XXI FƏSİL Qənaət imanlı şəxslərin nişanələrindən və fəzilətli insanların müstəsna hüquqlarındandır. Özünü islah etmiş şəxslər qənaət və izzət xüsusiyyətinə malikdirlər. Belə bəndələr bunun sayəsində heç vaxt başqalarının mal-dövlətinə göz dikmir, özünə dövlət və vəzifə qazanmaq üçün şəxsiyyətlərini heç vaxt alçaltmırlar. Qənaətcil insanlar həyatda tələb olunan miqdarla kifayətlənib ondan da azına xoşhal olurlar. Qənaət əxlaqi gözəllik və Peyğəmbərin(s) xüsusiyyətlərindəndir. Biz də eyni zamanda o ali Cənabın ardıcılı olaraq özümüzdə bu xüsusiyyəti yaratmalıyıq. İmam Sadiq(ə) buyurur: «Allah-təala öz Peyğəmbərinə(s) əxlaqi gözəlliklərinə görə üstünlük verdi. Siz də özünüzü bu cəhətdən sınayın. Əgər bunlar sizdə olarsa, Allaha şükr edin. Ondan həmin xüsusiyyətlərin sizdə daha da çoxalmasını istəyin. Bu üstünlüklər aşağıdakılardan ibarətdir: Yəqin, qənaət, səbir, şükr, razılıq, mehribanlıq, səxavət, qeyrət, şücaət, mərdlik.»(«Vəsailüş-şiə» XI
c/s-139; «Xisal» (Səduq): II c/s-198/hədis-8; «Biharül-ənvar» Beyrut nəşri:
XXVI c/s-368/hədis-5) Qənaət iki - ali və əla- dərəcələrinə malikdir. Birinci mərhələ tələb olunan miqdara qane olmaq, ikinci mərhələ isə ondan azı ilə razılaşmaqdır. Rağib İsfəhani yazır: «Qənaət məişət avadanlığının tələb olunan və hətta ondan da az miqdarına kifayətlənməkdir.»(Rağib İsfəhani
«Əlmüfrədat» "Qənəə” lüğəti.) Başqa bir yerdə belə yazır: «Qənaət kifayət edən miqdardan da azına qane olmaqdır.»(«Əzzəriə ila
əhkamiş-şəriə» səh.170) Tərihi kifayətin həddini belə təfsir edir: «Maddi imkanların kifayət həddi başqalarına möhtac olmamaq, başqalarından dilənməməkdir.»(«Məcməül-bəhreyn» "kəfəfə”
maddəsi.) Hər iki mənada qənaət ali insani keyfiyyətlərdən, Peyğəmbər, övliya və salehlərin xüsusiyyətlərindəndir. Sözsüz ki, ikinci mərhələ birincidən daha yüksəkdir. Çünki qənaətcil insan bu mərhələdə qənaətdən əlavə fədakarlıq və güzəştə malikdir. Belə ki «Quran»da bu barədə buyurulur: «...Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» («Həşr»-9). Əlbəttə, fədakarlıq bəhsi ayrıca açıqlanmalıdır. Dini təlimlərdə də qənaət mənəvi dəyər və fəzilət kimi qeyd olunmuş və müsəlmanlara bu keyfiyyəti özündə yetişdirmək dönə-dönə tapşırılmışdır. Peyğəmbər(s) hətta dualarında belə, kifayət edən həddə qane olmağı bir mənəvi dəyər kimi özü və səhabələri üçün Allahdan diləmişdir. İmam Sadiq(ə) buyurur ki, Peyğəmbər(s) dua edərkən deyərdi: «İlahi! Mühəmmədə, ailəsinə və dostlarına nəfs paklığı, şəxsiyyət və kifayət qədər ruzi əta et. Onların düşmənlərinə çoxlu övlad və var-dövlət ver.»(«Üsul Kafi» II
c/s-140/hədis-3; «Biharül-ənvar» Beyrut nəşri:XXXIX /s-59. Bildiyimiz kimi,
