MÜTTƏQİLƏRİN (TƏQVA SAHİBLƏRİ) XÜSUSİYYƏTLƏRİ Təqvanın nə olduğunu yaxşı anlamaq, təqva əhlinin əlamətləri və sifətlərilə tanış olmaq üçün "Nəhcül-bəlağə”nin "Həmmam” xütbəsinin tərcüməsini qeyd edirik: Həmmam Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) səhabələrindən olan abid bir kişi idi. Bir gün dedi: «Ya Əmirəl-möminin! Müttəqilərin sifətlərini mənim üçün elə bəyan et ki, sanki onları görürəm.» İmam (ə) ona cavab verməkdə bir az tərəddüd etdi, sonra qısa şəkildə buyurdu: "Ey Həmmam! Təqvalı ol, yaxşı işlər gör, çünki Allah Quranda buyurur: "Allah təqvalılarla və yaxşı əməl sahiblərilədir.” Həmmam bu qısa cavabla kifayətlənmədi, Həzrətə (ə) and verdi ki, daha artıq izah versin. Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) Allaha həmd-səna etdikdən, Peyğəmbərə (s.ə.v.v) salavat göndərdikdən sonra buyurdu: «Sübhan Allah insanları yaratdı. Halbuki onların itaət etməsindən ehtiyacsız, günahlarından da amanda idi. Çünki günahkarların günahı Ona heç bir zərər çatdırmaz, itaət edinlərin ibadət və itaəti də Ona heç bir fayda yetirməz. Onların ruzilərini öz aralarında bölüşdürdü, hər kəsi özünə münasib olan bir yerdə qərar verdi. Müttəqilər dünyada fəzilət əhlidirlər, danışanda doğruçu, paltar geyməkdə orta, yol gedərkən təvazökardırlar. Allahın haram buyurduqlarından göz yumur, öz xeyrlərinə və onlara fayda verəcək olan elmə qulaq asırlar. Çətinlik və bəla zamanı özlərini elə aparırlar ki, sanki asayişdə və xoşluqdadırlar. Əgər onların əcəlləri əvvəlcədən təyin olunmasaydı səvabın şövqündən və cəzanın qorxusundan ruhları bir an belə bədənlərində qərar tutmazdı. Allah onların nəzərində əzəmətli və böyükdür. Buna görə də Allahdan başqası onların nəzərində kiçik görünür. Behiştə qarşı sanki onu görmüş və nemətlərindən bəhrələnmiş kəslər kimidirlər. Cəhənnəmə qarşı isə sanki onu görmüş və orada əzaba düçar olmuş kəslər kimidirlər. Onların qəlbləri qəmlidir və (camaat) onların şərindən amandadır. Bədənləri arıq, hacətləri az, nəfsləri iffətlidir. Bu dünyada bir neçə gün səbr edib, onun ardınca əbədi asayişə və xoşluğa çatırlar. Bu da Pərvərdigarları tərəfindən onlar üçün hazırlanan faydalı bir ticarətdir. Dünya onlara üz gətirir, lakin onlar dünyanı qəbul etməkdən üz döndərirlər. Dünya onları əsir etmək istəyir, amma onlar canlarını alıb azad edirlər. Gecə vaxtları (namaz üçün) ayaq üstə dayanır, Allahın ayələrini düşünərək oxuyur, onu oxuyub təfəkkür etməklə özlərini qəmgin edir və beləliklə də öz dərdlərinin dərmanını axtarırlar. Təşviq (müjdə) ayələrinə çatdıqda ümidvar olur, elə şövqə gəlirlər ki, sanki Allahın mükafatını gözləri önündə müşahidə edirlər. Qorxu və əzab ayəsinə çatdıqda isə ona qəlbən elə diqqət yetirirlər ki, sanki cəhənnəm əhlinin şivən və fəryad səsləri qulaqlarının dibindədir. Rüku üçün əyilir, səcdə üçün alınlarını, əllərini, ayaqlarını və dizlərini yerə sərir, Allahdan öz nəfslərinin azadlığını istəyirlər. Gündüz olanda səbirli, elmli, yaxşı əməl sahibi və təqvalıdırlar. Allah qorxusu onları yonulmuş oxlar kimi arıqlatmışdır. Belə ki, baxan şəxs onların xəstə olduğunu güman edir, halbuki xəstə deyillər. Camaat onların dəli olduğunu güman