TÖVBƏ, YAXUD NƏFSİN PAKLAŞDİRİLMASİ Günahın qarşısının alınması və onun tərk edilməsi nəfsin paklaşdırılmasının ən yaxşı yoludur. Ümumiyyətlə günaha aludə olmayan və ilkin zati səfa və paklıqda qalan insan şübhəsiz sonradan tövbə edən insandan fəzilətlidir. Hələ günah işə mürtəkib olmayan, ona adət etməyən bir şəxs gözünü günahda daha asan yuma bilər. Amma bu iş günaha aludə olan və onu tərk etmək istəyən şəxsə bir qədər çətindir. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Günahı tərk etmək tövbə etməkdən daha asandır.”("Biharul-ənvar”, 73-cü
cild, səh.364) Amma əgər insan günaha aludə olsa belə, Allahın rəhmətindən məyus olmamalıdır. Çünki Allah dərgahına yüksəliş və nəfsin islah olunması yolu heç vaxt bağlanmamış, mehriban Allah tövbə və qayıdış yolunu bütün günahkarlar üçün açıq qoymuş və onlardan istəmişdir ki, Allah dərgahına qayıdıb tövbə etsinlər, tövbə suyu ilə nəfs lövhəsini aludəliklərdən və günah çirkinliklərindən təmizləsinlər. Quranda buyurulur: "Mənim özlərinə zülm edən bəndələrimə de: «Allahın rəhmətindən məyus olmayın, həqiqətən Allah bütün günahları bağışlayır. O bağışlayan və mehribandır.»”("Zumər” surəsi, ayə:53) Yenə buyurur: "Möminlər sənin yanına gəldikləri zaman de: «Sizə salam olsun, Allah rəhmət və mehribanlığı Özünə vacib etmişdir. Sizlərdən hər biri nadanlıq üzündən çirkin bir iş görmüş olsa, sonra tövbə edib Allah dərgahına qayıtsa və özünü islah etsə, əlbəttə, Allah bağışlayan və mehribandır.»”("Ən”am” surəsi, ayə:54) Günahkarlar üçün tövbədən də zəruri və vacib bir iş olmasını güman etməməliyik. Allaha, Peyğəmbərə, məada, savaba, cəzaya, hesaba, kitaba, behişt və cəhənnəmə iman gətirən bir şəxs tövbənin və onun dərhal yerinə yetirilməsinin zəruri olmasına şəkk etməz. Öz nəfsimizdən, günahlarımızın nə qədər olduğundan xəbərdar olduğumuz halda nə üçün tövbədən qafil olmalıyıq? Məgər, məada, hesaba, kitaba, cəhənnəm əzabına inanmayırıqmı? Məgər Allahın vədəsində – günahkarları cəhənnəmdə cəzalandıracağına dair vədəsinə şəkk edirikmi? İnsanın nəfsi günah vasitəsilə qaralır, çirkinləşir, onun, hətta, insan surətindən heyvan surətinə çevrilməsi də mümkündür. Necə ola bilər ki, belə bir qaranlıq və çirkin nəfs ilə Allah hüzuruna yol tapa bilək, behiştdə Allah övliyaları ilə qonşu olaq? Günaha mürtəkib olmaqla Allah dərgahına doğru aparan «sirati-müstəqim»i boşlayıb heyvaniyyət vadisinə süqut edir, Allahdan uzaqlaşıb şeytana yaxınlaşırıq. Bununla belə, yenə də axirət dünyasında xoşbəxt olub nicat tapmağımızı, behiştdə ilahi nemətlərdən faydalanmağımızı necə gözləyə bilərik? Necə də xam xəyallardır! Deməli, öz xoşbəxtliyinin fikrində olan günahkar bir insan üçün tövbə edib Allah dərgahına qayıtmaqdan başqa bir çıxış yolu qalmır. Bu da Allahın böyük mərhəmətidir; O, tövbə qapısını bəndələrin üzünə açıq qoymuşdur. Öz sağlamlığının fikrində olan zəhərlənmiş bir insan heç vaxt özünün müalicə olunmasının və zəhərlərin bədənindən çıxarılmasının vacibliyində şəkk etmir, bu işdə təxiri rəva görmür. Çünki, gec hərəkət edəcəyi təqdirdə öləcəyini yəqin şəkildə bilir. Halbuki, günah insan nəfsi üçün zəhərdən də öldürücüdür. Əgər zəhər insanın bu dünyadakı bir neçə günlük həyatına son qoyursa, günah nəfsi əbədi həlakətə salır və insanın axirət səadətini məhv edir. Əgər zəhər insanın əlini dünyadan kəsirsə, günah insanı Allahdan uzaqlaşdırır və Onun dərgahına yaxınlaşmaq feyzindən məhrum edir. Deməli, bizim üçün tövbə edib Allah dərgahına qayıtmaq hər bir işdən daha zəruri və təcili olmalıdır. Çünki bizim mənəvi həyatımız və axirət səadətimiz ona bağlıdır. Quranda buyurulur: "Ey möminlər! Sizin hamınız tövbə edib Allah dərgahına qayıdın, bəlkə qurtuluşa nail olasınız.”