İKİNCİ FƏSİL
İNSANİ DƏYƏRLƏRİN İNKİŞAFINDA TARAZLIĞIN ZƏRURİLİYİ
Hər bir mövcudun kamilliyi digər bir mövcudun kamilliyi ilə fərqlidir. Məsələn «kamil insan» ilə «kamil mələk» arasında fərq vardır. Mələyin, özünün mümkün kamilliyinin ən yüksək və son dərəcəsinə çatması, insanın öz kamilliyinin ən yüksək və ali dərəcəsinə çatmasından fərqlidir.
İNSANLA DİGƏR MöVCUDLAR ARASINDAKI KAMİLLİYİN FƏRQLİ OLMASININ SƏBƏBİ
Bizi mələklərin mövcud olmalarından xəbərdar və agah edən şəxslər bildiriblər ki, mələklər sırf əql, düşüncə və fikirdən yaradılmış varlıqlardır. Belə ki, onlar dünyəvi və cismani cəhətlərə malik deyildir və onlarda qəzəb, şəhvət, nəfs və bu kimi hisslər yoxdur. Heyvanlar isə sırf dünyəvi məxluqlardır və onlarda Quranın «ilahi ruh» adlandırdığı şeydən heç bir şey yoxdur. İnsan yeganə varlıqdır ki, həm mələklərdə və həm də dünyəvi məxluqlarda olan şeylərə malikdir. O, həm mələklər və ruh aləminə və həm də maddi torpaq aləminə mənsub olan bir varlıqdır. Bu mətləb Üsuli-kafi kitabında nəql edilmiş bir hədisdə vardır. Həmin hədis buna oxşar məna ilə sünnü kitablarında da nəql edilib. Mövlana «Məsnəvi»də bu hədisi nəzmə çəkib. Onun məzmunu:
«Hədisdə gəlib ki, əzəmətli Xaliq dünyada olan məxluqları üç cür yaradıb.» Şerin davamında deyir ki, onların bir qrupu mütləq nurdan, digər bir qrupu isə qəzəb və şəhvətdən yaradılıb. Birinci qrupdan məqsəd mələklər, ikincidən isə heyvanlardır. Allah-taala, insanı isə mürəkkəb – yəni onların ikisindən yaradıb. Buna görə də kamil insan öz səviyyəsində kamala çatmış heyvandan fərqli olduğu kimi, kamil mələklə də fərqlidir.
İnsanın mələk və heyvandan fərqlənməsinin səbəbi, onun zatının tərkibidir ki, Quran həmin məsələyə belə işarə edib:
«Həqiqətən Biz, insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik...»
(İnsan-2).
Yəni, biz insanı çoxlu qarışıqları olan nütfədən yaratdıq. Məqsəd budur ki, bu günkü dillə desək, onun genlərində çoxlu istedadlar var. Ayənin davamında da deyir ki, insan elə bir mərhələyə çatıb ki, biz onu imtahana çəkirik. Bu çox mühüm sözdür. Belə ki, insan kamilliyin elə bir mərhələsinə çatıb ki, onu azad və ixtiyar sahibi olan məxluq kimi yaratmışıq və onu imtahan, sınaq, vəzifə, məsuliyyət və qiymətləndirilməyə layiq bilmişik. İnsanı müxtəlif istedadlara malik olan nütfədən yaratdıq və buna görə də onu imtahan, sınaq, mükafat və cəza mövqeyində yerləşdirdik. Amma digər mövcudlar belə bir ləyaqətə malik deyildir. Ayənin davamında isə belə buyurur:
«...Biz onu eşidən və görən yaratdıq.
Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].»
(İnsan 2-3).
İnsanın azadlıq və ixtiyarını, onun əsas və köklərini bundan yaxşı və gözəl şəkildə bəyan etmək mümkün deyil. Onu imtahan edərək sınadıq, haq yolunu ona göstərdik, indi onun özü öz yolunu seçməlidir.
Quranın bu ayəsindən məlum olur ki, «kamil insan» müxtəlif istedadlara malik mürəkkəb bir məxluq olduğu üçün «kamil mələk»dən fərqlənir.
DƏYƏRLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ TARAZLIĞIN QORUNMASININ ZƏRURİLİYİ
İnsanın kamilliyi onun tarazlığı və bütün cəhətlərinin bərabərliyindədir. Belə ki, insan bütün istedadlarına baxmayaraq, yalnız o vaxt kamillik dərəcəsinə çatır ki, özünün müəyyən bir istedadına meyl göstərərək digər istedadlarından üz çevirib onları tərk etməsin. O, bütün istedadlarını bərabər və uyğun şəkildə inkişaf etdirsə, kamillik dərəcəsinə çata bilər. Alimlər deyirlər ki, ədalətin həqiqəti tarazlıq və həmahəngliyə əsaslanır.