məsumlardan(ə) bizə gəlib çatan dualar çoxcəhətlidir, yənií həmd, təsbih,şükr, zikr,dua. Diləyindən əlavə bu
dualar həmdə təlim-tərbiyə və ürfani üstünlüklərə də malikdir. Bir çox dualarda
təlim və tərbiyə başqa cəhətlərdən daha çoxdur. Başqa bir ifadə ilə söyləsək
bizə gəlib çatan dualarda duanın əsas məqsədi olan bir amil gizlənmişdir. Dua isə bu xəbəri təbliğ etmək üçün bir vasitədir.) Başqa bir hədisdə imam Səccaddan(ə) belə nəql olunur: «Peyğəmbər(s) bir gün dəvə sürüsünün yanından ötürdü. Səhabələrdən birini süd almaq üçün dəvəçinin yanına göndərdi. Dəvəçi dedi: -Dəvələrin döşündə olan süd qəbilənin səhər, qablarda olan süd isə şam yeməyi üçündür. Süd bizim özümüzə lazımdır. Həzrəti-Mühəmməd(s) buyurdu: -İlahi! Onun mal-dövlətini və övladlarını artır. Sonra qoyun sürüsünə rast gəldi. Süd almaq üçün çobanın yanına səhabələrdən birini göndərdi. Çoban qoyunları sağdı. Sağdıqlarının hamısını və bir qoyun da əlavə Peyğəmbər(s) üçün göndərib dedi: -Nə qədər südümüz vardısa, göndərdik. Əgər yenə də istəsəniz, sizin üçün hazırlayarıq. Peyğəmbər(s) ərz etdi: -İlahi! Ona kifayət qədər ruzi ver! Səhabələrdən biri soruşdu: -Ey Allahın Rəsulu! Dəvəçini bizim hamımızın xoşuna gələn tərzdə dua etdiniz. Bəs çobana niyə belə dua etdiniz? Peyğəmbər(s) buyurdu: -Az miqdarda və kifayət qədər olan şey bolluqdan və Allahı insana unutduran şeydən daha yaxşıdır. İlahi! Mühəmməd və onun ailəsinə kifayət qədər ruzi ver.»(«Üsul Kafi» II
c/s-140/hədis-4) Başqa bir hədisdə buyurur: «...Şübhəsiz, insanın ehtiyacını aradan qaldıran az miqdarda ruzi Allahı insana unutduran var-dövlətdən daha yaxşıdır.»(«Əttərcib və əttərhib»
II c/s-537; Şeyx Səduq «Əl-əmali» səh.395/məclis-74.) «Ən yaxşı ruzi kifayət edən qədərdir. (İnsan onunla öz vacib tələblərini ödəyib başqalarına əl açmasın.)»(«Əttərcib və əttərhib»
II c/s-537) «Xoş o adamın halına ki, müsəlmandır və yaşamaq üçün kifayət qədər imkanı var.»(«Üsul Kafi» II
c/s-14/hədis-2) Əmirəl-möminin(ə)-dən bir hədis. Həzrəti-Əli(ə) Peyğəmbər(s)-in səhabələrindən birinin (Xəbbab ibn Ərətti) fəzilətli sifətlərini sadalayarkən qənaətcilliyi onun xüsusiyyətlərindən biri kimi qeyd edib deyir: «Xəbbab ibn Ərəttini Allah rəhmət eləsin. O islamı könüllü olaraq qəbul edib, ibadət etməkdən ötrü hicrət etdi. Sadə həyat tərzinə qane olardı. Allahdan həmişə razı idi. Ömür boyu cihad etdi...» Sonra yenə buyurdu: «Xoş o adamın halına ki, məad və axirəti həmişə xatırlayır. Qiyamət günü üçün iş görür. Həyatda kifayət edəcək miqdara qane olur. Allahdan razı qalır.»(«Nəhcül-bəlağə»:Feyzül
