HƏYAT ÖLÜM-DİRİM MÜBARİZƏSİDİRMİ?
Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, «həyat ölüm-dirim mübarizəsidir» kimi bəzi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.
Hətta Fərid Vəcdi kimi bəzi müsəlman alimlər deyiblər ki, insanlar arasında döyüş və mübarizənin mövcudluğu zəruridir. Nə qədər ki, insan var, müharibə də olmalıdır. Müharibə bəşər həyatının toxunulmaz bir hissəsidir. Bunların fikrincə Quran da bu mətləbi təsdiq edir. Onlar bu iddialarında Quranın aşağıdakı ayəsinə istinad edirlər.
«...Əgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri möminlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr [rahiblərin yaşadığı monastırlar], kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı...»
(Həcc-40).
«...Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı...»
(Bəqərə-251).
Deyirlər ki, Quran bu ayələrdə müharibənin qanun və şəriətə uyğun bir şey olduğunu bəyan edib.
Amma demək lazımdır ki, həmin qrup şəxslər bu ayəni səhv başa düşüblər. Quranın bu ayəsi müdafiə məsələsini irəli sürür və xristianlığın əksinə olan bir fikir açıqlayır. Bu ilahi kitab «müharibə mütləq şəkildə məhkumdur və biz tam sülh istəyirik» deyən keşişin cavabında deyir ki, bəli, müharibə məhkumdur, amma haqq və həqiqətin müdafiəsi xatirinə olan müharibə deyil, təcavüzkarlıq xarakteri daşıyan müharibə pisdir! Cənab keşiş! Əgər müdafiə xarakterli müharibə olmasaydı, nə sən kilsəyə gedib ibadət edə bilərdin və nə də məscidə gedən mömin öz məscidində ibadətlə məşğul ola bilərdi. Məsciddə ibadət edən möminin ibadəti haqq və həqiqəti müdafiə edən əsgərin cəsurluqlarına borcludur. Cənab xristianlar! İbadətlə məşğul olduğunu güman edən sizlər də həmin əsgərə minnətdar olmalısınız.
Buna görə də, ola bilər ki, insan kamillik və yetkinliyin elə bir mərhələsinə çatsın ki, ümumiyyətlə təcavüzkar mövcud olmasın, qanuni və şəri döyüşlər belə baş verməsin. Deməli «həyat ölüm-dirim müharibəsidir» kimi ifadələrin (döyüş və toqquşmanın) həyatın zərurətlərindən olması mənasında işlədilməsi səhvdir.
Bəlkə də bəziləri üçün narahatedici olacaq bir mətləbə toxunmaq istəyirəm. Çünki bəzi gənclər onların meyl və istəklərinə zidd olan şeylər eşidəndə narahat olurlar.
İmam Hüseyn (ə)-a bir cümləni aid edirlər ki, nə mənası düzdür və nə də onun o həzrətdən olması heç bir kitabda yoxdur. Onun dillərə düşmə müddəti də 40-50 ildən çox deyildir. Deyirlər ki, imam Hüseyn (ə) buyurub: «Həyat əqidəyə malik olmaq və onun uğrunda mübarizə aparmaqdan ibarətdir.» Xeyir, bu söz əcnəbilərin fikirləri ilə düz gəlir. Onlar deyirlər ki, insan hər hansı bir əqidəyə malik olmalı və onun yolunda vuruşmalıdır. Quran haqdan söz açır. Quran baxımından cihad və həyat haqpərəstlik və haqq yolunda cihaddan ibarətdir, əqidə və onun yolunda cihad etməkdən yox! Əqidə həm haqq və həm də batil ola bilər. Əqidə bağlılıqdır, insanın zehnində minlərlə bağlılıq tapıla bilər. İnsanın hər halda bir əqidə və ideyaya sahib olmasının və onun yolunda cihad və səy etməsinin zəruriliyini deyən islam dini deyil, başqa bir məktəbdir. Onlar həmin əqidənin nədən ibarət olması barəsindəki suala cavabda deyirlər ki, əqidənin nə olması fərq etmir. Amma Quranın sözləri çox dəqiqdir. Bu səmavi kitab əqidə və onun yolunda cihad deyil, haqq və onun yolunda cihaddan söz açır. Quran deyir ki, sən əvvəl əqidəni islah etməlisən. Çox vaxt sənin ilk cihadın öz əqidənlə olur. Əvvəlcə əqidənlə cihad edərək düzgün və haqq əqidə əldə etməlisən, haqqı kəşf etdikdən sonra isə onun yolunda cihad etməlisən.