edərlər, halbuki dəli deyillər. Əksinə, böyük bir iş (qiyamət) barəsində təfəkkür etmək onları belə ağır vəziyyətə salmışdır. Özlərinin az əməllərindən razı deyillər və çox əməli çox hesab etmirlər. Öz nəfslərini (itaətdə təqsirə yol verdiklərini güman etməklə) müttəhim edirlər və əməlləri barəsində də qorxudadırlar. Onlardan hər biri təriflənən zaman onların barəsində deyilənlərdən qorxur və belə deyirlər: "Mən özümə başqalarından daha artıq agaham. Pərvərdigarım isə mənim özümə məndən də artıq agahdır. Pərvədigara, barəmdə deyilən sözə görə məni cəzalandırma. Məni onların təsəvvür etdiklərindən daha üstün qərar ver və başqalarının bilmədiyi günahlarımı bağışla!” Təqva əhlinin nişanələrindən biri də budur ki, sən onu görərsən ki, din işində qüdrətli, mülayim, rəftarda uzaqgörən, yəqində imanlı və müqavimətli, elmdə həris, səbirlilikdə bilikli, zənginlikdə orta səviyyəni seçən, ibadətdə xüşulu, fəqirlikdə zinətli və abırlı, çətinliklərdə səbirli, halal ruzi axtarmaqda çalışqan, hidayət axtarışına rəğbətli, tamahdan uzaq və ciddiyyətlidirlər. Saleh əməl görürlər, amma yenə də qorxurlar. Gecə olan zaman şükr etməyə himmət edir, sübh çağları Allahı zikr və yad edir, gecə ikən məbada qəflət etdiklərini güman edərək qorxur, sübh vaxtları Allahın fəzl və mərhəməti vasitəsilə sevinirlər. Əgər nəfs, istəmədiyi şeylərdə onunla ciddi rəftar etsə, o da əvəzində nəfsin meyl etdiyi işlərdən çəkinər. Əbədi işlərə (yaxşı əməllərə) rəğbətli, fani şeylərə (dünya işlərinə) etinasızdırlar. Səbirliliyi elmlə, danışığı əməllə qarışdırırlar. Onları arzuları qısa, xətaları az, qəlbi xüşu halında, nəfsi qane, yeməyi az, işləri asan, dini qorunmuş, nəfsani istəkləri aradan getmiş, qəzəbi yatmış halda görərsən. İnsanlar onların ehsan və yaxşı işlərinə ümid bəsləyir, şər işlərindən amandadırlar. Əgər camaat arasında qafil və xəbərsiz olsalar, zikr edənlərdən hesab olunarlar. Əgər zikr edənlər arasında olsalar qafillərin cərgəsində hesab olunmazlar. Ona zülm edən bir şəxsi bağışlayar, onu (mal-dövlətdən, köməkdən) məhrum edən şəxsə ehsan edər, ondan ayrılan şəxslərlə əlaqə bərqərar edərlər. Söyüş söyməkdən çəkinir, aram, yumşaq və mülayimliklə danışar. Ondan çirkin iş görünməz, bəyənilən işləri də hər bir yerdə hazırdır. Xeyir işlər və yaxşılıqlara üz gətirər, pisliklərdən qaçar. Çətinliklərdə vüqarlı, xoşagəlməz işlərdə səbirli, asayişdə və rifahda şükr edəndirlər. Nifrət etdiyi şəxslərə zülm etməz, sevdiyi adamlar barəsində günaha düşməzlər; şəhadət verməzdən qabaq haqqı etiraf edər, hifz etdiyi şeyi zay etməz, ona xatırladılan şeyləri unutmaz, heç kəsi çirkin ləqəblərlə çağırmaz, qonşusuna zərər yetirməz, camaat üçün baş verən müsibətlərdə şadlıq keçirməz, batil yolda qədəm götürməz və haqdan xaric olmazlar. Əgər sakit olsalar sükutdan qəmgin olmaz, əgər gülsələr gülüş səsləri ucalmaz. Əgər zülmə məruz qalsa səbr edər ki, Allah onun üçün intiqam alsın. Nəfsi onun tərəfindən çətinliyə məruz qalır, lakin camaat onun tərəfindən rifah və asayişdədirlər. Axirət işində öz nəfsini əzab-əziyyətə atır və camaatı öz nəfsindən asayişə çatdırır. Onların insanlardan uzaq gəzməsi zöhd və iffətə, onlara yaxınlaşması