ƏQL MƏKTƏBİNƏ TUTULMUŞ İKİ İRAD
Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur ki, bizim fəlsəfi kitablarımız, adətən imanı «mərifət və tanımaq» kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın mənası ancaq mərifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və məada iman da həmin mənadadır. Quranın harasında iman kəlməsi işlənibsə, mənası mərifət və agahlıqdır və onun bundan başqa heç bir mənası yoxdur.
Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mərifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi də suyu tanıyır. «Tanıyır», yəni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qurandakı imanın mənası yalnız tanımaqdır? Allaha iman gətirməyin mənası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mərifət və tanışlıq da iman deyil. İman rəğbət və təslimdir, onda təzim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət və meyl məsələsi yoxdur.
Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mədən və suya rəğbət bəsləməsi mənasını vermir. Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bəzən kimsə siyasət aləmində düşmənini özündən yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mənası onun İsrailə meyl və rəğbəti olması mənasındadırmı? Xeyir, belə deyil, məsələ tamamilə əksinədir və onlar bir-birlərinə nifrət bəsləyirlər.
Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi şeylər mötəbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün olmamasını qeyd etmişdik.
1. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!»
(Ali-İmran-146).
Kamil, nümunəvi, ideal, üstün və ali insan barəsində nəzəriyyə vermiş məktəblərdən digər birisi də «qüdrət» məktəbidir. Bu məktəbdə kamil insan, qüdrətli və güclü insana deyilir. Başqa sözlə desək, onlar qüdrət və bacarığa «kamillik», zəiflik və bacarıqsızlığa isə naqislik kimi baxırlar. Bu məktəbin nəzəriyyələrinə əsasən, insan güclü olduğu qədər kamil, zəifliyi qədər isə naqisdir və ümumiyyətlə haqq və ədalət heç bir həqiqətə malik deyil və onların güc və qüdrətdən başqa mənaları yoxdur.
Biz, adətən iki qüvvə qarşı-qarşıya dayananda onların hansının qalib gələcəyini nəzərə almadan birinin haqlı və ədalətli, digərinin isə nahaq, zalım və batil olmasını fikirləşirik. Bu cür qarşılaşmalarda haqqın batilə və ya batilin haqqa qalib gəlməsi mümkündürmü? Yəni ola bilərmi ki, batil haqqa qalib gəlib onu məğlub etsin, həmçinin haqq batilə qalib gəlsin. Əlbəttə, Quranın məntiqi baxımından son qələbə həmişə haqqa məxsusdur və batilin qələbəsi müvəqqəti və ötəridir. Bu, Quran baxımından çox diqqətəlayiq bir məsələdir. Amma bununla belə, bu ilahi kitaba əsasən həmişə qarşı-qarşıya dayanmış iki qüvvədən qalib gələni haqq, məğlub olanı isə nahaq və batil deyildir. Qürdət məktəbi tərəfdarları isə deyirlər ki, tərəf müqabilini məğlub edən qüvvə haqdır, qüdrətli və güclü tərəfin gördüyü iş, güclü və bacarıqlı olduğu üçün ədalət hesab olunmalıdır.
QÜDRƏT MƏKTƏBİNİN TARİXÇƏSİ
Bu məktəb, dünyada qədim keçmişə malikdir və onun tarixçəsi Sokratdan qabaqkı dövrlərdən başlanır. Sokrat həzrət İsa (ə)-ın mövludundan təqribən 400 il qabaq yaşayıb və indi həmin vaxtdan təqribən 2400-2500 il keçir. Sokratın yaşadığı dövrdən qabaq «səfsətəçilər» adlandırılan bir qrup olub. Onlar, ictimai məsələlərdə bu günkü «qüdrət» məktəbinin nəzərinə bənzər fikirlərə malik olublar. Amma həmin fikir o zaman Yunan dünyasında Sokrat, Əflatun və Ərəstu kimi filosofların üzə çıxmaları ilə aradan getmişdir. Sonralar da xristianlığın gəlməsi ilə bu qism fikirlərə qətiyyən yer olmayıb, çünki xristianlıq bu tərzli fikirlərin tam əks müqabilində dayanıb, yəni nəinki qüdrəti təbliğ etməyib, hətta ona qarşı çıxaraq zəifliyi təbliğ edib. Xristianlığın «biri sağ üzünə sillə vuranda, sol üzünü çevir ki, ona da vursun və hətta özünü belə, müdafiə etmə» deməsi zəifliyin bir növ təbliğidir. Güc və qüdrət barəsində xüsusi məntiqə əsaslanan islam dini, dünyada zühur edəndə gücün haqq-ədalətlə bərabər olmasını və ya haqq və ədalətin güc və qüdrətdən ibarət olmasını deməyib. Əcnəbilər haqqa «gücün haqqı», yəni zor və güclə bərabər olan haqq deyirlər.
