İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:17 PM
    Qadın - Fatimə Fatimədir
    HICRƏT
    Nəhayət, Məkkənin on üç illik mübarizələri, işkəncələr və mühasirə başa çatdı. Fatimə körpəlik dövründən başlayaraq evdə, şəhərdə, mühasirədə cahiliyyət cəbhəsindən zərbələr alan atasını kiçik əlləri ilə qoruyur, nəvaziş göstərirdi. Hicrət başladı. Müsəlmanlar Mədinəyə köçdülər. Həbəşdə olan Rüqəyyə və əri Osman da Mədinəyə gəldi. Lap axırda Peyğəmbər (s) və Əbu Bəkr Məkkəni gizlicə tərk etdilər. Amma Fatiməni və bacısı Ümm-Gülsümü izləyən düşmən onlara çata bildi və atdan yıxdı. Fatimə ciddi zədələnsə də, bacısı ilə Mədinəyə çata bildi. Həmin şəxs (Hüveyrət ibn Nəqid) səkkiz il sonra Məkkənin fəthi zamanı öz çirkin əməlinin cəzasına çatdı. Onun cəzasını Əli (ə) verdi.
    Mədinədə həyat davam edirdi. Peyğəmbər (s) məscid və məscidə yaxın ev tikmişdi.
    Sonra "qardaşlıq müqaviləsi” deyilən mərasim keçirilir. Hərə bir nəfərlə qardaşlığı əhd etdi. Bəs Məhəmməd (s) necə? Əlbəttə ki, o, Əli ilə qardaş oldu! Əli (ə) bir daha həzrət Məhəmmədlə (s) çiyin-çiyinə dayanır, daha bir addım ona yaxınlaşır.
    Əlinin (ə) anası Fatimə bir zaman Məhəmmədə (s) qayğı göstərmişdi. Əlinin (ə) atası Əbu Talib Məhəmmədin (s) hamisi olmuşdu. Məhəmməd (s) Əlinin (ə) atası Əbu Talibin evində böyümüşdü. Əli (ə) isə Məhəmmədin (s) evində, Məhəmmədin (s) tərbiyəsini aldı. Fatimə ilə birgə Xədicənin ətəyində ərsəyə çatdı. Əli (ə) Məhəmmədə (s) həm əmioğlu, həm övlad idi. İndi isə qardaş olmuşdular. Əlinin bu yaxınlaşmada son məqama çatmasına bircə addım qalmışdı.
    Fatimə (ə) əhdinə sadiq qalmışdı. Onun üçün elçilik etmiş Ömər və Əbu Bəkrin təklifi rədd edildikdən sonra hamıya aydın olmuşdu ki, Fatimənin xüsusi bir taleyi var və Peyğəmbər (s) bu işdə onunla məşvərət edəcək.
    Fatimə (ə) Əli (ə) ilə böyümüşdü. Onu özünə qardaş, atasına aşiq pərvanə bilirdi. Hər iki gənc vəhy nurunda böyümüş, cəhalətə bulaşmamışdılar. Onlar bir-birinə qarşı hansı hisslərlə yaşayırdılar? İman dolu iki qəlbin qarşılıqlı münasibəti haqqında danışmaq çox çətindir!
    Bəs, nə üçün Əli susur? Fatimənin artıq (müxtəlif tarixçilərin qeydinə görə) ya 9, ya da 19 yaşı var. Mənə elə gəlir ki, Əli Fatimənin özünü atasına vəqf etdiyini, "atasının anası” olmaq yolunu seçdiyini görürdü. Axı Peyğəmbərə (s) bu sayaq bağlı Fatiməni ondan necə ayırmaq olardı?
    Amma vəziyyət qəfil dəyişir. Peyğəmbər ömründə ilk dəfə cavan qızla evlənir. O, Aişədir. Fatimə yavaş-yavaş hiss edir ki, Aişə artıq həm Xədicəni, həm də Fatiməni əvəz edə bilir. Əli (ə) də Aişənin gəlişi ilə hansısa bir fürsətin yarandığını duyur, amma... amma Əlinin heç nəyi yoxdur! Uşaqlıqdan Peyğəmbərin (s) xidmətində olan, mübarizə yolu keçən gəncin nəyi ola bilərdi?
    Bütün bunlara baxmayaraq, o, Peyğəmbərin (s) yanına gəlib, bir kənarda əyləşdi və başını aşağı salıb susdu. Peyğəmbər (s) soruşdu:
    - Ey Əbu Talib oğlu, bir işin var?
    Əli o qədər xəcalət çəkir ki, yalnız bir kəlmə pıçıldaya bilir:
    - Fatimə...
    Peyğəmbər (s) isə dərhal «mərhəba!» buyurur.
    Səhəri gün məsciddə Əlidən soruşur ki, bir şeyin varmı? Həzrət Əli (ə) bir şeyə malik olmadığını bildirir. Peyğəmbər (s) soruşur:
    - Bədr döyüşündə sənə verdiyim zireh haradadır?
    «O qalır», - deyə Əli cavab verir.
    Peyğəmbər (s) həmin zirehi istəyir. Əli (ə) tələsərək, gedib zirehi gətirir. Peyğəmbər göstəriş verir ki, zireh satılsın. Zirehi Osman 47 dirhəmə alır. Peyğəmbər (s) səhabələri toplayıb, xütbə və onun ardınca əqd oxuyur. Sonra Əli və Fatiməyə saleh varislər arzu edir. Xurma dolu qablar gətirilir. Toy məclisi başlayır. Siz Fatimənin cehizinə baxın: əl dəyirmanı, taxta kasa və bir də kilim!