(Nur” surəsi, ayə:31) Digər bir ayədə buyurulur: "Ey möminlər! Nəsuh (davamlı və xalis) tövbə ilə tövbə edib Allah dərgahına qayıdın. Bəlkə, Allah sizin günahlarınızı məhv etdi və sizi, ağaclarının altından çaylar axan behiştə daxil etdi.”("Təhrim” surəsi, ayə:8) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər bir dərdin dərmanı vardır. Günahların da dərmanı istiğfar etməkdir.”("Vəsailuş-şiə”, 11-ci
cild, səh.354) İmam Məhəmməd Baqir (ə) buyurur: "Hər bəndənin qəlbində ağ bir nur vardır. Hərgah günaha mürtəkib olsa o ağ nurda qara bir ləkə də əmələ gəlir. Əgər tövbə edərsə qara ləkə dərhal aradan gedir. Əgər o günahlarına davam edərsə, qara ləkə də tədricən artır və elə bir həddə çatır ki, ağ nur tamamilə aradan gedir. Sonra onun sahibi heç vaxt xeyrə doğru qayıtmaz. Buna görə də Mütəal Allah buyurur: "Kəsb etdiklərinə görə onların qəlblərinə möhür vuruldu.”("Biharul-ənvar”, 73-cü
cild, səh. 332) İmam Cəfər Sadiq (ə) buyurur: "Tövbənin təxirə salınması bir növ qürur və aldatmadır. Təxirə salmağın davam etdirilməsi sərgərdançılıq və heyrətdir. Allahın qarşısında bəhanə gətirmək həlakətdir. Günah işlərə israr etmək Allahın cəzalandırmasından əmin-amanlıq hissi keçirməkdir. Halbuki ziyankarlardan başqa heç kim Allahın cəzalandırması müqabilində əmin-amanlıq hissi keçirməz.”("Biharul-ənvar”, 73-cü
cild, səh. 365) Yaxşı olar ki, bir qədər özümüzə gələk. Keçmiş günahlarımızı xatırlayaq və axır-aqibətimizin necə qurtaracağı barədə fikirləşək. Hesab dayanacaqlarını, əməllərin mizanını, Qəhhar Allahın hüzurunda, mələklərin və bütün məxluqatın arasında rüsvay olmağı, qiyamətin çətinliklərini, nəhayət, cəhənnəm əzabı və Allahın rəhmətindən məhrum olmağı nəzərimizdə canlandıraq, batini və əsaslı bir dəyişiklikdə Allaha doğru qayıdaq. Bütün günahlarımızı tövbənin həyat bəxş edən suyu ilə yuyaq, nəfsin aludəliklərini və çirkinliklərini aradan qaldırmaq, günahlardan çəkinmək, axirət səfərinə hazırlaşmaq və Allah dərgahına yaxınlaşmaq barədə qəti qərara gələk. Lakin, görəsən şeytan belə sadəliklə bizdən əl çəkəcəkmi? Məgər bizim tövbə edərək Allah dərgahına qayıtmağımıza imkan verəcəkmi? O, həmin şeytandır ki, bizi həmişə günaha vadar edir, tövbə etməyimizin qarşısını alır, günahlarımızı əhəmiyyətsiz və kiçik qələmə verir. Onları bizim yadımızdan elə çıxardır ki, hamısını birdəfəlik unudur, ölüm, hesab, cəza fikrinə belə düşmürük. Bizi dünyaya elə məşğul edir ki, heç vaxt tövbə edib qayıtmaq fikrinə düşmürük. Nəhayət əcəlimiz gəlib çatır və aludə nəfs ilə dünyadan gedirik. Vay olsun bizə! Vay olsun bizim qəflət və bədbəxtçiliyimizə!! Əgər tövbə düzgün olsa Allah dərgahında hökmən qəbul olunur. Bu da mehriban və mərhəmətli Pərvərdigarın nemətlərindən biridir. Allah bizi cəhənnəm və onda əzaba düçar olmaq üçün deyil, əbədi