Deməli, qüdrətli və güclü insanın kamil insan olması fikri həyatın ölüm-dirim mübarizəsi olması nəzəriyyəsi üzərində qurulub. Bu nəzəriyyə də Darvinin «Həyat ölüm-dirim mübarizəsidir və heyvanlar həmişə ölüm-dirim mübarizəsi aparmaqdadırlar» fəlsəfəsinə əsaslanır. Biz bu fikirdə olanlara deyirik ki, əgər heyvanlar və insandan başqa digər varlıqlar belədirlərsə də, biz insanı bu cəhətdə onlarla bir hesab edə bilmərik. Çünki həmin söz müştərək həyat, qarşılıqlı rabitə, həmkarlıq, səfa-səmimiyyət və digər insani dəyərləri puç hesab edir. Bəs insanlar arasındakı bu səmimiyyət, vəhdət, həmkarlıq və məhəbbətlər nədir? Onlar bu sualın cavabında deyirlər ki, sən səhv edirsən! Bu həmkarlığı həmin mübarizə məcburi olaraq onlara qəbul etdirib. Həmin həmkarlıq, səmimiyyət və dostluqların arxasında mübarizə durur. Bunun necə olduğunu soruşanda isə belə deyirlər: İnsan həyatının əsası müharibə və mübarizədir. Amma insanlar böyük düşmənlə qarşılaşanda həmin böyük düşmən onlara məcburi dostluğu qəbul etdirir. Onların bu işləri əslində dostluq, səmimiyyət və həqiqət deyil və ola da bilməz. Böyük düşmənlə mübarizə üçün edilən əməkdaşlıqdır. Əməkdaşlıq və səmimiyyətlər daha böyük düşmənlə mübarizə aparmaq üçün yaranır. Həmin düşməni aradan götürsən görərsən ki, bir-birləri ilə dost olan həmin qruplar parçalanaraq iki düşmənə çevrildilər. Əgər onların bir qrupu da aradan getsə yerdə qalan qrupun özü parçalanacaq və bir-birləri ilə düşmənçilik aparacaqdır. Bu proses yerdə iki nəfər qalana kimi davam edəcək və əgər həmin iki nəfər tək olsalar və onların müqabilində üçüncü bir qüvvə olmasa, onlar bir-birləri ilə döyüşməyə başlayacaqlar.
Bu nəzəriyyə tərəfdarlarının fikrincə bütün dostluq, səmimiyyət, sülh, insanlıq və birliklər bəşəriyyətə mövcud düşmənçiliklər tərəfindən məcburi şəkildə qəbul etdirilib. Deməli, bunların nəzərlərinə əsasən, mübarizə və döyüş əsas xarakter daşıyır və həmkarlıqlar ondan doğan və onun nəticəsində yaranmış bir ünsürdür.
Əql məktəbi onu inkar edən müqabil nöqtəyə və eşq məktəbi onun fikir və prinsiplərini xülya adlandıran əks cəhətə malik olduğu kimi, qüdrət məktəbinin də əks-müqabil nöqtəsi vardır. Bəziləri ifrat şəkildə qüdrəti təhqir edərək insanın kamilliyini onun zəifliyində olmasını bildiriblər. Bunların fikrincə kamil insan qüdrətli olmayan insandır, çünki deyirlər ki, insanın güc və qüdrəti olsa o, təcavüzkarlıq edəcəkdir. öz şairlərimizdən olan Sədi yazdığı rübailərdən birində belə bir səhvə yol verib.
