MƏHƏBBƏT NƏZƏRİYYƏSİNİN TƏNQİDİ
Bu nəzəriyyə əlli faiz düz olsa da, əlli faiz səhv sayılır. Bu nəzəriyyənin nöqsanlarından bir neçəsini oxuculara təqdim edirik:
1. Bunların «dünyada yalnız bir yaxşılıq mövcuddur və o da başqalarını sevməkdir» ifadəsi heç də həqiqətlə uyğun gəlmir. Çünki dünyada bundan başqa bir çox ayrı yaxşılıqlar da mövcuddur.
2. Məhəbbət və insansevərliyin mahiyyəti və onun dərəcələri aydınlaşmalıdır. Çünki, bu məsələdə əgər hədd-hüdudu bilməsək, insansevərlik əvəzinə insan düşmənçiliyi meydana gəlmiş olar.
İslam alimlərinin dilincə desək, insanları onların insanlığına görə sevmək lazımdır. Yəni, hər hansı bir şəxs öz insani dəyər və qiymətinə görə sevilməlidir. Burada artıq Musa Cümbə və Lumumba arasında olan fərqlər aydınlaşır və görürük onlardan biri insani dəyərlərdən faydalanmış, o birisi isə nəinki bunlardan faydalanmamış, əksinə özünü heyvandan da aşağı səviyyəli bir varlığa çevirmişdir.
Hər bir şəxsi bioloji cəhətdən insan olduğuna görə deyil, insanlığına görə sevmək lazımdır.
Deməli bütün dinlərdə ümumi qanun şəklində deyilib:
«Əhbib linnasi ma tuhibbu linəfsikə və əkrəh ləhum ma təkrəhu linəfsikə».
Yəni, «özün üçün istədiyini başqaları üçün də istə və özün üçün xoşlamadığını başqaları üçün də rəva bilmə».
Bu kəlamı yuxarıda dediyimiz kimi təfsir etmək olar.
Bəziləri məhəbbəti uşaqcasına təfsir edərək deyirlər: «Kimsənin bütə pərəstiş etdiyini görürsənsə, onunla işin olmasın! Ancaq və ancaq ona məhəbbət göstər. Çünki bir söz desən acığına gələr. Onu bu işdən çəkindirməyə can atma! Çünki bu onunla düşmənçilik etmək deməkdir».
Sizcə bu söz düzgündürmü? Gözümüzün qabağında bütə pərəstiş etsinlər, biz də narahatçılıq yaratmamaq fikri ilə onları bu açıq-aşkar zəlalətdən çəkindirməyək. Məlum məsələdir ki, bu yanlış bir məntiqdir və heç bir insani meyarlarla düz gəlmir. Biz nəyin bahasına olursa-olsun onları ayıltmalı və həqiqəti başa salmalıyıq.
Məhəbbət və insansevərlik nəzəriyyəsinə etdiyimiz bu tənqidlərə əsasən aydın olur ki, məhəbbət insanlıq meyarı deyil, əksinə onun şərtlərindən biridir. Belə ki, insanlığa yetişmiş şəxslər vahid bir bədəni təşkil etdiklərinə görə bir-birlərini sevməlidirlər.
AĞIL VƏ HİKMƏTİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ
Ariflərin nəzərincə, insanlıq ayrı-ayrı şəxslərin həqiqəti nə dərəcədə başa düşməkləri ilə ölçülür. Bunların nəzərincə həqiqəti başa düşməyən insan naqis sayılır. Hər bir şəxsin insanlıq və əsil istedadı, həqiqəti tanımaq və ona yetişməkdədir. Ariflər bu sözü həqiqət, həkimlər isə hikmət kimi təbir edirlər.
