İYIRMI SƏKKIZINCI DƏRS:
ƏHLİ-BEYT MƏHƏBBƏTİ İSLAMIN ƏSASIDIR
İmam Sadiq (ə) buyurur: «Hər şeyin əsası var və İslamın əsası biz Əhli-beytə məhəbbətdir».
İslam bir saraya oxşayır ki, sütunları Əhli-beytə məhəbbətdir. Möhkəm sütunlu binanın ömrü də uzundur. İllər ötdükcə bu binanın zahiri görkəmi dəyişib solğunlaşa bilər. Amma sütunları möhkəm olduğundan onu əvvəlki görkəminə qaytarmaq çox asandır. Amma sütunları möhkəm olmayan bina kiçik bir titrəyişdən müvazinətini itirir və nə qədər təmir olunsa da onu ilkin vəziyyətinə qaytarmaq mümkün olmur. İslam möhkəm sütunlara malik olduğundan əsrlərin təlatümlərini əzmlə keçmiş və öz ilkin mahiyyətini qoruyub saxlamışdır.
Bəs nə üçün İslamın sütunu Əhli-beyt məhəbbətidir? Burada isbat və sübuta ehtiyac vardır. İsbat məqamı dedikdə, sübut üçün ayə və dəlillərin varlığı nəzərdə tutulur. Məsələn, yuxarıda zikr olunmuş hədis bu mövzu üçün bir dəlildir. Amma sübut məqamı dedikdə, bu məsələyə aydınlıq gətirilməsi nəzərdə tutulur. Nə üçün Əhli-beytə məhəbbəti olmayan insanın dini süst və kövrək olmalıdır? Biz daha çox sübut məqamını araşdıracağıq.
DİN VƏ ƏHLİ-BEYT MƏHƏBBƏTİ ARASINDA ƏLAQƏ
Din insanla Allah arasında əlaqə yaratmaq üçündür. Amma bu əlaqə iki amildən asılıdır: tanıma və fitri meyl. İnsan ilk əvvəl gördüyü dünyanın yaradıcısı olduğunu dərk edir. Anlayır ki, bütün nemətlərin sahibi vardır. İkinci mərhələdə qəlbdə bu nemət sahibinə məhəbbət yaranmalıdır. Əgər bu tanıma və məhəbbət insan vücudunda formalaşarsa, Allahla bəndə arasında əlaqə üçün şərait yaranar. Amma bu tanıma və məhəbbət insanın doğru yol tutması üçün kifayət etmir. Tarixdə Allahı tanıyıb sevdiyi halda yolunu azanlar çox olub. «Zumər» surəsinin 3-cü ayəsində buyurulur: «Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar deyirlər: «Biz onlara yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik». Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir». «Yunus» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «(Müşriklər deyir) Bunlar (bütlər) Allah yanında bizdən ötrü şəfaət edənlərdir».
Demək, doğru yolu tapmaq üçün Allahı tanımaq kifayət deyildir. Ona görə də Allah-təala peyğəmbərlər göndərmişdir. Amma bununla da məsələ bitmir. Tarixə nəzər salsaq görərik ki, peyğəmbərləri qəbul etdikləri halda əsl ilahi hədəfdən yayınanlar az deyil. Təkcə İslamda 82 məzhəb və təriqət mövcuddur. Hamı müsəlmanlıq iddiasında olsa da peyğəmbər vəsisinə, canişininə münasibətdə baxışlar haçalanır. İslam dinində Allah-təala Peyğəmbərə (s) canişinlər təyin edərək onları müsəlmanlar üçün rəhbər qərar verir. Beləcə, aydın olur ki, nə üçün Əhli-beyt məhəbbəti İslamın əsasıdır.
Cəsarətlə demək olar ki, biz şiələrin İslamdan olan biliyinin 90 faizi Əhli-beytdən öyrəndiklərimizdir. Bu sözü başqa məzhəblər haqqında da demək olar. Sonuncu Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra bəşəriyyət üçün yeganə ilahi bilik mənbəyi Əhli-beyt məsumlarıdır. Onlar üç əsr ərzində insanları ilahi maariflə tanış etmişdir. Allah-təala Qurani-Kərimdə öz Peyğəmbərinə (s) buyurmuşdur: «De ki, mən sizdən peyğəmbərliyin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm»(«Fatir» surəsi, ayə 10). Peyğəmbər (s) insanlardan yalnız Allaha itaət istəyirdi. «Fürqan» surəsinin 57-ci ayəsində buyurulur: «…Mən sizdən ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm». Bu iki ayə Peyğəmbər (s) Əhli-beytinə (ə) olan məhəbbətin əhəmiyyətini açıq-aşkar bəyan edir. Əlbəttə ki, bizim Əhli-beytə məhəbbətimiz yalnız onların Allah dərgahına yaxınlığı ilə bağlıdır.
