan başqa bir şey istəmək layiq deyil. Belə olan halda səndən nə istəyim?!” Xacə deyir: "Sən məndən bir şey istəmədin, icazə ver mən səndən bir şey istəyim. Allahı yad etdiyin vaxt məni də xatırlayasan.” Kişi deyir: "Mən Allahı yad edəndə özümü unuduramsa, səni necə yada salım?!”
Əxlaqlı xəlq olunub, hamı ilə əxlaqlı rəftar edənlər, həqiqətən, ilahi əxlaq cilvəsidirlər.
Rəvayət edirlər ki, bir gün Əhmədin evinə girmiş oğru dəyərli bir şey tapmayıb evdən çıxmaq istəyir. Onu gizlindən müşahidə edən Əhməd deyir: - "Sənin əliboş getməyinə razı deyiləm. Quyudan su çək, tövbə qüslü ver, dəstəmaz al, namaz qıl, bəlkə əlinə bir şey gəldi.” Oğru özündən ixtiyarsız Şeyxin əmrinə tabe olur. Hava işıqlanar-işıqlanmaz qapı döyülür, bir varlı şəxsin xidmətçisi Şeyxə yüz əşrəfi hədiyyə gətirir. Şeyx yüz əşrəfini oğruya verib deyir: - "Bu sənin bir gecə ixlaslı ibadətinin zahiri mükafatıdır.” Oğru bu işlərdən təsirlənib birdəfəlik doğru yola qədəm qoyur.
Yıxıldı torpağa, keçdi adından, Tövbəylə qurtuldu günah odundan. Ərz elədi Şeyxə "dönmüşəm daha”, Çətin bir də yolum düşə günaha. Bu günkü sevgini yaşayan andan Ötən günlər üçün könül pərişan. Nə yaxşı ki, səcdə oldu qismətim, Pərdə altda qaldı çox cinayətim. Gecə-gündüz gedəm məşuqa doğru Çətin ki, ruhumda duyula ağrı. Səadət axtarsan iki dünyada Sal gerçək məbudu hər zaman yada. |
"Vəcəl lisani bizikrikə ləhicən, və qəlbi bihubbikə mutəyyəmən, və munnə ələyyə bihusni icabətikə və əqilni əsrəti, vəğfir zəlləti, fəinnəkə qəzəytə əla ibadikə biibadətikə və əmərtəhum biduaikə və zəmintə ləhumul-icabətə fəiləykə ya Rəbbi nəsəbtu vəchi, və iləykə ya Rəbbi mədədtu yədi, fəbiizzətikəstəcib li duai, və bəlliğni munayə və la təqtə min fəzlikə rəcai, vəkfini şərrəl-cinni vəl-insi min ədai”
("Pərvərdigara! Dilimi zikrinlə danışdır, qəlbimi məhəbbətinlə doldur, mənə dualarımın qəbulu ilə minnət qoy, büdrəmələrimə göz yum, günahlarımı bağışla. Çünki Sən bəndələrinə ibadəti əmr etmiş, duaya çağırmış, duaların qəbuluna zəmanət vermisən. Ey Rəbbim, üzümü yalnız Sənə tutdum, ehtiyac əlimi yalnız Sənə uzatdım, Səni izzətinə and verirəm, duamı qəbul et, məni arzuma çatdır, ehsanından ümidimi kəsmə cin və insanlardan olan düşmənlərimin şərrini sona çatdır.”)
Allahın insana əta etdiyi böyük nemətlərdən biri də dildir. Dilin savabları böyük olduğu kimi, günahları da böyük və ağırdır. Ariflər deyirlər: "Dilin çəkisi az, günahı isə ağırdır.”
Böyük mühəddis Molla Möhsün Feyz Kaşani "Məhəccətül-bəyza” kitabında buyurur: "Dil iyirmiyə yaxın böyük günaha qadirdir: qeybət, böhtan, sözgəzdirmə istehza, şayiə yayma, yalan, söyüş, təhqir və s.”(6-190).
Qurani-Kərimdə dilə yalnız on növ söz danışmağa icazə verilmişdir. Bu çərçivədən çıxan insan şeytana bəndə olur:
1. "Həsən” danışıq, yəni xalqla xoş danışıq.("Bəqərə”, 23.)
2. "Əhsən” danışıq, yəni insanları Allah tərəfə dəvət.("Fussilət”, 33.)
3. "Ədl” danışıq, yəni məhkəmədə doğru şəhadət.("Ənam”, 152.)
4. "Sidq” danışıq, yəni cəmiyyətdə möminlərin xeyrinə və düz danışıq.("Şüəra”, 84.)
