YIRMI DÖRDÜNCÜ DƏRS "İnsan üçün ən böyük bəhrələrdən biri saleh, layiqli yoldaşdır. Yaxşılarla əyləş ki, onlardan sayılasan və pislərdən çəkin ki, onlardan hesab edilməyəsən.” ("Nəhcül-bəlağə”.) İnsan üçün ətrafdakılarla əlaqə saxlamaq zərurətdir. Bu əlaqənin necəliyi, forması onun xeyir və zərərini təyin edir. Əgər bu əlaqə ilahi dəyərlər əsasında qurularsa, insan tərəqqi edər. Axı bütün insanların məqsədi tərəqqidir. Ona görə də başqaları ilə düzgün münasibət qurub, ali hədəflərə çatmaq yeganə doğru yoldur. Dünya həyatında başqaları ilə ünsiyyətdən qaçmaq mümkün deyil. Əgər ünsiyyət labüddürsə, bu işdə hansısa ölçüyə ehtiyac var. Seçilmiş meyar əsasında dostu-yoldaşı, davranış qaydalarını müəyyənləşdirməliyik. Düzgün seçilmiş dostla düzgün davranan insan öz əlaqələrindən xeyir götürür. Ünsiyyət insanın fitri meylidir və bu meylin yaranması üçün ətrafdakıların köməyinə ehtiyac yoxdur. Bu meyl o qdər güclüdür ki, onu insan xarakterinin tərkibi hesab edirlər. Uyğun baxışı isbat və ya rədd etmək fikrində deyilik. Amma belə bir meylin insan daxilində mövcudluğu göz qabağındadır. Ona görə də insan tənhalıqdan əziyyət çəkir. Hətta az bir müddət ünsiyyətdən məhrum olan insan sıxıntı keçirir. Tənhalığa məcbur edilən insan onun ağrısını daha çox hiss edir. Ünsiyyət meyli o qədər əhatəlidir ki, təkcə dost-tanışla ünsiyyət insanı qane etmir. İnsan rastlaşdığı əksər insanla əlaqə sağlamağa meyl göstərir. Məsələn, meşədə azmış insan bir müddət yol axtardıqdan sonra başqa bir insanla rastlaşdıqda elə sevinir ki, sanki öz itkisini tapır. Həmin şəxs hətta başqa bir dildə danışmış olsa da, onunla görüş şadlıq doğurur. Demək, başqaları ilə ünsiyyət fitri bir meyldir. Əlbəttə ki, bu meyl müxtəlif yaş hədlərində fərqli ola bilər. Yaş artdıqca ünsiyyət meyli zəifləyir. Aydındır ki, Allah-təalanın bu fitri meyli əta etməsində bir hikmət var. Məsələn, kamil insanlarla ünsiyyətdə olan şəxsdə müsbət dəyişikliklər baş verir. Digər fitri meyllər kimi, bu meylin də ifratı, təfriti və faydalı orta halı var. Meylin fitri olması, onun hökmən təmin edilməsi demək deyil. Məsələn, qidalanma insanın fitri meylidir. Amma qidalar müxtəlif cür ola bilər. Demək, fitri meyl qarşısında iki yol var. Bir yol həmin meylin faydalı şəkildə, digər yol zərərli şəkildə təmin olunmasıdır. İnsan öz meylini elə bir formada təmin etməlidir ki, nəticədə kamilləşsin, inkişaf etsin. Bu işdə ifrat və təfrit insanın süqutu ilə nəticələnir. Yəni, məsələn, orta həddə qidalanan inkişaf edir, təfritə və ya ifrata varan zərər çəkir. Meyillərin təminində orta həddə riayət edilməsi həm şəriət, həm də əqlin tələbidir. Orta həddin və onun sağlam formasının təyini olduqca əhəmiyyətli bir məsələdir. İnsanın fitrətən meyl etdiyi ünsiyyət, sözsüz ki, mənaya malikdir. Amma yalnız düzgün, doğru, sağlam ünsiyyət çox faydalı olar. Amma ünsiyyət şərtlərinə əməl olunmadıqda insan böyük zərərlərə düçar olur. Bir sözlə fitri istək həm xeyir, həm də şər vasitəsi ola bilər. Hamı ilə yoldaşlıq etmək, yoxsa tənhalığa çəkilmək kimi tərəddüdə münasibətdə deyə bilərik ki, nə kiminlə gəldi yoldaşlıq, nə də mütləq tənhalıq göstərişi verilməmişdir. İnsan ictimai varlıqdır və onun