isə xoşxasiyyətli və mehribançılıqlarına görədir. Uzaq gəzmələri təkəbbür və xudbinliyə, yaxınlaşmaları da məkr və hiyləyə görə deyildir...” ("Nəhcül-bəlağə”, 193-cü xütbə) Ravi deyir: Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) sözləri buraya çatanda Həmmam ucadan fəryad etdi və huşdan getdi, canını Allaha tapşırdı. O Həzrət (ə) buyurdu: «Elə bu hadisənin baş verəcəyindən qorxurdum.» (Sonra buyurdu:) «Ləyaqətli şəxslərdə moizələr belə təsir qoyur...» NƏFSİN SAFLAŞDİRİLMASİ VƏ NƏZARƏT ALTİNA ALİNMASİNDA MÜRAQİBƏT MÜHÜM AMİLDİR İnsanın öz ruhunu paklamasında və nəfsini təmizləməsində ən mühüm amillərdən biri də nəfsi nəzarət altına alıb ona diqqət yetirməkdir. (Bu müraqibət adlanır.) Öz xoşbəxtliyini düşünən insan rəzilə sifətlərdən və nəfsani xəstəliklərdən qafil olmamalı, nəfsini daim nəzarət altında saxlamalı, bütün səciyyələri, əxlaq və əməlləri, hətta fikirlərini belə nəzarət altına almalıdır. Biz bu mövzunu bir neçə mətləb əsasında izah edirik: Quran və hədislərdən məlum olur ki, insanın bütün əməlləri, hərəkət və danışıqları, hətta çəkdiyi nəfəsləri, başından keçən fikirləri və niyyətləri belə əməl dəftərində qeyd olunub, qiyamət hesabı üçün saxlanılır. Hər insan qiyamətdə özünün pis əməllərinin cəzasına çatacaq, yaxşı əməllərinin mükafatına layiq görüləcəkdir. Quranda buyurulur: "Qiyamət günündə insanlar öz əməllərini müşahidə etmək üçün (qəbirlərdən) dəstə-dəstə xaric olarlar. Hər kəs zərrə qədər xeyir iş görmüş olsa onu görəcək, hər kəs də zərrə qədər pis iş görmüş olsa onu görəcəkdir.” ("Zilzal” surəsi, ayə:8) Yenə buyurulur: "Kitab qoyular. Günahkarları görərsən ki, əməl dəftərində yazılanlardan qorxaraq deyirlər: "Ey vay! Bu kitab necə də hər bir şeyi qeydə almışdır! Böyük və kiçik işlərdən heç biri fövtə getməmişdir.” Onlar bütün əməllərini hazır görər və Pərvərdigarın heç kəsə zülm etməz.”("Kəhf” surəsi, ayə:50) Yenə buyurulur: "Elə bir gün (qiyamət günü) ki, hər kəs hər hansı bir xeyir iş görübsə onu və hər hansı bir pis iş görsə də onu hazır görər. Onunla (pis) əməli arasında uzun-uzadı fasilə olmasını arzu edər.”("Ali-İmran” surəsi, ayə:30) "Dilinə gətirdiyi hər bir söz üçün (onun qeyd olunması üçün) bir mələk hazır və nəzarətçi olar.”("Qaf” surəsi, ayə:18) Əgər bütün əməl, rəftar, hərəkət, danışıq, hətta fikir və düşüncələrimizin belə qeydə alındığına, fövtə getmədiyinə əqidəmiz olsa onun axır-aqibətinin düşünməkdən necə qafil ola bilərik?! Quran ayələri və hədislərdən məlum olur ki, qiyamətdə bəndələrin hesab-kitabı dəqiq şəkildə aparılacaqdır. Onların bütün əməlləri – istər kiçik, istərsə böyük olsun, mühasibəyə çəkiləcək, ən kiçik əməl belə nəzərdən yayınmayacaqdır. Quranda buyurulur: "Qiyamətdə ədalət tərəzilərini bərqərar edərik. Heç kəsə zülm olunmaz. Əgər bir xardal dənəsi ağırlığında əməli olsa da onu hesaba çəkərik. Bizim özümüz hesab çəkmək üçün kifayətik.”("Ənbiya” surəsi, ayə:47) Yenə buyurulur: "Əgər nəfsinizdə olanları zahir etsəniz, yaxud gizlətsəniz Allah sizdən ona görə hesab çəkəcəkdir.”("Bəqərə” surəsi, ayə:284) "Əməllərin miqdarının öçülməsi qiyamətdə haqq əsasında olacaqdır. Hər kəsin əməl tərəzsisi ağır olsa nicat tapar. Hər kəsin də əməl tərəzisi yüngül olsa onlar öz nəfslərinə ziyan vermiş olacaqlar. Çünki Bizim ayələrimizə zülm etdilər.”