5. "Kərim” danışıq, yəni ata-ana ilə xoş danışıq.("İsra”, 23.)
6. "Ləyyin” danışıq, yəni insanları yaxşıya əmr edib, pisdən çəkindirən vaxt mülayim danışıq.("Taha”, 43.)
7. "İman” danışıq, yəni Allahın birliyi və peyğəmbərliyin iqrarı.("Bəqərə”, 136.)
8. "Sədid” danışıq, yəni hər zaman savab danışıq.("Nisa”, 9)
9. "Məruf” danışıq, yəni yetimlər və ailəyə nəvaziş.("Nisa”, 5.)
10. "Bəliğ” danışıq, yəni nəsihətli, natiq danışıq.("Nisa”, 63.)
Bu çərçivəni gözləyən insanın mükafatı yalnız Allaha bəllidir. Biz yalnız əhsən «danışıq» haqqında söhbət edəcəyik. Həzrəti Peyğəmbər (s) Həzrət Əlini (ə) Yəmən camaatının hidayəti üçün göndərdiyi vaxt ona buyurur: "Ya Əli (ə)! Bir şəxsi haqqa dəvət etməyincə onunla vuruşma.”
Namaz qılmaq, Quran qiraət etmək, Əhli-beyt dualarını onların şərtlərinə əməl etməklə oxumaq, deyilən on şərt daxilində danışmaq Allahın zikrləridir.
Mərhum Kuleyni "Rövzeyi-Kafi” kitabında İmam Sadiqdən (ə) belə rəvayət edir:
Bir abid öz ibadəti ilə İblisin qəddini qırmışdı. İblis şeytanları toplayıb abidi yoldan çıxarmaq üçün onlarla məsləhətləşdi. Şeytanlardan biri abidi namazdan uzaqlaşdırmağa söz verdi.
Həmin şeytan abidin sovməəsinə gəlib aramsız ibadətə başladı. Fürsət düşən kimi abid ondan bu möminliyin səbəbini soruşdu. Şeytan dedi: "Mən günaha yol verdiyim üçün bu günahın qorxusundan ibadətdən yorulmuram.” Şeytandan məsləhət alan abid daha yaxşı ibadət etmək üçün sadəlövhcəsinə günah etmək qərarına gəldi.
Günahkarlığı ilə tanınmış qadın abidi günahkarlar məhəlləsində görüb onun şeytana aldandığını anladı. Ona yaxınlaşıb dedi: "Ey abid! Qayıt səni bura göndərənin yanına. Əgər tapmasan, bil ki, şeytandır.”
Abid geri qayıdıb öz günah məsləhətçisini tapa bilmədi. Onu günahdan çəkindirmiş qadına dua etdi. Günahkar qadın həmin gecə dünyasını dəyişdi. Allah-Taala o dövrün peyğəmbərlərinə belə vəhy etdi: "Camaatla birgə o qadını dəfn et. Mənim bir bəndəmi hidayət etdiyi üçün onun bütün günahlarını bağışladım.”
Haqdan işıq düşdü, yola düzəldik, Düzü göstərdilər, əyrini bildik. Sovməələr gəzdik haqq sorağında, Könül şərdən qopdu pir işığında. Gəzdik qapı-qapı bilik şəhərin, Ayıldıq mehində erkən səhərin. Ətirli güllərin səfasın görüb, Hər eşq ağacından bir meyvə dərib, Nəhayət ki, çatdıq vüsal çağına, Girdik mərifətin eşq otağına. Tövhid şərbətindən içib ayıldıq, Hüzurunu görən anda bayıldıq. Saflığın sevgisi diriltdi ruhu, Tanıdıq qüdrətli, şəriksiz şahı. |
Duanın qəbulu üçün zəmanət
"Bəqərə” surəsinin 186-cı ayəsində oxuyuruq: "Bəndələrim Məni səndən soruşduqda söylə ki, onların duasını qəbul etməyə yaxınam.” "Ğafir” surəsinin 60-cı ayəsində isə belə buyurulur: "Mənə dua edin, dualarınızı qəbul edim.”
Amma unutmaq olmaz ki, bu zəmanət heç də bütün dualara aid deyildir. Yalnız o duaların qəbuluna zəmanət verilir ki, bu dualarda zəruri şərtlərə əməl edilsin.
Biri dua edə bilər ki, "Pərvərdigara, dünyanın bütün sərvətini mənə ver, ömrümü Qiyamət gününədək uzat, məni Yusifdən gözəl, Davuddan xoşavaz, Həzrət Əlidən (ə) şücaətli et”. Yaranış qanunlarına uyğun gəlməyən bu məntiqsiz duaların qəbuluna zəmanət mümkün deyil. Həqiqət aşiqlərinin isə həm özləri, həm də duaları ölçü-biçilidir. Mərifətli insan duası qəbul olmadıqda bunu Allahın məsləhəti bilir və qətiyyən üzülmür.
