DOQQUZUNCU MƏCLİS:
«Varınız, canınız, dilinizlə Allah yolunda cihada münsibətdə Allahı…Allahı unutmayın.»
Əmirəl-möminin (ə) bu dəyərli vəsiyyətdə Quran və ondan istifadə, Quranda buyurulmuş müəyyən göstərişlə əməllə bağlı tapşırıqlardan sonra Quranın həyati əhəmiyyətə malik ciddi tapşırıqlarından söz açır. Olsun ki, həmin məsələlərə lazımınca diqqət yetirmirik. Həzrət öncə namazı tövsiyə edir. Onu dinin sütunu adlandırır. Bütün müsəlmanlar namaz qılır. Amma söhbət insanın xoşbəxtliyində təsirli olacaq namazdan gedir. Digər bir tövsiyə həcc haqqında idi. Həccin də İslam və İslam cəmiyyətində mühüm təsirləri var. Həcc əhəmiyyətli təsirə malik olduğundan İslam düşmənləri və zalım xəlifələr bu mərasimə mane olmağa çalışmışlar. Əksinə, Əhli-beyt (s) və məsum imamlar həccə xüsusi diqqət ayırmış, həcc mərasimlərində özlərini Məkkə və ya Mədinəyə çatdırmağa çalışmışlar. Həcc mərasimindən İslam maarifinin və məzhəb həqiqətlərinin yayılmasında istifadə edilmişdir. Qeyd etdik ki, rəvayətlərdə Allah evini boş qoymuş müsəlmanların qəzəbə gələcəyi bildirilir. Bu isə həccin fövqəladə əhəmiyyətindən xəbər verir. Bizə xatırladılır ki, müxtəlif bəhanələrlə mühüm həcc hökmünə barmaq arası baxmaq olmaz.
Dəyərli vəsiyyətdə diqqət yetirilmiş mühüm məsələlərdən biri cihaddır: «Varınız, canınız, dilinizlə Allah yolunda cihada münasibətdə Allahı…Allahı unutmayın.» Cihad haqqında çox danışılıb. Xüsusi ilə savaş tarixi olan millətimiz cihadın əhəmiyyətini dərk edir. Həmin dövrdə zamanın tələbi ilə çıxışlarda, məqalə və kitablarda cihada çox yer verildi. Olsun ki, bizim millət cihadın əhəmiyyətini, müdafiə cihadını başqalarından daha yaxşı dərk etdi.
Bu səbəbdən də cihad mövzusunda əksər söhbət təkrar kimi görünə bilər. Bununla belə bu vaxtadək nəzərdən qaçmış bəzi nöqtələri xatırlatmaq zəruridir.
Əvvəla, cihad dedikdə fərdi savaş nəzərdə tutulmur. Qurani- kərim bu zəmində iki təbirdən istifadə edir: «Cihad» və «qital». Qital dedikdə iki şəxsin və ya iki toplumun qarşı tərəfi öldürmək məqsədi ilə vuruşması nəzərdə tutulur. Əgər öldürmək məqsədi ilə savaş başlamışsa, onun nəticələrindən asılı olmayaraq bu savaş qital sayılır. Qurani-kərimdə uyğun təbirlə tez-tez rastlaşırıq: «İman gətirib Allah yolunda qital edənlər var, kafir olub şeytan yolunda qital edənlər var. Şeytanın yardımçıları ilə qital edin, şeytanın hiyləsi zəifdir.»("Nisa”, 86.); «Hər kəs Allah yolunda qital etsə, öldürülsə və ya qalib gəlsə tezliklə ona böyük mükafat veriləcək.»("Nisa”, 74.); «Həqiqətən, Allah Onun yolunda tökmə divar tək cərgə-cərgə dayanıb qital edənləri sevir.»("Səf”, 4)
Amma bəzi ayələrdə «qital» yox, «cihad» təbirindən istifadə olunur: «Ey iman gətirənlər! Sizə sizi ağrılı əzabdan qurtaracaq ticarət yolunu göstərəkmi? Allaha və Onun rəsuluna qatılın, Allah yolunda cihad edin.»("Səf”, 10, 11.); «Allah yolunda haqq olaraq cihad edin.»("Həcc”, 78.); «Həqiqətən iman gətirib hicrət edənlər, Allah yolunda cihada qalxanlar Allahın rəhmətinə ümidlidir. Allah bağışlayan və mehribandır.»("Bəqərə”, 218.)
