HƏRİSLİK
Ehtiyacdan artıq olan var-dövlətə meyl insanın fikrini dolaşıq salır, onu ilahi əhkam və əxlaqdan, insanlıqdan uzaqlaşdırır. Xalqın malına və haqqına göz dikən insan harama, qarətə və günaha düçar olur.
Allahı, qiyaməti düşünmək, Allahın əzabından qorxmaq, əxlaq məsələlərinə riayət etmək, insanların hüququnu pozmamaq insanı hərislikdən və həddi aşmaqdan qoruyur. Əgər Allah-Taala insan üçün kamil bir süfrə sərmişsə qazanc üçün müxtəlif yollar qoyulmuşsa və insan qismətindəki son tikəni yeməmiş dünyadan getmirsə hərislik nəyə lazımdır?! İslam Peyğəmbəri (s) buyurur: «Ən ehtiyacsız şəxs o şəxsdir ki, tamaha əsir olmasın».("Ğürərül-həkim”, 83.)Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, səni üç ən çirkin xüsusiyyətdən çəkinməyə çağırıram: paxıllıq, hərislik və yalan.("Kafi”, 2-72.)
İmam Sadiq (ə) buyurur: «Nuh gəmidən düşdüyü zaman İblis ona yaxınlaşıb dedi: «Yer üzündə boynumda sənin qədər minnəti olan insan yoxdur. Günahkarlara əzab istəməyinlə məni rahatlığa çıxardın. Səni iki xüsusiyyətdən xəbərdar edirəm. Həsəddən çəkin, gör başıma nələr gətirdi! Hərislikdən uzaq ol, gör Adəmin başına nələr gətirdi».("Kafi”, 2-71.)
İslam Peyğəmbəri (s) buyurur: «Həris şəxs yeddi çətin bəla içindədir: bədəninə zərərli və faydasız fikir; sonsuz qəm-qüssə; yalnız ölümlə sona çatan əziyyət; nə vaxtsa düçar olacağı qorxu; şirini acıya döndərən kədər; İlahi əzaba düçar edən hesab (əfv olunmazsa); xilas yolu olmayan əzab».
Xalqın əlində olana məhəbbət tamahkarlıqdır. İmam Səccad (ə) buyurur: «Bütün xeyirləri xalqın sərvətindən, malından, məqamından tamahı kəsməkdə gördüm».("Əmaliye-Tusi”, 379.)İmam Sadiqdən (ə) soruşdular ki bəndəni imanlı edən və onun imanını əlindən alan nədir? İmam (ə) buyurdu: «Təqva imanlı edər, tamah imanı əldən alar».("Mizanul-hikmə”, 7-3400.)
İmam Hadi (ə) buyurur: «Tamah çirkin bir sifətdir».("Bəqərə”, 154-156.)İmam Sadiq (ə) buyurur: «Əgər xoşhal olub dünya və axirət xeyrinə çatmaq istəyirsənsə, xalqın əlində olana tamah salma».("Kafi”, 2-91.) Həzrət Əli (ə) buyurur: «Ömür boyu azad qalmaq istəyən kəs qəlbində tamaha yer verməz».("Təfsire-Qummi”, 1-370.)
Çox çirkin sifət olan həsəd odur ki, camaatın var-yoxunun onların əlindən çıxmasını arzulayasan. Paxıllıq Allahın bölgüsünə Onun başqalarına nemət verməsinə etirazdır. Təkəbbür və özünü bəyənmək, rəyasətə və üstünlüyə məhəbbət insanda həsəd doğuran amillərdir. İmam Sadiq (ə) buyurur: «Alov çör-çöpü yandırdığı kimi, həsəd də imanı yandırır».("Əmaliye-Səduq”, 557.)«Həsəd, xudbinlik və lovğalıq dinin bəlasıdır.»("Təfsire-Qumi”, 2-81)
İmam Sadiq (ə) buyurur: «Həzrət Musa (ə) Allah-Taala ilə münacat etdiyi vaxt buludun bir kişiyə kölgə saldığını görür. Allaha ərz edir ki, bu şəxs kimdir? Allah-Taala buyurur: «Bu o şəxslərdəndir ki, Allahın ehsan əta etdiyi insanlara paxıllıq etmir».("Biharul-ənvar”, 87-338.)
