İSLAM İQTİSADİYYATININ QANUNLARI İslam iqtisadiyyatının bünövrəsini aşağıda qeyd olunan iki qanun təşkil edir: 1. İslam cəmiyyətində israfa yol verilməməlidir. 2. Müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır. Müsəlmanlar bu iki qanuna əməl etsələr, onların iqtisadi çətinliklərinin əksəriyyəti həll olunacaqdır. Lakin bu iki qanundan əlavə islam iqtisadiyyatında bəzi cüzi məsələlər də vardır ki, onların düzgün icrası bütün iqtisadi problemləri aradan qaldıracaqdır. Nəticədə cəmiyyət yoxsulluqdan yaranan günahlardan saflaşacaqdır. Bu məsələlər aşağıdakılardır: 1. İslam dinində var-dövlət və sərvət "Əmanət” hesab olunur. 2. Təbiətdən (su, hava, dəniz, meşə, dağ, səhra) istifadə etməkdə hamı bərabərdir. 3. Təkcə fiziki işin köməyi ilə deyil, həm də yüksək ixtisaslı kadrların və elmi axtarışların da güclü fəaliyyəti iqtisadi yoxsulluğu aradan qaldırar. 4. Xeyirxah iş görmək ibadət hesab olunur. 5. İslam dinində həm cəmiyyətin hüquqları qorunur, həm də fərdi hüquqlar (başqa qruplarda isə təkcə fərdi hüquqlara ehtiram qoyulur). 6. İslamda hər hansı iş görmək müqəddəs məqsədlər üçündür. Qazanılan mal-dövlət də bu müqəddəs hədəflə bağlı olmalıdır. 7. İslam dinində qazanc dalınca getmək izzət və şərəf dalınca getmək deməkdir. Bunu İmamlarımızın hədislərində də görmək olur. İnsanın izzət və şərəfli olması isə onun düşmən qarşısındakı müqavimətini artırır. Deməli, nəticə alırıq ki, yoxsulluq düşmənin nüfuz etməsinə yol açır. Əksinə halal sərvət düşmənin nüfuzunun qabağını alır. 8. Fəhlənin muzduna xəyanət etmək ən böyük günahlardan sayılır. 9. Bu dünya və onda olan var-dövlət insan üçün son məqsəd yox, haqqa qovuşmaq üçün vasitədir. 10. Müsəlman olan şəxs həm dünyasını, həm də axirətini təmin etməlidir. Amma dünyanı buraxaraq təkcə axirətə yapışmaq və yaxud axirəti yaddan çıxarıb təkcə bu dünyanı fikirləşmək düz deyil. 11. Həm kişi, həm də qadın özlərinə münasib bir işdə işləməlidirlər. Məsum imamlardan biri buyurur: طَلَبُ الْحَلالِ فَريضَةٌ عَلى كُلِّ مُسْلِم وَمُسْلِمَة «Halal sərvət qazanmaq hər bir müsəlman kişiyə və qadına vacibdir». 12. İslamda dilənçilik qadağandır. İmamlardan birisi bir şəxsə buyurdu: اِحْمَلْ عَلى رأسِكَ وَاسْتَغْنِ عَنِ النّاسِ «Camaatın yükünü daşı, amma dilənçi olma». 13. İslamda yalançı və süni işlər qadağandır, (lazımsız dəllallar kimi). 14. Bütün din qabaqcılları işləyən adamlar olublar. Nuh peyğəmbər dülgər, Hud peyğəmbər tacir, İdris peyğəmbər dərzi və çoxları qoyunçuluq, əkinçilik və çobanlıqla məşğul idilər. Şüeyb peyğəmbərlə Musa peyğəmbərin əhvalatı bu baxımdan çox maraqlıdır: Şüeyb Musaya dedi: Qızlarımın ikisindən birini sənə ərə vermək istəyirəm. Bu şərtlə ki, 8 il mənim üçün işləməlisən (çobanlıq etməlisən). Sonra dedi: وَما اُرِيدُ اَنْ اَشُقَّ عَلَيْكَ سَتَجِدُني اِنْشاءَ اللهِ مِنَ الصّالِحِينَ «Səni çətinə salmaq niyyətim yoxdur. İnşaallah, məni yaxşı adamlardan biri kimi tanıyarsan.»(Fruği-kafi, 5-ci cild,