Ərəb dili və Quran maarifi ilə yaxından tanış olmayanlar təsəvvür edirlər ki, cihadla qital arasında fərq yoxdur. Əslində isə cihad qitaldan daha əhatəli məfhuma malikdir. Cihad dedikdə təkcə hərbi mübarizə nəzərdə tutulmur. Bəli, qital hərbi qarşılaşmadır. Əgər Quranda «malla cihad» ifadəsi ilə rastlaşırıqsa, «malla qital» ifadəsi nəzərə çarpmır. Əgər qital yalnız cana aiddirsə, cihad həm cana, həm mala, həm də başqa imkanlara aiddir. Bu səbəbdən Qurani-kərimdə «canla cihad», «malla cihad» təbirləri ilə rastlaşırıq: «İman gətirib hicrət edən, Allah yolunda malı və canı ilə cihada qalxanlar Allah yanında çox uca məqama malikdirlər və onlardır nicat tapanlar.»("Tövbə”, 20.); «Möminlər o kəslərdir ki, Allah və Onun peyğəmbərinə qoşulub şəkk etmədən malları və canları ilə Allah yolunda vuruşarlar. Onlardır nicat tapanlar.»("Hucurat”, 15.)
«İCTİHAD» TƏBİRİNİN «MÜCAHİDƏT» TƏBİRİ İLƏ YAXINLIĞI
Quran ayələrini nəzərdən keçirdikdə aydın olur ki, «cihad» təbiri «qital» təbirindən daha geniş mənaya malikdir. «Cihad» sözü «cəhd» kökündəndir. «Cəhd» dedikdə təlaş, səy nəzərdə tutulur. «İctihad» sözü də həmin kökdəndir. Cihad dedikdə kiminsə qarşısında cəhd mənası anlaşılır. Yəni cihad bir neçə nəfərin iştirak etdiyi səhnəyə aiddir. Amma insan kimsə ilə ünsiyyətdə olmadan elm və bilik yolunda cəhd edərsə, onun bu işi «ictihad» adlanar. İctihadla məşğul olanlar fiqhdə «müctəhid» adlanır. Bəli, «ictihad» elmi cəhddir. Sünnə əhli fiqhində rəy əsasında cəhd də var. Bizim alimlər belə bir münasibəti qəbul etmir. İctihad təbirinin əməli nümunələrini nəzərdən keçirmək üçün Əmirlə-mömininin (ə) məşhur buyuruğuna nəzər salaq: «Mənə təqva ilə, ictihadla, iffətlə, sədaqətlə kömək göstərin.»("Nəhcül-bəlağə”, Feyzül-İslamın tərcümə və şərhi, namə 45.)
Hazırkı buyuruqda Əmirəl-möminin (ə) öz ardıcıllarından hansı səciyyələri gözlədiyini sadalayır. Demək ictihad dedikdə tərəf müqabilin olması zəruri deyil. Əgər bir şəxs bir otaqda tək oturub mütaliə edirsə, onun bu işini ictihad saymaq olar. Amma iki fərd və ya iki qrup qarşı-qarşıya dayanıb yalnız bir-birini məğlub etmək istəyindədirsə, bu iş «mücahidə» adlanır. Mücahidə həm hərbi meydanda, həm də elm və iqtisadiyyat sahələrində ola bilər. Hərbi meydandakı mücahidə «qital» qismindəndir. Məsələn, elm və iqtisadiyyat sahəsindəki mübarizələr qital sayılmır. Qeyd etdik ki, Qurani-kərim müxtəlif məqamlarda hərbi mücahidəni iqtisadi mücahidə ilə yanaşı zikr edir: «Ey iman gətirənlər! Sizə sizi ağrılı əzabdan qurtaracaq ticarət yolunu göstərimmi? Allah və onun rəsuluna inanın, Allah yolunda malınız və canınızla cihad edin. Əgər bilsəniz, bu sizin üçün daha üstündür.»("Səff”, 10, 11.)Burada təfsir ediləsi incə bir nöqtə var. Quranda harada «cihad» kökündən olan sözlər işlənirsə, həm mal, həm də candan söhbət gedir. Mal ilə cihad can ilə cihaddan öncə zikr olunur.
MAL İLƏ CİHAD VƏ ONUN ƏHATƏSİ
İstənilən bir halda cihad dedikdə öncə cəbhədə İslam düşmənləri ilə savaş nəzərdə tutulur. Təbii ki, insanların cəbhədə iştirakı üçün öncədən tədarük görülməlidir. Məsələn, əziz Peyğəmbərin (s) dövründə savaş üçün at, qılınc, zireh, dəbilqə lazım gəlirdi. Şübhəsiz, bu döyüş təchizatlarını əldə etmək üçün xəzinəyə ehtiyac var. Mal ilə cihad dedikdə həmin bu hissə nəzərdə tutulur. İnsanlar anlayır ki, savaş üçün maliyə mənbələrinə ehtiyac var. Ümumi və konkret şəkildə mal ilə cihadı savaşa arxa kimi təfsir etmək olar. Amma başqa bir ehtimal da var. Olsun ki, malla cihad dedikdə Quran və rəvayətlər baxımından daha geniş məna başa düşülsün. Bu ehtimal dövrümüz üçün daha xarakterikdir.