Görəsən hikmət bu gün elm adlandırdığımız həmin ifadəni daşıyırmı? Xeyr! Hikmətin mənası bütün varlıqları ümumi şəkildə düzgün dərk etmək deməkdir. Bu da elmlə fərqli olan bir məfhumdur. Misal olaraq, əgər kimsə Tehran şəhəri barəsində bir şey öyrənmək istəsə, iki cür məlumat əldə edə bilər: birincisi külli və ümumi, amma eyni zamanda səthi. İkincisi cüzi və məhdud, amma tam aydın və müəyyən. Yəni, bəzən Tehran haqqında olan məlumat, şəhərin ümumi xəritəsini çəkə bilən mühəndisin məlumatı kimidir və bəzən də bu böyük şəhərdən külli məlumatı olmayan, amma öz məhəlləsini bütün xırdalıqlarına kimi tanıyan bir şəxsin məlumatı kimidir. Şəhərdən ümumi məlumatı olan şəxs, məhəllələrdən və müəyyən bir məhəllənin sakini də şəhərin ümumi vəziyyətindən xəbərsizdir. Varlıqları külli surətdə mütaliə edib onu başdan-ayağa öyrənən şəxsə həkim və ya filosof deyilir. Həmçinin həkim bütün varlıqlar haqqında külli bir qanun çıxarır. Həmin bu şəxs ola bilər daş, bitki, heyvan, yer və günəş haqqında kifayət qədər məlumatı olmasın. Filosofların nəzərincə aləm və varlıqlar haqqında olan külli elmə hikmət deyilir. Hətta bu məlumat elə bir dərəcəyə çata bilər ki, aləm və varlıqlar külli surətdə həkim insanın zehnində canlansın.
«İnsan elmdə elə bir dərəcəyə çatır ki, onun zehnində canlandırdığı aləm, xaricdəki həqiqi aləm ilə düzgün tətbiq olunur. Bu cür şəxslərə həkim deyilir».
Həkim və filosoflar ağılı insanın cövhəri bildiklərinə görə hikməti insanlıq meyarı kimi qəbul etmişlər. Həmçinin onlar ağılı hər bir məsələni isbat etmək üçün kifayət edən bir şey kimi qəbul edir və hikməti imanla bərabər sayırlar. İndi isə bunları ayrı-ayrılıqda izah edək.
Qədim filosofların nəzərincə, insanın cövhəri və həqiqi mənliyi onun ağlıdır. Bunların nəzərincə, insanın cismi onun şəxsiyyətindən sayılmamadığı kimi, onun müxtəlif ruhi və mənəvi istedadları da həqiqi şəxsiyyətindən sayılmır. İnsanın həqiqi şəxsiyyəti onun fikir qüvvəsidir. Qurani-kərim ağıl barəsində «lubb» kəlməsini çox işlətmişdir. Elə bil onlar insanı qoz və ya badama bənzədərək onun qabıq və ləpədən təşkil olunduğunu bəyan etməklə, cismi onun qabığı, ağıl və fikrini isə ləpəsi hesab etmək istəyirlər.
Ağılsız insan, insanlıq meyarından məhrum olan puç və boş bir varlıqdır. Yəni, surət və xarici görünüş etibari ilə insan, həqiqətdə isə onun mahiyyətini daşımayan bir canlıdır. Bu, insanlığı ağılla ölçən filosofların bəyan etdiyi ifadələrdir.
ƏQLİ MƏRİFƏTİN ƏSALƏT VƏ ETİBARI
Həkimlərin nəzərincə, insan öz ağlı ilə aləmdə olan həqiqətləri kəşf etməyə qadirdir və ağılla əldə olunan elm əsil, həqiqi və etimad olunası bir elmdir. Çünki ağıl aləm və həqiqətləri necə varsa, o cür də dərk etməyə və özündə əks etdirməyə qadirdir. Ağıl aləmin həqiqi surətini özündə əks etdirə bilən bir qüvvədir.
İMAN — HƏKİMLƏRİN NƏZƏRİNDƏ
Müsəlman həkimlər Quranda bəyan olunan prinsiplərə əsaslanaraq deyirlər ki, iman, aləmi ümumi şəkildə necə varsa, o cür də tanımaq, həmçinin aləmin mənşə, cərəyan, nəzm və hansı nöqtəyə qayıdacağını bilmək deməkdir. Quran insanları Allaha, mələklərə və aləmin yaradılışına iman gətirməyə dəvət edir. Eləcə də aləmin hər an Allah tərəfindən idarə olunmasına və bütün məxluqatın Onun tərəfindən yaranıb, nəhayətdə Ona qovuşacağına etiqad bəsləməyə, yəni məada çağırır. Müsəlman həkimlərin nəzərincə, bütün bunları tanımaq və dərk etmək «iman» gətirmək deməkdir. Bunlar həmişə imanı mərifət, tanımaq, bilmək və hikmətlə bir şey kimi təfsir edirlər. İslam fəlsəfəsi kitablarında (hətta bir qədər ariflərin zövqünə uyğun tərzdə yazılmış Molla Sədranın kitablarında belə) bu məsələyə, yəni Allaha, Peyğəmbərə, mələyə və məada imanın, onları dərk etmək mənasında olması məsələsi ilə rastlaşırıq. Qısa şəkildə desək, bunların fikrincə Quranda işlədilən iman sözünün hamısı dərk edib başa düşmək, mənasını daşıyır.