72-ci səh.) 15. İslamda əkinçilik və qoyunçuluq kimi işlərə xüsusi diqqət yetirilir. İmamlardan nəql olunan bəzi hədislərdə oxuyuruq: اِنَّكُمْ لَمَسْئولُونَ فِي الْبِقاعِ وَالْبَهائِم «Sizdən (Qiyamət günü) əkin yerləri və heyvanlar haqqında soruşacaqlar». 16. Tənbəllik, iş dalınca getməmək və nəticədə öz yaşayış xərcini başqasının boynuna yıxmaq islamda ən böyük günahlardan biridir. İslam Peyğəmbəri (s) buyurur: مَلْعُون مَنْ اَلْقى كَلَّهُ عَلَى النّاسِ «Allahın lənətinə gəlsin o şəxs ki, öz yaşayış xərcini ayrısının boynuna yıxır».(Füruği-kafi, 5-ci cild,
72-ci səh) Peyğəmbərimizin (s) etdiyi dualardan biri də bu idi: اَللَّهُمَّ بارِكْ لَنا فِي الْخُبْزِ وَلا تُفَرِّقْ بَيْنَنا وَبَيْنَهُ، فَلَوْلا الْخُبْز ما صَلَّيْنا وَلا صُمْنا وَلا اَدَّيْنا فَرائِضَ رَبّنا «İlahi! Çörəyimizə bərəkət ver. Bizi heç vaxt çörəysiz qoyma. Əgər çörək olmasa namaz qılmarıq, oruc tutmarıq və vacib olan əməlləri yerinə yetirə bilmərik».(Füruği-kafi, 5-ci cild,
75-76-cı səh.) Əli ibni Həmzə deyir: Atam deyirdi ki, bir gün İmam Kazimi ayaqları tərləmiş halda işləyən gördüm. Ona yaxınlaşıb dedim: «Sənə qurban olum, bəs sənin səhabələrin haradadırlar» (ki səni işləməyə qoymasınlar). O Həzrət buyurdu: يا عَليُّ قَدْ عَمِلَ بِالْيَدِ مَنْ هُوَ خَيْرٌ مِنّي فِي اَرْضِهِ وَمِنْ اَبِي «Ey Əli! Məndən və mənim atamdan da böyük insanlar öz əkin yerlərində əlləri ilə işləyirdilər. Dedim: Onlar kim idilər? O həzrət buyurdu: رَسُولُ اللهِ وَاَميرُ الْمُؤْمِنينَ وَآبائِي كُلُّهُمْ قَدْ عِمِلُوا بَاَيْدِيهِمْ وَهُوَ مِنْ عَمَل النِّبِيِّينَ وَالْمُرْسَلِينَ وَالاْوْصِياء الصّالِحِينَ «Onlar: İslam Peyğəmbəri (s), -İmam Əli və mənim bütün ata-babalarım. Onlar öz əlləri ilə işləyirdilər. Çünki bu cür işlər Peyğəmbərlərin və Allahın saleh bəndələrinin işləridir».(Füruği-kafi, 5-ci cild,
88-ci səh.) Tarix boyu insanlar dünyaya bağlılıq və sərvətə olan hədsiz məhəbbət üzündən çox acı hadisələrlə üzləşiblər. Bu hadisələrin bəzisi onları nəinki günaha tərəf çəkmiş, hətta kafirliyə qədər aparıb çıxarmışdır. Bu hadisələrdən bir neçəsini nəzərdən keçirək: 1. Qarun «yoxsullara kömək et!» əmri gələndə üsyan etdi və Musa peyğəmbərin qarşısında durdu. (Deməli, Allaha kafir oldu). 2. İslam Peyğəmbərinin (s) Sələbə adlı səhabələrindən birinin əkinçilik və qoyunçuluq nəticəsində sərvəti çoxaldı. O, bütün var-dövlətini Mədinədən kənara apardı. Bu sərvət onun başını o qədər qatdı ki, yavaş-yavaş cümə və camaat namazına getməkdən məhrum oldu: O yoxsul olan zaman Allahla əhd etmişdi ki, varlı olarsa yoxsullara əl tutsun. Amma iş o yerə çatdı ki, zəkat almaq üçün Peyğəmbər (s) tərəfindən gələn şəxsin üstünə qışqırıb dedi: «Məgər mən yəhudi, ya məsihi olmuşam ki, cizyə verəm» (Çünki islam dövlətində yaşayan yəhudi və məsihilər müsəlmanlara vergi verməli idilər. Buna «cizyə» deyilirdi). Bu vaxt «Tövbə» surəsinin 75-76-cı ayələri onu məzəmmət etdi. 3. Ühüd döyüşünün qurtarmağına az qalırdı. Müsəlmanların bir hissəsi qənimət yığmaq tamahı ilə qorunması lazım olan strateji bir yeri boşlayıb qənimət yığmağa başladılar. Düşmən bunu görəndə güclü bir hücuma keçdi. Bu müharibədə Peyğəmbərin (s) dodaqları yaralandı və dişlərindən bir neçəsi sındı. Bundan əlavə müsəlmanlardan bir çoxu, o cümlədən