İbadət edərkən bəzənmək «Qurani-Kərim»də buyurulur: «Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...» («Əraf»-31). Geyim bəzək nümunələrindəndir. Gözəllik sevgisi, zövq, müxtəlif zinət əşyalarına maraq insanın fitrətində olub, onun mənəvi fəzilətləri ilə bağlıdır. Bütün insanlar yaxşı geyinməyi sevir, hər cür gözəllikdən zövq alırlar. Geyim haqda Məsumlardan(ə) çox hədislər nəql olunmuşdur. Bəhrani «Əraf» surəsinin 31-ci ayəsinin təfsirində yazır: «Həzrəti-imam Həsən Müctəba(ə) namaz qılarkən ən gözəl libaslarını geyərdi. O Həzrətdən bunun səbəbini soruşduqda buyurmuşdu: «Allah-təala gözəldir və gözəlliyi də sevir. Buna görə də mən ibadət edərkən ən gözəl libaslarımı geyirəm, çünki Tanrı buyurmuşdur: «Hər ibadət vaxtı gözəl libaslarınızı geyin...» Demək, mənim gözəl libas geyinməyimdən Allahın xoşu gəlir.»(«Təfsiri-Bürhan» II
c/s-10; «Təfsiri-Nurus səqəleyn» II c/s-19.) Bəhrani yenə yazır ki, İmam Sadiq(ə) gözəl bir libas geyinmişdi. Əbbad ibn Kəsir o Həzrəti gördükdə İmamın belə gözəl geyiminə görə etirazını bildirib dedi: «Sən Peyğəmbər(s) ailəsindənsən. Atan (Əli(ə)) belə libas geyməzdi. Onun geydiyi paltar çox sadə idi. Niyə belə gözəl paltar geyinibsən? Sadə və ucuz paltar geyinsəydin yaxşı olmazdımı?» İmam Sadiq(ə) buyurdu: «Vay olsun sənə ey Əbbad! Allahın bəndələri üçün yaratdığı gəzəllik və pak ruziləri kim haram etmişdir? Allah-təala istəyir ki, əta etdiyi nemətlərindən bəndəsi tam surətdə istifadə etsin.»(«Təfsiri Bürhan»:
c-2/s-11/hədis-4; «Vəsailüş-şiə»: c-3/s-347.) Peyğəmbər(s)-in xalqla görüşü Bu haqda Təbərsi İmam Sadiq(ə)-in atası Mühəmməd Baqir(ə)-dən nəql etdiyi rəvayəti belə söyləyir: Bir nəfər Peyğəmbər(s)-in evinə gəlib içəri daxil olmaq üçün icazə istədi. Peyğəmbər(s) otaqda olan su dolu qabın qarşısında dayanıb suya baxdı, saçını-saqqalını darayıb çölə çıxdı. Qayıdanda Ayişə soruşdu: -Ey Allahın Rəsulu! Sən Adəm övladlarının ən yaxşısı və Allahın Rəsulusan. Niyə suya baxıb saçını-saqqalını darayırsan? Peyğəmbər(s) buyurdu: -Ey Ayişə! Allah-təala xoşlayır ki, mömin öz din qardaşı ilə görüşərkən səliqəli olsun.(«Məkarimül-əxlaq»:
Beyrut nəşri: s. 96) Peyğəmbər(s) başqalarına da təmiz və səliqəli olmağı buyurardı. Hədisdə nəql olunur: Bir nəfər Rəsuli-Əkrəm(s)-in görüşünə gəlmişdi. Üst-başı, geyimi çox səliqəsiz idi. Peyğəmbər(s) ondan soruşdu: -Dünya malından nəyin var? Kişi belə cavab verdi: -Dəvə, at, qoyun və s. Bu zaman Həzrəti-Mühəmməd(s) belə buyurdu: -Allah-təala insana var-dövlət əta etdikdə insanda onun əlamətini görməyi xoşlayır.(«Əlmüsdərək əla
əs-səhiheyn» IV c/s-181) Məsum İmamlardan(ə) da buna oxşar tövsiyələr edilmişdir. Əmirəl-möminin(ə) buyurmuşdur: «İnsan yad adamlar qarşısında özünü bəzədiyi kimi, yaxın və din qardaşları qarşısında da özünü səliqəyə salmalıdır.»(«Fürui Kafi» VI c/s-43;
«Biharül-ənvar» Beyrut nəşri: XXXVI c/s-298; «Məkarimül-əxlaq» Beyrut nəşri: s.