Əgər Allahın mərifət və məhəbbətini düzgün şəkildə anlayıb xoşbəxt olmaq istəyiriksə, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) ardıcıllıq etməliyik. Allaha məhəbbətin sübutu Peyğəmbərə (s) itaət, Həzrətə (s) itaətinin tərkibi olan Əhli-beytə (ə) bağlılıqdır. Məşhur «Səqəleyn» hədisi deyilənlərə sübutdur.
ƏHLİ-BEYTƏ MƏHƏBBƏTİN YARDIMI
Adi insanlar günahsız olmadıqlarından dini etiqadları, əməlləri qüsurlu ola bilər. Əhli-beytə (ə) məhəbbət insanı bir çox fitnələrdən qurtarıb, nöqsanları aradan qaldırar. Amma Əhli-beyt (ə) vilayətindən uzaqlıq insanı təhlükəli aqibətlə üzləşdirə bilər.
Əgər tarixə nəzərə salsaq hətta kəbirə günahlara yol vermiş insanların Əhli-beyt (ə) işığında tövbəyə nail olduğuna şahid olarıq. Əksinə, dini göstərişlərə ciddi əməl edib, lakin Əhli-beyt məhəbbətindən məhrum olduğu üçün süquta uğrayanlar da az deyil.
Mərhum Teyyub imam Hüseynə (ə) xüsusi sevgisi ilə seçilən insanlardan idi. Onun əzadar dəstəsi məhərrəm mərasimlərində məşhur idi. Teyyub məlum Xordad hadisələrində həbs olunmuşdu. Xəfiyyələr Teyyubdan tələb edirdilər ki, qiyamda iştirak üçün imamdan pul aldığını etiraf etsin. Belə bir izahat müqabilində onu azad edəcəklərinə söz verirdilər. Amma Teyyub Allah rizasına qiyama qalxdığını bəyan etdi. Mücahid müsəlmanı dara çəkdilər…
Bu hadisədən sonra çoxları Teyyubu yuxuda gördü. Onun yaxın dostlarından biri müəlliflə görüşündə Teyyubun xatirəsinə Quran açmağı xahiş etdi. Allah şahiddir ki, səhifənin ilk sözü «teyyib» və ilk ayəsi bu idi: «Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar»
Teyyub adi bir müsəlman idi. Amma Əhli-beytə aşiq olan adi bir müsəlman! Məhz bu məhəbbət Teyyubu xeyirli bir aqibətə ‒ şəhadətə qovuşdurdu.
Bunu da qeyd etməliyik ki, insanın qəlbi elə həddə çirklənə bilər ki, Əhli-beyt məhəbbətinə layiq olmaz.
«MÜNAFİQ» SÖZÜNÜN ƏHLİ-BEYT DÜŞMƏNİ KİMİ TƏFSİRİ
«Hədid» surəsinin 13-14-cü ayələrində buyurulur: «O gün münafiq kişi və qadınlar iman gətirənlərə deyəcək: «Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq». Onlara belə cavab veriləcək: «Geriyə dönüb işıq axtarın». Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasına içəri tərəfi mərhəmət və bayır tərəfi əzab olan sədd çəkiləcəkdir. Münafiqlər möminlərə deyəcək: «Biz sizinlə birlikdə deyildikmi? Möminlər belə cavab verəcəklər: «Birlikdə idiniz, amma siz özünüzü fitnəyə saldınız, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar və tamah aldatdı».
Ayədə zikr olunmuş divar ərəbcə «sur» kimi işlənmişdir. Maraqlıdır ki, söhbət möminlərlə kafirlər yox, möminlərlə münafiqlər arasındakı divardan gedir. Bu münafiqlər möminlərlə birgə məscidə gələr, namaz qılar, Quran oxuyardılar. İndi isə ayrılırlar. İmam Sadiq (ə) buyurur: «Ciyərlər susuzluq şiddətindən od tutar». Bəli, söhbət qiyamət günündən gedir. Əzabla dolu bu gündən qaçıb qurtarmağa yer varmı?
İmam Sadiq (ə) buyurur ki, möminlərlə münafiqlər arasındakı divar nurdandır. Bir tərəfdə bizə xidmət etmiş Əhli-beyt dostları, digər tərəfdə isə Əhli-beyt düşmənləridir.
Rəvayətdən belə məlum olur ki, imanın həqiqi və zahiri olması Əhli-beyt vilayətinə məhəbbətdən asılıdır.
Xülasə, hər şeyin əsası olduğu kimi İslamın da əsası var və bu əsas Əhli-beytə məhəbbətdir. Belə möhkəm əsasa malik saray üçün heç vaxt uçulma təhlükəsi yoxdur!
Ya Rəbb, Əhli-beyt vilayəti və onun məhəbbətini qiyamət gününədək bizim üçün qoru və qəlbimizi bu nurdan məhrum etmə!