Qərbdə sonralar bir daha belə bir fikir yarandı ki, haqq zor və güclə bərabərdir. Bu fikir ilk dəfə siyasi fəlsəfədə, yəni yalnız siyasi fikirlər çərçivəsində yaranıb. Məşhur italyan alimi və filosofu Makyavelin siyasi fəlsəfəsi ağalıq üzərində qurulub. O, deyir ki, siyasətdə nəzərə alınması lazım olan yeganə şey ağalıqdır və bu sahədə ondan başqa heç nə mötəbər deyildir. Siyasi hədəflərə, yəni həmin ağalığa çatmaq üçün hər şeyə – yalan, hiylə, biclik, yalandan and içmək, xəyanət, başqalarının haqlarını tapdalamaq və bu qism şeylərə icazə verilir. Siyasətdə bu işlərə yol verilməsi qətiyyən pislənilməməlidir. Sonralar bu işləri təkcə siyasət aləmində deyil, qeydsiz-şərtsiz bütün sahələrdə mümkün sayan filosoflar üzə çıxdılar və onlar məsələni ümumi əxlaq norması kimi genişləndirməklə, siyasətçilərə bu yolu tutub getmələri barədə yaşıl işıq yandırdılar. Onlar, hətta ali və insani əxlaqın həmin ağalıq və iqtidar olmasını deyiblər. Məşhur alman filosofu Nitse, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub, amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.
BİKENİN NƏZƏRİYYƏSİ VƏ ONUN TƏSİRLƏRİ
Burada, bir müqəddimə söyləmək lazımdır. Bildiyiniz kimi təqribən dörd əsr bundan əvvəl, yəni 16-cı əsrdə elm və texnikada böyük dəyişiklik və inqilab baş verib, dünyanın böyük filosoflarından iki nəfəri – ingiltərəli Biken və fransalı Dekart yeni elmin atası adlandırılıblar. Xüsusilə Bikenin elm barəsindəki nəzəriyyəsi bütün keçmiş nəzəriyyələri dəyişdirib. Elmin tərəqqisinə və insanın təbiətə hədsiz hökmranlığına səbəb olmuş bu nəzəriyyə, eyni zamanda insanların məhv və puçluğunun mənşəyinə çevrilib. Belə ki, bu nəzəriyyə insanın əli ilə təbiəti abadlaşdırıb, amma digər tərəfdən də onun öz əli ilə özünü məhv edib. Bu nəzəriyyə nədən ibarətdir?
Bəşəriyyətin Bikendən qabaqkı böyük filosof və şəxsiyyətləri, xüsusilə din alimləri elmdən güc və qüdrət deyil, həqiqət yolunda istifadə ediblər. Belə ki, onlar insanları elm öyrənməyə təşviq edəndə, elmin insanı həqiqətə çatdırmasına əsaslanaraq belə deyiblər: «Ey insan! Alim ol! Bilikli ol! Çünki elm səni həqiqətə çatdırır, elm insanı həqiqətə çatdıran vasitədir.» Buna görə də elm müqəddəs, yəni insanın mənafeyindən və maddi məsələlərdən üstün müqəddəsliyə malik bir həqiqət olub. Həmişə elmi mal və sərvətlə müqayisə edərək belə deyiblər: Elm yaxşıdır, yoxsa var-dövlət? Siz islam ədəbiyyatında elmin sərvətlə müqayisə edilərək ondan üstün tutulmasının şahidi olubsunuz.
Elm dadənd be idriso be qarun zəro sim An yeki zire-zəmino digəri foqi-fələk. |
Yəni: İdrisə elm, Qaruna isə qızıl-gümüş verdilər. Biri yerin altına, digəri isə göylərin üstünə [gedəcək].
Əmirəl-möminin Əli (ə) da Nəhcül-bəlağədə olan cümlələrində elmi mal və sərvətlə müqayisə edərək onlardan üstün tutub. Dinlərdə həmişə elmə maddi şeylərdən üstün müqəddəs məsələ kimi baxılıb və müəllim müqəddəs məqama malik olub. Əli (ə) buyurur: «Mənə bir hərf öyrədən kimsə, məni özünə qul edib.» Quranın, elmin məqam və müqəddəsliyini nə qədər ucaltdığına diqqət edin. Bu müqəddəs ilahi kitab həzrət Adəm (ə)-ın yaradılışı, ilahi adların ona öyrədilməsi və mələklərin ona səcdəsindən söz açan hekayətdə buyurur ki, ey mənim mələklərim, Adəmə səcdə edin, çünki o, sizin bilmədiyiniz şeyləri bilir.
Biken yeni nəzəriyyə irəli sürərkən belə deyib: «İnsanın, «həqiqətin kəşfi müqəddəsdir» deyib, onun üçün elm dalınca getməsi boş bir şeydir. Bəli, elm insan həyatının xidmətində olmalıdır, insanın həyati işlərinə yarayan, onu təbiətə hakim edən və insana qüdrət verən elm çox yaxşıdır.» Buna görə də elm, özünün asimani mahiyyətini əldən verərək maddi şəkil aldı, yəni elm və tədqiqatın hərəkət yolu dəyişdi və o, insanın təbiətə daha çox hakim olması, daha yaxşı yaşaması, başqa sözlə desək, onun rifahına daha yaxşı və münasib şərait yaratmaq üçün təbiətin sirlərini kəşf etmək yoluna qədəm qoydu.
