İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:35 PM
    Nəsihətlər
    On yeddidən otuza qədər olan bölmə
    ◘Bir gün Həzrət Əli (ə) buyurdu: "İstəyirsinizmi ki, sizə ruzinin bol olmasından ötrü lazım olan səbəbləri bildirim?” Dedilər: "Bəli, ya Əmirəlmöminin! Həzrət (ə) buyurdu: "İki namazı (zöhr və əsr, məğrib və işa) ardıcıl qılmaq və həmçinin sübh və əsr namazlarından sonra təqibat oxumaq, sileyi-rəhm, evin qabağını süpürmək, Allaha xatir din qardaşları ilə yoldaşlıq etmək, sübh tezdən qazanc dalınca getmək, bağışlanma diləmək, əmanətdarlıq, haq söz danışmaq (yəni, nahaq danışmaqdan uzaq olmaq), azan verənə cavab vermək (burada məqsəd ya, müəzzinin ardınca azanın cümlələrini təkrar etmək, ya da namazı əvvəl vaxtında, özü də camaatla birgə qılmaqdır. Çünki, müəzzin hamını namaza çağırdığı üçün namazı da camaatla əvvəl vaxtında qılmaq ona cavab hesab olunur.), ayaq yolunda olarkən sükut etmək (yəni, danışmamaq,) həris olmamaq, nemət sahibinə şükr etmək, yalandan and içməkdən uzaq olmaq, yeməkdən qabaq əlləri yumaq, süfrə üzərində olan çörək qırıntılarını yemək və hər kəs gündə otuz dəfə Allaha təsbih desə Allah da ondan yetmiş bəlanı uzaqlaşdırar ki, bu bəlaların da ən kiçiyi fəqirlikdir.
    ◘Əbu Səid Xidri Peyğəmbərin (s) belə buyurduğunu belə nəql edir: "Allah hər kəsə mənim əhli-beytimin məhəbbətini qismət edibsə, ona dünya və axirət xeyrini əta edib. Heç bir şübhə yoxdur ki, belə şəxslərin yeri behiştdir. Mənim əhli-beytimin dostlarının iyirmi xüsusiyyəti var ki, bu xüsusiyyətlərin onu bu dünyaya, onu isə axirətə aiddir. (Zahirən, burada məqsəd dostluq və məhəbbətlə yanaşı əməlin və vəzifələrin də yerli-yerində icra olunmasıdır.) Dünyaya aid olanlar bunlardır; zahidlik, elmə qarşı hərislik, təqva, ibadətə meyl, ölməmişdən qabaq tövbə, gecə namazını xoş halla qılmaq, camaatdan ümidi kəsmək, Allahın əmr və qadağalarına riayət etmək, dünyaya qarşı rəğbətsiz olmaq və səxavət. Axirətə aid olanları isə bunlardır; əməl dəftərini utanmamasından ötrü (sair insanların yanında.) açmazlar, ondan ötrü mizan qurulmaz, əməl dəftərini sağ tərəfdən verərlər, ona atəşdən xilas olma kağızı verərlər, üzü ağ olar, əyninə behişt paltarları geyindirilər, qohumları və yaxınlarından olan yüz nəfər barədə şəfaəti qəbul olunar, Allahın rəhmət nəzəri onun üzərində olar, başına behişt tacı qoyular və hesabsız behiştə daxil olar. Xoş Əhli-beyt (ə) dostlarının halına!!!”
    ◘Həmran ibn Əyn İmam Baqirdən (ə) İmam Cəfər Sadiq (ə) barədə onun gözəl və ali xislətlərindən iyirmi üçünü nəql etmişdir:
    1. Həzrət (ə) gecə-gündüz min rükət namaz qılardı. Onun da Həzrət Əli (ə) kimi beş yüz xurma ağacı var idi ki, hər birinin altında iki rükət namaz qılardı.
    2. Namaz halında olarkən rəngi dəyişərdi.
    3. Namazda Allah qarşısında zəlil bir qulun əzəmətli bir padşah qarşısında dayandığı kimi dayanardı.
    4. Namaz halında bədəni titrəyərdi.
    5. Namazını elə qılardı ki, sanki bu, onun axırıncı namazıdır.
    6. Bir gün namaz halında olarkən əbasının bir tərəfi çiynindən sürüşdü. Namazını elə həmin halda da sona çatdırdı. Səhabələrindən biri ondan soruşdu: "Nə üçün əbanızı düzəltmədiniz?” Buyurdu: "Bilirsənmi kimin qabağında idim?" Bəndənin namazından yalnız hüzuri-qəlblə qıldığı miqdarı qəbul olunar.” Həmin şəxs dedi: "Elə isə, biz həlak olduq!” Həzrət buyurdu: "Əsla! Allah bu nöqsanları nafilələr vasitəsilə ört-basdır edər.”
    7. Hər gecə qaranlıq düşən zaman ya dirhəm və dinarlarla dolu olan pul kisələri, ya yemək, ya da odunla dolu xurcunları çiyninə atar, yoxsul və kimsəsizlərin evinə gəlib qapını döyər və onları qapıya gələn şəxsə verərdi.
    8. Fəqir və yoxsul kəslərə bir şeylər verərkən üzünü örtürdü ki onu tanımasınlar. Fəqir və yoxsullar o həzrətin (ə) vəfatından sonra onlara infaq edənin kim olduğunu başa düşdülər.
    9. Vəfatından sonra Həzrətə qüsul vermək istəyərkən gördülər ki, mübarək kürəkləri dəvənin dizləri kimi qabar bağlayıb. Bu fəqir və yoxsulların evlərinə daşıdığı yüklərin nəticəsində əmələ gəlmişdi.
    10. Bir gün həzrət (ə) xəz dəridən hazırlanmış bir əbanı çiyninə atıb harasa gedirdi. Yolda bir fəqir gəlib əbadan tutdu. Həzrət (ə) əbanı buraxıb yoluna davam etdi.