    Hicrətin 2-ci ili məhərrəm ayının əvvəlində Əli (ə) Mədinə şəhərindən kənarda Qoba məscidinin yanında ev tapıb Fatimeyi-Zəhranı (ə) həmin evə köçürür.
    Peyğəmbərin (s) və Əlinin (ə) əmisi, böyük mücahid qəhrəman Həmzə iki dəvə kəsib, Mədinə camaatına qonaqlıq verdi. Namazdan sonra Peyğəmbər (s) Əlinin (ə) evinə getdi. Bir qab suya Quran ayələri oxuyub, bəylə gəlinə içirtdi. Sonra özü həmin su ilə dəstəmaz alıb, Əli ilə Fatimənin başına çilədi. Getmək istəyəndə Fatimə hönkürtü ilə ağladı. O, ilk dəfə idi ki, atasından ayrılırdı.
    Peyğəmbər (s) onu sakitləşdirərək dedi:
    - Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm.
    Artıq "Peyğəmbərin (s) əmanəti” öz həyatının ikinci fəslini yaşayır. Həyat bu ailəyə çətinliklər hədiyyə etmək qərarındadır.
    Zeynəb Məkkədə tacir Əbül-Məasın evindədir. Bir vaxt Əbu Ləhəbin gəlinləri olmuş Rüqəyyə və Ümm Gülsüm isə indi Osmanın evində yaşayırlar. Fatimənin köçdüyü evdə isə yeganə sərvət eşqdir.
    Əlinin evində çətin şərait davam edirdi. Fatimə həmişəki tək məsuldur. Amma bu dəfə atası yox, Əli qarşısında məsuliyyət daşıyır. Fatimə gözəl anlayır ki, Əli Allah və Onun yolunda cihaddan başqa bir şey düşünmür. Fatimə belə bir kişinin həyat yoldaşı olmağın məsuliyyətini gözəl anlayır.
    O, dəyirman fırladır, çörək bişirir, ev işləri görür, su daşıyır. Əli körpəlikdən əziyyətlər içində böyümüş Fatimənin yenə də min bir əzaba qatlaşdığına baxdıqca sıxılır.
    Bir gün şirin dillə Fatiməni dindirir:
    - Zəhra, özünü o qədər incidirsən ki, ürəyim sıxılır. Bəlkə, atandan kömək üçün bir xidmətçi istəyəsən?
    Fatimə fürsət tapıb atası ilə görüşə gedir. Həzrət soruşur ki, qızım, xeyir ola?
    Fatimə öz istəyini dilinə gətirməyə utanır: «Gəldim səni görüm», - deyib evə qayıdır. Əliyə deyir ki, nəzərdə tutduğu sözləri deməyə utanıb. Əli özü Peyğəmbərin (s) xidmətinə gedib əhvalatı danışır. Peyğəmbər (s) buyurur:
    - Mən sizə müharibə əsirini bağışlaya bilmərəm. Bu əsirlər satılır və həmin pul aclıq çəkən əhaliyə paylanır. Əli Həzrətə təşəkkür edib evə əliboş qayıdır. Gecə düşür, ər-arvad öz evində bu günkü əhvalat haqqında düşünürlər. Amma Peyğəmbər (s) də eyni narahatlığı keçirir.
    Birdən qapı döyülür və Peyğəmbər (s) otağa daxil olur. Həzrət (s) Fatiməni soyuq otaqda, nazik bir parçaya bürünərək, uzanmış görür. Bu parçanın ona boy vermədiyi də Həzrətin nəzərindən qaçmır. Onların qalxmaq istədiyini görüb buyurur:
    - Qalxmayın! Məndən istədiyinizdən daha üstün bir şey haqqında bilmək istəyirsinizmi? Bu sözləri mənə Cəbrayıl öyrədib: «Hər namazdan sonra 10 dəfə "sübhanallah”, 10 dəfə "əlhəmdulillah”, 10 dəfə "əllahu əkbər”. Yatağınıza girəndə 34 dəfə "əllahu əkbər”, 33 dəfə "əlhəmdulillah”, və 33 dəfə "sübhanallah” deyin. Fatimə növbəti dərs alırdı. O, bu dərsi körpəlikdən oxumuşdu. Amma bu dəfəki sadəcə bilik almaq deyildi. Bu "necə olmaq” dərsi idi! "Fatimə” olmaq asan deyildi. Artıq Fatimə Əlinin də əzablarına şərik idi. Fatimə peyğəmbərlik və imamət arasında bir halqa olmuşdu. Peyğəmbər (s) Fatiməni nə qədər sevirdisə də, öz şagirdinin ilahi vəzifələr qarşısında çəkdiyi əziyyətlərini aradan qaldırmaqda aciz idi.
    Bəli, Fatimə daim öyrənməkdə idi. Hüseynlər doğuracaq bu pak ağacın işığa, havaya, qidaya olan ehtiyacı tükənəsi deyildi.
    Xidmətçi əvəzinə ilahi kəlmələr! Sual: bu məqamı kim dərk edib razılaşa bilər? Yalnız Əli və Fatimə ilahi kəlmələri hər şeydən üstün tutub, bu kəlmələrlə yaşaya bilərdilər. Bu söz yağışı daim yağmalı və bu iki təşnə nihalı sirab etməli idi.
    Şəlalə səsiyəm təşnələr üçün,
    Yağış tək səmadan yağaram, için.