Əlbəttə, bu nəzəriyyə bir tərəfdən bəşəriyyətə çox böyük xidmət edib. Çünki elm insanın təbiətə hökmranlığı və ondan daha çox bəhrələnməsi üçün təbiəti kəşf etmək yoluna düşdü və həmin nəzəriyyə bu baxımdan yaxşıdır. Amma bununla birlikdə, elm, malik olduğu müqəddəslik, ucalıq və paklığını itirdi. İndi diqqət etsəniz, görərsiniz ki, elm qədim meyarla dini mədrəsələrdə oxuyan tələbələr üçün həmin dəyərə malikdir. Belə ki, onlar indi də elmə məsələn, «Adabul-mütəəllimin» və ya «Munyətul-murid» kitablarının bəyan etdikləri gözlə baxırlar. Bu kitablar elmin fəzilət və üstünlüyünə təkid edən hədislərlə doludur. Buna görə də elm onlar üçün xüsusi müqəddəslik və paklığa malikdir. Məsələn, dini mədrəsələrdə dərs oxumaq istəyəndə dəstəmaz alaraq, elm öyrənməyə təharət və paklıqla gedirik. Həmin mədrəsələrdə təhsil alan tələbə üçün ustad və müəllim özünəməxsus hörmət, müqəddəslik və ucalığa malikdir. Tələbə doğrudan da səmimi qəlbdən ustad və müəlliminə ehtiram göstərir. Mal və sərvət üçün elm fikrinə düşəndə öz-özlüyündə bu hədəfindən xəcalət çəkir. Həmçinin müəllim pul xatirinə dərs verməyi elmin məqamının alçalması hesab edir.
Amma Bikenin nəzəriyyəsinin davamı olan müasir təhsil sistemində elm öyrənmək və öyrətmək məsələsi öz müqəddəsliyini tamamilə itirib. Təhsil almaqla məşğul olan tələbə üçün onun bu elm öyrənməsi gələcək həyat hazırlığı xarakteri daşıyır. Bu nəzəriyyəyə əsasən, sabah həkim və ya mühəndis olaraq yaxşı yaşamaq üçün orta məktəb və universitetdə təhlsil alan şəxslə, bazarda tacir, ətir satan və ya digər dükançı yanında şagirdlik edən adam arasında heç bir fərq yoxdur. Çünki onların hər ikisi pul dalınca qaçırlar. Həmin şəxs müəllimi barəsində də belə fikirləşir ki, o, ayda filan qədər pul alır və aldığı maaş müqabilində burada bu sözləri danışmalıdır. Hətta bəzən görürsən ki, şagird vicdan əzabı çəkmədən və utanmadan müəlliminin dalınca təhqiramiz sözlər danışır və bunu elə də qəbahətli bir iş saymır.
Biken deyib ki, elm qüdrət üçün və qüdrətin xidmətində olmalıdır. Bilik başqa şey üçün deyil, qüdrət və bacarıq üçün qazanılmalıdır. Bu nəzəriyyə əvvəlcə öz pis təsirlərini göstərmədi. Amma bəşəriyyət tədricən elmdən yalnız bacarıq və qüdrət kimi istifadə etdiyi üçün iş o yerə çatdı ki, hər şey qüdrət və gücün xidmətində oldu.
İndi, dünyanın çarxı, elmin tam şəkildə qüdrətlərin xidmətində olması əsasında fırlanır. Elm dünyada heç vaxt bu günkü qədər əsir olmamış, güc və qüdrətlərə bu qədər xidmət etməmişdir. Bu gün dünyanın birinci dərəcəli alimləri, dünyanın ən əsir və məhbus şəxsləridirlər. Ən savadlı alimlərdən biri məsələn, Eynşteyndir, amma onun elmi kimin xidmətindədir? Ruzveltin xidmətində! Eynşteyn Ruzveltin nökəridir və o, başqa cür ola da bilməz. İstər imperializm, istərsə də sosializm düşərgələrində məsələ bu cürdür. Bəli, onların arasında fərq yoxdur və elm dünyanın hər yerində belədir. İndi dünyanı elm deyil, qüdrət idarə edir. «Dünyamız elm dünyasıdır» cümləsinə düzəliş verməklə, onun əvəzinə «Dünyamız elm deyil, qüdrət dünyasıdır» demək lazımdır, yəni elm mövcuddur, amma azad deyil, qüdrət, güc və zor xidmətində olan elmdir! Elm bu gün azad deyil, əsirdir. Buna görə də dünyada edilən hər bir ixtira və kəşfdən qüdrət və güc yolunda istifadə etmək və ondan insanları öldürmək üçün qorxunc və təhlükəli silahlar düzəltmək imkanı olanda o, ilk növbədə həmin yerdə istifadə edilir. Həmin ixtira həmin yolda tam istifadə edildikdən sonra bəşəriyyətin digər işlərinə sərf edilir, yəni əvvəl gücə xidmət edilir, sonra bəşəriyyətə! Birdən həmin ixtira gücə xidmət etmək üçün heç cür yararlı olmayanda bəşəriyyətə xidmət üçün göndərilir. Bəzən lazım olan vaxta kimi həmin ixtira və kəşfi üzə çıxarmırlar, güc və qüdrətin ona ehtiyacı olduğu üçün, həmin sirri uzun müddət qoruyurlar.
