Namazın sirri haqqında
1. Əlləri qiyam halında təkbir deyərkən yuxarı qaldırmaq Allahdan qeyri hər bir şeyi arxaya atmaq (kənara qoymaq) deməkdir. Buna baxmayaraq bizlərdən bə`zilərimiz elə namaz qılırıq ki, elə bil Allaha ehsan veririk. Buna görə də bizim səcdəmiz, rükumuz qiyamımızla fərq etmir. Amma elə kəslər olub ki, rükuda əsirmişlər. Bədənləri tərpənməsə də qəlbləri Allahın xofundan lərzəyə gəlirmiş. Belə insan namaza duranda günahlarını yada salır. Belə olan halda, artıq günahlarını necə gizlətsin ki, Allah onu görməsin. Çünki hər şey göz qabağındadır. Ona görə də ixtiyarsız titrəyir.
2. Bizim bir əzəmətimiz yoxdur. Olanı da bu qədərdir ki, ayaq üstə durub qiyam halını alırıq. Sonra həmin əzəmətimizi rükuya getməklə yarıya bölürük. (Bir az da kiçildirik) Daha sonra isə səcdəyə və torpağa dönürük. (Tamamilə heç oluruq).
3. Namazda qiyam halını almaq iki dostun söhbətinə bənzəyir. Hərçənd söhbət bir şeydən gedir. Amma rüku ağa və nökərin məsələsinə oxşayır. Ona görə də rükuda "Sübhanə rəbbiəl-əzim...” zikri deyilməlidir. Bununla belə səcdəyə nisbətdə rükuda deyilən bu zikr Allah qarşısında kiçilməkdə ən aşağı mərtəbə sayılır. Başqa sözlə desək, bəndənin namazda qiyamı übudiyyətin (bəndəliyin) və sükunun (xatircəmliyin) izharıdır. Yə`ni bəndənin özündən heç bir hərəkəti yoxdur. Amma səcdə xüzu`nun (Allaha bəndəliyin, təslimin) son həddidir.
4. Bəndə Həzrət Haqqın müqəddəs hüzurundan qayıtdıqda (namazı bitirdiyində) Allah tərəfindən gətirdiyi ilk sovqat salamdır. Kufə məscidinin duasında deyilir: "Sən Özün salamsan! Salam sənin tərəfindəndir və Sənə tərəf də qayıdır. İlahi! Bizi Öz tərəfindən olan salamla salamla.("Bihar”, c. 100, səh. 412; c. 91, səh. 218)
5. Namaza giriş üçün deyilən təkbirin və namazdan xaric olmaq üçün deyilən təslimin bu əməllərlə nə qədər tənasübü var? Baxmayaraq ki, "kəbir” və "əzim” hər ikisi Allahın adlarıdır, amma təkbirdə "əkbər” münasibdir. Çünki, onda maneçilik nəzərdə tutulmuşdur. Yə`ni təkbir deyib əlləri yuxarı qaldırmaqla bütün dünya işlərini və bütün böyükləri (böyük saydıqlarınızı) bir kənara qoyun. Çünki Allah-təala Əkbərdir. Yeri gəlmişkən, "həyyə əla xəyril-əməl” kəlamı da həmin nöqtənin daşıyıcısıdır.
Hər halda, namaz qılan təkbir deməklə ilahi hərəmə daxil olur. Amma biz nə bilirik bunlar nə deməkdir?
Rəvayətdə deyilir: "Əgər namaz qılan nə kimi ilahi cəlalla əhatə olunduğunu bilsəydi, heç vaxt namazdan üz döndərməzdi.”("Vəsailüş-şiə”, c. 4, səh. 32)
6. Qiyam -başdan-ayağa xidmət və bəndəlik üçün hazıram deməkdir. Eynən hərəkətsiz dayanan çubuq kimi və ya heç bir iradəsi olmayan budaq kimi ki, külək hansı səmtə əssə, həmin tərəfə hərəkət edir. Qiyamda, rükuda və səcdədə olan xatircəmlik rükunun özünün qüvvətləndiricisidir. Həmçinin, zikrdə xatircəmlik də onun kimidir.
7. Namaz halında Allahı zikr etmək ən yaxşı zikrdir. Çünki namaz Kə`bə evi kimidir; namaz qılan sanki Kə`bəyə - Allahın əmin hərəminə daxil olur. Namaz qılanın niyyəti bu olur ki, "təkbir” qapısından girib "təslim” qapısından çıxsın.