İSLAMDA AĞILIN İNSANLIQ CÖVHƏRİ OLMASI NƏZƏRİYYƏSİ
Qeyd etdiyimiz kimi, filosofların nəzərincə insanın cövhəri ancaq və ancaq onun ağılıdır. Yerdə qalan isə ondan doğan alət və vasitələrdir. Əgər göz, qulaq, hafizə, xəyal qüvvəsi kimi üzvləri görürüksə, onların hamısı ağılın istifadə etməsi üçün yaradılmış şeylərdir.
İslamda bu məsələni, yəni insan üçün ancaq və ancaq ağılın cövhər olmasını təsdiq edən heç bir dəlil və sənəd yoxdur. İslamda insan vücudunun bütövlükdə ağıldan təşkil edilməsi deyil, sadəcə onun şaxələrindən biri olduğu təsdiq edilir.
İSLAMDA AĞILIN HÖCCƏT VƏ DƏLİL OLMASI
Biz islami mənbələrdə heç dində rastlaşmadığımız bir şeylə - ağılın fövqəladə etibarlı bir sənəd kimi qiymətləndirilməsi ilə qarşılaşırıq. Bu barədə islami mətnlərdə (Quran və hədislərdə) yüksək mənalı sözlər söylənilmişdir.
QURANDA ƏQLİN ETİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR
Qurani-kərim ağılın etibarlı bir sənəd olduğunu müxtəlif şəkillərdə imzalamışdır.
a) Təfəkkür və ağıl qüvvəsini işlətməyə dəvət;
Quranda insanları təfəkkürə dəvət edən altmışdan çox ayəni qeyd etmək olar. Amma onların içərisindən təəccüb doğuran bir ifadəni burada gətirmək yerinə düşərdi. «Ənfal» 22-ci ayəsində buyurulur:
«İnnə şərrəd-dəvabbi indəllahis-summul bukmul-ləzinə layəqilun».
«Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır».
b) Səbəb və nəticə qanunundan istifadə olunması;
Quranın, ağılı əsas götürməsinin başqa dəlillərindən biri də məsələləri səbəb və nəticə qanunu əsasında bəyan etməsidir. Səbəb və nəticə qanununun ağıl və təfəkkürün əsaslarından olması məlum məsələdir. Quran da bu qanunauyğunluğu etibarlı sayır və hadisələri onun əsasında izah edir. Quran səbəb və nəticənin özünü yaradan və bu nəzmin fövqündə dayanan Allahın sözlərini bəyan etməklə yanaşı, aləm və onda baş verən hadisələrin bu məsələ əsasında nizamlanmasını zikr etməkdən də qafil olmamışdır. Misal olaraq bu ayəni nəzərə alaq:
«İnnəllahə la yuğəyyiru ma bi qovmin hətta yuğəyyiru ma biənfusihim».
«...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə [pozmadıqca], Allah da onun tövrüni dəyişməz...». (Rəd-11). Buradan belə bir nəticə çıxır ki, doğrudan da bütün müqəddərat Allahın iradəsilə həyata keçir, amma o, insan müqəddəratını iradə və ixtiyara hakim olan bir iş kimi, onlara icbari olaraq qəbul etdirmir, əksinə onu müəyyən nəzm və qanunauyğunluq əsasında idarə edir.
v) Hökmlərin fəlsəfəsi;
Quranda ağılın etibarlı bir sənəd kimi qəbul olunmasının başqa dəlillərindən biri də, onda hökm və göstərişlərin hikmətinin açıqlanması və bəzən də onların hansı səbəb və məsləhət əsasında həyata keçirilməsidir. Üsul alimləri deyirlər ki, məsləhətli və məsləhətsiz olan şeylər hökmlərin silsiləvi illətləri arasında yerləşirlər. Məsələn, Quran bir yerdə «namaz qılın» deyə buyurur, «Ənkəbut» surəsinin 45-ci ayəsində isə onun fəlsəfəsini açıqlayır:
«İnnəssəlatə tənha ənil fəhşai vəl munkər».
