2. İNSAN ŞƏXSİYYƏTİNİN TƏHQİR EDİLMƏSİ Günaha zəmin yaradan amilləri sayarkən dedik ki, bu amillərdən biri də insan şəxsiyyətinin təhqir edilməsidir. Burada da qısa şəkildə bu mövzunu araşdırmağa çalışaq. İnsan özünün böyük və əzəmətli şəxsiyyətini dərk etsə heç vaxt onu dəyərsiz və puç yollarda məhv etməz. Misal üçün, insan heç vaxt bir parça qızılı bir daş parçası ilə dəyişməz. İmam Səccad (ə) buyurur: «Öz şəxsiyyətinə qiymət verən şəxsin gözündə maddi maraqlar dəyərsiz olar». İmam Səccadın (ə) bu hədisindən belə nəticə alırıq ki, insan şəxsiyyətinin təhqir edilməsi onun dünya malına həris olmasına və əyri yollara çəkilməsinə səbəb olur. Amma şəxsiyyətin qorunması insanı dəyərsiz işlərə əsir etməz. İnsan şəxsiyyətinin təhqir edilməsi nəticəsində onda yaranan həqarət hissi insanı təbii olaraq müxtəlif günahlara və çirkin işlərə yönəldir. İmam Əli (ə) bu barədə buyurur:ِ «İnsanın iki üzlü (riyakar) olması onun özündə həqarət hissi keçirməsindən irəli gəlir». İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur: «Yalnız öz şəxsiyyətinin alçaldığını hiss edən şəxs yalan danışar.» İmam Sadiq (ə) buyurur: «Özündə həqarət və kiçiklik hissi keçirən şəxs təkəbbürlü olar və özünü hamıdan üstün tutar». (Çünki belə bir şəxs özündə çatışmayan bir şey hiss edir və bu çatışmazlığın yerini təkəbbürlə doldurmaq istəyər.) İmam Sadiq (ə) başqa bir hədisdə belə buyurur: «Allah-təala möminə aid olan işləri onun öz öhdəsinə qoydu. Lakin ona bir şeydə ixtiyar vermədi. O bir şey də möminin özünü başqaları qarşısında zəlil edib alçaltmasıdır. Allahın buyurduğu sözə diqqət yetirmədikləri üçün buyurulur: «İzzət və şərəf yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur». Sonra o Həzrət buyurdu: «Mömin əziz və şərəfli olmağa layiqdir, zəlil olmağa yox!» 3. İQTİSADİ ÇƏTİNLİKLƏR VƏ TƏBİİ EHTİYACLARIN TƏMİN EDİLMƏSİ İnsanda həqarət hissi və bu kimi bəzi ruhi halların yaranmasının səbəblərindən biri də süni iqtisadi çətinliklərdir. Şübhəsiz, insanın vücudunda bəzi təbii ehtiyaclar və istəklər vardır ki, düzgün və mötədil səviyyədə təmin edilməlidir, yəni istəklərin təmin edilməsində orta səviyyə qorunmalıdır. Çünki bu istəklər həddini aşarsa, tüğyan edəcək, eləcə də onlara həddindən az diqqət yetirilsə, çoxlu ziyan və zərər verəcəkdir. Deməli, hər iki halda bu istəklər xətərli olub, günahlara şərait yaradır. Həyatda kifayət qədər məişət imkanlarından istifadə etməyən şəxs əlinə imkan düşən zaman özünü itirir və həddini aşır. Böyük din alimlərindən biri deyir: «Bizim müəllim həmişə bizə nəsihət verərdi ki, özünüzü çətinliyə salmayın (kifayət qədər yeyin, için) Çünki tələbə olan zaman özünü çətinliyə