7. HƏRBİ ÜZRLƏR Ümumiyyətlə çətin işlərdə məsuliyyətdən boyun qaçırmaq məqsədiylə bəhanələr çoxalır. Cihad və düşmənlə müharibə etmək ağır və məsuliyyətli işlərdən biridir. İmanı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Ya ata-analarının qocalığını, ya ailəsinin sahibsizliyini, ya səhhətlərinin xəstəlik səbəbindən imkan verməməsini, hətta havanın istiliyini, soyuqluğunu və bu kimi ucuz bəhanələri əllərində dəstək tutaraq həm dini, həm də dövləti mükəlləfiyyətlərdən boyun qaçırırlar. Həmçinin zahirdə müsəlman olanlarla müharibə edən zaman «biz müsəlman qardaşlarımızla müharibə edə bilmərik» deyərək bu müqəddəs işdən yayınırlar. Nümunə kimi Təbuk müharibəsinə getməkdən boyun qaçırmaq üçün edilən bəhanəni qeyd edək. Hicrətin doqquzuncu ilində İslam Peyğəmbəri (s) tərəfindən bütün müsəlmanlara Rum təcavüzkarlarının qarşısını almaq üçün Təbuk deyilən yerə hərəkət etmələri əmr edildi. Müsəlmanlardan bəzisi öz canlarını və mallarını islam dininin müdafiəsi yolunda qurban verməyə hazır olmadıqları üçün Peyğəmbərin (s) bu əmrinə itaət etmədilər. Onların bəhanəsi bu idi: Hava çox istidir və belə isti havada uzaq səfərə çıxıb müharibə edə bilmərik. Onlar bu sözlərlə başqalarını da müharibəyə getməkdən çəkindirirdilər. «Tövbə» surəsinin 81-ci ayəsində oxyuruq: وَقالُوا لا تَنْفِرُوا فِي الْحَرِّ قُلْ نارُ جَهَنَّمَ اَشَدُّ حَرّاً لَوْ كانُوا يَفْقَهُونَ «Peyğəmbərin (s) əmrindən boyun qaçıranlar «bu istidə cihada getməyin» dedilər. De: «Cəhənnəm odu daha istidir», əgər başa düşsələr». İmam Əli (ə) yalan bəhanələrlə müqəddəs cihaddan qaçanları tənqid atəşinə tutmuşdur. O həzrət söhbətlərinin birində (Müaviyənin qoşunu) ilə müharibəyə getməkdən boyun qaçıran İraq camaatına xitab edərək buyurur: «Üzünüz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sizə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allaha bu qədər günah edirlər, siz isə bu günahlara razısınız.» Sonra o Həzrət buyurur: فَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي اَيّامِ الْحَرِّ قُلْتُمْ هذه حَمارَّهُ الْقَيْظِ، اَمْهِلْنا يفسَبَّحُ عَنّا الْحَرُّ «Sizə yayda düşmənə hücum etmək əmrini verdim, siz isə dediniz: Bizə möhlət ver, havalar sərinləşsin». وَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي الشِّتاءِ قُلْتُمْ هذِهِ صَبارَّةُ الْقُرِّ، اَمْهِلْنا يَنْسَلُخ عَنّا الْبَرْدُ... «Sizə qışda düşmənlə müharibə fərmanını verdim, siz isə dediniz: İndi hava çox soyuqdur. Möhlət ver hava istiləşsin». Sonra buyurur: فَاِذا كُنْتُمْ مِنَ الْحَرِّ وَالْقُرِّ تَفِرُّونَ فَاَنْتُمْ وَاللهِ مِنَ السَّيْفِ اَفَرُّ «Siz havanın soyuğundan və istisindən qaçırsınız, Allaha and olsun ki, düşmənin qılıncından daha çox qorxacaqsınız». XƏNDƏK