Peyğəmbərin (s) sevimli əmisi Həmzə şəhid oldu. Bu hadisələrin hamısının səbəbkarı isə bir neçə müsəlmanın dünya malına olan hərisliyi idi. 4. İslam dininin təzə zühur etdiyi vaxtlarda bəzi imansız adamlar pul almaqla özlərindən yalan hədis quraşdırırdılar. Bu şəxslərdən biri Səmərət ibni Cündəb idi. O, Müaviyədən aldığı pulun əvəzində İmam Əlinin qatili ibni Mülcəmin şəninə özündən hədis düzəltdi. Bundan əlavə Quranda İmam Əlini mədh edən ayənin onun qatilinə aid olduğunu söylədi, İmam Əlinin qatili barəsində olan ayəni isə İmam Əlinin (ə) adıyla bağladı. 5. Ömər Səd Rey şəhərinə hakim olmaq üçün düşmən qoşununun sərkərdəsi olub, İmam Hüseynə qarşı vuruşurdu. 6. İmam Kazimin vəfatından sonra müsəlmanların malı, İmamın Osman ibni İsa adlı bir səhabəsinin yanında idi. Bu şəxs pulları İmam Rizaya (ə) təhvil verməli idi. Lakin o, pullara sahib olmaq üçün camaata elan etdi ki, İmam Kazimdən sonra daha İmam yoxdur. Bununla da islamda yeni bir dəstə, yəni «Vaqifiyyə» (yeddi imamlılar) dəstəsi yaratdı. 7. Quranda dəfələrlə yoxsulluq qorxusundan uşaqlarını öldürən şəxslər tənqid olunublar. ("Ənam» surəsi, ayə 151, «İsra» surəsi, ayə 31) 8. İslam Peyğəmbəri (s) paxıllıq üzündən müsəlmanlara süd verməyən bir çobana belə buyurdu: «Allah sənin varını çox etsin!» Lakin südünü müsəlmanlara bağışlayan çobana buyurdu: «Allah sənə ehtiyacın qədər mal-dövlət versin». Bu vaxt bir kişi təəccüblə soruşdu: «Nə üçün paxıl çobana yaxşı dua etdin?» Peyğəmbər (s) cavabında buyurdu: اِنَّ ما قَلَّ وَكَفى خَيْرٌ مِمّا كَثُرَ وَاَلْهى «İnsanı qafil edən çox var-dövlətdənsə, ehtiyacı ödəyən az var-dövlət yaxşıdır». Bu bəhsdən sonra belə nəticə alırıq ki, günaha şərait yaradan amillərdən biri də var-dövlətə vurğun olmaqdır. HÖVSƏLƏSİZLİK GÜNAHIN DAHA BİR İQTİSADİ AMİLİDİR «İnşirah» surəsinin 7-ci ayəsində oxuyuruq: فَاِذا فَرَغْتَ فَانْصَبْ «Bir işi bitirdikdən sonra başqa bir işlə məşğul ol!» İslamda bu göstərişdən məqsəd budur ki, insan mühüm bir iş bitirdikdən sonra daha tam istirahətlə məşğul olmasın. (İstirahət etsə də, cüzi bir işlə məşğul olsun) Çünki tam bekarçılıq insanı ruhi cəhətdən yorur. Bir sözlə bəzi hallarda tam bekarçılıq müxtəlif cür günahlara səbəb olur. Elə buna görədir ki, tətil vaxtları cinayətlərin sayı başqa vaxtlarla müqayisədə 7 dəfə artır. Bu səbəbdən islam dinində insanın daimi əmək fəaliyyəti üçün gözəl təkliflər verilib, bekar qalmamaq və süst olmaq pislənib: Bu barədə bir neçə hədisə diqqət yetirək. 1. İmam Sadiq (ə) buyururdu: «Fəhlənin Allah dərgahında savabı cəbhədə vuruşan əsgərin savabı ilə bərabərdir».(Füruği-kafi, 5-ci cild,
85-ci səh.) 2. O Həzrət başqa bir hədisdə buyurur: اِيّاكَ وَالْكَسَلَ وَالضَّجْرَ فَاِنَّهُما يَمْنَعانِكَ مِنْ حَظِّكَ مِنَ الدِّنْيا وَالاْخِرَةِ «Hövsələsiz olmaqdan çəkin. Çünki bu səni dünya və axirət ləzzətindən məhrum edər».(Füruği-kafi, 5-ci cild,
84-cü səh.) 3. Yenə o Həzrət buyurur: وَمَنْ كَسَلَ عَمّا يُصْلِحُ بِهِ اَمْرَ مَعِيشَتِهِ فَلَيْسَ فِيهِ خَيْرٌ لاَِمْرِ دِينِهِ «Güzəranını təmin etməkdə tənbəllik edən şəxsin dini əməllərində də heç bir fayda yoxdur». 4. İmam Kazim (ə) buyurur: اِنَّ اللهَ عَزَّ وَجَلَّ يَبْغُضُ الْعَبْدَ النَّوّام الْفارِغ «Allah-təala çox yatan və bekar adamdan qəzəblidir». 5. O Həzrət başqa bir hədisdə buyurur: اِيّاكَ وَالْكَسَلَ وَالضَّجْر فَاِنَّكَ اِنْ كَسَلْتَ، لَمْ تَعْمَلْ وَاِنْ ضَجَرْتَ لَمْ تُعْطِ الْحَقَّ «Hövsələsiz və süst olmaqdan çəkin. Çünki hövsələsiz olsan, iş dalınca getməzsən və süst olsan, özünün və başqalarının haqqını yerinə yetirməzsən».(Füruği-kafi, 5-ci cild,
86-cı səh.) 6. İmam Əli (ə) buyurur: «Hövsələsizliyin axırı yoxsulluqdur».(Əraf» surəsi, ayə: 138-139.) İnsanın şəxsiyyətini alçaldan və nəticədə onu bir neçə günaha çəkən ən pis işlərdən biri başqalarına əl açmaqdır: İslam Peyğəmbəri (s) buyurur: مَسْئَلَةُ النّاسِ مِنَ الْفَواحِشِ "Ən pis işlərdən biri camaata əl açmaqdır». Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, bekar olmaq və süstlük həm yoxsulluğa gətirib çıxarır, həm də günahın yayılmasına şərait yaradır. Günahın ictimai amillərinə nəzər saldıqda aşağıdakı mövzuları açıqlamağa ehtiyac duyulur: 1. Pozğun mühit. 2. Azğın rəhbərlər. 3. Pis yoldaş. 4. İctimai məhrumiyyətlər. Çirkin tullantılardan mikrob yarandığı kimi, şübhəsiz pozğun mühit də günahın yayılmasına və çoxalmasına bir vasitədir. Mühitin keyfiyyət və kəmiyyət cəhətindən bir neçə növi var:Misal olaraq: Məktəb mühiti, ev mühiti, mədəni mühit, şəhər mühiti, xəstəxana mühiti, məclis mühiti və... Quranda "Əraf» surəsinin 138-141-ci ayələrində Musa peyğəmbərin və onun səhabələrinin haqqında oxuyuruq: Musa peyğəmbər və onun tərəfdarları Fironun zülmündən qaçıb dəryadan keçdikdən sonra öz bütlərinin ətrafına toplaşıb onlara ibadət edən bir dəstə camaatla üzləşdilər. Musa peyğəmbərin tərəfdarları bu səhnəni gördükdə dedilər: قالُوا يا مُوسى اجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ «Ey Musa, bunların bütləri kimi bizə də bir tanrı düzəlt» Bütə pərəstiş edən şəxslərin hərəkətləri Musanın tərəfdarlarında elə təsir qoymuşdu ki, onlar yeganə Allaha sitayiş etsələr də, bu sözləri Musaya dedilər. Musa peyğəmbərsə onları bu sözlərinə görə tənbeh edib buyurdu: اِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ ـ اِنَّ هؤُلاء مُتَبَّرٌ ما هُمْ فِيهِ وَباطِلٌ ما كانُوا يَعْمَلُونَ Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz dini artıq yıxılmış, gördüyü işlər də batil və bihudədir».(«Qəsəs» surəsi, ayə: 79.) Musa peyğəmbərin zamanında azğın sərvətlilərdən biri də Qarun adlı bir şəxs idi. Günlərin bir günü o, özünün var-dövlətini və qüdrətini camaata göstərmək üçün böyük bir məclis təşkil edib təm-təraqla insanların qarşısına çıxdı. فَخَرَجَ عَلى قَوْمِهِ فِي زِينَتِهِ «Qarun zər-zinət içində qövmünün önünə çıxdı».(«Qəsəs» surəsi, ayə: 79.) Bu mərasim orada olanların hərəsinə bir cür təsir etdi. Onlardan bəziləri həsrətlə «Kaş bizim də belə bir var-dövlətimiz olaydı» deyirdilər. قالَ الَّذِينَ يُرِيدُونَ الْحَياةَ الدِّنْيا يا لَيْتَ لَنا مِثْلُ ما اُوتِيَ قارُونَ اِنَّهُ لَذُو حَظٍّ عَظِيم «Dünya həyatını arzulayan şəxslər dedilər: Kaş Qaruna veriləndən bizə də veriləydi. Şübhəsiz, dünyanın xoşbəxti odur».(Nurus-səqəleyn, 1-ci