İslam: Hikmət-41.) Qənaətin mənfi və müsbət cəhətləri, onların təsiri Qənaət müxtəlif təsirlərə malikdir. Daha aydın bir ifadə ilə desək, insana qənaətcillik hakim olarsa, o şəxsdə yalnız xeyirxah əməllər müşahidə olunar. Qənaətin yerinə onun tam ziddi olan hərislik və tamah hissi hakim kəsilərsə, insandan mənfi xüsusiyyətlər əmələ gələr. Qənaətin müsbət təsirləri. İzzət və başıucalıq: Şübhəsiz, izzət və başıucalıq «Quran» və İslam baxımından möminlərə məxsusdur: «Quran»da buyurulur: «...Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər.» («Münafiqun»-8). Şərəf və başıucalıq mömin üçün o qədər əhəmiyyətli və dəyərlidir ki, özünü başqalarının qarşısında alçaltmasına imkan vermir. İmam Sadiq(ə) buyurur: «Allah-təala möminin bütün işlərini özünə həvalə etmişdir. Allah ona icazə verməmişdir ki, özünü (başqalarının qarşısında) alçaltsın, əysin. Bu haqda Allahın buyruğunu bilmirsənmi: «Şərəf-şan Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur.» Buna görə də mömin gərək şərəfli olsun. Alçaqlıqla yaşamasın.»(«Təfsiri-bürhan» IV
c/s-339; «Təfsirül-mizan» XIX c/s-332.) Peyğəmbər(s) buyurur: «Özünü əksiltmək və alçaltmaq möminə yaraşmaz.»(«Əzzəriə ila
məkarimuş-şəriə»: səh.170.) Şübhəsiz, insanın şərəfli olmasına və böyüklüyünə səbəb olan, ona əskiklik və alçaqlıqdan nicat verən amillərdən biri də qənaətdir. Əmirəl-möminin(ə) buyurur: • «Qənaətcil şəxsdən şərəflisi yoxdur.»(«Ğürər» mündəricat:
səh.330/№10592) • «Qənaət şərəfli olmaq üçün vasitədir.»(Yenə orda: №66.) • «Qənaət şərəfli olmağa və başqalarına möhtac olmamağa səbəbdir.»(Yenə orda: №689.) • «Qənaət ən güclü şərəfdir.»(Yenə orda: №618.) Deməli, kim öz şərəfini qorumaq istəyirsə, qənaət edib el arasında hörmətini saxlasın. Alicənab odur ki, daim qənaət etsin, məclisdə öz hörmətini gözləsin.(Şeyx Bəhayi«Kəşkül» II
c/s-67.) • Tükənməz sərvət: Peyğəmbər (s)-imiz buyurur: «Qənaət tükənməz xəzinədir.»(«Mişkatül-ənvar»: səh.132.) « Qənaət tükənməz sərvətdir.»(yenə orda :) Həzrəti-Əli(ə) bu barədə buyurur: « Qənaət ən gözəl dövlətdir.»(«Nəhcül-bəlağə»: Sübhi Saleh:
hikmət-371) • Qənaət və zənginlik: Rəvayətlərin bəzilərində oxuyuruq ki, əgər bir kəs ona əta olunmuş ruziyə qənaət edərsə, insanlar arasında ən dövlətlisi olar. (Həqiqətən, əhəmiyyətli olan var-dövlət yox, insanın qənaətcillik və gözütoxluğudur. (Gəda dövlətlilər nə çoxdur....?!) Peyğəmbər(s)-dən belə nəql olunur: «Varlı olmaq mal-dövlətin bol olması ilə deyil, gözütoxluqladır.»(«Məhəccətül-beyza» VI
c/s-51.) İmam Sadiq(ə) buyurur: «Kim ona verilmiş ruziyə qənaət etsə, insanlar arasında ən dövlətlilərdən olar.»(«Üsul Kafi» II
