XXII
Dini və ictimai qanunlara riayət
Təvazökarlıq bu qayda-qanunlardan biri və gözəl əxlaqa malik şəxsin xüsusiyyətlərindəndir. Müqəddəs dinimizdə bu əxlaqi dəyərə yiyələnmək dönə-dönə müsəlmanlara tövsiyə edilmişdir. İndi isə bu mövzuya aid ayə və rəvayətləri burada qeyd edirik.
Allah-təala mömin bəndələrin xüsusiyyətlərini sadalayarkən təvazökarlığı o xüsusiyyətlərdən biri kimi qeyd edir:
"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər.” («Furqan» - 63).
Allah-təala özünün əsl mömin bəndələrini ən gözəl keyfiyyətlərlə vəsf edərkən öncə onları təmkinli, vüqarlı yerişləri və təvazökar rəftarları ilə vəsf edir. Çünki yeriş insanın daxili xüsusiyyətlərindən xəbər verir. Bəzi adamlar o qədər lovğa və təkəbbürlüdürlər ki, bu xüsusiyyətləri yerişlərindən asanlıqla seçilir. Buna görə də böyük Yaradan başqa bir ayədə təkəbbürlə yeriməyi xüsusi bir fəlsəfi anlamla qadağan etmişdir:
"Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən.” («İsra» - 37).
Müdrik Loğman oğluna deyir:
"Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” («Loğman» - 18).
Yeriyərkən təvazökarlıq
Həzrəti-Əli(ə) təqva əhlini vəsf edərkən buyurur:
"...Onlar təvazökarlıqla, təmkinlə yeriyərlər”(«Nəhcül-bəlağə» Sübhi
Saleh: Beyrut nəşri: Xütbə - 193.)
Təvazökarlıq və məqamın yüksəlişi
Əziz Peyğəmbər(s)-imız təvazökarlığı insan məqamının yüksəlməsi üçün vasitə hesab edərək buyurur:
"Təvazökarlıq başıucalıq və alnıaçıqlıq vasitəsidir. Təvazökarlıq edin. Qoy Allah məqamınızı ucaltsın.....”(«Biharül-ənvar» Beyrut
nəşri: XXXII c/ s.119; «Əl-Əmali» (Şeyx Tusi): s.9; «Üsuli-Kafi» II c/ s.121 /
hədis №1.)
İmam Sadiq(ə) buyurur:
".Həzrət Loğman oğluna dedi: "Şərəf və alicənablıq Allah qarşısında təvazökarlıq edənindir....”(«Mişkatul-ənvar» Nəcəf
nəşri: s.226.)
Peyğəmbər(s) buyurur:
"Allah qarşısında təvazökarlıq edəni Allah ucaldır. Təvazökar şəxs özünü kiçik saysa da, xalqın gözündə uca, əzəmətlidir.”(«Kənzül-ümmal» III c/
s.113.)
Təvazökarlıq kamilliyin nişanəsidir.
İmam Sadiq(ə) bir hədisdə buyurur:
"Ağlın kamilliyi üç şeylə ölçülür: onlardan biri Allah qarşısında təvazökar olmaqdır.....”(«Müstədrəkül-vəsail» II
c/ s.305.)
Təvazökarlıq ən üstün ibadətlərdəndir.
Əmirəl-möminin(ə) imam Həsən Müctəba(ə)-ya etdiyi tövsiyələrindən birində buyurur:
"...Təvazökar ol, çünki təvazökarlıq ən üstün ibadətlərdəndir.”(«Əl-Əmali» (Şeyx Tusi):
s.5.
