Doqquzuncu bölmə
Doqquz tərkibli nəsihətlər
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Doqquz şeyin doqquz afəti var: danışığın afəti yalan, elmin afəti unutmaq, helmin afəti ağılsızlıq, ibadətin afəti süstlük, xoş təbiətli olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət, gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır.
◘Peyğəmbər (s) Xeybərin fəthindən sonra üzünü müsəlmanlara tutub onları doqquz şeydən çəkindirdi: zina müqabilində muzd ödəmək, heyvanları pul müqabilində cütləşdirmək, qızıl üzük taxmaq, itə qiymət qoymaq (ov iti, çoban iti, evi və bağ-bostanı qoruyan itlər istisnadır.), ipək paltar geymək, yırtıcı heyvanların ətindən istifadə etmək, qızılı qızıla, gümüşü gümüşə satarkən artıq-əskikliyə yol vermək, uğur və nəhs işləri və s. məsələləri təhqiq etməkdən ötrü astronomik araşdırmalar aparmaq.
◘Mənim ümmətimə doqquz şeydən günah yazılmaz: Səhv, unutqanlıq, zorla məcburiyyət, qüdrəti çatmadığı şeydən ötrü, zərurət, ürəyə pis şey gəlmək (məqsəd budur ki, bu cür şeylərin, məsələn, səfərə çıxarkən qarşısında qara pişik keçməyin və s. bu kimi işlərin günahı bağışlanmışdır, lakin, bunlara etina etmək olmaz.) və qəlbə gələn vəsvəsələr, məsələn, hər hansı bir şəxs barədə pis fikirləşmək, bu da nə qədər ki dilə gəlməyib, günah hesab olunmaz.
◘Allah-təala İslamı mənim əlimlə rövnəqləndirdi, Quranı mənə nazil etdi. Kəbəni mənim əlimlə açdı, məni bütün insanlardan üstün etdi, dünyada məni bəşərin sevinc və şadlıq vasitəsi, Qiyamət günündə isə məhşərdə toplaşan insanların ziynəti qərar verdi, məndən qabaq behiştə daxil olmağı bütün peyğəmbərlərə, eləcə də, bütün ümmətlərə mənim ümmətimdən qabaq haram etdi. Məndən sonra canişinliyi Qiyamətə qədər əhli-beytimə həvalə etdi və mənim dediyim hər bir şeyə qarşı çıxan şəxs Allaha qarşı kafir olmuşdur.
◘Cabir deyir: "Bir gün Həzrət Peyğəmbərin (s) hüzurunda idim. Üzünü Əliyə (ə) tutub buyurdu: "Ey Əbəlhəsən! İstəyirsənmi ki, sənə bir müjdə verim?” Əli (ə) ərz etdi: "Bəli, əlbəttə, ya Rəsuləllah!” Peyğəmbər (s) buyurdu: "Elə indicə Cəbrail nazil olub Allah tərəfindən xəbər gətirdi ki, sənin şiələrinə doqquz imtiyaz verilib: ölüm zamanı rahatlıq və xoş münasibət, vəhşət zamanı qəlbi aramlıq, (axirət və qəbir) qaranlığından nur, (Qiyamət) qorxusundan amanda olmaq, əməllər haqq-hesab olunarkən fəzl və kərəm, Sirat körpüsündən asanlıqla keçmək, behiştə digər insanlardan qabaq daxil olmaq və nəhayət, nurları öndən və sağdan onlara doğru tələsər.”
◘Allah-təala mənə doqquz şey tapşırıb, mən də onları sizə tövsiyə edirəm: gizlində də, aşkarda da ixlaslı olmaq, qəzəbli olanda da, halın xoş olduğu vaxtda da ədalətli olmaq, yoxsul olanda da, varlı olanda da iqtisada riayət etmək, zalımı bağışlamaq, məni məhrum edənə əta etmək, məndən əlaqəni kəsənlə əlaqə yaratmağa çalışmaq, sükutumun təfəkkür, danışığımın zikr və baxışımın ibrət olmasını.
◘Bir gün bir yəhudi öz dostuna dedi: "Gedək bu peyğəmbəri görək.” Dostu dedi: "Peyğəmbər demə. Çünki eşitsə öz-özünə fəxr edər.” Onlar Peyğəmbərin (s) hüzuruna gəlib soruşdular: "Doqquz açıq-aşkar hökmü olan ayə hansılardır? "Peyğəmbər (s) buyurdu: "Allaha şərik qoşmayın, israf etməyin, zina etməyin, Allahın möhtərəm bildiyini nahaqdan öldürməyin, günahsızı öldürmək üçün qoluzorluların çənginə verməyin, cadu ilə məşğul olmayın, pakdamən qadınlara böhtan atmayın, döyüşdən qaçmayın və xüsusən, siz israillilər, şənbə günü həddi aşmayın.” Yəhudilər Peyğəmbərin (s) əlindən öpüb onun peyğəmbərliyinə şəhadət verdilər.