MÜHARİBƏSİNDƏ BƏHANƏ Vətənin müdafiəsi və düşmənlə cihad etmək dini vəzifələrin çoxundan əhəmiyyətlidir. Dinimizə görə, canı qorumaq vacibdir. Amma cihad zamanı hətta canı belə qorumaq vacib deyil. Deməli, bu barədə olan heç bir üzr və bəhanələr düz deyil. Və yaxud müharibə zamanı bəzi şəxslər evlərinin təhlükəli bir ərazidə olduğunu bəhanə edərək döyüşdən yayınırlar. Guya evlərini pis adamların şərindən qorumaq üçün evdə qalırlar. Belə üzrlər bəzi şəxslər tərəfindən Xəndək müharibəsində (hicrətin beşinci ilində) baş verdi. Bəzi pis adamlar müharibədən boyun qaçırmaq üçün deyirdilər: «Bizim evimiz möhkəm deyildir. Ona xəsarət dəyə bilər». Amma İslam Peyğəmbəri (s) onların bu bəhanəsini rədd etdi. "Əhzab» surəsinin 13-cü ayəsində oxuyuruq: وَيَسْتأْذِنُ فَرِيقُ مِنْهُمْ النَّبِيَّ يَقُولُونَ اِنَّ بُيُوتَنا عَوْرَةٌ وَما هِيَ بِعَوْرَة اِنْ يُرِيدُونَ اِلاّ فِراراً «Bəziləri də «evimiz düşmən üzünə açıq qalmışdır» deyərək, Peyğəmbərdən (s) icazə istəyirdilər. Halbuki, evləri açıq deyildi; onlar ancaq müharibədən qaçmaq istəyirdilər». TƏBUK MÜHARİBƏSİNDƏ DAHA BİR GÜLMƏLİ BƏHANƏ Cədd ibn Qeys adlı bir münafiq müharibəyə getməmək üçün bəhanə gətirərək Peyğəmbərə (s) dedi: «İcazə ver, bu müharibədə iştirak etməyim. Çünki mənim qadınlara qarşı istəyim çoxdur. Xüsusilə də qorxuram ki, rum qızlarını görəndə ağlım başımdan çıxa və onlara aldanam. Bu da məni öz müqəddəs vəzifəmdən ayıra bilər». Bu gülməli bəhanəni rədd etmək üçün «Tövbə» surəsinin 49-cu ayəsi nazil oldu. Ayədə oxuyuruq: وَمِنْهُمْ مَنْ يَقُولُ اِئْذَنْ لِي وَلا تَفْتِنّي اَلا فِي الْفِتْنَةِ سَقَطُوا وَاِنّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكافِرِينَ «Onlardan eləsi var ki, «mənə izn ver, fitnənin qurbanı eləmə» söyləyir. Beləsi artıq fitnənin qurbanıdır və cəhənnəm kafirləri hər tərəfdən əhatə edibdir». Yəni belə xarab adamlar günaha bulaşmasınlar deyə, müharibəyə getməkdən boyun qaçırırlar. Lakin onlar indidən günaha bulaşıblar. Çünki onlar Allahın düşmənə qarşı mübarizə fərmanına etina etmirlər. Görəsən, belə bəhanələrlə Allahın qəti fərmanı ilə müxalifət etmək olarmı? HÜDEYBİYYƏ SÜLHÜ ƏRƏFƏSİNDƏ BƏHANƏ Hicrətin 6-cı ili, ziqədə ayı idi. İslam Peyğəmbəri (s) 1400 nəfərə yaxın müsəlmanla birlikdə ümrə mərasimini yerinə yetirmək üçün Məkkəyə tərəf yollandı. Müsəlmanların bu səfəri kafirləri qorxutmaq üçün bir növ hərbi manevr olduğundan Peyğəmbər (s) bütün müsəlmanları bu səfərə çıxmağa dəvət etdi. Müsəlmanlar Peyğəmbərlə (s) birlikdə Məkkəyə tərəf yola düşdülər. Lakin Məkkə şəhərinin yaxınlığında yerləşən Əsfan adlı yerə çatanda kafirlər onların Məkkəyə daxil olmalarına icazə vermədilər. Bu vaxt Peyğəmbər (s) Məkkənin 20 