Digər tərzdə olan hədislər
◘Allah-təala Peyğəmbərə (s) vəhy edib buyurdu: "Ey Məhəmməd! Dünyada Məndən ötrü sevimli olan üç şey var; şakir qəlb, zakir qəlb, bəla və müsibətlər qarşısında sabir olan bədən.”
◘Başqa bir hədisdə də var ki, Allah Öz bəndələrində üç xüsusiyyəti sevir; imkan və qüdrət daxilində bəxşiş, günahdan peşman olan zaman ağlamaq, fəqirlik və yoxsulluq zamanı səbr etmək.
◘Cəbrail (ə) buyurub: "Mən dünyada üç şeyi sevirəm; yolunu azmışa (itən şəxsə) yolu göstərmək, zərər çəkmişə kömək, zavallı insanlarla dostluq edib onlara məhəbbət göstərmək.”
◘Başqa bir hədisdə var ki, Cəbrail (ə) buyurub: "Mən sizin dünyanızdan üç şeyi sevirəm; yolunu azanları hidayət etmək, qəriblərlə ülfət yaratmaq və ailə sahibi olan kasıblara kömək göstərmək.”
◘Peyğəmbər (s) buyurub: "Mən sizin dünyanızdan üç şeyi sevirəm; ətir, qadın və gözümün işığı olan namazı.” (Dünya dedikdə məqsəd dünyada həyata keçən əməllərdir. Baxmayaraq ki, Allah və axirət qəsdi ilə yerinə yetirilir.)
◘Mənim dünyada üç işdən xoşum gəlir; yayda oruc tutmaq, (Allah yolunda) qılınc vurmaq və qonaq qəbul etmək.
◘Mənim üç əməldən xoşum gəlir; məscidə getməkdən, alimlərin məclisindən və meyyit namazından.
◘Dindən zülal və saf olanları götür (yəni dindən olub-olmadığı məlum olmayan məsələləri dindən hesab etmə), həyat və yaşayışından kifayət qədərini götür, zülm və sitəmdən isə uzaq gəz. Çünki ömür qısa, əməllərin sərrafı isə görəndir.
◘Allah üç şeyi sevir; az danışmaq, az yatmaq və az yemək.
◘Allahın üç şeydən acığı gəlir; çox danışmaq, çox yatmaq və çox yemək.
Allah-təalanın üç işdən xoşu gəlir; dini vəzifələri yerinə yetirmək, camaatla təvazökar olmaq və Allah bəndələrinə yaxşılıq etmək.
◘Üç şey peyğəmbərlərin sünnə və qanunlarındandır; təharət və paklıq, evlənmək və pəhrizkarlıq.
◘Üç şey axmaqlıq əlamətidir; həddindən çox zarafat etmək, lazımsız şeylərə baş qarışdırmaq, tünd xasiyyətli və acıqlı olmaq.
◘Üç şey cəhənnəm əhlinin xüsusiyyətlərindəndir; təkəbbür, özünübəyənmə, bədəxasiyyətlik.
◘Üç iş dostluq və rəfaqəti xalis və tərtəmiz edər; dostun eyiblərini ona bildirmək, o, olmayanda onun abır və heysiyyətini qorumaq və çətinlik zamanı ona yardım göstərmək.
◘Üç kəs Qiyamətdə qorxmaz; xalis mömin, yaxşılığın əvəzini verən, ədalətli rəhbər.
◘Üç kəslə bədbəxt insanlardan başqa heç kəs müxalifətçilik etməz; biliyinə əməl edən alim, dərrakəli və düşüncəli aqil və ədalətli rəhbər.
◘Üç kəsdən ötrü qeybət yoxdur (yəni, qeybət üç kəsə aid edilməz); zalım rəhbər, aşkar fasiq, şərab içən.
◘Qiyamət günü Allah üç kəsə nəzər salmaz, onlarla danışmaz və onları dərdli əzaba düçar edər. Biri elmindən mal-dövlət cəm etməkdən ötrü istifadə edən, harama şübhə yaratmaqla əməl edən, (məsələn, qeybət edir sonra öz qeybətinə bəraət qazandırır, yalan deyir sonra belə məsləhət olduğunu bildirir və s.) və qonşunun arvadı ilə zina edən.
◘Üç kəs hamıdan birinci behiştə gedər; Allah yolunda şəhid olan kəs, qul olduğu dövrdə də öz dini vəzifələrini yerinə yetirən qul, ailə sahibi olan həyalı fəqir.
◘Allah üç kəsi özünə düşmən bilir; biri sədəqə verərkən minnət qoyan şəxs, ikincisi rifah halında olmasına baxmayaraq simiclik göstərən şəxs, üçüncüsü isə israfçı fəqir.
◘Üç nəfər hamıdan öncə oda daxil olar; camaata zülm və sitəm hesabına hakim olan hökmdar, zəkat verməyən varlı, günaha adət edən yoxsul.
◘Üç vəzifə var ki, bir nəfər də olsun ondan azad deyil; istər kafirlə, istərsə də müsəlmanla bağlanılan əhd və peymana vəfa etmək, istər kafir olsun, istərsə də müsəlman ata-anasına yaxşılıq etmək, istər müsəlman olsun, istərsə də kafir, əmanəti sahibinə qaytarmaq.