("Ə”raf” surəsi, ayə:8) Qiyamət Quranda "yovmul-hesab” (hesab günü), Allah-təala isə "səriul-hisab” (hesablara sürətlə yetişən) kimi vəsf edilir. Ayə və rəvayətlərə uyğun olaraq bütün bəndələr üçün irəli gələcək ən ağır mərhələlərdən biri əməllərin mühasibəsi və haqq-hesaba çəkilməsidir. İnsan ömrü boyunda tədricən müəyyən işləri görür və bir müddətdən sonra onların əksəriyyətini unudur. Halbuki, ən kiçik əməl belə onun əməl dəftərindən silinmir. Hamısı qeydə alınır və insanla birlikdə qalır. Bu dünyada onlardan, ümumiyyətlə, qafil olmasına baxmayaraq, insanın bəsirət gözünün açıldığı vaxt ölümdən sonra hamısını bir dəfəlik müşahidə edəcək, sonra anlayacaqdır ki, bütün əməlləri, danışıqları, əqidə və fikirləri onun yanındadır və heç vaxt ondan ayrılmayacaqdır. Quranda buyurulur: "Hər insan hesab üçün bir sürüyən və bir də şahidlə (iki mələklə) gələcəkdir. (Ona belə deyilər:) Həqiqətən sən bu həqiqətlərdən qafil idin. Amma bu gün sənin batini gözün daha itidir.” ("Qaf” surəsi, ayə:22) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Qiyamətdə bəndədən dörd şey barəsində sual edilməyincə yerindən hərəkət etməz. Ömrünü nəyə sərf etdiyindən, cavanlığını nəyə sərf etdiyindən, mal-dövlətini haradan əldə edib harada xərclədiyindən və biz Əhli-beytə qarşı bəslədiyi münasibətdən.”("Biharul-ənvar”, 7-ci
cild, səh.358) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) başqa bir hədisdə buyurur: "Qiyamət günü bəndəni hesab üçün hazır edəndə dünyada yaşadığı hər bir günün müqabilində iyirmi dörd xəzinə gətirərlər – gecə gündüz saatlarının miqdarı qədər. Nur və sevinclə dolu olan bir xəzinəni açarlar, bəndə onların müşahidə etməklə o qədər sevinər ki, əgər şadlıqlarını cəhənnəm əhlinin arasında bölüşdürsələr onlar (sevincdən) odun əzab-əziyyətini hiss etməzlər. Həmin saat Pərvərdigara ibadətlə məşğul olduğu saatdır. Sonra onun üçün digər bir xəzinəni açarlar, o çox qaranlıq, iyli və vəhşətlidir. Onları müşahidə etməklə o qədər nalə və ah-fəğan edər ki, əgər onun ah-fəğanını behişt əhli üçün bölüşdürsələr behişt nemətləri onlar üçün acı olar. O həmin saatdır ki, Allah qarşısında günah etmişdir. Onun üçün digər bir xəzinə gətirərlər ki, tamamilə boşdur: onda nə sevindirici əməl, nə də qəmli bir əməl vardır. O həmin saatdır ki, yuxuda olmuş, yaxud mübah işlərə məşğul olmuşdur. Allahın bəndəsi bunu müşahidə etməklə qəmgin olub təəssüflənir, çünki dünyada onu yaxşı işlərlə doldura bilərdi, amma səhlənkarlıq nəticəsində bu işlərə yol vermişdir. Buna görə də Mütəal Allah qiyamət barəsində buyurur: "Bu gün xəsarət günüdür.”("Biharul-ənvar”, 7-ci