ALLAH DÜŞMƏNLƏRİNƏ MƏHƏBBƏT
Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və pis insanlara düşmən olmalıdır. Əgər qəlb bunu istəmirsə, deməli xəstədir. Əgər bu xəstəlik ayə və rəvayətlərlə müalicə olunmazsa, böyük çətinliklərə səbəb olar.
Qurani-Kərimdə Peyğəmbər (s) və möminlər kafirlərə qarşı amansız, öz aralarında isə mehriban tanıtdırılırlar. «Fəth» surəsinin 29-cu ayəsində oxuyuruq: «Məhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı amansız, öz aralarında isə mehribandırlar». Möminlərə belə buyurulur: «Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz».("Bəqərə 128.) «Mucadilə» surəsinin 22-ci ayəsində oxuyuruq: «Allaha və axirət gününə inanan bir tayfanın - ataları, oğulları, qardaşları, qohumları olsalar da belə - Allah və onun rəsuluna qarşı çıxanlarla dostluğunu görməzsən».
Nifaq, ikiüzlülük, üzdə özünü möminlərə dost kimi göstərib, arxada düşmənçilik etmək o qədər çirkin sifətlərdir ki, Allah-Taala Quranda bu sifətlərə görə ağır əzab və cəhənnəm vəd edir. Münafiq, düşmənlərlə müntəzəm əlaqə saxlayıb, möminlər üçün çətinlik yaradan şəxsdir. O, möminlərin sirrini xain şeytansifətlərə fironməslək zalımlara açmaqla məşğuldur. Münafiq çox çətin müalicə olunan bir xəstədir. Münafiqin imanı dilində küfrü qəlbindədir. Onun ruhu çirkin, əxlaqı puç, əməli ləyaqətsiz, düşüncəsi şeytanidir. Münafiq, işi-gücü hiylə qurmaq olan təhlükəli bir mövcuddur.
Bu xainlərin nişanələrini açıqlayan Quran ayələrindən əlavə, onların iç üzünü göstərən mötəbər hədislər də vardır.
Həzrət Riza (ə) Məhəmməd ibn Fuzeylə yazdığı cavab məktubunda münafiqlər haqqında buyurur: «Allaha, İslam ayinlərinə Peyğəmbərə (s) və müsəlmanlara hiylə quran ikiüzlülər Peyğəmbər (s) ardıcıllarından, iman əhlindən, müsəlman zümrəsindən deyildirlər. Onlar özlərini zahirdə imanlı və mömin kimi göstərir, küfr və inkarlarını gizlədirlər. Allah onların hamısına lənət etsin».("Maidə”, 83)
İmam Sadiq (ə) buyurur: «Nifaqın nişanələri daşqəlblilik, gözüyaşsızlıq, günahda israr, dünyaya həddindən artıq rəğbətdir».("Biharul-ənvar”, 69-391.)İslam Peyğəmbəri (s) buyurmuşdur: «Batini zahiri ilə bir olmayan şəxs - kim olur-olsun, necə olur-olsun, harada olur-olsun, hansı məqamda olur-olsun, münafiqdir».("Cameül- əxbar”, 97.)
Duanın qəbul olmasına mane olan səbəblərdən biri də inamsızlıq, sui-zəndir. Ötən söhbətlərdə bu barədə ətraflı danışdığımız üçün bu mövzunun üzərində dayanmırıq.