98.) İmam Sadiq(ə) buyurmuşdur: «Allah-təala kiməsə bir nemət əta etdikdə bəndənin həmin nemətdən bəhrələnməsini xoşlayır, çünki Yaradan gözəldir və gözəlliyi də sevir.»(«Fürui Kafi» VI c/s-438) Başqa bir hədisdə buyurur: «Allahın əta etdiyi neməti gizlətməkdən xoşum gəlmir.»(«Firu Kafi» VI c/s-439.) Qeyd: Burada bir neçə mətləbə diqqət yetirmək lazımdır: «Qurani-Kərim»dən belə başa düşülür ki, insan bütün hallarda normal həddə riayət etməli, ilahi qayda-qanunlardan istifadə etmək bəhanəsilə həddən artıq bəzənib israfa yol verməməlidir: «...Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! («Əraf»-31). İmam Sadiq(ə) buyurur: «Gözəl libas geyin və özünü bəzə. Çünki Allah gözəldir və gözəlliyi də sevir, lakin ehtiyatlı ol ki, libasını şəri və halal yolla əldə edəsən.»(«Biharül-ənvar» Beyrut
nəşri:XXXVI c/s-306) Xeyir-bərəkət duası: Əmirəl-möminin(ə) buyurur: «Peyğəmbər(s) mənə belə öyrətmişdir ki, təzə paltar geyərkən əlini qaldırıb dua et. De: «Özümü bəzəmək və camaat arasında abır-həyamı qorumaq üçün mənə libas verən Allaha həmd olsun! İlahi! Sənin yolunda çalışıb məscidləri abadlaşdırmağa görə bu libası mənim üçün bərəkətli et.»(«Vəsailüş-şiə» III
c/s-373.) Şöhrət libasından çəkinmək Peyğəmbər(s) buyurmuşdur: «Dünyada şan-şöhrət libası geyənə Allah-təala zillət və alçaqlıq libasını geyindirər.»(«Əlmucazatun nəbəviyyə»: s.
119) Həzrəti-Əba Əbdillahil Hüseyn(ə) belə buyurmuşdur: «Kim şöhrət libası geyərsə, Allah-təala qiyamət günü ona yanar paltar geyindirər.»(«Füru Kafi» VI c/s-445;
«Vəsailüş-şiə» III c/s-354) İmam Sadiq(ə) buyurmuşdur: «Allah-təala şan-şöhrət libasını xoşlamır.»(Yenə orada) Peyğəmbər(s) belə ərz etmişdir: «Kim şöhrətpərəstlik edib özünü öyərək bir paltar geyinərsə, cəhənnəm atəşinin şöləsi onu əhatə edər, O, həmin alovün içində həmişəlik olaraq batar.»(«Vəsailüş-şiə» III
c/s-369.) İmam Sadiq(ə) buyurmuşdur: «İnsanın nadanlıq və alçaqlığına elə bu dəlalət edər ki, barmaqla göstərilməsinə səbəb olan minyə minsin, yaxud libas geyinsin.»(«Vəsailüş-şiə» III
c/s-354.) Əfv və güzəşt (başqalarını təqsirindən keçmək, buraxdıqları səhvlərə göz yummaq) əxlaqi dəyərlərdən və davranış qaydalarındandır, çünki cəmiyyətdə az adam tapılar ki, haqqı tapdalanmasın, şəxsiyyəti incidilməsin. Həyatın davamı əfv və güzəştə bağlıdır, çünki hamı öz hüququnu tələb etməkdə ciddi olub kiçik bir səhvə belə göz yummazsa, həyat çox acı olar, səfa və səmimiyyət cəmiyyətdən tamamilə silinib, insanlar arasında həmkarlıq, əməkdaşlıq və mehribanlıq telləri qırılar. «Qurani Məcid»in bir çox ayələrində belə buyrulur ki, bəndə özü üçün bu bəyənilmiş qaydanı (bağışlamaq) seçsin, əgər din qardaşında bir səhv görərsə, onun təqsirindən keçsin. «Quran»da bir yerdə belə buyurulur: «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!»(«Əraf»-199). Əfv etmək təqvalıların xüsusiyyətlərindəndir. Başqa bir ayədə Allah-təala bağışlamağı və güzəşti təqvalıların xüsusiyyətlərindən hesab edir və buyurur: «O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.»(«Ali-İmran»-134). «...Əfv edib, başqalarının səhvlərinə göz yummalısınız! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!»