    11. Qışda xəzdən hazırlanmış paltarlar alar, istifadə edər, yayda isə onları satıb pulunu sədəqə verərdi.
    12. Ərəfə günü gözü dilənməklə məşğul olan bir dəstə insana düşdü. Üzünü onlara tutub buyurdu: "Vay olsun sizə! Belə bir gündə siz Allahdan başqasındanmı bir şey istəyirsiniz? Bu günlərdə Allahın lütf və rəhməti hər bir insana və hətta, ümid var ki, bətnlərdə olan körpələrə də şamil olar və onlar xoşbəxt olarlar.
    13. Anası ilə xörək yeməkdən həmişə çəkinərdi. Bir gün o həzrətdən (ə) soruşdular: "Ey Allah rəsulunun övladı! Siz hamıdan daha artıq ananıza qarşı xoş münasibətdə olursunuz. Bəs nə üçün onunla birlikdə yemək yemirsiniz?” Həzrət (ə) buyurdu: "Fikirləşirəm ki, birdən anamın meyli olduğu tikəni götürüb yeyərəm.”
    15. İyirmi dəfə etdiyi həcc səfərində bir dəfə də olsun dəvəyə qamçı vurmadı. Dəvə ölən zaman dəvənin basdırılmasına göstəriş verirdi ki, yırtıcılar onun cəsədini yeməsin.
    16. Bir kənizdən o həzrət (ə) barədə soruşdular. Kəniz dedi: "Müxtəsər deyim, ya müfəssəl?” Dedilər: "Müxtəsər.” Dedi: "Heç vaxt onun üçün nə yemək apardım, nə də yataq hazırladım.”
    17. Bir gün həzrət (ə) onun qeybətini edən bir dəstəyə yetişdi. Dayandı və buyurdu: "Əgər düz deyirsinizsə Allah məni bağışlasın, yox əgər yalan deyirsinizsə sizi bağışlasın.”
    18. Əgər bir kəs onun hüzuruna elm öyrənməkdən ötrü getsəydi buyurardı: «Peyğəmbərin (s), qayğısına qalmağı tapşırdığı şəxslərə əhsən!»
    19. Mədinə əhlindən olan yüz ailəli fəqiri öz himayəsi altına almışdı.
    20. Yetim, kor, miskin və binəva olan hər kəs süfrəsi başında oturarkən çox sevinərdi. Əgər, həmin kəs ailəli olsaydı həzrət (ə) onun ailəsindən ötrü də yemək göndərərdi.
    21. Həmişə yeməmişdən öncə əvvəl yediyi miqdarda səqədə verib sonra yeməyə başlayardı.
    22. Hər il yeddi səcdə üzvünün hər birindən bir qat dəri ayrılardı. Çünki, çox namaz qılmaqdan bu üzvlərinin dərisi sərtləşib qabar halına düşərdi. Həzrət (ə) dünyadan gedərkən də həmin hissələri onunla birgə dəfn etdilər.
    23. Həzrət (ə) iyirmi il atasından ötrü ağladı. Nə zaman qarşısına yemək qoysaydılar Həzrətin mübarək gözlərindən yaş axmağa başlayardı. Bir gün xidmətçilərindən biri Həzrətdən soruşdu: "Ey Allah rəsulunun oğlu! Sizin bu qəm-qüssəniz bitmədimi?!” Buyurdu: "Vay olsun sənə! Yəqub peyğəmbərin on iki oğlu var idi. Allah birini gözünün qabağından apardı, ağlamaqdan gözləri kor oldu, saçı ağardı və beli büküldü. Halbuki, oğlu sağ-salamat idi. Mən isə öz gözümlə atam, qardaşım, əmim və on yeddi nəfərə yaxın qohumumun necə öldürülüb torpaq üzərinə düşməyini müşahidə etdim. Belə olduğu halda necə qəm-qüssəm sona yetsin?”
    ◘Zeyd ibn Suhan Əbdi Həzrət Əmirəlmömininə (ə) ərz etdi:
    –Hansı qüdrət daha güclüdür?
    –Nəfsin istəkləri.
    –Hansı xarlıq daha zillətdir?
    –Dünyaya həris olmaq.
    –Hansı yoxsulluq daha çətindir?
    –Dindarlıq və imandan sonra küfr və dinsizlik.
    –Ən azdırıcı dəvət hansıdır?
    –Mümkün olmayan şeyə dəvət.
    –Ən üstün əməl hansıdır?
    –Təqva və pəhrizkarlıq.
    –Ən nicat verən əməl hansıdır.
    –Mütəal Allahın yanında olanların arzusunda olmaq.
    –Ən pis yoldaşlıq hansıdır?
    –Allaha itaətsizliyi və Onun qarşısında günah etməyi sənin üçün yaxşı qələmə verən kəslə yoldaşlıq.
    –Yaradılmışların ən bədbəxti hansıdır?
    –Öz dinini dünyasına satan şəxs.
    –Yaradılmışların ən qüvvətlisi hansıdır?
    –Səbr və təmkinli şəxs.
    –Yaradılmışların ən xəsisi hansıdır?
    –Dinin icazə vermədiyi yollarla qazanc əldə edib onu dinin icazə vermədiyi yerlərdə də sərf edən.
    –Camaatın ən zirəki hansıdır?
    –Özünün səhv, yaxud düz yolda olduğunu dərk edib yanlışlıqdan hidayətə üz tutan.
    –Ən təmkinli və ən dərrakəli kəs kimdir?
    –Qəzəblənməyən kəs.
    –İnsanlardan kim daha güclü və möhkəm fikir və rəyə malikdir?
    –Camaatın onu özünübəyənən, xudbin və lovğa hesab etmədiyi və dünyanın aldadıcı bər-bəzəyinə, ləzzətlərinə uymayan şəxs.
