7. TÖVBƏNİN PARLAQ NƏTİCƏLƏRİ
Tövbə və onun Allah tərəfindən qəbul olunması Allahın böyük nemətlərindəndir. Tövbənin bir çox gözəl nəticələri var. O cümlədən: 1. Xalis tövbə günahkar insanı daxilən elə saflaşdırır ki, elə bil ki, günah etməyib.
İmam Baqir (ə) buyurur:
التّائبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ
«Günahdan tövbə edən şəxs günah etməyən şəxs kimidir».
Həqiqi tövbə günahların insanın ruhunda qoyduğu təsirləri məhv edir.
İmam Sadiq (ə) buyurur:
«Bəndə tövbə edəndə Allah-təala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahlarını yazan mələklərin yadından çıxarır. Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar».
Sonra buyurdu:
فَيَلْقَى اللهَ حِينَ يَلْقاهُ وَلَيْسَ شَـْيءٌ يَشْهَدُ عَلَيْهِ بِشَـْيء مِنَ الذُّنُوبِ
«Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq».
Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində möminlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin beş nəticə və səmərəsinə işarə olunub:
1. Günahların bağışlanması.
2. Allahın nemətləri ilə dolu olan behiştinə daxil olmaq.
3. Qiyamətdə rüsvay olmamaq.
4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir.
5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mənəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.
Başqa sözlə, həqiqi tövbə insanı Allah dərgahında o qədər sevimli edir ki, Allah-təala bəndəsinə qarşı çox xoşhal olur. Onu özünə dost seçir və onu bəndələrinin ən sevimlisi hesab edir.
İmam Kazim (ə) buyurur:
وَاَحَبُّ الْعِبادِ اِلَى اللهِ تَعالى اَلْمُفَتَّنُونَ التَّوّابُونَ
«Allahın ən sevimli bəndələri o kəslərdir ki, (bilmədən) günah etdikdən sonra çoxlu tövbə etsinlər».
Məsum İmamlarımızın birindən çatan başqa bir hədisdə oxuyuruq: «Allah-təala tövbə edən şəxslərə üç nemət verir ki, onlardan birini bütün yerlərin və göylərin əhalisinə versəydi, nicat tapardılar».
1. «Onlara belə bir müjdə verilib ki, «Allah-təala onları (tövbə edənləri) sevir.»(«Mömin», surəsi, ayə 7-9.) «Və Allah sevdiyi və istədiyi şəxsə əzab verməz».
2. «Allahın ən yüksək dərəcəli bəndələri tövbə edənlərin günahlarının bağışlanması üçün dua edir və onların Allah dərgahında dərəcələrinin daha da ucalmasını arzu edirlər».(Fürqan», surəsi, 68-70-ci
ayələr.)
3 «Tövbə edən şəxslərin günahları pozulur, Allah onlara rəhmət və əmin-amanlıq müjdəsi verir».(Biharül-ənvar, 71-ci
cild, 332-ci səh.)
Tövbə bəhsinin sonunda İmam Səccadın (ə) Allahla etdiyi raz-niyazdan bir hissəyə diqqət yetirək. O Həzrət Allaha belə ərz edir:
اِلهي اَنْتَ الَّذِي فَتَحْتَ لِعِبادِكَ باباً اِلى عَفْوِكَ، سَمَّيْتَهُ التَّوْبَةَ، فَقُلْتَ: تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً، فَما عُذْرُ مَنْ اَغْفَلَ دُخُولَ الْبابِ بَعْدَ فَتْحِهِ؟
«Ey mənim Allahım! Sən bəndələrinin günahlarını bağışlamaq üçün bir qapı açdın. O qapının adını da tövbə qoydun. Sonra buyurdun: Allaha xalis tövbə edin! Daha bundan sonra bu qapıya daxil olmayan şəxsin üzrü nədir?»
GÜNAHIN VURDUĞU ZƏRƏRLƏRİ ARADAN QALDIRMAQ
Yuxarıda qeyd etdik ki, tövbənin mühüm şərtlərindən biri də günahın zərərlərini məhv edib aradan qaldırmaqdır. İslamda bunun adını «Kəffarat və yaxud təkfir» (ikisi də örtmək və təmizləmək mənasını verir) qoyurlar.
