ÖN SÖZ
Bu dünyada yaşayan hər bir şəxs daim səadət, xoşbəxtlik və asayiş arzusunda olur. Bunun üçün gecə-gündüz çalışır və nəyin bahasına olursa-olsun istəyinə nail olmağa can atır. İnsan, mübarizə meydanına qədəm qoyur və qısa ömrünü arzu etdiyi səadət və xoşbəxtlikdə başa vurmaq üçün özünü oda-közə vurur və qarşılaşdığı bütün çətinliklərə sinə gərməyə çalışır. Lakin təəssüflər olsun ki, insanların bir çoxu qənaətbəxş həyat tərzinə yiyələnmələrinə baxmayaraq - daha artıq əldə etmək üçün - daim özləri üçün təhlükə yaradır və arzu etdiyi xoşbəxt həyatı demək olar ki, qeyri-mümkün bir hala çevirirlər. Beləliklə, həyəcan və əzab-əziyyət tufanının qarşısında tab gətirə bilməyib özlərini məhvə sürükləyirlər.
Bunun isə ən başlıca səbəbi insanın xəyalı həqiqət yerinə seçib, qaranlıqda bəşəriyyətin yoluna işıq saçan ağıl nurundan istifadə etməməsidir. İnsanların xəyal və arzu səmasında gördükləri rəngarəng cilvələr onları təlatümə düçar edərək məhvedici qaranlıqda özünə əsir edir.
İnsan güc və şüura malik olan ən yüksək varlıqdır. Digər canlılar tək maddiyyata ehtiyac duyan insanın, onlardan fərqli olaraq onun istək və hədəfi ilə tam həmahəng olan mənəviyyata da ehtiyacı vardır. Onlardan (maddiyyat və mənəviyyatdan) hər hansı biri digərinə üstün gələrsə birini zəiflədərək özündən asılı vəziyyətə salmış olur.
Elm və texnologiyanın inkişafı insanların həyatını tamamilə dəyişmiş və bir çox çətinliklərə son qoymuşdur. Dənizin dərinliklərindən tutaraq göy qatlarınadək hara nəzər salsaq bəşəriyyətin qoyduğu iz və göstərdiyi fəaliyyətlərin şahidi oluruq. Lakin bütün bu elmi nailiyyət və inkişaflara baxmayaraq iman və etiqad gün-gündən zəifləyir və cəmiyyətdə əxlaqi pozğuntuluqlar, hərc-mərclik, qeyri-insani rəftar və davranışlar genişlənərək onu süquta sürükləyir. Səadət və xoşbəxtlik amilləri ictimaiyyəti əxlaqi pozğuntuluqların qarşısında diz çökməyə vadar etmişdir və mənəviyyatın qalıqları da nəfsani istək və bir çox mənfi ünsürlərin arasında məhv olub aradan gedir. İnsan heyranedici tərəqqiyə nail olsa da onun ruhuna qida verən mənəvi dəyərləri, mehr-məhəbbəti ayaqları altına ataraq özünü böyük təhlükə ilə qarşı-qarşıya qoymuşdur.
Onun, təkamülünə mane olan yalan, hərislik, nifaq, ədalətsizlik, qeybət kimi xoşagəlməz xüsusiyyətləri cəmiyyət üçün ciddi təhlükə yaratmışdır. Əlaqələrin kəsilməsi, fərdi və ictimai narahatçılıqlar, bir sözlə, bütün bədbəxtçiliklər və xoşagəlməz hallara səbəb olan amillər mənəviyyatın və yüksək insani xüsusiyyətlərin məhvinə və aradan getməsinə səbəb olmuşdur. Bu da açıq bir həqiqətdir ki, qısa bir müddət ərzində maddiyyatdan məhrum olan bu günkü insan tez bir zamanda ümidsizliyə qapılır və qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün heç bir əksül-əməl göstərməyə qadir olmur. Əxlaq və psixologiya alimləri belə bir fikirdədirlər ki, insaniyyət, yalnız bəşər bir varlıq kimi ruhu saflaşmaqla ən yüksək məqama nail olduğu bir halda formalaşa bilər. Belə olduğu bir halda xüsusiyyətlər arasında bir növ orta hədd qoyulmuş olur. Çünki, ədalətsizliklərin qarşısını alan və onu ən yüksək məqamlara ucaldan şey varsa o da insanın əldə etdiyi əxlaqi və mənəvi dəyərləridir.
* * *
Tarix boyu cəmiyyət arasından elə şəxsiyyətlər çıxmışdır ki, adları dillər əzbərinə çevrilərək daim xoş xatirələrlə yad edilmişlər. Bütün bunlara səbəb olan isə onların yüksək insani və əxlaqi dəyərlərə yiyələnmələri olmuşdur. Bu dəyərlərdən məhrum olan cəmiyyət isə yaşamağa belə layiq deyildir. Mənəvi dəyərlərdən məhrum olan hər hansı bir cəmiyyət tək iqtisadi baxımdan deyil, bəlkə həyatın bütün sahələrində öz mənfi təsirini göstərərək ona ən güclü zəlzələdən artıq məhvedici zərbə vurur.