    –İnsanların ən axmağı kimdir?
    –Dünyanın fani və müvəqqəti olduğunu bilə-bilə ona bel bağlayıb məftun olan kəs.
    –Ən əfsuslanacaq insan kimdir?
    –Dünyasını da, axirətini də əldən verən kəs. Həqiqətdə də bu, açıq-aşkar bir zərərdir.
    –İnsanların ən koru kimdir?
    –Allahdan qeyrilərindən ötrü əməl edib mükafatı Allahdan almaq arzusunda olanlar.
    –Ən üstün qənaət (qane olma) hansıdır?
    –Dinə bağlı olan müsibət.
    –Allah-təala yanında ən sevimli əməl hansıdır?
    –Ali-Məhəmmədin fərəcinin intizarında olmaq.
    –Allah yanında insanların ən üstünü kimdir?
    –Allahdan ən çox qorxan və ən təqvalı və bir də dünyaya qarşı ən rəğbətsiz olan.
    –Allah yanında ən bəyənilmiş söz hansıdır?
    –Onu çox yad etmək, dua və münacatla məşğul olmaq, Onunla razü-niyaz və təvazö edərək qarşısında öz acizliyini etiraf etmək.
    –Ən düz söz nədir?
    –Allahdan başqa bir məbud olmadığını iqrar etmək (yəni, "La ilahə illəllah” kəlməsi).
    –Allah-təala yanında ən böyük əməl hansıdır?
    –Təslim (yəni, Allahın göndərdiyi bütün qanunlara "niyə-nə üçün” demədən sözsüz tabe olmaq və başı aşağı salaraq ona itaət etmək) və zöhd (yəni, zahidlik.)
    –İnsanların ən düz danışanı kimdir?
    –Hər yerdə və hər bir danışığında düz danışan kəs.
    ◘İmam Cəfər Sadiq (ə) Həzrət Peyğəmbərin (s) ümmətə belə tapşırdığını buyurur: "Ey ümmət! Allah-təala iyirmi dörd xisləti sizin üçün bəyənməyib və sizdən ötrü bu xislətlərə qadağa qoyub. Həmin xislətlər bunlardır: namaz halında olarkən (bir şeylə, yaxud bədənin hər hansı bir üzvü ilə məsələn barmaqla, yaxud saqqalın tükü ilə) oynamaq, sədəqə verərkən minnət qoymaq, qəbristanlıqda gülmək, icazə olmadan evlərə daxil olmaq, həyat yoldaşının övrətinə baxmaq, cinsi əlaqədə olarkən danışmaq, işa namazını qılmamış yatmaq, övrətini örtməmiş açıq havada qüsul almaq, sübh namazı qılarkən azan və iqamə arasında danışmaq, tufan zamanı dəniz səfərinə çıxmaq, ətrafı daşla tikilməyən damın altında yatmaq, bir otaqda tək yatmaq, heyz halında olan qadınla yaxınlıq etmək, cünub olduqdan sonra qüsul almamış yenidən yaxınlıq etmək, cüzam xəstəliyinə tutulmuş şəxslə bir zira (dirsəkdən barmaqların ucuna qədər olan miqdar) ara verməmiş söhbət etmək, axar suyun kənarında idrar etmək, ayaqqabını ayaq üstə geyinmək, qaranlıq otağa çıraqsız girmək və namaz məkanını aradan aparmaq. (Bütün bu işlərin hamısı məkruhdur, yalnız iki məsələdən başqa. Bu iki məsələ dində haram edilmişdir: 1) Evlərə icazəsiz daxil olmaq. 2) Heyz halında olan qadınla yaxınlıq etmək.
    ◘Zümrət ibn Həbib deyir ki, bir gün Peyğəmbərdən (s) namaz barədə soruşdum. Həzrət (s) belə buyurdu: "Namaz dinin vacib əməllərindəndir, Allahın bu əməldən xoşu gəlir və Onun razılığına səbəb olar, peyğəmbərlərin təriqətindəndir, mələklərin məhəbbətini cəlb edər, iman və hidayətdir, mərifət nurudur, ruzini bərəkətli edər, bədənin rahatlığıdır, şeytanın bu əməldən heç xoşu gəlmir, kafirlər müqabilində bir silahdır, duanın müstəcab və əməllərin qəbul olmasına səbəb olar, möminin axirət azuqəsidir, ölüm mələyi yanında insanın şəfaətçisidir, qəbirdə insana həmdəm və bədənin altında fərşdir, Nəkir və Münkərin cavabıdır, məhşərdə bəndənin başının tacı, üzünün nuru, bədəninin libası, atəşlə onun arasında həm pərdə, həm hüccətdir, onun Cəhənnəmdən nicat tapmasına və Sirat görpüsündən asan keçməsinə səbəb olar, Behiştin açarı, onun qiymətidir, Hurul-eynin mehr və məhəbbətinə səbəb olar, bəndələri ən uca məqamlara çatdırar. Çünki, namaz ibadətin bir çox növlərini, o cümlədən, təsbih, təhlil, təkbir, təmcid və təqdis kimi zikrləri, Allahla münacat dua və s.ni özündə birləşdirir.