◘Hər kəsdə bu üç xüsusiyyət olsa onun imanı kamildir; ilahi vəzifələri yerinə yetirməkdə camaatın tənəsindən qorxmasın, heç bir işdə riya və təzahürə yol verməsin, axirət işlərini dünya işlərindən üstün tutsun.
◘Üç iş bütün ibadətlərdən üstündür; nəfslə cihad, həva-həvəsə hakim olmaq və dünyaya qarşı etinasızlıq.
◘Üç işi təxirə salmaq olmaz; namazın əvvəl vaxtını, meyitin dəfnini və münasib həyat yoldaşı tapıldıqda evlənməni.
◘Üç kəsin haqqını münafiqdən başqa heç kəs tapdalamaz. Onlardan biri tüklərini müsəlmançılıqda ağardan qoca, digəri ədalətli rəhbər və üçüncüsü isə insanları xeyrə dəvət edən kəsdir.
◘Allah-təala üç kəsi hurul-eynlə evləndirər. Onlardan biri camaatın şahid olmadan ona verdikləri əmanətini qaytaran şəxs, digəri öz qatilini əfv edən, üçüncüsü isə hər namazdan sonra on dəfə İxlas surəsini oxuyan şəxsdir.
◘Üç kəsin qeybəti günah sayılmır; aşkar şəkildə günah edən şəxsin, zülmkar qazinin və dediyi ilə əməli uyğun gəlməyən münafiqin.
◘Təkcə o alimlə oturub-durun ki, sizi üç pis xislətdən üç ali xüsusiyyətə – təkəbbürdən təvazöyə, etinasızlıqdan xeyirxahlığa və nadanlıqdan elm və biliyə dəvət etsin.
◘İnsan nəfsini xarab edən üç şeydir; təkəbbür, hərislik və həsəd. Təkəbbür dini xarab edər, necə ki, şeytanı lənətə düçar etdi. Hərislik canın düşmənidir və Adəmi behiştdən çıxartdı. Həsəd bədbəxtlik gətirər və məhz həsəd Qabili Habilin qatili etdi.
◘"Həfat” (هفات), "həfat” (حفات) və "nəfat”نفات )) kişidən Allaha pənah! Birincisi odur ki, dildə dostdur, qəlbdə düşmən. İkincisi yerli-yersiz çox danışan adamdır. Üçüncüsü isə deyib əməl etməyəndir.
◘Əvvəli "Bismillahir-rəhmanir-rəhim”lə başlayan dua geri qaytarılmaz (əlbəttə ki, sair şərtləri ilə). Mənim ümmətim Qiyamət günü dillərində "Bismillah” olduğu halda daxil olarlar. Buna görə də yaxşı əməl tərəzilərinin gözü ağır olar. Deyərlər: "Məhəmməd (s) ümmətinin əməlləri nə ağır gəlir?!” Peyğəmbərlər cavab verib deyərlər: "Bu ümmətin hər sözünün əvvəli Allahın üç müqəddəs adı ilə başlanıb (yəni Allah, Rəhman və Rəhim). Əgər bu adlar tərəzinin bir gözünə, camaatın günahları isə digər gözünə qoyulsa bu müqəddəs adlar daha ağır gələr.
◘İbn Abbas deyir ki, bir gün Peyğəmbər (s) Kəbə evinə nəzər salıb buyurdu: "Afərin sənə! Nə böyük əzəmət və ehtirama maliksən! Lakin möminin hörməti Allah qarşısında səndən daha artıqdır. Allah sənə qarşı bir ehtiram vacib bilib, lakin möminə qarşı üç ehtiram; canı möhtərəmdir, malı da möhtərəmdir və onun barəsində bəd gümanda olmaq qadağandır.”
◘Hər kəs Allahı tanısa ağzını haram sözlərdən qoruyar, qarnını haram yeməkdən saxlayar və bədənini də namaz və oruc vasitəsilə əziyyətə salar.
◘Qonşu üç cürdür; Bəzisinin bir haqqı var, bəzisinin iki haqqı, bəzisinin də üç haqqı. Birinci qonşu müşrikdir, ikincisi biganə müsəlman, üçüncüsü isə müsəlman qohum-əqraba.
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah ona Öz pənahında yer verər və Öz rəhmətini onun üçün genişləndirər. Soruşanda ki, bu hansı xüsusiyyətlərdir. Buyurdu: "Nemət zamanı şükür, qüdrət zamanı əfv, üçüncüsü isə qəzəblənən vaxt soyuqqanlı olmaq.”
◘İmanın ləzzətini o kəs dadar ki, Allahın allahlığını, İslamın həqqaniyyətini və Məhəmmədin (s) peyğəmbərliyini qəbul etsin.
◘Üç kəsin əcri (mükafatı) iki qatdır. Biri Məhəmmədə (s) iman gətirən əhli-kitabdır. (yəhudi və ya xristian), digəri Allahın və öz sahibinin haqqını yerinə yetirən qulam, üçüncüsü isə bir yataqda yatdığı kənizi gözəl tərbiyələndirib azad edən, daha sonra onunla evlənən kişi.
◘Üç kəs Qiyamət günü Allahın ərşinin kölgəsində qərar tutar; adil rəhbər, müntəzəm olaraq azan verən (və onu tərk etməyən) müəzzin və gün ərzində Qurandan iki yüz ayə oxuyan kəs.
