XIX FƏSİL Gözəl rəftar və xoş davranış Əvvəlki bəhslərdə nəfsi saflaşdırmada böyük əhəmiyyət kəsb edən məsələlərdən birinin də insanlarla xoş davranış olduğunu qeyd etdik. Bu məsələyə İslam əxlaqında xüsusi yer verilmişdir. Gözəl rəftar barədə Peyğəmbər(s) buyurur: «Sizlərdən ən üstün olanınız əxlaqi cəhətdən gözəl olanınızdır. Əxlaqı gözəl olanlar özlərini bu işə hazırlayıb başqaları ilə mehriban və səmimi davranırlar.»(«Üsul Kafi» II c/s-102) Burada bir neçə məqamı nəzərinizə çatdırmaq istərdik: 1.Əvvəla, gözəl əxlaqın ədalət, şücaət, təvazökarlıq, comərdlik, fədakarlıq, mükafat, nəfsin sağlamlığı və s. kimi fəzilətlərlə əlaqədar olmasına baxmayaraq, gülərüz, insanlarla mehriban və səmimi olmağın özü də gözəl əxlaq sayılır. Adamlarla səmimi davaranan və gülərüz insan əxlaqlı hesab edilə bilər, çünki bu xüsusiyyət ruhun fəzilət və sağlamlığından irəli gəlib, gözəl bir xislətə söykənmişdir. 2. Müqəddəs dinimizdə bütün fiqhi, hüquqi, siyasi, əxlaqi, vicdani, ibadət və ticari, bir sözlə, bütün fərdi və ictimai məsələlər haqda çoxlu şəri qayda-qanunlar vardır. Bunlardan bir çoxu qeyri-məcburi əxlaqi dəyərlər kimi qəbul olunmuşdur. Əxlaqi məsələləri də iki qrupa - məcburi və qeyri-məcburi bölmək olar. Əgər bir məsələ sırf əxlaqi və sünnəti məsələlər cərgəsində yer almışsa, buna görə onu qeyri-məcburi hesab etmək olmaz. Məsələn, sadiqlik, fədarkarlıq, yaxşılıq və s. bu kimi əməllər elə məsələlərdir ki, onun bəzi məqamları xüsusi şəraitdə vacib əməllərdən hesab olunur. Əxlaqi mövzu olmasına baxmayaraq, ona riayət etmək lazımdır. Həqiqətdə, belə əməllər digər vacib əməllərin istinad mənbəyidir. Belə olan halda bu əməllər necə müstəhəb və qeyri-məcburi ola bilər? Mənim nəzərimcə, əxlaqi məsələlər mənəviyyatla bağlı olduğuna və hüquqi nöqteyi-nəzərdən təqib olunmadığına görə bəzilərinin bunları müstəhəb əməllərdən hesab etməsi məntiqəuyğun deyil. Allah-təala «Nəhl» surəsinin 90-cı ayəsində ədalətlə yaxşılığı eyni sırada yerləşdirib bir ifadə ilə hər ikisinin mühümlüyünü bildirir. Ola bilməz ki, bir söz iki məfhumu-vacib və qeyri-vacib məfhumlarını ifadə edə bilsin. İnsan güzəşt və xeyirxahlıq kimi xüsusiyyətlərə malik olmayınca ədalətli ola bilməz. Xeyirxahlıq özündənrazılıq və dardüşüncəliliklə ziddiyyət təşkil edir. Bədxah insan nəinki buna riayət etməyi özünə borc bilmir, heç başqalarının hüququna məhəl də qoymur. Buna görə də deyə bilərik ki, xeyirxahlıq ədalətin özülüdür. Əslində, hər bir hüquqi məsələ əxlaqi və mənəvi dəyəri özündə ehtiva edir. Hüquqi məsələlər məhkəmə araşdırmaları və təhqiqata malikdir. Əxlaqi məsələlərdə isə bu baxımdan heç bir təhqiqat, araşdırma və istintaq yoxdur. Həqiqətdə isə, insan ağlı üçün əsas və yeganə meyar onun ruhunun sağlamlığı və mənəviyyatının saflığıdır. Belə ki, Allah-təala bu barədə buyurur: «O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!». («Şüəra»-88,89.) 3. Əxlaqi-sünnəti əməllər böyük ictimai əhəmiyyətə malikdir. Sağlam cəmiyyət qurmaq istəyiriksə, məhz bu əsaslara söykənib insani, islami qanunlarla yaşamaq lazımdır.Mədəniyyətsiz cəmiyyət heyvani bir cəmiyyətdir. Belə cəmiyyətdə insani, mənəvi və ictimai bağlılıqlar bir-birindən qırılaraq insanlar arasındakı münasibət və əxlaq normaları dayaqsız qalır. 