salmaq xətərlidir: gözünüz camaatın əlində qalar». Hər halda, insan təbii həyat sürməlidir. Onun istəkləri düzgün təmin olunmalıdır. Məsələn: İslam dinində qazinin iqtisadi cəhətdən rahat yaşaması sifariş olunub. Çünki belə olmasa o, rüşvətxorluğa qurşana bilər. "Əraf» surəsinin 32-ci ayəsində belə oxuyuruq: «De ki: Allahın öz bəndələrindən ötrü yaratdığı zinətləri və pak, təmiz ruzilərini kim haram etmişdir»? İmam Əli (ə) xəvariclə gedən müharibədə əmisi oğlu İbni Abbası düşmənlə danışığa göndərdi. Xəvaric dəstəsi onu görəndə dedilər: «Biz səni özümüzdən də üstün bilirdik, lakin sən belə bir qiymətli paltarlar geyinmisən?! (Çünki xəvaric dəstəsi dünya malına tam etinasız idilər.) İbni Abbas isə onların cavabında dedi: Bizim sizinlə davamızın ilk səbəbi elə budur. Sonra bu iki Quran ayəsini onların sözünə etiraz olaraq oxudu: Başqa bir yerdə buyurur: «Məscidə gedəndə öz zinətlərinizi götürün». İmam Əli (ə) buyurur:ِ «Allah-təala gözəldir və gözəlliyi sevir, həmçinin, yaratdığı nemətləri öz bəndəsində görməyi də sevir». Bu mövzu ilə əlaqədar daha bir neçə hədis. İslam dinində sifariş olunmuş işlərdən biri də ailə-uşağın dolanışığını yaxşı təmin etməkdir. Bu barədə aşağıdakı hədislərə diqqət yetirin: 1. İslam Peyğəmbəri (s) buyurur: «Maddi cəhətdən imkanı olub, lakin ailəsinin dolanışığına qarşı xəsis olan şəxs bizdən deyil». 2. İmam Riza (ə) buyurur: «Hər bir kişi öz ailəsinin təminatını yaxşı ödəməlidir ki, onun ailə üzvləri onun ölümünü arzulamasınlar». 3. İmam Sadiq (ə) buyurur: «Ağıllı insan yaxşı olar ki, öz vaxtını dörd yerə bölsün: 1. Allaha ibadət etməyə; 2. Gün ərzində etdiyi işlər haqqında fikirləşməyə; 3. Allahın yaratdıqları haqqında fikirləşməyə; 4. Öz ailəsinə sərf etməyə; İmam Əli (ə) buyurur: «Həqiqətən, qəlblər yorulur. Yorulmuş qəlblərə təzə hikmətlər axtarın». Yəni gözəl lətifələrlə bu qəlbləri şad edin. Bütün şərh və izahlardan sonra belə bir nəticəyə gəlmək olar ki, insanda olan bəzi təbii ehtiyaclar düzgün şəkildə istiqamətləndirilməli və paltar, yemək və həyatda olan bu kimi təbii ehtiyacların təmin edilməsində xəsislik və yaxud etinasızlıq düz deyil. Bütün bunların icrasında orta hədd qorunmalıdır. Əks halda bu ehtiyacların təmin edilməsində əngəllər olsa, səhlənkarlıq və ya tam rədd edilsə, insanda bir sıra narahatlıqlar yarada bilər. Bunun da nəticəsi həm ailə, həm də cəmiyyət üçün acı olar. 4. YALANÇI VƏ FAYDASIZ ARZULAR Əsassız və bihudə arzularda olmaq günahın daha bir psixoloji amilidir. Belə arzularla yaşayan insanlar, həyatda çalışıb hərəkət etmədən xoşbəxtlik və tərəqqi fikrində olurlar. Hətta belə şəxslər nə qədər günah etsələr də, deyirlər: «Allah