Mən an murəm ki dər payəm bemalənd Nə zəmburəm ki əz nişəm benalənd. |
Yəni, mən ayaq altında qalıb tapdalanan qarışqayam, tikanlı və sancmağımla nalə çəkdirən arı deyiləm.
Koca xod şokre in nemətqozarəm Ke zure mərdumazari nə darəm |
Yəni, mən bu nemətin şükrünü necə yerinə yetirim ki, xalqa əzab-əziyyət vermək gücünə malik deyiləm.
Xeyir, cənab Sədi! Məgər insan mütləq ya qarışqa, ya da arı olmalıdırmı ki, sən onlardan yalnız qarışqa olmağı seçirsən?! Sən nə qarışqa olub əl-ayaq altında əzil və nə də arı olub başqalarını sanc! Sədi həmin rübaini belə deməli idi:
Nə an murəm ki dər payəm bemalənd Nə zəmburəm ki əz nişəm benalənd Çequne şokre in nemətqozarəm Ke darəm zur və azari nədarəm. |
Yəni, nə ayaq altında tapdalanan qarışqayam, nə də tikan və sancmasından nalə çəkilən arı! Mən bu nemətə necə şükr edim ki, gücüm var, amma əzab-əziyyət verən deyiləm!
İnsanın gücü varsa və o, bununla yanaşı heç kəsə əziyyət etmirsə, şükr etməlidir. Amma gücü yoxdursa və heç kəsə əziyyət də etmirsə bu, buynuzu olmayan və başqalarını buynuzlamayan canlı misalındandır. Çünki buynuzsuzun buynuz vurmaması hünər və qoçaqlıq deyildir!? Buynuzu olub buynuz vurmamaq bir məsələdir!
Sədi başqa bir yerdə belə deyir:
Be didəm abidi dər kuhsari Qənaət kərde əz donya be ğari Çera qoftəm be şəhr əndər nəyayi Ke bari bənd əz del bər qoşai. |
Yəni, dağda bir abid gördüm ki, dünyanı tərk edərək yalnız bir mağaraya qane olub. Ona dedim ki, nə üçün şəhər içinə gəlib bir dəfə olsa belə ürəyinin düyünlərini açmırsan?
Sədi bu şerdə dağa pənah apararaq orada ibadətlə məşğul olan abidi vəsf edərək tərifləyir. Deyir ki, mən ona dedim ki, nə üçün şəhərə gəlib xalqa xidmət etmirsən? Abid bir səbəb gətirir, Sədi də susur. Sanki o, abidin dəlilini qənaətbəxş sayaraq qəbul edir.
Be qoft anca pəriruyan nəğzənd Çe qol besyar şod pilan beləğzənd. |
Bu, həmin abidin cavabıdır: O, deyir ki, şəhərdə pəri üzlü gözəllər var, əgər gözüm onlara sataşsa ixtiyarım, əlimdə olmadığı üçün özümü saxlaya bilmərəm, buna görə də gəlib özümü mağarada həbs etmişəm.
«Bərəkəllah» bu kamala! İnsan kamala çatmaq üçün gedib özünü haradasa həbs etməlidirmi? Bu ki, kamal deyil! Cənab Sədi! Quran sizə ən gözəl hekayətləri nəql edib. Quranın ən gözəl hekayətlərindən biri Yusifin əhvalatıdır. Yusifin əhvalatı Allahdan qorxub pis işlərdən çəkinənlərin və səbr edənlərin dastanıdır. Quran deyir ki, sən həm Yusif ol, ləzzət almaq üçün lazım olan bütün imkan və şərait mövcud olsun və hətta qapı belə bağlı olsun, amma eyni halda öz iffətini qoru və bağlı qapıları öz üzünə aç! Yusif subay və həddindən artıq çox gözəl bir gənc olub. O, qadınların dalına düşməkdənsə, qadınlar onun dalına düşürmüşlər. Hər gün ona yüzlərlə məktub və sifariş göndərilirmiş və hər şeydən üstünü bu olub ki, Misirin ən gözəl və tanınmış qadınları onun tam aşiq və vurğunu olublar. Züleyxa lazımı şəraiti hazırlayaraq onu ölüm ilə hədələyərək deyib ki, ya məni arzuma çatdıracaqsan, ya da səni öldürəcəm, qanını tökəcəm. Amma Yusif nə edir? O, Allaha əl açaraq belə deyir: «Yusif dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur...»