4. Namaz, oruc, həcc, xüms, zəkat, yaxşılığa dəvət və pislikdən çəkindirmə kimi ibadətlər müəyyən qanunlara əsaslanrı və bu qayda-qanunlarsız edilən ibadətlərin boş, quru müqəvva tək heç bir mahiyyəti olmadığı kimi, ictimai münasibətlər və ticarətdə də elə qayda-qanunlar vardır ki, bu qanunlarsız onların heç bir əhəmiyyəti yoxdur. Başqa sözlə desək, bu qanunları silməklə insan və cəmiyyət cansız, şüursuz robota çevrilir. Onun insani və ilahi xəlifəlik həyatı vəhşi heyvani həyat və şüursuz robot şəklini alır. 5. Əxlaqi-ictimai prinsiplər əsasında yaşayış və insanlarla mehriban rəftar haqda olan hökmlər islam əxlaqında xüsusi əhəmiyyətə malikdir. Ayə və hədisləri mütaliə etməklə məsələnin əhəmiyyəti daha qabarıq şəkildə özünü biruzə verir. İnsan şəxsiyyəti və qabiliyyətinə ehtiram ali mənəvi dəyər kimi qəbul olunur: «Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.» («İsra» - 70). 6. İslam əxlaqında ruhun saflaşması ilə birbaşa bağlı olan prinsiplərə əhəmiyyət verilməsinə baxmayaraq, bu din həyati bir din olduğundan bütövlükdə mənəvi təkamül və tərəqqi üçün bir vasitədir. Nəticədə isə, insan həyatının heç bir hissəsi mənəvi həyatdan ayrı deyildir, onun üçün də burada mənəvi təmizlənməyə belə geniş və əhatəli yer verilmişdir. Başqa sözlə desək, islam ictimai tə1limlərdə də insanı boş fəzaya, insan həyatının həqiqətlərindən uzağa aparmır. Demək, islamın ictimai əsasları mənəviyyatla sıx bağlılıq təşkil edir. Bunun üçün də həyatın qayda-qanunları və insanlarla xoş davranış həqiqi və ilahi rəngə boyanmış bir müsəlmanın xüsusiyyətlərindən, islam cəmiyyətinin tərəqqisi və təkamülü üçün lazım olan əsas vasitələrdəndir. Konkret desək, islamda hər bir hökm iki məna daşıyır: mənəvi və ictimai. İctimai qayda-qanunlar ictimai yük daşıdıqları halda, eyni zamanda da mənəvi dəyərə də malikdirlər. Məsələn, gözəl əxlaqlı bir müsəlman salam verməklə həm başqalarına hörmət qoyur, həm də təvazökarlıq göstərərək təkəbbür və qüruru öz ruhundan təmizləyir, bir güllə ilə iki hədəfi nişana alır. Bu, bir tərəfdən ictimai əlaqəni möhkəmlədir, digər tərəfdən də şəxsi «Mən» bütünü sındırır. (Yəni öz qürurunu sındırır). Bu ölçü ilə bütün hökmlərdə hər iki cəhəti nəzərdə saxlamaq olar (İslam dinini həyatın bünövrə və qayəsi qəbul etmək şərti ilə). İslam əxlaqı ictimai qayda-qanunlarla o qədər zəngindir ki, hamısını burada qeyd etmək mümükün deyil. Aşağıda ən çox əhəmiyyət kəsb edən məsələləri qeyd edirik: 1) qohum-qardaşın hüququ (sileyi-rəhm); 2) din qardaşlarının hüququ; 3) qonşuların hüququ və onlarla davranış qaydası (qonşuluq); 4) xəstələri yoluxmaq; 5) danışıq qaydası və dilin bəlaları; 6) dini rəhbərlərlə davranış; 7) elm öyrətmə və öyrənmə qaydaları, qarşılıqlı ustad-şagird hüquqları; 8) iclas qaydaları, ümumi və ictimai məsələlərdə qəti qərara gəlmə; 9) evə daxil olma qaydası; 10) ümumi məclislərdə görüşlərin qaydası; 11) geyinmək və bəzənmək qaydaları; 12) əfv və güzəşt; 13) sadaqət. Sileyi - rəhim (qohumluq əlaqəsi) Əxlaq nişanələrindən, islami və insani dəyərlərdən, insanlarla xoş davranmağın əlamətlərindən biri də sileyi-rəhmdir. (yaxın qohum-qardaşa baş çəkmək və onlarla mütəmadi əlaqə). Bir neçə məsələyə toxunmağı özümüzə vacib bilirik: 1) Rəhim (qohumluq telləri) nədir və qohumlar kimlərdir? 