◘Sənin dostun üç kəsdir; öz dostun, dostunun dostu və düşməninin düşməni. Düşmənin də üç nəfərdir; öz düşmənin, dostunun düşməni və düşməninin dostu.
◘Allah-təala buyurur: "Əgər bir bəndəmi xəstəliyə düçar etsəm və o da bir kəsə şikayət etməsə onun bədəninin ətini, dərisini və qanını əvvəlkindən daha yaxşısı ilə əvəz edərəm. Əgər həmin halda ölsə Mənim rəhmətimə qovuşar, yox əgər yaşasa günahlarını bağışlayaram.”
◘Əql üç qismdir. Hər kim hamısına sahibdirsə əqli kamildir. Hər kəs də heç birinə sahib deyilsə ağılsızdır. Onlar bunlardır; Allahı doğru-dürüst tanımaq, Ona yaxşı itaət etmək və vəzifəni yerinə yetirən zaman gözəl səbr etmək.
◘Üç şey işlərin ən üstünüdür; camaata qarşı insaflı olmaq, əldə olan mal-dövləti müsəlman qardaşlarla bölüşmək və hər bir halda Allahı yad etmək.
◘Üç günah var ki, onun cəzasını elə dünyadaca verərlər, axirətə saxlamazlar; ata-anaya əziyyət vermək, camaata zülm etmək və yaxşılıq müqabilində pislik etmək.
◘Üç şeyi çox yad edin ki, bəla və müsibətlər sizə asan görünsün; ölüm, qəbirdən çıxarılacaq vaxt və haqq-hesabdan ötrü Allah qarşısında dayanacağın gün.
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Üç şey insanı xarab edər; əhd-peyman sındırmaq, sünnəyə müxalif olmaq və müsəlmanlardan uzaq gəzmək.Üç şey də insanın nicat tapmasına səbəb olar; dili saxlamaq, günahlardan ötrü ağlamaq və fitnə zamanı evdə oturmaq.
◘Üç dəstə insan var ki, sən onlara əziyyət etməsən də onlar sənə əziyyət verərlər; (ləyaqətsiz) qadınlar, nökərlər, alçaqlar. (Ona görə ki, bunlar rəftar qaydalarında orta həddə deyillər ki, başqalarının da hüquqlarını qorusunlar. Bunlar o kəsə oxşayırlar ki, vurmaq və ya öldürmək qəsdi ilə digərlərinə hücum edir, tərəf müqabili də məcburdur ki, ya vurub öldürsün, ya da ki, döyülüb öldürülsün.)
◘Behiştdə elə bir dərəcə var ki, həmin dərəcəyə adil rəhbər, qohumlarına yaxşılıq edən və səbirli ailə sahibi çatar.
◘Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayar; Allah qorxusundan ağlayan göz, naməhrəmə baxmaqdan yumulan göz və Allah yolunda gecə yatmayan göz.
◘Həzrət Əliyə (ə) buyurub: "Qorxaqla məşvərət etmə, çünki yolu səndən ötrü çətinləşdirər. Simic insanla da məşvərət etmə, çünki o, səni məqsədinə çatmağa qoymaz. Həris insanla da məşvərət etmə ki, səni hərisliyə və tamahkarlığa sövq edər. Bil, ey Əli! Qorxu, simiclik və hərislik (tamah) üçün də Allaha qarşı bədgüman olmaqda xülasələnən bir qərizədir. (yəni, Allaha qarşı bədgüman olmaq bu üç xüsusiyyətin mənşəyidir.)
◘Üç xüsusiyyət var ki, hər kəsdə olsa o, imanın bütün sifətlərinə malikdir; xoşhal olan zaman batil işlərə meyl etməsin, qəzəbli olan zaman Allahın qoyduğu hüdudları aşmasın və qüdrətli olduğu zaman da öz həddini aşmasın.
◘Üç nəfər var ki, Qiyamət günü Allah onlarla danışmaz, onları günahlardan paklaşdırmaz və onlara dərdli-qəmli əzab verər. Biri odur ki, təkcə dünyadan ötrü hər hansı bir rəhbərə beyət etsin və sonradan əgər məqsədinə çatarsa əhdinə əməl etsin, yox əgər çatmazsa peymanından boyun qaçırsın. Digəri odur ki, qaranlıqda hər hansı bir malı satarkən and içərək müştərini aldatsın və müştəri də ona inanıb həmin malı alsın. Üçüncüsü isə odur ki, biyabanda yol gedərkən suyu ola-ola yoldaşlarından gizlətsin.
◘Ehsan və yaxşılığın əvəzi hər bir ibadətin mükafatından tez verilər və zülmün cəzası da hər bir günahın cəzasından tez çatar. Təkcə bu eyib kifayət edər ki, sənin özündə ola-ola onu özündə görməyib başqalarında görəsən, camaatı özünün tərk edə bilmədiyin naliyiq əmələ görə danlayasan və yoldaşını bihudə sözlər və səmərəsiz işlər vasitəsilə yorub ona əziyyət verəsən.
◘Mənim əhli-beytimi sevməyən şəxs bu üç naqislikdən hansınasa sahibdir; münafiqdir, ya haramzadədir (yəni, haram yolla dünyaya gəlib), ya da nütfəsi heyz halında bağlanıb.