«...Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...».
Burada namazın insan ruhunda qoyduğu təsirdən söz açılır, insanın necə yüksəlişə çatması və bunun nəticəsində də bütün pisliklərdən çəkinəcəyi bəyan edilir.
q) Ağılın azğınlığa düçar olmaması yolunda aparılan mübarizə.
Quranın, ağılı əsas saymasının aşkar dəlillərindən biri də, onun ağıl qüvvəsinin normal işləməsinə mane olan şeylərlə mübarizə aparmasıdır.
HƏDİSLƏRDƏ ƏQLİN ETİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR
Hədislərdə ağılın etibarlı bir sənəd olması barədə o qədər söz söylənilib ki, əgər mənbələrə müraciət olunsa, mötəbər kitabların bir fəslinin bu mövzuya həsr olunduğunu görərik. Hətta bəzi kitabların bu barədə olan bəhsləri «ağıl barəsində kitab» ünvanlı fəsillə başlanır. Şiə məzhəbinin hədisləri bu məsələni əvvəldən axıradək təsdiq və himayə edir.
İmam Musa ibni Cəfər (ə)-ın bu barədə fövqəladə bəyanı vardır. O həzrət buyurur:
«Peyğəmbər iki növdür, biri insanın daxilində olan ağıl, ikinci isə xaricdə insanlar arasında seçilmiş peyğəmbər. Bu iki peyğəmbər bir-birinə nisbətdə təkmilləşdirici rol ifa edirlər. Nəbi (Allahın göndərdiyi elçi) olmasa, ağıl heç vaxt insanları səadətə çatdıra bilməz. Eləcə də ağıl olmasa, nəbilərin sözünün faydası olmaz, bəşəriyyət hidayət və səadət yoluna istiqamətlənməz. Bunların hər ikisi (ağıl və nəbi) bir cür iş görürlər».
Ağılı təsdiq və himayə etmək üçün, bu ifadədən yüksək söz söyləmək mümkün deyildir. Əlbəttə bu barədə çox sözlər deyilmişdir. O cümlədən:
Aqil insanın yuxusu cahillərin ibadətindən üstün sayılır;
Aqilin sakit dayanması, cahilin hərəkətindən üstün sayılır;
Allah-taala heç bir şəxsi, ağlını kamala çatdırmazdan əvvəl peyğəmbərliyə göndərməmişdir.
Deməli, həkimlərin nəzəriyyəsinin bir hissəsini — ağılın düzgün bilik və mərifət əldə etmək üçün etibarlı bir sənəd sayılmasını islam da təsdiq edir.
HİKMƏT İNSANLIĞIN YARISIDIR
Keçən bəhslərə əsasən — həkimlərin müsbət və zəif nöqtələrini, eləcə də tövhidə çatmaq məqsədi ilə nəzəri hikmət bəhslərini ortaya atmalarının nəzərə alaraq, bu nəticəyə gəlirik ki, hikmət insanlığın yarısıdır. Çünki hər hansı bir müsəlman insanın həqiqət və insanlığını cisimdə deyil, ruhunda görürsə və ruh cövhərinin paklığını dərk edirsə, yaxşı başa düşür ki, nəzəri-tövhid əməli-tövhidin bünövrəsidir, öz-özlüyündə kamal deməkdir və bu kamal onu Allaha tərəf hidayət edəcəkdir.
«Fatir» surəsinin 10-cu ayəsində buyurulur:
«...İləyhi yəsədul kəlimut-təyyibu vəl əməlus-salihu yərfəuhu».
«...Pak söz [tövhid kəlməsi, zikr, həmd-səna] Ona tərəf yüksələr və pak sözü də [Allah dərgahına] yaxşı əməl qaldırar. [Allah pak sözü eşidər, saleh əməli də qəbul edər]...».
Hər hansı bir şəxsin insanlığı, onun Allahı nə dərəcədə tanımağından asılıdır. Çünki insanın elm və biliyi heç də ondan ayrı bir şey deyildir. Elm və bilik onun vücudunun əsas hissəsindən biridir. İnsanın varlıqlar və onların mənşəyi haqqında olan mərifət və biliyi nə qədərdirsə, o qədər də insanlığa çatmış olur. Çünki insanlığın yarısı elm və bilikdir.