həyatının əsasını ətrafdakılarla ünsiyyət təşkil edir. Ünsiyyət qapısı nə taybatay açıq qalmalı, nə də bir dəflik bağlanmalıdır. Nə ifrat doğrudur, nə də təfrit. Orta həddi gözləmək lazımdır. Əxlaq alimləri arasında belə bir qayda var ki, "etidal”, yəni orta hədd gözlənilməlidir. Orta hədd meyarı tam aydınlaşdırılmasa da, bu məfhum qəbul ediləsi nəzərdir. Bəzi əxlaq alimləri bir qədər də dərinə gedib, yunan alimləri, xüsusi ilə Ərəstu tək, ümumiyyətlə, etidalı yaxşılıq meyarı hesab etmişlər. Onların nəzərincə yalnız orta həddi yaxşı hesab etmək olar. Bu fikir tam məqbul olmasa da, bəzi əməllərin keyfiyyətinin təyinində etidalın rolu inkar elilmir. Qeyd etmək yerinə düşər ki, Əhli-beyt (ə) rəvayətlərində də uyğun məsələyə toxunulur. İmam Kazim (ə) buyurur: "Əməllərin ən üstünü orta həddə əməldir.”("Biharül-ənvar”, c. 76. səh.
292)Bu və digər rəvayətlər etidalı bir meyar kimi tanıtdırsa da, onun yeganə meyar hesab edilməsi üçün əsas vermir. Hər halda, həyat məqsədi müəyyənləşdirildikdən sonra bu məqsədə çatmaq üçün meyllərdən orta həddə istifadə olunmalıdır. Əks təqdirdə işin aqibəti ağır olasıdır. Aydın oldu ki, yalnız etidalı, orta həddi gözləməklə səadətə çatmaq olmaz. Sübut üçün qeyd etmək kifayətdir ki, yanlış yol tutmuş insan orta həddi gözləməklə həqiqi məqsədə çata bilməz. Yalnız hədəf düzgün seçildiyi vaxt etidal səmərə verir. Həyat yolunu düzgün seçmiş insan orta həddi gözlədikdə müvəffəq olur Əks təqdirdə, xoşbəxtlikdən danışmağa dəyməz. Doğru məqsədə tərəf hərəkət üslübu, yəni həmin etadal müəyyənləşdikdən sonra həyat məqsədini araşdırmaq vaxtı çatır. İnsan və onun həyat məqsədinə münasibətdə ən azı iki baxış üzərində dayanmaq lazım gəlir. Birinci baxışa görə, insan çeşidli işlərin məcmusu, çoxməqsədli bir varlıqdır. Onun müxtəlif yönümləri var. O, yeməli, geyməli, ailə-övlad ilə ünsiyyətdə olmalı, oxumalı, qazanmalı, dincəlməlidir. Guya bu işlərin hər biri insan üçün məqsəd sayılmalıdır. Belə çıxır ki, insan bir yox, bir neçə mövcuddur və ya bir neçə mövcudun sintezidir. Hər halda, sadalanan işlər fərqlidir və bu işlərin hər birində orta hədd gözlənilməlidir. Digər bir baxışa görə, insan vahid bir məqsəd üçün yaradılmış varlıqdır və yuxarıda sadalananlar həmin məqsədə çatmaq üçün bir vasitədir. İnsanın eyni vaxtda bir neçə məqsədə doğru hərəkəti məqbul sayılmır. Bu iki baxışı daha yaxşı başa düşmək üçün nəzərinizdə çoxsimli bir məftil canlandırın. Məftildəki ayrı-ayrı simlərin biri elektrik lampasını, digəri ventilyatoru, bir digəri isə ütünü enerji ilə təmin edir. Məftilə baxan insan düşünə bilər ki, bu məftil bir iş görür. Əslində isə o eyni zamanda bir neçə işlədicini qidalandırır. Doğrudanmı, insan da bu məftil kimi çoxməqsədlidir? Yoxsa onun bütün meylləri eyni bir məqsədə xidmət edir? Ayə və rəvayətlərə əsasən, insan cisim qəlibinə üfürülmüş ruhdur. Bu cisim ruhun tərəqqisi, onun müəyyən edilmiş hədəfə çatıb, maddi və mənəvi nemətlərdən qidalanması üçün bir vasitədir. Bəs bu hədəf nədir və haradadır? Həmin həddə çatanadək onun mahiyyətini bilmək olmur. Çünki o görünmədən bilinən məfhum deyil. Uyğun hədəfə çatmadan hətta ona ad da qoymaq mümkün olmur. Sadəcə, bilirik ki, həmin yer Allaha yaxındır və onu şərti olaraq, "qürbe-ilahi”, yəni "Allahın yaxınlığı” adlandırırıq. Hədəf qürbe-ilahidirsə, söhbətimiz əbədi həyatı həqiqi sayan İslam baxışı əsasında davam edəcək, İslam mətnlərində "Allahın yaxınlığı” adlı bir ünvandan danışılır. Allah-təala Fironun arvadı Asyanın duasını belə nəql edir: "Ey Rəbbim! Behiştdə öz yanında mənim üçün bir ev tik...”