4. HALAL VƏ HARAM YEMƏKLƏR Həm dində, həm də müasir elmdə yeməyin insanın bədənində təsir qoyduğu kimi, ruhunda da mənfi və ya müsbət emosiyalar yaratması artıq çoxdan isbat edilmişdir. Yəni zəhərli yemək insan orqanizmini zəhərləyirsə haram yemək də onun ruhunu zəhərləyir. «Maidə» surəsinin 3-cü ayəsində oxuyuruq: حُرِّمَتْ عَلَيْكُمْ الْمَيتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَما اُهِلَّ لِغَيْرِ اللهِ بِهِ... «Sizə ölmüş heyvanın əti, qan, donuz əti, Allahdan qeyrisinin adına kəsilənlər və s. haram edildi». İslamda «haram» olan hər bir şeyin müəyyən səbəbi, kökü var. Məsələn: İslam dinində haram olmuş işlərdən biri də donuz ətini yeməkdir. Təxminən bütün dünyada donuz ətindən istifadə olunur. Qeyri müsəlman xalqlarından çoxu isə onu dadlı bir yemək bilirlər. Müsəlmanlardan bəzisi isə belə deyirlər: İslam dinində nə üçün bu əti yemək haram edili? Bunun ki, heç bir ziyanı yoxdur! Donuz ətinin bədəndə zərəri «trişin qurdlarının» yaranmasıdırsa, yeni texnika bu qurdları donuz ətində məhv edir. Deməli, bu ətin haram olmasına heç bir dəlil yoxdur. Bu sualın cavabı aydındır. Çünki onlar məsələnin yalnız bir tərəfini nəzərdə tuturlar, yəni onlar təkcə donuz ətinin insanın bədənindəki zərərlərinə nəzər salırlar. Amma onun ruhi ziyanlarından qafildirlər. Donuz çox murdar və iyrənc bir heyvandır. Onun ətində də bu xasiyyət vardır. Donuz ətini yeyən insanlarda da donuzda olan şəhvətçilik və digər iyrənc xasiyyətlər özünü göstərir. Bunda heç bir şəkk yoxdur. Quran («Maidə», 42) xain və daş ürək yəhudiləri «çox haram yeyən» adlandırır. Quranda olan bu söz bütün haram yeyən insanlara xəbərdarlıqdır. Çünki onlar da acgöz yəhudilər kimi, həmişə dinə xəyanət edib dinin qarşısında maneə törətməyi və qanunsuz iş görməyi özlərinin adi işlərinə çeviriblər. Ümumiyyətlə, haram yeməyin iqtisadi, siyasi, ictimai və cismani zərərləri hamıya bəllidir. Haram yemək insanı həm fərdi, həm də ictimai cəhətdən fəlakətə çəkən ən böyük xətərlərdən biridir. «Bəqərə» surəsinin 188-ci ayəsində oxuyuruq: وَلا تَأْكِلُوا اَمْوالَكُمْ بَيْنَكُمْ بِالْباطِلِ وَتُدِلّوا بِها اِلَى الْحُكّامِ لِتَأْكُلُوا فَرِيقاً مِنْ اَمْوالِ النّاسِ بِالاِْثْمِ وَاَنْتُمْ تَعْلَمُون «Haqsızlıqla bir-birinizin malını yeməyin, insanların mallarının bir qismini günah yolda yemək üçün bilərəkdən rüşvət kimi hakimlərə verməyin». Bu ayədə hər bir növ haram yeməyi nəhy edəndən sonra, rüşvətxorluq da haram yeməyin bir yolu kimi nəhy olunmuşdur. İslam Peyğəmbəri (s) buyurur: لَعَنَ اللهُ الرّاشِيَ وَالْمُرْتَشِيَ وَالسّاعِيَ بَيْنَهُما «Allah lənət etsin rüşvət alana, rüşvət verənə və onların arasında vasitə olana». İmam Sadiq (ə) buyurur: اَلسُّحْتُ اَنْواعٌ كَثِيرَةٌ «Haram bir neçə növdür». Sonra o Həzrət zinakar qadının muzdunu və şərab üçün xərclənən pulu haram malın qismlərindən saydı. Sonra buyurdu: فَاَمَّا الرِّشا فِي الْحُكْمِ فَهُوَ الْكُفْرُ بِاللهِ العَظِيمِ «Amma rüşvət almaq böyük Allaha kafir olmaqdır». «Nisa» surəsinin 10-cu ayəsində oxuyuruq: اِنَّ الَّذِينَ يَأْكُلُونَ اَمْوالَ الْيَتَامى ظُلْماً اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَونَ سَعِيراً «Yetimlərin malını haqsızlıqla yeyənlər təkcə od yeyərlər. Və tezliklə onlar cəhənnəm atəşində yanacaqlar». HARAM YEMƏK HAQQINDA HƏDİSLƏR Burada haram yemək haqqında olan bir neçə hədisi nəzərdən keçirək. 1. İmam Baqir (ə) buyurur: ما مِنْ عِبادَة اَفْضَلُ مِنْ غِفَّةِ الْبَطْنِ وَالْفَرْجِ «Heç bir ibadət, qarını haram yeməkdən qorumaq və iffətli olmaq kimi fəzilətli deyil». 2. İmam Səccad (ə) buyurur: حَقُّ بَطْنِكَ اَنْ لا تَجْعَلْهُ وِعاءً لِلْحَرامِ «Qarnının sənin boynunda olan haqqı budur ki, onu haram yeməklərə qab etməyəsən». 3. O həzrət başqa bir hədisdə buyurur: ما مِنْ شَـْيء اَحَبُّ اِلَى اللهِ بَعْدَ مَعْرِفَتِهِ مِنْ عِفَّةِ الْبَطْنِ وَالْفَرْجِ «Allaha iman gətirdikdən sonra, heç bir ibadət Allah dərgahında qarını haramdan qorumaq və iffətli olmaq qədər xoşa gələn deyil». 4. İslam Peyğəmbəri (s) buyurur: «Özümdən sonra ümmətim haqqında üç şeydən qorxuram: اَلضَّلالَةُ بَعْدَ الْمَعْرِفَةِ، وَمُضِلاّتِ الْفِتَنِ وَشَهْوَةِ الْبَطْنِ وَالْفَرْجِ Allaha iman gətirdikdən sonra dindən çıxmaq, çaxnaşmalarda yolunu azmaq və qarnın və cinsi istəklərin qeyri-qanuni (haram) yolla doydurulması.» 5. O həzrət başqa bir hədisdə buyurur: «Haram mal qazanan şəxsin həcci və ümrəsi (Allah dərgahında) qəbul deyil. Eləcə də yaxın qohum-əqrəba ilə əlaqəsi olsa belə onun bu işinə heç bir savab yazılmaz». (Çünki islam dinində yaxın qohum-əqrəba ilə əlaqə saxlamaq savab bir işdir). 6. Rəvayət olunub ki, Musa peyğəmbər ağlayaraq Allaha dua edib yalvaran bir şəxsi gördü. Allah tərəfindən Musaya xəbər gəldi ki, o nə qədər dua etsə də, onun duası qəbul olmayacaq.» لاَِنَّ فِي بَطْنِهِ حَراماً وَعَلى ظَهْرِهِ حَراماً وَفِي بَيْتِهِ حَراماً «Çünki onun qarnında, belində və evində haram vardır». Bir şəxs Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: «İstəyirəm etdiyim dualar qəbul olsun». Peyğəmbər (s) buyurdu: طَهِّرْ مَأْكَلَكَ وَلا تَدْخُلُ بَطْنَكَ الْحَرامَ «Yeməyini təmizlə və qarnını haram yeməkdən qoru!» Sonra buyurdu: مَنْ اَحَبَّ اَنْ يُسْتَجابَ دُعائَهُ فَلْيَطِبْ مَطْعَمَهُ وَمَكْسَبَهُ «Duasının qəbul olmasını istəyən şəxs yeməyini və qazancını haramdan təmizləməlidir.» Həmçinin rəvayət olub ki, bir tikə haram yeməkdən çəkinmək, Allah dərgahında vacib olmayan (müstəhəb) iki min rəkət namazdan yaxşıdır. Və bir dinək (dirhəmin altıda biri) pulu sahibinə qaytarmaq 70 qəbul olmuş həccdən fəzilətlidir. İNSANIN İLK YEMƏYİ - ANA SÜDÜ Əvvəldə dediyimiz kimi, uşağın tərbiyəsində ananın rolu daha çoxdur. Çünki ananın övlad ilə ünsiyyəti atadan daha çoxdur. Alimlərin yazdıqlarına görə, ananın fikirləşməsi belə, bətnindəki və ya süd verdiyi uşaqda müəyyən təsir qoyur. Əgər ana uşağın bətnində olduğu zamanda, islam qayda-qanunlarına (ələl-xüsus halal yemək) riayət etsə, mütləq onun cəmiyyətə verdiyi övladı da sağlam və pak bir insan olacaqdır. İnsanın ana bətnində ikən xoşbəxt və ya bədbəxt olmasını bildirən hədisin mənası da elə budur ki, ananın öz övladının necə şəxsiyyət olmasında böyük rolu var. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin: 1. İslam Peyğəmbəri (s) buyurur: لا تَسْتَرْضِعُوا الْحَمْقاءَ فَاِنَّ اللَّبَنَ يَعْدي، وَاِنَّ الْغُلامَ يَنْزَعُ اِلَى اللَّبَنِ «Heç vaxt uşaqlarınıza axmaq və ağıldan kəm qadın süd verməsin. Çünki bu xasiyyətlər süd vasitəsi ilə uşaqlarınıza keçər». 2. İmam Baqir (ə) buyurur: «Axmaq qadınlar sizin uşağınıza süd verməsin. فَاِنَّ اللَّبَنَ يَغْلِبُ الطِّباعَ Çünki süd insanın təbiətində əsər qoyur». Başqa bir hədisdə buyurdu: فَاِنَّ الْوَلَدَ يَشُبُ عَلَيْهِ «Çünki uşaq o südün vasitəsi ilə boya-başa çatır». 3. İmam Kazimdən (ə) soruşdular: «Zina yolu ilə doğmuş qadına süd vermək üçün uşaq verəkmi? İmam cavabında buyurdu: لا يَصْلَحُ وَلا لَبَنِ اِبْتَتِها الَّتي وُلِدَتْ مِنَ الزِّنا «O qadının və onun zinadan doğulmuş qızının belə süd verməsi düz deyil».(«Qəsəs» surəsi, ayə 27.) 4. Məhəmməd ibni Mərvan deyir: İmam Baqir (ə) mənə buyurdu: اِسْتَرْضِعْ لِوَلَدِكَ بَلَبَنِ الْحِسانِ وَاِيّاكَ وَالْقِباحَ فَاِنَّ اللَّبَنَ قَدْ يَعْدِي «Uşağına gözəl qadınlar süd versinlər. Heç vaxt uşağının eybəcər qadından süd əmməsinə icazə vermə. Çünki bəzi vaxtlar süd uşaqda təsir qoyur və süd verən qadının xüsusiyyətləri ona keçir». İmamlarımızdan nəql olunan bəzi hədislərdə isə şərab içən qadının süd verməsinə kəskin etiraz olunmuşdur. Eləcə də süd verən vaxt təmizliyə riayət etmələrinə təkid olunmuşdur. Bu hədislərin bəzisində isə belə oxuyuruq: «Uşağınızı süd əmmək üçün təmizliyə riayət etməyən qadına verməyin». 5. İmam Əli (ə) buyurur: تَخَيَّرُوا لِلرِّضاعِ كَما تَتَخَيَّرُونَ لِلنِّكاحِ فَاِنَّ الرِّضاعَ يُغَيِّرُ الطِّباعَ «Qadınları evlənəndə seçdiyiniz kimi, süd vermək üçün də seçin. Çünki süd uşağın təbiətini dəyişir». Peyğəmbərlərdən, Musa peyğəmbərlə, İslam Peyğəmbərinin (s) başqa qadınlardan süd əmməmələri onu göstərir ki, insanın həyatının birinci yeməyi halal və pak yerdən gəlməlidir. «Qəsəs» surəsinin 12-ci ayəsində oxuyuruq: وَحَرَّمْنا عَلَيْهِ الْمَراضِعَ مِنْ قَبْلُ «Musaya anasının döşündən savayı özgənin döşünü əmməyi öncədən haram etmişdik». Təfsirçilərdən bəzisi bu ayənin şərhində belə yazırlar: Musa peyğəmbər uşaqlıqda heç bir süd verən qadının döşünü qəbul etmədi. O, özünü başqa qadınların qucağından yerə atırdı. Bu işin səbəbi isə Allahın o qadınların döşlərini Musaya haram etməsi idi. Çünki Allah-təala Musanın haram süd yox, anasının halal və pak südünü əmməsini istəyirdi. Ona görə ki, sonralar Musa zülm və haqzızlıqla mübarizə aparacaqdı. GÜNAHIN İQTİSADİ AMİLLƏRİ Bəzi hallarda iqtisadi məsələlər günahın yaranmasına səbəb olur. Günahın iqtisadi amilləri iki qismdir: 1. Mal-dövlət. 