rəhimlidir». Belə ümidlə yaşamaq nəinki insanı kamilləşdirmir, əksinə onu daxilən puç edir. Və onun vücudunda günah toxumu əkir. «Bəqərə» surəsinin 218-ci ayəsində oxuyuruq: اِنَّ الَّذينَ آمَنُوا وَالَّذينَ هاجَرُوا وَجاهَدُوا في سَبِيلِ اللهِ اُؤلئكَ يَرْجُونَ رَحْمَةَ اللهِ واللهُ غَفورٌ رَحِيمٌ «O kəslər ki, iman gətirib və hicrət eləyiblər, Allah yolunda vuruşublar, onlar Allahın rəhmətinə ümid bəsləyər; Allah bağışlayan və rəhimlidir». Bu ayədə «ümid etmək» iman, hicrət və Allah yolunda vuruşmaqla birlikdə qeyd olunmuşdur. Tavus Yəmani deyir: Kəbə evinə getdim. Kəbəninin navalçasının altında durub namaz qılan və Allahla razi-niyaz edən bir şəxsi gördüm. Namazdan sonra onun yanına getdim. Bu şəxs İmam Səccad (ə) idi. O Həzrətə dedim: Ey peyğəmbər övladı! Sən nə üçün belə ağlayırsan, nədən nigaransan? Halbuki sənin camaatla üç fərqin vardır ki, sənə nicat verəcəkdir: 1. Peyğəmbər övladısan. 2. Peyğəmbərin şəfaəti sənə çatacaqdır. 3. Sənə qarşı Allahın rəhməti böyükdür. İmam mənim cavabımda buyurdu: Ey Tavus! Mənim peyğəmbər övladı olduğumu deyirsən, Allah-təala Quranda buyurur: فَاِذا نُفِخَ فِي الصُّورِ فَلا اَنْسابَ بَيْنَهُمْ يَوْمَئِذ وَلا يَتَسائَلُونَ «Sur çalınan zaman (Qiyamət günündə) əsil-nəsəb deyilən şey aradan qaldırılar və bir-birindən kömək istəməzlər». («Möminun» surəsi, ayə 101). Deməli, təkcə peyğəmbər övladı olmaq mənə fayda verməyəcəkdir. «Şəfaət» barəsində isə Allah-təala buyurur: وَلا يَشْفَعُونَ اِلاّ لِمَنِ ارْتَضى «Allahın yüksək məqamlı bəndələri, təkcə Allahın onlardan razı olduğu şəxslər şəfaət edəcəkdir.» ("Ənbiya» surəsi, ayə 28) Deməli, şəfaət də təklikdə məni Allahın xovfundan amanda saxlamır. Allahın rəhməti haqqında isə Quranda oxuyuruq: اِنَّ رَحْمَةَ اللهِ قَرِيبٌ مِنَ الْمُحْسِنينَ «Allahın rəhməti yaxşı işlər görənlərə yaxındır». Mənsə yaxşı işlər görən şəxs olmağımı hələ bilmirəm! (İmamın məqsədi ismət məqamının ən yüksək mərtəbəsidir) İmamın bu kəlamından belə nəticə alırıq ki, Allahın rəhmətinə ümid bəsləmək, iman gətirib yaxşı işlər görməkdən sonra olmalıdır. Günahın yayılmasına, artmasına imkan yaradan amillərdən biri də siyasi amillərdir. Bu amillərin çox hissəsi siyasi xadimlərin və dövlət işçilərinin adı ilə bağlıdır. Dediklərimizi təsdiq etmək üçün «Bəqərə» surəsinin 205 və 206–cı ayələrini nümunə gətirək. واِذا تَوَلّى سَعى فِي الاْرْضِ لِيُفْسِدَ فِيها وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللهُ لا يُحِبُّ الْفَسادَ وَاِذا قِيلَ لَهُ اتَّقِ اللهَ اَخَذَتْهُ الْعِزَةُ بِالاِْثْمِ فَحَسْبُهُ جَهَنَّمَ وَلَبِئْسَ الْمِهادُ «(Münafiqlərin bir əlaməti də budur ki,) Hakim və rəis olanda yer üzündə fitnə-fəsad, qarışıqlıq salarlar, əkin-biçini məhv edərlər. Allah fəsadı sevməz. Ona Allahdan qorx» deyilsə, qürurlanar, günaha batar. Belə şəxsə cəhənnəm bəs eləyər, necə də pis yerdir ora!». Bu ayədən belə məlum olur ki, mömin olmayan və öz nəfsinin istəklərinə əsir olan şəxs rəhbər olan zaman cəmiyyəti pozğunluğa və qarışıqlığa çəkər. 