( Təhrim”, 11) Digər ayələrdə də oxşar ifadələr vardır: "(Müttəqilər) "Qadir hakim hüzurunda olacaqlar.”( Qəmər”, 55)]; "Onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.”( "Ali-İmrar”, 169); "Onları öz Rəbbinin yanında əmin-amanlıq yurdu gözləyir.”( "Ən`am”, 127) "Allahın hüzurunda”, "Rəbbinin yanında” təbirləri irfani təbirlərdir. Bu təbirlərdə işarə də vardır. Ali bir məqsədi başqa hansı təbirlə çatdırmaq olar? Yuxarıdakı ifadələr bizim dərk edə bilmədiyimiz ilahi məqama işarədir. Yalnız həmin məqama çatdıqdan sonra bu məfhumu dərk edəsiyik, inşaallah! Sonsuz ilahi nemətlərdən istifadə edən insan uyğun müqəddəs hədəfə üz tutmalı, hərəkətini həmin məqsədə doğru istiqamətləndirməlidir. İnsan öz daxilindəki meyllərdən düzgün istifadə edərək, onu məqsədə yaxınlaşdıran əməlləri müəyyənləşdirməlidir. Düzgün üsulun seçimində meyar həmin üsulun təsir dərəcəsidir. Təkcə etidal – orta yol meyarı kifayət etmir. Biz nemətlərə, meyllərə münasibətdə etidal həddini bilmirik. Əgər orta həddin hansı hədd olduğunu dəqiq bilsəydik, onu əsas götürə bilərdik. Ünsiyyətdən başqa yol yoxdursa, ideal həyata aparan yol ictimai münasibətlərdən keçirsə, həyat yolunun cəhətini təyin etmək üçün vasitə tapmalıyıq. Əldə etdiyimiz qütbnüma – kompasla əvvəlcədən tanış olmaq lazım gəlir. Yalnız bu tanışlıqdan sonra onun vasitəsi ilə "Allaha yaxın məqam” cəhətini təyin edə bilərik. Məlum oldu ki, həyat məqsədi Allaha pərəstiş yoludur. Qurani-kərimdə buyurulur: "Mənə ibadət edin, bu doğru yoldur.”("Yasin”, 61) Bəli, doğru yol Allahı hədəf seçmək, Ona doğru hərəkət etmək, Onun bəndəlik buxovunu taxıb, başqalarına pərəstişdən çəkinməkdir. Doğru yol budur və bütün başqa yollar onda sonuclanmalıdır. Başqaları ilə ünsiyyət də həmin yollardan biridir. Deyilən şərtlər daxilində yaradılan ünsiyyətlər insan üçün əsas, ideal məqsədə çatmaqda vasitə olur. Deyilənlərdən aydın oldu ki, nə üçün yaxşı insanlarla ünsiyyət tövsiyyə olunur. Çünki belə insanlarla yaxınlıq insana Allahı xatırladır, onu öz Rəbbinə yaxınlaşdırır. Yaxşı yoldaş həqiqət yolunda köməkçidir. Allahı unutduran, insanı həqiqətdən uzaqlaşdıran adamlarla ünsiyyət çox pisdir. Dost seçimində ən əsas ölçü məhz budur. Həzrət İsa (ə) öz həvarilərinə deyir: "O şəxslə yoldaş ol ki, onda üç sifət, xasiyyət var: onu görəndə Allah yadına düşür, danışığı elmini artırır, əməlləri səni axirətə həvəsləndirir.”