səadət və behişt üçün yaratmışdır. Peyğəmbərləri göndərmişdir ki, insanları əbədi səadət və xoşbəxtlik yoluna hidayət etsinlər, günahkarları tövbə edib Allah dərgahına qayıtmağa çağırsınlar. Allah tövbə qapısını hamı üçün açıq qoymuşdur və daim insanları öz dərgahına doğru dəvət edir. İlahi peyğəmbərlər və övliyalar insanları daim tövbəyə doğru çağırmışlar. Çoxlu Quran ayələrində Allah-təala günahkarları Öz tərəfinə dəvət edir və onların tövbəsini qəbul edəcəyini vədə verir. Allahın vədələrində də yalana yol yoxdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və məsum imamlar (ə) da yüzlərlə hədisdə camaatı tövbə edib Allah dərgahına qayıtmağa dəvət etmiş, onlara ümid vermişlər. Quranda buyurulur: "O həmin Allahdır ki, bəndələrinin tövbəsini qəbul edib günahları bağışlayır. O, gördüyünüz işlərin hamısından agahdır.”("Şura” surəsi, ayə 25) Yenə buyurulur: "Əlbəttə, Mən tövbə edib iman gətirən və saleh əməllər görüb hidayət olunanlar üçün çox-çox bağışlayanam.”("Taha” surəsi, ayə 82) Yenə buyurulur: "O kəslər ki, hər vaxt yaramaz bir iş görüb, nəfslərinə zülm etdikdə Allahı xatırlayır və günahları üçün istiğfar edirlər. Allahdan başqa kim günahları bağışlaya bilər? Və o kəslər ki, günahın çirkinliyini bilə-bilə çirkin işlər və günahlarda davamlı olmazlar. Məhz, o kəslərin əməllərinin mükafatı bağışlanmaq və ağaclarının altından çaylar axan behiştlərdir ki, həmişəlik orada yaşayacaqlar. Əməl sahibləri üçün necə də yaxşı mükafatdır!”("Ali İmran” surəsi, ayə 135) İmam Məhəmməd Baqir (ə) buyurur: "Günahdan tövbə edən şəxs ümumiyyətlə, günah etməyən şəxs kimidir. Günah işlərə olduğu kimi davam edən və sadəcə dildə istiğfar edən şəxs məsxərəçi şəxsə oxşayır.”("Kafi”, 2-ci cild, səh.435) Bu kimi ayə və rəvayətlər olduqca çoxdur. Deməli, tövbənin qəbul olunmasında şəkk-şübhəyə yer yoxdur və Mütəal Allah tövbə edənləri sevir. Quranda buyurulur: "Həqiqətən, Allah tövbə edib paklananları sevir.”("Bəqərə” surəsi, ayə 222) İmam Məhəmməd Baqir (ə) buyurur: "Allahın tövbə edən bəndədən razılığı qaranlıq bir gecədə minik heyvanını və yol ehtiyatını itirdikdən sonra tapan şəxsin sevincindən daha artıqdır.”("Kafi”, 2-ci cild, səh. 436) İmam Cəfər Sadiq (ə) buyurur: "Bəndə xalis və davamlı tövbə edəndə Allah onu sevir və günahlarının üstünü örtür.” Ravi ərz etdi: Ey Peyğəmbərin övladı, onun günahlarını necə örtür? Buyurdu: "Əməli yazan mələklər o bəndənin günahlarını unudur, Allah bəndənin bədən üzvlərinə və yerə (günahın edildiyi yerə) göstəriş verir ki, Bizim tövbə edən bəndəmizin günahlarını örtün. Belə adam Allahla (Qiyamətdə) görüşəndə heç kəs və heç bir şey onun günahlarını müşahidə etmir.”("Kafi”, 2-ci cild, səh. 436) Tövbə insanın keçmiş əməllərindən peşman olmasıdır. O kəsə həqiqi tövbəkar demək olar ki, doğrudan da, səmimi qəlbdən keçmiş günahlarından peşman olsun. Peyğəmbər (s.ə.v.v.) buyurur: "(Günahdan) peşman olmaq tövbədir.”("Həqaid” səh. 386) Düzdür ki, Allah tövbəni qəbul edir və günahları bağışlayır, lakin, təkcə dildə "əstəğfirullah” deməyi, yaxud peşmançılıq izhar etməyi, yaxud da bəzən ağlamaq kimi işləri həqiqi tövbəyə dəlil hesab etmək olmaz. Yalnız üç əlamətin varlığı ilə tövbəni həqiqi hesab etmək olar: 1.Keçmiş günahlardan qəlbən peşman olub onlara nifrətlə yanaşsın. Öz-özlüyündə qəmlənib peşman olsun və xəcalət hissi keçirsin. 