Son dövrlərdə mal ilə cihad üçün yeni ünvanlar yaranmışdır. Keçmişdə bu ünvanlar ya yox idi, ya da nadir hallarda gözə dəyirdi. Hamımız bilirik ki, əsrimizdə mübarizə təkcə hərbi meydanda aparılmır. Əslində savaş meydanından daha əhəmiyyətli sahələr var. Bu mübarizələrdən biri iqtisadiyyat sahəsinə aiddir və iqtisadi müharibə adlanır. İqtisadi silah bu gün hərbi silahdan daha böyük imkanlara malikdir. Hazırda dünya imperialistləri hərbi yox, iqtisadi silahla millətləri dizə çökürürlər. Artıq hərbi mühasirə yox, iqtisadi mühasirədən söhbət gedir. İqtisadi mühasirədə olan ölkə nəinki silah, hətta qida məhsulları əldə etməkdə çətinlik çəkir. Müharibələr ağır xərc apardığından və böyük təhlükələrlə müşayiət olunduğundan dünyanın super gücləri millətlərə qarşı iqtisadi silahdan istifadə edir. Əlbəttə ki, iqtisadi silahın da müxtəlif formaları var. Bəzən iqtisadi mühasirə planı olduqca dəqiqliklə hazırlanır və məharətlə icra olunur. Hansı ki, keçmişdə iqtisadi savaş kimi bir məfhum yox idi. Əgər vardısa da, yalnız savaşların gedişində ötəri xarakter daşıyırdı. Bu gün isə mübarizə meydanında ən əsas vasitələrdən biri iqtisadi savaşdır. Super güclər millətlərə diz çökürmək üçün iqtisadi savaşdan taktiki gediş yox, strateji təsir kimi faydalanırlar.
Etibarlı adamlardan birindən eşitmişəm ki, körfəz ətrafı ölkələrdən birinin televiziyasında Amerikanın prezidenti çıxış edərkən İranın min tümənlik pul əskinasını əlində göstərərək demişdir: «Biz elə etməliyik ki, bu min tümənliyə bir ədəd sarfet də almaq mümkün olmasın.» Zənnimcə, bu əhvalat iqtisadi müharibənin necə qlobal olduğunu əks etdirir.
BUGÜNKİ DÜNYADA MALLA VƏ YA İQTİSADİ CİHADIN ƏHƏMİYYƏTİ
Qeyd etdiyimiz kimi, iqtisadi müharibə dəqiq proqramlar və formullar əsasında aparılır. Bir neçə il öncə baş vermiş neft savaşı və neftin qiymətinin ucuzlaşmasını yada salaq. Hamımız neftin dünyəvi əhəmiyyətindən xəbərdarıq. Bu əhəmiyyət günbəgün artmaqdadır. Vaxt ötdükcə dünyadakı neft ehtiyatları azalır. İqtisadiyyatın əsas prinsiplərindən biri budur ki, bir şeyin miqdarı azaldıqca və sərfi çoxaldıqca onun qiyməti artır. Bu baxımdan neft hər il, bəlkə də hər gün bahalaşasıdır. Amma amerikalılar müxtəlif tədbirlərlə bu təbii gedişata maneçilik törədir və nefti müsəlman ölkələrdən az qala onun istehsal qiymətinə alırlar. Dövlət başçılarından biri bildirir ki, biz bu gün nefti qazanc baxımından sudan ucuz satırıq! Bizim də ölkəmizin başlıca sərvəti neftdir. Bir vaxt böyük neft ehtiyatları olan ölkəmiz iqtisadi böhran yaşadı. Qiymətlər baş gicəlləndirici həddə artdı. Məqsəd bu idi ki, xalq ayağa qalxsın və mövcud quruluşu devirsin. Amerikanın bu tədbirləri uzun zəhmətlər bahasına başa gəlmişdi. Onlar bir çox ölkələrdə bu planı həyata keçirmişdilər. Əlbəttə ki, bu Amerikanın son iqtisadi qurğusu deyildi. Ölkəmiz İslam dəyərlərinə istinad edən gündən Amerika bu millətin qanını sora bilmir. Onlar ölkəmizin ehtiyac duyduğu bir çox məhsulların gətirilməsinə maneçilik törədirlər. Neçə il əvvəl pulunu ödədiyimiz məhsulları hələ də ala bilmirik. Məhz Amerikanın tapşırığı ilə ölkəmizə həyati əhəmiyyətli məhsullar və avadanlıqlar satılmır. Əlbəttə ki, bu sahədə Amerika ilə Avropa və digər ölkələr arasında baxışlar fərqlənir. Bəzi ölkələrin bizimlə iqtisadi münasibətləri qismən də olsa yaxşıdır. Amma onlar Amerikanın təzyiqləri altında iqtisadi münasibətlərdən çəkinir, ya da ehtiyac duyduğumuz şeyləri bizə çox baha qiymətə satırlar.