2) Əqrabalıq rabitəsi dedikdə nə başa düşülür? 3) «Quran» və qohumluq telləri. 4) Hədislər və qohumluq. 5) Qohumluğun müsbət təsiri. 6) Qohumluq əlaqələrini kəsmək və onun mənfi təsirləri. 7) «Quran» baxımından əlaqələri kəsmək. 8) Hədislərdə qohumluq əlaqələrini kəsmək. Qohumluğun iki növü vardır: 1) nəsəbi (soy, nəsil). 2) səbəbi. Qan qohumluğuna nəsəbi qohumluq deyilir. Məsələn, ata, ana, bacı, qardaş, əmi, bibi, dayı, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə nigah vasitəsilə əmələ gəlir. Məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu. Sileyi-rəhim (qohumluq əlaqəsi) nədir? İnsan öz qan qohumları ilə mütəmadi olaraq əlaqə saxlamalı, onlarla əlaqəsini kəsməməlidir. Qohumlar xarakter cəhətdən bir-birilə fərqləndiyinə görə onların hər birinə fərdi yanaşıb xasiyyətlərinə uyğun davranmaq lazımdır. Bəzən bircə telefon danışığı bu bağlılığın möhkəmlənməsinə xidmət edir. Qohumlarla əlaqəni tamamilə kəsmək böyük günahlardandır. Bir sözlə, başqalarından artıq hüquqa malik olana qarşı mehribanlıq və onların dərd-sərinə yetişmək sileyi-rəhm adlanır. Buna görə də fiqhdə qan qohumlara daha artıq yer verilir. (Maddi cəhətdən imkanlar çox olarsa, qohumlar arasında kasıb şəxslərin hüququ başqalarından daha artıqdır). Belə məsələlər fərdi və ictimai əhəmiyyət daşıdığından İslamda buna çox böyük yer verilir, belə ki «Quran»da qohumlara yardım dövlətlilərin öhdələrində olan vəzifələrdən biri kimi hesab edilir. «Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola də səpələmə!» («İsra» - 26). «Yaxın qohuma, yoxsula, (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!» («Rum»-38). Başqa bir ayədə isə xeyirxah insanın sifətləri açıqlanarkən belə buyurulur: «...Xeyirxah insanlar o şəxslərdir ki, mal-dövləti çox sevmələrinə baxmayaraq (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir....» («Bəqərə» - 177). Bu ayələrdən belə başa düşülür ki, qohumluq əlaqəsi imkansız əqrabaya əl tutub, ehtiyacını ödəməkdir. Sileyi-rəhim təkcə yaxınlara baş çəkib hal-əhval tutmaqdan ibarət deyil. Əksinə, qohumluq əlaqəsi mehribanlıq və səmimiyyətlə möhkəmlənməli, daha da genişlənməlidir. Çox vaxtlar gediş-gəliş bəzi ailələr üçün narahatlığa səbəb olur, xüsusilə bu kimi hallara qonaq qarşılamaq üçün heç bir imkanı olmadıqda daha çox rast gəlinir. «Quran»da qohumluq əlaqəsi. «Quran» baxımından qohumluq əlaqəsi o qədər əhəmiyyət kəsb edir ki, Allah-təala onu özünə (Allaha) pərəstiş kimi qəbul edir. Bu haqda bir neçə ayəyə nəzər yetirək: «Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: «Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!»- deyə əhd-peyman aldıq...» («Bəqərə»-83). «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçülara), sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!» («İsra»-36). Başqa bir ayədə isə qohum-əqrəba sözü Allahın adından sonra qeyd olunmuşdur: «....