    ◘Həzrət Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: "Elm öyrənin (Məqsəd üsuli-əqaid, əxlaq və əhkam kimi dini elmləri öyrənib onlara əməl etməkdir.) çünki, onu öyrənmək həsənə, mütaliəsi təsbih, bəhsi cihad, öyrədilməsi sədəqə, onu əhlinə əta etmək ibadətdir. Çünki, elm halalı haramdan ayırma vasitəsidir; onu öyrənəni Behiştə aparar, tənhalıqda insanın dostu, qorxu zamanı həmdəmi, çətinliklər zamanı yol göstərəni, düşmən müqabilində silahı, dostlar arasında ziynətidir. Allah elm vasitəsi ilə bəzi insanları yüksəldib xeyir işlərdə insanların rəhbəri və müqtədası qərar verər. Gözlər həmin insanların əməllərinə dikilər, onların getdiyi yol hamı üçün nümunə olar, mələklər onlarla dostluq etməyə rəğbət bəsləyər, namaz qılarkən qanadlarını onlara sürtər; elm qəlblərin həyatı, gözlərin nuru və bədənlərin qüvvətidir. Allah alimləri dünyada da, axirətdə də yaxşı insanların cəmiyyətində qərar verər və onları yaxşı əməl sahibləri ilə dost edər; elm Allaha ibadət və itaət etməyə, Onun yeganəliyini iqrar etməyə, Ona doğru mərifətə, sileyi-rəhmə səbəb olar, elm əməlin rəhbəri, əməl isə onun ardıcılıdır, Allah elmi xoşbəxtlərə nəsib edər, bədbəxtləri isə ondan məhrum edər.
    ◘Əbuzər deyir: "Bir gün Peyğəmbər (s) məsciddə oturmuşdu. Məscidə daxil oldum. Fürsəti qənimət bilib həzrətə (s) yaxınlaşdım. Üzünü mənə tutub buyurdu:
    –Əbuzər, məscidin təhiyyəti var.
    Ərz etdim:
    –Məscidin təhiyyəti nədir, ya Rəsuləllah?
    Buyurdu:
    –İki rəkət namaz.
    Ərz etdim:
    –Ya Rəsuləllah, siz bizə namazı tövsiyə edirsiniz. Bilmək istəyirəm ki, namaz nədir?
    Həzrət buyurdu:
    –Namaz əməllərin ən üstünüdür. Hər kəs istəyir az yerinə yetirsin, hər kəs də istəyir çox yerinə yetirsin.
    –Ya Rəsuləllah, Allah yanında ən sevimli əməl hansıdır?
    –Allaha iman və Onun yolunda cihad.
    –Gecənin hansı vaxtı daha fəzilətlidir.
    –Namazın ən fəzilətli hissəsi hansıdır?
    –Gecə yarısıö
    –Uzun qunutu.
    –Hansı sədəqə daha üstündür?
    –Yoxsul olan vaxtında ehtiyaclı olan qocaya verilmiş sədəqə.
    –Ya Rəsuləllah, oruc nədir?
    –Allahın qat-qat artıq əvəzini verəcəyi və dinin yerinə yetirilməsi vacib olan əməllərindən biri.
    –Bəs, hansı bəndənin azad edilməsi daha artıq savaba malikdir?
    –Qiyməti ən baha olub, sahibi yanında ən nəfis hesab edilən qulun.
    –Ən əfzəl cihad hansıdır?
    –Atından salınaraq qanı tökülən cihad.
    –Quranın ən üstün ayəsi hansıdır?
    –Ayətəl-kürsi.
    –Ya Rəsuləllah, peyğəmbərlərin sayı neçədir?
    –Yüz iyirmi dörd min.
    –Mürsəl peyğəmbərlərin sayı neçədir?
    –Üç yüz on üç nəfər.
    –Birinci peyğəmbər kim olub?
    –Həzrət Adəm (ə)
    –Ya Rəsuləllah, həzrət Adəm (ə) də mürsəl peyğəmbər olub?
    –Bəli, Allah-təala onu Öz qüdrət əli ilə yaradıb Öz ruhundan ona ruh verdi. Əbuzər, peyğəmbərlərdən dörd nəfəri–Adəm, Şiys, Əxnux, yəni İdris (birinci dəfə yazı yazan şəxs) suriyalı olmuşdur. Dörd nəfəri də ərəb olmuşdur; Hud, Saleh, Şüeyb və sənin peyğəmbərin Məhəmməd. İsrailli peyğəmbərlərin birincisi Musa (ə), axırıncısı da, İsa (ə) olmuşdur. Bu iki peyğəmbər arasında da Bəni-İsrailə altı yüz peyğəmbər göndərilmişdir.
    –Ya Rəsuləllah, Allah tərəfindən neçə kitab nazil olmuşdur?
    –Dörd kitab. Əlli səhifə Şeys peyğəmbərə, otuz səhifə İdris peyğəmbərə, iyirmi səhifə İbrahimə, Tövrat, İncil, Zəbur və Quran.
    –Ya Rəsuləllah, İbrahimin səhifəsi nə idi?
    –Orada olanların hamısı məsəl və öyüd-nəsihətlərdən ibarət idi. O cümlədən orada belə yazılmışdı: "Ey məğrur padşah! Mən səni dünya malı cəm etməkdən ötrü göndərməmişəm, Mən səni bu vəzifəyə qoymuşam ki, qoymayasan məzlumların ahı Mənim dərgahıma ucalsın. Mən məzlumun duasını kafir də olsa geri qaytarmaram. Ağıllı insan heç bir üzrü olmadığı halda gərək öz vaxtının bir hissəsini öz Pərvərdigarı ilə münacata, özündən haqq-hesab çəkməyə, yaradılış aləmi barədə təfəkkür və düşüncəyə, halal ləzzətlərdən istifadə etməyə sərf etsin. Eləcə də, ağıllı şəxs gərək öz zəmanəsinin vəziyyətindən agah olsun, öz işləri ilə məşğul olsun, dilini artıq danışıqdan və faydasız sözlərdən qorusun. Ağıllı insan gərək daim üç şeyin ardınca olsun; yaşayışının rifahı və islahı, axirət tədarükü və halal ləzzətlər ardınca.”
    –Musanın kitabı hansı dildə idi.
    –İbrani dilində. Orada belə yazılmışdı: "Təəccüb olunmalı şəxs o kəsdir ki, öləcəyini yəqin bilir, lakin şadlıq edir və o kəs ki, atəşin mövcudluğuna yəqini var, lakin gülür və o kəs ki, dünyanın insanları tar-mar etdiyini görür, lakin ona bel bağlayır və etibar edir və o kəs ki, qəza-qədərə imanı var, lakin yersiz təlaş edib çalışır və o kəs ki, sabahın haqq-hesabına yəqini var, lakin əməl etmir.”