Bikenin getdiyi yol istər-istəməz Makyavelin, xüsusilə Nitsenin dediklərində sona çatır.
NİTSENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİ
Dünyada başqa bir nəzəriyyə də yarandı ki, o, Nitse üçün digər bir əsasa çevrildi. Həmin nəzəriyyə darvinizmdir. Darvin dindar bir xristian olub. O, əslində Allaha zidd bir adam olmayıb və sözlərində Allahın olmasını etiraf edib və həzrət İsa (ə)-a hörmət bəsləyib. Hətta onun həyatı barəsində kitablarda yazılıb ki, Darvin öləndə, yəni can verən halda müqəddəs kitabı sinəsi üzərinə qoyaraq ondan möhkəm yapışıbmış. Amma Darvinin nəzəriyyəsi onun özünün də təsəvvür etmədiyi sui-istifadələrə düçar oldu. O cümlədən materialistlər, onun təkamül nəzəriyyəsindən Allahı inkar etmək üçün vasitə kimi istifadə ediblər.
Darvin fəlsəfəsindən edilmiş sui-istifadələrdən biri də, əxlaq məsələlərində, yəni yaxşı, nümunəvi kamil insan qurmaq barəsindəki məsələlər olub. Bu sui-istifadənin səbəbi Darvin fəlsəfəsinin əsaslarından birində həyatın «ölüm-dirim mübarizəsi olması» deyilməsidir. Onun yaratdığı dörd prinsipdən biri «zata məhəbbətdir.» Yəni, hər bir heyvan öz zatını sevir və onu qorumaq üçün çalışır. Həmin prinsiplərdən bir digəri də həyatın ölüm-dirim mübarizəsi olmasıdır. Belə ki, Darvinin sözlərinə əsasən, bu dünyada həyat və yaşayışın əsas və kökü canlıların həmişə bir-birləri ilə mübarizə və döyüş halında olmaları və daha güclünün qalmasıdır. Canlılar təbiətin qəlbirində ələnir. Ümumiyyətlə müharibənin özü təbiətin qəlbiridir, təbiət heyvanları, onların arasında olan daimi keşməkeş və müharibədə süzgəcdən keçirərək həyat üçün daha layiqlisini seçir. «Həyat və yaşamağa daha layiqli»sindən məqsəd, mübarizə meydanında özünü daha yaxşı qoruya bilən və rəqibini məhv edərək özünü saxlayan varlıqdır.
Darvin fəlsəfəsinin bu prinsipinə irad tutaraq deyiblər ki, varlılar güclülüklərinə görə deyil, başqa səbəblərə görə qalırlar, «həyat və yaşamaq ləyaqətinə nail olmaq» isə başqa bir şeydir. Amma biz həmin iradlara toxunmaq istəmirik.
Hər halda Nitse həmin prinsipdən nəticə çıxararaq belə deyib: «Bütün canlılar, hətta insanların həyatı buna əsaslanır. Müharibə və mübarizə insanların həyatında hökm sürən mühüm prinsiplərdəndir və güclü insan, bu mübarizədən salamat çıxır. Haqq da mübarizədən sağ çıxaraq qalan insanladır. Nitse, sözünün davamında deyib ki, təbiət üstün insana doğru hərəkət edir və kamil insan gələcəkdə yaranmalıdır. (Onların «üstün insan»dan məqsədləri bizim «kamil insan» adlandırdığımız varlıqdır). Kamil insandan məqsəd nədir? Onun fikrincə kamil insan daha çox güc və qüdrətə malik insandır. Kamil insan onda, qətiyyən zəif insan yetişdirən əxlaq olmayan şəxsdir. Zəif insan yetişdirən əxlaqdan məqsəd nədir? Həmin əxlaqdan məqsəd bizim kamillik hesab etdiyimiz şeylər, yəni məhəbbət bəsləmək, mehribançılıq, yaxşılıq və xalqa xidmətdir. Nitse deyir ki, bu əxlaq bəşəriyyətin evini yıxıb, onun təkamülünə mane olub, üstün və kamil insan olan güclü insanın yetişməsinin qarşısını alıb. Onun fikrincə kamil insan, həmin zəif nöqtələrə malik olmayan insandır. Beləliklə Nitse həm Sokratın və həm də həzrət İsanın düşmənidir. O, deyir ki, Sokrat öz əxlaq məktəbində iffət, paklıq, ədalət, mehribançılıq və bu kimi sifətlərə yiyələnməyi tövsiyə etməklə xəyanət edib və ondan da pis mehribançılıq, məhəbbət və səmimiyyət barəsində çox söhbət etmiş İsanın işidir. Onun fikrincə, bunlar insanın zəif nöqtələridir, insan bu sifətlərdən nə qədər uzaq olsa, kamilliyə bir o qədər yaxın olar, çünki kamillik qüdrət və bacarıq, naqislik isə acizlik və çatışmamazlıqdır və həmin sifətlər də naqislikdən yaranır.
