QURANDA QƏLB "Qəlb” kəlməsi Quranda və hədislərdə çox işlənmişdir və yüksək əhəmiyyətə malikdir. Lakin qəlb dedikdə, məqsədin insanın döş qəfəsinin sol tərəfində yerləşən ət olub özünün müntəzəm döyüntüləri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır. Çünki Qurani-Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə əlaqəsi yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq: 1.Dərk etmək və əql qüvvəsini işlətmək. "Nə üçün yer üzündə seyr etmirlər ki, bununla təəqqül edəcəkləri (düşünüb dərk edəcəkləri) qəlbə malik olsunlar?!”(Həcc-46) 2.Düşünməmək, dərk etməmək əqli işə salmamaq. "Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər.”("Ə”raf” surəsi, ayə:179) "Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.”("Tövbə” surəsi, ayə:78) 3.İman. "Allah bu insanların qəlbində imanı möhkəmləndirmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.”("Mucadilə” surəsi, ayə:22) 4.Küfr etmək və iman gətirməmək. "Axirətə iman gətirməyənlər qəlbləri ilə (haqqı) inkar edir və təkəbbürlük göstərirlər.”("Nəhl” surəsi, ayə:22) "Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.”(Nəhl” surəsi, ayə:28) 5.Nifaq (münafiqlik). "Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.”("Tövbə” surəsi, ayə:64) 6.Hidayət. "Hər kəs Allaha iman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.”("Təğabun” surəsi, 11) Başqa bir ayədə buyurulur: "Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud, həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.”("Qaf” surəsi, ayə:38) 7.Qəflət. "...Həvayi-nəfsə tabe olub, ona itaət etmə.”("Kəhf” surəsi, 28) 8.Aramlıq və xatircəmlik. Quranda buyurulur: "Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.”("Rə”d” surəsi, ayə:28) Yenə buyurulur: "Məhz O (Allah) möminlərin qəlblərinə aramlıq nazil etdi ki, imanları artsın.("Taha” surəsi, 4) 9.İztirab və tərəddüd. "Səndən yalnız Allaha və qiyamət gününə iman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədirlər.”("Tövbə surəsi, ayə:45) 10.Mehribanlıq və rəhmət. "İsaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.”(Hədid” surəsi, 27) Yenə buyurulur: "Özünün köməyi və möminlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.”("Ən”am” surəsi, ayə:63) 11.Kobud rəftar və daşürəklilik. "Əgər daşürəkli və kobud qəlbli olsaydın, camaat sənin ətrafından dağılışardı.”("Ali-İmran” surəsi, 159) Bir sözlə, Quranda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən iman, küfr, nifaq, təəqqül (əql işlətmə), dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir. Halbuki, zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz. Bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır. Deməli, qəlb dedikdə insanın insaniyyətini müəyyən edən mələkuti və mücərrəd gövhər nəzərdə tutulur. Quranda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yəni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir. Allah-təala Quranda Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) xitab edərək belə buyurur: "Ruhul-Əmin (Cəbrəil) Quranı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.”