("Kafi”, c. 2, səh. 39) Həyat məqsədi, kamillik Allahla yaxınlıqdadırsa, demək, bütün işlərimizdə, istəklərimizdə həmin məqsədi əsas götürməliyik. Yuxarıdakı üç şərt bizə dost seçimində yol göstərir. İslam məktəbində həqiqi dostun ilk xüsusiyyəti onunla ünsiyyətin Allah zikrinə yaradıcı olmasıdır. Təqvalı insanın bütün söz və hərəkətləri Allahı xatırladır. Dostun ikinci xüsusiyyəti onun elm və agahlığı, boş söhbətlərdən çəkinməsidir. O, sizin məlumatınızı artırır, qaranlıq məsələləri işıqlandırır. Dostdan öyrənilən insanı ilahi hədəfə yaxınlaşdırmalıdır. Beləcə, ideal dost o şəxsdir ki, onun siması Allahı xatırladır, danışığı elminizi artırır. Hər bir şəxs başqaları ilə üç yolla əlaqə qurur: danışıq yolu ilə, üzbəüz dayanmaq və rəftarla. Həzrət Əli (ə) rəftarın təsiri haqqında buyurur: "Yaxşı dostun rəftarı sizi axirətə həvəsləndirir...” Daim axirət haqqında düşünən insan öz rəftarını həmin məqsədə istiqamətləndirir. Onun əqidəsi əməllərində əks olunur və sizdə müsbət təsir göstərir. Həmin rəftar insanda axirət səadətinə rəğbət oyadır. Qiyafəsindən günah və şər tökülən insandan dost olmaz. Belə insanlarla ünsiyyət yalnız şeytanı xatırlada bilər. Onlar yalnız ümidsizlik yaradır, qeybət edir, başqalarının nöqsanlarından danışırlar. Belələrinin ən yaxşı sözü dolanışıqdan, bahalıqdan, qıtlıqdan şikayətdir. Onlar dünya ləzzətləri ardınca qaçır, halal-haram bilmir. Hər vasitə ilə varlanmağa çalışan şəxsdən nə ibrət götürmək olar?! Onun düşüncələri əməllərində əks olunur. Bəli, o insanla dostluq, yoldaşlıq etmək olar ki, sənə ilahi hədəfə çatmaqda yardımçı olsun. Bu ifadələrin oxşarını Əmirəl-möminin (ə) başqa bir tərzdə ifadə etmişdir. Həzrət (ə) yaxşı yoldaş haqqında tövsiyyəsindən sonra buyurur: "İnsanın həyatda ən üstün faydalarından biri yaxşı dosta malik olmasıdır...” Eyni məzmunda rəvayətlərdən birində həzrət Peyğəmbər (s) buyurur: "Əgər Allah-təala bir bəndəsinin yaxşılığını istəsə, ona saleh yoldaş nəsib edir ki, Allahı unutduğu vaxt həmin yoldaş Allahı ona xatırlatsın.”("Biharül-ənvar”, c. 77,
səh.164)Bu deyilənlər insanı yaxşı yoldaş tapmağa həvəsləndirir. Yaxşı yoldaşın qədrini bilib, onu qorumaq lazımdır. Yaxşı dost nadir incidir. Bir yaxşı dost tapmaq üçün uzun müddət axtarış aparmaq lazım gəlir. İdeal yoldaş böyük nemətdir və bu həqiqəti inkar etməyə dəyməz. İnsanlardan kənarlaşıb, tənha yaşamaq fikri İslam dininə yaddır. Belə bir fikir insanın təbiəti, fitrəti ilə də uyuşmur. Allah-təala insanı insan üçün nemət yaratmışdır. Bizlər isə bəzən neməti əzaba çeviririk. İnsanlar öz axirət səfərlərində bir-birlərindən faydalanmalıdırlar. Ünsiyyət, yoldaşlıq bu yolda Allahın insanlara bəxş etdiyi böyük nemətdir. Həyatda yaxşı yoldaş qədər təsirli ikinci bir amil yoxdur. Gənclər, dostlar və ətrafdakıların təsiri altına daha tez düşürlər. Başqa təsirli amillər də mövcuddur. Alimlər dostun təsirini ağıza qoyulmuş loğmaya oxşadırlar. İnsan ağzındakı tikəni ləzzətlə çeynəyib, özündən xəbərsiz udduğu kimi, pis yoldaş da insanın yaxşı xüsusiyyətlərini ondan xəbərsiz asta-asta kamına çəkir. Əksinə, yaxşı dost maddi və mənəvi sərmayələri insanın kamına axıdır. O, çətinlik çəkmədən öz yoldaşındakı çirkinlikləri aradan qaldırır. İnsan öz eyiblərini çətinliklə tanıya bilir. Bundan ötəri oxumaq, öyrənmək, diqqətli olmaq, xeyli düşünmək lazım gəlir. Amma yaxşı dostun gözəl sifətləri insana tədricən və maneəsiz sirayət edir. İnsanın yaxşı dost seçib, onunla ünsiyyətdə olması eyibləri aradan qaldırır, onu islah edir. Xasiyyət və ruhiyyədə zühur edən bu müsbət təsir olduqca əhatəlidir. Pis yoldaşın rəftarı da eyni dərəcədə sürətlə sirayət edir. Bütün bu səbəblərə görə imamlar bizi pis insanlarla ünsiyyətdən çəkindirirlər. Bir rəvayətdə Həzrət Əli (ə) buyurur: "Pis dostla yoldaşlıqdan həzər qıl. O, öz rəfiqini həlak və xar edər.”