c/s-139/hədis-9.) «Varlılığın ən üstünü qənaətdir.»(«Mişkatül-ənvar»: səh.130.) Qənaətcil olmamağın zərərləri. • Alçaqlıq və şərəfsizlik: Kim ona verilmiş ruzi ilə qane olmasa, istər-istəməz başqasının malına göz dikəcək, nəticədə isə onlara əl açacaqdır. Bu da öz növbəsində həmin kəsin şərəfsizliyinə, hörmətinin aradan getməsinə səbəb olar. İmam Sadiq(ə) buyurur: «Möminin şərəfini alçaldan dilənçilik onun üçün çirkinlikdir.»(«Üsul Kafi» II
c/s-320/hədis-1.) Məclisi yazır: «İnsanın şərəfinin alçalmasına səbəb olan və məzəmmət edilən diləyiş sözünün işlədilməsində məqsəd başqalarına əl açıb, onlardan bir şey istəməkdir. Amma Allahdan diləmək, əl açıb ona tərəf getmək ən böyük şərəf və başıucalıqdır.»(«Miratul-üqul» X
c/s-258.) • Nigarançılıq. Tamah və acgözlüyün zərərlərindən biri də nigaran olub təşviş içində yaşamaqdır. İmam Sadiq(ə) «Taha» surəsinin 131-ci ayəsi ((kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha ucadır (əzəlidir,əbədidir)!) haqda belə söyləyir: Peyğəmbər(s) bu ayə nazil olanda düz əyləşib buyurdu: «Kim Allaha qəlbən bağlanmasa, dünyanın həsrəti onun axırına çıxar. Başqasının var-dövlətinə göz dikən ömür-boyu qəm yeyər. Allahın verdiyi nemətləri yalnız yeyib-içməkdə görənin isə ömrü qısa, əzabı isə yaxın olar.»(Təfsiri-Safi» İslamiyyə
nəşri: II c/s-83.) «Qurani-Kərim»də başqa bir yerdə elə bu məzmunda buyurulur: «(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə (yəni, onlara verdiyimiz sərvətə görə qəmgin olma), möminləri qanadın altına al.» («Hicr»-88). Bunun üçün də insan həyatda normal yaşayışı, mötədilliyi əldən verməməli, qənaəti özünə peşə seçməlidir. Əks halda isə xoşbəxtlik və səadəti görməyəcəkdir. İmam Səccad(ə) buyurur: «Səadət və xoşbəxtliyi başqalarının malına göz dikməməkdə gördüm. (Çünki tamah insanı istər-istəməz alçaldır, şərəfsiz edir.)»(«Üsul Kafi»: c-2/s-148/
hədis-3.) Bir sözlə, ona-buna əl açmaq insanın şərəfini, əzəmətini azaldır, yəni onu borclu, başqalarını isə tələbkar edir. Amma başqalarında olana (var-dövlətə) etinasızlıq şərəf və başıucalığa səbəb olar. İmam Sadiq(ə) buyurur: «Möminin başıucalığı gecə oyaq qalıb (ibadət etməkdə), şərəfi isə başqalarına əl açmamasındadır.»(Yenə orda: II c/s-148.) Bütün bunlardan aydın oldu ki, başqalarının var-dövlətinə göz dikmək şərəfsizliyə, gözütoxluq isə başıucalığa, şərəfli olmağa gətirib çıxarır. Bunun üçün də ən yaxşı yol Allahın əta etdiyi ruziyə qane olub, onun bizə verdiyi nemətlə razılaşmaqdır. İmam Səccad(ə)-ın istədiyi kimi, biz də əl açıb Allahdan istəyək: "İlahi! Sənin razılığınla qazandığın qismətimə qənaət etməkdə mənə kömək ol!”(«Səhifeyi-Səccadiyyə»: dua-14) "İlahi! Tamahın həyəcanından, qəzəbin şiddətindən, həsədin hücumundan, səbirsizlik və qənaətsizlikdən sənə pənah aparıram.”(Səhifeyi-Səccadiyyə»: dua-8) |