«Təkfir» ihbat sözünün müqabilidir. İhbat, yəni insan böyük bir günah etməklə özünün yaxşı işlərini Allah dərgahında puç etsin. «Təkfir» (kəffarat sözündəndir) isə yəni insan keçmiş günahlarının təsirini öz vücudundan təmizləsin. Başqa sözlə, tövbə iki mərhələdən təşkil olunur:
1. Günahları tərk etmək.
2. Yaxşı işlər görməklə günahların təsirini aradan qaldırmaq.
Misal üçün, bir müddət ata-anasını incidən şəxs tövbə etdikdən sonra təkcə buna kifayətlənməməlidir. O bundan sonra yaxşı işlər görməli və elə yaxşı övlad olmalıdır ki, ata-anasının xatirindən əvvəlki hərəkətlərinin acılığı təmizlənsin.
GÜNAHIN TƏSİRİNİN TƏMİZLƏNMƏSİ BARƏDƏ OLAN QURAN AYƏLƏRİ
1. «Rəd» surəsinin 22-ci ayəsində oxuyuruq:
وَيَدْرَئُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ
«Düşüncəli şəxslər o kəslərdirlər ki, yaxşı işlər görməklə pis işlərini (və onların qoyduğu təsiri) məhv edirlər».
2. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq:
اِلاّ مَنْ تابَ وَآمَنَ وَعَمِلَ صالِحاً فَاوُلئِكَ يُبَدِّلُ اللهُ سَيِّئاتِهِمْ حَسَنات
«Allah ancaq tövbə eləyən, iman gətirən, yaxşı iş görən şəxslərin pis işlərini yaxşı işlərlə əvəz edər ».
3. «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq:
وَاَقِمِ الصَّلوةَ طَرَفَي النَّهارِ وَزُلْفاً مِنَ اللَّيْلِ اِنَّ الْحَسَناتِ يُذْهِبْنَ السَّيِّئاتِ
«Gündüzün iki vaxtında və gecəyə yaxın saatlarda namaz qılın. Çünki yaxşı işlər pis işləri yuyub aparır».
4. «Nisa» surəsinin 31-ci ayəsində oxuyuruq:
اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئاتِكُمْ
"Əgər sizə haram olan böyük günahlardan çəkinsəniz Biz sizin kiçik günahlarınızdan keçərik».
5. "Ənkəbut» surəsinin 7-ci ayəsində oxuyuruq:
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئاتِهِمْ
«O kəslər ki, iman gətirib və saleh işlər görüblər, mütləq onların günahlarını örtərik».
Günahları örtməkdən məqsəd onların qoyduğu zərərləri məhv etməkdir, yəni bağışlamaqdır.
6. «Ali-İmran» surəsinin 195-ci ayəsində oxuyuruq:
...فَالَّذِينَ هاجَرُوا وَاُخْرِجُوا مِنْ دِيارِهِمْ َاُوذُوا فِي سَبِيلي وَقاتَلُوا وَقُتِلُوا لاَُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئاتِهِمْ
«O kəslər ki, hicrət ediblər, yurdlarından qovulublar, Mənim yolumda əzab çəkiblər, vuruşublar və öldürülüblər onların pisliklərini təmizləyərəm».
Bu ayələrdən belə nəticə alırıq ki, Allah dərgahında elə bir tövbə qəbul olub insanın günahlarını yuyur ki, Allaha iman, yaxşı işlər, namaz, Allah yolunda yurdundan hicrət etmək, Allah yolunda məşəqqətə düşmək, cihad və şəhid olmaqla birlikdə olsun. Yoxsa, tövbə etmək keçmiş günahların təsirini aradan qaldırmayacaq.
GÜNAHIN TƏSİRİNİN TƏMİZLƏNMƏSİ HAQQINDA HƏDİSLƏR
Hədislərdə qətiyyətlə təkid olunub ki, tövbə edən zaman təkcə peşman olmaq və günahlardan çəkinmək kifayət deyil. Tövbə edən şəxs yaxşı işlər görməklə günahların təsirini məhv və özünü islah etməlidir. Bu barədə olan bəzi hədislərə diqqət yetirək:
1. İslam Peyğəmbəri (s) buyurur:
اتَّقِ اللهَ حَيْثُ كُنْتَ، وَخالِقِ النّاسِ بِخُلْق حَسَن وَاِذا عَمِلْتَ سَيِّئَةً فَاعْمَلْ حَسَنَةً تَمْحُوها
«Harada olsan Allahdan həya et! Camaatla yaxşı rəftar et! Nə vaxt günah etdin, ondan sonra yaxşı bir iş gör ki, günahı məhv etsin!».
