QIRX ÜÇÜNCÜ DƏRS
«Orta həddi gözləməyən şəxs zülmə gedir. Qənaət insan üçün necə də xoş bəhrədir. İnsan üçün ən pis yoldaş həsəd və ümidsizliklə süslükdür. Xəsislik məzəmmət gətirər».(«Nəhcül-bəlağə».)
İş, himmət əhli üçün Əhli-beytin (ə) kəlamı gözlərin işığı, qəlbin qüvvəti və qolların gücüdür. Allahın yardımı ilə təqvalılar imamı Əli ibn Əbu-Talibin (ə) qüdsi kəlamlarını izah etdik. Vücudumuzun tutumu həddində bu moizələrdən faydalandıq. İndi isə Allah-təalanın yardımı ilə imamın (ə) digər bir kəlamını araşdırırıq.
Həzrət (ə) buyurur: «Orta həddi gözləməyən şəxs zülmə gedir». Bu kəlamın ardınca buyurulmuş digər qısa kəlamlar əvvəlki kəlamın bir növ nümunələrindəndir. Nümunə kimi təqdim olunan kəlamlar «Nəhcül-bəlağədə» nəql olunmamışdır. Çünki mərhum Seyyid Rəzi Həzrətin (ə) kəlamlarını seçmə qaydasında toplamışdır. Amma «Biharul-ənvar»da uyğun kəlamın ardınca bir neçə cümlə bəyan olunmuşdur.
ORTA HƏDDƏ, RİAYƏT FƏZİLƏT ÖLÇÜSÜDÜR
«İşlərin xeyirlisi orta həddə olandır» kəlamı xalq arasında çox məşhurdur. Bütün xeyirli işlərdə ən yaxşı hədd orta həddir. İslam alimləri qədim yunan fəlsəfəsində nəql olunmuş bəzi qaydaları qəbul etmişlər. Bu qaydalardan birində deyilir: «Hər bir əxlaqi fəzilətin iki rəzil sonluğu var: biri ifrat digəri təfrit». Bizim əxlaq kitablarında da bu qayda əsas götürülür. Demək, hər hansı bir yaxşı işdə ifrata və təfritə varılması həmin işi xoşagəlməz hala salır. İş o zaman fəzilətli olur ki, orta həddə riayət edilsin. Əxlaq fəlsəfəsində uyğun buyuruq bir qayda kimi götürülür. Amma sual oluna bilər ki, uyğun qayda bütün hallarda özünü doğruldurmu? Görən bütün işlərdəmi ifrat və təfrit məzəmmət olunmalıdır? Yalnız orta həddin yaxşı olmasının dəlili nədir? Bu qayda axtarışların, yoxsa məntiqin nəticəsidir? Bütün «məşhur» qaydalar mübahisəsiz qəbul olunduğundan bu əxlaqi qayda da mübahisə doğurmamışdır. Əksər əxlaqi qaydalar məşhurluq dəlili ilə qəbul olunduğundan başqa dəlillərə ehtiyac duyulmamışdır. Amma bu məsələdə də sair məsələlər kimi dəlil istəyənləri qane etmək bir qədər çətin olur. Çünki orta həddin fəzilət ölçüsü olduğunu qəti əqli dəlillərlə sübut etmək olar.
Hələ eramızdan əvvəl yunanlar arasında belə bir mübahisə gedərdi ki, orta hədd həmişəmi yaxşdır? Məsələn, elm və bilik təhsilində orta hədd gözlənilməlidirmi? Yoxsa insan elm yolunda bacardıqca hərəkət etməlidir? Uyğun qaydanı qəbul etməyənlər elm təhsilini misal çəkərək deyirlər ki, kimsə elmdə ifratı məzəmmət edə bilməz. Hər halda bu qaydaya düzgün təfsir vermək mümkündür. Bu təfsirdən öncə zəruri olan bir müqəddimə veririk:
İnsan vücudunda müxtəlif qüvvələr mövcuddur. Əməl zamanı bu qüvvələr bir-birlərinə mane olurlar. Məsələn, bir şəxs həm oxumaqdan, həm ibadətdən, həm də ailəsi ilə ünsiyyətdən zövq alır. Amma o, hər üç işi eyni vaxtda görməkdə acizdir. Demək, bu işlərin hər biri üçün xüsusi vaxt ayrılmalıdır.
Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) həyatından məlum olur ki, onlar bir tərəfli qaydada yaşamamışlar. Quran da insanın yalnız bir işlə məşğul olmasını fəzilət saymır. İnsan üçün namaz, əmr be məruf, təhsil, cihad və digər işlər müəyyənləşdirilmişdir. Demək, İslam təliminə görə insan özünü bir işə həsr edə bilməz. Müxtəlif işlərlə məşğulluq insan həyatının zərurətidir. İnsan fərdi, ibadi, siyasi, mədəni, ictimai səhnələrdə öz vəzifəsini yerinə yetirməlidir. Amma bu fəaliyyətlərin hər birinin öz həddi var. Bir işlə çox məşğul olunması o biri işə maneçilik törədir. Hətta namaza da ifrat şəkildə aludə olmaq məzəmmət olunmuşdur. Məsələni aydınlaşdırmaq üçün bir misal çəkək:
Cihad ən dəyərli və ən fəzilətli ilahi vəzifələrdəndir. Cihadın zəruriliyi bəzən elə bir həddə çatır ki, bütün digər fəaliyyətlər dondurulmalı olur. Amma digər fəaliyyətlərdə orta hədd gözlənilməlidir. Qeyd etməliyik ki, cihadın da özünəməxsus orta-«etidal» həddi var. Məsələn, döyüşə nə qədər qüvvə sərf olunması, nə vaxt hücuma keçilməsi, döyüşün hansı müddətdə aparılması müəyyənləşdirilməlidir. Demək, cihadın da özünəməxsus normaları, hədləri vardır. Müdafiə olunmaq münasib olduğu vaxt hücuma keçmək cihadın ifrat həddi hesab oluna bilər.
Bir neçə işin görülməsi zəruri olduğu vaxt insan bu işlərdən birini seçmək məcburiyyətində qalır. Əsas odur ki, hər bir işin ən səmərəli nəticə verdiyi bir hədd vardır. Ümumi şəkildə qəbul etmək olar ki, fəaliyyətlərdə ən gözəl hal orta həddin gözlənilməsidir. Rəzalətdən qaçmaq üçün ən gözəl meyar məhz orta həddir.
ETİDAL, «ORTA HƏDD» MƏFHUMU
Zəruri hədləri müəyyənləşdirmək lazım gəlir. Əgər orta həddə əməl etmək lazımdırsa, bəs bu orta hədd hansı həddir? Fəaliyyətlər və imkanlar müxtəlif olduğundan sabit bir rəqəm göstərmək mümkün deyil. Ümumiyyətlə, orta həddin təyin olunması asan iş deyil. Məsələn, yeməkdə orta hədd odur ki, süfrədən doymamış durasan. Ayrı-ayrı adamlar üçün eyni bir konkret rəqəm göstərmək olmaz.
İnsanların enerji tələbatı müxtəlif olduğundan konkret qida miqdarı təyin edə bilmərik. Ayrı-ayrı adamlar fərqli enerji sərf etdiklərindən onların enerji tələbatı da fərqlidir. Amma hər bir insan üçün müəyyən orta hədd mövcuddur. Yeməkdə orta hədd qarınqululuqla az yemək arasındakı həddir. Orta hədd konkret rəqəm deyil. Sadəcə, hər hansı işlə elə bir həddə məşğul olmalıyıq ki, bu iş o biri işlərə mane olmasın. İş elə bir səviyyədə icra olunmalıdır ki, onun müsbət təsiri olsun.
Bir sözlə orta hədd qaydası ümumi şəkildə məqbuldur. Amma bu qayda o zaman faydalı olur ki, onun ölçüsü düzgün təyin olunsun. Bəzən əqli dəlillərə istinad edərək bu həddi müəyyənləşdirmək mümkün olur. Bəzən isə nəqli dəlillərdən də faydalanmaq mümkündür. Məsələn, müəyyən yaşlarda tibbi müayinələrin nəticəsinə əsasən qidalanma rejimi tərtib oluna bilər. Belə hallarda elm insanın köməyinə gəlir. Amma ibadət kimi əməllərin miqdarını elmi yolla təyin etmək mümkün olmur. Belə hallar müqəddəs dini mənbələrə müraciət olunmalıdır.
Bəli, orta hədd fəzilət ölçüsü ola bilər. Amma ən xeyirli həddi təyin etmək bir qədər çətindir.
QURAN VƏ HƏDİSLƏRDƏ ETİDALIN ZƏRURİLİYİ HAQQINDA
Rəvayətlərdə insanlar orta həddin gözlənilməsinə dəvət olunurlar. Rəvayətlərdən birində Həzrət Əli (ə) orta həddin gözlənilməsini iman əhlinin əxlaqı kimi tanıtdırır.(«Mizanul-hikmət», 8-ci
cild, səh.139.) Qurani-kərimdə də orta hədd haqqında danışan ayələr mövcuddur. Ayələrdən birində Həzrət Loğman öz oğlunu orta həddə dəvət edir.(«Loğman» surəsi, ayə 19.)