Bəli, bu gün iqtisadi müharibə hərbi müharibədən daha çox zərər vurur. Yaxşı araşdırma aparılsa aydın olar ki, supergüclər bugünkü dünyanı iqtisadi müharibələr sayəsində istismar edirlər. Ölkəmizdə İslami dəyərlərə meyl artdığı bir vaxtda supergüclər bir-birinin ardınca iqtisadi sıxıntılar yaratmağa başladılar. Bu gün ölkəmizdə hansı sahədə iqtisadi vəziyyət qənaətbəxş deyilsə, həmin sahə məhz Amerikanın iqtisadi blokadasından əziyyət çəkir. Tədbirlərdən biri də ölkəmizin pulunu dəyərdən salmaqdır. Xarici valyutalarla müqayisədə bizim pul əskinaslarımız real dəyərində çıxış edə bilmir.
Əlbəttə, dövlət xadimlərimizin tədbirləri və millətimizin müqavimətləri sayəsində düşmən istədiyi nəticəni əldə edə bilmir. Bir çox millətlər bundan da zəif təzyiqlər qabağında diz çökmüşlər. Amma İslamdan öyrəndiyimiz mücahidələr sayəsində düşmənin torundan xilas ola bilmişik. Xalq anlayır ki, onun yaşadığı bir çox problemlər xaricdən qaynaqlanır. Bu təxribatlara qarşı mübarizə yolumuz da var. Bunlardan biri Quranın buyurduğu kimi mal cihadıdır: «Yüngül, ya ağır yüklə səfərbər olub, malınızla… Allah yolunda cihad edin.»("Tövbə”, 41.)
Bəli, cəmiyyətin təbəqələri təzyiqə məruz qaldıqda və onların qazancları ehtiyaclarını ödəmədikdə varlılar malları ilə cihada qalxmalı, düşmənin qurğularını puça çıxarmalıdırlar. Belə bir şəraitdə imkanlılar yalnız halal qazanclarından sərf etməli və bu yolla İslam cəmiyyətini iqtisadiyyat əjdahalarının pəncəsindən qurtarmalıdır. Digər bir tərəfdən, fəqirlər öz vəzifəsinə əməl edib malla cihada qatılmalıdır. Onlar səbr etməli və nəticədə varlılılar öz, yoxsullar da öz vəzifəsini yerinə yetirməlidir. Yalnız bu yolla düşmənin qurğularını gücdən salmaq olar.
Demək, malla cihad dedikdə təkcə müharibə üçün xəzinə toplamaq nəzərdə tutulmur. Uyğun təbir iqtisadi müharibəyə də aiddir. Düşmənin bu gün İslama qarşı əlindən gələn əsas işi iqtisadi mühasirədir. Onlar bu yolla İslam cəmiyyətini çökürmək istəyir. Demək, müsəlmanlar da öz növbəsində müəyyən iqtisadi məhrumiyyətlərə dözərək düşmənin qurğusuna zərbə vurmalıdırlar. Düşmən hücum etdiyi vaxt müsəlman sinəsini düşmən qabağında sipər etdiyi kimi, iqtisadi savaş zamanı da düşmənin nəzərdə tutduğu məqsədə çatmaması üçün maldan keçmək lazım gəlir. Demək, cihad dedikdə düşmən qarşısında təlaş nəzərdə tutulur. Elə bir düşmən ki, müsəlmanlara hakim olmaq arzusundadır. Öncə ona qarşı müqavimət göstərməli, ikinci addımda düşməni məğlub etməyə çalışmalıyıq. Eynən müharibədəki ardıcıllıq nəzərdə tutulur. Düşmən iqtisadi hücumlarla bizə zərbə vurmaq istəyir, biz də öz növbəmizdə onun zərbəsinin qarşısını almağa çalışırıq. Hərbi savaşda hamı gücü həddində məsuliyyət daşıdığı kimi, iqtisadi savaşda da insanlar öz iqtisadi imkanlarını səfərbər etməlidir. Şübhəsiz ki, varlı insanların ölkənin iqtisadi dirçəlişində vəzifəsi daha ağırdır.