Rüşvətxorluğun mənfi tə`sirləri
Müsəlman torpaqlarını ələ keçirmək üçün kafirlərin həmişə əsaslı planları olmuşdur. O cümlədən də kafirlər müsəlmanları həmişəlik öz qullarına çevirib, onlara ağalıq etmək istəyiblər. Onların bu şərindən xilas olmaq üçün nə etməliyik?
Çox gözəl bilirik ki, onların bizim üzərimizdəki hakimiyyətinin əsasını rüşvət təşkil edir. Məgər müsəlmanların öz düşmənlərindən rüşvət almamağı və bu yolla onlara məğlub (təslim) olmamağı mümkündürmü? Baxmayaraq ki, bu müsəlmanların öhdəsində olan ixtiyari (könüllü) bir işdir.
Bəli, kafirlər müsəlman (dövlətlərinin) başçılarını rüşvətlə ələ keçirirlər. Buna görə də aldanmamaq üçün çox ayıq-sayıq olmalıyıq.
Rüşvət qədər heç bir şey bizə tə`sir edib, aldada bilməz. Onlar bizim bu zəif nöqtəmizdən istifadə edərək bizə öz müsəlmanlarımız vasitəsilə nüfuz edə bilirlər.
Elə Həzrət Əli (ə)-ın işini də rüşvət ilə bitirdilər. Çünki Müaviyə Osmanın oğluna dedi: "Əgər qələbə çalsan Xorasan vilayətinə sahib olacaqsan.” Beləliklə də Xorasan vilayətini Osmanın oğluna verdi.
Osmanın oğlu dedi:
–Xorasanı neyləyim?
–Sənin evinin çörəyin olsun–deyə Müaviyə cavab verdi.
Müaviyə gedərkən Osmanın oğlu şe`r oxumağa başladı. Şe`rin məzmunu belə idi ki, nə istəyirdimsə verdi, bəlkə lap artıq da verdi.
Məclisdə olan Mərvan bunu eşidib narahat halda dedi:
"Hamını alan tapılar, amma bizi alan yoxdur.”
Müaviyə ona cavab olaraq–səni də mən alacağam– dedi.("Əl-ğədir”, c. 2, səh. 149; "Şərhi-Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, c. 2, səh. 69 və s.)
Yə`ni sən də bizlərdən oldun. O təkcə bu quru sözlə Mərvanı sevindirdi. Əlbəttə sonralar Müaviyə öz əqidələrinə görə bütün müsəlmanlara aid olan Fədəki Mərvana bağışladı.(Şiə və sünni mənbələrindəki rəvayətlərə əsasən, "Fədək” Həzrət Zəhraya (ə) məxsus olmuş və Həzrət Peyğəmbər (s) onu qızı Fatiməyə elə sağ ikən bağışlamışdır.)Bu torpaqlar Ömər ibn Əbdüləzizin vaxtına qədər Ali-Mərvanın əlində qaldı. Amma Ömər ibni Əbdüləziz hakimiyyətə gələndən sonra Fədəki Ali-Əliyə qaytardı.
Əhli-beyt (ə)-ın hədəfi yalnız Fədəki geri almaq deyildi. Bəlkə onlar bunu istəməklə haqqı haqq sahibinə çatdırmaq istəyirdilər.
Allah-təala kommunist ideologiyasını məhv etdi...
Rusiya-Alman müharibəsi zamanında ruslar bayram keçirmək üçün Moskva şəhərinin ətrafında böyük fasiləylə alov yandırdılar ki, alman təyyarələrinin hücumunun qarşısını ala bilsinlər.
Allah bilir ki, bu (mərasim) bayramı keçirmək üçün nə qədər pul xərcləmişdilər. Bütün bunlar kommunist ideologiyasının davamı üçün idi. Amma Allah-təala bir damla qan tökmədən kommunist məsləkini məhv etdi. Bu yalnız İlahi bir qüvvə vasitəsilə ola bilərdi. Baxmayaraq ki, deyirdilər: "Kommunist məsləki məğlubedilməzdir!”
Sual: Deyirlər ki, kommunist ideologiyası tarixi zərurətlərə bağlıdır. Ona görə də yenidən qayıdacaqdır. Sizcə bu belədirmi?