Burada tarazlıq və həmahəng olmaqdan məqsəd budur ki, insanın bütün istedadları inkişaf etməklə yanaşı bir-birinə uyğun inkişafa malik olsunlar.
Buna misal olaraq sadə bir məsələni göstərmək olar. İnkişaf etməkdə olan uşağın əl, ayaq, baş, qulaq, burun, dil, ağız, diş, mədə, bağırsaq, böyrək və s. daxili və xarici bədən üzvləri var. Bütün üzvləri bərabər inkişaf edən uşaq sağlam adlanır. Amma əgər kiminsə burnu (karikaturalarda olduğu kimi) inkişaf edib, bədənin digər üzvləri inkişafdan qalsa və ya təkcə gözü yaxud başı böyüsə və bədəni sabit və inkişafsız qalsa həmin insan barəsində də inkişaf kəlməsini işlətmək olar, amma bu, həmahəng və bərabər inkişaf deyil. Kamil insan odur ki, onda bütün insani dəyərlər, bir-biri ilə həmahəng surətdə inkişaf etmiş olsun və onların heç biri inkişafsız qalmasın. Bundan əlavə, həmin dəyərlərin hər biri özünün ən ali və yüksək dərəcəsinə çatmalıdır. Belə olan surətdə o, kamil insan adlanır. Quran belə bir insan barəsində «imam» kəlməsini işlədib.
«[Ya Məhəmməd!] Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə [bəzi əmrləri ilə] imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: «Səni insanlara imam [dini rəhbər, başçı] təyin edəcəyəm» – dedi...» (Bəqərə-124).
İbrahim müxtəlif və böyük ilahi imtahanlardan başı uca çıxdıqdan, onların hamısını arxada qoyduqdan və sonda ali qiymət aldıqdan sonra «imam» yəni kamil insan dərəcəsinə çatdı. İbrahimin böyük imtahanlarından biri öz əli ilə Allah yolunda övladının başını kəsməyə hazır olmasıdır. O, Allah müqabilində o qədər təslim olmuşdu ki, Allahın ona əmr etdiyini başa düşən kimi həmin işi heç bir sorğu-sualsız yerinə yetirməyə hazırlaşdı. «Onların hər ikisi [Allahın əmrinə] təslim olduğu və [İbrahim İsmaili qurban kəsmək üçün] üzü üstə yerə yıxdığı zaman.» (Saffat-103).
İbrahim, baş kəsməyə İsmail isə kəsilməyə tam hazır idi. «Biz ona belə xitab etdik: «Ya İbrahim!
Artıq sən röyanın düzgünlüyünü [Allah tərəfindən olduğunu] təsdiq etdin!...» (Saffat 104-105).
Yəni: Bizim istədiyimiz şey bura kimi idi. Biz sənin, doğrudan da övladının başını kəsməyini istəmirdik. Bilmək istəyirdik ki, sənin bizim əmr və razılığımız müqabilindəki təslim və tabeçiliyin hansı həddə qədər özünü göstərəcək.
İbrahim oda atılmaqdan tutmuş, övladını qurban etməyə qədər olan bütün imtahanlardan müvəffəqiyyətlə çıxdıqdan və təkbaşına bir millətlə mübarizə apardıqdan sonra ona belə xitab edilir: «Səni insanlara imam təyin edəcəyik.» Sən indi örnək, rəhbər və başçı olmaq dərəcəsinə çatmısan. Başqa sözlə desək, sən kamil insansan. Digər insanlar kamil olmaq üçün özlərini səninlə uyğunlaşdırmalıdırlar.
Əli (ə) kamil insandır. Çünki bütün insani dəyərlər onda özünün ən yüksək həddində və həmahəng surətdə inkişaf edib, yəni o, hər üç şərtə malikdir.
Tarazlıq və həmahənglik məsələsini bir az izah etmək lazımdır. Yəqin ki, dəniz suyunun vaxtaşırı çəkilmə və ya qabarmasını görmüsünüz və ya bu barədə eşitmisiniz. Dəniz suyu həmişə qabarma və ya çəkilmə vəziyyətindədir. Həmişə bu və ya digər tərəfdən çəkilməkdə və təlatümdədir. İnsan ruhu və ondan təşkil edilən cəmiyyət də dənizdə olan bu çəkilmə və qabarmaya malikdir. İnsan ruhu həmişə bu və ya o biri tərəfə çəkilməkdədir. Cəmiyyətlər də bu cürdür. Əlbəttə cəmiyyətlərin hansı tərəfə çəkilməsinin səbəbi şəxslər və ya digər cərəyanlar ola bilər, amma hər halda bu məsələ baş verir.
