Kumeyl duası
Aşiq ariflər və arif aşiqlər bütün dualar içərisində "Kumeyl” duasının məqamını, insanın bütün yaranmışlar arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi "Kumeyl” duasıdır. Tanınmış alim Əllamə Məclisi "Kumeyl” duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun "İqbal” kitabına əsaslanaraq özünün "Zadul – Məad” kitabında yazır: "Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şəbanın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: "Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə ya ildə bir dəfə ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər və günahlarını bağışladar. Ey Kumeyl! Belə bir nemət və kəramətlə ucalmağının səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Otur, yaz...” Rəbbani alim Mərhum Kəfəmi "Misbah” kitabında yazır ki, Həzrət Əli (ə) bu duanı səcdə halında oxuyardı.
Bu duanı oxuyan şəxs bir sıra şərtlərə əməl etməklə yanaşı üzü qibləyə olmalı, müti görkəm, sınıq qəlb, xalis niyyət, ağlar göz və qəmli səslə oxumalıdır. Sözsüz ki, bu halda oxunan duanın qəbuluna ehtimal çoxdur.(«Kafi», 2-ci cild, səh-507.)
Ağlar göz Allah hüzurunda böyük etibara və dəyərə malikdir. Göz yaşı günahların bağışlanmasına, Allahın qəzəbinin soyumasına və ilahi rəhmətə qovuşmağa səbəb olur. İmam Sadiq (ə) buyurur: "Bir damla göz yaşı dəryalarca atəşi söndürür. Göz yaşardığı vaxt zülmət və xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar bir ümmət hər halda mərhəmətə çatar.”(«Təfsire-Muin», səh-496.) Həzrəti İmam (ə) başqa bir hədisdə buyurur: "Yalnız üç göz Qiyamətdə ağlamaz: Allahın haram buyurduğuna qapanan göz, Allah yolunda yuxusuz qalan göz, gecə yarı Allah qorxusundan ağlayan göz.”
Bismillahir-rəhmanir-rəhim
"Kumeyl” duasının sonsuz nur mənbəyi olan "bismillah” ilə başlanmasının bir neçə səbəbi var:
1. Həzrət Əli (ə) Həzrət Peyğəmbər (s)-dən, Həzrət Peyğəmbər (s) isə Allah-Taaladan rəvayət etmişdir ki: "Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç və nəticəsizdir.”(«Vəsailüş-şiə», 8-ci cild, səh-150.)
2. Mərhum Təbərsi "Məkarimul - əxlaq” kitabında nəql edir ki, Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: "Qəm-qüssəyə düşmüş şəxs üzünü göyə tutub üç dəfə "bismillahir-rəhmanir-rəhim” deyərsə mümkün deyildir ki, Allah onun narahatlığını və qəm-qüssəsini aradan qaldırmasın. Əgər Allah istəyərsə!”
3. Mühüm bir hədisdə buyurulur: «Bismillahir-rəhmanir-rəhim» ilə başlayan dua Allah dərgahında rədd edilməz.(«Ali-İmran» surəsi, ayə 133.)
4. Həzrət Peyğəmbər (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirmişdir. Həzrət (s) buyurur ki, bu on doqquz dildən qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan "bismillahir-rəhmanir-rəhim” kəlmələrini oxumalıdır. Mehriban Allah bu kəlmələrin hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər edər.
5. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Əgər bir müəllim bir uşağa "bismillahir-rəhmanir-rəhim” öyrədərsə Allah-Taala bu uşağa, bu uşağın ata-anasına və müəlliminə Cəhənnəmdən qurtuluş vəsiqəsi verər.”
6. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü ümmətimi əməllərin hesab yerinə gətirər və əməllər tərəziyə qoyular. Yaxşı əməl pis əməllərdən ağır gələr. Qədim ümmətlər fəryad qopararlar ki, «nə üçün yaxşılıqlar az olduğu halda pisliklərdən ağır gəldi?» Onların peyğəmbərləri cavab verərlər ki, bu ümmət sözə üç haqq adla, "Allah”, "Rəhman”, "Rəhim” adları ilə başladığından tərəzinin bu adlar olan gözü bütün əməllərin yığıldığı o biri gözdən ağır gəlir.”