(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrinin kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» («Nisa»-1). «Qurani–Məcid»də sileyi-rəhimin bu qədər təkidlə vurğulanması və qohumların Allahın adından sonra qeyd olunması-bütün bunlar sileyi-rəhimin müqəddəs islam dinində nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bütün bu təkidlər bir daha sübut edir ki, belə vacib əməli tərk etməyin sonu xoşagəlməz aqibətlə bitir. Hədislər qohumluq əlaqəsi haqqında. Hədislərdə bu bəyənilmiş gözəl əməl yüksək qiymətləndirilmiş və dəfələrlə onu yerinə yetirmək tövsiyə olunmuşdur. Cəmil ibn Dərrac adlı bir nəfər İmam Sadiq(ə)-in «Nisa» surəsinin birinci ayəsindəki «ərham» (qohumlar) sözünün mənasını belə açıqladığını söyləyir: «Burada qohumlar «insanlar» mənasında işlənmişdir. Allah-təala insanlarla əlaqə yaratmağı əmr etmiş və bunu yüksək qiymətləndirmişdir. Bu sözü Allah-təalanın öz adı ilə bir sırada yerləşdirdiyini məgər görmürsənmi?»(«Təfsiri Bürhan» I
c/s-338 / hədis -1. «Təfsiri əssəqəleyn» I c / s-437 / № 25.) Qohumluq əlaqələri və onun müsbət təsirləri. • Uzunömürlülük: Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ömrün uzun olmasıdır. Səkkizinci imam buyurur: «Ömrünün tamam olmasına üç il qalmış bəndənin ömrünü qohumlarla rabitəni kəsmədiyinə görə, ola bilsin ki, Allah-təala otuz il uzatsın. Allah istədiyini edər.»(«Üsul Kafi» II c/ s-150
/ hədis-3.) «Biz ömrün uzun olması üçün qohumlarla gözəl münasibət yaratmaqdan başqa heç bir vasitə tanımırıq. Bu, uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrünün tamam olmasına üç il qalmış insanın ömrünü həmin işi davam etdirdiyinə görə Allah-təala otuz il artırar, belə ki qalan ömrü otuz üç il olar. Ömrünün tamam olmasına otuz üç il qalmış insanın ömrünü isə sileyi-rəhimi tərk etdiyinə görə (qəti rəhim) otuz il azaldıb üç il edər.»(«Üsul Kafi» II c/ s-152
/ hədis-17.) Başqa bir rəvayətdə isə belə söylənilir: «İmam Baqir(ə) və yaxud imam Sadiq(ə) (Ravi özü tərəddüd etmişdir) Müyəssər adlı bir şəxsə buyurdu: -Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən. Onlara həmişə yaxşılıq edirsən?! Müyəssər dedi: -Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O mənə iki dirhəm muzd verirdi. İki dirhəmin birini bibimə, digərini isə xalama verirdim. Sonra İmam(ə) buyurdu: -Allaha and olsun! Ölümün iki dəfə yaxınlaşmışdı, lakin bu, sileyi-rəhiminə görə təxirə salındı.(«Biharül-Ənvar» Beyrut
nəşri: XXXI c/s-100) • Ruzinin artması: Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ruzinin artmasıdır. İmam Səccad(ə) bir hədisdə Peyğəmbər(s)-dən belə nəql edir: «Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, gərək qohumluq əlaqəsini kəsməsin....»(«Üsul Kafi» II c/s-156 /
hədis-29) «Sileyi-rəhim ömrü uzadır, yoxsulluğu və kədəri dağıdır.»(Biharül-Ənvar» Beyrut
nəşri: XXXI c/s-88) «Ruzisinin bol olmasını və əcəlinin təxirə salınmasını istəyən qohumlarla yaxşı münasibətdə olsun.»(«Mişkatül-Ənvar» səh -166.) • Əməllərin saflığı. Əməllərin saflaşması hədislərdə sileyi-rəhmin müsbət təsirlərindən biri kimi qeyd olunur. İmam Baqir(ə) buyurur: «Sileyi-rəhim əməlləri paklaşdırır, bəlanı qaytarır, mal-dövlətə bərəkət verir, ömrü uzadır, ruzini bol edir, insanı qohum-əqrəbanın və ailənin sevimlisinə çevirir. Buna görə də Allahdan qorxub qohumlarla mehriban rəftar etmək lazımdır.»(«Üsul Kafi» II c/s-152 /