kilometrliyində yerləşən Hüdeybiyyə kəndinə daxil oldu. Orada Peyğəmbərlə (s) Qüreyş qəbiləsinin nümayəndələri arasında İslam dini üçün çox əhəmiyyətli olacaq «Hüdeybiyyə» sülhü imzalandı və Peyğəmbər (s) müsəlmanlarla birlikdə Məkkəyə daxil olmadan Mədinəyə qayıtdı. Həzrət bütün müsəlmanların bu səfərə çıxmalarına fərman versə də bəzi zəif imanlı şəxslər bu səfərdə iştirak etmədilər. Onlar öz hərəkətlərini belə əlaqələndirirdilər: «Kafirlər hazır vəziyyətdə idilər. Onlar müsəlmanlarla müharibə etməyə fürsət axtarırlar. Müsəlmanların bu səfərdən salamat qayıtmaları mümkün deyil». Lakin onlar müsəlmanların bu səfərdən əlidolu (Hüdeybiyyə sülhü ilə) və sağ-salamat qayıtdıqlarını görüb, bu fikrə düşdülər ki, öz işlərinə bəraət qazandırsınlar. Onlar Peyğəmbərin (s) hüzuruna gəlib «Mədinədə arvad-uşağın keşiyində qalmışdıq» bəhanəsi ilə üzr istəmək qərarına gəldilər. Lakin onların bu niyyəti həyata keçməmişdi ki, «Fəth» surəsinin 11-ci ayəsi nazil oldu və onların bu bəhanəsini şiddətli surətdə rədd etdi. Bu ayədə oxuyuruq: سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الاَْعْرابِ شَغَلَتْنا اَمْوالُنا وَاَهْلُونا فَاسْتَغْفِرْ لَنا يَقُولُونَ بِاَلْسِنَتِهِمْ ما لَيْسَ فِي قُلُوبِهِمْ «Müxalifət edən bədəvilər tezliklə sənə «malımızı-mülkümüzü, ailəmizi qorumaqla məşğul idik. Bizim üçü Allahdan məğfirət dilə» deyəcəklər. Ürəyində olmayanı dilləri deyir.» Yəni onlar yalan deyirlər. Arvad-uşağın, var-dövlətin keşiyində qalmaq bəhanəsi düz deyil. Beləliklə, onlar Peyğəmbərdən (s) üzr istəməmiş «Fəth» surəsinin 11-14-cü ayələri ilə Allah-təala Peyğəmbərə (s) onların qarşısında qəti mövqeydə dayanmaq fərmanını verdi. CƏMƏL MÜHARİBƏSİNDƏ BƏHANƏ «Cəməl» müharibəsində İmam Əlinin (ə) qoşunundan bəziləri bu müharibəni qardaş qırğını adlandırmaqla müharibəyə getmədilər. Onlardan bəzisi İmam Əlini (ə) «Cəməl» müharibəsini törədənlərlə mübarizə apardığına görə tənqid atəşinə tuturdular. İmam Əli (ə) bu müharibədə Cəməl qoşununu aşkarda lənətlədi. Bu zaman İmamın qoşunundan bir nəfər o Həzrətə müraciət edərək dedi: Cəməl qoşununda olan möminləri öz lənətindən istisna et! İmam Əli (ə) bu sözü eşidəndə o şəxsə xitab etdi və buyurdu: وَيْلَكَ ما كانَ فِيهِمْ مُؤْمِنٌ «Vay olsun sənə! Onların arasında mömin yoxdur» Həmçinin «Siffeyn» müharibəsində də bəziləri «Müsəlmanları öldürmək düz deyil» bəhanəsi ilə İmam Əlinin (ə) köməyinə gəlmədilər. İmam Əli (ə) belə yersiz bəhanələri rədd edir və deyirdi: Müaviyə və onun qoşunu müsəlman deyillər. Onlar zahirdə islam dinini qəbul etmiş kafirlərdir. Lakin bunu gizlədirlər. Müharibə gedən zaman bir şəxs Əmmar Yasirə dedi: «Peyğəmbər (s) buyurmuşdur ki, «Kafirlərlə vuruşun, amma onlar müsəlman