NİTSENİN NƏZƏRİYYƏLƏRİNDƏN BƏZİ NÜMUNƏLƏR
İndi məsələnin nə ilə nəticələndiyini göstərmək üçün onun fəlsəfə tarixi kitablarında çox nəql edilmiş sözlərindən bəzilərini oxumaq istəyirəm. Bu barədə oxuduğumuz kitablar arasında Nitsenin sözlərini hamıdan yaxşı Füruği nəql edib. Buna görə də onun sözlərini Füruğinin « Avropada fəlsəfənin inkişafı» kitabını 3-cü cildindən oxuyuram. O, yazır:
«Dünyanın bütün alimləri xudpəsəndliyi pisləyib, başqalarına acıma və mehribançılığı bəyənilən xislət hesab ediblər. Amma Nitse bütün alimlərin əksinə olaraq, xudpəsəndiliyi haqq və bəyənilən bir xüsusiyyət, mehribançılığı isə ruhun zəiflik və nöqsanı hesab edir.»
Biz gərək bu məsələ barəsində söhbət edək və mehribançılığın doğrudan da ruhun zəifliyi olub-olmamasını araşdıraq. Bu mühüm məsələlərdəndir.
«Nitse, Darvin nəzəriyyəsinin həyat uğrunda cəhd göstərilməsi məsələsini qəbul edərək, onu mübarizə mənasında götürüb və başqalarının Darvin nəzəriyyəsinin mənfi nəticəsi adlandırdıqları şeyin, düzgün olmasını güman edərək «insanlar qələbə qazanmaq üçün bir-birləri ilə çəkişmədə olaraq qüdrət əldə etməlidir»lər qənaətinə gəlib. İnsanlıq aləminin bütün xeyirxahları əksəriyyət və kütlənin vəziyyətinin nəzərə alınmasını vacib sayaraq dünya işlərini kütlənin vəziyyətinə uyğun olaraq tənzimləyiblər. Amma Nitse əksəriyyəti xar və zəlil sayaraq yalnız azlığı, yəni xüsusi bir qrupu haqqa malik hesab edibdir. Onun fikrinin əsası budur ki, şəxs daha çox qüdrətə malik olmalıdır və bacardıqca onun həyatı hiddətli və xoş keçməlidir. «Mən»liyin mənası nəfsin çiçəklənərək daha güclü olmasıdır və insan öz nəfsinin istək və arzularından daha çox bəhrələnməlidir.»
İndiyə kimi hamı deyirdi ki, bu işlərin görülməsi əxlaqa ziddir, amma o, «nəfsani istəklərinizə uyğun olaraq əməl edin və əxlaq də məhz budur» deyir. Nitse deyir ki, ümumiyyətlə yaxşı işlər elə bunlardır.
«Bəziləri deyirlər ki, dünyaya gəlməməyimiz daha yaxşı olardı, bəlkə də məsələ onlar dedikləri kimidir, mən bilmirəm. Amma bunu da bilirəm ki, pis ya yaxşı bu dünyaya gəlmişik və ondan bəhrələnməliyik, bu bəhrələnərək ləzzət almaq hər nə qədər çox olsa o qədər yaxşıdır.»
O, deyir ki, mənim hədəf və məqsədim dünyadan bacardıqca çox və yaxşı bəhrələnməyim olmalıdır. Mənə, bu hədəfimə çatmaqda kömək edən hər bir şey yaxşı və əxlaqa uyğundur. Bu, Müaviyənin malik olduğu və həmişə təkrarladığı fikirdir: «Biz dünya nemətləri içərisində batdıq və ağnadıq.»
Nitse deyir:
«Mənim bu hədəfim üçün əlverişli olan hər bir şey, hətta daş ürəklilik, rəhimsizlilik, hiylə, yalan, müharibə və dava çox yaxşı işdir və həmin bu hədəfimə zidd olan hər bir şey – düzlük, mehribanlıq, fəzilət və pəhrizkarlıq olmasına baxmayaraq pisdir. Xalq, qəbilə və millətlərin hüquqi baxımdan bərabər olmaları fikri də boş sözdür, bu fikir və inam insan cəmiyyətinin inkişafına ziddir.»
Nitse deyir ki, bütün insanların hüquq bərabərliyinə malik olmaları fikri səhv bir fikirdir, çünki həmin fikir zəiflərin güclülər səviyyəsində saxlanılmalarına və yazıq güclülərin də irəliləyə bilməmələrinə səbəb olur. Qoy zəiflər əzilsinlər və güclülər üçün yer açılsın, güclülər üçün meydan açılanda «üstün insan» yaranır.
«İnsanlar iki dəstəyə bölünməlidirlər: Onlardan biri qüvvətli və sərvətlilər, digəri isə asılılar və qullar olmalıdırlar. Əsalət və şərəf güclülərə aiddir və varlığın hədəfi onlardır. Əlaltılar isə onların istəklərinin həyata keçirilməsi üçün alət və vasitədirlər... Cəmiyyət və mədəniyyət bəzilərinin güman etdikləri kimi güclülərin əlaltıları qorumaları üçün deyil, həmin şərəfli təbəqə və sinfin işlərinin irəliləməsi üçündür.»