    –Ya Rəsuləllah, sizə nazil olan Quranda elə bir şey varmı ki, İbrahimin və Musanın da səhifələrində olmuş olsun?
    Həzrət (s) bu ayələri oxudu:
    (Öz nəfsini paklayan, Rəbbinin adını zikr edib namaz qılan nicat tapdı. Siz dünya həyatını seçirsiniz, axirət isə daha xeyirli və əbədidir. Həqiqətən bunlar əvvəlki səhifələrdə də var idi. İbrahimin və Musanın səhifələrində.)
    –Ya Rəsuləllah, mənə bir nəsihət ver.
    –Sənə təqvalı olmağı tapşırıram. Bu bütün işlərin başıdır.
    –Bir az da artırın.
    –Quran oxumağı əldən vermə və Allahı çox yad et. Belə etsən, səni də asimanda yad edərlər və nurani olarsan.
    –Bir az da əlavə edin.
    –Cihadı unutma, çünki o, mənim ümmətimin dünyaya arxa çevirməsidir.
    – Bir az da əlavə edin.
    –Sənə uzun-uzadı sükutu tövsiyə edirəm. Çünki, bu əməl şeytanı uzaqlaşdırar, sənə din işlərində kömək edər.
    –Bir az da artırın.
    –Çox gülməkdən çəkin. Bu iş qəlbi öldürər və üzün təravətini aparar.
    –Bir az da əlavə edin.
    –Həmişə özündən aşağıdakılara nəzər sal, özündən yuxarıdakılara yox. Əgər belə etsən Allahın sənə verdiyi nemətləri dəyərsiz hesab etməzsən.
    –Bir az da əlavə edin.
    –Öz qohumlarınla sənə qarşı bədrəftar olsalar da, xoş rəftar et.
    –Bir az da əlavə edin.
    –Yoxsulları və onlarla yoldaşlığı sev.
    –Bir az da əlavə edin.
    –Acı olsa da həmişə haqqı de.
    –Bir az da əlavə edin.
    –İlahi işlərdə heç kəsin danlağından qorxma.
    –Bir az da əlavə edin.
    –Özündə olan eyibləri başqalarında axtarma, öz etdiyin işlərə görə başqalarına qəzəblənmə. Kişi üçün bu eyib bəsdir ki, bu üç xislət onda olsun; eyni bir eybi özündə görmür, başqalarında görür, özündə pis və qəbih işlər var, lakin, həmin işləri başqalarında görəndə utanır və nəhayət, üçüncüsü budur ki, boş-boş məsələlər üstündə öz yoldaşını incidir. Ey Əbuzər! Tədbir kimi əql, günahdan çəkinmək kimi təqva və pəhrizkarlıq və gözəl əxlaq kimi də əsil-nəcabət yoxdur.”
    Otuz-qırx tərkibli nəsihətlərə qədər olan bölmə
    ◘Həzrət Sadiq (ə) buyurur: "Atamdan Quranda və Peyğəmbər (s) sünnəsində haram olan cinsi yaxınlıqlar barədə soruşdular. Buyurdu: Bunlar otuz dörddür, on yeddisinin adı Quranda, on yeddisinin adı isə Peyğəmbər (s) sünnəsində göstərilib. Quranda buyurulanlar bunlardır:
    Zina; atanın arvadı ilə evlənmək; ana ilə yaxınlıq; öz qızı ilə yaxınlıq; bacı ilə yaxınlıq; bibi ilə yaxınlıq; xala ilə yaxınlıq; qardaşın qızı ilə yaxınlıq; süd anası ilə yaxınlıq; süd bacısı ilə yaxınlıq; qayınana ilə yaxınlıq; yaxınlıq etdiyi qadının qızı ilə yaxınlıq; doğma oğulun arvadı ilə yaxınlıq; iki bacı ilə yaxınlıq (biri öldükdən sonra ikincisi ilə evlənmək haram deyil); heyz halında olan qadınla yaxınlıq; etikaf halında yaxınlıq.
    Sünnədə göstərilən haram yaxınlıqlar isə bunlardır:
    Mübarək Ramazan ayının gündüzlərində olan yaxınlıq; "lian” edilmiş qadınla evlənmək; ehram halında öz qadını ilə yaxınlıq; ehram halında evlənmək, yaxud qarşı tərəf ehram halında olarkən onunla evlənmək; "zihar”dan  (Şəriətdə haram sayılan bir adətdir ki, əgər baş versə ər-arvad bir-birindən ayrılmalıdır.)sonra kəffarə verilməmiş edilən yaxınlıq; müşrik qadınla evlənmək; doqquz dəfə talaq verilmiş qadınla evlənmək;
    Qırx-əlli tərkibli nəsihətlərdən ibarət olan bölmə
    ◘Fəzl İbn Yəssar deyir: "Həzrət Sadiq (ə) buyurmuşdur ki, hər kəs şərab içsə qırx gün namazı qəbul olunmaz. Əgər bu günlərdə namaz qılmazsa əzabı iki qat olar. Hər kəs əvvəl qırx mömin qardaşı üçün dua edib sonra özü üçün dua etsə, Allah həm onun duasını qəbul edər və həm də onun qardaşları barədə etdiyi duaları.”
    ◘Yenə İmam Cəfər Sadiq (ə) buyurub: "Elə ki, bir mömin dünyadan getdi və möminlərdən qırx nəfəri onun dəfn mərasimində iştirak edib "Pərvərdigara, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik, Sən Özün onun vəziyyətindən daha agahsan.” - desələr Allah tərəfindən xitab olunar: "Mən sizin sözünüzü qəbul etdim və onun sizin xəbəriniz olmadığı günahlarını da qəbul etdim.” (Bir şərtlə ki, əqidəsi səhih olmuş olsun.)
