BİRİNCİ FƏSİL GÜNAHIN MƏNASI VƏ ONUN NÖVLƏRİ Günah müxalifət mənasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur: لا تَنْظُرْ اِلى صِغَرِ الْخَطيئَةِ وَلكِنْ اُنْظُرْ اِلى مَنْ عَصَيْتَهُ «Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaçırdığına bax.» Quranda, eləcə də Peyğəmbərimiz (s) və İmamlarımızın kəlamlarında müxtəlif ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını bildirir. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: «Zənb» - lüğətdə «ardıcıllıq» mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. «Məsiyət» - Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3. «İsm» - süstlük etmək, geridə qalmaq və məhrum olmaq mənasında işlənir. Bu kəlmənin günah mənasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. "İsm” kəlməsi də Quranda 48 dəfə təkrar olunub. 4. «Səyyiə» - Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində "səyyiə” sözü xoşbəxtlik mənasını verən "həsənə” sözünün antonimidir. Bu ifadə də Quranda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kökündən olub, pis mənasını daşıyan «suu» sözü də Quranda 44 dəfə gəlmişdir. 5. «Cürm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mənasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə «cürm» deyilir. 6. «Haram» - Qadağan olunmaq mənasını verir. Məsələn: Haram sözündən alınmış və hacılara məxsus geyim növü olan «ehram» paltarı (insanın həcc və ümrə əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünəməxsus ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Quranda 75 dəfə təkrar olunub. 7. «Xətiiə» - Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir. Lakin bəzi vaxtlar, o cümlədən «Bəqərə» surəsinin 81-ci və "Əlhaqqə» surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mənasında işlənmişdir. Əslində isə "xətiiə” sözü günah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Quranda 22 dəfə rast gəlirik. 8. «Fisq» - əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah mənasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Quranda 53 dəfə günaha işarə olunmuşdur. 9. «Fəsad»- İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri istedadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü Quranda 50 dəfə gəlmişdir. 10. «Fücur»- İnsanın abır, həya və mənəviyyat pərdələrinin parçalanmasına deyilir ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz Quranda 6 dəfə təkrar olunub. 11. «Münkər» - İnkar sözündən olub uyğunlaşmayan mənasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər deyilir. Adətən, bu söz «nəhy əz münkər» (başqalarını pis işlərdən çəkindirmək) ünvanında işlənir. Quranda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar. 12. «Fahişə» - Pisliyində heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bəzi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu söz Quranda 24 dəfə təkrar olunub. 13. «Şərr»- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bəzi yerlərdə günaha şərr deyilir. O cümlədən Qurani-kərimin «Zilzal» surəsinin 8-ci ayəsində «şərrən» ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir. 14. «Ləməm» - Günaha yaxınlaşmaq mənasınadır. Eləcə də «az» mənasını da daşıyır. Bu səbəbdən də kiçik günahlara «ləməm» deyilir. Bu kəlmə Quranda təkcə bir yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir. 15. «Vizr»- Ağırlıq mənasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə götürür. (Məlumdur ki, bəzi insanlar bunu öz təcrübələrində müşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sözü Quranda 26 dəfə gəlmişdir. Quranın bəzi ayələrində yenə də ağırlıq mənasını verən «siql» sözü də günah mənasında işlənib. "Ənkəbut» surəsinin 13-cü ayəsi bu nümunədən biridir. 16. «Hins» - əslində batil və qəbahətli sayılan işlərə meyilli olmaq mənasını verir. Lakin söz verdikdən sonra əməl etməməyə də "hins” deyilir. İnsanın dinə, öz sözünə əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan sayılır. Bu kəlmə Quranda iki dəfə gəlmişdir. Saydığımız bu 16 ifadənin hər biri günahın zərərli təsirlərindən yalnız müəyyən bir hissəsini açıqlayır və insanları bu işlərdən uzaqlaşmağa çağırır. İslam alimləri, günahları iki növə bölmüşlər: 1. Böyük günahlar (kəbirə); 2. Kiçik günahlar (səğirə). Bu bölgüdə alimlərimiz, Qurandan və məsum imamlarımızın kəlamlarından bəhrələnmişlər. «Nisa» surəsinin 31-ci ayəsində Allah-təala buyurur: اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيّئاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلاً كَرِيماً "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq.» «Kəhf» surəsinin 49-cu ayəsində oxuyuruq: وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمِينَ مُشْفِقِينَ مِمّا فِيهِ وَيَقُولُونَ يا وَيْلَتَنا ما لِهذا اَلْكِتابِ لا يُغادِرُ صَغِيرَة وَلا كَبِيرَةً اِلاّ اَحْصاها «(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!» Yenə də Allah-təala «Nəcm» surəsinin 32-ci ayəsində buyurur: الَّذينَ يَجْتَنِبُونَ كَبائِرَ الاِْثْمِ وَالْفَواحِشَ «O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan, çirkin əməllərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!» «Şura» surəsinin 37-ci ayəsində də oxuyuruq: وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ «O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onu) bağışlayarlar.» Nəhayət «Nisa» surəsinin 48-ci ayəsində buyurur: اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ وَيَغْفِرُ ما دوُنَ ذلِكَ لِمَنْ يَشاءُ وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدِ افْتَرى اِثْماً عَظِيماً «Həqiqətən Allah, Ona şərik qoşmağı bağışlamaz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur». HƏDİSLƏRDƏ DEYİLƏN GÜNAHIN NÖVLƏRİNİ NƏZƏRDƏN KEÇİRƏK Məsum imamlarımızdan nəql olunan bir çox hədislər də böyük və kiçik günahları izah edir. «Üsuli-kafi» kitabının «Babul-kəbair» hissəsində 24 hədis ancaq bu mövzudan bəhs edir. Bu bölmənin birinci və ikinci hədislərində böyük sayılan (kəbirə) günahlar haqqında qeyd edilib: Böyük günahlar Allahın onlara cəhənnəm atəşini vacib etdiyi günahlara deyilir. «Babul-kəbair» bölməsinin 3-cü və 7-ci hədislərində yeddi günah böyük günahlar hesab edilmişdir. Lakin 24-cü hədisdə 19 günah böyük günah sayılır. Bu hədislərin hamısına bir yerdə nəzər salsaq, günahın böyük və kiçik olaraq iki yerə bölünməsini anlayarıq. Baxmayaraq ki, hər bir günah Allahın əmri ilə ziddiyyətdə olduğu üçün böyük sayılmalıdır. Lakin bu məsələ kiçik günahların da olmasını etiraf etmir. Çünki günahları, onların zərər və ziyanlarına görə ölçürlər. Yəni böyük günahlar kiçik günahlarla müqayisədə daha zərərverici təsirlərə malikdir. |