7. İmam Riza (ə) buyurur: "bismillahir-rəhmanir-rəhim” "ismi-əzəmə” gözün qarasının ağına yaxınlığından daha yaxındır. Şəksiz ki, dua ismi-əzəmlə başlayarsa, Allah-Taala tərəfindən qəbul olunar.
"Bismillah” vəsfə gəlməyən hal yaradan pak bir şərbətdir. Bu şərbətin təsiri ilə məşuqun cazibəsinə düşən aşiq vüsal yolunu yorğunluq bilmədən addımlayır.
Bu eşq şərbətindən məst olasıyam, Bir baxışla lalə tək solasıyam. Büdrəyib ucaboy sərvin başından, Parça-parça olub alçalasıyam. O sevimli yarın qəmzəsi olsa, Badədən içməmiş məst olasıyam. Əlimdən çıxsa da bu nurlu şərbət, Yenə də torpağa üz salasıyam. Ayaqlarım gücdən düşsə də bil ki, Əlimlə sürünüb kam alasıyam. Gəncliyi bu yolda versəm də əldən, Yenə də eşqdən məst qalasıyam. |
"Bismillahın” lətif görüntüləri
Sərf-nəhv, yəni qrammatika alimlərinin fikrincə "ism” kəlməsi böyüklük və üstünlük bildirir. Allah-Taala bu nurani kəlmə ilə insanın diqqətini böyük dosta yönəltmək istəyir. İnsan bilməlidir ki, sadəcə dostun adını çəkməklə ona qovuşmaq olmaz. Bu böyük dosta yaxınlaşmaq üçün qəlb səhifələri əxlaqi çirkinliklərdən təmizlənməlidir. İnsan öz dilini tövbə suları ilə boş sözlərdən təmizləməli, batinində məhbuba yaxınlaşma ruhu yaratmalıdır. Qəlbi təmizləmədən Allahın mübarək adını dildə zikr etmək ədəbsizlikdir.
Gülabla ağzımı yusam da mən çox,
Adını çəkməyə ləyaqətim yox.
Allah-Taala ən üstün müqəddəslik mərtəbəsindədir. Torpaqdan yaranmış insan durduğu alçaq mərtəbədən vasitəsiz ucala bilmir. Rəbbimiz "bismillah” kəlməsini özü ilə insan arasında vasitə qərar vermişdir. Bu kəlmənin həqiqi mənasını anlamaqla tərəqqi nərdivanında qalxmaq olar. İlahi camal və cəlalın müşahidəsi üçün bu yolla şərait yaranır.
Aşiq ariflər "bismillah”ın əvvəlindəki "bə” hərfinin hərəkətə başlama işarəsi olduğunu bildirirlər. "B” hərfindən "s” hərfinədək olan sirli mərifət yolu nəhayətsizdir. "B” "ism”-ə birləşərkən yazıda "ism” kəlməsinin "əlif”-i itir. Ərəb qrafikası ilə tanış olmayan oxuculara aydın olsun - deyə bu prosesi belə ifadə edə bilərik: "bismillah” kəlməsində "b” "ism”-ə birləşərkən yazıda bir hərf itir. Ariflər bu itmiş hərfin insandakı eqoist "mən”-ə işarə olunduğunu göstərirlər. Yəni Allaha yaxınlaşmaq məqsədi ilə yola çıxmış insan öz "mən”-ini məhv etməsə böyük dostun məhəbbətinə nail ola bilməz.
Hal əhli belə hesab edir ki, "bismillah” kəlməsindəki "b” hərfi Allahın bütün varlıq aləminə xüsusi ilə nəfs əhlinə olan yaxşılığına işarədir. "S” hərfi qəlb sahibi olan xüsusi bəndələrə aid olan sirləri bildirir. "M” hərfi isə seçilmiş bəndələrin çatdığı ilahi məhəbbət nişanəsidir.
"Kafi” kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: "Bu üç hərfin hər biri Allahın gözəl adlarından birinə işarədir. "B” Allahın bəhasını, yəni dəyərini, "S” Allahın sənasını, yəni ucalığını, "M” Allahın məcdini, yəni böyüklüyünü bildirir. Bir qrup aşiq isə belə hesab edir ki, "b” – "bəsir” (görən), "s” – "səmi” (eşidən), "m” – "muhsiy” (hesab aparan) sifətlərinə işarədir.