    ◘Həzrət Əli (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Müsəlman qarnının altında (insanın cinsiyyət üzvünün ətrafında) olan tükləri təmizləməyi qırx gündən artıq təxirə salmamalıdır.”
    ◘Həzrət Riza (ə) ata-babalarından (ə) həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Meracda olarkən ərşdən asılmış bir kişi gördüm ki, öz qohumlarından şikayət edirdi. Ondan soruşdum: "Şikayət etdiyin qohumunla sənin aranda nə qədər fasilə var?” Dedi: "Qırx ata.” (yəni insan gərək bacardığı və tanıdığı qədər öz ata-babalarını yad edərək, hətta, qırx nəsil özündən qabaqkıların da, əldən vermiş olduqları əməlləri yerinə yetirib, onlar barəsində dua və ehsan etsin.)
    ◘Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: "Mənim ümmətimdən hər kəs camaatın ehtiyac duyduğu məsələlər barədə qırx hədis əzbərləyib (onlara çatdırsa), Allah-təala Qiyamət günü onu fəqih kimi məhşur edər.”
    ◘Həzrət İmam Cəfər Sadiq (ə) Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətlərində belə buyurduğunu nəql edir: "Mənim ümmətimdən olan hər kəs Allahın razılığını qazanmaqdan ötrü qırx hədis əzbərləsə, Allah-təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur edər. Bunlar çox gözəl dostlardır.” Həzrət Əli (ə) ərz etdi: "Ya Rəsuləllah, bu hədislərdə məqsəd nədir?” Həzrət buyurdu: "Məqsəd budur ki, heç bir şəriki olmayan yeganə Allaha iman gətirəsən, Ondan başqa heç kəsə pərəstiş etməyəsən, fərəh və həvəslə dəstəmaz alıb namazlarını öz vaxtında qılasan, çünki, heç bir üzrü olmadan namazı təxirə salmaq Allahın qəzəbinə səbəb olar, zəkat verəsən, Mübarək Ramazan ayının orucunu tutasan, imkanın çatsa Allah evinin ziyarətinə gedəsən, ata-ananı incitməyəsən, yetimin malını haqsız yerə yeməyəsən, riba yeməyəsən, şərab və heç bir məstedici içki içməyəsən, ləvat etməyəsən, söz gəzdirməyəsən, yalandan Allaha and içməyəsən, israf etməyəsən, heç kəs barəsində istər yaxın olsun, istərsə də uzaq, yalandan şahidlik etməyəsən, böyük, kiçik hər kəsdən haqqı qəbul edəsən, zalıma - yaxın qohumun olsa da, etimad etməyəsən, nəfsani istəklərinə uymayasan, pakdamən qadınlara böhtan atmayasan, azacıq da olsa riya etməyəsən, çünki, azacıq riya Allaha şərik qoşmaq deməkdir. Eyiblərini üzlərinə vurmaqdan ötrü balaca boylu insana "balacaboy”, hündür boylu insana da "uzunduraz” deməyəsən, Allahın yaratdıqlarından heç birini məsxərə etməyəsən, bəla və müsibətlər müqabilində səbirli olasan, Allahın verdiyi nemətlərə görə Ona şükür edəsən, özünü etdiyin günahların cəzasından amanda hiss etməyəsən, Allahın rəhmətindən naümid olmayasan, günahlarından tövbə edəsən, çünki, tövbə edən günahı etməyən kimidir. Günahı israrla təkrarlamayasan və ardıcıl olaraq istiğfar edəsən. Günahda davamlı olmaq Allahı və peyğəmbərləri məsxərəyə qoymaq deməkdir. Bil ki, sənə yetişən hər hansı bir şey (Alahın təqdirinə uyğun olaraq) qarşısıalınmazdır və əlinə gəlməyən bir şeyin də yetişməsi qeyri-mümkün olmuşdur. Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə və heç vaxt dünyanı axirətdən üstün tutma. Çünki, dünya fani və müvəqqəti, axirət isə əbədidir. Əlində olanları xəsiscəsinə qardaşlarından gizlətmə. Batinin də zahirin də bir olsun, zahirin gözəl batininsə çirkin olmasın, çünki, belə olsa münafiq hesab olunarsan. Yalan demə, yalançılarla yoldaşlıq etmə və onlarla əlaqə saxlama, haqq sözü eşidəndə qəzəblənmə, özünə, həyat yoldaşına və övladlarına qarşı bacardığın qədər ədəbli ol, elminə əməl et, Allahın yaratdıqlarına qarşı düzgün rəftar et, onlarla nahaq davranma, qohumlara və yadlara qarşı sərt və xırdaçı olma, zülümkar və qəddar olma, "Sübhanallah” və "La ilahə illəllah” zikrlərini çox təkrar et, çoxlu dua et, ölümü və ölümdən sonrakı həyatı (məadı, cənnət və cəhənnəmi) çox yad et, çoxlu Quran oxu və öz rəftarını da ona uyğunlaşdır, mömin və möminələrə ehsan etməyi qənimət bil, diqqətli ol, özün üçün bəyənmədiyin bir şeyi başqalarına da rəva bilmə, xeyir işdən bezmə, öz yükünü başqasının çiyninə atma. Elə ki, bir kəsə yaxşılıq etdin, bu yaxşılığına görə ona minnət qoyma. Dünyanı özün üçün zindan bil ki, Allah da sənə behişt qismət etsin. Hər kəs bu dediyim qırx hədisi əzbərləyib onlara əməl etsə və ümmətə çatdırsa Allahın rəhməti sayəsində behiştə gedər. Belə bir şəxs Allah yanında peyğəmbərlər və vəsilərdən sonra ən sevimli bəndələr hesab olunar və Qiyamət günü peyğəmbərlər, vəsilər, şəhidlər, salehlər və siddiqlərlə məhşur olar. Bunların nə gözəl dostları var!!!”