Namaz kamil bir ibadət, bəndəliyin ən gözəl mərasimi, Allah qarşısında kiçikliyin izharıdır. Ayə və rəvayətlərdə namaz haqqında çox mühüm həqiqətlərə işarə olunmuşdur.
Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Namaz qılmaq möminlik nişanəsidir. Bütün peyğəmbərlər namaz qılmış, öz ailə üzvləri və yaxınlarını namaza dəvət etmişlər.
Namazı hifz etmək vacib vəzifələrdəndir. Namaz qılmayan şəxs Allahın rəhmətindən və şəfaətçilərin şəfaətindən məhrumdur. Namaz dinin qanunlarından, Allahı razı salan məqamlardan və peyğəmbərlərin aşkar yollarından biridir. Dini qəbul edən insan üçün ilk vəzifə namazdır. Namaz dinin şərəfi və qüdrətidir. Şeytanın həmlələri qarşısında namaz möhkəm bir səddir. Namaza görə İlahi rəhmət nazil olar. Allaha doğru ən sevimli əməl namazdır. Həzrət Peyğəmbərin (s) son vəsiyyəti də namaz olmuşdur. O, namazı gözünün nuru adlandırırdı. Namaz insanı təqvaya və pəhrizə yaxınlaşdırır. İlahi mərifətdən sonra ən üstün əməl namazdır. O, dinin sütunudur. Qaydasınca qılınan namaz bağışlanma səbəbidir. Qiyamətdə də ilk öncə onun haqqında soruşular. Allah-Taalanın nəzər saldığı ilk əməl də namazdır. İlk hesaba çəkilən də namaz olar. Namaz insanı təkəbbürdən uzaqlaşdırır. Namazın qəbul olunması üçün təqvalı və pak olmaq, günaha yol verməmək lazımdır.
Namazı əvvəl vaxtında qılmaq axirəti dünyadan üstün tutmaqdır. Mömin şəxs üçün vaxtında qılınan namaz var-dövlətdən, ailə-övladdan, bir sözlə bütün dünya işlərindən üstündür. Namaz qılmayan kafirdir və öləndən sonra yəhudilər cərgəsində durar. Namazı yüngül sayan şəxs Allahı və onun rəsulunu inkar edir. Eləcə də namazı qaydasınca qılmamaq duanın qəbul olmasına maneçilik törədir.
YAXŞILIQ VƏ SƏDƏQƏNİN TƏRKİ
Xalqa ehsan, ehtiyaclılara sədəqə vermək Allahın razılığına, Onun rəhmətinə duanın qəbuluna nail olmaq üçün əsas səbəblərdəndir. İslam Peyğəmbəri (s) buyurur: «Sədəqə insandan yetmiş bəlanı uzaqlaşdırar...».("Əmaliye-Səduq”, 431.)«Sədəqə verin, xəstəliklərinizi sədəqə vasitəsi ilə sağaldın. Şübhəsiz ki, sədəqə narahatlıqları aradan qaldırar, xəstəlikləri dəf edər, ömrü və yaxşılıqlarınızı artırar».("Biharul-ənvar”, 90-336.)
Musa qövmündən olan Abod adlı bir saleh şəxs otuz il dua edib Allahdan övlad istəsə də duası qəbul olmurdu. O, bəni-İsrail peyğəmbərlərindən birinin yanına gedib dua istədi. Peyğəmbər ona dua etdikdən sonra dedi: «Ey Abod, sənin haqqındakı duam qəbul oldu və sənə tezliklə bir övlad əta ediləcək. Amma ilahi qəzavü-qədərdən həmin övlad toy gecəsi dünyasını dəyişəcək!»
Abod evə gəlib əhvalatı arvadına danışdı. Arvadı «hər halda, Allahın qəzavü-qədəri ilə razılaşmalıyıq», dedi. Abod dedi: «Hər ikimiz qocalmışıq. Olsun ki, övladımız yetkinlik yaşına çatanadək dünyamızı dəyişək və onun fərağını görməyək».