2.Gələcəkdə günaha batmamaq barədə ciddi şəkildə qərar qəbul etsin. 3.Əgər günah nəticəsində bərpa olunmağı mümkün olacaq bir iş görmüşsə onun əvəzini ödəməyə qərara alsın. Məsələn, camaatın haqqını qaytarsın. Əgər bir kəsin malını qəsb etmişsə, yaxud, oğurlamışsa, yaxud, tələf etmişsə yaranan ilk fürsətlərdə onu sahibinə qaytarmağa dair qərara gəlsin. Əgər onu verə bilməzsə mümkün olan hər bir yolla sahibini razı salsın. Əgər kiminsə qeybətini etmişsə, ardınca pis sözlər danışmışsa ondan halallıq istəsin. Əgər bir kəsin haqqını tapdalayıb ona zülm etmişsə məzlumun razılığını cəlb etsin. Əgər mal-dövlətinin vacib hüquqlarını (xums, zəkat, və s.) verməyibsə versin. Əgər namaz və oruc kimi əməllər fövtə gedibsə qəzasını yerinə yetirsin. Belə bir şəxs barəsində demək olar ki, o, doğrudan da keçmiş günahlarından peşman olmuşdur və tövbəsi də qəbul olunur. Amma sadəcə "istiğfar” kəlməsini deyən, lakin, qəlbdə peşman olmayan və gələcəkdə onu tərk etməyə dair qərara gəlməyən, yaxud, bərpa olunası günahların əvəzini çıxmayan şəxs tövbə etməmiş olur və o, dua məclisində iştirak etməsinə, atifələrdən təsirlənməsinə, göz yaşı axıdıb ah-nalə etməsinə baxmayaraq tövbəsinin qəbul olmasını gözləməməlidir. Bir nəfər Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) hüzurunda istiğfar kəlməsini dilinə gətirdikdə Həzrət (ə) buyurdu: "Anan matəmində otursun! Bilirsənmi istiğfar nə deməkdir? İstiğfar İlliyyin dərəcəsidir və onun altı mənası vardır: 1.Keçmiş günahlardan peşman olmaq. 2.Həmişəlik olaraq günahı tərk etmək qərarına gəlmək. 3.Camaatın haqqını ödəmək. Belə ki, qiyamətdə Allahın hüzuruna gələn zaman üzərində başqasının haqqı olmasın. 4.Tam dəqiqliklə tərk etdiyi ibadətlərin qəzasını yerinə yetirsin. 5.Günahlarına o qədər qəm-qüssəli olsun ki, haram yeməklərdən bədənində əmələ gələn ətlər əriyib aradan getsin və dəri bədəninə yapışsın, sonradan (onun yerinə) təzə ət gəlsin. 6.Əvvəllər günahın şirinliyini daddığın kimi, itaətin çətinlik və əzabını da bədəninə dadızdırasan. Bundan sonra «əstəğfirullah» de!”("Vəsailuş-şiə”, 11-ci
cild, səh. 361) Şeytan o qədər hiyləgərdir ki, insanı hətta tövbə barəsində belə aldadır. Mümkündür günahkar insan dua məclisində iştirak edib təsirlənsin, göz yaşı axıdıb nalə etsin. Bu zaman şeytan deyər: "Bəh-bəh, nə qədər yaxşı hal tapmısan! Artıq sən tövbə edib günahlardan paklanmısan.” Halbuki qəlbən günahlardan peşman olmayıb, gələcəkdə günahların tərk olunmasına dair qərar qəbul etməyib, camaatın və Allahın haqqını ödəməyi qərara almayıb. Belə bir əməl həqiqi tövbə sayılmır və insanın nəfsinin paklaşmasına, axirətdə xoşbəxt olmasına səbəb olmaz. Belə insan günahlardan qayıtmamış və Allah dərgahına üz tutmamışdır. Günah nədir və hansı günahdan tövbə etməliyik? Cavab budur ki, insanın Allah dərgahına yaxınlaşmasına mane olan və insanı dünyaya bağlayıb tövbə edərək Allah dərgahına qayıtmasına mane olan hər bir şey günah hesab olunur və ondan uzaq olmaq, nəfsi belə işlərdən təmizləmək lazımdır. Günahı iki qismə bölmək olar: 1.Əxlaqi günahlar. 2.Əməli günahlar. 1.