(Yusif-33).
Yusif deyir ki, ilahi, məni zindana göndər, amma bu qadınların cəngində giriftar etmə, şəhvətimi doydurmaq imkanına malikəm, amma bunu etmirəm. Quran bu cür olmağı öyrədir, Sədi kimi təlimlər vermir.
Deməli, bizim ədəbiyyatımızda bəzən insanın kamilliyinin onun zəifliyində olması deyilməsinə baxmayaraq, kamillik zəiflikdə deyil. Hətta Baba Tahir də öz şerlərinin birində bu mətləbi deyib:
Ze dəste didevo del hər do fəryad Hər ançe dide binəd del konəd yad |
Bura kimi dedikləri düzdür. Amma sonra deyir:
Be sazəm xəncəri nişəş zefulad Zənəm bərdide ta del gərdəd azad. |
Deyir ki, görürəmsə ürəyim istəyir, buna görə də ürəyimi rahat etmək üçün ucu poladdan olan bir xəncər düzəldib onunla özümü kor etmək istəyirəm. Burada demək lazımdır: Tutaq ki, gözlərini kor etdin, bəs qulağınla eşitdiyin şeyləri neyləyəcəksən? Qulağın da bəzi şeyləri eşidəcək və ürəyin, yenə də onları istəyəcək. Onda gərək qulaqlarına batıraraq onları da kar etmək üçün başqa bir xəncər düzəldəsən. Həmçinin daha artıq rahat etmək üçün gərək mütləq özünü axta da etdirəsən! Bundan sonra Mövlananın «Məsnəvi»də nəql etdiyi «quyruq, baş və qarınsız şir» kimi olacaqsan ki, Allah belə bir şir yaratmayıb. Baba Tahir əcəb kamil insan yaradıb!? Onun təsvir etdiyi kamil insan çox alidir! Onu təsəvvür etdiyi bu kamil insanın nə əli, nə ayağı, nə gözü, nə qulağı və ümumiyyətlə heç nəyi yoxdur!
Bizim ədəbiyyatımızda zəif və aciz insanlar yetişdirmək barəsindəki göstərişlər çoxdur. Amma yadda saxlamalıyıq ki, bəşəriyyət səhvə yol verir və həmişə ya ifrat ya da təfrit yolunu tutur. İnsan burada, islamın doğrudan da Allah tərəfindən göndərilmiş bir din olduğunu başa düşür. Adam Sokrat olanda bir tərəfi tutub səhv edir, Əflatun olanda başqa bir tərəfi və həmçinin İbni Sina, Mühyiddin Ərəbi, Mövlana, Niçe, Karl Marks, Jan Pol Sarter və s. olanda digər bir tərəfləri! Belə olan surətdə görürük ki, peyğəmbər bəşər ola-ola, onun məktəbi necə də ali, mütərəqqi və hərtərəflidir! Həmin şəxslər peyğəmbərlə müqayisədə şagirdlə müəllim kimi görünürlər. Sanki şagirdlərin hərəsi bir söz deyir və axırda müəllim ali və uca bir sözlə onların hamısını puça çıxarır. Hər halda zəiflik məktəbi də özü üçün bir məktəbdir.
Kamil insan barəsində digər bir məktəb də vardır ki, onu həm məhəbbət və həm də özünü tanıma məktəbi adlandırmaq olar.
Neçə min il bundan əvvəl Şərqi Asiyada çox ali fikir və düşüncələr olub ki, indi də bu barədə çox qədim hind kitabları mövcuddur. Onlardan bəziləri fars dilinə də tərcümə edilib ki, misal olaraq çox ali kitab olan «Opanişadha»nı göstərmək olar.