    ◘Həzrət Sadiq (ə) buyurub: ”Hər bir bəndə qırx yaşına qədər genişlik və rahatlıqda olur. Elə ki, qırx yaşına çatdı Allah-təala onun əməllərinə nəzarət edən mələklərə əmr edər ki, Mən Öz bəndəmə uzun ömür verdim. Artıq, bundan sonra onun hər bir kiçicik əməllərini də diqqətlə yazın və ona qarşı daha tələbkar olun.”
    Əmirəl-mömininin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən
    ◘Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər.
    ◘Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də möminlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
    ◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.
    ◘Ey Kumeyl! (Ali-İmran surəsinin 34-cü ayəsində olan) Əhli-beyt (ə) və imamət silsiləsindən olanlar elə bir nəsil və elə bir övladlardır ki, onlardan bəziləri bəzilərinin övladlarıdır, Allah eşidən və biləndir.
    ◘Ey Kumeyl! Bizdən başqa heç kəsdən dini və elmi məsələ, yaxud hədis öyrənmə ki, həmişə bizdən olasan!
    ◘Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək, çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.
    ◘Ey Kumeyl! Başqalarına təam ver və onları yedizdir. Bu işdə xəsislik göstərmə. Bu işinə görə Allah sənin mükafatını qat-qat artıq edər. Əxlaqını gözəlləşdir, oturub-durduğun adamlarla xoş münasibətdə ol və öz xidmətçilərinə yersiz töhmətlər vurma.
    ◘Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.
    ◘Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə görə Allaha şükür et. Şükr edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükr etsin. Belə etsən sənin savabın daha da artıq olar.
    ◘Ey Kumeyl! Mədəni yeməklə doldurub ağırlaşdırma. Yeməkdən əlavə onun bir hissəsini su və bir hissəsini də nəfəs almaqdan ötrü boş saxla. Yeməkdən doymamış əlini çək. Əgər belə etsən həmin yemək sənin üçün dadlı olacaq və bil ki, bədənin sağlamlığı az yemək və az içməkdən irəli gəlir.
    ◘Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, möminlərə kömək və xeyirxahlıq edir və yaxınları və qohumları ilə əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir.
    ◘Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə (səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
    ◘Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür.
    ◘Ey Kumeyl! Möminin ən gözəl zinəti təvazökarlıqdır, onun gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir, başıucalığı isə bihudə danışıqları tərk etməkdir.
    ◘Ey Kumeyl! Hər bir cəmiyyətdə bir dəstə insan digərindən üstündür. Məbada onların alçaq fərdləri ilə mübahisə edəsən! Hətta, sənə nalayiq sözlər desələr də onlara baş qoşma. Təmkinli ol və o kəslərdən ol ki, Allah-təala onların barəsində belə buyurur: "Elə ki, nadan insanlar onlarla danışmaq istəyir, onlara sadəcə, salam deyirlər.”(Furqan, 64.)
    ◘Ey Kumeyl! Hər bir halda haqq söz danış. Təqvalılarla dostluq et və fasiqlərdən uzaq ol. Münafiqlərdən də kənar gəz. Xainlərlə əlaqə saxlama.
    ◘Ey Kumeyl! Zülümkarların qapısını döymə və onlarla qətiyyən əlaqə yaratma, məbada onlara təzim və ehtiram edəsən və onların məclislərində əsla iştirak etmə! Əgər, məcbur olub onların məclisində iştirak etməli olsan, ardıcıl olaraq təkrar-təkrar Allahı yad et, Ona təvəkkül et və şərlərindən Allaha sığın. Qəlbində onlara qarşı müxalif ol və uca səslə özünün Allaha olan təzim və ehtiramını onların eşidə biləcəyi tərzdə dilə gətir.
    ◘Ey Kumeyl! Allah bəndələri içərsində Onu tanıyıb, elçisini (s) və övliyalarını (ə) iqrar etdikdən sonra təqva, səbr, təmkin və davamiyyət sahəsində ən çox ciddiyyət göstərənlər Allahın ən çalışqan bəndələri hesab olunur.
    ◘Ey Kumeyl! Öz çətinliklərini camaata bildirmə. Allahın savabına ümidvar olaraq izzət və heysiyyətlə öz fəqirlik və yoxsulluğuna səbr et.
    ◘Ey Kumeyl! Öz sirrini qardaşına deməyin heç bir eybi yoxdur. Lakin, qardaşın kimdir?! Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tərk etmir, günaha getdiyin zaman səni qaytarmaqdan ötrü nəsihət və hidayətini əsirgəmir, sənə imkan vermir ki, öz ehtiyacını ona bildirəsən, səni öz işlərinlə baş-başa buraxmır ki, onu agah edəsən (yəni, onu agah etməyə ehtiyac olmur, bütün işlərinlə maraqlanır), əgər işlərində nöqsan əmələ gəlsə onu aradan aparıb islah etməyə çalışır.
    ◘Ey Kumeyl! Mömin möminin güzgüsüdür. Çünki, ona baxıb diqqət yetirir, çatışmazlıqlarını aradan aparır.
    ◘Ey Kumeyl! Möminlər qardaşdırlar və qardaşdan ötrü də qardaşından da dəyərli bir şey yoxdur.
    ◘Ey Kumeyl! Əgər qardaşını sevmirsənsə onun qardaşı deyilsən. Mömin odur ki, bizim dediklərimizi desin. Hər kəs bizim dediklərimizdən uzaq gəzsə bizdən deyil, hər kəs də bizdən olmasa Cəhənnəmin ən aşağı dərəcəsinə yuvarlanar.
    ◘Ey Kumeyl! Bizdən hesab edilən kəs dərdini sənə bildirsə və səndən bunu gizli saxlamağını istəsə, məbada onun üstünü açasan. Çünki belə etsən, sənə tövbə yoxdur. Hər kəsdən ötrü də tövbə olmasa, Cəhənnəm əhli olacaq.