cild, 541-ci səh.) Lakin orada olan alim və dərrakəli şəxslər cahillərə etiraz etdilər. «Qəsəs» surəsinin 80-cı ayəsində belə oxuyuruq: وَقالَ الَّذِينَ اُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوابُ اللهِ خَيْرٌ لِمَنْ آمَنَ وَعَمِلَ صالِحاً وَلا يُلَقّاها اِلاّ الصّابِرُونَ «Elm almış kəslər dedilər: «Vay olsun sizə, iman gətirib yaxşı əməllər görən şəxslər üçün Allahın verdiyi mükafat bundan yaxşıdır. Onu da yalnız səbr edən adamlar ala bilər». POZĞUN MÜHİTDƏN KÖÇ ETMƏK İslam dinində maraqlı mövzulardan biri də pozğun mühitdən köç etmək məsələsidir. Elə bir mühit ki, orada insanın dini xətərdədir. Bu vaxt insan o mühitdən uzaqlaşmalı və münasib bir yerə köç etməlidir. Deməli, hər hansı bir insan pozğun mühitdə bilərəkdən qalıb günah işlər törətməkdə davam etsə, günahını mühitin təsiri ilə üzrləndirə bilməz. Elə buna görədir ki, Quranda belə şəxslərə xəbərdarlıq edilmişdir, Tarixdə oxuyuruq: Məkkə şəhərində İslam dinini zahirdə qəbul etmiş müsəlmanlardan bir dəstəsi öz yığdıqları mal-dövlətə görə Peyğəmbərlə (s) Mədinə şəhərinə köç etmədilər. Sonralar isə bu şəxslər Bədr döyüşündə kafirlərin dəstəsinə qoşuldular və müsəlmanlara qarşı müharibədə iştirak edib həlak oldular. «Nisa» surəsinin 97-ci ayəsində bu şəxslər barəsində belə oxuyuruq: «Özlərinə zülm eləyən şəxslərə, mələklər canlarını almağa gələn zaman «Vəziyyətiniz necə idi?»-deyəndə, onlar dedilər: «Biz yer üzündə sıxılmış vəziyyətdə qalan şəxslər idik». Mələklər isə dedilər: «Bəs Allahın yeri geniş deyildimi? Barı bir köç edəydiniz». Cəhənnəmdir onların sığınacağı. Ora necə də pis yerdir!». Quranda 26 dəfə köç etmək barədə danışılmışdır. Bu ayələrin bəzisində dinsiz mühitdən köç edənlərə Allah tərəfindən çoxlu mükafat veriləcəyi qeyd olunmuşdur. Quran ayələrində olduğu kimi, hədislərdə də dini qorumaqdan ötrü köç etməyin əhəmiyyəti haqqında çoxlu ibrətamiz ifadələr işlənmişdir. İslam Peyğəmbəri (s) buyurur: مَنْ فَرَّ بِدِينِهِ مِنْ اَرْض اِلى اَرْض وَاِنْ كانَ شِبْراً مِنْ الاَْرْضِ اِسْتَوْجَبَ الْجَنَّةَ وَكانَ رَفيقَ مُحَمَّد وَاِبْرهِيمَ عَلَيْهُمَا السَّلامُ «Öz dinini qorumaqdan ötrü bir yerdən başqa bir yerə, bir qarış da olsa belə, köç edən şəxs behiştə layiqdir. Və belə bir şəxs (behiştdə) Məhəmməd və İbrahimlə bir yerdə olacaqdır.»(Müntəxbül-təvarix, səh. 875.) Məhəmməd (s) və İbrahim (ə) tarixin ən böyük köç edənləri olduqları üçün hicrət edən şəxs də bu peyğəmbərlər cərgəsinə daxil olur. Başqa bir hədisdə oxuyuruq: İmam Sadiqin (əleyhissəlam) hüzurunda fəsad və günahla dolu bir şəhərin adı çəkildi. İmam orada olan Müfəzzəl adlı bir şagirdinə buyurdu: وَفَرَّ مِنْها اِلى قُلَّةِ الْجِبالِ وَمِنَ الْحَجَرِ اِلَى الْحَجَرِ «Dinini qoruyub saxlamaq istəyirsənsə, orada yaşama. Çünki ora pozğunluq və çaxnaşma yeridir».(Səfinətül-bihar, 2-ci