Bizim böyük ustadımız Əllamə Təbatəbai neçə il bundan əvvəl «Opnişadha»nı ilk dəfə oxuyanda çox təəccüblənmişdi. Əllamə Təbatəbai deyirdi ki, bu kitablarda çox-çox ali mətləblər var, amma onlara çox az diqqət edilib.
Bu məktəbdə, insanın bütün kamalları onun özünü tanıması ətrafında cəmlənib. Bu məktəbin sözü budur ki, «özünü tanı!» Əlbəttə «özünü tanı» cümləsini bütün peyğəmbərlər və həmçinin Sokrat da deyib. İslam peyğəmbəri də buyurub: «Kim özünü tanısa, Rəbbini tanıyar.» Bu məktəb isə yalnız insanın özünü tanımasına əsaslanır.
Qandinin bir neçə məqalə və məktubundan ibarət olan bir kitab tərcümə edilib ki, fikrimcə çox yaxşı kitabdır. Bu kitabın adı «Budur mənim dinim»-dir. Qandi bu kitabda deyir: «Mən Opanişadhanı oxuyanda üç şeyi başa düşdüm ki, bu üç şey mənim üçün bir ömürlük həyat dərsidir.» Qandinin qeyd etdiyi birinci əsas budur: «Dünyada yalnız bir həqiqət var və o, özünü tanımaqdır.» «özünü tanı!» Qandi bu mətləb əsasında əcnəbi dünyaya çox gözəl hücum edərək belə deyib: «Əcnəbilər dünyanı tanıyıb, amma özlərini tanımayıblar, özlərini tanımadıqları üçün də həm özlərini, həm də dünyanı bədbəxt ediblər.» O, bu söhbətində çox gözəl və ali sözlər deyib.
İkinci əsas budur ki, «özünü tanıyan həm Allahı və həm də başqalarını tanıyacaq.»
Üçüncü əsas isə budur: «Yalnız bir qüvvə, azadlıq və ədalət mövcuddur və o, özünə hakimlik qüvvəsidir. Kim özünə hökmranlıq etsə və özünü idarə edə bilsə, digər əşyalara da hökmranlıq edəcəkdir və bu, düzgün hökmranlıqdır. Dünyada yalnız bir yaxşılıq var və o, insanın başqalarını da özü kimi sevməsidir. Başqa sözlə desək, başqalarına da özümüz kimi baxmalıyıq.»
Bildiyimiz kimi, Hind fəlsəfəsində «əməllərə diqqət» və «özünə qapılmaq» kimi məsələlər vardır. Əlbəttə hal-hazırda o mürəkkəbləşərək bir sıra çətin və qəribə məşğələlər, təlimlələr və yoqa əməlləri şəklini alıb ki, mənim məqsədim bunlar deyildir. Hind fəlsəfəsinin əsası özünü tanıma, əməllərə diqqət, təxəyyülün uzaqlaşdırılması və öz həqiqətinin kəşfidir və burada insanın özünü tanımasından məhəbbət yaranır.
Deməli, bu məktəbin fikrincə kamil insan özünü tanıyan insandır ki, əgər o, özünü tanısa, özünə hökmranlıq edər və özünə hökmranlıq etsə, onda digərlərinə qarşı məhəbbət yaranar. İndi bu məktəbin adını istəyirsiniz «məhəbbət» məktəbi qoyun, istəyirsiniz də «tanışlıq və mərifət!»