Doqquz aydan sonra Abodə gözəl bir oğlan uşağı əta edildi. Bu uşağın böyüməsi və tərbiyəsi üçün qocalar çox əziyyət çəkdilər. Nəhayət, oğlan ata-anasından ailə qurmaq üçün icazə istədi. Ata-ana övlada xatir bu işi nə qədər yubatdılarsa da, axırı ki, bir gün toy mərasimi quruldu. Toy gecəsi bəla saatını gözləməyə başladılar. Bəy və gəlin bu gecəni salamatlıqla başa vurdular. Bir həftə ötdü. Ata-ana sevinc içərisində dövrün peyğəmbərinin yanına gəldilər və dedilər: «Dua edib bizim üçün övlad istədin və dedin ki, toy gecəsi ölüm onu haqlayacaq. Amma bir həftə ötüb, oğlumuz isə sağ-salamatdır». Peyğəmbər (ə) dedi: «Təəccüblüdür! Mən o sözləri özümdən deməmişdim, Allahdan ilham edilmişdi. Görəsən, oğlunuzun hansı əməli bu qəzanı ondan sovuşdurub?» Bu vaxt Cəbrail-Əmin gəlib dedi: «Allah salam göndərib deyir: Qəza sənin dilinə gətirdiyim sözlər idi. Amma o gənc elə bir xeyir iş gördü ki, hökmünü ləğv etdim, başqa bir hökm verdim. Həmin gənc toy gecəsi yeməyə məşğul olduğu vaxt möhtac bir qoca gəlib yemək istədi. Gənc öz yeməyini qocaya verdi. Qoca yeməyi yeyib belə dua etdi: «Pərvərdigara! Onun ömrünü artır!» Mən bu duaya görə həmin gəncin ömrünü səksən il artırdım. Dünya əhli bilsin ki, mənimlə müamilədə kimsə zərər görməz və kimsənin mükafatı batmaz».("Biharul-ənvar”, 90-331.)
SÖYÜŞ SÖYMƏK VƏ BİABIRÇI SÖZLƏR DANIŞMAQ
Dil haqq və müsbət sözlər danışıb xalqı doğru yola yönəltməklə böyük savab qazana bildiyi kimi, məntiqsiz və çirkin sözlər danışıb qeybət və böhtana yol verməklə, əbədi əzaba düçar ola bilər. Din böyükləri deyirlər: «Dil kiçik günahı isə böyükdür».
Həzrət Peyğəmbər (s) buyurur: «Şübhəsiz ki, insanın bir çox xataları onun dilindədir».("İnfitar”, 13-14.) İmam Sadiq (ə) buyurmuşdur: «İnsanın işində şeytanın iştirak əlamətləri bunlardır: Söyüş söyən olsun, nə danışmaqdan və onun haqqında nə danışılacağından qorxmasın».("Maidə”, 27.) «Söyüş söymək batildir, batil isə atəşdədir.»("Muminun”, 101.)
Bir sıra rəvayətlərdə belə nəql olunur: «Müsəlman qardaşına söyüş söyən şəxsin ruzisindən bərəkət götürülər, o özbaşına buraxılar, yaşayış vasitələri məhv olar».("Taha”, 109.)
«Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul bəla»
(«Pərvərdigara, bəla nazil edən günahlarımı bağışla»)
Üç günah insana bəla nazil edər:
1. Qəlbisınıq insanın fəryadına diqqətsizlik;
2. Məzluma kömək etməmək;
3. Əmr be məruf və nəhy əz munkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin tərki.
QƏLBİSINIQ İNSANIN ÇAĞIRIŞINA DİQQƏTSİZLİK
Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir.
Şərik deyilsənsə özgə qəminə
Heç ümid bağlama vüsal dəminə.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil».("Həcc”, 21.)Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir.