)
Təvazökarlıq və xalqın sevgisi
Əmirəl-möminin(ə) buyurur:
"Təvazökarlığın nəticəsi xalqın məhəbbətini qazanmaqdır.”(«Darussəlam» Mühəddis
Nuri: Daş çapı: 1305-ci h.q./II c/ s.172)
Təvazökarlıq və ağlın inkişafı
İmam Kazim(ə) buyurur:
"Bu cür hikmət yalnız təvazökar insanın qəlbində olar. Təkəbbürlü və zorakı insanın qəlbində hikmət olmaz. Çünki Allah-təala təvazökarlığı əqlin, təkəbbürü isə cəhlin (nadanlığın) artması üçün bir vasitə kimi təyin etmişdir.”(«Biharül-ənvar» XXXV c/
s.312.)
Təvazökarlıq və nemətin kamilliyi
Həzrəti-Əli(ə) buyurur:
"Təvazökarlıqla nemət kamilləşir.....”(«Nəhcül-bəlağə» Sübhi
Saleh: Hikmət - 224)
Təvazökarlıq Allah dostlarının sifətlərindəndir
Əziz Peyğəmbər(s) buyurdu:
"Dörd gözəl xisləti Allah-təala sevmədiyi şəxsə verməz.... Onlardan biri təvazökarlıqdır.”(«Cameüs-səadat» I c/
s.35.)
Təvazökarlığın əlamətləri
Bəziləri danışıqda özlərini təvazökar kimi qələmə verir, əmələ gəldikdə isə dedikləri ilə əməlləri arasında böyük fərq olduğu nəzərə çarpır.
İndi isə təvazökarlığın bir sıra əlamətlərini qısaca olaraq qeyd edirik. Ümid edirik ki, bu xüsusiyyətləri öz həyatımızda əməli olaraq yerinə yetirəcəyik. İmam Səccad(ə) Allaha münacat edərkən deyir:
".....İlahi! Səndən istəyirəm ki, məni bəndələrin qarşısında təvazökarlıq əlaməti olaraq mülayim edəsən.”(«Səhifeyi-Səccadiyyə»: 26-cı
dua)
Təvazökarlıq əlamətlərindən biri salam verməkdir.
İmam Sadiq(ə) buyurur:
"Təvazökarlığın əlaməti budur ki, rastlaşdığın adama salam verəsən.”(«Üsuli-Kafi» II c/ s.646
/ hədis №12.)
İmam Həsən Əskəri(ə) buyurur:
"Təvazökarlığın nişanəsi budur ki, birinin yanından ötərkən ona salam verəsən.”(«Tühəfül-üqul» s.366.)
Təvazö o qədər əhəmiyyətlidir ki, «Qurani-Kərim»də bir çox ayələrdə açıq-aşkar bu əməli yerinə yetirmək əmr edilmiş, Əhli-beyt(ə) hədislərdə salam vermək haqda dönə-dönə tövsiyələr etmişlər. Ümumiyyətlə, müqəddəs dinimizdə salam vermək üçün çoxlu mükafat, əcr və savablar nəzərdə tutulmuş, onu tərk etmək kəskin tənqid olunmuşdur. Bu haqda bir neçə hədisə işarə edirik.
Həzrəti-Mühəmməd (s) buyurmuşdur:
"Behiştdə elə evlər vardır ki, içərisi çöldən və çölü içəridən görsənir. Mənim ümmətimdən yaxşı söz danışanlar, acları doyduranlar, açıq-aşkar salam verənlər və hamı şirin yuxuda olarkən qalxıb namaz qılanlar bu evlərdə yaşayacaqlar.”(«Biharül-ənvar» Beyrut
nəşri: XXXIII c / s.2.)
İmam Sadiq(ə)-dən nəql edirlər.