◘Üç haldan başqa gecə oyaq qalmaq yaxşı deyil; Quran oxumaqdan ötrü, elm öyrənməkdən ötrü və toy vaxtı.
◘Üç dua şübhəsiz qəbuldur; məzlumun duası (yəni, zalım barəsində etdiyi nifrin), müsafirin duası (əlbəttə, halal və səhih bir işdən ötrü səfər edən şəxsin duası) və ata-ananın övlad barəsində etdikləri dua.
◘Dünyanın bəzəyi üç şeydir; mal, övlad və qadın. Axirətin də zinəti üç şeydir; elm, pəhriz və sədəqə. Bədənin də yaraşığı üç şeydir; az danışmaq, az yemək və az yatmaq. Əqlin də zinəti üç şeydir; səbir, şükür, sükut.
◘Əgər Adəm övladından ötrü üç bəla və giriftarlıq olmasaydı, heç bir şey onun başını əyməzdi; xəstəlik, fəqirlik və ölüm. Təəccüblü burasıdır ki, bunların olmasına baxmayaraq yenə dikbaşlıq edib boyun qaçırır.
◘Merac gecəsi Allah-təala Əli (ə) barəsində mənə üç şey vəhy etdi: "Əli pəhrizkarların imamı, möminlərin başçısı, namaz qılanların öndə gedənidir.”
◘Ya alim ol, ya tələbə, ya da alimləri özünə dost tut. Alimlərin düşməni olma ki, həlak olarsan.
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri digər hədislər
◘Həzrət Əliyə (ə) buyurub: "Ey Əli! Çox pis olan üç xüsusiyyətdən səni çəkindirirəm; həsəd, hərislik və yalan.”
◘"Ey Əli! İşlərin ən üstünü üç şeydir; başqalarına qarşı insaflı olmaq, malını mömin qardaşlarla bölmək və həmişə Allahı yad etmək.
◘Ey Əli! Mömin dünyada üç şeylə şad olar; qardaşların görüşü ilə, oruc tutanda iftar zamanı və gecənin axırında etdiyi ibadətlə.
◘Ey Əli! Üç xüsusiyyət var ki, hər kəsdə olmasa işləri nizama düşməz: Günahdan çəkindirən təqva, camaatla keçindirən xoş xasiyyət və nadan insanları ağıllandıran hövsələ.
◘Ey Əli! Üç şey həqiqi imanın əlamətlərindəndir: Əl aşağı olan zaman infaq etmək, başqalarına qarşı insaflı olmaq və elm öyrənmək istəyənlərə elm öyrətmək.
◘Ey Əli! Üç xüsusiyyət şərəfli və üstün əxlaqdan irəli gəlir; səni naümid edənə bəxşiş vermək, səndən əlaqə kəsənlə əlaqə yaratmaq və sənə zülm edəni əfv etmək.
◘Ey Əli! Üç xüsusiyyət var ki, hər kim onlarla dünyadan getsə camaatın hamısından əfzəldir: Bütün vacibatlarını yerinə yetirən, insanların ən abidi olan (yəni, ən çox ibadət edən) və haram işləri tərk edən. Belə şəxs insanların ən pəhrizkarıdır. Allahın ona nəsib etdiyinə razılaşan şəxs isə insanların ən varlısıdır.
◘Ey Əli! Üç iş var ki, bu ümmətin ona taqəti çatmır; əlində olanı mömin qardaşlarla bölmək, camaata qarşı insaflı olmaq və həmişə Allahı yad etmək (yəni, günahla rastlaşdığı zaman Allahı yad etməklə həmin günahı tərk etmək.)
◘Ey Əli! Üç dəstə insanla oturub durmaq qəlbi öldürər; alçaqlarla, valılarla və qadınlarla.
◘Ey Əli! İnsanların həlakətinə üç şey səbəb olar; həsəd, hərislik və təkəbbür.
◘Ey Əli! Üç şey qəlbi daşa döndərər: Musiqiyə qulaq asmaq, ov etmək, şahların və sultanların hüzuruna gedib-gəlmək.
◘Ey Əli! Dünyanın ləzzəti üç şeydədir; gen-geniş ev, gözəl kəniz və yaxşı minik.
◘Cəbrail mənim yanıma gəlib dedi: "Biz məlaikələr üç şey olan evə daxil olmarıq; it, heykəl və içinə sidik axıdılan qab.”
◘Əmr be məruf və nəhy əz münkər edən, yaxud da xeyir dəllallığı ilə məşğul olan kəs əməl edənin savabı ilə şərikdir.
◘Yer üzərində baş verən işlərin heç birindən üç işdən şikayət etdiyim kimi Allaha şikayət etmirəm; qərib və yad adamın qanının tökülməsindən, zinadan sonra edilən qüsuldan və günəşdən qabaq olan yuxudan (yəni, sübh namazını qəzaya verən yuxu).
◘Mən bu kəslər üçün behiştin yuxarısında, ortasında və aşağısında üç evə zaminəm; müzakirə zamanı höcət etməyən, hətta zarafatla da olsa yalan danışmayan və xasiyyəti gözəl olan.
◘Allah üç şeyi möhtərəm bilib və hər kim də onların hörmətini qorusa Allah da onun din və dünyasını hifz edər və hər kim onların haqqına riayət etməsə Allahın hifzindən binəsib olar. Birincisi İslam, ikincisi mən və üçüncüsü isə mənim əhli-beytimdir.