("Şüəra” surəsi, ayə:194) Başqa ayədə buyurulur: "Hər kəs Cəbrəillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrəil yalnız Allahın izni ilə Quranı sənin qəlbinə nazil etmişdir.”("Bəqərə” surəsi, ayə:94) Qəlbin məqamı o qədər yüksəkdir ki, insan onun vasitəsilə vəhy mələyini görüb, onun sözlərini eşidə bilər: "Allah Öz bəndəsinə (Həzrəti Muhəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.”("Nəcm” surəsi, ayə:11) QƏLBİN SAĞLAMLIĞI VƏ XƏSTƏLİYİ Bizim həyatımız qəlbimiz və ruhumuzla bağlıdır. Bədəni idarə edən də odur. Bütün bədən üzvləri ona tabedir; əməl və hərəkətlər qəlbdən qaynaqlanır. Deməli, insanın bədbəxt və ya xoşbəxt olması da onun qəlbinin necə olmasına bağlıdır. Quran ayələri və hədislərdən məlum olur ki, insanın bədəni bəzən sağlam, bəzən isə xəstə olduğu kimi, onun qəlbi də bəzən sağlam, bəzən isə xəstə olur. Quranda buyurulur: "O gündə (qiyamətdə) insan üçün mal-dövlət və övlad heç bir fayda verməz, yalnız o kəslərdən başqa ki, (yalnız o kəslər nicat tapar ki,) Allaha doğru sağlam qəlblə qayıtmış olsun.” ("Şüəra” surəsi, ayə:89) Yenə buyurulur: "Həqiqətən bunda (bəd əməl sahiblərinin həlak olmasında) qəlbi olan insanlar üçün ibrətlər vardır.”("Qaf” surəsi, ayə:37) Yenə buyurulur: "Behişti müttəqilər üçün yaxına gətirərlər ki, azacıq belə, uzaq olmasın. Bu, həmin behiştdir ki, Allaha doğru qayıdaraq öz nəfslərini günahdan saxlayan insanlara vədə verilmişdi. Onlar həmin kəslərdir ki, mehriban Allahdan qorxaraq (Onun hüzurunda) xüşu halında olan qəlblə gələrlər.”("Qaf” surəsi, 31-32-ci ayələr) Gördüyünüz kimi bu ayələrdə "sağlamlıq” qəlbə aid edilir və insanın axirət səadəti Allah dərgahına sağlam və xüşu halında olan qəlblə qayıtması ilə şərtləndirilir. Digər tərəfdən Qurani-Kərim bəzi qəlbləri xəstə adlandırır. O cümlədən: "Onların (münafiqlərin) qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliklərini artırar.”("Bəqərə” surəsi, 10-cu ayə) "Allah qəlblərində xəstəlik olanların xəstəliklərini artırdı.”("Tövbə” surəsi, 125-ci ayə) "O zaman ki, münafiqlər və qəlblərində xəstəlik olanlar "Allahın və Rəsulun vədələri qürur və aldadıcı şeydən başqa heç nə deyildir” - deyərlər.”("Əhzab” surəsi, 13-cü ayə) "Sən qəlblərində xəstəlik olanları (yəhudi və məsihilərlə dostluq üçün) tələsən halda görərsən. Onlar deyərlər: "Qorxuruq ki, bizim üçün bir giriftarçılıq yaransın.”” ("Maidə” surəsi, 52-ci ayə) Bu ayələrdə küfr, nifaq və kafirlərlə dostluq qəlbin xəstəliyi kimi qeyd olunur. Bu kimi ayələr, eləcə də Peyğəmbərdən (s.ə.v.v.) və Əhli-beyt imamlarından (ə) nəql olunan yüzlərlə rəvayətlərdən məlum olur ki, insanın qəlbi və ruhu da bədəni kimi sağlam və ya xəstə ola bilər. Deməli, qəlbin xəstəlik və sağlamlığını məcazi mənada götürməyin heç bir zərurəti yoxdur. Allah qəlbin və nəfsin xaliqi olduğu, Peyğəmbər (s.