olsalar, canları və malları amandadır». Əmmar dedi: «Düzdür, Peyğəmbər (s) belə bir kəlam buyurmuşdur. Lakin Müaviyənin dəstəsi müsəlman deyillər. Onlar özlərini müsəlman kimi qələmə verirlər. Amma həqiqətdə kafirdirlər». İmam Əlinin (ə) etdiyi bu müharibələrdən bir neçə il sonra da yanlış fikirlilər bu müharibələri müsəlmanlara qarşı müharibə adlandırırdılar. İmam Baqir (ə) belə şəxslərin cavabında buyurur: لَوْ اَنَّ عَلِيّاً قَتَلَ مُؤْمِناً واحِداً لَكانَ شَرّاً عِنْدي مِنْ حِمارِي هذا «İmam Əli (ə) bir (zahiri) mömini qətlə yetirirdisə, o mömin mənim nəzərimdə bu ulaqdan (öz ualğına işarə edərək) pisdir.» 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika cinayətkarları tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidenti Trumenin fərmanı ilə birinci atom bombası Xirosima şəhərinə atıldı. Bu partlayışın nəticəsində 150 min nəfər həlak oldu. Bu partlayışdan üç gün sonra isə ikinci bomba Naqasaki şəhərinə atıldı. Bu dəfə də partlayış nəticəsində çoxlu insan tələfatı oldu. Trumen beynəlxalq aləmdə özünün bu dəhşətli əməlinə haqq qazandırmaq məqsədi ilə belə bir arayış verdi: «Mən bu fərmanı yüz minlərlə Amerika əsgərinin, təyyarəçisinin, gəmiçisinin canını qurtarmaq üçün verdim». Beləliklə, Trumen bu aydınlaşdırma ilə özünün ləkəli vicdanını bütün dünya xalqlarının nəzərində pərdələmək istədi. Lakin çox çəkmədi ki, dünyanın sülhsevər insanları ayağa qalxıb onun bu cinayətini məhkum etdilər və bu qara ləkə əbədi olaraq onun adının üstünə yazıldı. Hörmətli oxucular, söylədiyimiz bu hadisələr tarix boyu gətirilən bəhanə və üzrlərin bir qismi idi. Möminlər və bütün vicdanlı insanlar çalışmalıdırlar ki, bu cür bəhanələri ilə nə özlərini, nə də başqalarını aldatmasınlar. GÜNAHIN SƏRHƏDLƏRİNİ TANIMAQ Günahın sərhədlərini tanımaq günah haqqında edilən mühüm bəhslərdən biridir. Başqa sözlə, bəzi hallarda yaxşı işləri pis işlərdən ayırmaq çətindir. Elə buna görə də bəzi şəxslər günahların sərhəddini tanımadıqları üçün günah işləri həqiqi əməl kimi görüblər. Və yaxud əksinə; çox yaxşı və bəyənilən bir işi günah bilib tərk ediblər. Nəticədə belə səhvlər onların həyatına çox pis təsir bağışlayıb. Əvvəlcə biz xülasə şəkildə bu bəhsdə olan bir neçə ünvana işarə edəcəyik. Sonra isə bunlardan birini geniş şəkildə araşdıracağıq. Sərhədləri yaxın olan aşağıdakı bir neçə ünvana diqqət yetirək: 1. Zəlil olmaq; - Təvazökarlıq etmək. 2. Vüqarlı və izzətli olmaq; - Təkəbbürlü və lovğa olmaq. 3. Dünyaya vurğun olmaq; - Siyasətçi olmaq. 4. Paxıllıq (həsəd); - Qənaət. 5. Sükut; - Özünü ələ almaq. 6. Qorxmazlıq; - Şücaət 7. Təbii ehtiyacları təmin etməmək; - İsmətli olmaq. 8. İsrafçılıq; - Səxavətli olmaq. 9. Müsavat; - Ədalət. 