(«Nur»-22). «...Amma onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (Allah da sizi bağışlayar). Çünki Allah bağışlayandır, rəhm edəndir!»(«Təğabun»-14). Burada bir incəliyi qeyd etməyimiz yerinə düşərdi. Yuxarıda və buna oxşar ayələrdə əvf və güzəşt sözlərinin birgə işlənməsinin təkid niyyətilə olmasına baxmayaraq, Racib İsfahani bu haqda buyurur: «Əfv və səfh (güzəştli bağışlama, ayənin ərəbi mətnində bu söz işlənmişdir. Odur ki, qrammatik və məna baxımdan bu iki söz «əfv» və «güzəşt» arasında fərq vardır) eyni mənanı ifadə edib hər ikisinin başqalarının təqsirindən keçmək və göz yummaq mənasında işlənməsinə baxmayaraq «səfh» (güzəştli bağışlama) bu mənaya daha yaxındır. Çünki «səfh» sözündə güzəştin mənasından əlavə üzə çəkməmək, rəqibin günah və təqsirinə göz yummaq mənası da var. Bir kəsi cəzaya məhkum edəndən sonra onun əfv edilməsi mümkündür. Amma «səfh»-də insanın günahına göz yumub üzünə çəkmir, günahkar üzr istəyərkən onunla elə davranırsan ki, elə bil heç günah etməyib. «Əfv» örtmək mənasında, «səfh» isə göz yummaq mənasındadır. Əfvdə günahı nəzərə alıb üstünü örtür və təqsiri bağışlayırlar, amma səfhdə günahı tamamilə görməməzliyə vururlar. «Qurani Məcid»də əfv barədə buyurulur: «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalimləri sevməz!» («Şura»-40). Burada günahın baş verməsi və cəzaya layiq görülməsi nəzərə alınaraq buyurulur: «Bağışlayıb barışan kəsin əcri Allah yanındadır. Allah zalimləri sevməz.» Ancaq səfh barədə buyurulur: «Onlara güzəştə get və «Salam»-de...» («Zuxruf»-89). Yəni onlarla yaxşı davran, mülayim rəftar et. «..Sən onlara güzəştə get.(və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!)» («Hicr»-85). Yəni müşrikləri nadanlıqlarına görə danlama. Onların sənə qarşı etdikləri pislikləri üzlərinə vurma. Rağib yazır: « «Səfh» günahkarı danlamayıb günahını üzünə vurmamaqdır.» Həzrət Yusif(ə) qardaşlarına dedi: «Bu gün sizə (eşitdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!...» («Yusif»-92). Yusif(ə) onları bağışlamaq üçün özünü heç də haqlı hesab etmir, əksinə onlara Allah-təala tərəfindən bağışlanmalarını mücdə verir. Səkkizinci İmam(ə) «Hicr» surəsinin 85-ci ayəsinin təfsirində buyurur: «Səfhin mənası danlamadan, üzə vurmadan bağışlamaqdır.»(«Təfsiri Bürhan» II
c/s-353.) Bir sözlə, «səfh» «əfv»-dən daha çox bəyənilmişdir. Məntiq alimlərinə görə, «əfv» və «səfh» kiçik bir məna fərqi vardır, belə ki hər «səfh» «əfv»-dir, amma hər «əfv» «səfh» deyildir. Bəzi rəvayətlərdə «Əraf» surəsinin 199-cu ayəsinin («Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!») nazil olması haqda belə yazırlar: «Peyğəmbər(s) bu ayənin mənasını Cəbraildən soruşdu (ki, camaatla necə rəftar etsin), Cəbrayıl dedi: -Bilmirəm, gərək Alimdən (yəni Allah-təaladan) soruşum. İkinci dəfə nazil olub Peyğəmbərə(s) dedi: -Ey Mühəmməd! Allah-təala buyurur ki, sənə zülm edənləri bağışla, səndən əsirgəyənlərə sən əta et, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat.(«Təfsiri Məcməül-bəyan»