"Bismillah” oxuyan insana bildirilir ki, Allah-Taala onun aşkar və gizli olan bütün əməllərini görür, bütün dediklərini eşidir, çəkdiyi nəfəsləri sayır. İnsan dərk etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə bir dinləmə mühitində artıq sözə və belə bir hesab aparıldığı vaxt çəkdiyin nəfəsdən xəbərsizliyə yer yoxdur.
Məhəbbət eşqində yananlar deyir: "Bismillah” kəlməsinin ilahi mənasını o insan dərk edə bilər ki, Allahın bəlasına səbir etsin, nurani "m” fəzasını müşahidə etmək üçün sirati-mustəqimə yəni doğru yola vəsl olsun.
Nə qədər ətəkdən üzülməyib əl Hər iki dünyada yerimiz gözəl. İnsan möhtaclığı duyduğu qədər Fəna sədalardan üzün döndərər. Bu məstlik badədən ucadır, uca. Bu sevgi şərbəti sonsuz dəryaca. Bütün gecə boyu axan göz yaşı Bu böyük sevginin nurlu qaş-daşı. Məhbubu yolunda candan keçənə Sultanlıq, taxt-tac, şan-şöhrət heç nə. Aşiqə sütunlu saray gərəksiz, Xoşbəxtdir səhrada susuz-çörəksiz. |
"Allah” bütün ilahi sifətlərin toplandığı mübarək addır. Deyirlər ki, "Allah” adında üç məna mövcuddur:
Həzrəti Haqq əzəli və əbədidir;
Ağıl və düşüncələr onu tanımaqda acizdir;
Bütün yaranmışların qayıdışı onadır.
Ariflər deyirlər ki, "Allah” ismi-əzəmdir və tovhid ona əsaslanır. Bu kəlməni səmimi qəlbdən deyən kafir küfrdən imana yol tapır. Bu kəlmə insanı qəflətdən oyadıb ünsiyyət dairəsinə daxil edir. Allah-Taalanın başqa adları da var. "Allahdan başqa bir məbud yoxdur” deməklə insan müsəlman olursa, "Rəhman”dan başqa məbud yoxdur” demək müsəlman olmaq üçün kifayət etmir. Hər bir insanın küfrdən qurtuluşu yalnız bu nurani kəlmənin zikri sayəsində mümkündür. Bu kəlmə ilə başlayıb, bu kəlmə ilə sona yetməyən iş naqisdir. Peyğəmbərlik və vilayət sütunları bu kəlmə ilə möhkəmlənir: "Muhəmmədən Rəsulullah”, "Əliyyən Vəliyyullah”.
Bu kəlmənin özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, onun hər bir hərfi atıldıqda qalan hissəsi mənasını itirmir. "Rum” surəsinin 4-cü ayəsində "lilləh”, "Təğabun” surəsinin 1-ci ayəsində "ləhu”, "İxlas” surəsinin 1-ci ayəsində "huvə” kəlmələri ilə rastlaşırıq. Bütün bu kəlmələr "Allah” adından alınır. Belə bir xüsusiyyət yalnız ismi-əzəmə məxsusdur.
Könlünü sevdana verənə əhsən, Əhsən o qəlbə ki, sevginlə həmdəm. Aşiqə mələklər qibtə edəsi, Göyləri isidir qaynar nəfəsi. Vüsal həsrətilə vurur ürəyim, Sevgidən başqa yox, inan, istəyim. Həyatım eşqindən güc almaqdadır, Xəyalım göylərə ucalmaqdadır. Bu xəyalı Sənə doğru aparan Munis mələklərdir, hər biri heyran. Hicran sahilinə üzüb balıq tək Canımı eşqinə tapşıram gərək. Bu könül, bu ürək Sənindir,Sənin, Anlamışam ki, yox başqa həmdəmim. Başqası önündə əyilmək əbəs, Yalnız Səni deyir içimdəki səs. Bu məcnun aşiqi qovma qapından, Bil dərdinə çarə yox başqasından. Arzusu, xəyalı eşqinə bağlı, Qəbul et, başından çıxsa da ağlı. |
"Rəhman” kəlməsi "rəhmət” kökündəndir. Qrammatika alimlərinin fikrincə bu söz mübaliğə siğəsində yəni daha şiddətli mənadadır. «Rəhman» bütün mövcudlara rəhmət edən mənasındadır. Yəqin əhlinin dilincə desək, rəhmət bütün zərrələrin qabiliyyəti qədərində kamalı dadmasıdır. Rəhmət olmayan yerdə nə varlıq, nə də kamal var. Bəsirət əhli belə hesab edir ki, "rəhman” kəlməsinin mənası mövcudlara xeyir verilməsi və onlardan şərrin dəf edilməsi üçün iradədir. Bütün nemətlər Allahın rəhmaniyyətindən cilvələnir. Bu cilvələrdən bir qismi mübarək "Ər-Rəhman” surəsində bəyan olunmuşdur.
