XVI FƏSİL Fürsət və imkan ciddi diqqət yetirilməli vacib məsələlərindəndir. Həyatda hər bir şəxs üçün elə bir fürsət və imkanlar ələ düşür ki, bunlar bir daha geri qayıtmır. Həzrəti-Əli(ə) buyurur: «Fürsət bulud kimi tez ötüb keçir. Xeyir işlərdə fürsət tapan kimi vaxtı qənimət bilib ondan istifadə edin....»(«Şərhi-ğürərül-hikəm» II c/
s.573 / hədis №598.) «Qurani-Kərim»də xeyir işlərdə insanları tələsməyə və bir-birilə müsabiqəyə dəvət edilərək buyurulur: «Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan müttəqilər üçün hazırlanmış Cənnətə tələsin» («Ali-İmran» - 133). «Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın.....» («Bəqərə» - 148). Peyğəmbər(s)-dən belə nəql olunur: «Həyatda elə anlar olur ki, rəhmət mehi əsir. Ayıq olun və bundan istifadə edin.»(«Məhəccətül-beyza»: V c/ s.15.) Ehtiyatın tələskənlikdən üstün olmasına baxmayaraq, əlverişli fürsətdən faydalanıb tələsmək bəyənilmişdir. Həzrəti Əli(ə) buyurur: «Fürsət tez ötüb keçir və gec qayıdır.»(«Qürər» mündəricat: s.304.) Peyğəmbər(s)-dən belə nəql olunur: «Üzünə xeyir qapıları açılan şəxs gərək onun qədrini bilsin, çünki bu qapıların onun üzünə nə vaxt bağlanacağından xəbərdar deyil.»(«Əlmüstədrəkül vəsail» II c/
s.350.) Əmirəl-möminin(ə) buyurur: «Əhəmiyyətli məqamlar istisna olmaqla digər hallarda ehtiyat və gözləmə mövqeyinə çəkilmək tələskənlikdən yaxşıdır.»(«Qürər» mündəricat: s.304.) Başqa bir hədisdə nəql olunur ki, fürsəti əldən vermək qəm-qüssə və peşmançılığa səbəb olar. Yenə o Həzrətdən belə nəql olunur: «Fürsəti əldən vermək axmaqlıq və nadanlıq əlamətidir.»(yenə orda: s.304.) Fürsətdən istifadə etmək əql və zəkanın təzahürü olduğundan həzrəti Əli(ə) buyurur: «Ən üstün insan odur ki, fürsəti əldən verməsin və qəm-qüssəyə səbəb olan şeyləri özü üçün hazırlamasın.»(«Qürər» mündəricat: s.304.) Başqa bir hədisdə yenə möminlərin Mövlası (ə) buyurur: «Fürsətdən istifadə və axirət səfəri üçün azuqə toplamaq təqva əhlinin qaydasıdır.»(yenə orda: s.304.) Şeyx Tusi «Əmali» adlı kitabında Peyğəmbər(s)-in Əbuzərə buyurduqlarından birini belə nəql edir: "Ey Əbuzər! İki nemət vardır ki, insanların çoxu bu nemətlərdə ziyana uğramışlar. Bunlar sağlamlıq və xatircəmlikdir». Sonra yenə buyurdu: «Ey Əbuzər! Dünyada beş nemət var ki, onları əziz tutub qənimət hesab et: cavanlığın qədrini bil qocalmamış; sağlamığının qayğısına qal xəstələnməmiş; malına qənaət et yoxsullaşmamış; vaxtından istifadə et başın dünya işlərinə qarışmamış; həyatının qədrini bil ölüm yetişməmiş.» |