cild, səh. 262) Qiyamətdə bəndələrin əməllərinin hesab-kitabı dəqiq şəkildə araşdırılacaq, onların müqəddəratı təyin ediləcəkdir. Bu zaman insanın zahiri və batini əzaları, eləcə də peyğəmbərlər, mələklər, hətta yer belə, çox çətin və həlledici bir hesabda şəhadət verəcəkdir. Qəlblər o hesabın şiddətindən döyünər, bədənlər qorxudan lərzəyə gələr. O gün elə qorxuludur ki, analar öz qucaqlarındakı südəmər körpələrini unudar, hamilə qadınlar uşağını salar. Hamı işin axırının necə nəticələnəcəyindən iztirab hissi keçirər. Görəsən onların hesablarının axır-aqibətləri Allahın razılığı, azadlıq bəratını əxz etmək, peyğəmbərlərin və Allah övliyalarının qonşuluğu, Ədn behiştində daimi həyat və Allahın layiqli bəndələrinin qonşuluğunda olmaqla nəticələnəcəkdirmi, yoxsa Pərvərdigari-aləmin qəzəbinə düçar olaraq məxluqatın arasında rüsvay olacaq və cəhənnəmdə əbədi yaşayacaqdır? Hədislərdən məlum olur ki, bəndələrin hamısının hesabı eyni səviyyəli deyildir: bəzilərinin hesabı çox ağır və uzun, bəzilərinin hesabı isə sadə və asandır. Hesab müxtəlif mərhələlərdə yerinə yetirilir. Hər dayanacaqda bir şeydən sual olunur. Dayanacaqların ən çətini başqalarının haqqını ödəmə dayanacağıdır. Bu dayanacaqda camaatın hüquqlarından, insanın onlara etdiyi zülmdən sual olunar. Orada hesab tamamilə düzəlməli, hər kəs öz borcunu borc sahiblərinə qaytarmalıdır. Amma çox təəssüflə, orada borclarını ödəmək üçün insanın ixtiyarında heç bir mal-dövlət olmayacaq. Məcbur qalaraq öz yaxşı əməllərindən – əgər olsa – götürüb borclarının əvəzinə verməli olacaqdır. Əgər yaxşı əməli olmazsa borc sahiblərinin pis işləri onun əməl dəftərinə yazılacaq. Qiyamət çox çətin bir gündür. Allah hamımızın fəryadına çatsın! Əlbəttə hesabın çətin və uzun olması bəndələrin hamısı üçün eyni dərəcədə deyildir. Fərdlərin yaxşı və pis əməllərinə, onların miqdarına görə fərqlənir. Lakin təqvalılar və Allahın layiqli bəndələri üçün çox qısa və asan olacaqdır. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) qiyamət gününün uzunuluğu barəsində soruşan bir şəxsin cavabında buyurdu: "Allaha and olsun! Mömin üçün o qədər asan olacaqdır ki, vacib namazı qılmaqdan da asan gəlib keçəcəkdir.”("Məcməuz-zəvaid”, 1-ci
cild, səh.337) QİYAMƏT GƏLMƏMİŞ HESABLARİMİZA YETİŞƏK! Məada, hesab-kitaba, cəza və mükafata iman gətirən, bütün əməllərinin qeydə alınaraq qiyamət günündə dəqiq şəkildə araşdırıldığını, əməllərə yaxşı mükafat və ya pis cəza veriləcəyini bilən bir şəxs özünün əməl, rəftar və əxlaqına qarşı necə e”tinasız qala bilər? Ümumiyyətlə, belə bir şəxs gün, həftə, ay, il, ömür ərzində nə etdiyini, axirət səfəri üçün nə qədər yol ehtiyatı tədarük gördüyünü fikirləşməzmi? Allaha və qiyamətə iman gətirmək bunu tələb edir ki, elə bu dünyada öz əməllərimizin hesab-kitabını araşdıraq, nə etdiyimizi və nə edəcəyimizi yaxşı-yaxşı düşünək. Ağıllı bir tacir zərərə düşməmək və sərmayəsini hədərə verməmək üçün hər gün, hər ay və hər il öz gəlir-çıxarını hesabladığı kimi biz də bu cür əməl etməliyik. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Qiyamətdə sizin hesabınıza çatmazdan (və əməlləriniz araşdırılmazdan) qabaq elə bu dünyada öz əməllərinizi hesaba çəkin.”("Ğurərul-hikəm”, səh.385) Yenə buyurur: "Hər kəs bu dünyada öz nəfsinin hesabını aparsa qazanar.”("Ğurərul-hikəm”, səh.618) İmam Əliyyən Nəqi (ə) buyurur: "Hər gün öz (əməllərinin) hesabına yetişməyən bir şəxs bizdən deyildir. Əgər belə bir şəxs yaxşı və saleh iş görmüş olsa Allahdan daha artıq tovfiq istəsin. Əgər çirkin bir işə mürtəkib olmuşsa istiğfar və tövbə etsin.”("Vəsailuş-şiə”, 11-ci