Ərəb dilində «qəsd» və «iqtisad» kəlmələri «orta hədd» mənasını daşıyır. «Qəsd» kəlməsi başqa mənalara malik olsa da, ilkin məna «orta həddir». Həzrət Loğman oğlunu orta həddə dəvət edərkən yerişdən danışır. Belə başa düşmək olarmı ki, Həzrət Loğman yalnız orta sürətli yerişi nəzərdə tutur? Qeyd etməliyik ki, orta sürətli yeriş bir çox digər işlərimiz üçün də faydalıdır. Elə həmin surədə Loğman öz oğluna tövsiyyə edir ki, danışarkən səsini çox qaldırmasın. Demək, insan öz səsinə də bir hədd qoymalıdır. Səs həm eşidilməli, həm də başqalarına mane olmamalıdır.
«Maidə» surəsinin 66-cı ayəsində oxuyuruq: «Kitab əhli arasında orta həddi gözləyənlər də var, onların çoxu isə pisrəftarlıdır». Həzrət Peyğəmbərə (s) Allah-təala buyurur: «Heç vaxt əllərini boynuna salma (yəni bağışlamaqdan qalma) və həddən artıq açma ki, məzəmmət olunarsan, işindən qalarsan».(«İsra» surəsi, ayə 29.) Bağışlayarkən də orta hədd gözlənilməlidir.
Quran ayələrinə istinad edərək, deyə bilərik ki, orta həddin gözlənilməsi əxlaqi fəzilət qaydasıdır. Bu qayda yaxşı və pis işlərin tanınmasında insana kömək edir.
ORTA HƏDD, YOXSA AZĞINLIQ?
Quranda mübarək «Nəhl» surəsinin ilkin ayələrində ilahi nemətlər zikr olunarkən buyurulur: «Dördayaqlıları sizin üçün qərar verdik ki, onlara süvar olasınız...»
Qurani-kərimin uyğun ayələrində bir mənadan daha üstün bir mənaya keçilərkən xüsusi bir üsuldan istifadə olunur. Bu ayələrdə də həmin üsul tətbiq olunmuşdur. Ayələri izləyək: «Sizin minməyiniz və sizin üçün bəzək olsun deyə, atı, qatırı və uzunqulağı O yaratdı. Allah hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır; doğru yolu göstərmək Allaha aiddir. Haqdan əyilən yol da vardır. Əgər Allah istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi».(«Nəhl» surəsi, ayə 8-9.
)
Əvvəlcə söhbət yalnız uzun yolların rahat vasitələrlə qət olunmasından gedir. Sonra isə həyatdakı doğru yol haqqında danışılır. Şübhəsiz ki, Allah məntəqələrarası yollardan danışmır. Doğru yol buyuruğunun arxasında həyat yolu nəzərdə tutulur. Əfsus ki, bəziləri orta, doğru yolu qoyub, azğın yolu seçirlər. Allah-təala xəbərdarlıq edir ki, göstərilən doğru yolu seçməyənlər azğınlıq yolunu gedəsidirlər.
Beləcə, doğru yolun əksi həmin azğın yoldur. Həzrət (ə) isə öz vəsiyyətində belə buyurur: «Orta həddi gözləməyən şəxs zülmə gedir». Qurani-kərimin uyğun ayəsi ilə Həzrətin (ə) kəlamı arasında paralellər mövcuddur.
Həzrət öz tövsiyyəsinin davamında azğınlığın nümunələrini sadalayır və buyurur: «İnsan üçün ən pis yoldaş həsəd və ümidsizliklə süstlükdür. Xəsislik məzəmmət gətirər». O insan qənaətcil hesab olunmalıdır ki, həm ifrat, həm də təfritdən çəkinir. Başqa sözlə, qənaət etidal nümunəsidir. Əmirəl-möminin (ə) belə bir insanı xoşbəxt hesab edir və bildirir ki, həmin şəxs fəzilət sahibidir. Demək, etidalın iki sonucu var: təfrit və ifrat. Ona görə də buyurulur ki, insanın ən pis yoldaşlarından biri həsəddir. Həsəd aparmaq orta yoldan çıxmaqdır. Allah hər bir insan üçün məxsus nemətlər qərar versə də, həsədcil şəxs öz payı ilə kifayətlənmir. Bu isə zülmə aparan yoldur.