10. Tərki-dünyalıq; - Dünya yaşayışına vurğun olmamaq. 11. Tənbəllik; - Allaha təvəkkül etmək. 12. Yaltaqlıq; - Başqasını doğrudan tərifləmək. 13. Rüşvət; - Hədiyyə. 14. Başqasının zülmünə təslim olmaq; - Məcburi təslim olmaq. 15. Qeybət etmək; - Pis adamları ifşa etmək. 16. Haqq qarşısında dayanmaq; - Nahaq qarşısında mübarizə etmək. 17. Dünya malına həris olmaq; - Ailə-uşağının ehtiyaclarını ödəmək üçün çalışmaq. 18. Aciz olmaq; - Səbirli olmaq. Çox vaxt bəzi şəxslər söylədiyimiz bu xarakterləri bir-biri ilə səhv salırlar. Misal üçün, qənaət adı ilə paxıllıq edirlər. Səxavətli olmaq adı ilə israfa yol verirlər. İzzətli və vüqarlı olmaq adı ilə lovğa olurlar. Təvazökarlıq adı ilə başqasının əlində zəlil olurlar. Özünü ələ almaq adı ilə sükut edib haqqı müdafiə etməkdən çəkinirlər. Və yaxud bir şəxsi düzgün tərifləmək adı ilə yaltaqlıqa düçar olurlar. Çox təəssüflər olsun ki, belə səhvlər cəmiyyətdə tez-tez baş verir. Bu məsələni geniş şəkildə tədqiq etmək bu kitabın imkanları daxilində deyil. Lakin dediyiniz kimi, söylədiyimiz ünvanlardan birini burada geniş surətdə araşdırırıq: Dünya yaşayışından tam üz döndərmək və dünya yaşayışına vurğun olmamaq: İslam dinində zahidlik, yəni dünya malına və yaşayışına vurğun olmamaq çox gözəl, bəyənilən bir xislətdir. Həmçinin bu dində dünyadan üz döndərmək (tərki-dünyalıq) və rahiblik bəyənilmir. İmam Əli (ə) buyurur: طُوبى لِلزَّاهِدينَ فِي الدُّنْيا، الرَّاغِبينَ فِي الاْخِرَةِ «Xoş o kəslərin halına ki, bu dünyanın yaşayışına vurğun deyillər. Lakin axirət həyatına meyillidirlər». Qeyd etdiyimiz kimi islam dinində rahiblik də rədd edilir Bu barədə aşağıdakı hədisə diqqət yetirək: Osman ibn Məzunun arvadı Peyğəmbərin (s) hüzuruna gəlib ərindən şikayət edərək ərz edir: Osman gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olur. (Ailə yaşayışına qarşı etinasızdır.) Peyğəmbər (s) bu sözü eşidəndə əsəbiləşir və birbaşa Osmanın evinə gedib onu namaz qılan halda görür. Osman namazı qurtardıqdan sonra Peyğəmbər (s) ona xitab edib deyir: يا عُثْمانُ لَمْ يُرْسِلْنِيَ اللهُ بِالرُّهْبانِيَّةِ وَلكن بَعَثَني بِالْحَنِيفِية السَّمْحَةِ، اَصُومُ وَاُصَلِّي وَالْمِسُ اَهْلِي... «Ey Osman! Allah məni röhbaniyyəti (səhralar dağlara çəkilib ibadət etməyi) təbliğ etməyə göndərməyib. Məni, asan və təbii olan təkallahlıq dinini təbliğ etmək üçün peyğəmbər seçib. Namaz qılıram, oruc tuturam və həyat yoldaşımla da əlaqədə oluram. Deməli, mənim dinimi istəyənlər mənim yolumla getməlidirlər». Məlum olur ki, zahid olmaqla dünyanı tam tərk etməyin arasındakı fasilə çox azdır. Elə buna görə də İslam tarixində çox şəxsiyyətlər zahidlik adı ilə dünyadan, siyasətdən və maddi nemətlərdən əl