Əmirəl-möminindən (ə) hədislər
◘And olsun Allaha! Allah mənə doqquz imtiyaz vermişdir ki, bu imtiyazları məndən və İslam Peyğəmbərindən (s) başqa heç bir kəsə verməmişdir: Səbəblərin yollarını üzümə açıb (yəni, bütün işlərin səbəblərindən xəbərdaram), bulud məndən ötrü hərəkət etmişdir, ölümlərdən və giriftarçılıqlardan xəbərdaram, haqq və batili tanıyıram, Allahın izni ilə mələkut aləminə baxıb keçmişdən və gələcəkdən xəbərdar oldum və heç bir şey məndən örtülü deyil, Allah mənim vilayətimlə bu ümmətin dinini kamil etdi və onlara öz nemətini tamamladı və dinlərini qəbul etdi. Bunu Allah Qədir-Xum günündə Peyğəmbərə (s) vəhy olaraq bu ayədə göndərdi: "Bu gün sizin dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim.” Bütün bunlar Allahın mənə əta etdiyi nemətlərdir. Əlhəmdulillah.
◘Şəbi deyir: "Əli (ə) doqquz misli görünməmiş fəsahət və bəlağətli cümlə işlətmişdir ki, bütün insanlar bir yerə cəm olsalar da bunların bir cümləsi kimi cümlə işlədə bilməzlər. Bu cümlələrin üçü o həzrətin (ə) münacatlarından, üçü hikmətli sözlərindən, üçü də ədəb və əxlaq mövzusunda olan kəlamlarındandır. Münacatlarından olan üç cümləsi bunlardır:
"İlahi, mənim başucalığımdan ötrü Sənə bəndə olmağım və iftixar etməyimdən ötrü, Sənin kimi bir Allahımın olmağı mənə bəsdir. İlahi, Sən mənim sevdiyim kimisən və məni də elə et ki, sənin sevdiyin kimi olum.”
◘Hikmətli sözlərindən olanlar bunlardır:
"Hər kəsin qədir-qiyməti onun elmi və (Allaha qarşı olan) mərifəti qədərdir. Hər kəs öz qədrini bilsə həlak olmaz. Hər kəs dilinin arxasında gizlənmişdir.”
◘Ədəb barəsində olan sözlərindən olanlar isə bunlardır:
"Hər kəsi yaxşılıqlara tutsan, onun əmiri olarsan. Hər kəsə tərəf ehtiyac əlini uzatsan, onun əsiri olarsan. Hər kəs qarşısında öz ehtiyaclılığını gizlətsən, onunla bərabər və həmtay olarsan.”
Həm şiələrin, həm də sünnilərin nəql etdikləri hədislərdən
◘Həzrət Sadiq (ə) buyurub: "İslam Peyğəmbəri (s) doqquz şeydən ötrü zəkat qərar verib: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, inək, qoyun və dəvə.”
◘Harun ibn Həmzə deyir ki, bir gün həzrət Sadiqdən (ə) soruşdum: "Həzrət Musanın (ə) doqquz möcüzəsi hansılar idi?” Həzrət (ə) buyurdu: "Çəyirtkə, gənə, qurbağa, qan, tufan, dərya, daşı çatlatmaq, əsa və öz əli.”
◘Dünya bir surətə bənzəyir ki, başı təkəbür, gözü hərislik, qulağı tamah, dili riya, əli şəhvət, ayağı xudpəsəndlik, qəlbi qəflət, varlığı fəna və hasilatı zavaldır. Onu sevən təkəbbürə düçar olar. Gözü önündə dünya cilvələnən tamahkar olar. Arxasınca gedən hərisliyə düçar olar. Ona pərəstiş edən riya donu geyər. Onu ələ keçirən xudpəsənd olar. Ona arxayın olan qəflətə düçar olar. Dünyanın bər-bəzəyini gözü önündə canlandıran ona aldanar. Dünya malı cəm edən kəs xəsisliyə düçar olar və cəhənnəmə yuvarlanar.