Bir gün Rəsuli-Əkrəm (s) Əbdül Müttəlib övladlarını dəvət edib buyurdu:
"Ey Əbdül Müttəlib övladları! Behiştə sağ-salamat daxil olmaq istəyirsizsə, salam verin, qohumluq əlaqələrini yaradın, hamı yuxuda olarkən siz gecə yarısı oyanıb Allaha ibadət edin, aclara yemək verin, yaxşı söz danışın.”(«Məhasini-Bərqi»: s.87)
O ali Cənab da bir hədisdə buyurmuşdur:
"Biriniz digərinizə salam verərkən ucadan salam verin. Deməyin ki, mən salam verdim, amma mənim salamımın cavabını vermədilər. Bəlkə onlar salamını eşitməmişlər?! Salamın cavabını verən də ucadan cavab versin. Çünki birinci salam verən "salamımın cavabını almadılar” - deyə inciməsin. Həmişə həzrəti-Əli(ə) buyurardı: «Qəzəblənməyin və heç kimi qəzəbləndirməyin. Açıq-aşkar salam verin, yaxşı söz danışın. Behiştə sağ-salamat daxil olmaq üçün gecə yarısı hamı şirin yuxuda olarkən yataqdan qalxıb namaz qılın.” Sonra bu ayəni oxudu: "Əssəlamul mömin”..... Yəni, Allahın gözəl adlarından biri də "Salam”dır.”(«Üsul Kafi» II c, s.645
/ hədis №7.)
Yeddinci İmam buyurur:
-"Behiştə daxil olmaq istəyirsinizsə, acları yedirdin, ucadan salam verin, hamı yuxuda olarkən siz namaz qılın.”(«İxtisasi-Müfid»: s.253)
«Təhiyyət» nədir?
«Qurani-Kərim»in bəzi ayələrində hallanan "təhiyyət” kəlməsini bir çox rəvayətlərdə "salam” mənasında təfsir etmişlər. Nümunə üçün iki ayəyə işarə edirik:
"Sizə təhiyyət deyildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.” («Nisa» - 86).
"....Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir təhiyyətlə salamlayın.”
Yəni evdə bir kəs olmasa belə, Allah tərəfindən özünüzə salam verin. Bu salamın nə qədər böyük əhəmiyyət kəsb etdiyinə dəlalət edir.
İmam Baqir(ə) və İmam Sadiq(ə)-dən belə nəql edirlər:
"Ayədə «təhiyyət» sözünün işlədilməsində məqsəd salam vermək və hər cür yaxşılıqdır.”(«Təfsiri-bürhan» I c /
s.399; «Təfsiri-Sofi» I c/ s.376; «Təfsiri-nurus-səqəleyn» I c/ s.524.)
Bu ayə haqqında başqa təriflər də söyləmişlər. Həmin mənalar bəhsimizə aid olmadığından onları burada qeyd etmirik. Lakin müfəssirlərin dediyi kimi, "təhiyyət” sözünün mənalarından biri də "salam”-dır. Elə bunun özü belə bir islami və insani vəzifənin əhəmiyyətini göstərir. Bu islami ayinə bağlanma o qədər əhəmiyyət kəsb edir ki, Peyğəmbər(s) bu haqda buyurur:
"Salam verməmiş danışana cavab verməyin.”(«Üsuli-Kafi» II c/
s.644;«Təfsiri-Bürhan» II c/ s.399 / hədis №5.)
İmam Sadiq(ə) Allah-təala buyurduğu kəlamı belə bəyan edir:
"Xəsis odur ki, salam verməyə belə xəsislik edir.”(«Üsul Kafi» XXVIII c/
s.645 / hədis №6.)
Salamı yaymaq.
Bəziləri yalnız öz dost-tanışlarına salam verir. İslamda isə belə bir təfəkkür tərzi rədd edilib müsəlmanların rast gəldikləri adamlarla salamlaşmağa məsuliyyət daşıdıqları bildirilir.
Seyyid Qütb öz təfsirində yazır:
"Peyğəmbər(s)-dən soruşdular: "Hansı əməl daha yaxşıdır?” Buyurdu: "Aclara yemək vermək və tanıdığın-tanımadığın hər bir kəslə salamlaşmaq.”(«Fi-zilalil-quran» II c/
V cüz / s.176.)
Salam behişt əhlinin xeyir-duası və ehtiramıdır.