("Mizanül-hikmə” c 5. səh, 299) Bir sözlə, heç bir nemət yaxşı dost mislində deyil. Yaxşı dost həm şirindir, həm insana müsbət təsir edir, yaxşı sifətlər yaradır, nöqsanları aradan qaldırır, həyat yolunda yardımçı olur, axirətə doğru hərəkətdə şövqə gətirir. İnsana nəsib olan ən üstün nemətlərdən biri saleh yoldaşdır. İnsan tanıdığı yaxşı insanlarla ünsiyyətə, yoldaşlığa can atmalıdır. Yaxşılardan olmaq istəyirsinizsə, onlara yaxınlaşın pislərdən olmaq istəmirsinizsə, pislərdən uzaqlaşın. Yaxşılarla ünsiyyət sizi yaxşılığa yaxınlaşdırası, pislərlə ünsiyyət sizi pisliyə sövq edəsidir! Bu mövzuda incələnəsi nöqtələr çoxdur. Onlardan daha çox əhəmiyyət kəsb edənlərini nəzərdən keçirək. Yaxşılıq və pislik geniş izahat tələb edən məfhumlardır və onların hər birinin çoxsaylı mərtəbələri var. Məsələn, yaxşılıq dedikdə ən üstün halda yalnız məsumlar (14 məsum) nəzərdə tutula bilər. Çünki mütləq yaxşı yalnız heç bir eybi olmayan məsumlar sayılmalıdır. Amma adi insanlarla məsumlar arasında yer-göy arası məsafə var. İstənilən bir şəxsi diqqətlə nəzərdən keçirsək, ortaya saysız-hesabsız nöqsanlar çıxacaq. Əgər hamı nöqsanlıdırsa, bəs kiminlə ünsiyyət saxlayaq? Pislərdən uzaqlaşmaq nöqsanlı şəxslərdən uzaqlaşmaqdır, yoxsa daim pis iş görənlərdən? Məsumlar və övliyalar nə qədər pak olsalar da, adi insanların onlarla görüşmək, ünsiyyətdə olmaq imkanı yoxdur. Bəs nə edək? Sözsüz ki, yaxşılıq və pislik nisbi anlayışlardır. Yəni həm yaxşılıq, həm də pisliyin dərəcələri vardır. Şəhərin ən yaxşı sayılan adamı ilə, təbii ki, bütün şəhər əhli ünsiyyətdə ola bilməz. Bu o demək deyil ki, insan tənha qalmalıdır. Sadəcə, ətrafdakı insanların ən yaxşısı ilə ünsiyyət saxlamaq lazımdır. Bəs yaxşı yoldaşı hansı xüsusiyyətlərinə görə tanımaq olar? Əvvəlcə qeyd etmişdik ki, insanı Allaha yaxınlaşdıran, həzrəti İsanın (ə) sadaladığı xüsusiyyətlərə malik olan insanlar yoldaşlıq üçün daha münasibdirlər. Digər bir problem saleh insanlarla ünsiyyət qurmaq yoludur. Təbii ki, hər bir zümrədə yaxşı adamlara təsadüf olunur. Ona görə də hərə öz zümrəsinin yaxşı insanları ilə rahat ünsiyyət qura bilər. Kimi alim və tələbə, kimi tacir və sənətkar dairəsində yaşayır. Hərə öz dairəsindəki yaxşı fərdin diqqətini cəlb edib, onunla ünsiyyət saxlaya bilər. Əgər yaxşı insan hiss etsə ki, bizim ona yaxınlaşmaqda məqsədimiz özümüzü islah etməkdir, bizi rədd etməz. Bu yaxınlaşma səmimi, ixlaslı olmalıdır. Yaxşılar dairəsinə daxil olmaq üçün saf niyyətimizi əməldə sübuta yetirməliyik. Sübut etməliyik ki, məqsədimiz boş-boşuna əziyyət vermək yox, onların yaxşılığından faydalanmaqdır. Bundan əlavə, bir şəxslə ünsiyyətin faydasına əmin olduqdan sonra, məsumlara təvəssül etməklə Allahdan diləmək lazımdır ki, həmin şəxsin diqqətini bizə yönəltsin, bizi yoldaşlığa qəbul etsin. Əlbəttə ki, arzuladığımız insanla münasibət yaratdıqdan sonra onun hüquqlarına riayət etmək, onu bezikdirməmək lazımdır. Bu mövzuda ətraflı danışılacaqdır. |