    Bəs etməz aşiqə nə ki nuş edə,
    İçin, bu susuz diyardan köçün.
    Yer üzündə bu iki aşiqdən də təşnə olan kimdir? Bəli, Əli kimi cəngavər bir an olsun belə dilinin altında Allahın zikrini tərk etmir. Soruşurlar ki, Siffeyn döyüşündə də zikri unutmamışdın? Cavab verir ki, hətta Siffeyn gecəsi də!
    Bu təsbihlər, zikrlər Fatimənin adı ilə bağlıdır. Çünki xidmətçi istəyi əvəzində Fatiməyə "gəlinlik hədiyyəsi” edilmiş bu ilahi kəlmələr başqa kimin adı ilə bağlana bilərdi ki?! Həzrət (s) özü durub gəldi, hədiyyəni verdi və getdi!
    Peyğəmbər (s) sevimli qızı Fatiməyə çox ciddi münasibət göstərirdi və bunu öz Rəbbindən öyrənmişdi. Məhəmməd (s) qədər əzab-əziyyət çəkən peyğəmbər məlum deyil. O, Allahın sevimlisi olduğu kimi, məsuliyyəti də böyük idi.
    Bir dəfə Peyğəmbər (s) Fatimənin otağına daxil olur. Qapıdan asılmış naxışlı pərdə diqqətini cəlb edir. Bir kəlmə danışmamış geri qayıdır.
    Fatimə bu qayıdışın səbəbini anlayır. Tövbə yolunu da bilir. Pərdəni açıb Peyğəmbərə (s) göndərir və xahiş edir ki, onu satıb pulunu fəqirlərə paylasın. Belə bir ciddilik nə üçün idi? Həzrətin o biri qızı Zeynəb ər evində var-dövlət, rifah içində yaşadığı, Rüqəyyə və Ümm-Gülsüm heç bir maddi çətinlik görmədiyi halda Fatimənin həyat tərzi bambaşqadır. Peyğəmbərin (s) Fatiməyə yönəlmiş həssas münasibəti böyük ilahi məsuliyyət nişanəsi idi.
    Həzrət (s) buyurur: "Fatimə, çalış, sabah mən sənin (axirətin) üçün bir iş görə bilməyəcəyəm”. Diqqət edin! Bu İslamla cəmiyyətimizdəki İslam arasında fərqə baxın!
    Rəvayət edirlər:
    "Hüseyn üçün gözdən axan bir damla yaş Cəhənnəm odunu söndürür; dəryalarca, göylərcə günah olsa, bağışlanır; Əli ilə dostluq günahları savaba çevirir”. Belə çıxır ki, günahdan çəkinənlər axmaqdır?! Onlar Qiyamət günü "nəyi” savaba çevirəcəklər?!
    Başqa bir rəvayətdə Allah-təalanın belə buyurduğu bəyan olunur: "Əlini sevənlər mənə qarşı üsyan qaldırsalar da, Behiştdədirlər; Əliyə düşmən olanlar mənə itaət etsələr də, Cəhənnəm əhlidirlər” (?).
    Ey insan! Axirətdə iki sorğu, iki hesab-kitab yoxdur. Əlinin hesabı ilə Allahın hesabı arasında fərq yoxdur. Diqqət edin, Peyğəmbər (s) kimi ilahi şəxsiyyət Fatiməyə axirət vəd etmir! O, dəfələrlə qızının nəzərinə çatdırır ki, o özü "Fatimə” olmalıdır. Peyğəmbərin (s) qızı olmaq arxayınlıq yaratmamalıdır. Bu yaxınlıqdan dünyada istifadə edib kamala çatmaq lazımdır. Axirətdə qohumluq, tayfabazlıq yoxdur. Peyğəmbər (s) kimsəni Behiştə "arxa qapıdan” keçirə bilməz.
    Fatimə bu həqiqətləri anlayır. Özü çalışmamış bir insanın şəfaətə çatması, kiminsə hörmətinə bağışlanması İslam yox, bütpərəstlik adətidir.
    Mən nəinki təkcə Peyğəmbərin və imamların, hətta salehlərin də şəfaətini həqiqət kimi qəbul edirəm. Hətta inanıram ki, Hüseyn türbəti günahları bağışlatmaq gücündədir. Amma bir şərtlə ki, bu günahların daxilində bir inqilab baş versin, o öz insanlıq şəxsiyyətini çirkabdan çıxarsın. Belə inqilab insanın vicdanını oyadır, onu pis adətlərdən uzaqlaşdırır.
    Kərbəla cəngavəri Hürr imam Hüseynin (ə) şəfaəti ilə Cəhənnəmdən qurtulur. Çünki özünü dəyişə bilir!
    Fatimə (ə) Məhəmmədin (s) şəfaəti ilə Fatimə olur. Çünki şəfaət qurtuluşun ləyaqət amilidir. Sadəcə vasitə yox! İnsan özü şəfaətçidən şəfaəti almalı, taleyini dəyişməlidir. Yəni insan öz xarakterini elə tənzimləməlidir ki, bağışlanmağa layiq olsun. Şəfi şəxs (şəfaət verən, bağışlatdıran) insana Siratdan keçməyi bu dünyada öyrədir. Hüseyn (ə) o şəxsə şəfaət edir ki, həmin şəxs Hüseyni sevərək, onun məktəbindən dərs alıb, insan olsun. Belə olmasa, göz yaşında günahı əridəcək heç bir kimyəvi təsir yoxdur!