◘Peyğəmbər (s) səfərlərinin birində bir karvana rast gəldi. Salam verdi və buyurdu: "Sizin dininiz nədir?” Dedilər: "Möminik.” Buyurdu: "İmanınızın əlaməti nədir?” Ərz etdilər: "Allahın qəza və qədərinə razılıq, Onun qarşısında təslim olmaq və işlərimizi Onun öhdəsinə qoymağımız (yəni, Ona təvəkkül etməyimiz). Buyurdu: "Sizlər alim və hikmət sahiblərisiniz. Hikmətinizin çoxluğundan peyğəmbərlərə bənzəyirsiniz. Elə isə, əgər doğru deyirsinizsə həmişəlik qalmayacağınız evə bel bağlamayın, yeyə bilməyəcəyiniz şeyi cəm etməyin və axır dönüşünüz Ona tərəf olacaq Allahdan qorxun!”
◘Üç dəstə insan şəfaət edər və onların şəfaəti də qəbul olunar; peyğəmbərlər, şəhidlər və alimlər.
◘Abdullah Məsud deyir ki, Peyğəmbərdən (s) soruşdum: "Allah yanında ən sevimli əməl hansıdır?” Buyurdu: "Əvvəl vaxtda qılınan namaz.” Dedim: "Ondan sonra?” Buyurdu: "Ata-anaya yaxşılıq.” Dedim: "Ondan sonra?” Buyurdu: "Allah yolunda cihad.
◘Mənim öz ümmətimdən ötrü ən çox qorxduğum üç şey var; alimin xatası, münafiqin (mübahisə zamanı) Qurandan dəlil gətirməsi və boynunuzu sındıracaq dünyaya meyl etməyiniz. Elə isə, dünyaya ittiham gözü ilə nəzər yetirin (və ona ürək bağlamayın).
◘Allaha və axirət aləminə imanı olan şəxs üzərində şərab olan süfrə kənarında oturmasın, hər kəsin Allaha və cəza gününə imanı varsa (çılpaq) fitəsiz hamama getməsin və hər kəsin Allaha və Qiyamətə imanı varsa arvadını hamama getməyə qoymasın (əxlaqi fəsadlara səbəb ola biləcək xüsusi hamamlara).
◘Özümdən sonra ümmətim üçün üç şey barəsində nigaranam; Quranın yanlış təvili (açıqlanması), alimin səhvinə itaət etmək, tüğyan və əyyaşlığa səbəb olacaq mal çoxluğu. Mən bu təhlükələrdən nicat tapmağın yolunu göstərirəm. Quran barəsində; onun möhkəm (mənası açıq-aşkar) ayələrinə əməl edin, mütəşabih (məzmunu aydın olmayan) ayələrinə iman gətirin. Alimlər barəsində; elmlərindən bəhrələnin səhvlərini araşdırmaqla məşğul olmayın. Dünya malı barəsində; bunun çarəsi budur ki, Allaha nemətlərinə görə şükr edin və onun (yəni, mal-dövlətin) vacib hüquqlarını (xums-zəkatını) yerinə yetirin.
◘İman ibarətdir: qəlbən etiqadlı olmaqdan, dillə təsdiq etməkdən və bədən üzvlərilə əməl etməkdən.
◘Ey Ənəs! (Həzrətin (s) xidmətçisi olub) dəstəmazı sevinc və həvəslə al ki, sirat körpüsündən asan keçəsən, hamıya salam ver ki, evində xeyir-bərəkət artsın və gizli sədəqə çox ver ki, Allahın qəzəbini sakitləşdirər.
◘Ey Əbuzər! Məbada dilənəsən! (Yəni, bir kəsdən bir şey istəyəsən,) bu həqiqi zillətdir! Elə bir fəqirlikdir ki, özün ona tələsmisən. Bu iş Qiyamət günü hesabın uzanmasına səbəb olar. Əbuzər! Sən tənha yaşayacaqsan, tənha öləcəksən və tənha behiştə varid olacaqsan. İraq əhlindən olan bir dəstə insan sənin bərəkətindən səadətə nail olacaqlar. Onlar sənə qüsul verib kəfənə bükəcək və torpağa tapşıracaqlar.
◘Ey Əbuzər! Əlini camaat qarşısında irəli uzatma. Amma əgər bir nəfər sənə ehsan etsə (yaxşılıq məqsədilə bir şey versə) onu geri qaytarma.
Daha sonra əshabına buyurdu: "İstəyirsinizmi ki, ən pis insanların kim olduğunu sizə göstərim?” Dedilər: "Bəli, ey Allahın rəsulu!” Buyurdu: "Onlar o kəslərdir ki, söz gəzdirirlər, dostların arasını vururlar və günahsızlara böhtan atırlar.”
◘Xoş o kəsin halına ki, özünü kiçik tutur, malının çox hissəsini infaq edir və sözünün çox olmasından özünü qoruyur.