«Qurani-Kərim»də buyurulur:
"Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbir etdiklərinə görə cənnət güşəsi ilə mükafatlandırılacaq, orada ehtiramla, salamla qarşılanacaqdır.” («Furqan» - 75).
"Onların oradakı duası: "Pərvərdigara! Sən pak və müqəddəssən!”, orada salamlaşması: "Salam!”, duası: "Həmd olsun aləmlərin Rəbbi Allaha!” - sözləridir.” («Yunus»- 10).
Peyğəmbər(s)-in rəftarı.
Əziz Peyğəmbər(s)-imiz salamlaşmağa böyük əhəmiyyət verirdi. İbn Şəhr Aşub yazır:
".....(Peyğəmbər(s)) kiminlə rastlaşsaydı, salam verməkdə həmin şəxsi qabaqlayardı.”(«Mənaqibi-Ali-Əbi-Talib»
I c/ s.147.)
O Həzrət hətta kiçik yaşlı uşaqlara belə salam verirdi ki, salam vermək gözəl bir adət kimi özündən sonra qalsın, insanlar salam verməkdə bir-birini qabaqlasın. Buna görə də həzrəti-Mühəmməd (s) buyurur:
"Ölənə kimi beş xisləti tərk etməyəcəyəm.... (Onlardan biri də) uşaqlara salam verməkdir. Qoy məndən sonra bu gözəl davranış hamıda olsun. (Və islami bir qayda-qanun kimi insanlar ona əməl etsinlər).(«Biharül-ənvar» Beyrut
nəşri: XVI c/ s.220.«Xisali-Səduq» I c/ s.246 / hədis №11.)
Birinci olaraq salam vermək.
Keçən bəhslərdən belə aydın oldu ki, salam vermək fəzilətli bir əməldir. Eyni halda da birinci olaraq salam vermək daha fəzilətli və daha çox bəyənilmişdir. Çünki «Qurani-Kərim»də buyurulur:
"Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın)....” («Maidə» - 48).
Bu haqda çox tövsiyələr edilmişdir, çünki salam vermək və salamın cavabını qaytarmaq səmimiyyət və mehribanlıqla yanaşı olarsa, ictimai təsirlərdən başqa dini və mənəvi nəticələr də verər. Bu haqda iki hədisə işarə edirik:
İmam Sadiq(ə) buyurur:
"Birinci olaraq salam verən məqamca Allaha və Peyğəmbərinə daha yaxındır.”(«Üsuli-Kafi» II c /
s.645 / hədis №8.«Təfsiri-nurus-səqəleyn» I c / s.526.)
Həzrəti-Əli(ə) buyurur:
"Salamın yetmiş savabı vardır. Onun altmış doqquzunun savabı birinci salam verənindir. Qalan bircə savab isə salamın cavabını qaytaranındır.”(«Biharül-ənvar» Beyrut
nəşri: XXXIII c/ s.11.)
Yersiz (gözləmə) istək.
Çox təəssüflər olsun ki, bəzi təkəbbürlü, özündən razı və lovğa adamlar bu böyük islami ənənəni bilməməzliyə vurub hamının onlara salam verməsini gözləyirlər. Onlardan bir qisminin özünü sevməyi və təkəbbürü o həddə çatır ki, hətta oturanların onlar gələrkən ayağa qalxıb salam verməsini belə istəyirlər. Belə adamlar bu yersiz fikirlə iki islami ənənəni pozurlar: biri salam vermək; o birisi isə salamlaşmaq qaydasıdır. Çünki islam dinində bütün məsələlər çox dəqiqliklə nəzərə alınmışdır.
Salam verməyin qaydası.
• Birinci olaraq kim salam verməlidir?
Məsumların(ə) hədislərində bu haqda çox maraqlı və dəqiq tövsiyələr müşahidə olunur.