çəkib rahiblik-asket həyat tərzini seçiblər. Onlar islam dinində bəyənilən zahidlərin həqiqi simasını dəyişdirib, İslam Peyğəmbərinin (s) rədd etdiyi yola çəkiliblər. Başqa sözlə, zahid olmaq dünyanı tərk etmək yox, dünyaya vurğun olmamaq mənasındadır. İbrahim Ədhəm və Bayəzid Bəstani kimi şəxslərin dünyanı tərk etmələri İslamın dediyi zahidlik deyil. İslam dinində tövsiyə olunan zahidlik İmam Əlinin (ə) simasında və onun həyatında görmək mümkündür. O Həzrət ən böyük zahid olmaqla eyni zamanda, siyasi və ictimai sahələrdə tam fəal idi. Gecələri ibadət etməklə bərabər gündüzləri əkinçilik edirdi. İmam Əli (ə) dünya həyatını axirət həyatına bir körpü və vasitə bilirdi. Kəlamlarının birində zahid olmağı belə izah edir: اَلزَّهْدُ كُلُّهُ بَيْنَ كَلِمَتَيْنِ مِنَ الْقُرْآنِ، قالَ اللهُ سُبْحانَهُ لِكَيْلا تَأْسُوْا عَلى ما فاتَكُمْ وَلا تَفْرَحُوا بِما آتاكُمْ «Zahid olmağın bütün həqiqəti Quranın iki cümləsində gəlib. (Allah-təala buyurur:) Keçmişə təəssüflənməyin, gələcəkdə gələnə isə sevinməyin». İmam Əli (ə) bu qanunla bizə öyrətdi ki, zahidliklə dünyanı tərk etməyin fərqini bilək. Çünki bunların fərqini bilməmək bəzilərini, çox şəxsiyyətləri, hətta məsum İmamı tənqid etməyə vadar edib. Nümunə olaraq bu hədisə diqqət yetirək: Məhəmməd ibn Münkədir deyir: «İsti yay günlərinin birində Mədinə şəhərindən çıxdım. Əkin sahələrinin birində İmam Baqiri (ə) yorulmadan işləyən gördüm. Öz-özümə dedim: Qüreyş qəbiləsinin ən böyük şəxsiyyətlərindən biri belə isti havada dünya malının dalıncadır. Gedib ona nəsihət verməliyəm. O Həzrətin hüzuruna gəlib salam verdim. Onun üz-gözündən tər damcılarının axdığını gördüm. Ona dedim: Allah sənə kömək olsun! Belə bir isti havada Qüreyşin şəxsiyyətlərindən birisinin dünya malı dalınca düşməsi düzdürmü? Bu halda sənin əcəlin çatsa, Allaha nə cavab verərsən»? İmam mənim cavabımda buyurdu: «Mənim əcəlim bu halda çatsa, Allaha ibadət edən halda dünyadan gedəcəyəm. Çünki mən bu işimlə özümü və ailəmi sənə və başqalarına möhtac olmağa qoymuram. Mənim qorxum ondadır ki, Allaha günah edən zaman əcəlim çatsın». Məhəmməd ibn Münkədir deyir: O Həzrətin bu cavabını eşidəndə dedim: صَدَقْتَ يَرْحَمَكَ اللهُ، اَرَدْتُ اَنْ اَعِظَكَ فَوَعَظْتَنِي «Düz dedin, Allah öz rəhmətini sənə şamil etsin. Sizə nəsihət vermək istədim, lakin siz mənə nəsihət verdiniz». Başqa bir hədisdə oxuyuruq: Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) eşitdim ki, buyururdu: اِنّي لاَعْمَلُ فِي بَعضِ ضِياعي حَتّى اَعْرَقَ، وَاِنَّ لِي مَنْ يَكْفِينِي، لِيَعْلَمَ اللهُ عَزَّ وَجَلَّ اِنّي اَطْلُبُ الرِّزْقَ الْحَلالِ «Mən bəzi əkin sahələrimdə elə işləyirəm ki, bədənimdən tər axır. Halbuki, bu işi mənim üçün görənlər