◘Hədislərdə buyurulur ki, kamil bəndənin imanının doqquz xüsusiyyəti var: şadlıq və fərəh onu batil yola çəkməz, qəzəb onu haqq yoldan çıxarmaz, qüdrəti təcavüzə səbəb olmaz, artıq danışıqlardan uzaq olar, malının artığını infaq edər, yaşayışında iqtisadçı olub orta həddə yaşayar, düşmənlərinə qarşı mülayim, xoş xasiyyət və səxavətli olar.
◘Sünnilər həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, buyurub: ”Həzrət Musanın (ə) Tövratında gəlmişdir ki, bütün günahlar üç pis xüsusiyyətdən qaynaqlanır: təkəbbür, hərislik və həsəd. Bu üç xüsusiyyətdən də altı bəyənilməmiş xüsusiyyət meydana gəlir ki, bunların da cəmi doqquz ədəddir: çox yemək, çox yatmaq, var-dövlət hərisliyi, tərifdən və yaltaqlardan xoşu gəlmək və rəyasət (böyüklük) eşqi.”
◘Əli (ə) buyurub: "Faydası olan ağlamaq üç cürdür: Allah qorxusundan ağlamaq, günahdan utanmağa görə ağlamaq və Allahdan ayrı düşmək qorxusu ilə ağlamaq. Bu ağlamaqların birincisi günahların kəffarəsidir, ikincisi eyiblərdən paklanmağa səbəb olar, üçüncüsü isə Allaha və onun razılığına qovuşmaq vasitəsidir. Günahın kəffarəsinin verilməsi əzabdan xilas olmağa, eyiblərdən paklanma nemətlərin davamlı olmasına, Allaha və Onun razılığına qovuşmaq isə onun tərəfindən daha artıq mərhəmət və lütfə səbəb olar.”
◘Peyğəmbərin (s) səhabələrindən biri deyib: "Beş vacib namazı əvvəl vaxtında qılan kəsə Allah doqquz inayət göstərər: Allahın məhbubuna çevrilər, bədəni sağlam olar, onu mələklər qoruyar, evi bərəkətlə dolar, üzü saleh insanların surətini alar, ürəyi yumşalar, sirat körpüsündən ildırım surəti ilə keçər, atəşdən xilas olar, Allah dərgahında heç bir qorxusu və qəm-qüssəsi olmayanlarla bir yerdə olar.”
◘Başqa birisi deyib: "Ağlı olmayanın dini də yoxdur, dini olmayanın əməli də yoxdur, əməli olmayanın səhih fikri olmaz, qane olmayanın rahatlığı da olmaz, batini çirkin olanın tövfiqi də olmaz, ehtiyatla addım atan salamat qalar, hər kəs tənbəlliyin əsiri olsa, ətrafını peşmançılıq alar, günahdan çəkinməyən şəxsin Allahdan qorxusu yoxdur, nəfsinin istəklərindən boyun qaçırmayan kəs əqlə itaət edə bilməz, əxlaqi rəzilətlərdən acığı gəlməyən kəsin əxlaqi fəzilətlərdən də xoşu gəlməz.”
◘Bil ki, sözgəzdirən gərək həmişə qəzəb və kinə tuş gəlsin və belə adamların dostluq və yoldaşlıqdan ötrü heç bir etibar və etimadı yoxdur. Çünki, onun vücudundan doqquz çirkin xüsusiyyət var: yalan, qeybət, peyman sındırmaq, xəyanət, hoqqa, paxıllıq, nifaq, fitnə yaratmaq və məkr. Sözgəzdirən o kəsdir ki, Allahın göstərişi əsasında insanlar arasında mövcud olan dostcasına ünsiyyət və rabitələri bir-birinə vurur, insanlar arasındakı xoş münasibətləri korlayır.
◘Deyirlər Bozorgmehr öldükdən sonra onun kəmərində doqquz cümlə yazıldığını görürlər:
1. Əgər Allah ruziyə zamindirsə, bəs qəm-qüssə nə üçün?
2. Əgər ruzi təqsim olunubsa, bəs hərislik nə üçün?
3. Əgər dünya aldadandırsa, bəs ona etimad nədir?
4. Əgər behişt haqdırsa, onda ibadətdən boyun qaçırmaq nədir?
5. Əgər qəbir haqdırsa, bəs möhkəm tikililər nə üçündür?
6. Əgər cəhənnəm haqdırsa, onda bütün bu gülüşlər nədir?
7. Əgər haqq-hesab haqdırsa, var-dövlət toplamaq nə üçündür?
8. Əgər Qiyamət günü varsa, bəs lərzəyə gəlməmək nə üçün?
9. Əgər şeytan insanın düşmənidirsə, onda ona itaət etmək nə deməkdir?