İRADƏNİN İNSANLIQ MEYARI KİMİ GÖTÜRÜLMƏSİ
Digər bir məktəbin ardıcılları deyir: İnsanlığa qiymət vermək üçün əsas götürülən meyar onun iradəsidir. Başqa ifadə ilə desək, insanlıq meyarı onun özü və nəfsi üzərində hakimiyyəti, yəni işlərin ağıl və iradə əsasında görülməsidir. Heyvan öz icbari meyillərinə tabe olan bir canlıdır, amma insan heyvandan fərqli olaraq, ağıl və ixtiyar gücü vasitəsilə öz meyl və heyvani hisslərinə qalib gələ bilən bir varlıqdır. Deməli, insan o kəsdir ki, öz-özü üzərində hakimiyyəti ələ keçirmişdir və bu hakimiyyət hər nə qədər zəif olsa, insan bir o qədər insanlıqdan uzaq düşmüş olar.
MEYL VƏ İRADƏ ARASINDA OLAN FƏRQ
Meyl, insanı xaricdə mövcud olan şeylərə tərəf çəkən bir qüvvədir. İnsan ac olan zaman süfrə başına gələrkən özündə o yeməyə qarşı meyl hiss edir. Yəni, daxilində onu yeməyə tərəf çəkən bir qüvvə mövcuddur. İnsanı xaricdə mövcud olan hansısa bir şeyə tərəf çəkən və xarici amil ilə insan arasında olan cazibə qüvvəsinə meyl deyilir.
İnsan və ya heyvan ac olanda yeməyə, susuz halında suya, durğunluq halında cinsi cütləşməyə, yorulanda istirahət etməyə meyl göstərir. Hətta ananın öz balasına olan məhəbbəti belə meyl sayılır. Eləcə də dilənçiyə kömək etmək, onun halına acımaq və bu kimi digər şeylər də meyldir. Amma insanda iradə adlanan qüvvə onun xaricinə deyil, batininə aid olan bir qüvvədir. Belə ki, bu qüvvə insan ilə xarici aləm arasında rabitə yaratmır, əksinə insan, işi götür-qoy edib ölçüb-biçdikdən sonra meyl əsasında deyil, ağılın məsləhət gördüyü şəkildə həyata keçirir. Çox vaxt biz, ağıl məsləhət bildiyi işin istək və meyillərin ziddinə olduğunun şahidi oluruq. Məsələn fərz edək ki, müxtəlif yeməklərlə dolu olan süfrə arxasında əyləşmişik və meylimiz istəyir ki, bu yeməklərin hamısından doyunca yeyək, amma bir az fikirləşdikdən sonra görürük ki, bu işin nəticəsi pis olar və bu zaman biz meylimiz istədiyi şeyin əksinə əməl edirik. Başqa bir misal: Heç kəs dərman atmağı xoşlamır, amma fikirləşəndə görür ki, bu dərmanların onun xəstəliyinin müalicəsində xeyri var. Buna görə də o, istək və meylinin ziddinə gedərək onlardan istifadə etməyi məsləhət bilir.
İnsanın öz meyl və istəklərini, eləcə də nifrət və qorxusunu cilovlamasına iradə deyilir. Qorxu hissi meyldən fərqli olaraq insanı nədənsə yersiz və dəlilsiz olaraq qaçmağa, çəkinməyə vadar edir, burada da iradə onun köməyinə yetişir və onu cürətli olmağa çağırır.
Daha aydın desək, iradə ağıldan məsləhət alır və bütün meylləri kontrol edərək iş görür.
Deməli, iradə insanın daxilində olub, onu bütün meyl və istəklər cazibəsindən azad edir və onları insanın ixtiyarına verir. İnsanın meyl və istəklərinə tabe olması ilə fikir və iradəsinin arxasının dalınca getməsi arasında fərq vardır. İradəyə tabe olmaq, meyl və yersiz istəklərə hakim olmaq deməkdir.
Keçmiş əxlaq alimləri iradə və bununla bağlı olan məsələlərə təkid edərək demişlər: insanlığa qiymət vermək üçün əsas götürülən əlamət iradədir.