İmam Sadiq (ə) buyurur: «Allah möminin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar. ... Möminin aclığını doyuran kəsə Allah behişt meyvəsi yedirər. Möminin susuzluğunu şərbətlə yatıran kəsin susuzluğunu Allah «rəhiqi məxtum» ilə yatırar».("Əmaliye-Mufid”, 136.)
İmam (ə) başqa bir hədisdə belə buyurur: «Hər kəs çətinlik zamanı mömin qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72-rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlasın».("Rəbiul-asar”.)
Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət Əli (ə) ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsənə (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun».("Biharul-ənvar”, 93-253.) Bəli, bu sözlər zülm və məzlum qarşısında möminin ən gözəl şüarıdır.
İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır».("Biharul-ənvar”, 93-120.)Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı ona kömək et».("Təfsire-burhan”.) «Ən gözəl ədalət məzluma yardım göstərməkdir».("Biharul-ənvar”, 4-111.)
İmam Sadiq (ə) buyurur: «Möminin zülmə düşmüş möminə yardımı bir ayın orucu, Məscidül-həramda etikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan mömin öz mömin qardaşına yardımçı olarsa, dünya və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda möminə yardım etməyi boşlayanı Allah dünya və axirətdə boşlayar».("Vəsailuş-şiə”, 20-155.)
İslam Peyğəmbəri (s) buyurur: Allah-Taala buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu görüb, gücü çatdığı halda ona yardım etməyəndən də intiqam alacağam».("İnfitar”, 10-12.)
ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN TƏRKİ
Qeyd etdik ki, «əmr be məruf və nəhy əz münkər» «yaxşıya dəvət və pisdən çəkindirmək»dir. Bu iki göstəriş dinin vacib buyruqlarındandır. Zəruri şəraitdə özü pak və uyğun hökmlərdən xəbərdar olan insan üçün bu vəzifələr vacibdir. Vacib olduğu halda bu iki vəzifəni tərk etmək böyük günahdır və əzabı vardır.
Bütün peyğəmbərlər dinin əsasını təşkil edən bu iki əmri yerinə yetirmək üçün göndərilmişlər. Bu əmrlər pozularsa, elm və elmə əməl etmək məhv olar, din aradan qalxar, azğınlıq ayaq tutub yeriyər, nadanlıq baş qaldırar, xalq arasında fəsad yayılar, şəhərlər xaraba qalar, insanlar uçuruma yuvarlanarlar.
«Ali-İmran» surəsinin 104-cü ayəsində buyurulur: «İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir». «Tövbə» surəsinin 71-ci ayəsində oxuyuruq: «Mömin kişilərlə mömin qadınlar bir-birlərinin vəlisidirlər. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlayar, namaz qılıb zəkat verər, Allaha və Onun rəsuluna itaət edərlər».
İslam Peyğəmbəri (s) buyurur: «Siz yaxşı işləri əmr, pis işləri qadağan etməlisiniz. Əks təqdirdə Allah pislərinizi (şər adamlarınızı) sizə qalib edər. Əgər belə olarsa, yaxşılarınız dua edər, amma duaları qəbul olmaz».("Fussilət”, 20.)
Həzrət (s) başqa bir rəvayətdə buyurur: «Xalqın gediş-gəliş yolunda oturmaqdan çəkinin». Ərz edilir ki, «bu, bizim söhbət yerimizdir, çarə nədir?» Həzrət (s) buyurur: «Onda yolun haqqına, qayda-qanuna əməl edin ... Naməhrəmə baxmayın, xalqa əziyyət etməkdən çəkinin, salama cavab verin, yaxşını əmr və pisi qadağan edin».("Nur”, 24.) «Yaxşını əmr və pisi qadağan etmək, Allahı zikr etməkdən savayı bütün danışıqlar insanın zərərinədir».("Yasin”, 65.)