◘Qədim zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış başladı. Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir parça daş vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir yerdir ki, düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz gərək dua edək və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis əməlimizi yada salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi: "İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi. Mən o düyünü əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir müddətdən sonra həmin işçi gəlib öz muzdunu tələb etdi. Mən ona dedim: "Bu inək sürüsü sənin muzdundur. Mənim səy və təlaşım sayəsində bu yerə çatıb. Götür, get.” Həmin şəxs onu götürüb getdi. Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə yetirdim. Elə isə sən də bizim üçün fərəc yetir.” O zaman bir az yol açıldı. İkincisi dedi:” Pərvərdigara, sən bilirsən ki, mənim qoca ata-anam var idi. Axşamlar qoyunlarımın südünü onlara aparırdım. Bir gecə gec getdim. Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan nalə edirdilər. Lakin mənim adətim bu idi ki, ata-anam yeməsəydi, onlara yemək verməzdim. Bir tərəfdən ata-anamı oyatmaq istəmirdim, digər tərəfdən də qayıtmaq istəmirdim ki, birdən ayılıb süd içmək istəyərlər. Bu minvalla oturub gözləməyə başladım. O qədər gözlədim ki, səhər açıldı. Pərvərdigara! Əgər bilirsənsə mən bunu sənin qorxundan yerinə yetirmişəm, yolumuzu aç.” Yenə də daş bir az geri getdi və asiman göründü. Üçüncüsü dedi: "İlahi sən bilirsən, bir əmim qızı var idi ki, məni hamıdan çox istəyirdi. Mən ondan (zina yolu ilə) kam almaq istədim. O, qəbul etmədi. Yalnız yüz dinar ödəyəcəyim təqdirdə buna razı olduğunu bildirdi. Min bir zəhmətlə həmin miqdar pulu toplayıb ona təqdim etdim. O, hazır oldu. Məqsədimə çatmaq üçün ona yaxınlaşanda dedi: "Allahdan qorx və mənim mehriyyəmi rəva olmayan şeydən ötrü sındırma.” Yerimdən qalxdım. Yüz dinardan da gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin qorxundan yerinə yetirdim, bizim üçün yol aç!” Onun sözü qurtaran kimi yol açıldı və onlar mağaradan çıxdılar. (Bu hədisi əhli-sünnə də fərqli ibarələrlə nəql etmişdir.)
◘Allah yanında işlərin ən sevimlisi namaz, ehsan (yaxşılıq) və cihaddır.
Əmirəl-möminindən (ə) nəql olunan şiə hədisləri
◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. (Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz. Ona arxayın olana xəyanət etməz. Lakin axmağa xeyirli bir iş təklif etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil işlərə dəvət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət edər. Ləyaqətsiz işləri sevir. Ona etibar edən şəxsdən ötrü xeyirxah niyyəti olmaz.»
◘Əql elə bir ağacdır ki, kökü təqva, budaqları həya, meyvəsi zöhd və pəhrizkarlıqdır. Təqva üç şeyə dəvət edir; dini öyrənməyə, dünyaya qarşı etinasız olmağa və Allahdan başqa hər şeydən qırılmağa. Həya da insanı üç xüsusiyyətə tərəf çəkir; yəqinə, xoş əxlaqa və təvazöyə. Pəhrizkarlıq da insanı üç işə dəvət edir; doğru danışmağa, xeyir işə tələsməyə və şübhəli işləri tərk etməyə.
◘Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə cürət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri içmək.
◘Qadın üç yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və kənizlik vasitəsilə.
◘Üç şey müsəlmanı kamal həddinə çatdırar: Dini öyrənib başa düşmək, öz güzəranında müəyyən ölçüyə riayət etmək və xoşagəlməz hadisələr müqabilində səbr etmək.
◘İbn Bəbaveyh "Xisal” kitabında nəql edir ki, bir kişi Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: "Öz Allahını necə tanıdın?” Həzrət (ə) buyurdu: "İstək, iradə və qərarlarımın aradan getməsi ilə. Bəzən hər hansı bir iş görmək istədikdə gözlənilmədən bir qüdrət mənim və məqsədimin arasına daxil olur. Qərar qəbul edirəm təqdir əli onu qarışdırır. Bu yolla dərk edirəm ki, işlərin idarəsi başqa bir əl vasitəsi ilə həyata keçir.” Soruşdu: "Allahın nemətlərinin şükrünü necə yerinə yetirirsən?” Həzrət (ə) buyurdu: "Fikir verib görürəm ki, məni başqalarının düçar olduğu bəlalardan qurtarıb və başa düşdüm ki, bu Allahın nemətidir. Beləliklə də vəzifəmin şükr etmək olduğunu bildim.” Soruşdu: "Allahın görüşünə müştaq olmağın necədir?” Həzrət (ə) buyurdu: "Gördüm ki, məndən ötrü din, məlaikələr və peyğəmbərlər seçib. Başa düşdüm ki, mənə belə bir iftixar nəsib edən məni heç vaxt unutmaz; beləliklə də, Onun görüşünü sevdim.”
◘Üç şey öldürəndir; simiclik, həvəs və özünübəyənmə. İmanın üçdə biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir.
◘Məhəmməd ibn Hənəfiyyəyə öz nəsihətnaməsində buyurur: "Özünübəyənmədən, bədxasiyyətli olmaqdan və səbirsizlikdən çəkin. Bu xüsusiyyətlər səndə olsa özünə heç bir dost tapa bilməzsən və camaat da həmişə səndən uzaq gəzər. Özünü camaatı sevməyə, onlarla xoş davranmağa məcbur et, onlara kömək etməyə daim hazır ol. Malını və canını dostundan əsirgəmə. Hamı ilə xoş üzlə və məhəbbətlə davran. Düşməninə qarşı ədalətli və insaflı ol. Hamının qarşısında dininə və abır-heysiyyətinə qarşı simic ol ki, həm dinin salamat qalsın, həm də dünyan.