hədis-13) • Qiyamət günü haqq-hesabın asanlaşması: İmam Sadiq(ə) buyurdu: «Sileyi-rəhim qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyur.»(«Biharül-Ənvar» XXXI
c/s-104,132; «Üsul Kafi» II c/s-157.) • Şəhərlərin abadlaşması: İmam Sadiq(ə) buyurur: «Sileyi-rəhim və qonşularla mülayim rəftar şəhərləri abadlaşdırır, ömürləri uzadır.»(«Üsul Kafi» II c/s-122 /
hədis-14.) • Sileyi-rəhim dinin bir hissəsidir: Peyğəmbər(s) buyurur: «Hal-hazırkı ümmətimə, burada olanlara və olmayanlara, hələ dünyaya gəlməyən gələcək nəsillərə tövsiyə edirəm ki, araya bir il fasilə düşsə belə, yenə də sileyi-rəhim etsinlər, çünki sileyi-rəhim dinin bir hissəsidir.»(«Mişkatül-Ənvar» s-165;
«Biharül-Ənvar»: Beyrut nəşri: XXXI/s-105; «Üsul Kafi» II c/s-151 / hədis -5;
«Məhəccətül-Beyza» III c/s-430.) Bütün bunlar qohumluq əlaqələrinin müsbət təsirləridir. «Quran» nəzərindən sileyi-rəhmin tərk olunması Şübhəsiz, sileyi-rəhmi tərk etmək böyük günahlardan sayılıb axirət əzabına səbəb olur. «Qurani- Kərim»də bu pislənir. • Sileyi-rəhmi tərk edənlər Allahın lənətinə düçar olmuşlar: «Əgər Məhəmməd(s)-dən üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət elədiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!» («Mühəmməd»-22,23). «Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir.» («Rəd»-25.) • Sileyi-rəhim etməyənlər fasiqlərdən və ziyana uğrayanlardandır. Başqa bir ayədə Allah-təala onunla əhd bağlayıb sonra qohumluq əlaqələrini tərk edənləri ziyana uğrayanlardan hesab edir: «O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərələ dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünya və axirətdə) ziyana uğrayanlardır!» («Bəqərə»-27). Qeyd: Bəziləri belə güman edir ki, sileyi-rəhim haqda bu qədər təkidli tövsiyələr yalnız maddi imkanlara malik olub öz yaxın qohum-əqrəbasına kömək etmək iqtidarına malik olan şəxslərə aiddir. Maddi imkanları və başqalarına kömək etmək qüdrəti olmayan şəxslərə isə qohumlarla xoş rəftar, gözəl əlaqə yaratmaq aid deyil. Bu, yanlışdır, çünki qohumluq əlaqələrini davam etdirmək istəyən şəxsin dövlətli olması şərt deyildir, əksinə bu işi yerinə yetirməkdə məqsəd qohumluq əlaqələrini möhkəmlətmək olduğundan müqəddəs islam dinidə buyurulur ki, bu vəzifəni bir içim su, onlara əziyyətdə çəkinmək və ya bir-birinə salam verməklə də yerinə yetirib, Allah-təalanın sileyi-rəhmə verdiyi əcr və savabdan faydalanın. Əziz Peyğəmbər(s)-imiz buyurur: «Bir içim su ilə də olsa, sileyi-rəhim et. Qohum-əqrəbana və yaxınlarına qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən, narahat etməyəsən.»(«Biharül-Ənvar» Beyrut
nəşri: XXXI c/s-88. «Mişkatül-Ənvar» səh.- 166) «Salam verməklə də olsa, qohumlarınızla öz aranızda mehribanlıq yaradın.»(«Əlmucazatun nəbəviyyə»
səh-80.) Əmirəl-möminin(ə) bu barədə buyurur: «Salam verməklə də olsa, sileyi-rəhim edin.»(«Üsuli Kafi» II c/s-155
/ hədis-22.) |