Cavab: Məzdək məsləkində olduğu kimi kommunist ideologiyasında da deyilirdi: "Bəşəriyyətdəki bütün ixtilaflar həmişə iki şeyə görə olmuşdur: Mal və qadın.” Əgər bu iki şey insanlar arasında müştərək olsa cəmiyyətdəki bütün ixtilaflar aradan gedər və müharibələrə son qoyular.”
Sizcə bu iki şeydə şərik olmaq ixtilafların sonu, yoxsa (onların) başlanğıcı deməkdir?! Sizcə həmin vaxt hamı - hər nəyim varsa başqalarıyla bölüşürəm, - yoxsa məndə olub başqalarında olmasın - deyəcək?!
İki qardaşı bir-birinə düşmən edib onlara (hökmranlıq) ağalıq etmək istəyirlər.”
İslam düşmənləri müsəlman firqə və məzhəbləri arasındakı ixtilafları qənimət hesab edərək onlara ağalıq etmək niyyətindədirlər. Şiə və sünni arasına müharibə salıb hər ikisinə qələbə çalmaq istəyirlər.
Bə`ziləri açıq-aşkar din və dindarlara qarşı çıxırlar. Özümüzün və camaatın şərindən, haqqa göz yumub tapdalamaqdan Allaha pənah aparırıq.
Düşmənlərin müsəlmanlar arasında saldığı ixtilaflardan biri də bu idi ki, təqva və zahidlikdə dillər əzbəri olan "Mamaqani”(Mərhum Ayətullah Şeyx Abdullah Mamaqani) haqqında deyirdilər:
"Bu Əmirəlmö`mininə and olsun ki, o (Mamaqani) fasiqdir.”(Həmin mənbə, səh. 43-44)
Gör nə günə qalmışıq ki, çətinliyə düşəndə də dua etməyə halımız olmur. Təqribən otuz-qırx il bundan əvvəl Qum şəhərində sınıqçılıqla məşğul olan bir cavan belə nəql edirdi:
"Günlərin birində hicablı bir qadın işlədiyim dükana gəlib dedi: "Ayağım bərk ağrıyır. Deyəsən ayaq sümüyüm çıxıb, onu yerinə sala bilərsinizmi? Amma burada (yə`ni bazarda) olmaz. Çünki ağrıdan qışqıra bilərəm və naməhrəmlər mənim səsimi eşitməsin deyə evə gəlsəniz yaxşı olar.”
Mən o qadınla razılaşdıqdan sonra dükandakı üç yüz tümən pulu da götürüb onun dalınca evlərinə getdim. Onun evinə daxil oldum və qadın qapını arxadan bağladı. Sonra keçib öz yatağına uzandı. Mən onun topuğuna əl vurub dedim:
–Ağrıyan yer buradırmı?
O dedi:– Yox, bir az yuxarı.”
Baldırına əl vurub soruşdum:–Bura ağrıyır?”
"Yox, bir az da yuxarı– deyə qadın dilləndi. Onun başqa niyyətdə olduğunu başa düşdüm. Qadın qəsdən məni bu iş üçün evinə çağırmışdı.
O, qapını içəridən bağlamışdı və onu razı salmasaydım məni küçədəki cavanlara döydürəcəyi ilə hədələyirdi.
Həmin qadına dedim:
–Üstümdə üç yüz tümən və mağazamda da iyirmi tümən var, hamısını sənə verirəm. Amma məndən əl çək. Dediklərimin heç bir faydası olmadı. O, hey dediyi sözə israr edir və məni hədələyirdi.
Bir tərəfdən də qadın mənə o qədər yaxınlaşmışdı ki, dua və təvəssül etməyə halım qalmamışdı. Guya mənimlə dua və təvəssül arasında nəsə bir maneə və yaxud divar var idi.
Özümü zahirdə onun istəyilə razılaşmış kimi göstərməyə çalışdım. Nəsə bir bəhanə ilə onu özümdən uzaqlaşdırıb bir şey dalınca göndərdim.
Elə bu vaxt məndə dua etmək halı yarandı. Dərhal İmam Rza (ə)-a mütəvəssil olub dedim ki, əgər mənə bu bəladan qurtarmağa kömək etməsən, bu işimdən (sınıqçılıq) əl çəkəcəyəm.
Deyəsən bu cavan sınıqçılığı mö`minlərə nəsə bir kömək etmək məqsədilə İmam Rzadan (ə) istəyibmiş və həmin iş də İmamın xüsusi diqqətində imiş.