◘Bir hədisdə nəql olunur ki, Osman öldürüldükdən sonra və xilafət həzrət Əliyə (ə) çatan zaman bir səhra ərəbi imamın (ə) hüzuruna gəlib dedi: "Ey Əmirəlmöminin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, kasıbçılıq və avamlıq.” Həzrət (ə) buyurdu: "Ey qardaş! Bədəninin xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə müraciət edəsən.” Dedi: "Ey Əmirəlmöminin, sən həm təbibsən, həm kərimsən, həm alim.” Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç min dirhəm pul versinlər və buyurdu: "Min dirhəmi bədənin müalicəsi üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də savadlanmağından ötrü xərclə.”
◘Bir nəfər Əlini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: "Bir şərtlə ki, üç işdən ötrü öhdəçilik qəbul edəsən: Evində olmayan bir şey alıb hazırlamayasan, nəyin var əsirgəməyəsən və ailənə sıxıntı verməyəsən.” Ərz etdi: "Qəbul etdim.” Həzrət də qəbul etdi.
◘İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis nəql edib. Münasib məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: "Məsciddə Əli (ə) buyurdu: "Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun.” Məscidin axırından bir kişi qalxıb yaxına gəldi və ərz etdi: "Ey Əmirəlmöminin, məni elə bir işə hidayət et ki, onu yerinə yetirsəm Allah mənə oddan nicat versin.” Buyurdu: "Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!
İnsanlar üç dəstədir: Mömin, hövsələli və dünyaya həris. Mömin nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: "Həmin dövrdə möminin əlaməti nədir?” Buyurdu: "Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər.” Doğru dedin, ey Əmirəl-möminin.”
Həmin kişi "doğru dedin, ey Əmirəl-möminin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: "Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi.”
◘Əmirəl-möminin (ə) buyurur: "Üç şey insanı əldən salar: Kasıbçılıq, qorxu və qəm-qüssə. Üç şey də ruhu dirildər: alimlərin söhbəti, dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.”
◘Bütün xeyirlər üç şeydə cəm olub: Təfəkkür, sükut və danışıqda. Lakin təfəkkür ibrətalma olmazsa heçdir, fikir və düşüncəsiz sükut qəflətdir və Allahın zikri olmazsa danışıq da faydasızdır.
◘Allah üç nəfərin qazancından bərəkəti götürüb: İnsan satanın, dişi inək kəsib satanın və ağac kəsənin.
◘Üç halda dostunun haqqını yerinə yetirməyənə dost demək olmaz: Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra.
◘Biz vəzifəyə təyin olunmuş sülaləyik: Gərək acları doyuraq, miskinlərə kömək edək və camaat yuxuya gedəndə də namaz qılaq.
◘Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın nəzərində isə bu ikisindən biri kimi ol.
◘Abdullah ibn Məsud o həzrətdən nəql edir: "Allahın vacibatını yerinə yetir ki, hamıdan daha abid olasan, günahları tərk et ki, hamıdan daha zahid olasan və Allahın qismətinə razı ol ki, hamıdan daha artıq ehtiyacsız olasan.
◘Hər kəsə yaxşılıq etsən onun sərvərisən, hər kəsə ehtiyacın olmasa onunla bərabərsən və hər kəsdən öz ehtiyacını istəsən onun əlaltısısan.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar: Misvak, oruc və Quran oxumaq.
◘Dünya aldadar, ziyan verər və keçib gedər.
◘Ey elm tələbində olan! Hər bir şeyin nişanəsi həmin şeyin (varlığının) şahididir. Dinin əlaməti üç şeydir: İman, Allaha etiqad, məlaikələr və peyğəmbərlər.
◘Elmin üç nişanəsi var: Allahı tanımaq, Allahın istədiyi şeyləri tanımaq və Onun istəmədiklərini tanımaq.
◘Əməlin də üç nişanəsi var: Namaz, oruc və zəkat.
◘Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata bilməyəcəyi şeylərin ardınca gedər.
◘Münafiqin üç əlaməti var: Dili qəlbindən fərqlidir, danışığı əməli ilə düz gəlmir və gizlini aşkarı ilə uyğun deyil.
◘Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz əlaltılarını sıxışdırar və zülümkarlara kömək edər. Riyakarın da üç əlaməti var: Təklikdə tənbəl və süst, camaat arasında isə fərəhli və gümrahdır və camaatın xoşladığı hər bir işi böyük həvəslə yerinə yetirər.
◘Qafilin üç əlaməti var: İnsanı oyadan şeylərə diqqət yetirməz, başı həmişə qarışıq olar və unutqan olar.
◘Allahın hər gecə üç qoşunu olur. Birinci qoşun ataların belindən anaların rəhminə daxil olur, ikincisi rəhmlərdən dünyaya gəlir, üçüncüsü isə dünyadan axirətə köçür.
◘Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki, məlum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin.
◘Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. Yəni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə və geridə qalmışlığına səbəb olar.
◘Rəiyyətə və əlaltılarına qarşı xoşniyyət və tamahsız ol və pəhrizkar ol ki, ədalətlə davrana biləsən.