də var. Lakin bu işi özüm öhdəmə alıram ki, Allah-təala mənim halal ruzi qazanmağımı görsün». Bütün qeyd edilənlərdən belə nəticəyə gəlirik ki, zahid olmaq dünyada qazanc üçün çalışmaqla ziddiyyətdə deyil. Bunların hər ikisi bir həyat qurmaq üçün lazımdır. Günahlardakı istisnaları tanımaq bu barədə mühüm bəhslərdəndir. Hər bir hadisə və hərəkətdə istisna məsələsi olduğu kimi, günahlardan da bir çoxu bəzi vaxtlar caiz, hətta vacib olur. Məsələn: yalandan and içmək böyük günahlardan biridir. Lakin bir müsəlmanın canını zalım bir şəxsin əlindən xilas etmək üçün yalandan and içməyə məcburdursa, bu vaxt yalandan and içmək günah sayılmır. Əks halda yalan danışmaq haram və günahdır. İmam Sadiqdən (ə) nəql olunan bir hədisə əsasən, üç yerdə yalan danışmağın eybi yoxdur. İmam Sadiq (ə) buyurur: «Hər bir yalandan ötrü bir gün (Qiyamət günü) sual olunacaq. Amma üç yerdə yalan danışmağın eybi yoxdur: 1. Bir şəxsin din düşmənləri ilə müharibədə yalanla hiylə işlətməsi. Bu şəxsə heç bir günah yazılmır. 2. İki nəfər küsülünü barışdırmaq məqsədi ilə yalan danışmaq. 3. Bir şəxs öz həyat yoldaşına bir şey vədə verə, amma onun almaq fikrində olmaya. QEYBƏT VƏ ONUN İSTİSNALARI Günahlarda olan istisnalarla daha yaxından tanış olmaq üçün qeybətdə olan istisnalara diqqət edək. Qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Quran ayələrində və hədislərdə qeybət şiddətli surətdə qadağan olunmuşdur. Qeybət bir müsəlmanın ardınca danışıb, onun gizli eyblərdən birini faş etməyə deyilir. Amma başqasının aşkarda olan eybini danışmaq məzəmmət məqsədi ilə olmasa, eybi yoxdur. İmam Sadiq (ə) buyurur: اَلْغِيْبَةُ اَنْ تَقُولَ فِي اَخِيكَ ما سَتَرَهُ الله عَلَيْهِ «Qeybət odur ki, müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş edəsən». «Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq: وَلا يَغْتَبْ بَعْضُكُمْ بَعْضاً اَيُحِبُّ اَحَدُكُمْ اَنْ يَأكُلَ لَحْمَ اَخِيهِ مَيْتاً فَكَرِهْتُمُوهُ «Bir-birinizin qeybətini etməyin. Hansı biriniz ölmüş qardaşının ətini yeməkdən zövq alır? Əlbəttə, heç biriniz. Sizin bu işdən acığınız gəlir». Qeybət eləməyin pislənməsinə aid hədislər çoxdur. Lakin burada iki hədislə kifayətlənirik. 1. İslam Peyğəmbəri (s) buyurur: اَلْغِيْبَةُ اَسْرَعُ فِي دِينِ الرَّجُلِ الْمُسْلِمِ مِن الاكِلَةِ فِي جَوْفِهِ «Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur». 2. Allah-təala Musa peyğəmbərə belə vəhy etdi: مَنْ ماتَ تائِباً مِنَ الْغِيْبَةِ فَهُوَ آخِرُ مَنْ يَدْخُلُ الْجُنَّةَ، وَمَنْ ماتَ مُصِرّاً عَلَيْها فَهُوَ اَوَّلُ مَنْ يَدْخُلُ النّارَ «Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq». Qeybətin bu cür ağır günahlardan olmağına baxmayaraq, bəzi hallarda qeybət etmək caiz və hətta vacib olur. Böyük alim, mərhum Şeyx Ənsari özünün «Məkasib» kitabında yazır: Müsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı məhdud deyil. İstisnalardan bir neçəsini qeyd edirik: 1. Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək. 2. Zalım şəxsin qeybətini etmək. 3. Bir kəsə məsləhət verən zaman qeybət etmək. 4. Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək. 5. Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək. Misal üçün bidətçi şəxsin qeybəti. 6. Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək. 7. Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək. 8. Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır. Misal üçün kar, kor, şil, keçəl və s.. 9. Yanlış fikirli bir kitabı və yaxud məqaləni tənqid edərkən qeybət etmək. «Nisa» surəsinin 148-ci ayəsində oxuyuruq: لا يُحِبُّ اللهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ اِلاّ مَنْ ظُلِمَ «Allah zülmə məruz qalan şəxsdən başqa, bir özgəsinin açıqca pis söz söyləməsini sevməz». Beləliklə, günahlardan olan bəzi istisnalarlı tanış olduq. Bu istisnaların tanımaq insanı günahlardan qorunmasında mühüm oynayır. BÜTÜN MƏNƏVİ DƏYƏRLƏRƏ DİQQƏT YETİRMƏK Günahlarla tanışlığı olan hər bir müsəlman çox ehtiyatlı olmalıdır ki, həyatda bacardığı qədər heç bir günaha bulaşmasın. Çünki bəzi hallarda mühüm işlərə diqqət yetirən zaman kiçik günahlar yaddan çıxır. Bu barədə iki əhvalata diqqət yetirək: 1. «Ühüd» müharibəsi hicrətin üçüncü ilində Ühüd dağı ətrafında baş verdi. Bu müharibədə səhabələrdən birinin oğlu şəhid oldu. Bu şəhidin anası oğlunun qanlı cəsədinin üstünə gəlir, onun üzündən toz-torpağı təmizləyib deyir: «Oğlum, gedəcəyin behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə o qadına xitab edib deyir: «Behiştin ona şirin olmağını haradan bilirsən? Ola bilsin, həyatda faydasız sözlər danışıb və yaxud malı çox olan zaman paxıllıq edib». 2. Səd ibn Məaz «Ühüd» müharibəsində yaralandı. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etdi. Peyğəmbər (s) və başqa müsəlmanlar onu çox böyük ehtiramla dəfn etdilər. Peyğəmbər (s) onun haqqında belə buyurur: «Allaha and olsun, onun dəfn mərasimində 70 min mələk iştirak etdi». Dəfn mərasimindən sonra Sədin anası qəbrin kənarında durub dedi: «Behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə üzünü Sədin anasına tutub dedi: «Sakit ol! Allahdan nə gözləyirsən?! İndi Səd qəbirdə əzab içindədir». Orada olanlar Peyğəmbərdən (s) soruşdular: «Nə üçün Səd qəbirdə əzab çəkir, halbuki sizin ona böyük ehtiramınız var idi?» Peyğəmbər (s) buyurdu: نَعَمْ اِنَّهُ كانَ فِي خُلْقِهِ مَعَ اَهْلِهِ سُوءً «Düzdür, o qəbirdə əzab çəkir, çünki o öz ailəsi ilə pis davranırdı». |