    Fatimə (ə) Məhəmmədin (s) nümunəsi idi. Hətta Məhəmməd (s) də Allah sorğusundan azad deyil. O, hər bir sözünə, hər bir hərəkətinə görə Allaha cavab verməlidir.
    Bir gün Qüreyşdən olan bir qadın oğurluq edir. Onun əli kəsilməlidir. Çox hörmətli şəxsiyyətlər bu hökmün dəyişməsi üçün Peyğəmbərdən (s) şəfaət istəyirlər. Həzrət bu təklifi qəbul etmir. Həmin adamlar Üsamə ibn Zeydə müraciət edirlər. Peyğəmbərin (s) Üsaməni necə sevdiyi tarixdə lazımınca qeyd edilib. Üsamə Peyğəmbərə (s) ağız açır. Həzrət buyurur:
    - Mənimlə danışma, Üsamə. Əgər bu işi Fatimə görmüş olsaydı, qanun qüvvəsində qalacaqdı!
    Peyğəmbər (s) nə üçün Fatiməni misal çəkir? Çünki Fatimə (ə) tarixin dörd seçilmiş xanımlarından biridir. Nə üçün bu silsilədə Fatimə (ə) sonuncudur? Son... Çünki sonluq kamilliyin nəhayətidir. Meyvə ağac əzaları silsiləsinin sonu olduğu kimi!
    Məryəm İsanı (ə) doğduğu üçün İsaya (ə) daha dəyərlidir. Asya Musanı (ə) tərbiyə etdiyi üçün Musaya daha dəyərlidir. Əlbəttə ki, Xədicə də Məhəmməd üçün daha dəyərli idi. Bəs Fatimə? Fatimə (ə) kimin üçün daha dəyərlidir?
    Əli və Fatimə (ə) Mədinədən kənar Qoba kəndində yaşayırdılar. Bu kənd Mədinənin cənubuna doğru 8 km-də idi. Peyğəmbər (s) hicrət etdiyi vaxt şəhərə daxil olmazdan qabaq bir həftə burada qalmışdı. Ondan üç gün sonra Məkkəni tərk edən Əli (ə) məhz burada Peyğəmbərə (s) çatmışdı.
    Maraqlı təsadüfdür. Əli və Fatimə (ə) yenidən Qobaya qayıdırlar. Bir müddət sonra burada özlərinə ev tikirlər. Əli ilə Fatimənin müştərək tarixi məhz burada başlayır. Sonralar şəhərə gedib, Peyğəmbərlə (s) divar-divara ev tikirlər.
    "Peyğəmbər məscidi”, "Peyğəmbər evi” həqiqi şiələr üçün olduqca həssas məkanlardır.
    Əli və Fatimənin (ə) yaxında olmaması Peyğəmbər (s) üçün çox ağır idi. Uşaq yaşlarından ciddi mübarizələrdə yetkinləşmiş Əli (ə) üçün ev, rahatlıq adında məvhumlar əhəmiyyətsizdir. Fatimənin (ə) də taleyi olduqca məşəqqətli keçmişdi. Bu insanlar ruhən yetkinləşməkdədirlər və heç birində, o birini adi həyata qaytarası xüsusiyyətlər görünmür. Onların evinə öz şirin sözləri ilə, nəvazişləri ilə şadlıq gətirən yalnız Peyğəmbər (s) idi.
    Peyğəmbər (s) onların xarakterindən gözəl xəbərdar idi. Həzrət bilirdi ki, "onu sevənlər üçün adi həyat yoxdur və bu sevgi özü bir həyatdır”. Ona görə də Əli və Fatiməni (ə) yanına gətirib eynən öz otağı kimi, qapısı məscidə açılan bir ev tikir.
    Üzbəüz iki pəncərə sanki danışan qəlbdir. Ata və qız qəlbi. Bu pəncərələr hər səhər üzbəüz açılır.
    Hər sübh pəncərədən salam, təbəssüm,
    Hər axşam gözlənir sabah gələn gün.
    Bu pəncərəyə işarə ilə tarixçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) hər gün Fatiməni (ə) soraqlayır və ona salam verirdi.
    Maraqlıdır ki, nə üçün məhz Fatimənin (ə) otağı məsciddə, Peyğəmbərin (s) otağı ilə divar-divara qonşu olmalı idi? Sanki, bu elə cəmi bir otaqdır, Peyğəmbər (s) ailəsinin otağı! Məhəmməd (s) ailəsində Əli (ə) ata, Fatimə (ə) ana, Həsən və Hüseyn (ə) - oğul, Zeynəb və Ümm-Gülsüm isə qızdır.
    Quran və hədislərdə haqqında danışılan "itrət” və "Əhli-beyt” - bütün çirkinliklərdən paklanmış dəyərlər, eləcə də Quran gələcək nəsillərin ixtiyarına verilmiş iki yadigardır.
    İndi Mədinədə məsciddə Aişənin evi ilə divar-divara bu ev durur və onun misilsiz səmərəsi vardır.
    Digər bir tarix başlanır. Yeni doğulan ulduzlar yeni üfüqlər açır. Məhəmməd (s) üçün həyatın mənası: İslam üçün höccət, bəşəriyyət üçün hər şey!
    Hicrətin üçünci ili Həsən (ə) doğulur. Mədinə öz Peyğəmbərinin (s) sevincini bayram edir. Həzrət həyatında ilk dəfə, son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirir, ruhi yorğunluğu sakitləşir.
    Fatimənin evi şövqlə doludur. Ailə öz ilk övladını ağuşuna almışdır. Qulağına azan-iqamə oxunur, qırxılmış saçı ağırlıqda gümüş sikkə Mədinə fəqirlərinə paylanır.