Bəli, əvvəllər malla cihadda hazırkı yönüm yox idi. Amma iqtisadi mühasirələr işə düşdüyü bir vaxt uyğun ehtiyaclara zəruri diqqət yetirmək qaçılmazdır. Bəli, malla cihad bu qəbil təlaşları da əhatə edir. Başqa sözlə, düşmənlə mübarizə təkcə top-tüfənglə aparılmır. Müxtəlif mübarizə növləri var və bu mübarizələrdən biri də iqtisadi mübarizədir.
Cihad sahəsində digər maraqlı nöqtə budur ki, əgər Quran ayələrində yalnız mal və canla cihaddan danışılırsa, Əmirəl-mömininin (ə) vəsiyyətində bu sıraya dil cihadı da əlavə olunur: «Varınız, canınız, dilinizlə Allah yolunda cihada münasibətdə Allahı… Allahı unutmayın.»
Hərbi savaşdan əlavə malla cihad olduğu kimi dillə də cihad var. Əmirəl-mömininin (ə) vəsiyyəti elə bir dövrə təsadüf edir ki, onun cihadla bağlı vəsiyyətləri hərbi savaş mənasında anlaşıla bilər. Dil ilə cihada çağırış dedikdə isə bunun cəbhəyə çağırış mənasında anlaşılması mümkündür. Elə mal ilə cihadda da cəbhəyə yardım maddəsi nəzərdə tutulurdu.
Şübhəsiz ki, insanların cəbhəyə təşviqi dil ilə cihad nümunələrindəndir. Amma bu yalnız bir nümunədir. Əslində dil il cihad ifadəsinin daha geniş mənası var.
Malla cihad mövzusunda işarə etdiyimiz kimi bugünkü dünyada millətlər və dövlətlər arasındakı qarşıdurma təkcə hərbi meydanda özünü göstərmir. Müxtəlif meydanlar yaranıb. Bu meydanlardan ən mühümlərindən biri də təbliğat müharibəsidir. Düşmən öz təbliğatları ilə bir millətin düşüncə tərzinə təsir göstərməyə çalışır. Təbliğatla millətin inamları, dəyərləri, mədəniyyəti, düşüncəsi kənar təsirə məruz qalır. Belə bir təsir keçmişdə də olmuşdur. Təbliğat müharibəsinin nə vaxt başladığını demək çətindir. Amma iqtisadi müharibə kimi təbliğat müharibəsi də keçmişdəki səviyyələri ilə müqayisə olunmayacaq bir həddə gəlmişdir.
TƏBLİĞAT SAVAŞI HƏRBİ VƏ İQTİSADİ SAVAŞDAN TƏHLÜKƏLİDİR.
Bu gün düşmən təbliğatı bütün başqa sahələrdə olduğundan çox zərər vurur. Hazırda müqəddəs hərəkatımıza qarşı yönəlmiş ən təsirli vasitə təbliğat savaşıdır. Düşmən yaxşı başa düşür ki, İslamla zor gücü ilə danışmaq mümkünsüzdür. Elə ötən səkkiz illik müharibədə də onlar əllərini yanına salıb durmamışdı. Artıq etiraf etməlidirlər ki, iqtisadi mühasirələrin də elə bir təsiri olmadı. Onlar hazırda təbliğat müharibəsini əsas yol kimi seçmişlər. Çox ümid edirlər ki, bu yolla məqsədə çatacaqlar. Şəkk-şübhə yaymaq, imanı zəiflətmək, düşüncələri pozmaq, şayiələr yaymaq təbliğat müharibəsində istifadə olunan vasitələrdəndir.
Əgər Allah eləməmiş, düşmən xalqın imanını zəiflədə bilsə, artıq top-tüfəngə ehtiyac qalmır. Düşmənin ilk hərbi təcavüzlərində məmləkətimizin on üç yaşlı imanlı övladları kəmərlərinə qumbara bağlayıb özlərini düşmən tanklarının altına atırdılır. Həmin yaşda olanlar nəinki sadəcə şəhadət yolunu seçir, hətta şəhid olmaq üçün oruc tutur, qırx cümə gecəsi Cəmkəran məscidinə gedib sübhədək dua edirdilər. Bəli, həmin iman və yəqinlik qarşısında düşmənin silaha sarılmaqdan başqa çarəsi yox idi. Bütün bunları görən müxalif həmin pak qəlblərə, düşüncələrə daxil olmaq istədi. Bu istiqamətdə çox böyük büdcələr ayrıldı. Həmd olsun Allaha, hələ ki, bu yolla da nəticə əldə etməmişdir.
