Mühasibə rəvayətlərdə Hədislərdə də mühasibəyə çox əhəmiyyət vermişlər. Peyğəmbər(s) öz vəsiyyətlərindən birində Əbuzər Ğəffariyə buyurur: "Ey Əbuzər! Səndən sorğu-sual olunmamış özünlə hesablaş, çünki bu, qiyamətdə çəkiləcək sorğu-sualı daha asan edər. Səni yoxlamamışdan qabaq sən özünü yoxla. Özünü qiyamət günü üçün hazır saxla. Heç kim şərikin şəriklə hesablaşması kimi özü ilə ciddi hesablaşmasa, təqvalılardan sayılmaz. Təqvalı insan bilməlidir ki, yediyi, içdiyi və geydiyi şeylər haradandır. Görəsən, halal yolla qazanmışdır, yoxsa haram yolla? Ey Əbuzər! Allahın qayda-qanununa məhəl qoymayan və hansı yolla gəldi mal-dövlət qazanmaqdan qorxmayan şəxsi Allah da hansı yolla gəldi cəhənnəmə daxil edər.”(«Vəsailüş-şiə» XI
c/s-379 / hədis-7.) Başqa bir hədisdə o alicənabdan belə nəql olunur: "Sizdən sorğu-sual olunmazdan qabaq özünülə hesablaşın, əməlləriniz yoxlanılmamışdan əvvəl özünüz öz əməllərinizi yoxlayın. Özünüzü qiyamət gününə hazırlayın.”(«Mühasibətün-nəfs» səh. 13.) Nə barədə soruşulacaq? 1) Əhli-beytə məhəbbət Bir hədisdə Peyğəmbər(s) belə buyurur: "(Qiyamət günü) Allah bəndəsindən birinci soruşulacaq şey biz əhli-beytin məhəbbətidir.”(Biharül-ənvar” Beyrut
çapı: VII c/s-260 / hədis-8) Digər bir hədisdə o ali Cənab buyurur: «Qiyamət günü dörd şey barədə sorğu-sual olunmamış heç bir bəndə bir addım belə ata bilməyəcək: birinci, ömrünü nəyə sərf etməsindən; ikinci, cavanlığını harada və hansı yolda keçirməsindən; üçüncü, mal-dövləti hansı yolla qazanmasından və nəyə xərcləməsindən; dördüncü isə biz əhli-beytə məhəbbətindən soruşulacaqdır.»(Həmin mənbə: səh-258 /
hədis-1.) 2) Namaz. Əbi-Bəsir deyir: «İmam Baqir(ə)-dən belə eşitdim: İnsandan soruşulan ikinci əməl namazdır. "Qiyamət günü bəndədən sorğu-sual olunacaq birinci şey namazdır. Əgər namaz qəbul olunarsa, başqa əməlləri də qəbul olunar.”("Biharül-ənvar”: Beyrut
çapı: VII c/s-267 / hədis-33.) Allahın razılığını qazanmaq istəyən insan İlahinin ona bəxş etmiş olduğu bu nemətdən yaxşı istifadə edərək onu uca Yaradana ibadət və itaətdə sərf etməlidir. Həzrət Səccad(ə) Allaha belə ərz edir: "İlahi! Ömrümü sənin yolunda itaətə sərf etmək iqtidarında olanadək məni öldürmə, amma əgər ömrüm şeytana xidmətdə və azğınlıqda keçərsə, sənin qəzəbinə layiq olmamış məni tez öldür.”(Səhifeyi-Səccadiyyə» dua-20.) Buna görə də bu duanın başqa bir hissəsində həzrəti-Səccad Allahdan istəyir ki, onu özü ilə haqq-hesab çəkməkdə və əməllərinə yetişməkdə məvəffəq etsin: "İlahi! Mühəmmədə və onun ailəsinə salam göndər. Həyatın çətinliklərində mənə kömək ol. Mənə kömək ol ki, bu yükün ağırlığı mənə güc gəlməsin və başımı özümə qarışdırmasın. Ey mənim Allahım! Sabah qiyamət günü torpaqdan qalxanda sənin ədalətin qarşısında cavab verməli olacağam. Elə et ki, bu gün sabahımı fikirləşib üzərimdə olan vəzifəni sənin istədiyin kimi yerinə yetirim.”