    Bir ildən sonra Hüseyn (ə) dünyaya göz açır. Artıq Peyğəmbərin (s) iki oğlan nəvəsi var. Qəzavü-qədərdən onun öz iki oğlu Qasim və Tahir uşaqkən ölmüşdü. Demək, onun oğulları Fatimədən olmalıymış. Onun nəslinin davamı Fatiməyə həsr olunub.
    Əli (ə) də Məhəmməd (s) silsiləsindən kənarda qalmamalı idi. Əli (ə) Məhəmmədin (s) davamıdır. O, ruhən Həzrətin (s) varisidir. Özü Həzrətə aid olmaqla yanaşı, onun nəslini davam etdirməlidir. Bu iki ruh sanki peyvənd olmuşdur. Məhəmmədin (s) züryətində Əlinin (ə), Əlinin (ə) züryətində Məhəmmədin (s) hüzuru var. İndi hər ikisinin hüzuru iki məsum körpənin simasında aşkarlanır. Məhəmməd (s) bu iki simada üç insan görür: Əlini (ə), Fatiməni (ə) və özünü.
    Həzrət (s) Allaha şükür edir ki, Əli və Fatimədən (ə) olan bu iki oğlanı ona canişin vermişdir. Bütün səhabələr bilir ki, Fatimə (ə) - ən kiçik övlad, həm də ən əziz övladdır. Bu qız hətta Əlidən, oğuldan, qardaşdan daha əzizdir.
    Məhəmmədi (s) Əliyə (ə) bağlayan səbəblər çoxdur: hər ikisi Əbdülmüttəlibin nəvələridir; səkkiz yaşından başlayaraq Əlinin atası Peyğəmbərə ata, anası isə ana olmuşdur; Həzrət (s) 25 yaşınadək Əlinin evində ərsəyə çatmışdır; Əli (ə) uşaqlıqdan 25 yaşınadək Peyğəmbərin (s) evində yaşamışdır; Peyğəmbər (s) Əliyə (ə) ata, Xədicə isə ana olmuşdur. Belə bir bağlılığa kim təsadüf etmişdir?!
    Əli (ə) İslama ilk iman gətirmiş, Peyğəmbərə (s) beyət əlini ilk uzatmış şəxsdir. Sonra fasiləsiz olaraq ölüm gününədək çətinliklərlə üzbəüz dayanmışdır.
    Bəsətdən, yəni peyğəmbərlikdən qabaq Həzrət (s) altı-yeddi yaşlı Əlini özü ilə Həra dağına aparar, dərin düşüncələrə qərq olduğu vaxtlar yanında saxlayardı. Həra dağında ilahi fikirlərə qapılaraq gəzişən Peyğəmbər (s) yanındakı körpəyə yalnız ay şahidlik edə bilərdi.
    Əlinin səkkiz-on yaşı olarkən ilk dəfə o, Peyğəmbər və Xədicənin dodaq altında nəsə deyərək əyilib-qalxdığını gördü. Onlar, sanki Əlini görmürdülər. Nəhayət, Əli (ə) soruşur:
    - Nə edirsiniz?
    Həzrət (s) buyurur:
    - Namaz qılırıq. Mən İslam dinini xalqa çatdırmağa məmur olmuşam. Onları Allahın birliyinə və öz peyğəmbərliyimə çağırmalıyam. Ey Əli, səni də dəvət edirəm!
    Əli bu evdə məhəbbət içində yaşamış bir uşaq olsa da, o həzrət düşünmədən razılıq vermir. Onun imanı əvvəlcə ağlına, sonra isə qəlbinə yol tapmalıdır. Eyni zamanda onun öz yaşına uyğun danışığı var:
    - İcazə verin, atam Əbu Taliblə məsləhətləşim, sonra qərara gəlim.
    Sonra isə yatmaq üçün öz otağına qalxdı. Amma bu dəvət 8-10 yaşlı uşağı rahat buraxmır. Sübhədək gözünə yuxu getmir, düşünür. Onun düşüncələrindən kimsə xəbərdar deyil. Amma sübh tezdən Peyğəmbərin (s) otağının kandarında Əlinin ayaq səsləri eşidilir. Peyğəmbərə (s) müraciətlə öz şirin, uşaq və məntiqli səsi ilə deyir:
    - Mən dünən düşündüm. Gördüm ki, Allah məni yaradarkən atam Əbu Taliblə məsləhətləşməyib. Demək, atamla bu barədə məsləhətləşməyim artıqdır. Mənə İslamı öyrədin.
    Peyğəmbər (s) dedi, o təkrar etdi və "qəbul edirəm” dedi. Bu peymandan, əhddən sonra bütün ömrü boyu Allaha pərəstiş etdi, Peyğəmbərə (s) vəfalı oldu, xalqa xidmət etdi, ruhunu pak saxladı. O, Peyğəmbərə (s) qəlbən bağlı idi və bunu hamı bilirdi. Peyğəmbər (s) isə qəlbindən rişələnib Əliyə bağlanan görünməz telləri hamıdan yaxşı hiss edirdi.
    Bir gün Peyğəmbər (s) belə bir sual qarşısında qaldı: "Sənin üçün kim daha əzizdir, qızın Fatimə, yoxsa onun əri Əli?”. Həzrət bu qaçılmaz, qəfil suala qəlbindəki münasibətə uyğun cavab taparaq təbəssümlə dedi: "Əli, Fatimə mənim üçün səndən daha əzizdir və sən mənim üçün Fatimədən daha əzizsən!”. İndi isə ən əziz Fatimə və ən əziz Əlinin həyat səmərəsi olan Həsən və Hüseyn vardır!