O böyük Yaradan, o böyük Xaliq, O qüdrət sahibi, o Rəbb, o Sadiq Yaratdı insanı gözəl şəkildə Gözəl xasiyyətdə gözəl əsildə. Balıq dərinlikdə quş ucalıqda, Qismətini yeyir quş da, balıq da. Hər bir yaranmışın ruzisi hazır. Hər kəsin qismətin Yaradan yazır. Qarışqa yuvasın ucaldırsa çox, Xaliqdən öyrənmiş, şübhəyə yer yox. İşə bax, nütfədən yaranır insan, Yarpaqlar cücərir quru budaqdan. Arı çiçəklərdən toplayıb şirə Bir bal düzəldir ki, gəlməz nəzərə. Bu Xaliq kimsədən deyil asılı, Amma yenə eşqə nura təmaslı. Zatını qavramaq çətindən çətin, Yalnız sifətləri olar qismətin. Baxsan bu dünyada hər bir yaranmış Səcdəyə qapılıb, şükrə dayanmış. Bu günün şükrünü çıxarsan əldən Sabahkı təəssüf gətirəcək qəm. Ey böyük Yaradan, ey böyük Mövla, Ağlar aşiqləri kölgəndə saxla. Layiqli tərifə qüdrətimiz yox. Eşqin sorağında saxlama gəl çox. Sədinin şerinə oxşar bu sözlər Kərəminə baxıb, lütfünü gözlər. |
"Rəhim” kəlməsi ərəb dili mütəxəssislərinin fikrincə davamlılıq bildirir. Yəni, Allah-Taalanın rəhmət və mehribanlığı həmişəlik və sabitdir.
Din əhli bu fikirdədir ki rəhmət, bağışlama mömin insanların xüsusiyyətidir. Onlar Allahdan istiqamət alıb halal-harama riayət etdikləri üçün, gözəl əxlaqla bəzənib, nemətlərə şükür etdikləri üçün bu sifətə layiq görülmüşlər. İslami mənbələrdə bildirilir ki, rəhmət rəhmaniyyə və rəhimiyyə ola bilər.
«Rəhmaniyyə rəhmət» dedikdə mömin və ya kafir olmasından asılı olmayaraq, rəhmətin bütün mövcudlara verilməsi nəzərdə tutulur.
«Rəhimiyyə rəhmət» isə insana mənəvi kamillik verilməsi, iman əhlinin dünya və axirətdə bağışlanmasıdır.
"Rəhmaniyyət” və "rəhimiyyət” kəlmələrində qurtuluş mənası vardır. Birində dünyəvi, digərində üxrəvi qurtuluş. «Rəhimiyyə rəhmət» ibadətləri qəbul olunmuş, günahları bağışlanmış müti bəndələrə aiddir. Saleh bəndələr ibadətlərinə görə rəhmət intizarındadırlarsa, günahkarlar ehtiyac ucbatından bu rəhmətə göz dikmişlər. İbn Mübarək deyir: "Rəhman odur ki, istəyəndə verir, Rəhim isə istəməyənə qəzəblənir.” Ariflərin təbirincə Rəhman bütün canlılara ruzi verəndir, Rəhim isə iman əhlinin günahlarını bağışlayandır. İnsan ruzi üçün öz ticarətinə yox, Allahın rəhmanlığına bel bağlamalıdır. Amma şəriət və əql baxımından ticarəti, işi atmaq olmaz. İnsan günahlarının bağışlanmasında öz saleh əməlinə yox, Allahın rəhimliyinə bel bağlamalıdır. Amma saleh əməli tərk edib şeytanı sevindirmək olmaz.
