ONUNCU FƏSİL
ALLAH ÖVLİYALARININ QORXUSU
Allaha məhəbbət məsələsini araşdırdıqdan sonra insanın mə᾽nəvi tərəqqisində əsas rol oynayan şey barəsində yaranan sual bundan ibarətdir ki, əgər Allah mehriban və sevilməli və Ona eşq bəsləmək insan təkamülündə ən tə᾽sirli vasitədirsə, onda nə üçün islami rəvayətlərdə Allah qarşısında xovf və xəşyətə tə᾽kid olunmuşdur? Nə üçün Qur᾽ani-kərim alimlərin ən gözəl xüsusiyyətlərindən biri kimi onların Allahdan qorxmalarını (xəşyət) bəyan edir? Nə üçün Allaha məhəbbət Onun qarşısında xovf və xəşyətlə bir yerdə cəm bilir?
Cənab Şeyx eşq ilə qorxunun bir yerə yığışa bilməsi barəsində çox qəribə və maraqlı misal vurmuşdur ki, gələn fəsillərdə bəyan olunacaqdır. Lakin burda da «Allah qarşısında xovf və xəşyət» dedikdə məqsədin nə olduğunu araşdırmalıyıq.
ALLAHDAN QORXMAĞIN MƏ᾽NASI
İlahi xəşyət və xovfun təfsir olunmasında ilkin mühüm məsələ bundan ibarətdir ki, Allahdan qorxmaq dedikdə onun mə᾽nası insanın öz günahlarından və yaramaz əməllərindən qorxmasıdır. İmam Əli (ə) buyurur:
«Öz günahlarından başqa bir şeydən qorxma, Allahdan başqa heç nəyə ümid bağlama».(«Mizanül-hikmət», 4/1572/1139/5225; «Qürərül-hikəm», 10162, «Nəhcül-bəlağə»,82-ci hikmət.)
İmam Əli (ə) bir şəxslə qarşılaşdı. Üzündəki qorxudan onun tam dəyişilməsi hiss olunurdu. İmam (ə) ondan soruşdu: «Sənə nə olmuşdur?»
O, cavab verdi: Allahdan qorxuram.
İmam (ə) buyurdu: «Ey Allahın bəndəsi! Öz günahlarından qorx! Allahın bəndələrinə etdiyin zülmlərin müqabilində səni cəzalandırarkən Onun ədalətindən qorx! Allahın sənə vacib etdiklərinə itaət et, sənin məsləhətinə olan şeylərdə itaətsizlik göstərmə, daha sonra Allahdan qorxma! O, heç kəsə zülm etməz və hər bir kəsi layiq olduğundan artıq cəzalandırmaz».(«Mizanül-hikmət», 4/1572/1139/5223; «Biharul-ənvar», 70/392/60.)
Buna əsasən biz Allahdan deyil, əksinə öz yaramaz əməllərimizin aqibətinə düçar olmaqdan qorxmalıyıq. Lakin Allah övliyalarının öz yaramaz işlərinə görə cəzalandırılmaqda qorxuları başqalarının qorxuları ilə tam fərqlidir. Allahdan qeyrisinin məhəbbətini öz qəlblərindən çıxaran, Allaha cəhənnəm əzabından qorxmaq, yaxud behiştə nail olmaq üçün deyil, yalnız layiq olduğu üçün ibadət edənlər ilahi hicranın odundan qorxurlar. Onlar üçün Allahdan ayrılmağın əzabı cəhənnəmin əzabından qat-qat artıqdır. Buna görə də ilahi övliyaların imamı Əmirəl-mö᾽minin Əli (ə) öz münacatlarında deyir:
«Pərvərdigara! Əgər məni günahalarıma görə cəzalandırıb Öz düşmənlərinin cərgəsində qoysan, bəla əhli ilə bir yerə yığsan və mənimlə Öz dostların arasında ayrılıq salsan bu halda, ey mənim Pərvərdigarım, ey mənim Mövlam və Seyyidim! Tutaq ki, Sənin əzabına səbr etdim, amma Səndən ayrılığa necə dözə bilərəm?!» (Duayi Kumeyl)
Cənab Şeyx «Öz Rəbblərini həm qorxu və həm də tamah üzündən çağırarlar.»(Səcdə surəsi-16)ayəsinin izahında buyururdu: Bu qorxu və tamah nədir? Xovf və qorxu Allahdan ayrılmağın, tamah isə Onun vüsalına çatmaqdan irəli gəlir. Bu müddəanın isbatı Əmirəl-mö᾽minin Əli (ə)-ın «Kumeyl» duasında buyurduğudur:
«Tutaq ki, Sənin əzabına dözdüm, bəs Səndən ayrılığa necə dözə bilərəm?!»