Həmin cavan deyir:
–Elə bu vaxt evin damının yarıldığını və bir qoca qarının evə düşdüyünü gördüm. Başa düşdüm ki, duam qəbul olub.”
Ev sahibəsi olan qadın qayıdıb gələndə həmin qoca qarını görüb soruşdu:
–Nə istəyirsən və nə üçün bura gəlmisən?”
Qarı dedi:
–Sizin qonşuluqda yaşayan bir qadın uşaq dünyaya gətirmişdi. Gəldim ki, bir az parça (əski) aparım.”
"Bəs haradan gəldin–"deyə qadın qoca qarıdan soruşanda, qarı dedi:
–Qapıdan.” Amma mən onun evin damından içəri girdiyini görmüşdüm.
Nə isə, onların başının söhbətə qarışdıqlarını görüb fürsəti əldən vermədən evin qapısına tərəf qaçmağa başladım.
Ev sahibəsi mənim dalımca gəlib soruşdu:
–Hara gedirsən?”
–Gedirəm qapını bağlayım– deyə dilləndim.
O dedi: "Mən qapını bağlamışam.”
–Axı qapını necə bağlamısan ki, o qoca qarı həmin qapıdan içəri girdi– deyə cavab verdim. Tez qapıya tərəf gedib evdən çıxmaq, o qadının əlindən xilas olmaq istədim. Qadın mənim aradan çıxdığımı başa düşəndə, arxamca tüpürüb, söyüş söyməyə başladı.
Həmin vaxt onun söyüşləri mənə halvadan da şirin gəlirdi.("Dər məhzəre Ayətullah Behcət”, səh. 148-150)
Problemlərimizin əsas səbəbi
Kafirlərin bütün hədəfi müsəlmanlar arasına təfriqə (ixtilaf) salmaqdır: "Ayrılıq sal, ağalıq et”. Millətlər və dövlətlər arasında təfriqə salıb, onları sərhədlə bir-birindən ayırmaq, hər milləti digərinin qarşısında əcnəbi kimi qələmə verməklə, kafirlərə (o cümlədən də Britaniyaya) qarşı İran və Osmanlı hərbi birliyinin yaranmasının qarşısını aldılar.
Baxmayaraq ki, Allah, Peyğəmbər (s) və pak İmamlar tərəfindən bizə çoxlu tövsiyyə olunmuşdur: "Həmişə birgə olun.” Öz birliyinizi qoruyun və heç vaxt bir-birinizdən ayrılmayın. Ehtiyatlı olun ki, yadlar sizin içinizə nüfuz etməsin və kafirlərlə qarışmayın. Onlarla (kafirlərlə) əhd-peyman bağlamayın. Bunlar sizin din və dünyanızın zərərinə ola bilər.”
Amma biz bütün bu sifariş olunanları qulaq ardına vurduq və sonda arzulamadığımız hadisələrin şahidi olduq.
150 min nəfəri öldürmək olar, amma oğrunun əlini kəsmək olmaz?
Xirosimada atom bombasıyla bir neçə dəqiqə ərzində 90 min yaponiyalını öldürdülər, heç uf da demədilər.
Başqa ölkələri bu yolla işğal etmək istəyənlər İslam dinindəki şər`i hökmlə–oğrunun əlini kəsməklə–müxalifdirlər. Onların nəzərincə oğrunun əlini kəsmək vəhşilikdir.
Baxmayaraq ki, oğrunu cəzalandırmaqla cəmiyyətdə asayiş və əmin-amanlıq yaranır. Onlar bunu nəzərə almırlar.(Həmin mənbə, səh. 235)
Deyirəm heç günah etməyə də fikirləşməyin!
Həzrət İsa (ə) buyurmuşdur:
"Qardaşım Musa (ə) buyurur: "Günah etməyin.” Amma mən sizə deyirəm ki, hətta günah etməyi fikirləşməyin.”
Musa (ə) buyurur:
"Yalandan and içməyin.” Amma mən deyirəm ki, heç doğrudan da and içməyin.("Kafi”, c. 5, səh. 542; "Biharül-ənvar”, c. 14, səh. 331; "Əvaliul-ləali”, c. 3, səh. 546)
Valideynə itaətdə müstəhəbbi əməllərin tərki
Sual: Valideynə itaət zamanı müstəhəbbi əməllərin tərki lazımdırmı?