Bəli, Nitse deyir ki, cəmiyyət və kütlə yalnız güclülərin var-dövlətə çatmaları üçündür və zəiflər güclülərə yük daşımalı olan heyvan kimidirlər. Onun fikrincə Sədininin aşağıdakı şeri düz deyil, çünki əslində qoyun çoban üçündür.
Sədi deyir:
Qusfənd əz bəraye çupan nist Bəlke çupan bəraye xidməte ust. |
Yəni: Qoyun çoban üçün deyil, çoban ona qulluq etmək üçündür.
«Varlı olan güclülər onlardan üstün insanların yaranmaları və insanın tərəqqi pillələrinə qədəm qoyması üçün bəslənilməlidirlər.»
Əcnəbilər, insan nəslinin yaxşılaşdırılması və onun soyunun islah edilməsi barəsində bəzi söhbətlər ediblər və hətta Aliksis Karl «İnsan tanınmamış varlıqdır» kitabının axırında həmin nəzərə tabe olub. Həmin söhbətin xülasəsi budur ki, soylar islah edilməlidir. Onun fikrincə zəif insanlara nəsil artırmaq icazəsi verilməməlidir.
«Cammatın indiyə kimi tabe olduğu əxlaqi əsaslar güclülər və şərəfli sinfin xeyrinə deyil, ümumi kütlə və əksəriyyətin, yəni zəif sinfin xeyrinə olub. Buna görə də həmin əsasları bir-birinə vurmaq və şərəflilərin vəziyyət və mənafeylərinə uyğun əsaslar seçilməlidir.
Bu sözlərin mənası budur ki, Nitsenin fikrincə, hamının tərəfdarlıq etdiyi yaxşılıq, düzlük və gözəllik kimi sifətlər həqiqi və mütləq deyildirlər. Həqiqət, hamının güc tərəfdarı olmasıdır.»
O, sonra dinlərə hücum edərək deyir ki, dinlər bəşəriyyətə xəyanət ediblər, çünki onlar insanları ədalətli olmağa və zəifləri himayə etməyə çağırıblar. Dinlərin mövcud olmadığı və meşə qanunlarının hökm sürdüyü dövr yaxşı olub, həmin vaxtlar güclülər özlərindən zəifləri yeyiblər və zəiflər məhv olaraq yoxa çıxıblar.
«Dünyanın işləri əvvəllər güclülərin istəklərinə uyğun imiş və həmin vaxtlar zəiflər güclülərin əlaltı və qulluqçuları olublar. Amma güclülər az, zəiflər isə çox olduqları üçün, onlar öz çoxluqlarından inkişafları üçün vasitə kimi istifadə ediblər, hiylə və hoqqabazlıqla mehribançılıq, başqalarını sevmək, ədalət və lütf kimi anlayışları zehnlərdə yaxşılıq, düzlük və gözəllik kimi canlandırıblar. Onlar bu yolla güclülərin qüvvələrini tarazlaşdırmaq və köləlikdən qurtarmağa nail olublar. Zəif təbəqə bu istək və hədəflərini dinlər vasitəsilə həyata keçirib, onların ətrafına Allah və haqq hasarları çəkiblər.»
Bu nəzəriyyə Karl Marksın nəzəriyyəsinin tam əks nöqtəsidir. Nitse də, Karl Marks da dinə qarşı olmuş adamlardandır. Amma Nitse özünü güclülərin tərəfdarı bildiyi üçün iddia edir ki, dini zəiflər güclülərin boyunlarına cilov salmaq məqsədi ilə ixtira ediblər. Digər tərəfdən də özünü zəiflərin tərəfdarı hesab edən Karl Marks isə deyir ki, dini, güclülər zəiflərin üsyanlarının qarşısını almaq üçün ixtira ediblər.
«Xristian əxlaqı qul əxlaqıdır və bu ağalıq əxlaqını məhv edib. Bu gün dünyada yayılmış qardaşlıq dialoqu, bərabərlik, sülh, qadın və əkinçilərin hüquqlarına riayət edilməsi və bu kimi sözlər həmin mənşədəndir və onlar hiylə, yalan və uydurmadırlar. Bu əxlaq yoxsulluq, zəiflik və gerilik amilidir. Buna görə də həmin əsaslar dağıdılmalı və ağalıq həyat tərzi əsasları qurulmalıdır. Ağalıq həyat tərzinin əsasları nədir? Allah və axirət dünyası fikrini kənara qoymaq... və qəlbin mehribançılıq və riqqətinə son qoymaq lazımdır. Mehribançılıq acizlikdən, təvazökarlıq və tabeçilik alçaqlıqdan, həlimlik, hövsələ, güzəşt və göz yumma isə tənbəllik və süstlükdəndir. İgidlik və mərdlik xisləti seçilməlidir. İnsan, üstün insan mərhələsinə çatmalıdır. Üstün insan, pis və yaxşıdan üstün olan, əzm və iradəyə yiyələnmiş şəxs olmalıdır.»
