7. GÜNAHLARIN TƏSİRİNDƏN QORXMAQ VƏ ALLAHDAN HƏYA ETMƏK Günahları təmizləyən amillərdən biri də günahların təsir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz və öz Allahından həya edib, günahlardan qorunar.» O Həzrət başqa hədisdə buyurur: «Allahdan elə həya et ki, elə bil onu görürsən və sən Onu görməsən də O səni görür». İslam Peyğəmbəri (s) buyurur: «Mömin günahı belə təsəvvür edir: Sanki böyük bir daşın altında durub və o daşın uçmağından qorxur. Amma kafirin günaha münasibəti onun burnunun yanından keçən bir milçəyin vızıltısına bənzəyir». İmam Əli (ə) buyurur: «Öz günahından savayı heç bir şeydən qorxma!» İmam Sadiq (ə) buyurur: اَلْعَجَبُ مِمَّنْ يَخافُ الْعِقابَ وَلَمْ يَكُفَّ «Təəccüb edirəm o şəxsə ki, Allahın əzabından qorxur, bununla belə günah edir». Yəni Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz. İslamda düzgün ibadətin digər mənəvi faydaları ilə birlikdə insanı günahdan qorumaqda da mühüm rolu vardır. Ümumiyyətlə ibadət etməkdə məqsəd Allahı tanımaqdan sonra günahlardan qorunmaqdır. İslam dinində bütün ibadətlər təkcə Allaha görə olmalıdır. Bu niyyətlə hər gün ibadət etmək insanın Allahla rabitəsini möhkəmləndirir; insanı Ona daha yaxın edir. «Bəqərə» surəsinin 183-cü ayəsində oruc tutmağın son məqsədi günahlardan təmizlənmək kimi qeyd olunmuşdur. "Ənkəbut» surəsinin 45-ci ayəsində isə namaz qılmaqdan məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilmişdir. Bu barədə bir çox hədislər də vardır: 1. İslam Peyğəmbəri (s) buyurur: مَثَلُ الصَّلواةِ كَمَثَلِ النَّهْرِ الجارِي، كُلَّما صَلّى، كُفِّرَتْ ما بَيْنَهُما «Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahlar təmizlənir». 2. İmam Sadiq (ə) buyurur: مَنْ اَحَبَّ يَعْلَمَ اَقُبِلَتْ صَلاتُهُ اَمْ لَمْ تُقْبَلْ فَلْيَنْظُر: هَلْ مَنَعَتْ صَلاتُهُ عَنِ الْفَحْشاءِ وَالْمُنْكَرِ؟ فَبِقَدْرِ ما مَنَعَتْهُ قُبِلَتْ مِنْهُ «Namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyən şəxs namazına baxmalıdır. İbadət edənin namazı onu günahdan nə qədər çəkindirirsə, bir o qədər də Allah dərgahında qəbuldur».(Üsuli-kafi, 2-ci cild,
275-ci səh.) 3. İmam Əli (ə) buyurur: وَالصَّلاةَ تَنْزِيهاً عَنِ الْكبْرِ... واَالنَّهيَ عَنِ الْمُنْكَرِ رَدْعاً لِلسُّفَهاء «Allah-təala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi». Günahlardan təmizlənməkdə diqqət olunası mövzulardan biri də günahların müalicə yollarıdır. Hər bir günahın öz dərmanı və öz müalicə yolu vardır. Bu mövzu əxlaq elmində geniş surətdə araşdırılır. Lakin biz burada bir neçə mövzunu açmağa kömək edən hədisə işarə edirik. 1. Əmmar Yasir deyir: «Kufə şəhərinin küçələrinin birindən keçirdim. Bu zaman İmam Əlini (ə) gördüm. Bir dəstə adam onun başına toplaşmışdı. O Həzrət isə günahların hər birinin müalicə yollarını onlara öyrədirdi». İmam Əli (ə) başqa bir hədisdə buyurur: لا وَجَعَ اَوْجَعُ لِلْقُلُوبِ مِنَ الذُّنُوب «Qəlblərin ən çətin dərdi günah dərdidir».(Nəhl», 125.) 2. İmam Baqir (ə) buyurur: لِكُلِّ داء دَواءٌ، وَدَواءُ الذُّنُوبِ اَلاِْسْتِغْفارُ «Hər dərdin dərmanı var. Günahların dərdi isə tövbədir». 3. İmam Əli (ə) buyurur: داوُوا بِالتَّقْوى اَلاَْسْقامَ «Təqvanın (günah etməməyin) vasitəsi ilə dərdlərinzə dərman edin». Burada günahların müalicə yollarından biri haqqında söhbət açacağıq. Belə ki, qeybət etməyə adət edən şəxs bu günahı iki yolla müalicə edə bilər. 1. Qeybət haqqında olan ayə və hədisləri oxusun və onun haqqında deyilən ilahi əzablar barədə fikirləşsin. 