Seyda nəşri: II c/s-512.) Həzrəti-Mühəmməd (s) bir hədisdə əfv və güzəşti dünya və axirətin ən gözəl əxlaq nümunəsi hesab edərək buyurur: «Sizə dünya və axirətin ən gözəl əxlaqının nə olduğunu deyimmi? Səninlə əlaqəni kəsən şəxslə əlaqə yaratmaq, səni (Allah nemətlərindən) məhrum edən şəxsi bağışlamaq, sənə pislik etmiş şəxsin təqsirindən keçmək (güzəştə getmək dünya və axirətin ən gözəl əxlaqıdır.)»(«Biharül-ənvar» Beyrut
nəşri: XXVIII c/s-399) Bağışlamaq insanın hörmətini artırır Başqa bir hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: «Bağışlamaq və güzəştə getməyi özünüzə adət edin, çünki bağışlayıb, güzəştə getmək insanın hörmət və əzəmətini artırar. Deməli, bir-birinizə qarşı güzəştə gedin ki, Allah yanında əziz olasınız.»(«Üsul Kafi» II
c/s-108/hədis-5; «Əlhəqaiq fiməhasini əxlaq»: s. 75.) «Yamanlığa qarşı yaxşılıq edənin Allah-təala izzət və əzəmətini artırar.»(«Təfsiri Məcməül-bəyan»
Seyda nəşri: I c/s-505) «Biz Əhli-beytin(s) mürvəti budur, bizə pislik edənlərə güzəştə gedib bağışlamaq, bizdən əsirgəyənlərə əta etmək.»(«Təhəfül-üqul» s.27) «Allah mənə doqquz şeyi tövsiyə etmişdir... Onlardan biri də budur ki, mənə pislik edənləri bağışlayım....»(yenə orda s.25) Bağışlamaq haqda bunu demək elə kifayət edər ki, Allahın ən gözəl sifətlərindəndir. İmam Səccad(ə) Allaha həmd-səna edərkən onu bu əlamətlə yada salıb deyir: «...Bu sənsən ki, öz müqəddəs və ali adını bağışlayan qoymusan. Belə isə məni bağışla...»(«Səhifeyi Səccadiyyə»: 16-cı
dua) Bir sözlə, insan başqalarının səhvlərinə göz yumub güzəştə getməli, əgər biri ondan üzr istəyərsə, üzrünü qəbul edib onu danlamamalıdır. Qeyd: Bəhsin bu hissəsində aşağıdakı üç məsələni qeyd etmək zəruridir: 1)Şübhəsiz, bağışlamaq və güzəşt əxlaqi dəyərlərdəndir. Əziz Peyğəmbəri(s)-imiz də Əmirəl-mömininə(ə) etdiyi tövsiyələrdə buyurur: «Üç xislət dünya və axirətin ən gözəl nümunələrindən sayılır: birinci, sənə pislik edəni bağışlayıb ona güzəştə gedəsən...»(«Mən la yəzuruhul fəqih»
IV c/s-257) Amma bunu da unutmaq olmaz ki, bağıqlamaq şəxsi məsələlərdə bəyənilmişdir. Ümumi məsələ və İlahi hüquqlarda bağışlayıb güzəştə getmək nəinki bəyənilməmiş, hətta məzəmmət və tənqid olunmuşdur. Belə güzəştə getmək və ya göz yummaq olmaz, çünki Peyğəmbər(s) Allah qanunlarını pozanı cəzalandırır və müəyyən cəza tədbiri icra edərdi. Heç bir şəfaətçinin də şəfaətini qəbul etməzdi. Nümunə olaraq aşağıda bir neçə misal gətiririk. • Ümmi Sələmənin kənizi. İmam Baqir(ə) buyurur: Peyğəmbər(s)-in zövcəsi ümmi Sələmənin bir kənizi vardı. O, oğurluq etmişdi. Malı oğurlanmış şəxslər həmin kənizi cəzalandırmaq üçün Həzrəti-Mühəmməd(s)-in yanına şikayətə gəldilər. Ümmi Sələmə öz kənizinə şəfaətçi olub Peyğəmbərdən(s) onun günahını bağışlanmasını xahiş etdi. O Həzrət buyurdu: «Bu, Allah qanunudur. Ona icra etməmək olmaz.» Sonra kənizin əlini kəsdi.(«Vəsailüş-şiə» XVIII