Əcnəbilər arasında çoxlu məktəblər yaranıb. Xoşbəxtlikdən bizim aramızda belə məktəblər, yəni bu cür «vəbalar» tapılmayıb.
Avropalının ruhu budur. Onların insan hüququ barəsindəki bəyanları da başqalarını aldatmaq üçündür. Avropalının tərbiyəsi və onun həqiqi əxlaqı Makyaveli və Nitse əxlaqıdır. Müstəmləkəçilərin dünyada gördükləri işlər bu fikirlərə əsaslanır və amerikalı və ya avropalılığından asılı olmayaraq, əcnəbilərin ruhları müstəmləkəçilik və həmin Nitse əxlaqıdır. Onlar bizim yanımızda yalandan insan hüququndan dəm vururlar. Allaha and olsun ki, biz bədbəxtlər, bəzən həmin sözləri çeynənib tüpürülmüş saqqız kimi ağzımıza alaraq təkrarlayırıq. Sizcə ABŞ-ın bu gün Vyetnamda gördüyü işlər Nitse fəlsəfəsinin həyata keçirilməsi deyilmi? (Ustadın bu söhbəti 26 il bundan qabaq olub). Bəli, onun bu günkü işləri Nitse fəlsəfəsinin eyni ilə icra edilməsidir və ondan başqa bir şey deyildir. Onlar insanlıq və humanistlikdən bu qədər dəm vururlar və biz də «Rassel belə dedi, Sarter elə dedi» deyib onların sözlərini təkrarlayırıq, amma bilin ki, onların fikirlərinin təməli həmin nəzəriyyədir. Bütün əcnəbi fikirlərinin əsas və kökü Nitse fəlsəfəsinə əsaslanır. Bəlkə də, onların arasında çox az adam tapmaq olar ki, belə fikrə malik olmasın, onların da şərq qanına malik olmaları ehtimalı vardır. Axtarsan görərsən ki, onun anası şərq torpaqlarından olub, çünki onların soyları belə deyil.
Nitse deyir:
«Nəfsi öldürmək nəyə lazımdır?! Nəfsi bəsləmək lazımdır. Başqalarına mehribançılıq və yaxşılıq nədir? İnsan özünü istəməli, özünə pərəstiş etməlidir. Zəif və acizi buraxmaq lazımdır ki, məhv olaraq aradan getsin və dünyada dərd-qəm azalsın... Üstün insan güclü olan, güc sayəsində yaşayan və öz nəfsani istəklərini təmin edən şəxsdir.»
Bu, varlıq və kamalın son hədəfi olan üstün insanın tərifi idi. Nitse deyir ki, yaradılış onun üçündür və hər şey onun vücudu üçün müqəddimədir. İndi siz, Nitsenin kamil insanının necə varlıq olmasına diqqət edin: ona heç nə mane olmamalıdır, o, əxlaq, rəhm, insanlıq, mürüvvət, mehribançılıq, ədalət və bu qismdən olan bütün şeyləri tərk edərək özünü onlardan təmizləməlidir.
«O, öz nəfsinin istəklərini doyurmalı, özünü ağa və allah hesab etməlidir. Ağalıq yolunda qarşısına çıxan hər bir maneəni aradan götürməli, təhlükədən qorxmamalı, müharibə və döyüşdən çəkinməməlidir.»
O, sonra qadınlar barəsində danışaraq belə deyir:
«Kişi ilə arvadın bərabərliyi və qadınların hüquqlarının qorunmasının zəruriliyi də boş sözlərdəndir. Əsas kişidir. Kişi döyüşkən olmalıdır və qadın həmin döyüşkən kişi üçün baş qarışdırma və fərəhlənmə vasitəsi olmalı və dünyaya uşaq gətirməlidir».
Bəli, Nitse deyir ki, qadın bu dünyaya kişi üçün başqarışdırma və fərəhlənmə vasitəsi olmaq və uşaq doğan maşın rolunu oynamaqdan başqa heç bir iş üçün gəlməyib.
Bu da, dünyada kamil, nümunəvi, ali və üstün insanı tanıtmaq üçün digər bir meyardır. Amma bu, güc və qüdrət meyarı ilə ölçülən üstün və kamil insandır. İndi qüdrət və güc məsələsi barəsində nə demək lazımdır?
Bu məktəbin müqabil nöqtəsi zəifliyi təbliğ edən məktəbdir. Zəiflik məktəbi yaxşılığı insanın zəif olmasında görür. Bəli, belə məktəblər olublar və indi də vardırlar. Xristianlıq əxlaqında zəiflik çox təbliğ edildiyi üçün bu irad xristianlığa daha çox tutulur. Əslində «sağ üzünə sillə vursalar, sol üzünü çevir» sözləri də zəifliyin təbliğidir.