2. İmam Sadiq (ə) buyurur:
... مَنْ عَمِلَ سَيِّئَةً فِي السِّرِّ فَلْيَعْمَلُ حَسَنَةً فِي السِّرِّ، وَمَنْ عَمِلَ سَيِّئَةً فِي الْعَلانِيَةِ فَلْيَعْمَلْ حَسَنَةً فِي الْعَلانِيَةِ
«Gizlində günah edən şəxs əvəzində gizlində də yaxşı iş görməlidir. Və aşkarda günah edən şəxs aşkarda yaxşı iş görməlidir».
3. İmam Baqir (ə) buyurur:
اَلتَّائِبُ اِذا لَمْ يَسْتَبِنْ اَثَرَ التَّوْبَةِ فَلَيْسَ بِتائِب: يُرْضِي الْخُصَماءَ وَيُعِيدُ الصَّلَواتِ، وَيَتَواضَعَ بَيْنَ الْخَلْقِ، يَتَّقِي نَفْسَهُ عَنِ الشَّهَواتِ...
«Tövbə edənin işlərində tövbənin əlamətləri olmasa, onun tövbəsi həqiqi deyil. (Tövbənin əlaməti budur:) Boynunda haqqı olan şəxsləri razı salsın, qəzaya getmiş namazlarını qılsın, möminlərin qarşısında təvazökar olsun və özünü nəfsinin tüğyan etməsindən qorusun».
4. İmam Əli (ə) buyurur:
ثَمَرةٌ التَّوْبَةِ اِسْتِدْراكُ فَوارِطِ النَّفْسِ
«Tövbə etməyin səmərəsi günahların vurduğu zərəri aradan qaldırmaqdır».
İmam Baqir (ə) buyurur:
ما اَحْسَنَ الْحَسَناتِ بَعْدَ السَّيِّئاتِ
«Günah işləri tərk etdikdən sonra yaxşı işlər görmək nə qədər gözəldir»!
5. İmam Kazim (ə) buyurur:
مِنْ كَفّاراتِ الذُّنُوبِ الْعِظامِ، اِعانَةُ الْمَلْهُوفِ والتَّنْفِيسُ عَنِ الْمَكْرُوبِ
«Pənahsız şəxsə sığınacaq vermək və qəmli şəxslərin qəmini silmək böyük günahların təsirini aradan qaldıran amillərdəndir».
6. Bir nəfər İslam Peyğəmbərindən (s) soruşdu: «Qeybət etməyin təsirini hansı işlə təmizləyək?» O həzrət buyurdu:
تَسْتَغْفِرْ لِمَنْ اِغْتَبْتَهُ
«Qeybətini etdiyin şəxsin, Allahdan bağışlanmasını istə».
7. İmam Baqir (ə) buyurur:
ثَلاثٌ كَفّاراتٌ: اِفْشاءُ السَّلامِ وَاِطْعامُ الطَّعامِ، وَالتَّهَجُّدُ بِاللَّيْلِ وَالنّاسُ نِيّامْ
«Üç iş günahları təmizləyən işlərdən hesab olunur:
a. Ucadan salam vermək.
b. Başqalarına təam (ehsan) vermək.
v. Gecələr camaatın yatan vaxtında ibadət etmək.
8. O Həzrət başqa hədisdə belə buyurur:
اَرْبَعٌ مَنْ كُنَّ فِيهِ وَكانَ مِنْ قَرْنِهِ اِلى قَدَمِهِ ذُنُوباً بَدَّلَها اللهُ حَسَنات: اَلصِّدْقُ وَالْحَياءُ وَحُسْنُ الْخُلْقِ وَالشُّكْرُ
«Dörd xislət hər kimdə olsa, başdan-ayağa günaha bulaşıq da olsa, Allah onun günahlarını (tövbə etdikdən sonra) bağışlayacaq:
a) Düz danışmaq;
b) Həyalı olmaq;
v) Camaatla yaxşı əxlaqla davranmaq;
q) Allaha şükr etmək.(Biharül-ənvar, 73-cü cild,
157-ci səh)
9. İslam Peyğəmbəri (s) buyurur:
«Bəzi günahlar hətta namaz qılmaqla və Allah yolunda ehsan verməklə belə təmizlənməz.» «Bir nəfər soruşdu: Bəs hansı işlərlə bu günahlar təmizlənir?
O Həzrət buyurdu:
اَلْهُمُومُ فِي طَلَبِ الْمَعِيشَةِ
«Qazanc yolunda məşəqqətə düşməklə».(Biharül-ənvar, 85-ci
cild, 162-ci səh.)
10. Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi:
«Günahlarım çox, yaxşı işlərim isə azdır».
Peyğəmbər (s) buyurdu:
اَكْثِرِ السُّجُودَ فَاِنَّهُ يَحُطُّ الذُّنُوبَ كَما تَحُطُّ الرَّيحُ وَرَقَ الشَجَرِ
«Çoxlu səcdə et! Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə də günahları təmizləyir».(Vəsailüş-şiə, 15-ci cild,
584-cü səh.)
GÜNAHLARI TƏMİZLƏMƏYİN YOLLARI
Tövbə etdikdən sonra yaxşı işlərlə günahları təmizləmək üçün müxtəlif yolları var:
Yoxsullara maddi kömək göstərmək, Allah yolunda cihad etmək, oruc tutmaq, gecələr ibadət etmək və... bu kimi işlərlə günahları təmizləmək olar. Amma yaxşı olar ki, hər günahı onun ziddi olan bir işlə təmizləyək. Misal üçün: Hicabsızlığın günahını iffətli olmaqla, qeybətin günahını dili nəzarətdə saxlamaqla (yəni hər kəs öz dilinə saxlamalıdır), zülmkarlığın günahını məzlumlara kömək edib, yoxsulların əlindən tutmaqla təmizləmək lazımdır. Həmçinin naməhrəm qadınlara baxmağın günahını Qurana nəzər etməklə, ilahi alimlərin, ata və ananın üzünə tamaşa etməklə silmək olar. Bu mətləbin izahında hədislərin bəzisindən istifadə edirik. İmam Sadiq (ə) buyurur:
كَفّارَةٌ عَمَلِ السُّلْطانِ قَضاءُ حَوائِجِ الاِْخْوانِ
«Zalım hakim (tövbə etdikdən sonra) öz (dini) qardaşlarının ehtiyaclarını ödəməklə günahlarını təmizləyə bilər».(Məcməül-bəyan, 5-ci
cild, 67-ci səh. İmam Baqir (ə)-dan nəql edilib.)
GÜNAHIN TƏMİZLƏNMƏSİ HAQQINDA BİR NEÇƏ HEKAYƏ
1. Əbu Lübabə Peyğəmbərin (s) səhabələrindən idi. Onun qabaqcadan yəhudilərin Bəni-qüreyzə qəbiləsi ilə qohumluğu var idi. Yəhudilərin Peyğəmbərin (s) qarşısında müqavimət göstərmələrindən sonra, O Həzrət yəhudi qəbilələrini islam dininin mərkəzi olan Mədinə şəhərindən sürgün etməyi və onların başçılarını qətlə yetirməyi qərara aldı. Bəni-qüreyzə qəbiləsi bu vaxt bir qalada mühasirədə idilər. Ovs qəbiləsindən bəzi şəxslər Peyğəmbərin (s) hüzuruna gəlib yəhudilərin bağışlanmasını xahiş etdilər. Peyğəmbər (s) onlara buyurdu:
Razısınızmı ki, yəhudilərin haqqında qəzavət (mühakimə) etməyi sizin qəbilənizdən bir nəfərə tapşırım?
Ovs tayfasından gələnlər bu suala müsbət cavab verdilər. Peyğəmbər (s) Səd ibn Məazı bu iş üçün təyin etdi. Lakin Bəni-qüreyzə qəbiləsi Sədin bu işə təyin olunmasına razı olmadılar. Onlar Əbu Lübabəni onlarla müzakirə etməyə təyin olunmasını tələb etdilər. Peyğəmbər (s) Əbu Lübabəni onlarla müzakirə etməyə göndərdi. Onlar Əbu Lübabənin ətrafına toplaşıb özlərinin yazıq və zəif olmalarını izhar etdilər. Onlar həmçinin Əbu Lübabədən soruşdular ki, Səd ibn Məazın bizim haqqımızda hakim olmasına razı olaq, ya yox?