Cavab: Bəli, amma müstəhəbbilərə əməl etmək istəsən, gərək valideyninə əziyyət və zəhmət verməyəsən. Çünki, müstəhəbbi əməllərdə başqasına əziyyət etmək haramdır.(Həmin mənbə, səh. 274 )
Şeyx İbrahim Kəlbasi ticarətlə məşğul olur və bu yolla ailəsinin xərcini tə`min edirdi. Günlərin birində ona xəbər verdilər ki, ticarət gəmiləri qərq olmuşdur. Çünki, Şeyx İbrahim Kəlbasinin də bu gəmilərdən birində çoxlu malı var idi. Şeyx bu xəbəri gətirənlərə deyir:
"Mənim malım heç vaxt batmaz (qərq olmaz), çünki mən onların (malımın) xumsunu vermişəm.
Bir müddət keçəndən sonra xəbər çatır ki, gəmilərdə olan mallardan ancaq Şeyxin(İşaratül-üsul” kitabının müəllifi.) malı suda batmayıb. (Malların üstündə sahibinin adı və ünvanı qeyd olunduğuna görə mal sahibini tapmaq bir o qədər də çətin deyildi.)(Həmin mənbə, səh. 275)
Günlərin birində Məhəmməd ibn Müslüm İmam Sadiqin (ə) hüzurunda olarkən yuxusunu nəql edir və Əbu Hənifə onun yuxusunu tə`bir edir. İmam Sadiq (ə) ona buyurur:
Düz dedin.("Kafi”, c. 8, səh. 292; "Biharül-ənvar”, c. 47, səh. 223; c. 58, səh. 163)
Amma Əbu Hənifə gedəndən sonra İmam Sadiq (ə) Məhəmməd ibn Müslümə buyurur:
"Əslində sənin gördüyün yuxunun yozumu mən dediyim kimidir.”
Məhəmməd ibn Müslüm çox təəccüblə İmamdan soruşur:
"Bəs niyə görə Əbu Hənifənin sözlərini təsdiq edərək ona–düzdür–dediniz?”
İmam Sadiq (ə) buyurdu: "Təqiyyə etdim və əslində məqsədim "doğrudan da səhv dedin” idi.”
Əgər insanlar nəyi bilib-bilmədiklərindən agah olub öz nöqsanlarını düzəltməyə çalışsaydılar, din və peyğəmbərlərdən itaət etməkdə bir səviyyədə olardılar. İnsanlar arasındakı ixtilafların əsas səbəbi onların alim və cahilliklərindədir. Amma insanın qədir-qiyməti onun malı ilə deyil, elmi ilə ölçülür. Elm – bütün şeyləri və şəxsiyyətləri özünə tərəf cəzb edir. Həmin şəxs deyir:
Məhəmməd ibn Əlidən (İmam Baqir (ə)) elmli bir şəxs görmədim.”
Əhli-beytlə (ə) müxalif olan şəxslər, doğrusu elm və ağılla müxalifdirlər. Həzrət Məhəmmədin (s) Əhli-beyti (ə) alim və Peyğəmbərdən (s) sonra hamıdan bilikli olduqlarına görə gərək onların buyurduqlarına əməl edək. Baxmayaraq ki, Əhli-beyt (ə) Peyğəmbərin (s) vəsiləridir və onlara itaət etmək bizə vacibdir.(Həmin mənbə, səh. 304-305)
Seyyidlərə məhəbbət və hörmət etmək biz şiələrə xüsusi olaraq sifariş olunmuşdur. Bə`zi şəxslər deyirlər ki,–seyyidin dediyi ilə razılaşmadığımıza görə zərər-ziyana düşmüşük.
Bundan əlavə özü də seyyid olan bir ata belə nəql edir:
"Bə`zən öz uşağımı tənbih və ədəb etmək məqsədilə döyürdüm. Bir az keçməmiş mənim başıma nəsə bir bəla gəlirdi.
İmam Həsən Əsgəri (ə) seyyidlərə hörmətsizlik və e`tinasızlıq edən bir şəxsə irad tutanda, həmin şəxs deyir:
Mənim bu şəxsə e`tinasızlığımın səbəbi onun sizinlə müxalif olması idi.
İmam Həsən Əsgəri (ə) buyurdu:
"Onun nəsli-kökü bizə çatdığına görə gərək belə etməyəydin.”(Həmin mənbə, səh. 305-306)