QÜDRƏT MƏSƏLƏSİ BARƏSİNDƏ İSLAMIN MƏNTİQİ
İslam bu barədə hansı məntiqə əsaslanır? Görəsən islam güclülüyü təbliğ edib, yoxsa zəifliyi və ya bu mənada onların heç birisini? Cavab budur ki, islam bir növ qüdrət və gücü təbliğ edib, amma bu qüdrət Nitsenin dediyi qüdrət deyil, bütün adi insanlıq sifətlərinin mənşəyi olan qüdrətdir. Bu elə bir qüdrətdir ki, onda mehribanlıq, rəhm, yaxşılıq, xeyirxahlıq kimi ali insanlıq sifətləri vardır.
İslamda qüdrət və güclülüyə dəvət edilməsinə heç bir şübhə yoxdur və bu, Quran ayələri və hədislərin aşkar məntiqidir. İslam mövzusunda araşdırmalar aparmış əcnəbilər də islamı digər dinlər içərisində bu xüsusiyyəti ilə tanıyıblar. Heç bir din öz davamçılarını islam qədər güc və qüdrətə dəvət etməyib. Vill Dorant «Svilizasiya tarixi» kitabının islam mədəniyyəti barəsində olan on birinci cildində bu cümləni belə deyib: «Heç bir din islam qədər camaatı qüdrət və gücə dəvət etməyib.»
Bu barədə Quranda çoxlu mətləblər vardır. Məryəm surəsinin 12-ci ayəsində həzrət Yəhya (ə)-a xitab edilərək belə deyilir: «...Ey Yəhya! Kitabdan bərk yapış!...»
Söhbətimin əvvəlində oxuduğum ayədə, möminlərin necə qüvvətli insanlar olmaları və özlərinə qorxu hissi və zəifliyin yol tapmamasına icazə verməmələri barəsində necə də şüurla danışıldığına diqqət edin. «Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənlərə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!»
Səff surəsinin 4-cü ayəsində isə belə buyurur:
«Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!»
Digər bir yerdə isə buyurur:
«Məhmmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...» (Fəth-29). Quranda buna bənzər ayələr çoxdur.
Şücaət islamda mədh edilmiş həqiqətlərdəndir. İslamda izzət, yəni möhkəm və mətin məqama malik olmaq və heç kəsin insanı xar edərək alçalda bilməməsi səviyyəsində gücə malik olmaq da bəyənilən işlərdəndir. Quranın düşmənlə üzləşmək barəsindəki sözlərinə diqqət edin və görün ki, bu ilahi kitab bununla bağlı nə buyurur:
«[Ey möminlər!] Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri [münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları tədarük edin...» (Ənfal-60).
Digər bir ayədə isə belə buyurur:
«[Ey möminlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!»
(Bəqərə-190).
Gördüyünüz kimi ayədə həddi aşmaq qadağan edilib. Bu o deməkdir ki, düşmənlə döyüşəndə də haqq-ədaləti unutmaq olmaz. Alimlər bu ayənin təfsirində deyiblər ki, düşmənlə döyüşəndə vuruşunuzu, düşmən döyüşü davam etdirənə kimi davam etdirin. Əgər düşmən «təslim oldum» deyərək, silahını yerə qoysa siz silah işlətməyin, çünki bundan sonra silah işlətmək həddi aşmaq və təcavüzdür. Qocaları, qadın və uşaqları öldürməyin, onlara toxunmayın, döyüş meydanından kənara çıxmış adamla işiniz olmasın, yalnız sizinlə döyüşən adamla, var gücünüzlə vuruşun. Bunlar Qurani-kərimdə olan bir sıra hökmlərdir və bu ilahi kitabda buna bənzər digər ayələr də vardır.
İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tərifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın təriflədiyi güc və qüdrət, qətiyyən Nitse fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: «Möminə xəsislik və qorxaqlıq yaraşmaz.» Bəli, pul möminin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: «Allahummə inni əuzu bikə minəl-buxli və əuzu bikə minəl-cubn» yəni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!
Əli (ə) mömin barəsində belə buyurub: «Möminin ruhu çaxmaq daşından da möhkəmdir.»
Həmçinin imam Sadiq (ə) belə buyurub: «Allah-taala möminin özünü xar və zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: «İzzət yalnız Allah, Peyğəmbər və möminlərə məxsusdur.» Mömin həmişə izzətlidir və heç vaxt özünü xar etmir. Mömin dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma möminin ruhundan heç nə ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil.»
İmam Baqir (ə) buyurub: «Allah-taala möminə üç xislət verib: – Dünya və axirətdə izzət və başıucalıq; hər iki dünyada uğurluluq və zalımların qəlbində onlardan olan qorxu və heybət; Yəni möminlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar.»
İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: «Dəmiri olanın çörəyi də olacaq.» Yəni, əgər çörəyli olmağını istəyirsənsə, dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: «Dəmir olanın çörəyi var.» Mussolini silaha təkid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha təkid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-möminin Əli (ə)-ın ifadəsi belədir: «Möminin ruhu çaxmaq daşından da möhkəmdir.» İqbal da deyir ki, möminin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə dəvət edir.
Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər təkid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: «Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublar.» Başqa bir xütbədə isə belə buyurur: «Xar və zəif adam heç vaxt zülmün qarşısını ala bilməz və haqq yalnız səy və çalışqanlıqla əldə edilər.»