Ariflərin fikrincə bəndə üçün üç hal mövcuddur: varlığa möhtac yoxluq halı, yaşamağa möhtac varlıq halı, bağışlanmağa möhtac qiyamət halı. Bu üç hal Allah-Taalanın üç adında dərc olunmuşdur. Bütün sifətlərin cəmləşdiyi "Allah” adı; insanı nemətlərdən faydalandıran "Rəhman” adı; Qiyamət günü günahların üstünə pərdə çəkəcək "Rəhim” adı.
Bəsirət sahibləri belə düşünürlər ki, insanda qəlb, nəfs və ruh fəaliyyətdədir. Nəfs ruzi və gözəllik, qəlb mərifət və iman, ruh isə rəhmət və razılıq sorağındadır. Qəlb - "Allah” adında mərifət və iman, nəfs - "Rəhman” adında ruzi və gözəllik, ruh - "Rəhim” adında rəhmət və razılıq tapa bilər.
Qəlb və canına bu üç mübarək ad nüfuz edən bəndə Allahdan başqa məbud tanımır. O, Allahın bütün bəndələrinə qarşı mehriban olur. Bu nurani kəlmələrin zikri bütün məqamlarda zəruridir. Öz batinlərini paklamaq məqsədi ilə səmimi qəlbdən bu kəlamı zikr edib onun mənasına diqqət edənlər böyük faydalara çatırlar.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs gündə on dəfə "bismillahir-rəhmanir-rəhim” və "la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” deyərsə günahlarından paklanar və Allah-Taala onu yetmiş bəladan hifz edər.” Başqa bir rəvayətdə Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs "bismillah” deyərsə Allah-Taala ona dediyi hər hərfə görə dörd min savab yazar və onun dörd min günahını məhv edər.” Digər bir rəvayətdə buyurulur ki: "Hər kəs yeməyə başlayarkən "bismillah” deyərsə şeytan onunla süfrə yoldaşı olmaz. Yeməkdən qabaq "bismillah” deməyi unudanlara şeytan yoldaş olar.
Ey lütfüylə kimsəsizlərə yoldaş, Səndən başqa varmı bizlərə sirdaş?! Bikəsəm, tutmuşam Sənə üzümü, Bir başqası yoxdur deyəm sözümü. Camalın dünyanı bürümüş nura, Bu nurla gəlmişdir aləm zühura. Varlığın görünür altı cəhətdə Başqa hər nə varsa puçdur həyatda. Məhv olur önündə hər iki dünya, Yox Səndən başqası Səni tanıya. |
"Allahummə inni əsəlukə-birəhmətikəl-ləti vəsiət kullə şəy”
("Pərvərdigara! Səni hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirəm.”
Bu cümlənin hər bir ilahi kəlməsi o qədər rəmz və sirlərə malikdir ki, şərhə ehtiyac duyulur. "Allahummə” kəlməsi "ya Allah” kəlməsindən yaransa da Allah-Taalanın əzəmətini daha üstün şəkildə göstərir. Allaha müraciət edən duaxanlar, yəni dua oxuyanlar dərin bir duyumla "Allahummə” çağırırlar. Məşuqdan icazəsi olmayan aşiqlərin bir kəlmə belə danışmağa qüdrəti yoxdur. Yalnız ilahi qüdrətdən güc almaqla "Allahummə” deyərək Allahı çağırmaq mümkün olur. Dua oxuyanlar unutmamalıdırlar ki, Allahın istəyi olmazsa ağız duaya açılmaz. Bəli, dua Onun təlimidir. Dua oxuyanın varlığı Allahın hökumətindədir. Dua oxuyanın sözü, halı Allahın iradəsinə tabedir.