c/s-332.) • Fatimeyi Məxzumi Fatimeyi Mühəmmədi ilə eynidir Qüreyşin böyük bir nəslindən olan Fatimə adında bir qadın oğurluq etmişdi. Peyğəmbər(s) o qadın haqda ilahi qanunu yerinə yetirərkən Bəni-Məxzum qəbiləsi bu əhvalatdan bərk narahat olub, hər vasitəilə olur-olsun, cəzanın qarşısını almağa çalışdı. Buna görə də Peyğəmbərin(s) hörmətini qazanmış Üsamə ibn Zeydənin bu barədə o Həzrətlə danışmasını xahiş etdilər. Üsamə bu haqda Peyğəmbərlə(s) söhbət edərkən Həzrəti-Mühəmməd(s) çox narahat olub buyurdu: «İlahi qanunların yerinə yetirilməsi haqdamı şəfaət edirsən?» Sonra yerindən qalxıb xütbə oxudu: «Camaat, sizdən qabaqkı millətlərin məhv olmasının səbəbini izah edim. Əgər onlardan vəzifəli bir şəxs oğurluq etsəydi, onu cəzalandırmazdırlar, amma qara camaatdan, rəiyyətdən və zəif adamlardan biri oğurluq etsəydi (və ya hər hansı bir qanunu pozsaydı), Allah hökmünü onun üzərində icra edərdilər. Allaha and olsun. Əgər (qeyri-mümkün bir fərzə görə) qızım Fatimə belə bir iş görsə idi, ona da Allah tərəfindən təyin olunmuş bu cəzanı verərdim. Tanrı qanunları qarşısında Fatimeyi-Məxzumi Fatimeyi-Mühəmmədi ilə eyni dərəcədədir.»(«Səhih-Müslüm»: V
c/s-114) Peyğəmbərin(s) tərbiyəsilə böyümüş həzrəti Əli(ə) də belə idi. Ən yaxın adamlarının Allah qanunlarını pozmaq cəhdlərinə baxmayaraq heç vaxt buna yol verməzdi. Buna görə də beytül-maldan sui-istifadə edən sərkərdələrindən birinə göndərdiyi məktubda belə yazır: «...Allahdan qorx! Bunların (yetimlərin, mücahidlərin, möminlərin və yoxsulların) malını özünə qaytar. Əgər belə etməsən, Yaradanın qarşısında sənin haqqında boynuma düşən vəzifəni yerinə yetirəcəyəm. Cəhənnəmə vasil olanlardan başqa heç kimi vurmadığım bu qılıncımla sənin boynunu vuracağam. Allaha and olsun! Əgər Həsən(ə) və Hüseyn(ə) bu işi görsəydilər, mən tərəfdən heç bir rəhm olunmayacaqdı. Haqqı onlardan alana və etdikləri zülmü aradan qaldırana qədər öz istəklərinə yetişməzdilər.»(«Nəhcül-bəlağə» Sübhi
Saleh: 41-ci məktub.) 2) Bəndə intiqam almaq qüdrətinə malik olduğu halda bağışlayırsa, həqiqətə qovuşur. İnsanın sükut etməsi bağışlamaq yox, qəzəbini boğmaq əlaməti sayılacaqdır. Belə olan halda (çarəsizlik üzündən sükut etdiyinə görə) qəzəbini boğmaq düşmənçilik və kin-küdurətə çevrilir. Bunların hər ikisi də bədgümanlıq, həsəd, qeybət, töhmət, söz gəzdirmək və s. kimi böyük günahların mənşəyidir. Bu zaman Allaha pənah aparmaq lazımdır. Böyük Yaradana yalvarıb-yaxarmaqla diqqətli olub qəzəbin yatırılmasının fəsadlı nəticələrinin qarşısı alınmalıdır. Elə buna görə də islam dini qəlblərdə kin-küdurətin yaranması, səmimiyyətin, ümidin aradan getməməsi üçün məzlumların harayına çatmağı, zülmkarlar qarşısında onların hüququnu qorumağı və müdafiə etməyi bizlərə əmr edir. Bu barədə (yəni intiqam almaq qüdrətinə malik olarkən bağışlamağın və güzəştə getməyin əhəmiyyəti haqda) saysız-hesabsız hədis və rəvayətlər vardır. Onlardan bir neçəsini burada qeyd edirik: Peyğəmbər(s) həzrəti-Musa haqqında belə bir hədis söyləyir: Həzrəti-Musa ərz etdi: -İlahi! Bəndələrindən hansı sənin yanında daha əzizdir? Buyurdu: -Qüdrətli olarkən bağışlayan.(«Ehyan-ümumi-din» (Əl
Ğəzali):Beyrut nəşri:III c/s-182.) Həzrəti-Əli(ə) buyurur: «Düşməninə qalib gəldikdə qələbənin şükrünü bağışlamaqla yerinə yetir.»(«Nəhcül-bəlağə» Sübhi
Saleh:Beyrut nəşri:III c/s-182.) «İntiqam almaq və cəzalandırmaq qüdrətinə malik olarkən bağışlayan kəs insanların ən ləyaqətlisidir.»(Yenə orda: Hikmət-52) İmam Sadiq(ə) buyurur: «Qüdrətli olarkən bağışlamaq peyğəmbərlərin və təqva əhlinin qaydasıdır.»(«Səfinətül-bihar» II
c/s-207.) |