    Tarix həzrət Peyğəmbərin (s) iradə və qüdrətindən danışsa da, fatehlər onun qılıncı qarşısında diz çöksə də, düşmən onun qəzəbindən tir-tir əssə də, o, kiçik bir məhəbbət dalğasından həlimləşir, həyəcana gəlir.
    Dəhşətli Hüneyn döyüşündə düşmən vahid yumruq tək birləşib Həzrəti (s) aradan götürmək istədiyi vaxt müsəlmanlar 6 min əsir götürür. Düşmənlərdən biri ona deyir: "Ey Məhəmməd, bu əsirlərin arasında sənin xalaların, dayıların var”. Sonra bir qadın dilləndi: "Mən Peyğəmbərinizin bacısıyam”. Həzrət soruşur: "Dəlilin nədir?”. Qadın çiynini göstərib deyir: "Uşaq vaxtı səni qəzəbləndirdiyim üçün çiynimi dişləmisən.” Keçmiş xatirələr Həzrətə (s) o qədər təsir etdi ki, ağladı və dedi: "Öz payımı, bütün Əbdülmüttəlib övladlarını bağışlayıram. Sabah məsciddə olun, namazdan sonra istəyinizi ucadan deyin. Biz öz qərarımızı çıxararıq. Əlbəttə ki, digər tayfalar mənə itaət etsələr!”. Səhəri gün bu mənəvi tədbir oldu və hamı azad edildi. Hətta haqqından keçmək istəməyənlər də razı salındı.
    Həzrət (s) ailədə də belə idi. Çöldə cəngavər, siyasətçi, komandan, evdə isə mehriban ata, həlim ər, səmimi və sadə bir insan! Uyğun dövrdə qadınlar "kötək dilini” daha tez başa düşürdülər. Amma Həzrət (s) ailədə belə bir dildən xəbərsiz idi. O, heç bir qadınına əl qaldırmamışdı. Yalnız bircə dəfə qadınlarından çox incidiyi vaxt onlardan küsüb evə getməmişdi. Həyətdəki saman anbarında yer hazırlayıb bir neçə gün orada yaşadı. Amma bu hərəkət imanlı qadınlara çox təsir etdi. Adətən, kasıblıqdan yaranan söz-söhbətlər aradan qalxdı. Çünki Həzrət (s) onlar üçün iki çıxış yolu qoymuşdu: ya boşanıb dünyanı seçməli, ya da Peyğəmbər və kasıbçılığa üstünlük verməli idilər. Yalnız bir qadın razılaşmayıb, dünyaya üstünlük verdi. Üstünlük verdiyi dünya isə onu tezliklə ölümə qovuşdurdu.
    Həzrət (s) özünü ailədə qəribə, qeyri-adi göstərməyə çalışmazdı. Əksinə, özünü çox sadə aparardı. Hətta Qurani-kərimdə onun bu xüsusiyyəti bəyan olunur: "Mən də sizin kimi insanam, amma mənə vəyh nazil olur”. O, təkrar-təkrar bildirərdi ki, qeybdən xəbəri yoxdur, yalnız ona deyilənləri bilir.
    Bir gün qoca bir qarı onun yanına gəlib sual soruşmaq istəyir. Amma Peyğəmbər (s) haqqında əvvəlcədən yaranmış təsəvvürlər onu elə həyəcanlandırır ki, dili tutulur. Bunu hiss edən Peyğəmbər (s) mehribanlıqla qarıya yaxınlaşıb əlini onun çiyninə qoyur və şirin bir dillə halını soruşur:
    - Ana, nə olub? Mən qoyun sağan həmin Qüreyş qadınının oğluyam.
    Bəli, Həzrətin (s) qəlbi belə kövrək və səmimi hisslərə malikdir. Bəzən o evdə özünü o qədər aşağı tutur ki, hətta az yaşlı Aişənin hisslərini asanca dərk edir. Fatimənin əllərini öpür. Necə də məhəbbətlə danışır: - "Əli məndəndir, mən Əlidən; Fatimə mənim bədənimin bir tikəsidir”.
    İndi isə Həsən və Hüseyn! İlahi, o, bu iki körpə ilə necə rəftar edirdi! O, övladcanlıdır. Xüsusilə də, həmişə oğlan arzulayıb. Qızını bu günkü kişilərin təsəvvürünə sığmayacaq dərəcədə sevir. İndi bu qızın iki oğlu var. Həzrətin (s) bu iki uşağa münasibəti hamını heyran qoyub. Onlar dünyaya gəldiyi andan başlayaraq, Həzrət (s) daim onları yoxlayır.
    Bir gün otağa daxil olur, Fatimə və Əlinin yuxuya getdiyini görür. Həsən acından ağlayır və evdə bir şey yoxdur. Həzrət ata-ananı oyatmır. Bir qab götürüb özünü həyətdəki camışa çatdırır. Süd sağıb Həsənə içirir, uşağı sakitləşdirir.
    Bir dəfə Fatimənin qapısından keçərkən Hüseynin ağladığını eşidir. Geri dönür, bütün bədəni əsən halda Fatiməni danlayır:
    - Məgər bilmirsən ki, onun ağlaması məni necə incidir?