(Səhifeyi-Səccadiyyə» dua-20) Mühasibə edərkən bir neçə qaydaya riayət etmək lazımdır: a) Ən əvvəl bilmək lazımdır ki, nəfsi-əmmarə (pisliklərə sövq edən qüvvə) və özünüsevmə qüvvəsi insanı aldadıb gözəllikləri, çirkin, çirkinlikləri isə gözəl cilvələndirir. İnsan mühasibə zamanı özünə başqasının gözü ilə baxmalıdır. Hədislərdə vardır ki, mömin mühasibə edərkən özünə şərikin şərikə qarşı yanaşdığı kimi yanaşsın. Başqa bir ifadə ilə desək, özünün bütün hərəkət, xatirə, düşüncə və davranışlarını öz gözü önündə canlandıraraq heç bir güzəştə getmədən əməllərini araşdırsın. Peyğəmbər(s) buyurur: "Heç bir bəndə şərikin şəriklə hesablaşdığı və ya ağanın qulundan tələb etdiyi kimi özü ilə hesablaşmasa, mömin deyildir.”(Seyyid ibn Tavus: səh. 14.
«Mühasibətün-nəfs») Başqa bir hədisdə həzrəti-Əmirəl-möminin(ə)-dən mühasibə qaydası müfəssəl olaraq belə rəvayət olunur: "Bir nəfər həzrət-Əli(ə)-dən soruşdu: Özünü necə mühasibə etmək olar?» O Həzrət buyurdu: «İnsan gecəni gündüzə, gündüzü gecəyə başa vuranda axşam özünə qayıdıb desin: «Bu günün də belə keçdi. Bir daha qayıtmayacaq. Allah-təala səndən soruşacaq ki, bu günü necə keçirdin, hansı işi yerinə yetirdin? Allahı yada saldınmı? Onun həmdini və şükrünü yerinə yetirdinmi? Mömin qardaşının haqqını ödədinmi? Onun çətinliklərini həll etdinmi? Evdə olmayan zaman ailəsinə yetişdinmi? Öz namusundan, qeyrətindən istifadə etməklə başqalarının mömin qardaşına qarşı pis sözlər deməsinin qarşısını aldınmı? Bir müsəlmana belə kömək etdinmi? Axır bu keçən gündə nə etdin?» Sonra bütün əməllərini gözdən keçirsin. Əgər bir xeyir iş görübsə, Allaha şükr edib bu müvəffəqiyyətə görə ona təzim etsin, belə ki əməllərində hər hansı bir günaha və ya qüsura rast gələrsə, tövbə edərək Allahdan bağışlanmaq diləsin, bir daha günaha qayıtmayacağına söz verib Mühəmmədə və ailəsinə yenidən salam göndərmək vasitəsilə qəlbini paklayaraq günahının pasını yusun...”("Biharül-ənvar” XXVII c/s-70; «Vəsailüş-şiə» XI c/s-379). b) Mühasibə edərkən Allah əmrlərinə düzgün surətdə riayət edilib-edilməməsini bilmək üçün ilk olaraq vacib əməlləri yerinə yetirib haram buyurulmuş əməllərdən çəkinmək lazımdır. Sonra isə müstəhəb (bəyənilmiş) və xeyirxah əməllər yerinə yetirilsin. v) Haqq-hesab qurtarandan sonra əgər müsbət bir hal müşahidə edilsə, Allaha şükr edib ondan daha çox müvəffəqiyyət əldə etməsini, yox əgər günah etmiş olduğunu başa düşərsə, Allahdan bağışlanmasını diləyib hədərə getmiş vaxtlarının yaxşı əməllər və xeyirxah işlər görməklə əvəzini versin. Beləliklə, bu əməllər vasitəsilə buraxdığı səhvləri düzəltsin. Allah-təala buyurur: "....Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar...”(«Hud»-114). "....Pisliyin qarşısını yaxşılıq etməklə alırlar...”(«Rəd»-22). Yeddinci imam həzrəti-Musa ibn Cəfər(ə) buyurur: "Ey Hişam! Hər gün yaxşı işlər görüb onu artırmağa çalışmayan, günahlarından ötrü bağışlanmasını diləməyən və bir daha günaha qayıtmamaq üçün özünü mühasibə etməyən şəxs bizdən deyildir.”(«Tühəfül-üqul» Beyrut çapı:
səh.320.) Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə rəvayət olunur: "....Pis əməllərdən sonra yaxşı əməllər görmək nə qədər də gözəldir?! Yaxşı əməllərdən sonra pis əməllər görmək isə nə qədər də çirkindir?!”("Camei-əhadisi-şiə” XIV
c/s-320.) Nə üçün mühasibəyə əhəmiyyət vermirik? 1) Allahı unutmaq və özünə biganəlik Şübhə yoxdur ki, bu mühüm mövzuya diqqət yetirməyin səbəbi Allahı unutmaqdır. Allahı unudan şəxs özünə qarşı biganə olar. Özünə qarşı biganə yanaşan şəxs isə həvayi-nəfsinə (ehtiras və şəhvətinə) tabe olar. Nəhayət, həvayi-nəfsinə tabe olan şəxs isə həqiqətlərdən uzaqlaşıb bir daha öz gələcəyi haqda düşünə bilməz. Allah-təala «Quran»da buyurur: " Allahı unutduqları üçün Allahın da onları unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!”(«Həşr»-19). "....Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!”(«Kəhf»-28). Hər halda həvayi-nəfslə Allahı xatırlamaq, nurla zülmət bir yerə sığmaz. 2) Lovğalıq və yersiz ümid Mühasibəni tərketmə amillərdən biri də lovğalıq və yersiz ümiddir. Həzrəti-Əli(ə) "İnfitar” surəsinin 6-cı ayəsini ("Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?”) şərh edərkən qəflət yuxusuna dalmış insanları oyadaraq öz vəzifələrinə qarşı diqqətli olmaq üçün buyurur: "Bu lovğa insan cavabı çox əsassız və bağışlanmaq istərkən üzrü qəbul olunmayan bir məsuliyyət daşıyır. Buna baxmayaraq öz nadanlığında qalaraq lovğalıq və cahillikdən əl çəkmir... ....Ey insan! Niyə görə günah etməyə cürət edirsən? Allahın qarşısında nə lovğalanırsan? Səni həlak olmağa nə həvəsləndirir? Sənin bu xəstəliyinin əlacı yoxdurmu? Bu yuxudan oyanmayacaqsanmı? Niyə özgəsinə rəhm etdiyin kimi özünə rəhm etmirsən?... ....Sən ki birini qızmar günəş altda görərkən onun üzərinə kölgə salır, zəif bir xəstə görəndə onun halına acıyırsan, bəs niyə özünə bir gün ağlamırsan? Halbuki heç bir şey və heç bir kəs sənə canından əziz deyildir. Qəfil bəla qorxusu səni niyə bu yuxudan ayıltmır? Sən elə pis haldasan ki, Allaha itaət etməmək nəticəsində qəlbini qaraltmış, özünü onun qəzəbinə düçar etmisən!... ....Bu xəstəliyi özünə söz verməklə və möhkəm inamla müalicə et! Gözünü yummuş qəflət yuxusunu oyaq qalmaqla özündən qov! Allaha müti olub onu həmişə yad et..... ....Beləliklə, elə bir şeyi axtarmaqda ol ki, (üzrünün qəbul olunması üçün) onu bəhanə gətirib öz dəlilini ona istinad edə biləsən...Sakin olmayacağın dünyadan əbədilik və möhkəmlik azuqəsi toplayıb (axirət) səfəri üçün bir vasitə hazırla. Nicat qığılcımına göz dikib səfər azuqəsini öz miniyinə möhkəm bağla.”