Son iki-üç əsrdə bir sıra məktəblər yaranıbdır ki, onlarda fərdi cəhətlərə deyil, ictimai cəhətlərə daha çox meyl göstərilir. Onların biri «sinfi təbəqəyə bağlı olmayan insanı» kamil hesab edir və bildirir ki, insan hansısa təbəqədə, xüsusilə yüksək təbəqədə olsa həmişə naqis və eybli olacaqdır. Hətta deyirlər ki, ümumiyyətlə təbəqələrə bölünmüş cəmiyyətdə heç vaxt düz və sağlam insan mövcud ola bilməz. Bu məktəb insana yüksək dəyər vermədiyi üçün ideal kamil insana da çox inam bəsləmir. Bu məktəbin fikrincə kamil insan, təbəqəsiz və həmişə digər insanlarla bərabər vəziyyətdə yaşayan insandır.
Bəziləri isə insanın azadlıq və agahlığına daha çox təkid ediblər və onların, agahlıqdan məqsədləri ictimai şüurun inkişaf etdirilməsidir. Eksistanisializm məktəbi azadlıq, agahlıq və ictimai məsuliyyətlərə daha çox təkid edir. Bu məktəbin fikrincə kamil insan azad, agah, vəzifəsinə əməl edən və məsuliyyətli insandır. Azadlığın özü də qalmaqal və üsyan tələb edir ki, bunun özü də başqa bir məktəbdir.
Burada başqa bir məktəb də vardır və o, qüdrət məktəbinə çox yaxın olan «malikiyyət» məktəbidir. Bunların fikrincə, «kamil insan filosof olmalıdır», «kamil insan Allaha çatmalıdır» və bu kimi digər sözlər mənasız ifadələr və fəlsəfi uydurmalardır. Əgər insanlıq kamalına çatmaq istəyirsənsə, bəhrə aparmağa, daha çox yiyələnməyə çalış, varlığın nemətlərindən nə qədər çox bəhrələnsən o qədər kamil insansan; ümumiyyətlə kamil insan bəhrələnən insandır. Buna görə də insan kamalının hikmətlə deyil, elmlə, elmin isə təbiətin tanımasından ibarət olmasını deyənlər və təbiətin tanınmasını ona hökmranlıq, onun insana xidməti və bəşərin ondan bəhrələnməsi üçün istəyənlərin sözləri, sonda bu nöqtəyə qayıdır ki, elmin insan üçün olan dəyəri zati deyil, vasitə xarakterlidir. Elm insan üçün ona görə yaxşıdır ki, o, insanın təbiətə hakim olmasında vasitə rolunu oynayır və təbiəti insana ram edir və o, təbiəti insana tabe etdikdə bəşər ondan daha yaxşı bəhrələnərək fayadalanır. Deməli, insanları kamala çatdırmaq istəyirsinizsə, onları təbiətdən bəhrələndirməyə çalışmalısınız. Təbiətdən bəhrələnməkdən başqa digər bir kamal yoxdur. Elmi bu qədər müqəddəsləşdirmək və ona zati dəyər və zati kamal qail olmağın hamısı boş şeylərdir. Elm vasitədən başqa bir şey deyil, elm bəşəriyyət üçün inəyin buynuzu və şirin dişləri kimidir.
Əvvəlcə dediyimiz kimi, bunlar bir sıra nəzərlərdir. Gələcək söhbətlərimizdə islamın bunların hər biri barəsindəki nəzərlərini geniş şəkildə açıqlayacaq, onun əql, eşq, qüdrət, ictimai məsuliyyətlər və təbəqələrə bölünməmiş cəmiyyət barəsindəki baxışları və onları nə qədər dəyərləndirdiyini izah edəcəyik. Bunların hər biri geniş bəhslər tələb edir.