Əbu Lübabə dedi: Eybi yoxdur. Lakin əli ilə boynuna işarə etdi. Yəni Səd sizin hakiminiz olsa boynunuz vurulacaq. Bununla da o müsəlmanların hərbi sirlərindən birini düşmənlər üçün faş etdi. Amma tez öz günahını başa düşdü və bildi ki, Peyğəmbərə (s) və müsəlmanlara xəyanət edib. O biri tərəfdən "Ənfal» surəsinin 27 və 28-ci ayələri Allaha və Onun Peyğəmbərinə (s) xəyanət etməyi qadağan etmişdir. Əbu Lübabə o qədər narahat və xəcalətli idi ki, daha Peyğəmbərin (s) hüzuruna qayıtmadı. O, birbaşa məscidə getdi və özünü məscidin sütunlarından birinə bağladı. Əbu Lübabə 10 gün orada qaldı. O, Allaha dua edir və günahının bağışlanmasını istəyirdi. Bu vaxt «Tövbə» surəsinin 102-ci ayəsi nazil oldu və onun tövbəsinin qəbul olunmasını elan etdi.
Maraqlı budur ki, Əbu Lübabə öz günahını yumaq üçün Peyğəmbərə (s) ərz etdi: Tövbənin qəbul olunmasının şükrünü yerinə yetirmək üçün bütün var-dövlətimi Allah yolunda paylamaq istəyirəm.
Peyğəmbər (s) buyurdu: Varının hamısını paylamağa icazə vermirəm.
«O ərz etdi: Onda üçdə iki hissəsini.
Peyğəmbər (s) buyurdu: O da çoxdur.
O, ərz etdi: Onda icazə ver, malımın üçdə bir hissəsini yoxsullara paylayım.
Peyğəmbər (s) qəbul etdi. Əbu Lübabə varının üçdə birini Allah yolunda payladı.(Səfinətül-bihar, 1-ci
cild, 516-cı səh.)
2. İki qardaş birlikdə Həcc əməllərini yerinə yetirmək üçün Məkkə şəhərinə tərəf yola düşdülər. Onlardan birinin adı Yəqub idi. Səfər zamanı bu iki qardaşın arasında inciklik yarandı. Onlar dava etdikdən sonra küsərək bir-birindən ayrıldılar və bununla də böyük bir günah etmiş oldular. Bu səfərdən sonra Yəqub Mədinə şəhərinə gəlib İmam Musa Kazimin (ə) hüzuruna çatdı. İmam (ə) ona buyurdu:
«Sən filan yerdə qardaşınla dava etdin. Bir-birinizə nalayiq sözlər dediniz. Bu cür hərəkətlər mənim və ata-babalarımın dini ilə ziddir. Allahdan qorx! Bunu bil ki, bir-birinizlə dava edib ayrıldığınıza görə tezliklə ölüm sizi bir-birinizdən ayıracaq. Qardaşın bu səfərdən vətənə qayıtmazdan əvvəl dünyasını dəyişəcək. Sən isə peşman olacaqsan».
Tutduğu işdən çox nigaran olan Yəqub İmama ərz etdi: Bəs mənim aqibətim necə olacaq?
İmam Kazim (ə) buyurdu:
اَمّا اِنَّ اَجَلَكَ قَدْ حَضَرَ حَتّى وَصَلْتَ عَمَّتَكَ بِما وَصَلْتَها بِهِ فِي مَنْزِلِ كَذا وَكَذا فَزِيدَ فِي اَجَلِكَ عِشْرُونَ
«Sənin də ömrün sona çatmışdı. Lakin yarı yolda filan yerdə yaşayan bibinin yanına getdin və onu özündən razı saldın. Buna görə sənin ömrün 20 il artdı».
İmamın dediyi kimi də oldu: Yəqubun qardaşı o səfərdə dünyasını dəyişdi, özü isə o hadisədən sonra 20 il yaşadı.(Üsuli-kafi, 2-ci cild,
162-ci səh.)
Deməli, Yəqub bibisini yoxlamaqla əvvəlki günahını bir növ bağışlatdırdı.
3. «Nəkə» tayfasının böyüklərindən bir nəfər İmam Baqirin (ə) hüzuruna gəldi və ərz etdi:
Mən Həccacın (Əbdül Məlikin tərəfindən Kufədə hakim olan zülmkar şəxs) zamanından indiyə qədər, (əməvi xəlifələrinin tərəfindən) hökmdar olmuşam. Mən tövbə edə bilərəmmi?»
İmam sükut etdi. O, sualını təkrar etdi. İmam buyurdu:
لا حَتّى تُؤَدِّيَ اِلى كُلّ ذِي حَقٍّ حَقَّهُ
«Təkcə o vaxt tövbən qəbuldur ki, haqlarını yediyin şəxslərin hamısının haqqını özlərinə qaytarasan».