2. «Nəml» surəsinin 34-cü ayəsində oxuyuruq: اِنَّ الْمُلُوكَ اِذا دَخَلُوا قَرْيَةً اَفْسَدُوها وَجَعَلُوا اَعِزَّةَ اَهْلِها اَذِلَّةً وَكَذلِكَ يَفْعَلُونَ َ «Hökmdarlar girdikləri şəhəri xaraba qoyar, camaatın ən nüfuzlu şəxslərini alçaldarlar. Beləcə davranarlar onlar». Təcrübədə təsdiq olunmuşdur ki, quldur və zalım padşahların hökuməti ölkədə viranəliklərə səbəb olur. 3. Həzrəti Yusif böyük ilahi peyğəmbərlərdəndir. O, həyatda müxtəlif hadisələrlə üzləşdi; O cümlədən qardaşlarının ona zülm etməsi, onu quyuya atmaları, onun Misir padşahının sarayına yol tapması, sonra zindana düşməsi və Misir padşahlığında vəzir olması. Yusif peyğəmbər ömrünün axırlarında Misrin padşahı oldu. O Həzrət üzləşdiyi hər bir hadisədə bir cür dua edirdi. Lakin rəyasət məqamına çatdıqda, özünü rəyasətə əsir etmədi. O, həmişə dünyanın fani olmasını və hamının əbədi padşaha (Allaha) qovuşacağını xatırlayırdı. Onun padşah olandan sonra duası bu idi: «(İlahi:) Məni dünyadan müsəlman halında apar».(Nəhcül-bəlağə, hikmət bölməsi.) Deməli, Yusif bu duanı yalnız padşah olandan sonra edirdi. Bu o deməkdir ki, rəyasət xətərli bir işdir. Hətta bu işdə Yusif peyğəmbər kimi şəxsiyyətin də ayağı büdrəyə bilər. Buna görə o Həzrət özünün Allah yolunda sadiq qalmasından ötrü dua edirdi. Yusif peyğəmbər özünün axıra kimi Allah yolunda olacağına şübhə etmirdi. Lakin bununla belə o rəyasət və padşahlığın xətərli və aldadıcı bir iş olduğuna görə həmişə Allahdan kömək diləyirdi. 4. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq: تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُون عُلُواً فِي الاَْرْضِ وَلا فَساداً وَالْعاقِبَةَ لِلْمُتَّقِينَ «Bu axirət evini o kəslərə veririk ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı sevməzlər. Axirət evində müttəqilərə (təqvalı insanlara) uğurlu tale qismət olar». Rəyasətə can atmaq lovğalığın bir növüdür. Deməli, bu ayədən məlum olur ki, rəyasətə can atan şəxslərə axirət həyatından bir bəhrə yoxdur. Bu ayənin təfsiri o qədər genişdir ki, İmam Əli (ə) buyurur: اِنَّ الرَّجُلَ لَيُعْجِبُهُ اَنْ يَكُونَ شِراكُ نَعْلِهِ اَجْوَدَ مِنْ شِراكِ نَعْلِ صاحِبِهِ فَيَدْخُلُ تَحْتَها «Bəzi vaxtlar bir şəxs hətta ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasına görə lovğalanır. Bu ayə onlara (lovğalara) şamil olur.» RƏYASƏTİN HƏDİSLƏRDƏ TƏSVİRİ Hədislərdə rəyasət iki yerə bölünür: 1. Bəyənilən rəyasət. 