Burada ancaq bunu demək istəyirəm ki, insan kamalının təzahürlərindən biri onun ölümlə üzləşmə tərzidir. Çünki ölüm qoruxusu insanın ən böyük zəif nöqtələrindəndir və bəşərin alçalmaq, zillətlərə düçar olmaq kimi minlərlə bədbəxtlikləri bu qorxudan yaranır. Əgər insan ölümdən qorxmasa bütün həyatı dəyişər. Ən böyük insanlar ölümlə qarşılaşanda son dərəcə cəsurluqla, bəlkə ondan da artıq böyük hiss ilə – təbəssüm və gülərüzlə – ona tərəf gedənlərdir. (Əlbəttə məqsəd intihar deyil, hədəf yolunda olan ölümdür. Çünki onlar həyatda məsuliyyət daşıdıqlarını hiss edirlər. İntihar edən şəxs məsuliyyətdən boyun qaçırır). Məsuliyyətin yerinə yetirilməsi yolunda qarşıya çıxan ölüm səadət və xoşbəxtlikdir. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə cansız həyatdan başqa bir şey hesab etmirəm. Allah övliyalarından başqa heç kəs ölümə bu cür yanaşdığını iddia edə bilməz. ölüm onlar üçün bir mənzildən digər bir mənzilə köçməkdən, imam Hüseyn (ə)-ın dili ilə desək, bir körpüdən keçməkdən başqa bir şey deyil. İmam Hüseyn (ə) Aşura günü sübh çağı ətrafındakılara belə buyurdu: «Ölüm, üzərindən keçdiyimiz körpüdən başqa bir şey deyil! Ey mənim səhabələrim! Bizim qarşımızda bir körpü var və biz onun üzərindən keçməliyik, onun adı ölümdür, həmin körpünü keçəndən sonra təsəvvür edilməz yerə çatacağıq.» ölüm onlara yaxınlaşdıqca o həzrətin üzü daha da açılır, təbəssümlə dolurdu.
ömər Sədin yanında olan və hadisələri yazanlardan biri imam Hüseyn (ə)-ın həyatının son anlarında, yəni döyüş qurtardıqda və o həzrət halsız vəziyyətdə meydanda yerdə qaldığı vaxtda savab etmək məqsədilə ömər Sədin yanına gedib belə deyir: İcazə ver Hüseyn ibni Əliyə bir qurtum su aparım, onsuz da o getməlidir, bu suyu içib-içməməsinin sənə elə bir fərqi yoxdur. ömər Səd ona icazə verir. Amma həmin şəxs gedəndə görür ki, əvvəl və axır varlıqların lənətlənmişi olan Şimr İmamın müqəddəs başını əlində gətirir. İmam Hüseynə su aparan şəxs deyir: Allaha and olsun ki, imamın üzündə olan təbəssüm məni onun qətli barəsində fikirləşməkdən yayındırdı. Yəni imam Hüseyn (ə)-ın başı kəsiləndə dodaqları gülürmüş.
Bəli, kamil insan o şəxsdir ki, hadisələr ona təsir etməsin. Əli (ə) iqtisadi baxımdan ən aşağı iş sayılan fəhləlikdən tutmuş ən yüksək vəzifə sayılan xəlifəliyə kimi olan mərhələləri keçmiş bir şəxsdir. Məşhur alimlərdən biri deyir: Əli (ə) Karl Marksın fəlsəfəsini puça çıxarıb. Çünki o həzrət daxmada, sarayda olduğu kimi və sarayda, daxmada olduğu kimi yaşayırdı. (Məqsəd əsl saray deyil). Demək istəyir ki, Əli (ə) fəhləlikdə də xəlifə olduğu kimi fikirləşirdi. Buna görə də onları kamil insan adlandırırlar.
Biz bura nə üçün yığılmışıq? Kamil bir insanın əzasına! Əli (ə)-ı gecə basdırıblar, nə üçün? Çünki onun fövqəladə dost və vurğunları olduğu kimi, fövqəladə düşmənləri də olub. Əli (ə)-ın cazibə və dafiəsi kitabında dediyimiz kimi, bu cür insanların həm fövqəladə cazibələri və həm də güclü dəf etmə qüvvələri vardır. Bu insanların səmimiyyətin son həddində olan elə dostları olur ki, onlar üçün canlarından keçmək heç bir şeydir. Həmçinin onların misilsiz qaniçən düşmənləri, xüsusilə üzdəniraq müqəddəslər və həqiqətən iman və etiqadları olan, amma nadanlıqda giriftar olan Xəvaric kimi daxili düşmənləri olur. Əli (ə)-ın özü Xəvaric barəsində buyurub ki, onlar mömin, amma nadandırlar. O həzrət, Xəvarici Müaviyənin tərəfdarları ilə müqayisə edərək buyurub: «Məndən sonra xəvarici öldürməyin, onlar Müaviyənin adamlarından fərqlidirlər, onlar haqqı istəyirlər, amma axmaqdırlar, səhv ediblər, lakin o birilər (Müaviyənin adamları) haqqı tanıyaraq dərk edir və bilə-bilə onunla mübarizə aparırlar.»