cild, 528-ci səh.) Bu hədisdən də aydın olur ki, qarışıq, pis mühitin insanın günaha düşüb pozulmasında mühüm rolu var. Və insan öz dininə ehtiram əlaməti olaraq belə mühitlərdən uzaqlaşmalıdır. İslam dini insanlara öz işlərini Allahın razılığı əsasında görmələrini təlim edir. Bu dində ən mühüm məsələlərdən biri də ixlasdır. Yəni bütün işləri ancaq və ancaq Allahın razılığına çatmaq üçün görmək lazımdır. Deməli, insanlar iş görən zaman yaşadıqları mühiti və yaxud avam camaatı yox, Allahın fərmanını nəzərə almalıdırlar. Amma əgər bu cür olmazsa, yaşadığımız mühit ilahi və mənəvi ab-havadan çıxıb, camaatın istəkləri ilə qatışacaqdır. İmam Musa Kazim (ə) özünün çox dərrakəli bir şagirdi olan Hişam ibni Həkəmə buyurur: يا هِشامُ! لَوْ كانَ فِي يَدِكَ جَوْزَةٌ وَقالَ النّاسُ لُؤْلُؤَةٌ ما كَانَ يَنْفَعُكَ وَاَنْتَ تَعْلَمُ اَنَّها جَوْزَةٌ، وَلَوْ كانَ فِي يَدِكَ لُؤْلُؤَةٌ وَقالَ النّاسُ اِنَّها جَوْزَةٌ ما ضَرَّكَ وَاَنْتَ تَعْلَمْ اَنَّها لُؤْلُؤَةٌ «Ey Hişam! Əgər sənin əlində bir qoz olsa camaat isə onu qiymətli daş olduğunu desə, onların bu sözü sənin fikrində heç bir dəyişiklik yaratmaz. Çünki sən onun qoz olduğunu bilirsən. Əksinə sənin əlində qiymətli bir daş olsa, camaat isə onun qoz olduğunu desə, bu vaxt da sənə heç bir ziyan dəyməz. Çünki sən onun qiymətli daş olduğunu bilirsən».(Üsuli-kafi, 2-ci cild,
356-cı səh.) Loğmanın oğluna etdiyi vəsiyyətində belə oxuyuruq: لا تُعَلِّقْ قَلْبَكَ بِرَضَى النّاسِ فَاِنَّ ذلِكَ لا يَحْصُلُ «Özünü camaatın razılığına bağlama. Çünki hamının səndən razı qalması mümkün deyil». Sonra Loğman bu sözü əməldə də oğluna başa salmaq istədi. Onlar evdən çölə gəlib tövlədən ulağı çıxartdılar. Loğman ulağa minib hərəkət etdi. Oğlu isə piyada atasının ardınca yola düşdü. Onlar yarı yolda bir dəstə adama rast gəldilər. Camaat onları görəndə dedilər: «Bu kişi çox daş ürəkli və rəhmsiz kişidir.» Bu sözü eşidəndə Loğman oğlunu ulağa mindirib, özü piyada hərəkət etməyə başladı. Bu dəfə onlar ayrı dəstə camaatla üzləşdilər. Camaat Loğmanla oğlunu görəndə dedilər: «Bu ata və oğul çox pis adamdırlar. Atanın pisliyi ona görədir ki, oğluna yaxşı tərbiyə verməyib. Oğulun pisliyi isə ona görədir ki, atasına hörmətsizlik edir.» Bu sözü eşidəndə onlar hər ikisi birlikdə ulağa minib yola düşdülər. Onlar yenə də bir dəstə camaatla rastlaşdılar. Camaat bunları görəndə dedilər: «Yaman rəhimsiz adamdırlar, çünki bunlar dilsiz heyvana birlikdə minib onu incidirlər.» Bu sözdən sonra onlar hər ikisi ulaqdan düşüb piyada getməyi qərara aldılar. Lakin bundan sonra onlar daha bir səhnə ilə üzləşdilər. Bu dəfə onların rastına çıxan camaat onları piyada görəndə dedilər: «Bu iki nəfərin işi çox qəribədir. Belə bir gözəl miniyi qoyub piyada yol gedirlər.» Bu vaxt Loğman üzünü oğluna tutub dedi: «Oğlum! Gördün ki, müxtəlif fikirli camaatın razılığını toplamaq mümkün deyil?». Sonra buyurdu: فَلا تَلْتَفِتْ اَلَيْهِمْ وَاشْتَغِلْ بِرَضى اللهِ جَلَّ جَلالُهُ «Deməli, onların razılığının yox, ancaq böyük Allahın razılığını fikirləş». İmam Baqir (ə) buyurur: «Allahın razı olmadığı bir işi görüb camaatın razılığını qazanmaq istəyən kəs, bir zaman camaatın qəzəbinə düçar olacaqdır. Əksinə, Allahın razı olduğu bir işi görüb camaatın qəzəbinə düçar olan şəxs hər bir düşmənçilik, həsəd və zülmdən amanda olacaqdır və Allahın dininə kömək edəcəkdir». İslam dinində