2. Yoxsulluq. Bəzi vaxtlar insan pulsuzluq üzündən tüğyan edir. Bəzən isə mal-dövlət insanı yoldan azdırır. Lakin burada bir mətləbə diqqət yetirmək lazımdır. O budur ki, kommunistlər mal-dövlət və sərvəti tüğyan etmənin səbəbindən hesab edir və inanırdılar ki, sərvət çox olan zaman mütləq insan yolunu azmalıdır. Amma islam baxımından belə deyil. İslamda sərvət müəyyən mənada günaha zəmin yaradan amil kimi hesab olunur. Yəni sərvət çox olsa, günah ehtimalı var. Amma sərvətli olmaqla günah etməmək də olar. Allahın qoyduğu qanunlarla sərvət qazanıb, onu dinin yaşaması və yayılması yolunda xərcləyənlər də az deyil. "Ələq” surəsinin 6-7-ci ayələrində oxuyuruq: اِنَّ الاِْنْسانَ لَيَطْغى ـ اَنْ رَآهُ اسْتَغْنى «Amma insan özünü ehtiyacsız hesab etdikdə azğınlığa başlayır». Bu ayədə ki, sərvətli olmaq bir şərtlə azğınlığa səbəb olur: o da insanın özünü varlı sanan zaman. İnsan əgər mal-dövlətə bu nəzərlə baxmasa heç vaxt azğınlaşmaz. Mətləbin izahı: Bəzi vaxtlar sual olunur ki, mal-dövlət insanı azğınlığa və günaha tərəf çəkən amildirmi? Cavabında deyirik: İki şərtlə mal-dövlət insanı yolundan azdırar: 1. İnsan yığdığı mal-dövləti təkcə özününkü bilsin. 2. Əqidəsi bu olsun ki, onu hansı yolla istəsə, qazanar və hansı yolda istəsə, xərcləyər. Amma bunun müqabilində Quran ayələri və hədislərdə oxuyuruq ki, qazandığımız mal-dövlət bizim yox, Allahındır və onu Allah bizə ruzi veribdir. Quranda 7 dəfə «Biz sizə ruzi verdik» cümləsi, 13 dəfə «Biz onlara ruzi verdik» cümləsi və 5 dəfə «Allah sizə ruzi verir» cümləsi gəlmişdir. İslam dinində mal-dövləti hansı yolla qazanmaq da müəyyən olunub. Sələm, rüşvət, yalan, zülm və s. yollarla sərvət yığmaq olmaz. Mal-dövlət bıçaq kimidir. Bıçaq pis adamın əlində olsa, onunla cinayət törədər. Mömin şəxs isə ondan yaxşı işlərdə istifadə edər. Başqa bir misal. Havanın soyuq olması nəticəsində insan xəstələnir. Lakin əgər isti paltar geysəydi, xəstələnməzdi. Deməli, təkcə havanın soyuq olması insanı xəstələndirmir. İnsanın öz səhlənkarlığı və diqqətsizliyi də buna şərait yaradır. Mal-dövlət də belədir. Firon və Qarun kimi zalım şəxslərin əlində olsa, cinayət törədəcəklər. Amma Davud və Süleyman kimi Peyğəmbərlərin əlində olsaydı bu var-dövlət cəmiyyətin iqtisadi və ictimai çətinliklərini həll edəcəkdir. Quranda iki varlı şəxsin əhvalatı gəlibdir. Onlardan biri Süleyman peyğəmbər, digəri isə Qarun adlı bir şəxsdir. Süleyman peyğəmbər mal-dövlətini Allah tərəfindən göndərilən ruzi bilib, onu Allahın razılığına çatmaq üçün vasitə hesab edirdi. Qarun isə mal-dövlətini yalnız yeyib-içmək vasitəsi bilirdi. Süleyman peyğəmbər öz var-dövləti haqqında belə deyir: هذا مِنْ فَضْلِ رَبِّي لَيَبْلُوَنِي ءَاَشْكُرُ اَمْ اَكْفُرُ «Rəbbimin mənə bağışladığı paydır. O məni imtahana çəkir, görsün Ona şükr edirəm, yoxsa