Əli (ə)-ı o qədər dostunun olmasına baxmayaraq nə üçün gecə basdırıblar? Xəvaricin qorxusundan! Çünki onlar deyirdilər ki, Əli müsəlman deyil və bu qorxu var idi ki, gecə gedib o həzrətin qəbrini qazıb cənazəsini çıxaralar.
İmam Sadiq (ə)-ın həyatının sonuna, yəni təqribən yüz ilə kimi imamlar və onların yaxın və xüsusi adamlarından başqa heç kəs Əli (ə)-ın qəbrinin harada olmasını bilməyib.
Ramazan ayının 21-ci günü sübh çağı imam Hüseyn (ə) bir cənazə hazırlayaraq bir qrupa verdi ki, onu Mədinəyə aparsınlar və camaat Əlinin Mədinəyə aparılaraq orada dəfn edildiyini fikirləşsinlər. Yalnız Əli (ə)-ın övladları və bir qrup xüsusi şiə onun dəfn yerinin harada olduğunu bilirdilər. Həmin gecə xüsusi şiələrdən bir qrupu Əli (ə)-ın dəfnində iştirak etmişdi və onlar, Kufə yaxınlığında olan bir yerdə Əli (ə)-ın qəbrinin ziyarətinə gedirdilər. İmam Sadiq (ə)-ın dövründə xəvaricin kökü kəsildikdən və həmin qorxu aradan getdikdən sonra o həzrət Əlqəmə duasını nəql etmiş Sifvan adlı bir şəxsə göstəriş verdi ki, həmin yerdə bir əlamət və kölgəlik düzəltsin. Bundan sonra hamı Əli (ə)-ın qəbrinin orada olmasını başa düşdü və ora ziyarətə getməyə başladılar.
O həzrətin cənazəsini basdırmağa onun övladları və xüsusi şiələrdən olan bir neçə nəfər getmişdi. Həmin neçə nəfərdən biri Səsəə ibni Sohan adlı bir kişi olub. Bu şəxs Əmirəl-mömininin saf və pak qəlbli dostlarından və eyni zamanda söz ustası və xətib olub. O, Əli (ə)-ın hüzurunda da xütbələr oxuyub. Əmirəl-möminin (ə)-ı dəfn etdikdən sonra hamıda fövqəladə hüzn, hiddət və qəzəb yaranmışdı, hamı hiddətdən boğulur və ağlayırdı. Ürəyi bərk sıxıntıda olan Səsəə birdən Əli (ə)-ın qəbrinin torpağından bir ovuc götürüb başına tökür və əlini ürəyinin üstünə qoyub o həzrətlə danışmağa başlayır. «Salam olsun sənə ey Əmirəl-möminin! Sən nə qədər xoşbəxt yaşadın və nə qədər xoşbəxt dünyadan getdin! Sənin təvəllüdün Allah evində oldu, Allah evində də şəhid oldun. (Allah evindən Allah evinə kimi!) Əli can! Sən nə qədər də böyük idin və bu camaat nə qədər də kiçik idi. Allaha and olsun ki, əgər camaat sənin dediklərini icra etsəydi, yer və göydən nemətlər qaynayar, onlar maddi və mənəvi nemətlərdə qərq olardılar. Amma əfsus ki, camaat sənin qədrini bilmədi və sənin ali göstərişlərinə tabe olmaq əvəzinə sənə qan uddurdular, axırda da səni bu vəziyyətdə yarılmış başla qəbrə göndərdilər.»