MƏHBUB TƏRƏFİNDƏN QƏBUL EDİLMƏMƏK QORXUSU
Allah övliyaları öz əməllərini layiqincə yerinə yetirmələrinə baxmayaraq Allahdan qorxurlar. Onların qorxusu bundan ibarətdir ki, olmaya məhbubları onların əməllərini bəyənib qəbul etməsin:
«Əmələ gətirməli olduqları əməlləri yerinə yetirənlərin qəlblərində ona görə qorxu vardır ki, onlar Pərvərdigarına doğru qayıdacaqlar».(Mö᾽minun surəsi-60)
İlahi övliyalar üçün Allah dərgahından və Allaha qovuşmaqdan ağır və dözülməz bir əməl olmadığı qədər, məhbubları tərəfindən, yə᾽ni Mütləq Kamal tərəfindən qəbul olunmaları da onlar üçün əhəmiyyət daşıyır. Bu məsələ o qədər mühümdür ki, hətta imam Xomeyni (r.ə.) bərəkətli ömrünün son anlarında Tehranın İmam cüməsinin dediyi kimi, camaatdan istəyir ki, Allah-taalanın onu qəbul etməsi üçün dua etsinlər!
İndi diqqət yetirin ki, bu dəqiq və irfani məsələni Şeyx necə də sadə misalla izah edir. Şeyxin şagirdlərindən biri deyir: Bir gün cənab Şeyx mənə dedi: Filankəs, gəlini kimin üçün bəzəyirlər? Dedim ki, kürəkən üçün.
Buyurdu: Başa düşdünmü?
Sükut etdim, buyurdu:
«Toy gecəsi gəlinin qohum-əqrəbaları çalışırlar ki, onu çox gözəl bəzəsinlər ki, bəyin xoşuna gəlsin. Lakin gəlinin batinində bir nigarançılığı vardır ki, başqaları onu hiss etmir. Onun nigarançılığı buna görədir ki, əgər vüsal gecəsi bəyin diqqətini cəlb edə bilməsə, yaxud kürəkən ondan ruhi əzab çəksə nə edəcəkdir.
Əməllərinin Allah dərgahında qəbul olunub-olunmamasını bilməyən bir bəndə nigarançılıqda olmaya bilərmi?! Məgər o, özünü Allah üçün bəzəməyibmi?! Yoxsa özünü camaat içərisində göstərmək üçün bu işləri görür?! İnsanlar ölən zaman deyərlər:
«Pərvərdigara, məni qaytar, bəlkə yaxşı əməllər görəm».(Mu᾽minin surəsi-99-100.)
Saleh əməl ondan ibarətdir ki, Allah onları bəyənsin, nəinki, öz nəfsi onu bəyənib imza etsin. Buna görə də Şeyx Allahla görüşdə həmişə qorxu və vahiməli idi. O, buyururdu: Allahın Özü qorxulu deyil! Yə᾽ni, «Hər kəs Rəbbinin məqamından qorxsa».(Naziat surəsi 40.)Əgər O, bizi bəyənməsə, əməllərimizi qəbul etməsə başımıza nə kül tökək?!
Şeyxin övladı deyir ki, atam belə deyirdi: Pərvəridigara! Bizi də köhnə və lazımsız əşya hesab et! Belə ki, bə᾽zən kimsə gəlib metallom və lazımsız əşyalar yığdığını deyir: Sən də bizi heç olmasa o səviyyədə al və qəbul et!