aşkarda günah etmək, günahı yaymaq, günah işlərə kömək etmək, günah işlərə razı olmaq, "əmr be məruf» və «nəhy əz münkəri» tərk etmək, ilahi hüdudların (cəza tədbirlərinin) icrasını ləğv etmək və bu kimi mühit pozğunluğuna şərait yaradan işlər qadağan olunmuşdur. Eləcə də mühit sağlamlığını məhv edən hicabsızlıq, seks kinoların yayılması, narkotik maddələrin istifadəsi və bu kimi günahların qadağan olunmasından əlavə İslam hökumətində onların qarşısını almaq əmr olunmuşdur. Bundan əlavə müsəlmanlara yaşadığı mühitdə "əmr be məruf və nəhy əz münkər» vacib olunmuşdur. Yəni başqalarını yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək əmri verilmişdir. Çünki bu iki dini vəzifənin müsəlmanlar tərəfindən düzgün icrası mühitin sağlam qalmasında mühüm rol oynayacaqdır. Başqa sözlə insan ictimai bir məxluqdur. Yaşadığı cəmiyyət bir cəhətdən onun evi hesab olunur. İnsan yaşadığı cəmiyyətin ehtiramını, evinin ehtiramı kimi saxlamalıdır. Cəmiyyətin sağlamlığı onun özünün ruhən sağlam olmasına kömək edir, pozğunluğu isə onun şəxsiyyətində mənfi təsir qoyur. Elə bu səbəbə görə də islam dinində cəmiyyəti mənəvi cəhətdən xarab edən işlər qadağan olunmuşdur. Bu dində ictimai günahın pisliyi, fərdi günahın pisliyindən qat-qat üstündür. Çünki günahın müntəzəm surətdə edilməsi cəmiyyətdə günahın adi şəklə düşməsinə gətirib çıxarır. Misal üçün, evin bir tərəfi od tutub yansa, onun qabağını almaq lazımdır. Yoxsa, onun şölələri bütün evi bürüyəcəkdir. İslam Peyğəmbəri (s) ictimai günahın təsirini bir misalda belə izah edir: Bir dəstə adam dənizdə gəmi ilə səfərə çıxdılar. Bütün sərnişinlər öz yerlərində oturmuşdular. Bu vaxt sərnişinlərdən biri özünün oturduğu yeri baltayla yarmağa başladı. Bu vaxt ona «nə edirsən?!» -dedilər. O isə cavabında dedi: «Öz yerimdir, nə istəsəm edə bilərəm». Bu vaxt sərnişinlər baltanı onun əlindən alsalar həm onu, həm də özlərini ölümdən xilas edəcəklər. Amma onu öz başına buraxsalar, o həm özünü, həm də başqalarını həlak edəcəkdir. Bəhsimizin bu hissəsində mühit pozğunluğuna şərait yaradan günahları, onların mahiyyəti ilə daha dərindən tanış olmaq üçün ayrılıqda araşdırırıq: «Nur» surəsinin 19-cu ayəsində oxuyuruq: اِنَّ الَّذِينَ يُحِبُّونَ اَنْ تَشِيعَ الْفاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذابٌ اَلِيمٌ في الدُّنْيا وَالاْخِرَةِ «O kəslər ki, istəyirlər möminlər arasında əxlaqsızlıq yayıla, onları dünyada və axirətdə ağrılı bir əzab gözləyir». Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin: 1. İslam Peyğəmbəri (s) buyurur: مَنْ اَذاعَ فاحِشَةً كان كَمُبْتَدِئها «Pis işlərin yaranmasına şərait yaradan şəxs o işləri görən şəxs kimidir».(Üsuli-kafi, 2-ci cild,
160-cı səh.) 2. Yenə o Həzrət buyurur: اَلْمُسْتَتِرُ بِالْحَسَنَةِ يَعْدِلُ سَبْعِينَ حَسَنَةً، وَالْمُذِيعُ بِالسَّيِّئَةِ مَخْذُولٌ وَالْمُسْتَتِرُ بِها مَغْفُورٌ لَهُ «Yaxşı işləri gizlində görən şəxsin savabı yetmiş bərabərdir. Aşkarda və gizlində günah edən şəxs isə (sonradan tövbə etmək şərtilə) Allah tərəfindən bağışlanır».(Səfinətül-bihar, 1-ci