4. Əbu Xədicə deyir ki, İmam Sadiq (ə) buyurdu:
Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəldi və dedi: Cahiliyyət dövranında (yəni islamdan qabaqkı dövrdə) bir qızım oldu. Onu saxladım. O daha həddi-buluğa çatmışdı. Bir gün təzə paltarlarını ona geyindirib, bir quyunun kənarına apardım. Sonra onu quyuya atdım. Ondan eşitdiyim axırıncı söz bu idi: Atacan!) İndi isə peşman olmuşam. Sizdən istəyirəm ki, buyurasınız, mən bu günahımı hansı işlə yuya bilərəm?
Peyğəmbər (s) buyurdu: Anan varmı?
O dedi: Xeyr.
Peyğəmbər (s) buyurdu: Xalan necə, varmı?
O dedi: Bəli.
O Həzrət buyurdu:
فَاَبْرِزْها فَاِنَّها بِمَنْزِلَةِ الاُْمِّ يُكَفِّرْ عَنْكَ ما صَنَعْتَ
«Onda xalana yaxşılıq et! Çünki o da ana kimidir. Ona yaxşılıq etsən, günahın yuyulacaq». Əbu Xədicə deyir: Mən İmam Sadiqdən (ə) soruşdum ki, bu hadisə nə vaxt baş vermişdir?
İmam buyurdu: «Bu hadisə cahiliyyət dövründə baş vermişdi. Çünki o dövrdə qızları başqa qəbiləyə əsir düşüb uşaq dünyaya gətirməsin deyə, öldürürdülər».(Biharül-ənvar, 48-ci cild.)
5. Əli ibn Yəqtin, Harun Ər-Rəşidin vəziri və İmamlarımızın dostlarından idi. O, Harunun vəziri olmaq üçün gizlində İmam Kazimdən icazə almışdı ki, bu işlə müsəlmanlara xidmət etsin. Bir gün İbrahim adlı bir dəvə otaran ehtiyac üzündən Əli ibn Yəqtinin yanına gedir. Amma Əli ibn Yəqtinin vəzirlik məqamı İbrahimin istəyinin yerinə yetirmək, Hətta İbrahimə onun hüzuruna gəlmək icazəsini də vermir. Bu hadisədən bir neçə vaxt sonra Əli ibn Yəqtin həcc səfərinə gedir. O, bu səfərdə İmam Kazimi (ə) ziyarət etmək üçün Mədinə şəhərinə dönür. Lakin İmam onu qəbuluna buraxmır. O, çox çalışsa da İmamı ziyarət etməyə müvəffəq olmur. Axırda İmam evdən kənarda onunla görüşür. Əli İmamdan bu soyuqluğun səbəbini soruşur. İmam Kazim (ə) ona buyurur: Nə üçün filan gün İbrahimə etinasızlıq edib onu qəbuluna buraxmadın? Sənin bu günahına görə bu ilki həccin Allah dərgahında qəbul olunmayacaq. Ancaq onu özündən razı etsən, Həccin qəbul ola bilər.
Əli ibn Yəqtin bu sözü eşitdikdən sonra birbaşa Kufə şəhərinə qayıdıb İbrahimin evinə gedir. İbrahimi gördükdən sonra onun qarşısında üzünü torpağa qoyur və ondan xahiş edir ki, ayaqlarını onun üzü üstə qoysun. Bununla da o, İbrahimi özündən razı salır və Mədinə şəhərinə İmam Kazimin (ə) hüzuruna qayıdır. İmam onu hüzuruna qəbul edərək günahını təmizləmək üçün etdiyi bu işə görə ona təşəkkür edir. Əli ibn Yəqtin də günahının bağışlanmasından şad olur.(Üsdül-ğabə, 4-cü cild, 220-ci
səh.)
6. Qeys ibn Qasim öz qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə on iki qızını diri-diri torpağa basdırmışdı. On üçüncü qızını isə həyat yoldaşı bir müddət ondan gizli saxlamışdı, lakin Qeys ibn Qasim bundan xəbər tutan kimi onu da diri-diri basdırdı.
O, İslam dinini qəbul edib müsəlman oldu. Bu vaxt keçmiş işlərindən peşman olmuş halda Peyğəmbərin (s) hüzuruna gəldi və əhvalatı danışdı. Bu vaxt Peyğəmbərin (s) gözləri yaşla doldu və ağlamağa başladı. O Həzrət Qeysə buyurdu: «Ey Qeys! Səni çox pis günlər gözləyir. Başqasına rəhm etməyən şəxsə, Allah da rəhm etməyəcək» Qeys ərz etdi: «Bəs mən hansı işlə bu günahımı yüngülləşdirə bilərəm?»