ə.v.v.) və pak imamlar (ə) insanı və qəlbi tanıyıb qəlbin bəzi xəstəliklərindən xəbər verdikləri halda nə üçün qəlbin xəstəliyi özünün həqiqi mənasında yozulmamalıdır?! Həqiqi insanşünaslar küfr, münafiqlik, haqqı qəbul etməmək, təkəbbür, kin-küdurət, qəzəb, xəbərçilik, söz gəzdirmək, xəyanət, xudbinlik, qorxu, bədxahlıq, töhmət, nalayiq danışmaq, qeybət etmək, kobud rəftar, zalımlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, şan-şöhrət istəmək, riyakarlıq, hiyləgərlik, sui-zən etmək, qəlbin daşlaşması, nəfsin zəifliyi və sair kimi çirkin sifətləri qəlbin və ruhun xəstəliyi kimi təqdim etmişlər. Deməli, belə dərdlərlə dünyadan gedənlər Allah hüzurunda sağlam qəlbə malik olmayacaqlar ki, aşağıdakı ayənin nümunəsi olsunlar: "O gündə Allahın dərgahına sağlam qəlblə gələnlərdən başqa, mal dövlət və övlad heç kəsə fayda verməz (heç kəs mal-dövlət hesabına canını qurtara bilməz).” Qəlbin və nəfsin xəstəliklərini əhəmiyyətsiz hesab etmək olmaz. Bunlar fiziki xəstəliklərdən qat-qat təhlükəli, müalicəsi də olduqca çətindir. Fiziki və cismi xəstəliklərdə bədənin normallığı, müvazinəti pozulur, müəyyən ağrılar, narahatçılıqlar baş verir. Bəzi hallarda üzvdə nöqsanlı hal irəli gəlir. Lakin hər bir halda o məhduddur və ömrünün axırına qədər davam etmir. Amma qəlbin və nəfsin xəstəlikləri öz ardınca axirət bədbəxtçiliyini, işgəncəsini və əzabını, qəlbin dərinliklərinə işləyən və ruhu yandıran bir dərd gətirir. Bu dünyada Allahdan qafil olan, ilahi nişanələri müşahidə etməyən, bir ömür zəlalət, küfr və günah içində olan qəlb həqiqətdə kor, qaranlıq və zülmətlidir. Qiyamətdə də elə həmin korluq və zülmətlə dirildilər, dərdli, əzablı, işgəncəli və ağır həyatdan başqa bir taleyə malik olmayacaqdır. Allah Quranda buyurur: "Hər kəs Bizim zikrimizdən üz döndərsə ağır həyata malik olacaqdır və Qiyamətdə onu kor məhşur edəcəyik. O deyər: "Nə üçün məni kor diriltdin? Halbuki mən dünyada görürdüm!” Allah onun cavabında buyurar: "Bizim ayələrimiz sənin üçün gəldi, lakin sən isə onları unutdun. Buna görə də sən də unudulacaqsan.””("Taha” surəsi, 125-ci ayə) "Nə üçün yer üzündə seyr eləmirlər ki, onunla düşünə biləcəkləri qəlbləri, eşidən qulaqları olsun?! Həqiqətən (kafirlərin) zahirdəki gözləri kor deyil. Əksinə onların qəlblərinin gözü kordur.”("Həcc” surəsi, 46-cı ayə) "Hər kəsin bu dünyada (batini gözü) kor olsa axirətdə də kor və yolunu azmış olacaqdır.”("İsra” surəsi, 72-ci ayə) "Hər kəsi Allah hidayət etsə o, hidayət olunmuşlardan olar. Hər kəsi (öz əməli nəticəsində) azdırsa, onun üçün heç bir dost və köməkçi tapmazsan və qiyamətdə onları üzü üstə kor, lal və kar halda dirildərik.” ("İsra” surəsi, 97-ci ayə) Bu sözdən təəccüblənərək "Qiyamətdə insanın batin gözü necə kor ola bilər? Məgər bizim zahirdəki qulaq-gözümüzdən başqa bir qulaq və gözümüz də varmı?” - deyə soruşa bilərsiniz. Cavab bundan ibarətdir ki, Xaliqin və ilahi insanşünasların verdiyi xəbərə görə insanın qəlb və ruhunun da gözü, qulağı və dili vardır. Amma onun gözü, qulağı və dili öz növündəndir. İnsanın nəfsi çox sirli bir varlıqdır. O, zatının batinində xüsusi bir həyata malikdir. Nəfsin özünəməxsus bir aləmi vardır. Bu aləmdə həm nur vardır, həm də zülmət, həm səfa və paklıq var, həm də küdurət və aludəlik, həm görmək və eşitmək vardır, həm də korluq və karlıq. Bu aləmin nuru və zülməti dünya aləminin nur və zülməti növündən deyildir. Allaha, məada, nübüvvətə və Qurana iman gətirmək nəfs aləminin nurudur. Allah Quranda buyurur: "Ona (Muhəmmədə) iman gətirib onu əziz tutub kömək edənlər, həmçinin onunla olan nura (Qurana) tabe olanlar qurtuluşa, səadətə nail olacaqlar.”