Hətta insanda olan insani dəyərlər də bu cürdür. Yəni siz bəzi insanlarla rastlaşırsınız ki, həqiqətən onların meylləri insani meyllərdir, amma bəzi vaxtlar insani meyllərin yalnız birinə doğru çəkilir və həmin istiqamətə meyl göstərirlər və digər dəyərlərin hamısını unudurlar. Bunlar, yalnız əl, qulaq və ya burun inkişaf edən adamlar kimidirlər.
Maraqlı məsələlərdən biri də budur ki, cəmiyyətlər çox vaxt yüz faizlik batil və puç yollara çəkilməklə azğınlaşır, haq bir məsələdə hədlərini aşdıqları üçün fəsad və pozğunçuluğa düçar olurlar. Elə insanların çoxu da bu yolla fəsada düşürlər.
MÜƏYYƏN BİR DƏYƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ HƏDDİ AŞMAĞIN NÜMUNƏLƏRİ
İslamın tamamilə təsdiq etdiyi insani dəyərlərdən biri də ibadətdir. İslam baxımından insanın Allah yolunda etdiyi hər bir iş ibadətdir. Amma burada bizim məqsədimiz namaz, dua, münacat və bu kimi ibadətlərdir ki, islami mətnlərin ayrılmaz hissələridir.
İbadət doğrudan da əsl dəyərdir. Amma əgər, diqqət edilməsə cəmiyyət hədsiz dərəcədə bu dəyərə doğru yönələr, islam yalnız ibadət etmək, məscidə getmək, müstəhəbbi namaz qılmaq, dua oxumaq, müstəhəbbi qüsl vermək və Quran oxumaq kimi başa düşülər. Cəmiyyət bu istiqamətdə həddini aşanda, qalan dəyərlərin hamısı məhv olur. İslam tarixində cəmiyyət və şəxslərin belə bir ifrata varmalarını görmək olar. Tam çərəsiz şəxslər bu mübaliğə və ifratlara yol veriblər və belə bir yola düşdükdən sonra tarazlığı qoruya bilməyiblər. Əlbəttə onlar bu işləri üçün elə də günahlandırıla bilməzlər. Həmin şəxs, Allahın onu mələk deyil, insan yaratdığını başa düşə bilmir. Çünki o, mələk olsaydı belə işlərə məşğul olmalı idi. Buna görə də insan, müxtəlif dəyərləri bərabər və həmahəng surətdə inkişaf etdirməlidir.
Əziz islam Peyğəmbərinə, səhabələrdən bir qrupunun ibadətə ifrat dərəcədə qərq olduqlarını xəbər verirlər. O həzrət narahat və əsəbi halda məscidə gələrək uca səslə belə deyir: «Bu dəstələrə nə olub? Nə olub? (Peyğəmbər sözlərini ədəbli ifadə ilə deyib. Ümumi dillə desək, məqsədi bu olub ki, onlar nə xəstəliyinə tutulublar?) Eşitmişəm ki, mənim ümmətimdə belə şəxslər peyda olublar. Mən sizin peyğəmbərinizəm, amma belə etmirəm. Heç vaxt gecəni səhərə kimi ibadət etmirəm. Gecənin bir hissəsini istirahət edirəm, yatıram. öz ailə işlərimlə məşğul olaraq onlara da vaxt ayırıram. Hər gün oruc tutmuram. Bəzi günləri oruc tutur, bəzi günləri isə yemək yeyirəm. Həmin dəstə və onların yolu ilə gedənlər mənim sünnəmdən xaricdirlər.»
Peyğəmbər, islami dəyərlərdən birinin inkişaf etdirilərək digər dəyərlərin unudulmasını, yəni cəmiyyətin yalnız bir tərəfə meyl göstərməsini müşahidə etdikdə onunla mübarizə aparır.
Əmr ibni Asın Məhəmməd və Abdullah adlı iki oğlu olub. Məhəmməd, atası kimi dünyapərəst, Abdullah isə nisbətən nəcib adam olub. Əmr, həmişə oğlanları ilə məsləhətləşəndə Abdullah atasını Əli (ə)-a tərəf dəvət edirmiş. Məhəmməd isə atasına belə deyərmiş. Əlidən xeyir görməyəcəksən, Müaviyənin yanına get. Bir dəfə Peyğəmbər Abdullahı görəndə ona belə deyib: Mənə xəbər veriblər ki, gecələr sübhə kimi ibadət edir və gündüzlər oruc tutursan. Abdullah deyib: Bəli, ey Allahın peyğəmbəri! Peyğəmbər (s) söhbətinin davamında ona belə buyurub: Amma mən elə etmirəm və bu cür etməyi düz də saymıram. Bu düz iş deyil, onu tərk et.