cild, səh.377) Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs öz nəfsinin hesabına yetişsə fayda aparar. Hər kəs hesabdan qafil olsa ziyan görər. Hər kəs bu dünyada (günah işlərdən) qorxsa qiyamətdə amanda olar. Hər kəs öyüd-nəsihət alsa bəsirəti açılar. Hər kəs (bəsirətlə) görsə başa düşər. Hər kəs başa düşsə ağıllı və bilikli olar.”("Vəsailuş-şiə”, 11-ci
cild, səh.379) Peyğəmbər (s.ə.v.v.) buyurur: "Ey Əbazər! Qiyamətdə sənin hesabın araşdırılmazdan qabaq elə bu dünyada nəfsinin hesabını apar. Çünki bu günün hesabı sabahkı (qiyamət) gününün hesabından çox asandır. Əməllərin qiyamətdə mizana çəkilməzdən qabaq bu dünyada mizana çək və bu yolla özünü qiyamət günü üçün hazırla. Elə bir gün üçün ki, sənin əməllərin Allaha təqdim olunar və ən kiçik bir şey belə Ondan məxfi qalmaz... Ey Əbazər! İnsan yalnız o vaxt təqva əhli ola bilər ki, öz nəfsinin hesabını bir şərikin öz şəriki ilə mühasibə etməsindən daha şiddətli aparsın. İnsan yaxşı-yaxşı fikirləşməli, yeməyini, içməyini, geyməyini hansı yolla əldə etdiyinə diqqət yetirməli və haram, yoxsa halal yolla əldə etdiyini müəyyənləşdirməlidir.. Ey Əbazər! Hər kəs öz malını hansı yolla əldə etməsinin fərqinə varmazsa Allah da onu cəhənnəm atəşinə hansı yolla daxil etməkdən çəkinməz.” ("Vəsailuş-şiə”, 11-ci
cild, səh.379) İmam Səccad (ə) buyurur: "Ey Adəm övladı! Sən yalnız o vaxta qədər xeyir və yaxşılıqda olarsan ki, öz nəfsində bir moizəçin olsun, nəfsinin hesabına yetişməyi unutmayasan, Allah xovfu sənin şüarın olsun. Özünsə daim qəm-qüssəli olasan. Ey Adəm övladı! Həqiqətən sən öləcək və qiyamətdə (yenidən) diriləcək, hesab üçün Allahın ədalət mizanının müqabilində qərar tutacaqsan. Belə isə qiyamət hesabı üçün cavab verməyə hazır ol!”("Vəsailuş-şiə”, 11-ci
cild, səh.378) İnsan bu dünyada tacirə oxşayır; onun sərmayəsi məhdud ömrüdən, yəni elə bu saatlar, günlər, həftələr, aylar və illərdən ibarətdir. Çox dəyərli gövhər olan ömür sərmayəsi istər-istəməz sərf olunur və insan tədrici olaraq ölümə yaxınlaşır. Cavanlıq qocalığa, qüdrətlilik zəifliyə, sağlamlıq xəstəliyə çevrilir. Əgər ömrün keçməsi müqabilində saleh bir əməl görsə və axirət üçün yol ehtiyatı tədarük görsə ziyan etməz, çünki özü üçün səadətli, xoş bir gələcək hazırlamış olur. Amma dəyərli ömür sərmayəsini, cavanlığını, qüvvətliyini, sağlamlığını tələf edib onun müqabilində axirət üçün saleh bir əməl görməzsə, əksinə, öz nəfsini çirkin əxlaqlara, günaha mürtəkib olmaqla aludə edərsə elə bir böyük ziyana düçar olacaq ki, heç vaxt bərpa oluna bilməz. Quranda buyurulur: "Əsrə and olsun ki, bütün insanlar ziyankarlıqdadır. Yalnız iman gətirib saleh əməl görən və haqqa riayət etməyə və səbirli olmağa tövsiyə edənlərdən başqa.”("Əsr” surəsi) Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Ağıllı o kəsdir ki, bu gün sabahın (qiyamətin) fikrində olsun və öz nəfsinin azad olunmasında çalışsın. Labüd olaraq baş verəcək şey üçün (ölüm və axirət) saleh əməl yerinə yetirsin.”("Ğurərul-hikəm”, səh.238) Yenə buyurur: "Hər kəs öz nəfsinin hesabına yetişsə eyblərini dərk edər və günahlarını anlayar. Bundan sonra günahlarından tövbə edərək eyblərini islah edər.”("Ğurərul-hikəm”, səh.696) |