İnsanın tərtib etdiyi qanun və nizamnamələr hələ də ruhunun dərinliklərinə yol tapıb müxtəlif millət və cəmiyyətlər arasında mənəvi birlik bərqərar edə bilməmişdir. Elə bir qanun məcmuəsi ki, insanın məhdud elm və məlumatları əsasında və (müxtəlif amillərin təsiri altına düşərək) varlıqlar arasında mövcud olan əlaqələrdən xəbərsiz olduğu bir halda qüvvəyə minmişdir. Bunun üçün də heç vaxt tam mənada insanın səadət və xoşbəxtliyini təmin edə bilməmişdir və bu səbəbdən də müvəqqəti xarakter daşımağa başlamış və ictimaiyyətdə müxtəlif dəyişikliklər baş verməklə orada da müəyyən dəyişikliklər aparılmışdır.
Ümumiyyətlə bəşəriyyəti əhatə edən müxtəlif pozğunçuluq və bədbəxtçiliklərin meydana gəlməsinə səbəb olan həmən naqis qanunların verdiyi əks-əməllərdir.
Lakin peyğəmbərlərin verdikləri müqəddəs təlimlər Allahın tükənməz elminə əsaslanmış və vəhy çeşməsindən ilham almışdır. Daim sabit və dəyişilməz olan bu qanunlar varlıqlar arasında sıx əlaqələr yaratmışdır və insana nəfsi ilə mübarizə apararaq ən yüksək məqamlara nail olmaqda kömək edir və qarşılaşdığı maneələri dəf etməkdə yardımçı olur. Dini təlimlərin ictimaiyyətin nəzm və intizamında qoyduğu iz və verdiyi nəticələr inkarolunmaz bir həqiqətdir. Cəmiyyətdə məhkəmə fəaliyyət göstərməyincə və cəmiyyət üzvlərinin istək və iradəsinə məhdudiyyət qoyulub onların üzərlərinə düşən vəzifə və məsuliyyətlər müəyyənləşməyincə islahata doğru atılan hər bir addım nəticəsiz qalaraq məğlubiyyətə uğramalı olur. Kamil bir sivilizasiyanın meydana gəlməsi, xoşbəxt və təhlükəsizliyi təmin olunan bir mühitin qurulması üçün isə mənəvi dəyərləri gücləndirməkdən savayı başqa heç bir çıxış yolu yoxdur. Təqva və iman əsasında olan İslam dininin əbədi qanun və nizamnamələrinin təməli tarixin ən böyük əxlaqi şəxsiyyəti həzrət Məhəmməd (s) tərəfindən qoyulmuşdur. Axirət dünyasının xoşbəxtliyini təmin edən vasitələr sözsüz ki, bu dünyanın səadət və xoşbəxtliyini də təmin etmiş olur. Bütün bunları özündə cəm edən müqəddəs İslam dininin ən başlıca hədəfi də insana dəyər verib və onu bir sıra mənəvi dəyərlərlə tanış etməkdir. İslam, insaniyyətin me’yarını yüksək əxlaqi xüsusiyyətlərə və güclü, gözəl ruhiyyəyə yiyələnməkdə görür. İslam, nəfsani istəklərə görə əxlaq və mənəvi dəyərlərdən üz çevirməklə müxalifdir və insaniyyətin şərəfinə ləkə vuran şəxslərlə qətiyyətlə mübarizə aparır. İctimai əlaqələrin İslam qanunları əsasında bərqərar olunan bir cəmiyyətdə daim mehr-məhəbbət, qarşılıqlı etimad hökm sürür. Belə bir cəmiyyətdə həyatın bütün sahələrində ədalət və bərabərlik ən yüksək səviyyədə icra olunur. Hamı qanun qarşısında eyni məs’uliyyət daşıyır və cəmiyyət üzvləri arasında birlik və səmimiyyət bərqərar olunur. Mənəvi birlik və bu kimi amillərdən ilham alaraq ictimaiyyətin səadət və xoşbəxtliyini təmin edib digər millət və cəmiyyətlərə də müsbət təsir göstərilə bilər.
* * *
Qarşınızdakı kitabda bir sıra əxlaqi məsələlərə toxunulmuş və müqəddəs İslam dininin olduqca dəyərli təlimlərinin bir qismi haqda söhbət açılmışdır.
Bundan əvvəl bu mövzuda onlarla qiymətli əsər təlif olunsa da bir çox hallarda nəzəri xarakter daşıdığı üçün hal-hazırda müasir tələblərə cavab verməyir.
Müəllif əxlaqi mövzuları olduqca sadə ifadələrlə bəyan etməyə və başa düşülməsi çətin olan terminlərdən istifadə etməməyə çalışmışdır. Bununla yanaşı bəzi psixoloji və tərbiyəvi məsələlərə toxunularaq diqqətlə araşdırılmış və müasir qərb alimlərinin nəzəriyyələrinə, habelə Peyğəmbər (s) və məsum imamların 14 əsr bundan əvvəl buyurduqları hikmətamiz kəlamlara da geniş yer verilmişdir.
Bunu da qeyd etmək istəyirik ki, kitabda haqqında söhbət açılan mövzuların bir qismi «İslam məktəbi» jurnalında dərc olunmuşdur. Hörmətli əziz oxucular kitabı mütaliə edərkən (kitabın yeni üslubda yazıldığının şahihi olacaqlar və) nəzər sahiblərinin irəli sürdükləri fikirləri bir daha təsdiq edə biləcəklər. Ümid edirik ki, İslamın böyük şəxsiyyətlərinin və əxlaq alimlərinin verdikləri tövsiyələrdən bəhrələnərək qarşımızda olan uçurumlardan xilas olaq və özümüz üçün səadət və xoşbəxt bir həyat təmin edə bilək.
Seyid Müctəba Musəvi Lari.
Qum – 1966.