Əxlaqi günahlar. Rəzil əxlaqi xüsusiyyətlər və çirkin sifətlər insanı günaha aludə edir. Ona insaniyyətin «siratəl-mustəqim» yolunu ötməyə, Allah dərgahına yaxınlaşmağa mane olur. Çirkin sifətlər nəfsdə kök salarsa artıq xasiyyətə çevrilir, insan zatının batinini tamamilə dəyişdirir və hətta insanın nə olmasında belə təsir qoyur. Əxlaqi günahların sadəcə olaraq əxlaqi olmasını bəhanə edərək əhəmiyyətsiz və kiçik saymaq və nəfsin onlardan təmizlənməsindən və tövbə etməkdən qafil olmaq olmaz. Əksinə, nəfsin onlardan paklanması zəruri və həyati bir məsələ hesab olunmalıdır. Rəzil əxlaqi xüsusiyyətlər aşağıdakılardır: Riyakarlıq, münafiqlik, qəsb, təkəbbür, xudbinlik, bədxasiyyətlilik, zülm, hiylə, qeybət, böhtan, söz gəzdirmək, eyb axtarmaq, xəbərçilik, vədəyə xilaf çıxmaq, yalan danışmaq, dünyaya məhəbbət, hərislik, paxıllıq, valideynin hüququna riayət etməmək, qohum-əqrəba ilə əlaqələri kəsmək, nemətlərə qarşı nankorluq və naşükürlük, israfkarlıq, həsəd, acı dillilik, başqalarını söymək və sair sifətlər. Yüzlərlə ayə və rəvayətlərdə bu sifətlər məzəmmət edilmiş, onların dünya və axirətdəki cəzaları bəyan olunmuş və əxlaqi kitablarda araşdırılmışdır. Amma onların hamısını burada irəli çəkmək olmaz. Maraqlananlar hədis və əxlaq kitablarına müraciət edə bilərlər. 2.Əməli günahlar. Əməli günahlar aşağıdakılardır: Oğurluq, nahaq yerə adam öldürmək, zina, ləvat, riba (faiz) vermək və ya almaq, camaatın malını qəsb etmək, müamilədə fırıldaqçılıq, vacib cihad meydanından qaçmaq, əmanətə xəyanət etmək, şərab və sair məstedici şeyləri içmək, ölmüş heyvan əti, donuz əti və sair haram yeməkləri yemək, qumar oynamaq, yalan yerə şəhadət vermək, yalan yerə and içmək, günahsız adamlara zina nisbəti vermək, vacib namazları, orucu, həcci, əmr be mə”ruf və nəhy əz münkəri tərk etmək, nəcis yeməklər yemək və sair haram işlər. Bunlar məşhur günahlardır ki, fiqh kitablarında araşdırılmışdır. Maraqlananlar hədis kitablarına müraciət edə bilərlər. İnsan bu məşhur günahlardan çəkinməli və onlara düçar olduqda tövbə edərək Allah dərgahına qayıtmalıdır. Başqa günahlar da vardır ki, məşhur deyil və günah ünvanı ilə tanınmamışlar. Lakin, onlar Allahın seçilmiş bəndələri və övliyaları üçün günah hesab olunur. O cümlədən, müstəhəbləri tərk etmək, məkruh işlər görmək, hətta günahı təsəvvür etmək, Allahdan başqasına diqqət yetirmək, insanı Allahdan qafil edən nəfsani və şeytani fikirlər və s. Bunların hamısı Allah övliyaları nəzərində günah hesab edilir və onlar bu işlərdən tövbə edirlər. Bundan əlavə, onlar hətta Allahın Özünü, sifətlərini və fellərini tanımaqda qüsura yol verdiklərindən (bu, mümkünül-vücud olan hər bir insanın təbiətidir) Allahın seçilmiş bəndələri üçün nöqsanlı hal və günah hesab edilir. Belə nöqsanlı halları hiss etdiklərinə görə bədənləri lərzəyə gəlir, ah-nalə ilə tövbə edib Allaha tərəf qayıdırlar. Məsum imamların (ə) və peyğəmbərlərin (s) istiğfar və tövbələri də məhz bu qəbildəndir. İmam Cəfər Sadiq (ə) buyurur: "Peyğəmbəri-Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər gün yetmiş dəfə tövbə edirdi. Halbuki heç bir günahı yox idi.”("Məhəccətul-beyza”, 7-ci
cild, səh. 17) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Bəzən mənim qəlbimə qaranlıq gəlir, buna görə də gecə-gündüz yetmiş dəfə istiğfar edirəm.” |