Rəvayətlərdə nəql olunur ki, dua peyğəmbərlərin və möminlərin silahıdır. Dua insanı labüd çətinliklərdən qurtarır, sağalmaz xəstəlikləri sağaldır.
Əhli-beyt rəvayətlərində duanın qəbulu üçün bir sıra şərtlər bəyan edilir: ixlas, hər şeyin Allahdan asılı olmasına yəqinlik, vacib əmrlərə itaət, pak qəlb, düz danışan dil, halal ruzi, xalqın haqqını ödəmə qəlbin iştirakı, qəlbdə həyəcan, "bismillahir-rəhmanir-rəhim”lə başlamaq, Peyğəmbər (s) və Əhli-beytə (ə) salavat göndərmək, günahların etirafı, ah-nalə üzü torpağa qoymaq, iki rəkət namaz, duanın qəbul olacağına ümid, özündən əvvəl başqalarına dua, boş şeylər istəməmək, cəm halda dua, gizlində dua.
Mötəbər bir rəvayətdə Cabir Cöfi Həzrəti Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir:
Üç müsafir bir dağın ətəyindən keçərkən, dağdakı mağaraya girib ibadətə başladı. Dağdan uçan qaya parçası mağaranın ağzına düşüb yolu bağladı. Müsafirlər anladılar ki, bu çətinlikdən qurtulmağın yeganə yolu duadır.
Birinci müsafir deyir: "Pərvərdigara, Sən şahidsən ki, mən Cəhənnəm odu qorxusundan gözəl bir qadından imtina etdim. Buna xatir bizə bir qurtuluş ver.”
İkinci müsafir deyir: "Pərvərdigara, yarım dirhəmə razılaşıb əkin sahəmdə işləyən fəhlə işin sonunda bir dirhəm tələb edib, imtina etdiyim üçün çıxıb getdi. Mən həmin yarım dirhəmi ayrıca bir torpaqda əkinə verdim. Uzun müddət sonra bu yarım dirhəm artıb 17 min dirhəm oldu. Bir gün həmin şəxs gəlib keçmişdə imtina etdiyi yarım dirhəmi istədi. Mən yalnız Sənin razılığından ötəri həmin 17 min dirhəmi ona verdim. Buna xatir bizi bəladan qurtar.
Üçüncü müsafir dedi: "Pərvərdigara, atam və anama süd apardığım vaxt onların yatdığını görüb, oyanmalarını gözlədim. Hətta əlimdəki qabı yerə qoymadım ki, qabın səsinə oyanarlar. Mən o əziyyətə Sənə xatir dözdüm. Buna xatir bizə nicat ver, ya Rəbb!”
Bu dualardan sonra qapını tutmuş daş parçalandı, müsafirlər mağaradan çıxdılar.("Nurus-səqələyn”, 3-249.)
Bəni-İsrail yeddi il qıtlığa düçar oldu. Yetmiş min nəfərlə səhraya çıxıb yağış üçün dua etdilər. Allah-Taala Musaya belə xitab etdi: "Onların duasını necə qəbul edim ki, günahları başlarının üstünə kölgə salıb. Məni çağırdıqları halda yəqinlikləri yoxdur. Qoy Mənim bəndəm Bürxdən istəsinlər ki, o dua etsin. Əgər o dua etsə qəbul edərəm.”
Musa deyilən şəxsi çox axtardı. Nəhayət, alnında səcdə əlaməti olan bir qara qul tapdı. Salam verib adını soruşdu. Məlum oldu ki, bu, həmin şəxsdir. Musa əhvalatı danışıb ondan yağış üçün dua istədi. Bürx səhraya çıxıb Allaha müraciətlə belə ərz etdi: "Bəndələrini yağışdan məhrum etmək Sənin şəninə sığmır, Səndə xəsislik görmədik. Necə olar ki, lütf nəzərin azalsın? Yoxsa küləklər itaətdən çıxıb, xəzinələrin tükənib? Bəlkə günahkar bəndələrə qəzəbin artıb? Bağışlayan, rəhm edən Sən deyilsənmi?!” Bürx yalnız yağış başlayandan sonra yerindən tərpəndi.("Ənisül-ləyl”, 453.)