(«Nəhcül-bəlağə» (Sübhi-Saleh).) Yuxarıda qeyd etdiyimiz ayə və rəvayətlərdən özü ilə mühasibə etməyin zəruriliyi aydın oldu. Qeyd etdik ki, hesabsız ömür sürməyin aqibəti əbədi bir ziyanla sona yetir. Həzrəti-İmam Hadi(ə) buyurur: "Dünya elə bil bazardır. Kimi onda xeyir qazanır, kimi isə zərər.”("Biharül-ənvar”Beyrut
çapı: XXXV c/s-366.) Deməli, insan nə qədər ki sağdır, özü ilə hesablaşmalıdır. Dünyadan köçəndən sonra bir daha dünyaya qayıtmaq və itirilmişləri bərpa etmək mümkün deyildir. "Qurani-Kərim”də buyurulur: «Nəhayət, birinin ölümü çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!» Xeyr, bu, onun dediyi boş sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə vardır.” («Möminun»-99,100). Demək, Allahın insana verdiyi ömrün harada və nəyə sərf olunması barədə qiyamət günü soruşulacaqdır. Buna görə də çalışıb bu böyük nemətdən yaxşı istifadə etmək lazımdır. İnsan onun hər bir anını qənimət bilib qiyamət günü üçün özünə azuqə yığmalı, gecə-gündüz özünü mühasibə etmək fikrində olmalı, məhşər günü Allah hüzurunda cavab verməli olacağını həmişə nəzərdə tutmalı, ondan öz ömrünü necə keçirdiyi haqda sorğu-sual olacağı barədə düşünməlidir. Kim bu qiymətli nemətdən düzgün istifadə etməsə, ziyan çəkənlərdən olar. Allah-təala «Quran»da əsrə və zamana and içəndən sonra buyurur: "...İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! («Əsr»-2,3). Ziyan nədir? Ziyan əldən çıxmış əsas sərmayədir. Bu, hər an ötdükcə azalan və bir daha geri qayıtmayan insan ömrüdür. Əgər bu ömür iman, saleh əməllər, haqq tərəfdarı olmaqla və haqq yolunda cihad etməklə ötüb keçərsə, insan heç bir ziyana uğramaz. Bu anlar bir daha bərpa olunmaq qüdrətinə malik deyildir. Ömürdən qalan hissənin isə özünəməxsus vəzifə və məsuliyyətləri vardır ki, əgər müvəffəq olmağını fərz etsək, təkcə onun öz haqqını ödəyə bilərsən. Xülasə, insan qiyamət günü peşman və xəcalətli olmamaq üçün bu dünyada özü ilə hesablaşmalıdır. Biz belə nəticəyə gəlirik ki, ayə və rəvayətlərdə nəfsin mühasibəsi haqda olunan çoxlu təkidlər xalqın qəflət yuxusundan oyanıb əbədi həyata azuqə toplamasına görədir. Bu ayə və rəvayətlər fürsət əldən çıxmamış insanın özü üçün xeyir əməl yığmasını göstərir. Həzrət Əmirəl-möminin(ə) buyurur: "Ey Allah bəndələri! Elə indidən ayılın, çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin təxirə düşməsinə səbəb olar.)»(«Nəhcül-bəlağə» Feyzül