2. Qeybəti diqqətlə araşdırıb təhlil etsin. Sonra qeybətə səbəb olan həsəd, lovğalıq, paxıllıq və bu kimi amilləri tanısın, daha sonra bu amilləri məhv etməyə çalışsın. Bu vaxt qeybətə səbəb olan amillərin məhv olmasına görə qeybəti də tərk etmək asan olacaq. İSLAMDA GÜNAHKARLARLA RƏFTAR İslam dinində bütün camaata vacibdir ki, tam qüdrətlə günahkarları pis yoldan və etdiyi günahlardan çəkindirsinlər. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur: اِنَّ الاَْمْرَ بِالْمَعْرُوفِ وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الاَْنْبِياء وَمِنْهاجُ الصُّلَحاء فَرِيضَةٌ عَظِيمَةٌ، بِها تُقامُ الْفَرائِضُ وَتَأمَنُ الْمَذهِبُ وَتُحِلُّ الْمَكاسِبُ وَتُرَدُّ الْمَظالِمُ وَتُعْمَرُ الاَْرْضُ وَيُنْتَصَفُ مِنَ الاَْعْداء وَيَسْتَقِيمُ الاَْمْرُ "Əmr be məruf (yaxşı işlərə dəvət etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) Peyğəmbərin (s) və saleh adamların yolu və iki böyük ilahi vaciblərdəndir. Bu iki vacibin vasitəsi ilə başqa vaciblərə əməl olunur, yollarda əmin-amanlıq yaranır, camaatın qazandığı pullar halal olur və xalqın hüququ təmin olunur. Həmçinin, bu iki vacibin köməyi ilə yerlər abad olur, düşmənlərdən intiqam alınır və bütün işlər öz yoluna düşür». İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir. Allah-təala Öz peyğəmbəri Həzrəti Məhəmmədə (s) xitab edib buyurur: اُدْعُ اِلى سَبِيلِ رَبّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجادِلْهُمْ بِالَّتي هِيَاَحْسَنُ «Onları hikmətlə, gözəl-gözəl öyüdlərlə Allah yoluna dəvət et və onlarla mübahisədə ən yaxşı yollardan istifadə et!»(«Nəml», 90.) «Möminun» surəsinin 96-cı ayəsində buyurur: اَدْفَعْ بِالَّتي هِيَ اَحْسَنُ السَّيِّئَةِ «Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et». İslam dinində bəzi vaxtlar günahkar şəxs ictimai cəhətdən tənbeh olmalıdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirin. 1. «Nur» surəsinin 3-cü ayəsində qeyd olunur ki, zinakarların tənbehi budur ki, onlar pak qadınlarla evlənə bilməzlər. 2. Həmin surənin 4-cü ayəsində isə göstərilir: «Pak və iffətli şəxslərə şahid olmadan böhtan atan şəxsin tənbehi budur ki, onların bu sözü qəbul edilmir və onlara şallaq vurulmalıdır». 3. «Tövbə» surəsinin 28-ci ayəsinə görə müşriklər Məscidül-Hərama daxil ola bilməzlər. 4. Həmin surənin 118-ci ayəsinə əsasən, İslam Peyğəmbəri (s), müsəlmanlar və hətta onların arvad-uşaqları, cihadda iştirak etməkdən boyun qaçıran üç şəxslə danışmamalıdır. Bu üç şəxs yaranmış vəziyyətə dözə bilməyib tövbə etdilər. Allahın fərmanı ilə Peyğəmbər (s) onların tövbəsini qəbul etdi. 5. «Nisa» surəsinin 140-cı ayəsinə görə Quran ayələrini inkar və istehza edənlərlə oturub-durmaq qadağandır. Günahkarla necə davranmaq haqqında çoxlu hədislər var. Onlardan bir neçəsini qeyd edirik. 1. İmam Əli (ə) buyurur: اَدْنَى الاِْنْكارُ اَنْ تُلْقى اَهْلَ الْمَعاصِي بِوُجُوه مُكْفَهرَة «Günahkarları pis işlərdən çəkindirməyin ən aşağı dərəcəsi, onlarla acıqlı (və qaşqabaqlı) davranmaqdır» 2. İmam Sadiq (ə) Haris ibn Müğəyrə adlı bir səhabəsinə buyurdu: «Nə üçün filan dostunun pis iş törətdiyini eşidəndə onu tənbeh edib günahdan çəkindirmədin?» Haris dedi: «O mənim sözümü qəbul etməz». İmam Sadiq (ə) buyurdu: اُهْجُرُوهُمْ وَاجْتَنِبُوا مَجالِسَهُمْ «Onunla oturub-durma və ondan uzaqlaş». 