İmam Səccadın (ə) qulunun duası
Əbdülməlik Mərvan Mədinəyə nümayəndə göndərib rəbbani alim Səid ibn Müsəyyibin qızına elçi düşdü. Alim gələndə bildirdi ki, mənim padşaha veriləsi qızım yoxdur.
Bir az keçmiş cənab Səid qızını həyat yoldaşını itirmiş və dünya malından cəmi iki dirhəmi olan tələbəsinə ərə verir.
Həmin tələbə deyir: "Bu böyük insan qırx il idi ki, kimsənin evinə getməmişdi. Amma bir gün qapımı döyüb qızını mənə təhvil verdi. Qızdan soruşdum ki, cehizin nədir? Cavab verdi ki, Quranı əzbər bilirəm. Soruşdum ki, mehriyyən nə olsun? Dedi: "Bir hədis bəsdir.” Bir hədis oxudum: "Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
Mərhum alim Səid deyir: "Bir vaxt Mədinə quraqlıq oldu. Camaat yağış üçün namaza dursa da, onlarda belə bir ləyaqət görmürdüm. Amma bir qara qul üzünü torpağa qoyub, o qədər ağladı ki, yetərincə yağış yağdı. Onun ardınca düşüb kimliyini bilmək istədim. İmam Səccadın (ə) evinə daxil oldu. Mən də evə daxil olub İmamla (ə) salamlaşdım və həmin qulu görmək istədim. İmam (ə) qulu çağırıb ona bildirdi ki, səni Səidə bağışladım. Qul ağlamağa başladı və yalvardı ki, onu İmamdan (ə) ayırmayım. Mən sağollaşıb getdim. Bir az keçmiş İmam Səccad (ə) adam göndərib məni həmin qulun dəfninə dəvət etdi. Sonradan bildim ki, mən gedəndən sonra səcdəyə düşüb Allahdan görüş istəyib!”
Ey könül qüssəsi, qüssə dəvası, Ey sevgili canan, canın səfası. Dərd aşdı həddini, göndər məlhəmin, Bu dərdin dəvası əlində sənin. Bircə Sənsən salan bu qulu yada, İllərdir bu könül bələnib oda. Yanıram eşqində başdan ayağa, Möhtacam lütfünə o nur dayağa. Gizləyə bilmirəm bu dərdi inan, Göz yaşımı görən dağ da pərişan. |
Həzrət İmam Hüseyn (ə) duası
İbn Şəhr Aşub "Mənaqib” kitabında Şeyx Tusinin "Təhzib” kitabından belə bir əhvalat nəql edir:
«Bir qadın Allah evinin təvafına, yəni Kəbənin başına dolanmaqla məşğul idi. Onunla yanaşı bir kişi də təvaf edirdi. Kişi pis niyyətlə qadına əl vurdu və birdən əli onun bədəninə yapaşdı. Kəbə məmurları onu tutub fəqihin yanına gətirdilər. Fəqih qərar çıxardı ki, onları ayırmaq üçün kişinin əli kəsilsin. Bu işdən xəbər tutan Həzrət İmam Hüseyn (ə) dua etdi və kişinin əli qadından ayrıldı.»
Abdullah ibn Tahir hökuməti zamanı karvan yolları çox qorxulu idi. Xəlifənin yollarda qoyduğu nəzarətçilərin bir dəfə tutduqları on quldurdan biri gecə yarı qaçır. Xəlifənin qəzəbindən qorxan zindan rəisi günahsız bir həllacı (pambıq təmizləyən) tutub quldurlara qoşur ki, say düz olsun.
Bir gecə məmurlar zindana gəlib iki nəfəri dar ağacından asmaq üçün aparırlar. Həllac öz-özünə deyir: "Ailəm elə bilir ki, mən hardasa ruzi qazanıram. Halbuki, bir zalım məni oğrularla birgə zindana salıb.” Sonra həllac iki rəkət namaz qılıb duaya başlayır.
Abdullah ibn Tahir yuxu görüb dörd dəfə çarpayıdan yerə yıxılır. Qalxıb dəstəmaz alır, iki rəkət namaz qılıb yenidən yatır. Bu dəfə yuxuda görür ki, dörd qara ilan ona hücum edir. Oyanıb xidmətçiləri çağırır. Əmr edir ki, ətrafda nalə çəkərək Allaha üz tutmuş məzlumu tapsınlar. Xidmətçilər çox yeri gəzib, nəhayət, zindanda Həllacı dua edən halda tapırlar. Onu əmirin yanına gətirirlər. Məsələ aydınlaşandan sonra əmir Həllaca on min dinar verib deyir: "Məni halal et, bu hədiyyəni qəbul et, nə vaxt ehtiyacın olsa mənə de.” Həllac deyir: "İki istəyini qəbul edirəm. Amma üçüncü istəyin məqbul deyil. Çünki məni sənin zülmündən qurtaran kəsi qoyub sənə üz tuta bilmərəm.”