İmam Baqir (ə) buyurur: Allah Şüeyb peyğəmbərə belə vəhy etdi: «Sənin qövmündən yüz min nəfərə əzab edərəm. Onların qırx mini şər, altmış mini yaxşı insan olar». Şüeyb ərz edir ki, bəs yaxşılara nə üçün? Allah buyurur: «Yaxşılar pislərə əl tutub onları pislikdən çəkindirmədilər, onlara etiraz etmədilər, mənim qəzəbimə xatir onlara qəzəblənmədilər».("Qaf”, 18.)
Həzrət Peyğəmbərdən (s) soruşdular ki, «İslamda ən yaxşı iş nədir?» Həzrət (s) buyurdu: «Allaha iman». «Sonra nədir»-deyə soruşdular. Buyurdu ki, «sileyi-rəhm.» Dedilər: «Bəs sonra?» Həzrət (s) buyurdu: «Yaxşını əmr və pisi qadağan etmək». Allahın qəzəbinə səbəb olan əməl haqqında soruşdular. Buyurdu: «Allaha şərik qoşmaq». Dedilər ki, bəs sonra? Buyurdu: «Sileyi-rəhimi kəsmək». Dedilər ki, sonra? Buyurdu: «Pis işə əmr və yaxşı işə qadağa.»("Zilzal”, 4.)
«Allahumməğfirli kullə zənbin əznəbtuhu və kullə xətiətin əxtətuha»
(«Pərvərdigara, batdığım günahları və yol verdiyim xətaları bağışla»)
İnsanın qəlbinə iz salmamış, sadəcə onu bəzən səhvə düçar edən günahlar «zənb» adlanır. Amma qəlbdə iz qoymuş, xasiyyətə çevrilmiş, insanı hər yerdə və hər vaxt özünə cəzb edən günaha «xətiə» deyilir.
İnsan Allah və bəndə arasında hörmət pərdəsini yırtan, əzaba düçar edən, nemətləri dəyişən, duanın qarşısını alan günahlarından tövbə etdikdən sonra Allaha belə ərz edir: «Allahım, istər kiçik, istər böyük, bilərəkdən və ya səhvən yol verdiyim, istər uşaqlıqda, istərsə cavanlıqda baş vermiş, istər gizlin, istər aşkar günahlarımı və xətalarımı bağışla. Çünki səndən başqa bu günahları və xətaları bağışlaya biləcək kəs yoxdur.»
Qurani-Kərimin «Zumər» surəsinin 53-cü ayəsində Allah-Taala buyurur: «Allahın rəhmətindən naümid olmayın. Heç şübhəsiz, Allah-Taala bütün günahları bağışlayar. O çox bağışlayan və həmişə mehribandır».
Ya Rəbb, bədnam oldum min bir günahla, Günlərim ötüşür fəryadla, ahla. Bu dövrün zülmünə çatmadı gücüm, Zülmətə qərq oldu gündüzüm, gecəm. Nəfsin hiyləsindən bəlaya düşdüm, Həvəslər ardınca həddimi aşdım. Saralıb könlümün sevgi qönçəsi, Ulduzlara həsrət görüş gecəsi. Bəlalar odunda yanır ciyərim, Sanki aqibətdən yoxmuş xəbərim. Düşüncə bağımda amansız xəzan Vaxtı dayandırmış zalım hökmüran. Bütün addımlarım günah, xətadır, Ümidlər qırılsa, həyat cəfadır. Rəhmət yağışında islat ruhumu. Dərgahına yetir tövbə ahımı. Vüsal hərəminə bir yol aç mənə Bu qurumuş könül cücərsin yenə. Səndən özgəsinə axmasın gözüm, Pak olsun əməlim, pak olsun sözüm. Tofiq şərbətindən içim doyunca, Üyüdülüm, sınım haqqa uyunca. |
«Allahummə inni ətəqərrəbu iləykə bizikrikə»
(«Pərvərdigara, Səni zikr etməklə Sənə yaxınlıq axtarıram»)