3. İmam Kazim (ə) zalım padşah haqqında buyurur: «Mənim uca bir binanın üstündən düşüb parça-parça olmağım zalım padşahın sarayında işləməkdən və ya onların xalçasının üstünə qədəm qoymaqdan yaxşıdır». Davud ibn Əli (Mədinə şəhərinin rəisi və cinayətkar şəxslərdən biri idi) Müəlla ibn Xünəysi (İmam Sadiqin böyük şagirdlərindən biri idi) öldürdü və onun bütün var-dövlətini müsadirə etdi. İmam Sadiq (ə) bu xəbəri eşidəndə Davudun yanına gedib dedi: «Sən mənim dostumu öldürdün və onun varını qarət etdin. Allaha and olsun, sənə nifrin (qarğış) edəcəyəm». Davud İmamın bu sözünə istehza edib dedi: «Sən məni qarğış etməklə qorxudursan?!» İmam Sadiq (ə) evinə qayıtdı və bütün gecəni namaz qılmaqla keçirtdi. Sübh vaxtı Allaha belə xitab etdi: «Ey qüdrətlilərin qüdrətlisi olan Allah! İlahi, Sənin elə bir izzətin var ki, bütün yaranışlar Sənin qarşında acizdirlər. Mənim intiqamımı bu zalımdan al!» Bu nifrindən bir saat keçməmişdi ki, Davudun ölüm xəbəri gəldi. İMAM KAZİMİN (Ə) GÜNAHKARLARLA RƏFTARI Bəzən günahkarla mülayim və mehribanlıqla davranılmalıdır. Çünki belə davranış onları düz yola hidayət edəcək. Bu barədə maraqlı bir əhvalata diqqət yetirək. İmam Kazimin (ə) vaxtında xəlifənin yaxın adamlarından biri O Həzrəti görəndə ədəbsizlik edir və imama nalayiq sözlər deyirdi. Həmçinin o İmam Əliyə (ə) da xəyanət edirdi. Bir gün İmam Kazimin (ə) dostlarından bir neçəsi İmama dedilər: İcazə ver, onu öldürək! İmam isə qətiyyətlə bu işi məsləhət görmədi. O kişinin yerini soruşdu. Onun bir əkin sahəsində işlədiyini dedilər. İmam öz ulağına minib əkin yerinə tərəf yollandı və onun əkin sahəsinə girdi. Kişi uzaqdan qışqırdı: «Mənim yerimi ayaqlama». İmam isə yenə də öz ulağı ilə hərəkət edib o kişinin yanına gəldi. Ulaqdan düşüb xoş üzlə salam verdi. Sonra şirin-şirin sözlərlə onunla söhbətə başladı. İmam ondan soruşdu: Bu əkin yerinə nə qədər xərcin çıxıb? Kişi cavab verdi: Yüz dinar. İmam soruşdu: Bəs bu yerdən nə qədər məhsul götürməyə ümidin var? O dedi: Mənim qeybdən xəbərim yoxdur! İmam dedi: Mən səndən soruşdum ki, nə qədər məhsul götürməyə ümidin var? Kişi cavabında dedi: 200 dinarlıq məhsul götürməyə ümid edirəm. İmam Kazim (ə) içində 300 dinar pul olan bir kisəni ona verib buyurdu: Bunu al, götürəcəyin məhsul da sənin olsun! İmamın bu davranışı o kişiyə o qədər təsir etdi ki, yerindən qalxıb İmamın alnını öpdü və dedi: «Məni bağışla, mənim təqsirlərimdən keç!» İmam Kazim (ə) onun yanından qayıtdı və sabahı gün məscidə getdi. O kişi də məsciddə idi. İmamı görcək bu ayəni oxudu: اللهُ اَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَهُ «Allah-təala daha yaxşı bilir ki, öz risalətini hansı ailəyə versin». Kişinin dostları bu sözdən sonra onun yanına gəlib, belə danışmağının səbəbini soruşdular. O, İmamla olan əhvalatı dostlarına söylədi. İmam Kazim (ə) isə evə qayıdanda kişini öldürmək istəyənlərə dedi: Hansı yaxşı idi: sizin dediyiniz, yoxsa mənim onunla etdiyim rəftar?! ŞƏRİƏT HÖKMLƏRİNDƏ GÜNAHKARLA DAVRANIŞ MƏSƏLƏSİ İslam şəriət hökmlərində günahkarla davranış haqqında çox dəqiq göstərişlər vardır. Bu göstərişlərə düzgün əməl olunsa, günahkarların günahdan uzaqlaşmasına mühüm təsir edəcəkdir. Misal üçün, islam dinində gələn hüdud, diyə, qisas və təzir kimi hökmlərin kamil surətdə icrası günahın cəmiyyətdən yığışmasında müstəsna rol oynayacaqdır. İslamda təkid olunan göstərişlərdən bəziləri: Şərab içənlərə qız verməyin. Günahkara zəkat düşmür. Günah işdən ötrü səfərə çıxan şəxsin namazı bütövdür. Ərli arvad və ya evlənmiş kişi zina etsə, edam olunmalıdır. Ərinə itaət etməyən arvadın nəfəqəsini (dolanışığını) təmin etmək ərinə vacib deyil. Oğrunun əli kəsilməli və ona rəhm olunmamalıdır. Şərab olan süfrənin başında oturmaq qadağandır. Hətta o süfrədə çörək yemək də haram və günahdır. İslamda olan bu cür hökmlər insanlarla nə cür davranmağı bildirir. Bu hökmlərin hər biri öz növbəsində günahkarı etdiyi günahdan çəkindirməkdə özünə məxsus rol oynayır. |