("Maidə” surəsi, 15-ci ayə) "Həqiqətən Allah tərəfindən sizin üçün nur və bəyan edən kitab nazil olmuşdur.”("Maidə” surəsi, 15-ci ayə) "Allah, islamı qəbul etmək üçün sinəsini (qəlbini) genişləndirdiyi və Pərvərdigarının tərəfindən ruh alan bir şəxs (başqaları ilə birdirmi?!) Vay olsun o kəslərin halına ki, qəlbləri Allahın zikrindən (yayınmaqla) qəsavət bağlamışdır (daşlaşmışdır). Belə şəxslər aşkar azğınlıqda olacaqlar.” ("Zümər” surəsi, 22-ci ayə) Allah bizə xəbər verərək buyurmuşdur ki, islam, Quran, iman, islamın hökmləri və qanunları bütünlükdə nurdur və onlara tabe olmaq qəlbi nurani edir. Doğrudan da bunlar qəlbə elə bu dünyada nuranilik verir, lakin onun nəticəsi axirət aləmində aşkar olur. Allah bizə yenə də xəbər verərək buyurmuşdur ki, küfr, nifaq, günah, haqdan imtina etmək zülmət və qaranlıqdır. Bununla qəlbi qaraldıb aludə edir. Əlbəttə, bunun da nəticəsi axirət aləmində aşkar olacaqdır. Peyğəmbərlər də buna görə gəlmişlər ki, insanları küfr zülmətindən çıxardaraq iman və nur mühitinə daxil etsinlər. Quranda buyurulur: "(Ey Peyğəmbər!) Biz Quranı sənə nazil etdik ki, insanları qaranlıqlardan, zülmətlərdən nura doğru çıxarasan.”("İbrahim” surəsi, 1-ci ayə) Möminlər elə bu dünyada iman, nəfsin saflığı, gözəl əxlaq, zikr, Allahı yad etmək və saleh əməl kimi nurun vasitəsilə öz qəlb və nəfslərini nurani edir, batini göz və qulaqları ilə həqiqətləri eşidib-görür və kamal dərəcələrində ilahi qürb məqamına doğru hərəkət edirlər. Belə nəfslər bu dünyadan getdikdən sonra tam mənada nur, sevinc, şadlıq və gözəllikdə olacaq, axirət aləmində dünyada əldə etdikləri həmin nurdan bəhrələnəcəklər. Allah Quranda buyurur: "Yada sal o zamanı ki, mömin kişilər və qadınların nuru onların qabaqlarını və sağ tərəflərini işıqlandırar. (Onlara deyilər:) Bu gün sizin müjdəniz ağacları altından çaylar axan behiştdir, bu behiştdə həmişəlik qalacaqsınız. Bu böyük qurtuluş və səadətdir.” ("Hədid” surəsi, 12-ci ayə) Bəli, axirət aləminin nuru elə bu dünyada kəsb edilməlidir. Buna görə də axirət aləmində kafirlərin və münafiqlərin nuru olmayacaqdır. Quranda buyurulur: "Yada sal o zamanı ki, münafiq kişilər və qadınlar möminlərə deyər: "İcazə verin, sizin nurunuzdan istifadə edək.” Onlara deyilər: "(Əgər bacarırsınızsa) dünyaya qayıdaraq özünüz üçün nur hazırlayın.” ("Hədid” surəsi, 13-cü ayə) Din rəhbərləri və həqiqi insanşünaslar insanların qəlbləri barəsində çox maraqlı mətləblər bəyan etmişlər ki, onlardan bəzilərini burada qeyd edirik. Hədislərin bəzilərində qəlblər üç qismə bölünür. İmam Məhəmməd Baqir (ə) buyurur: "Üç növ qəlb vardır: Birincisi, heç bir xeyir işi dərk eləməyən haqdan üz döndərmiş qəlbdir. Bu kafirin qəlbidir. İkinci növ qəlbdə qara nöqtələr əmələ gəlmişdir. Belə bir qəlbdə xeyr və şər daim bir-biri ilə çarpışmadadır. Onlardan hər biri güclü olsa qəlbə qələbə çalar. Üçüncü növ isə açıq-aydın qəlbdir. Bu qəlbdə heç vaxt sönməyən bir çıraq vardır. O da möminin qəlbidir.”("Biharul-ənvar”, 70-ci