2 Məzəmmət olunan rəyasət. Bəyənilən rəyasət odur ki, cəmiyyətdə haqq ilə batili bir-birindən ayırmağa vasitə ola. Məzəmmət olunan rəyasət isə odur ki, insan onun əsiri olsun. Və insanı azğın yollara çəksin. Başqa sözlə, hədislərdə yalnız rəyasətə vurğunluq və bağlılıq məzəmmət olunub. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin. 1. İslam Peyğəmbəri (s) buyurur: لِكُلّ شَـْيء آفَةٌ تُفْسِدُهُ، وَآفَةُ هذا الدّينُ وُلاةُ السُّوء «Hər bir şeyin zərərverici bir amili var. Bu dinin (islam dinin) zərərverici amili isə nalayiq dövlət rəhbərləridir». 2. Həzrət Əli (ə) Əşəs ibn Qeys adlı bir işçisinə belə yazır: وَاِنَّ عَمَلَكَ لَيْسَ لَكَ بِطُعْمَة وَلكِنَّهُ فِي عُنُقِكَ اَمانَةٌ «Sənin rəis olmağın sərvət yığmaq üçün deyil, bu sənin öhdəndə bir əmanətdir». 3. İmamlardan birinin hüzurunda vəzifəpərəst bir şəxsin haqqında danışılırdı. İmam (ə) buyurdu: ما ذِئْبانِ ضارِيانِ فِي غَنَم قَدْ تَفَرَّقَ رُعاؤُها بِاَضْرَّ في دِينِ الْمُسْلِمِ مِنْ طَلَبِ الرّياسَةِ «Rəyasətə can atmağın islam dininə vurduğu zərər başsız qalmış qoyun sürüsünə hücum etmiş iki canavarın ziyanından çoxdur». BƏHLUL - MÜBARİZ VƏ HƏQİQƏTPƏRƏST BİR ALİM İmam Sadiqin (ə) ən yaxşı şagirdlərindən biri Vəhəb ibn əmr idi. O, xalq arasında Bəhlul adı ilə tanınmışdı. Deyirlər ki, bir gün Harun-ərrəşid Bağdad şəhərinə qazi təyin etmək istəyirdi. O bir neçə nəfərlə bu barədə məsləhətləşmişdi. Heç kəs bu vəzifəyə Bəhluldan başqasını layiq bilmədi. Harun Bəhlulu çağırıb dedi: Ey ağıllı alim! Bizə qəzavət işində kömək et! Bəhlul dedi: Mənim bu işə səlahiyyətim çatmır. Harun dedi: Bütün Bağdad camaatı səni bu işə layiq bilirlər. Bəhlul dedi: Çox təəccüblüdür: Mən özümü onlardan yaxşı tanıyıram. O biri tərəfdən mən ya düz deyirəm, ya yalan. Əgər düz deyirəmsə, deməli, doğrudan da qazi olmaq səlahiyyəti məndə yoxdur. Yox, yalan deyirəmsə, onda yalançı adamın bu işə səlahiyyəti yoxdur». Amma onlar Bəhlula dedilər: «Bu işi qəbul etməsən, səni buraxmayacağıq». Bəhlul dedi: İndi ki, məcbur edirsiniz, onda mənə bir gecə möhlət verin. Bəhlula möhlət verildi. O, evinə gedib həmən gecəni evində qaldı. Səhəri günü əlinə bir uzun çubuq götürüb bazara gəldi. O, özünü dəliliyə vurmuşdu. Camaat bunu görəndə dedilər: Bəhlul dəli olubdur. Bu xəbər Haruna çatanda o dedi: ما جَنَّ وَلكِنْ فَرَّ بِدِينِهِ مِنّا «Bəhlul dəli olmayıb. O, bu vasitə ilə öz dinini qorumaq üçün bizdən yaxasını qurtarıb». Bəhlul ömrünün axırına kimi bu vəziyyətdə qaldı. O, bilirdi ki, belə bir vəzifəni bu cür zalım xəlifənin zamanında qəbul etmək onu günaha və cinayətlərə sövq edə bilər. Buna görə də özünü dəliliyə vurdu. |