Bəzən cəmiyyət zahidliyə doğru çəkilir. Zahidlik və pərhizkarlıq mühüm həqiqətlərdəndir, inkaredilməz gerçəklikdir. O, mühüm təsir və faydalara malik dəyərlərdəndir. Bu dəyərə malik olmayan cəmiyyətin islam cəmiyyəti adlandırılması və ya səadət və xoşbəxtlik görməsi qeyri-mümkündür. Amma bəzən, bu dəyərin cəmiyyəti özünə tərəf çəkdiyini, orada zahidlikdən başqa bütün dəyərlərin məhv olaraq aradan getdiyini müşahidə edirik.
İslam dininin təsdiq edərək yüksək qiymətləndirdiyi qəti və inkaredilməz insani dəyərlərdən biri də xalqa və Allah bəndələrinə xidmət etməkdir. İslam peyğəmbəri bu məsələyə çox təkid edib. Qurani-kərim həmkarlıq, başqalarına kömək etmək və insanların bir-birlərinə xidmət etmələri barəsində belə buyurur:
«Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba [Allahın nazil etdiyi bütün kitablara] və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda [və ya mal-dövləti çox sevməsinə baxmayaraq] malını [kasıb] qohum-əqrəbaya, yetimlərə, yoxsullara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə [ehtiyac, yaxud xəstəlik üz verdikdə] və cihad zamanı [məşəqqətlərə] səbr edənlərdir...» (Bəqərə-177).
Amma bəzi vaxtlarda görürsən ki, Sədi kimi bir şəxs özünün əməldə belə olmasına baxmayaraq, şer xatirinə belə deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyil.»
(Əlbəttə Sədinin bu şeri barəsində on birinci fəsildə izahlar veriləcək). Bəziləri ibadətin yalnız və yalnız xalqa xidmət olmasını deməklə, ibadətin dəyərini inkar etmək istəyirlər. Onlar bu sözləri ilə islamda insan üçün nəzərdə tutulmuş zahidlik, elm, cihad və bu kimi ali və böyük dəyərlərin hamısını inkar etməyə çalışırlar. Onlar deyirlər ki, insanlıq yalnız Allah bəndələrinə xidmət etmək deməkdir. Xüsusilə müasir ziyalıların bəziləri çox-çox ali məntiq əldə etiklərini güman edir və öz fikirləri ilə ali məntiq olan həmin işin adını insanlıq və insanpərvərlik qoyurlar. İnsanpərvərlik nədir? Onlar bu sualın cavabında deyirlər ki, insanpərvərlik xalqa xidmət etməkdir və biz Allahın yaratdığı bəndələrə xidmət edirik. Bizim onlara sözümüz budur: Əlbəttə, Allah bəndələrinə xidmət etmək lazımdır, amma həmin xalq nə olmaq istəyir? Əgər Allah bəndələrinin qarınlarını doyuzduraraq, əyinlərinə paltar geyindirsək onlar üçün ibtidai işləri, yəni heyvanlara lazım olan işləri görmüş oluruq. Əgər biz onlara yüksək qiymət verməsək və ümumiyyətlə, bütün dəyərləri xalqa xidmətdə məhdudlaşdırsaq və həmçinin nə bizdə və nə də başqalarında digər dəyərlər olmasa, Allah bəndələri bir dəstə at və qoyun misalında olarlar. Biz, bu işimizlə bir dəstə heyvanın qarnını doyuzdurub, əyninə paltar geyindirmiş oluruq. Əlbəttə insanın, heyvanları doyuzdurması da bir işdir. Amma məsələ burasındadır ki, görəsən insanın ən yüksək dərəcəsi heyvanlıq dərəcəsində qalmaq və «mən»im xidmətimin ən yüksək dərəcəsi özüm kimi heyvanlara xidmət etmək və onların xidmətlərinin də ən yüksək həddi özləri kimi heyvan olan «mən»ə xidmət etmələridir?! Xeyir, insana xidmət etmək, çox böyük və yüksək dəyərdir, amma insanın insan olması şərti ilə! Həmişə demişik ki, Lumumba da insandır, Musa da. Əgər məsələ xalqa xidmətdirsə, onların hər ikisi xalqın nümayəndələridir, bəs nə üçün onların arasında fərq qoyursunuz? Əgər məsələ xalqa xidmətdirsə, Müaviyə ilə Əbuzər arasında nə fərq var? Onların ikisinə də xidmət etmək lazım deyilmi?!
Deməli, insanlığın yalnız xalqa xidmət kimi qiymətləndirilməsi və onun, bundan başqa heç bir dəyərə malik olmamasını iddia etmək də ifrata varmaqdır.