Peyğəmbər (s) buyurdu:
اَعْتِقُ عَنْ كُلِّ مَوْئُودَة نَسَمَةً
«(Günahlarını yüngülləşdirmək istəyirsənsə) Basdırdığın hər qızın əvəzində bir qul azad et!».(Nəhcül-bəlağə, 176-cı xütbə.)
1. Zülm etməyin növləri və onun cəzası.
İmam Əli (ə) buyurur:
اَلا وَاِنَّ الظُّلْمَ ثَلاثَةٌ: فَظُلْمٌ لا يُغْفَرُ، وَظُلْمٌ لا يُتْرَكُ، وَظُلْمٌ مَغْفُورٌ لا يُطْلَبْ
«Agah olun ki, zülm üç qismdir:
1. Heç vaxt bağışlanmayan zülm.
2. Cəzasız qalmayan zülm.
3. Bağışlanan zülm.
Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.
Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq:
اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ
«Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır».
Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.
Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir.(Biharül-ənvar, 103-cü cild,
169-cu səh)
(Yəni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.)
2. Günahların ən pisi.
İmam Sadiq (ə) buyurur:
اَقْذَرُ الذُّنُوبِ ثَلاثَةٌ: قَتْلُ الْبَهِيمَةِ وَحَبْسُ مِهْرِ السُّنَّةِ وَمَنْعُ الاَْجِيرِ اَجْرَهُ
Günahların ən pisi üçdir:
1. Heyvanı (qeyri-şəri yolla və səbəbsiz) kəsmək.
2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).
3. Fəhlənin muzdunu verməmək.(Üsuli-kafi, 2-ci cild,
239-cu səh.)
İmam Baqir (ə) yalan danışmağın böyük günah olması haqqında buyurur:
«Allah-təala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:)
اَلْكِذْبُ شَرٌّ مِنَ الشَّرابِ
«Yalan danışmaq, şərab içməkdən də pisdir».(Biharül-ənvar, 72-ci
cild, 115-ci səh.)
3. Ən pis insanlar:
Cabir ibn Əbdüllah Ənsari deyir:
İslam Peyğəmbəri (s) öz səhabələrinə xitab edib buyurdu:
اَلا أخْبِرُكُمْ بِشِرارِ رِجالِكُمْ
«Sizə ən pis kişilərinizdən xəbər verim?»
Biz dedik: Xəbər ver, ey Allahın Rəsulu!
Həzrət buyurdu:
اِنَّ مِنْ شِرارِ رِجالِكُمْ الْبَهّاتَ الْجَرِيءَ الْفَحّاشَ، اَلاْكِلَ وَحْدَهُ، وَالْمانِعَ رِفْدَهُ، وَالضّارِبَ عَبْدَهُ، وَالْمُلْجِيءَ عَيالَهُ اِلى غَيْرِهِ
«Sizin kişilərinizin ən pisi bunlardır:
1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar.
2. Özü tək yeyən və başqalarına qazandığından verməyən.
3. Öz qulunu vuran.
4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yəni öz ailəsinin dolanışığını təmin etmədiyi üçün onlar başqalarına möhtac olanlar).(Üsuli-kafi, 2-ci cild,
389-cu səh.)
4. Allaha kafir olmağın səbəbləri.
İmam Sadiq (ə) buyurur:
اُصُولُ الْكُفْرِ ثَلاثَةٌ: اَلْحِرْصُ وَالاْسْتِكْبارُ وَالْحَسَدُ
Kafir olmağın bünövrələri üçdir:
1. Dünya həyatına həddən artıq vurğun olmaq.
2. Təkəbbürlü olmaq.
3. Başqalarına həsəd aparmaq.
Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri - qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu.