cild, səh.51) İmam Cəfər Sadiq (ə) öz atasının belə buyurduğunu nəql edir: "Qəlb üçün günahdan da pis bir şey yoxdur. Qəlb günahla qarşılaşır və onunla mübarizə edir. Nəhayət günah qəlbə qələbə çalaraq onu tərsinə çevirir.”("Biharul-ənvar”, 70-ci
cild səh.54.) İmam Səccad (ə) buyurur: "İnsanın dörd gözü vardır, onun ikisi (zahiri gözlər) din və dünya ilə əlaqədar işləri, digər ikisi (batini gözlər) isə axirətlə əlaqədar işləri görür. Allah bir bəndəsinə xeyir vermək istədiyi zaman onun qəlb gözlərini açar. Bəndə onların vasitəsilə qeyb aləmini və axirət işlərini müşahidə edər. Lakin ona xeyir əta etmək istəməsə onun qəlbini elə həmin vəziyyətdə buraxar.”("Biharul-ənvar”, 70-ci
cild səh.53) İmam Cəfər Sadiq (ə) buyurub: "Qəlbin iki qulağı vardır: iman ruhu onu ahəstə olaraq xeyir işlərə, şeytan isə ahəstə olaraq pis işlərə dəvət edir. Onlardan hər hansı biri digərinə qələbə çalsa qəlbi öz ixtiyarına keçirmiş olur.”("Biharul-ənvar”, 70-ci
cild səh.53) İmam Cəfər Sadiq (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: "Korluğun ən pis növü qəlbin korluğudur.”(Biharul-ənvar”, 70-ci
cild, səh.51) İmam Məhəmməd Baqir (ə) buyurur: "Bəndənin qəlbi ağ və parlaq nur şəklindədir. Əgər günaha batarsa onda qara bir nöqtə də əmələ gəlir. Tövbə etdiyi təqdirdə qara nöqtə aradan gedər. Amma əgər günah iş görməkdə davam edərsə qaralıq tədricən artaraq ağlığın hər bir yerini örtür. Belə olan halda həmin qəlbin sahibi artıq yaxşılığa, xeyrə qayıtmaz və Allah-təalanın Quranda buyurduğu aşağıdakı ayənin nümunəsi olar: "Onların əməlləri qəlblərinə qələbə çalaraq onu puç etmişdir.”("Kafi”, 2-ci cild, səh.273) Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəsin təqvası və vərəsi (təqvanın yüksək dərəcəsi) az olsa qəlbi öləcəkdir. Hər kəsin də qəlbi ölsə cəhənnəmə daxil olacaqdır.”("Nəhcül-bəlağə”) Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) öz övladına vəsiyyət edərək buyurdu: "Oğlum! Yoxsulluq böyük bəladır. Ondan da böyük bəla bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də böyük bəla qəlbin xəstəliyidir. Var-dövlətin bol olması böyük nemətdir. Ondan böyük nemət bədənin sağlamlığıdır. Bədənin sağlamlağından da böyük nemət qəlbin sağlamlığıdır.”("Biharul-ənvar”, 70-ci
cild, səh.51) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Davud peyğəmbər Allaha belə ərz etdi: "Pərvərdigara, bütün padşahların xəzinəsi vardır, bəs Sənin xəzinən hardadır?” Allah-təala cavabında buyurdu: "Mənim xəzinəm ərşdən böyük, kürsüdən geniş, behiştdən daha ətirli, mələkutdan daha gözəldir. Bu xəzinənin yeri mərifət, asimanı iman, günəşi şövq, ayı məhəbbət, ulduzları zikr (Allaha diqqət və ilhamlar), buludları əql, yağışı rəhmət, meyvələri itaət, səmərəsi hikmətdir. Mənim xəzinəmin dörd qapısı vardır: 1.Elm, 2.Əql, 3.Səbr, 4.Razılıq. Bil ki, Mənim xəzinəm qəlbdir (mömin bəndələrimin qəlbidir).””("Biharul-ənvar”, 70-ci