◘Elə bir dövr gələr ki, hakimiyyət yalnız dava-dalaş və zülmlə əldə olunar. Sərvət yalnız simicliklə cəm olunar. Dostluq yalnız dostun istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar. Hər kim ki, bu dövrə yetişib sərvət toplamağa qüdrəti olduğu halda kasıbçılığa razı olsa, qeyri-şəri yolla izzət sahibi olmaq imkanı olduğu halda bundan imtina etsə və müəyyən şəxslərin məhəbbətini cəlb etməkdənsə onların qəzəbinə üstünlük versə, Allah-mütəal ona əlli siddiqin əcrini (savabını) əta edər. (Siddiq o şəxslərə deyilir ki, peyğəmbərlərin danışığını təsdiq edir və öz rəftarlarını onların davranışları ilə uyğunlaşdırırlar.)
◘Hər kəs ki, uzun ömür sürmək istəyirsə sübh tezdən yemək yesin, yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin.
◘Ümid bəsləmədiyin şeyə intizarında olduğun şeydən daha çox ümidvar ol. Musa (ə) yoldaşı üçün od götürməyə getdi, Allah onunla danışdı və onu peyğəmbərliyə seçdi. Səba şəhərinin mələkəsi Süleyman peyğəmbərlə (ə) görüşməyə getdi, ona iman gətirdi və azğınlıqdan nicat tapdı. Fironun cadugərləri onun səltənətini qüvvətləndirmək məqsədi ilə getdilər, Allaha əqidə ilə geri döndülər.
◘Kumeylə vəsiyyətində buyurur: "Bu qəlblər qabdır. Hamısından yaxşısı tutumu çox olanıdır. Dediklərimi yadında saxla! İnsanlar üç dəstədir: Allahpərəst alimlər, nicat yolun yolçusu olan elm öyrənən və hər hansı sədanın dalınca getsə də, hər hansı bir küləyin ardında əssə də elm nuru əldə edə bilməyən və möhkəm bir dayağa söykənməyən dəyərsiz axmaq. Ey Kumeyl! Elm maldan üstündür. Elm səni qoruyur, malı isə sən qoruyursan. Bəxşiş və əliaçıqlıq malı azaldır, elmi isə artırır. Alim hökmü icra edəndir, mal da hökmün məcrası. Alimlə dostluq etmək dinin bir hissəsidir və Allah bu iş müqabilində insana savab verir. Elm dünyada camaatın itaətinə, öləndən sonra yaxşı ada səbəb olar. Ey Kumeyl! Sərvət yığanlar yaşasalar da ölüdürlər, elm tələbində olanlar isə ölümdən sonra da yaşayırlar. Onların bədənləri gözlərin önündən gedirsə də görkəmləri və qiyafələri qəlblərdə mövcuddur. Ah! Ah! Bura (mübarək sinəsinə işarə edərək buyurdu) elmlə doludur. Kaş liyiqli kəslər tapaydım ki, onu qəbul edəydilər. Lakin elə insanlara düçar olmuşam ki, ya tez öyrənirlər, lakin arxayın kəslər deyillər, dindən dünya işləri üçün istifadə edirlər, Allahın hökmlərindən onun bəndələri ilə mübarizədə istifadə edirlər, Allahın nemətlərindən onların (həmin nemətlərin) ziddinə istifadə edirlər, yaxud da elə insanlardırlar ki, haqq əhli müqabilində ramdırlar, amma kordurlar, görmürlər və bəsirət sahibi deyillər. Kiçicik şübhə olduqda şəkkə düşürlər. Nə birinci dəstənin təlimdən ötrü ləyaqəti var, nə də ikinci dəstənin. Üçüncü bir dəstə də var ki, yalnız istəklərinə nail olmaqdan ötrü çalışırlar. Öz cilovlarını şəhvətlərinə tapşırıblar. Onlar mal-dövlət dəlisidirlər ki, dinin hörmətini saxlamırlar və adamlıqları yoxdur, özləri də dördayaqlılar kimidirlər. Bəli! Elmin yoxluğu belədir! Alim ki, olmadı elm öləcək. Lakin belə deyil ki, yer Allahın hüccətindən xali olsun. Hər bir əsr və zamanda elə kəslər var ki, sayları azdır, lakin, Allah yanında olan qədir-qiymətləri çox. Bunlar haqqın nişanələrinin keşikçiləridir. Allah Özünün aşkar dəlillərini onlar vasitəsilə qoruyar və beləliklə, onlar da digər hüccətlərə çatdırar, həmin toxumları onların pak qəlblərinə səpərlər. Onların elmi işlərin həqiqətindən agahdır və onlar yəqin ruhuna malikdirlər. Çətinliklər əyyaşların nəzərincə çətin, lakin onlar üçün asandır. Ağılsızlardan ötrü qorxu və dəhşətə səbəb olan şeylər onlar üçün üns və ülfət vasitəsidir. Bədənləri dünyadadır, lakin ruhları isə ən ali məkanlardadır. Bunlar yer üzərində Allahın canişinləri və dinin mübəlliğləridirlər. Ah! Ah! Onları necə də görmək istəyirəm! Allah məni də, səni də bağışlasın. İndi isə, əgər istəyirsənsə qalxa bilərsən.
◘Alimin üç nişanəsi var: Elm, səbr və sükut.