Hərbi savaşda düşməni geri oturdan misilsiz iman, dini dəyərlər, əminliklər, etiqadlar, şəhadətə eşq oldu. Əlbəttə ki, bu hal birdən-birə yaranmamışdı. İllərcə İslam təlimlərindən faydalananlar bu sahədə imam Rahildən dərs almışdılar. Başqaları da bu işə kömək edirdi. Kitablar, məqalələr yazılır, söhbətlər aparılırdı. Xüsusilə gənclər arasında Allaha, cihad və şəhadətə eşq zirvə həddində idi. Bu təlimlərin təsiri ilə gənclər canlarını ovuclarına alıb Allaha yaxın məqama tələsirdilər.
Gənclərimizin çoxu məhz belə bir əqidə ilə şəhadətin görüşünə getdi. Onlar arzularına çatdılar, imam Hüseynin (ə) camalının ziyarətinə nail oldular. Bu gün də İmam Əsrin (ə) görüşü ümidi ilə cəbhəyə gedənlər var. Onlar həqiqi komandan eşqi ilə yanırlar. Belələri səmimi qəlbdən inanır ki, Əsrin İmamının (ə) cəbhə və döyüşçülər üzərində nəzəri var. Bəli, savaş meydanında həzrətin xüsusi lütfündən bəhrələnənlər vüsala yetişir. Bəli, həmin isar, müqavimət və cihadı ərsəyə gətirən həmin iman idi!
İndi Allah eləməmiş, həmin imanlar və yəqinlər zəifləsə, əvvəlki cihadın şahidi olmayacağıq. İmanımız zəiflədiyi gün məğlubiyyət günümüzdür. Əgər insanlar arasında imama, onunla görüşə, hətta cənnət və cəhənnəmə münasibətdə şübhələr yaransa, nə cəbhəyə gedən olacaq, nə də imamın vüsalına tələsənlər! Həmin vaxt bir ayağı gorda olan qocalar da yerindən dura bilməyəcək. Dünya ləzzətləri yaxasından yapışmış gənclərdən nə danışaq?! Amma iman və yəqinin hansı gücə malik olduğuna şahid olmuş millətik. Yenicə ailə həyatı qurmuş minlərlə gənclər şəhadət sorağınca gəzirdi. Mən özüm izdivacından üç gün sonra şəhadət şərbətini içən tələbə tanıyıram.
Əgər şübhə qapıları açılsa, ziyalılıq, demokratiya adı altında etiqadlarımız hücuma məruz qalsa, bu təbliğata uymuş insanlardan hansısa fədakarlıq və şəhadət eşqi gözləməyə dəyməz.
TƏBLİĞAT MÜHARİBƏSİ NÜMUNƏLƏRİ
Gündəmə gətirilən şübhələrdən biri budur ki, ümumiyyətlə insan yəqinlik halı əldə edə bilməz. Əgər doğrudan da yəqinlik halı əldə etmək mümkünsüzdürsə, insanlarda şəhadətsevərlik ruhiyyəsi, Allahla görüş şövqü ola bilərmi? Təsadüfi deyil ki, Quranın ilkin ayələrindən başlayaraq bu kitaba münasibətdə şəkk-şübhələr rədd edilir. Elə girişdəcə qeybə, görmədiyimiz aləmə yəqinlikdən danışılır: «Bu heç bir şəkk-şübhə olmayan kitabdır, təqvalılar üçün hidayət səbəbidir; o kəslər ki, qeybə iman gətirər…»(Bəqərə”, 2, 3) Quranın ilk ayələrində yəqinlik iman əlaməti sayılır. Hansı ki, özünü Qurana etiqadlı sayıb, hətta ruhani libası geyənlər arasında insanın yəqinliyə çatmasını mümkünsüz sayanlar var. Belə bir məntiqlə mücahid tərbiyə etmək olarmı?! Mücahidə və cihad Allah və axirətə inam, yəqinlik nəticəsidir. Əgər insanda əminlik yoxdursa, bir çox mövzulara münasibətdə problemlər yaranacaq.