cild, 598-ci səh.) 3. İmam Baqir (ə) buyurur: يَجِبُ لِلْمُؤْمِنِ اَنْ يَسْتُرَ عَلَيْهِ سَبْعِينَ كَبِيرَةً «Mömin olan bir şəxsə mömin qardaşının 70 böyük günahını gizlətməyi vacibdir».(Səfinətül-bihar, 1-ci
cild, 361-ci səh.) 4. İmam Sadiq (ə) buyurur: «Biz Əhli-beytin haqqını tanıyan şəxslərin nicat tapmasına ümidim var. Lakin bunların arasında üç dəstənin səadətə çatmasına ümidim yoxdur. Bu üç dəstə bunlardan ibarətdir: 1- Zalım padşah. 2- Öz nəfsinin istəklərinə qulluq edən şəxs. 3- Aşkarda günah edən şəxs. 5. O həzrət başqa bir hədisdə buyurur: اِذا جاهَرَ الْفاسِقُ بِفِسْقِهِ فَلا حُرْمَةَ لَهُ وَلا غَيْبَةَ «Aşkarda günah edən şəxsin heç bir hörməti yoxdur. Onun qeybətini etmək də haram deyil».(Nəhcül-fəsahə, 101-ci səh.) (Yəni həmin şəxsin aşkarda etdiyi günah barədə edilən qeybət haram deyil.) 6. İslam Peyğəmbəri (s) buyurur: اَللّهُمَّ اِنِّي اَعُوذُ بِكَ مِنْ خَلِيل ماكِر... اِنْ رَأى حَسَنَةً دَفَنَها، وَاِنْ رَأى سَيِّئَةً اَذعَها «İlahi! Hiyləgər dostdan Sənə pənah aparıram. Çünki belə dost mənim yaxşı işlərimi gizlədər, pis işlərimi isə yayar».(Fehresti-ğürər, 288-ci səh.) 7. İmam Əli (ə) buyurur: ذُو الْعُيُوبِ يُحِبُّونَ اِشاعَةَ مَعائبِ النّاسِ لِيَتَّسَعَ لَهُمْ الْعُذْرَ «Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlər».(Vəsailüş-şiə, 18-ci, cild
338-ci səh) Fiqh elmində də aşkarda günah edən şəxslə gizlində günah edən şəxsin arasında fərq qoyulur. Misal üçün, İmam Rahil özünün «Təhrirül-vəsilə» kitabında belə yazır: الاحوط عدم الدفع الى الْمُنْتهَتِّكِ المتاجر بِالْكَبائِرِ بَلْ يُقوّي عَدم الجواز كان فِي الدّفْعِ عَلى الاِثْم وَالعِدْوان والاْغْراء بالقَبِيح «Ehtiyat budur ki, seyyid malı aşkarda günah edən seyyidə verilməsin. Hətta belə bir seyyidə seyyid malı verilməsi onu günaha salacaqsa və cəmiyyətdə günahın yayılmasına səbəb olacaqsa, onda bu malı ona vermək olmaz və caiz deyil». Kitab əhlinin (yəhudi, məsihi və s.) müsəlman ölkəsində yaşamalarının şərtlərindən biri də budur ki, onlar aşkarda şərab içmək, donuz əti yemək, zina etmək, məhrəm qadınlarla (ana, bacı və s.) evlənmək və bu kimi günahlardan qorunsunlar. Hədislərin birində oxuyuruq: Bir şəxs İmam Kazimdən (ə) soruşdu: Zina etmiş və yaxud şərab içmiş yəhudi, məsihi və ya məcusi bir şəxsi tutublar, onun hökmü nədir? İmam (ə) buyurdu: يُقامُ عَليْهِ حُدُودُ الْمُسْلِمينَ اِذا فَعَلُوا ذلِكَ فِي مِصْر مِنْ اَمْصارِ الْمُسْلِمِينَ اَوْ فِي غَيْرِ أَمْصارِ الْمُسْلِمينَ اِذا رَفَعُوا اِلى حُكّامِ الْمُسْلِمِينَ «O, bu günahları müsəlmanlar yaşayan bir yerdə edibsə və yaxud onu bu günahlarına görə mühakimə etmək üçün müsəlman bir qazının yanına gətiriblərsə, bu vaxt islamda olan cəza tədbirləri onun üçün icra olunmalıdır».(Qürərül-hikəm, 1-ci
cild, 446 səh.) Bu cür hadisələr onu göstərir ki, islam dinində cəza təyin olunan günahları edən şəxs müsəlman olmasa da, cəzalanmalıdır. Bu bəhsin sonunda İmam Əlidən (ə) bir hədisə diqqət yetirin: İmam (ə) buyurur: شَرُّ النّاسِ مَنْ لا يَعْفُو عَنِ الْهَفْوَةِ وَلا يَسْتُرُ الْعَوْرَةَ «Camaatın ən pisi o adamdır ki, başqasının səhvinə qarşı güzəşti olmaya və eybləri örtməyə».(Misabahüş-şəriə, 86-cı səh.)
|