cild, səh.59) İlahi qəlbşünaslar bir hədisdə çox maraqlı mətləblər buyurmuşlar ki, onların bəzilərini qeyd edəcəyik. O cümlədən qəlbləri üç qismə bölmüşlər: 1.Kafir qəlbi. Kafir qəlbi barəsində buyurmuşlar ki, o, tərsinə çevrilmişdir və onda heç bir xeyir yoxdur. Belə qəlb özünün əsl fitrətindən azmışdır və yuxarı aləmə baxa bilmir. O, yalnız dünya işlərinə baxır. Buna görə də Allahı və axirət aləmini müşahidə edə bilmir. Belə bir qəlbin sahibi barəsində xeyirxahlıq, yaxşılıq və məsləhət təsəvvür oluna bilmir. Çünki xeyir işlər o zaman kamal dərəcələrində və Allah dərgahında olur ki, Allaha doğru və Onun razılığını cəlb etmək məqsədilə olsun. Amma kafir qəlbi tərsinə çevrilmişdir ki, Allahı görməsin. Onun, bütün işlərində dünyadan başqa bir hədəfi yoxdur. O, Allaha yaxın olmağı yox, yalnız dünyaya nail olmağı istəmişdir. Belə bir qəlbin əsl fitrətində gözü olmuşdur, lakin öz gözünü kor etmişdir. O, ən aydın həqiqəti, yəni Allahı dərk etmədiyindən kordur. Axirət aləmində də kor halda dirildiləcəkdir. Bu dünyada yalnız dünya işlərinə ürək bağladığından axirət aləmində də ona dünya işlərinə bağlılıq qalacaqdır. Onlardan ayrılaraq hər addımda yanacaqdır. Belə qəlbə iman nuru saçmaz və büsbütün qaranlıq və zülmətdən ibarətdir. 2.Kafirin qəlbi müqabilində kamil və saleh möminin qəlbi dayanır. Möminin qəlbinin qapısı yüksək aləmlərə və qeybə doğru açılır. Onda heç vaxt sönməyən iman nuru parlayır. Onun qəlbinin hər iki gözü görür. Qeyb aləmini və axirət işlərini onunla müşahidə edir. Belə bir qəlb həmişə kamala, camala və mütləq xeyrə, yəni Mütəal Allaha doğru yönəlir və Ona yaxın olmaq istəyir. O, Allahı istəyir, gözəl əxlaq və yaxşı əməllərlə Onun dərgahına doğru hərəkət edir. Belə bir qəlb ərş və kürsüdən geniş, behiştdən daha ətirlidir və ilahi xəzinələrin, ilahi nurun saçdığı mərkəz ola bilər. Belə bir qəlbin yeri Allaha mərifət, asimanı iman, günəşi Allahla görüşə şövq, ayı Allaha məhəbbət bəsləməkdir. Əql möminin bədəninə hakim kəsilmişdir. İlahi rəhmət yağışını öz qəlbinə doğru cəzb edir ki, onun meyvələri ibadət və itaətdən ibarətdir. Belə bir qəlbdə Allah və Onun dərgahına yaxın olan mələklərdən başqa heç bir şeyə yer yoxdur. Başdan-ayağa nur, sevinc, şövq, səfadan ibarətdir. Axirət aləmində də belə məhşur olacaqdır. 3. Bəzən günaha batan mömin qəlbi. Belə şəxslərin qəlbi tam qaranlıq və bağlı deyildir. O, iman nurunun vasitəsilə işıqlanır, kamalı əldə etmək və ilahi rəhmətə nail olmaq üçün açıqdır. Lakin günah nəticəsində onda qara bulud əmələ gəlir. Bununla da şeytan oraya yol tapa bilir. Onun batini gözü kor olmur, lakin günah nəticəsində xəstələnir və kor olmağa yaxınlaşır. Belə qəlbdə həm mələklər, həm də şeytanlar üçün yol vardır. Mələklər iman qapısından daxil olaraq bəndəni xeyir işlərə çağırır. Şeytanlar isə qara nöqtədən nüfuz edərək onu pis işlərə sövq edirlər. Belə bir qəlbdə mələklə şeytan həmişə bir-biri ilə çarpışmadadır. Mələk saleh əməl ilə bütün qəlbi öz ixtiyarına keçirmək və şeytanı oradan çıxarmaq istəyir. Şeytan da günaha mürtəkib olmaqla qəlbi daha da qaranlıqlaşdırıb, mələyi oradan çıxarmaq və bütün qəlbi öz ixtiyarına almaq, iman qapısını tamamilə bağlamaq istəyir. Bunların hər biri qələbə çalana qədər bir-biri ilə çarpışır. İnsanın axirət taleyi və batini həyatı bu məsələyə bağlıdır. Burada nəfslə cihadın zərurəti irəli gəlir ki, gələcəkdə onun barəsində söhbət edəcəyik.
|