nankorluq». («Nəml» 40) Süleyman Peyğəmbər (s) özünün bütün var-dövlətini Allah tərəfindən olan pay bilib özünü Allah dərgahında yoxsul hesab edir. Amma daha bir varlı şəxs, yəni Qarun özünə çoxlu var-dövlət yığıb. Musa peyğəmbər Allahın əmri ilə ondan malının zəkatını istəyəndə, Musa peyğəmbərə cəsarətlə deyir: اِنَّما اُوتِيتُهُ عَلى عِلْم عِنْدِي «Bunları mən öz elmimlə qazanmışam» («Qəsəs», 78) Yəni mən öz biliyimlə bu var-dövləti qazanmışam və heç kimin onda haqqı yoxdur. «Qəsəs» surəsinin 81-ci ayəsində Allahın ona qəzəb etməsini oxuyuruq: فَخَسَفْنا بِهِ وَبِدْارِهِ الاَْرْضَ فَما كانَ لَهُ مِنْ فِئَة يَنْصُرُونَهُ مِنْ دُونِ اللهِ وَما كانَ مِنَ الْمُنْتَصِرِينَ «Qarunu qəsriylə bərabər torpağa çəkdik. Allahın əzabı qarşısında ona kömək edən heç bir dəstə yox idi. O özü də özünə kömək edə bilmədi». QURANDA «İTRAF» VƏ «MÜTRƏF» KƏLMƏLƏRİ Quranda «itraf» və «mütrəf» kəlmələri 8 dəfə təkrar olunmuşdur: «Mütrəf» sözü «tərfə» sözündən tutulub. «Tərfə» sözünün mənası nemət artıqlığıdır. Mütrəf isə nemət çoxluğundan məst olub Allaha asi olan şəxsə deyilir. «Səbə» surəsinin 34-cü ayəsində oxuyuruq: وَما اَرْسَلْنا فِي قَرْيَة مِنْ نَذير اِلاّ قالَ مُتْرَفُوها اِنّا بِما اُرْسِلْتُمْ بِهِ كافِرونَ «Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.» Quranda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq: وَكَمْ اَهْلَكْنا مِنْ قَرْيَة بَطِرَتْ مَعِشَتَها فَتِلْكَ مَساكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ اِلاّ قَلِيلاً «Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar». «Təkasür» surəsinin birinci ayəsində oxuyuruq: «(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi». İslam Peyğəmbəri (s) mal-dövlət toplamaq barədə buyurur: التَّكاثُر (فِي) الاَْمْوالِ جَمْعُها مِنْ غَيْرِ حَقِّها وَمَنْعُها مِنْ حَقِّها، وَشَدُها فِي الاَْوْعِيَةِ «Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir». YOXSULLUĞUN GÜNAHLA ƏLAQƏSİ Yoxsulluq günaha zəmin yaradan bir amildir. Hədislərdə bəzi vaxtlar yoxsulluq bəyənilib, bəzi vaxtlar isə pislənibdir. Pislənən yoxsulluq, iqtisadi cəhətdən yoxsul olmaqdır. Elə bir yoxsulluq ki, ya varlıların kasıblara müsəllət olmasından, ya da insanın özünün tənbəlliyindən irəli gəlir. Yoxsul ehtiyac üzündən narkotik maddələrə qurşanmaq və oğurluq kimi günahlara çəkilə bilər. Atalar demişkən «Acın imanı olmaz». Deməli, cəmiyyətimizi günahdan təmizləmək istəsək, yoxsulluqla ciddi mübarizə aparmalıyıq. Burada İmam Əlidən (ə) bir neçə hədisə diqqət yetirək. 1. İmam Əli (ə) buyurur: اَلْفَقْرُ اَلْمَوْتُ الاْكْبَرُ «Yoxsulluq böyük ölümdür». 2. O həzrət oğlu Məhəmməd Hənəfiyyəyə buyurur: «Oğlum! Sənin yoxsul olmağından qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq, insanın dinini naqis, fikrini nigaran, camaatı ona və onu camaata bədbin edər». 3. Başqa bir hədisdə buyurur: اَلْقَبْرُ خَيْرٌ مِنَ الْفَقْرِ «Qəbrə getmək yoxsul olmaqdan yaxşıdır.» |