    Zeyd oğlu Üsamə nəql edir ki, bir gün Peyğəmbərlə (s) işim olduğu üçün qapısını döydüm. Qapını açdı. Onunla danışarkən hiss etdim ki, əbasının altında nə isə gizlədir. Təəccüb məni bürüdü. Soruşdum: "Ya Rəsulallah, o nədir?”. Həzrət (s) əbasını açdı. Gördüm ki, Həsən və Hüseyn ağuşundadır. Məhəbbət və həyəcandan səsi titrədiyi halda dedi: "Bunlar mənim oğullarımdır, qızımın oğulları. Pərvərdigara! Mən onları sevirəm, Sən də onları sevənləri sev!”.
    Zəhra və Əlinin övladlarının nəzərində Peyğəmbər (s) həm baba, həm ata, həm dost, həm qəyyum, həm də, sadəcə, oyun yoldaşıdır. Bu körpələr ata-analarına nisbətən daha səmimi, onun yanında daha azaddırlar.
    Bir gün iqtida edənlər səcdənin uzandığını hiss edirlər. Həmişə qocaları nəzərə alıb belə məqamlarda sürətlə hərəkət edən Peyğəmbər nə üçün səcdədə yubanır? Namazdan sonra səbəbini soruşurlar. Buyurur: "Səcdə zamanı Hüseyn belimə minmişdi. Evdə belimə minməyə öyrəndiyindən, burada da eyni cür hərəkət etdi. Gözlədim ki, özü düşüb getsin”.
    Bəli, Peyğəmbər Fatimə, Əli, Həsən və Hüseynə olan məhəbbətini bütün camaata izhar edir. Ona görə də hamının gözü qarşısında Fatimənin əlini öpür. Minbərə qalxdığı zaman bu ailənin ona nə qədər yaxın, əziz olduğunu bəyan edir. Həzrət (s) açıq-aşkar belə dua edir: "Pərvərdigara, onları sev, onların sevinci mənim sevincimdir, mənim sevincim isə Sənin sevincin! Onların incidənlər - məni incidir, məni incidənlərsə Səni!”
    Belə bir qeyri-adi bağlılığın səbəbi nədir? Bu səbəbi hər şeydən əvvəl həmin ailənin taleyində axtarmaq lazımdır.
    Həzrətin vəfatından sonra ilk qurban Fatimədir. Fatimədən sonra Əli, sonra Həsən, daha sonra Hüseyn və ... nəhayət, Zeynəb!
    Hicrətin beşinci ili Hüseyndən sonra Zeynəb dünyaya gəlir. İki il sonra isə növbəti qız - Ümm-Gülsüm. Bu adlar Peyğəmbərin (s) öz qızlarının adlarıdır.
    Bəli, Fatimə (ə) Peyğəmbərin (s) hər şeyi əvəz edir və onun yeganə kimsəsi olur.
    Peyğəmbərin (s) qızları Zeynəb, Rüqəyyə, Ümm-Gülsüm ölürlər. Hicrətin səkkizinci ili oğlu olur - İbrahim. Amma o da dünyasını dəyişir. Həzrətin yeganə övladı qalır: Fatimə! Fatimə və övladları! Budur "Əhli-beyt”!
    İndi Həsən və Hüseyn Peyğəmbərin (s) həyat sevincidir və o, bütün vaxtını bu körpələrə sərf edir. Evdən çıxıb bir yerə gedərkən bu iki körpədən biri, hökmən, onun çiynindədir.
    Belə bir məqam: Həzrət (s) məsciddə minbərdə danışır. Hamı diqqətlə qulaq asır. Bu vaxt evlərinin qapısı məscidə açılır, Həsən və Hüseyn əyinlərində qırmızı köynək qapıdan görünürlər. Yeriyib yıxılırlar. Peyğəmbərin (s) nəzəri onlara cəlb olunub. Həzrət görür ki, onlar yeriməkdə çətinlik çəkir, büdrəyirlər. Peyğəmbər (s) dözməyib ayağa qalxır. Tələsik minbərdən düşüb onları qucağına alır və yenidən minbərə qalxır. Camaatın bu işdən təəccüblədiyini görüb, sanki söhbəti kəsdiyi üçün özünü qınayır. Deyir: "Allah-təala doğru buyurub: "Sizin var-dövlətiniz və övladlarınız yalnız fitnədir”. Uşaqların yeriyə bilmədiyini görüb tab gətirmədim, sözümü yarımçıq saxladım, onları götürdüm”.
    Hüseynə nəvazişi isə həddi aşır. Həzrət onu çiyninə götürür, onunla oynayır. Uzanıb onu sinəsinə oturdur, "ağzını aç” deyir, öpüşlərə qərq edir. Həyəcandan titrəyən bir səslə deyir: "Pərvərdigara, onu dost tut, mən onu dost tuturam”.
    Bir gün öz yaxınları ilə bazardan keçərkən, Hüseyni öz yaşıdları ilə oynayan görür. İrəli gəlib, nəvəsini tutmaq istəyir. O isə, o tərəf-bu tərəfə qaçaraq oynayır. Nəhayət, Həzrət onu tutur, bir əli ilə başını, o biri əli ilə çənəsini tutub öpür və deyir: "Hüseyn məndəndir, mən Hüseyndən. Pərvərdigara, Hüseyni sevəni sev”. Həzrətin yaxın adamlarından biri bu səhnəni müşahidə edib deyir: "Mənim də oğlum var, amma bircə dəfə də onu öpməmişəm”. Həzrət övlada qarşı bu soyuq münasibət haqda eşidib deyir: "Mehriban olmayan kəs mehribanlıq görməz”.