Əgər nəzərə alsaq ki, bəzi universitetlərdə bir qrup tələbənin imanı günbəgün zəifləyir, bunun səbəbini həmin təbliğat müharibəsində axtarmaq lazımdır. İmanı zəifləmiş, qəlbində yəqinlik olmayan insanlarla tərbiyədən danışmağa dəyməz. Axı o nə üçün namaz qılmalı, oruc tutmalı, azğın nəfs istəklərinin qarşısını almalıdır? Əgər bütün dini dəyərlərə şübhə ilə yanaşılırsa nə üçün bir gənc öz nəfs istəklərini cilovlamalı, onlara müsbət cavab verməməlidir? Əgər çeşidli şübhələr qəlblərdə kök atsa ilahi dəyərlər və fəzilətlər tənəzzül edəsidir. Bu halda fəsad, şəhvətpərəstlik cəmiyyətdə özünü daha çox göstərir. Problemi aradan qaldırmaq üçün bu şəkkin kökünü tapmaq lazımdır. Axı hansı şeytanlar pak qəlbləri bu sayaq təlqinlərlə çirkaba batırmışdır?
Bəli, düşmənin ən böyük zərbəsi din və imanı oğurlamasıdır. Təbliğat müharibəsinin əsas məqsədi də budur. Düşmən hərbi və iqtisadi sahələrdə müvəffəqiyyət əldə edə bilmədiyindən bütün gücünü təbliğat müharibəsinə yönəltmişdir. Bu sahədə müxtəlif fəaliyyət istiqamətləri mövcuddur. Bu fəaliyyətlərdən biri dinin əsaslarını laxladan nəzəriyyələrin yayılmasıdır. Son dövrlərdə dinə çeşidli münasibətlər, şəriətin arxa plana keçməsi gündəmə çıxarılan məsələlərdəndir. Onlar iddia edirlər ki, kitab da, sünnə də, Əhli-beyt (ə) buyuruqları da xüsusi şərait və düşüncələr üçündür. Əgər şərait və düşüncələr dəyişmişsə keçmiş dəyərlər qəbul olunası deyil.
Onların nəzərincə, hər şey yenidən süzgəcdən keçirilməlidir! Belələri iddia edirlər ki, Quranın təfsiri, hədislərin araşdırılması fəqih və müctəhidlərin işi deyil, istənilən bir şəxs uyğun həqiqətlərə öz istədiyi kimi yanaşa bilər. Əslində onlar fəqihlərin araşdırmalarını naqis sayır, onları müasir elmlərdən xəbərsizlikdə ittiham edirlər. İddia olunur ki, yalnız bütün elmlərdən xəbərdar insan dini mənbələrdən yetərli nəticələr çıxara bilər. Bəli, bəziləri dini günün tələblərinə uyğun dəyişmək əzmindədir!
Belə çıxır ki, çoxmilyonlu bir ölkədə hərənin öz dini baxışı olasıdır! Hərə öz bildiyini vacib saymalı, bu gün halal saydığını sabah haram bilərək rədd etməlidir. Belə çıxır ki, din alimləri öz yerini dünyəvi elmlərlə məşğul olanlara verməlidir. Uyğun vəziyyətdə dini, elmi hövzələrə və ruhanilərə ehtiyac qalmır. Onlar yalnız London və Paris unveristetlərində təhsil alanları müctəhid kürsüsündə oturtmaq istəyir. Guya zaman modern qiraət, modern təfsir tələb edir.
Bu sayaq söhbətlər İngiltərə və ya Amerika qəzetlərində əks olunmur. Bizim öz ölkəmizdə uyğun baxışlar rəvac tapmaqdadır. Bəli, məhz belə bir təzahür təbliğat müharibəsinin səmərələrindəndir. Uzun illərdir ki, ölkəmiz bu hücumlara məruzdur. Təəssüf ki, bir çox məsullar uyğun məsələyə bir o qədər də əhəmiyyət vermir. Müəzzəm rəhbərlik məqamı on ildən artıqdır ki, bu barədə xəbərdarlıq edir. Biz isə vəziyyəti hələ də lazımınca dəyərləndirə bilmirik. Anlamırıq ki, bir belə hay-küyün arxasında nə dayanır?
Əslində düşmənin təbliğat müharibəsindən daha qorxulu bu müharibəyə biganə münasibətdir. Bəzilərimiz məsələnin kökünü tapa bilmirik. Axı əsil təhlükə mənbəyi haradadır? Bazarda bir ərzaq bahalaşdıqda bəziləri elə düşünür ki, həmin ərzağın qiymətini aşağı salmaq hərəkatımıza ən böyük xidmətdir. Qiymətlər aşağı salındıqda səbəbkar şəxs haqqında xoş sözlər deyilir, çəpik çalınır, şüarlar səslənir. Belələri hətta milli qəhrəman səviyyəsinə qaldırılır!
Amma təhlükəli nöqtələri düşmən bizdən daha yaxşı tanıyır. Bizim başımız ərzağın qiymətini aşağı salmağa qatıldığı bir vaxt onlar öz işini görür. Məsələ ətin, soğanın qiymətini aşağı salmaq yox, fəsad törətməkdə, qurumaqda olan kökləri tapmaqdır!