Ya Rəbb, qurtar bu bəndəni özündən, Qurtar zəmanənin oynaq gözündən. Qurtar məni oda çəkən Mənimdən, Bu dünyanın qüssəsindən, qəmindən. Yalan dünya qorxu salmış qəlbimə O gedəsi, Sən qalasısan yenə. Əmmarə nəfs qənim kəsilmiş cana, Qorumasan, qurtuluş yox insana. |
"İnni” kəlməsi "mən” mənasını verir. Amma bu "mən” fironsayağı eqoist "mən” deyil. Bu ilahi cümlədə zikr olunmuş "mən” zati bir fəqirlik, acizlik, möhtaclıq mənasındadır. Dua oxuyan şəxs özündə acizlik və çarəsizlikdən başqa bir şey görmür. O, öz məhbubunda rəhmət, kəramət, lütf, məhəbbət, ehsan, ədalət müşahidə etdiyindən möhtac halda ona əl açır və bu işdə Allahın hər şeyi bürümüş rəhmətinə ümid bağlayır.
"Birəhmətikəl-ləti vəsiət kullə şəy”: Məhbubun rəhməti hər şeyi bürümüş, zahirdə və batində hər şeyi əhatə etmişdir. Məhz bu geniş ilahi rəhmət hər şeyi yoxluq zülmətindən varlıq işığına çıxarmışdır. Hər bir varlıq öz qabiliyyətinə ləyaqətinə tutumuna uyğun yer almışdır.
"Ənisül-ləyl” kitabında belə buyurulur: " Allahın ümumi feyzi Günəş kimidir. Bütün Yer üzündəkilər istisnasız olaraq Günəşin nurundan faydalandıqları kimi Allahın da ümumi feyzindən kimsə məhrum edilməmişdir. Bütün görünən və görünməyən mövcudlar bu geniş rəhmətdən faydalanmaqdadırlar. Ən böyük mikroskop altında görünməyən zərrə belə bu rəhmət dairəsindən kənar deyil. Hər bir şey öz istedadı çatan qədər bu feyz və rəhmətdən faydalanıb təkamül yolunda irəli gedir. İstər nəhəng planetlər, istərsə də mikroskopik hüceyrələr Allahın rəhməti sayəsində hərəkət etməkdədir. Bu rəhmət dairəsindən çıxmaq üçün kimsədə güc yoxdur və bu dairədən çıxmaq - məhv olmaq deməkdir. Varlıq aləminin yaranması, məxluqun ruziyə çatması, təbiətin inkişafı, peyğəmbərlərin və ayələrin göndərilməsi, azğınların hidayəti, Qiyamət dirçəlişi, Cənnət və Cəhənnəm - Allah-Taalanın ümumi feyz və geniş rəhmətinin şüalarıdır.
Biz gədalar bəndəyik bir sultana Əzəl gündən malikdir hər imkana. Adımızı nə qoysalar qəbuldu, Həqiqət budur ki, bəşər bir quldu. Ya qovalar, ya keçələr günahdan Başqa bir yol aramarıq heç zaman. Vursalar da boynumuzu astaca Şikayətlə boylanmarıq qılınca. Məşuqla söhbətdə kimi xuraman, Bizlərinsə çöhrələri pərişan. Bu aşiqlər hər eybindən xəbərdar, Nə qədər cahilik xəbərimiz var. Hər bağçada yeni bir gül görəndə Yenə də fikrimiz, vallahi, Səndə . Hər nemətin qüdrətinə bir sübut, Bu qüdrət önündə rəvamı sükut?! Tərifindən özgə nə var hədərdir, Səndən kənar keçən anlar xətərdir, Sən birinə baxsan onun çöhrəsi Bizlərə sevginin böyük müjdəsi. Rəhmətindən uzaq dünya fənadır, Nə qədər sevgi var, dünya bəqadır. Canı tərk etməkdə qorxu yox əsla, Cananı tərk etmək böyük bir bəla. |
Biz insanlar bu geniş rəhməti anlamaq gücündə deyilik. İnsan əqli bu həqiqəti dərk etməkdə acizdir. "Kullə şəy”, yəni hər şey dedikdə nəzərdə tutulan yaranmışları sayıb qurtarmaq mümkün deyil. Meşələr qələm, okeanlar mürəkkəb, mələklər, cinlər və insanlar mirzə olsalar belə bu siyahını yazıb qurtarmaq olmaz. Biz Allahın geniş rəhmətini çox cüzi şəkildə qavraya bilirik. Sanki bizim bu mənada susuzluğumuzu ilahi qüdrət okeanının bir damlası yatırır. İnsan övladı bu rəhmət günəşinə yalnız bir göz qırpımı qədər baxa bilir.