    Günlər bir-birini əvəz edir. Fatimə (ə) həyatının ən şirin anlarını yaşayır və ötən acıları sanki unudur.
    Xeybər döyüşü olur. Yəhudilər Fədək bağlarını həzrət Peyğəmbərə (s) bağışlayırlar. Peyğəmbər (s) bu bağları qızı Fatiməyə (ə) verir və ailədəki kasıblıq qismən aradan qalxır.
    Məkkənin fəthi başlanır. Fatimə qüdrətli atası və qəhrəman əri ilə Məkkəyə yola düşür. O, İslamın ən böyük qələbəsinin şahidi olur. Doğulduğu şəhərin mənzərələri acılı-şirinli xatirələri canlandırır. Məscidül-Həram, ağrılı hadisələr, ata evi, bacıları, Əbu Talibin və anası Xədicənin qəbirləri...
    Qələbə dolu bir qayıdış! Atasına qarşı düşmənçiliklər yavaş-yavaş azalır, onun kölgəsi yarımadanı bürüyür. Ərinin Bədr, Ühüd, Xəndək, Xeybər, Məkkənin fəthi, Hüneyn və Yəməndə çaldığı zərbələr Qiyamətədək ins və cinnin ibadətindən üstün tutulur.
    Əzabla dolu həyatın yeganə səmərəsi olan övladları atasının, özünün soyunu davam etdirəsi, "Əhli-beyt”i tamamlayasıdı.
    Bəli, Fatimə sanki bütün əzablarının və fəzilətlərinin mükafatını almışdır. Onu ən çox sevindirən budur ki, bu uşaqlar atasının qəlbini, könlünü fərəhlə doldurmuşlar. On üç izdivacdan yalnız misirli kəniz Peyğəmbərə (s) İbrahimi vermişdi. İbrahim isə südəmər vaxtı öldü. İndi bu boşluğu Həsən, Hüseyn, Zeynəb və Ümm-Gülsüm doldurur. Acılıqdan başqa bir şey görməmiş insan həyatın şirinliyini hiss etməyə başlayır. Xüsusi ilə yaşı altmışı keçmiş atanın övlada olan hiss və ehtiyacı daha artıqdır.
    Ailədə mehriban həyat hökm sürür. Fatimənin (ə) çöhrəsində təbəssüm görünür. Onun ailəsi xoşbəxtlik içindədir.
    Amma bütün bunlar tufandan qabaq labüd olan sakitlikdir. Tufan isə qopmaqdadır.
    Peyğəmbər (s) yatağa düşdü və bir daha qalxa bilmədi. Çöhrələr dəyişdi, Mədinə kin-küdurətlə doldu. Siyasət də, iman və ixlas da Məhəmmədlə (s) getdi. Qardaşlıq əlaqələri qırıldı, qəbilə peymanları cana gəldi. Artıq Peyğəmbər (s) fərman vermir. Əlinin (ə) arxasınca adam gedir. Aişə və Həfsə atalarını çağırtdırır. Dünən mehrabda Peyğəmbərin (s) yerində Ömər durmuşdu, bu gün isə Əbu Bəkrin səsi eşidilir. Üsamənin döyüşçüləri, hətta nifrinlərə baxmayaraq, cərgəyə düzülmüş halda durur. Qoşunun başçısı - bayrağını əlinə almış Üsaməyə qarşı etiraz səsləri ucalır.
    Cümə axşamıdır. Həzrətin gözlərindən sel kimi yaş axır. Buyurur: - "Qələm və lövhə verin bir şey yazım ki, yolunuzu azmayasınız”. Hay-haray salıb qoymadılar, dedilər ki: - "Sayıqlayır. Quran var, başqa yazıya nə ehtiyac?!
    "Artıq Həzrət (s) danışmır”, deyir Fatimə (ə), "Aişənin otağındadır. Başı Əlinin dizləri üstədir. Dodaqları qapanır. Mənimlə gözləriylə danışır. Mən dözə bilmirəm. O, mənim atamdır, mən isə onun "anası”. O, bu şəhərdə məni bu insanlarla tənha qoysa, nə olacaq? Gözünü məndən çəkmir. Hamıdan çox məndən nigarandır. Nə çəkdiyimi üzümdən oxuyur. Mənə qəlbi yanır. Gözü işarə edir ki, başımı üzünə yaxınlaşdırım. Qulağıma deyir ki, bu ölüm xəstəliyidir, mən gedirəm. Başımı qaldırıram. Bu müsibət məni üzüb. Atamdan sonrakı müsibət qəlbimi parçalayır. Axı nə üçün bu sözləri təkcə mənə deyir? Mən ki, onun ölümü qarşısında ən aciz, ən üzüntülü kəsəm. Amma o, hələ də gözlərini mənə dikib. Sanki, körpə uşaq tək ona möhtac olduğumu hiss edib, deyir: "Qızım, mənim ailəmdən ardımca ilkin gələcək, ilkin mənə qovuşacaq şəxs sənsən! Yoxsa bu ümmətin qadınlarının rəhbəri olmaq istəmirsən?”
    Nə böyük təsəlli! Bu müsibət odunu başqa hansı müjdə soyuda bilər? Sağ ol, ata! Fatiməni necə sakitləşdirmək lazım olduğunu yaxşı bilirsən. Ona görə də bu xəbəri mənə verir. İndi ağlamağa, növhə deməyə gücüm var:
    Çöhrəsinə buluddan yağış istəyən kişi,
    Yetimlərin pənahı, eşqə baş əyən kişi...
    Category: Qadın - Fatimə Fatimədir | Views: 978 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024