Əgər şübhə toxumu səpmək istiqamətində işlər davam etsə, İslam dəyərlərinin müdafiəsi üçün meydan daralacaq. İnşaəllah, şəhidlərin qanı xatirinə düşmən bu sahədə də məğlub olasıdır. Amma hər halda məsələyə ciddi yanaşmalıyıq. Düşmən öz işində hansısa bir mərhələyə çatsa əminlik kimi dəyərli bir sərvətimiz üçün təhlükə yaranacaq. Əgər hamını inandıra bilsələr ki, dünyada sabit heç nə yoxdur, o cümlədən də dini hökmlər də dünyanın gedişatına uyğun dəyişməlidir, min dörd yüz illik bir məktəbin müdafiəsi çətin olacaq!
Biz bu gün deyirik ki, məsumların buyuruqları zaman ötdükcə fərqli sahələrə tətbiq olunur. Onlar bizim öz dilimizdən tutub deyə bilərlər ki, nə üçün zaman dəyişdikcə mənbələrdəki ifadələrin tətbiq sahələrini dəyişirsiniz? Bu vaxta qədər malla cihad dedikdə savaş üçün büdcə toplanması nəzərdə tutulurdu. Amma bu gün iqtisadi cihada yardım malla cihad sayılır. Əgər dillə cihad dedikdə insanların cəbhəyə təşviqi nəzərdə tutulurdusa, bu gün düşmənin əqidəmizə yönəlmiş hücumlarına cavab vermək dil cihadıdır. Bütün bunları önə çəkib iddia edə bilərlər ki, siz özünüz dəyişməkdəsiniz!
Biz iddia etmirik ki, İslamdakı bütün hökmlər sabitdir. İslam və şiə fiqhindən xəbərdar olan insan bilir ki, fətvalarda dəyişikliklər mümkündür. Zaman dəyişdikcə müəyyən fətvalar da əvəz olunur. Demək, İslamda qeyri-zəruri məsələlərdə dövrə uyğun dəyişiklik aparıla bilər. Amma düşmən İslamın sütunlarını hədəfə alıb.
Əvvəla, məntiqi baxımdan bir neçə nümunə göstərməklə ümumi hökm çıxarmaq olmaz. Bir neçə müsəlmanın əməl və rəftarı əsasında İslam ümməti haqqında söz demək mümkünsüzdür. Əgər bu vaxtadək fiqh tarixində minə yaxın hökm dəyişmişsə, bu o demək deyil ki, İslamın bütün hökmlərini dəyişmək mümkündür.
İkincisi, İslamın yalnız qeyri-zəruri hökmlərində dəyişiklik mümkündür. Qəti hökmlər toxunulmazdır. Peyğəmbər dövründən gündəlik vacib namazlar on yeddi rəkət olmuşdur. Heç bir fəqih heç bir halda bu rəqəmi dəyişə bilməz. Sübh namazı öncədən iki rəkət olmuşdur. Zaman və məkandan asılı olmayaraq sübh namazı iki rəkət qalasıdır. Neçə əsr öncə ulaqla meşədən çırpı daşıyan kəndli də sübh namazını iki rəkət qılırdı, nüvə tədqiqatları mərkəzində işləyən mütəxəssis də sübh namazını iki rəkət qılasıdır. Bütün elmlərdə qeyri-zəruri məsələlərdə dəyişiklik mümkündür. Fiqh də istisna deyil. Əgər bu dəyişiklik yəqinlik kimi toxunulmaz bir dəyərə də aid edilərsə, onda Allaha münasibət də dəyişilə bilər. Yəni hər şeyin dəyişikliyə məruz qaldığına əmin olan insan bir gün «Allah var», sabahı gün «Allah yoxdur» söyləyər. Hər şeyin dəyişikliyə uğradığına inanan insan İslamı araşdırıb Allahın olmaması qənaətinə gəlsə, çoxları onun dediyini mübahisəsiz qəbul edər. Axı deyilənləri həqiqət kimi qəbul edən çoxluq var!
Bu vaxtadək uyğun söz deyilməsə də, işin gedişi narahat olmağa əsas verir. Əgər qəbul etsək ki, heç bir mərifət sabit deyil, hər şey dəyişməkdədir, Allahın varlığına və birliyinə münasibətimiz üçün də təhlükə yaranır. «Heç bir mərifət dəyişməz deyil» iddiasında olan insan sərhəd tanımır. Əgər bir mərifət əsasında qəbul olunmuşsa ki, İslama əsasən Allah var və birdir, mərifət dəyişdikdən sonra bütün deyilənlərə barmaqarası baxıla bilər.