Rəvayət olunur ki, Həzrəti Peyğəmbər (s) ölüm ayağında olan bir şəxsdən soruşdu: "Halın necədir?” Şəxs dedi: "Günahlarımdan qorxuram, Allahın rəhmətinə ümid edirəm.” Həzrət (s) buyurdu: "Allah bir insanı qorxduğundan amanda saxlayıb ümid etdiyini əta etməsə bu iki məna onun qəlbində cəm olmaz.”
Pərvərdigara! Arzularım yersiz, ümidlərim dəlilsiz deyil. Günahlarıma görə qorxsam da, bütün vücudumla Sənə ümidvaram. "Kumeyl” duası ilə hüzuruna gəlişim Sənin mərhəmətin sayəsində mümkün olub. Mən əminəm ki, Sənin dərgahından kimsə əliboş qayıtmaz. Sən Hürr ibn Yəzidi, Fironun arvadı Asyanı, Fuzeyl Əyyazı və minlərlə başqalarını öz mərhəmətinə qərq edən Allahsan!
İmam Sadiq (ə) buyurur: "Kufə əhli Həzrət Əli (ə)-ın yanına gəlib quraqlıqdan şikayətləndilər və Həzrətdən yağış üçün dua istədilər. Həzrət (ə) İmam Hüseynə (ə) buyurdu: "Allahdan yağış istə.” İmam Hüseyn (ə) Allaha həmd-səna oxuyub Peyğəmbərə (s) salavat göndərdi və belə dua etdi: "Ey xeyir-bərəkət göndərən, bizə əzəmətinlə ölü torpaqları dirildən, firavan, bəndələrini zəiflikdən qurtaran yağış göndər. Amin ya Rəbbəl-Aləmin.” Dua bitən kimi yağış başladı.”("Biharul-ənvar”, 44-187. )
Dağ ətəyindən keçən bir cavanın quşa atdığı ox yaxınlıqdakı bağ sahibinin oğlunun sinəsinə sancılıb onu öldürdü. Bu hadisəyə görə bir çox günahsız adamlar həbs edildi. Bu işdən narahat olan cavan, oğlunu itirmiş atanın yanına gəlib qatil olduğunu etiraf etdi. Ata soruşdu ki, səni bu etirafa nə vadar etdi? Oğlan dedi: - "Sənin bağışlayacağına ümid etdim.” Kişi oğlunun qatilini əfv etdi.
Ondan başqasına bəndəlik acı, Bir Odur həyatın sultanlıq tacı. Hicranında qalmaq ağır bir əzab, Hələ bir aşiq də gətirməmiş tab. Amma hicran olsa baldan da şirin, Əlbət, çətin verə vüsalın yerin Nə yaxşı ölüm var, öndə görüş var. Axır ki, zülmətdən nura giriş var. Ömürdən nə qalıb zənn etməz ağıl, Bu günün şərrindən tələs tövbə qıl. Qiymətlidir nəfəs səcdə anında, Yaşama bağa tək bir öz qınında. Əlbət, kömək gərək qından çıxmağa, Bir getsən on gələr, inan, qabağa. |
"Ya səriər-riza, iğfir limən la yəmliku illəd-duaə fəinnəkə fəalun lima təşa, ya mən ismuhu dəvaun, və zikruhu şəfaun, və taətuhu ğina, irhəm mən rəsu malihir-rəcau, və silahuhul-bukau, ya sabiğən-niəmi, ya dafiən-niqəmi, ya nurəl-mustəvhişinə fiz-zuləmi, ya alimən la yuəlləmu səlli əla Muhəmmədin və ali Muhəmməd, vəfəl bi ma Əntə əhluhu və səlləllahu əla rəsulihi vəl-əimmətil-məyamini min alihi və səlləmə təslimən kəsira.”
("Ey bəndəsindən tez razı olan! İxtiyarında duadan başqa bir şey olmayan kəsi bağışla. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvə rəhm et o kəsə ki, sərmayəsi ümid, silahı göz yaşıdır! Ey nemətləri kamil və firavan olan, ey bəla və çətinlikləri aradan qaldıran, ey qaranlıqda qorxuya düşənlərin nuru, ey oxumamış alim, Məhəmməd və ali-Məhəmmədə salam göndər, mənimlə Özünə layiq rəftar et. Allahın firavan salamı olsun peyğəmbərinə və onun ailəsindən olan pak imamlara.”)