İslam: xütbə №187.) İnsan gündəlik əməllərinə nəzər salıb özü ilə hesablaşaraq özünü vicdan məhkəməsində mühakimə etdikdən və günahkar bildikdən sonra müatibə mərhələsinə, yəni tənqid məqamına yetişir. Bu mərhələdə insan şəxsən öz-özünü tənqid edib danlamalı, bu vasitə ilə özünü itirilmişlərin bərpası üçün hazırlamalıdır. Bununla belə, mühasibə zamanı insanın öz eyibləri ilə məşğul olmayıb başqalarına irad tutaraq özünü təmizə çıxarmasına diqqət etmək lazımdır. Bəziləri başqalarına eyib tutmaqla bilmədən özlərini təmizə çıxarır və günahı başqasının boynuna ataraq məsuliyyətdən qaçırlar. Xoş o adamların halına ki, xudbinlikdən əl çəkib batinlərində özlərini nəsihət edirlər. Özünüsevmə vadisində qalıb nəsihət qəbul etməyən və özündə heç vaxt bir eyib görməyən adamların vay halına. Əmirəl-möminin(ə) buyurur: "Özünü mühasibə edən, eyiblərini başa düşüb günahlarından xəbərdar olar. Belə bir şəxs, nəhayət, günahlarını yum0aqda və eyiblərini düzəltməkdə müvəffəqiyyət qazanar.”(«Şərhi-gürər» V
c/s-399/hədis-8927.) O Həzrət yenə buyurur: "Kim özünü tənqid edərsə, nəfsini islah, tərifləyərsə, məhv edər.”(«Şərhi-ğürər» V
c/s-445/hədis№ 9103.) Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur: "....Xoş o adamın halına ki, öz eyibləri onu başqasına eyib tutmağa qoymur....”(Həmin mənbə: s-446/hədis №
9104.) Yəni öz eyiblərinə başı elə qarışır ki, daha başqasına eyib tutmaq üçün macal tapmır. Bilmək lazımdır ki, müatibə iki mərhələdən ibarətdir: a) Özünütənqid; b) Tövbə və itirilmişlərin bərpası mərhələsi. Birinci mərhələdə nəfsi-ləvvamədən (özünü qınayan nəfs) qaynaqlanıb özünü tənqid etmək lazımdır. Bu mərhələ qəzəb və tənbeh mərhələsidir. Allah dostları özlərini tənbeh etmək fikri ilə gecə oyaq qalmaq, aclıq, oruc tutmaq, az danışmaq, təsirli zikrlər etmək, ehsan və bəxşiş vermək və s. kimi əməllərlə itaətə gəlməyən nəfsi ram etməyi özlərinə zəruri bir hal kimi qəbul etmişlər. Əmirəl-möminin buyurur: "Kim özünü tənbeh etməsə, məhv olar.”(Qürər» mündəricat: s-389/hədis
№ 8193.) Ayətullah Brucerdi(r.ə) haqqında belə danışırlar: Tələbələrdən hər hansına qarşı acıqlanarkən həmin şəxsdən üzr istəməkdən əlavə bu səhvi düzəltmək üçün özünü tənbeh etmək qəsdilə o günün səhərini oruc tutmağı nəzir edərdi. Tənbeh və ədəbləndirmək Məsumların(ə) həyatı və müqəddəs şəriət ölçüləri ilə o qədər uyğun gəlmişdir ki, belə əməllərə bizə gəlib çatmış sünnətlərdə də rast gəlinir. Lakin bəzi sufi şeyx və ariflərinin tənbeh barədə nəql etdikləri - özünü yandırma, özünü məşəqqətli əməllərə məcbur etmə, cəmiyyətdən kənara çəkilmə və ya ömür boyu sükutda olmaq və s. bu kimi əməllərdir. Bunlara kitab və sünnədə rast gəlinmir. Belə hərəkətlər müqəddəs şəriətdən və övliyalarının həyat tərzindən xaricdir. Allah isə daha yaxşı biləndir. İkinci mərəhələ olan tövbə, istiğfar və itirilmişlərin bərpası barədə isə keçən bəhslərdə müfəssəl olaraq qeyd etdik.
|