5. Allahın əmrindən çıxmağa səbəb olan ən birinci günahlar.
İmam Sadiq (ə) buyurur:
Allahın əmrindən çıxmağa səbəb olan günahlar bunlardır:
1. Dünyaya hərislik;
2. Vəzifəpərəstlik;
3. Yeməyə hədsiz vurğunluq; (tamahkarlıq)
4. Yatmağa hədsiz vurğunluq; (süstlük)
5. Həmişə istirahətdə olmaq fikri. (Tənbəllik)
6. Qadınlara hədsiz məhəbbət.(Üsuli-kafi, 2-ci cild,
290-cı səh.) (Şəhvətpərəstlik)
6 İki üzlü şəxslərin əlamətləri
İslam Peyğəmbəri (s) buyurur:
ثَلاثٌ مَنْ كُنَّ فِيهِ كانَ مُنافِقاً وَاِنْ صامَ وَصَلّى وَزَعَمَ اِنَّهُ مُسْلِمٌ: مَنْ اِذا اُئْتُمِنَ خانَ، وَاِذا حَدَّثَ كَذِبَ، وَاِذا وَعَدَ اَخْلَفَ
Üç xislət hər kəsdə olsa özünü müsəlman bilsə də, oruc tutub namaz qılsa da ikiüzlü və münafiq hesab olunur
1. Əlinə əmanət düşsə ona xəyanət edə.
2. Onun sözləri yalan ola.
3. Vədəsinə əməl etməyə.(Qürərül-hikəm.)
7. Ən böyük günah.
İmam Əli (ə) buyurur:
اَعْظَمُ الذُّنُوبِ عِنْدَ اللهِ ذَنْبٌ صَغُرَ عِنْدَ صاحِبِهِ
«Allah dərgahında ən böyük günah budur ki, günahkar şəxs etdiyi günahı kiçik saya».(Mizanül-hikmət, 3-cü cild,
462-ci səh.)
8. Böyük günahların arasında ən böyük günah.
Bir nəfər İmam Əlidən (ə) soruşdu:
«Böyük günahların arasında ən böük günah hansıdır?»
İmam (ə) buyurdu:
اَلاَْمنُ مِنْ مَكْرِ اللهِ، وَالْيَأْسُ مِنْ رَوْحِ الله، وَالْقُنُوطُ مِنْ رَحْمَةِ اللهِ
1. «Özünü Allahın əzabından amanda bilmək;
2. Allahın nemət verməyindən ümidini üzmək;
3. Allahın rəhmətinə ümidsiz olmaq(Vəsailüş-şiə, 11-ci cild,
318-ci səh);
9. Günahın kəffarəsi; (Onu təmizləyən şeylər)
Bir nəfər Peyğəmbərdən (s) soruşdu: «Mənim günahlarımı təmizləyən şeylər hansılardır?»
Peyğəmbər (s) buyurdu:
الدُّمُوعُ وَالْخُضُوعُ وَالاَْمْراضُ
«Ağlamaq, təvazökarlıq etmək və xəstəliklər».
10. Allah dərgahından ən uzaq şəxslər;
İmam Sadiq (ə) buyurur:
اَبْعَدُ ما يَكُونُ الْعَبْدُ مِنَ اللهِ عَزَّوَجَلَّ اِذا لَمْ يَهُمُّهُ اِلاّ بَطْنَهُ وَفَرْجَهُ
«İnsanı Allahdan ən çox uzaqlaşdıran amil budur ki, insanın bütün fikri qarnını və şəhvətini doyurmaq olsun».(Vəsailüş-şiə, 11-ci cild,
323-cü səh.)
11. Camaatla pis davranmağın nəticəsi;
İmam Sadiq (ə) buyurur:
اِنَّ سُوءَ الْخُلْقِ لَيُفْسِدُ الْعَمَلَ كَما يُفْسِدُ الْخِلُّ اَلْعَسَلَ
«Sirkə balı xarab etdiyi kimi pis davranış da insanın yaxşı işlərini məhv edir».(Səfinətül-bihar, 1-ci
cild, 488-ci səh)
12. Günah etməyin nəticəsində ölənlər və ehsan verməyin təsirləri.
İmam Sadiq (ə) buyurur:
مِنْ يَمُوتُ بِالذُّنُوبِ اَكْثَرُ مِمَّنْ يَمُوتُ بِالاْجالِ وَمَنْ يَعِيشُ بِالاِْحْسانِ اَكْثَرُ مِمَّن يَعِيشُ بِالاَْعْمار
«Günah etməyin nəticəsində ölənlər təbii ölənlərdən çoxdur. Ehsan verdiklərinə görə yaşayanlar (ömrü artanlar) isə təbii ömürlə yaşayanlardan çoxdur».
O Həzrət başqa bir hədisdə buyurur:
اِنَّ الْعَمَلَ السَّيِّىء اَسْرَعُ فِي صاحِبِهِ مِنَ السِّكِّينِ في اللَّحْمِ
«Pis işin insanın sağlam ruhundakı mənfi təsiri bıçağın ətdəki təsirindən çoxdur».