    ◘Ey Kumeyl! Ali-Məhəmmədin (s) sirrini yaymaq məqbul deyil. Buna heç kəsin dözümü və təhəmmülü çatmaz. Ali-Məhəmmədin (s) dediklərini yalnız müvəffəq möminlər yanında açıb de.
    ◘Ey Kumeyl! Hər cür çətinlik zamanı "La həvlə və la qüvvətə illa billah” Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur desən, həmin çətinlikdən qurtararsan. Hər bir nemət zamanı da "Əlhəmdu lillah” Həmd Allaha məxsusdur desən, nemətlər artar. Elə ki, ruzin gecikdi, istiğfar et və Allahdan bağışlanma dilə. Belə etsən, Allah işlərini yoluna qoyar.
    ◘Ey Kumeyl! Bizim vilayətimiz vasitəsi ilə şeytanın sənin mal və övladına şərik olmasından azad ola bilərsən.
    ◘Ey Kumeyl! Heç bir vacib əməli tərk etmək olmaz və heç bir nafilə və müstəhəb əməli yerinə yetirmək də vacib deyil.
    ◘Ey Kumeyl! Sənin günahların yaxşı əməllərindən çoxdur, qəflətin də Allahı yada salmaqdan və Onu zikr etməkdən çoxdur və Allahın sənə olan nemətləri sənin əməllərindən çoxdur.
    ◘Ey Kumeyl! Sən hər bir an Allahın nemətlərinə, Onun sənə əta etdiyi salamatlıq və afiyətə qərq olmuş haldasan. Elə isə sən də heç vaxt Ona sitayiş və həmd-səna etməkdən, Ona təsbih deyib Onu təqdis etməkdən, eləcə də daim Onu yad və zikr etməkdən yorulma.
    ◘Ey Kumeyl! O kəslərdən olma ki, Allah-təala onlar haqqında belə buyurur: "Onlar Allahı unutdular, Allah da onlara özlərini unutdurdu.” Belə kəsləri Allah-təala fasiqlər zümrəsinə aid edib buyurur: "Onlar fasiqlərdir”("Həşr”, 19.)
    ◘Ey Kumeyl! Namaz qılıb, oruc tutub, sədəqə verməyin elə də mühüm deyil, mühüm olan odur ki, namaz pak qəlblə, Allah yanında bəyənilmiş əməllərlə, xüzu-xüşu və təvazökarlıqla yanaşı olsun və bax gör ki, nədə (necə paltarda), nəyin üzərində namaz qılarsan. Çünki əgər onlar səhih və halal yoldan ələ gətirilmiş olmazsa, namazın qəbul olunmaz.
    ◘Ey Kumeyl! Dil (sözü, danışığı) qəlbdən çəkib çıxarır, qəlb də (yəni, onun pak olub-olmaması) yeməkdən asılıdır. Elə isə bədəninə və qəlbinə verdiyin yeməyə nəzarət et, çünki, əgər o, halal olmasa, Allah sənin şükr və təsbihini qəbul etməz.
    ◘Ey Kumeyl! Bil və agah ol! Biz yaradılmış olan heç bir varlığın əmanətini qaytarmamağa icazə vermirik. Hər kəs məndən bu məsələyə icazə verməyim barədə hədis rəvayət etsə, yalan demişdir. And içirəm ki, Həzrət Rəsul (s) dünyadan getməmişdən bir saat öncə üç dəfə təkrarən mənə belə buyurdu: "Ey Əbəlhəsən, əmanəti sahibinə qaytar, istər yaxşı adama olsun, istər pisə, istər az olsun, istərsə də çox, istər sap olsun, istərsə də iynə.”
    ◘Ey Kumeyl! Adil imamsız müharibə, cihad və fazil imamsız qənimət caiz deyil.
    ◘Ey Kumeyl! Din yalnız Allah tərəfindəndir və Allah rəsul, nəbi və vəsidən başqa heç kəs vasitəsi ilə dinini ayağa qaldırmaz.
    ◘Ey Kumeyl! Allah-təala böyük, səbirli, əzəmətli və mehribandır. Allah bizi Özünün əxlaqına uyğun tərbiyələndirdi və göstəriş verdi ki, onu əxz edək və camaata öyrədək. Biz heç bir yanlışlığa yol vermədən bunu yerinə yetirdik, təkzib və inkar etmədən bunu təsdiq etdik və heç bir şəkk-şübhə olmadan qəbul etdik.
    ◘Ey Kumeyl! And olsun Allaha! Mənə itaət edib, sözümə qulaq asmaqdan ötrü sözbazlıq etmirəm və heç kəsə var-dövlət və vəzifə söz verməmişəm ki, sözümdən çıxıb mənə qarşı itaətsizlik göstərsinlər. Mən ərəbin rəzil, alçaq və şəxsiyyətsizlərinə Əmirəlmöminin (ə) olmaqdan ötrü üz tutacaq deyiləm.
    ◘Ey Kumeyl! Arzusuna çatanlar bu fani və keçib gedən dünyada arzuya çatıblar, biz isə öz istəklərimizə əbədi axirətdə çatacağıq.
    ◘Ey Kumeyl! Bu iki dəstə insanın hər ikisi üzü axirətə tərəf gedir. Bizim rəğbət bəslədiyimiz şey Allahın razılığı və behiştin uca məqamlarıdır. Allah bunları təqvalı olanlara əta edər.
    ◘Ey Kumeyl! Behiştə getməyən kəsi qəmli əzab və zillətlə müjdələ!
    ◘Ey Kumeyl! Mən Allahın verdiyi tövfiq sayəsində hər bir halda ona həmd və səna edirəm. İstədiyin vaxt qalxa bilərsən.
    Category: Nəsihətlər | Views: 1116 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024