İmam Sadiq(ə) buyurur:
"Kiçik böyüyə, yoldan ötən oturana və az dəstə böyük dəstəyə salam (birinci olaraq) verməlidir.(«Üsul Kafi» II c/ s.646
/ hədis №1)
O Həzrət bu haqda yenə də buyurmuşdur:
"Minikdə olan piyadaya, piyada keçən oturana salam verməlidir. İki dəstə rastlaşarkən onlardan azlıq təşkil edən çoxluq təşkil edən tərəfə salam verməlidir. Əgər bir nəfər bir dəstə adamla rastlaşarsa, onlarla salamlaşmalıdır.”(«Təfsiri-kəbir» I c/
s.213)
Fəxr Razinin öz təfsirində Peyğəmbər(s)-dən nəql etdiyi hədisə görə, miniyi rastlaşdığı adamın miniyindən bahalı olan adamlar birinci olaraq salam verməlidirlər. Gəlin hədisin mətnini nəzərdən keçirək:
"(İslamda) qayda budur ki, süvari piyadaya, atlı ulağa minmiş adama, kiçik böyüyə, az dəstə çoxluq təşkil edən dəstəyə, ayaqüstə olan oturmuş adama salam verməlidir.”(«Təfsiri-əlmizan» V c/
s.33)
Fəxr Razi bu hədisi nəql edəndən sonra yazır:
"Süvarinin birinci olaraq piyadaya salam verməsinin səbəbi budur ki, süvarinin əzəməti daha çox olur. Bu baxımdan salam verərkən adamların qorxusu çəkilir. Miniyi bahalı olan şəxsin salamı öz təkəbbürü ilə mübarizə aparmasıdır. (Çünki bu təkəbbürün mənbəyi mal-dövlətdir).”(«Təfsiri-Fəxr Razi» I c/
s.213.)
Bəzi adamlar düşünürlər ki, dövlətli olduqlarından hamı onlara hörmət etməlidir. Ona görə də belə adamların birinci olaraq salam verməsi daha münasib və məqsədəuyğundur. Çünki bu cür əməl təkəbbür və özündənrazılığı aradan qaldırmaq üçün bir növ vasitədir.
Salamın cavabını qaytarmaq və onun qaydası
Keçən bəhslərdə qeyd olundu ki, salam vermək müstəhəb, cavabını qaytarmaq isə vacibdir. Hətta namaz qılarkən belə salamın cavabını qaytarmaq vacibdir. Salamın cavabı qaytararkən səlist və qənaətbəxş olmalıdır. (Namazda həddi aşmaq namazı batil edir). «Qurani-Kərim»də bu haqda buyurulur:
"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.....” («Nisa» - 86).
Deməli, əvvəl gözəl salam, sonra isə bərabər salamı verilməlidir. Belə başa düşürük ki, Allah-Təalanın bizdən tələb etdiyi gözəl və layiqli salamdır. Gözəl və layiqli salam cavabın tam və mənalı ifadə olunmasıdır. Təbərsi bu haqda yazır:
"...Bir nəfər Peyğəmbər(s)-in hüzuruna gəlib dedi: "Əssəlamu əleykə.” Peyğəmbər(s) buyurdu: "Ələykəs səlam və rəhmətullahi.” Bir başqası gəlib - "Əssəlamu əleykə və rəhmətullahi” - dedi. Peyğəmbər(s) buyurdu: "Əleykəs səlam və rəhmətullahi və bərəkatuh.” Bir başqası isə - "Əssəlamu əleykə və rəhmətullahi və bərəkatuhu” - dedi. Peyğəmbər(s) buyurdu: "Və əleykəs səlam və rəhmətullahi və bərəkatuh.” Peyğəmbər(s)-dən birinci və ikinci kəlamın cavabını artıqlaması ilə, lakin üçüncü salamın cavabını bir şey artırmadan qaytarmasının səbəbini soruşduqda buyurdu: "O, salam verməkdə mənim üçün bir şey saxlamadı. Ona görə mən də eynilə onun salamının cavabını qaytardım.”(«Biharül-ənvar»XXXII c/
s.123.)
Salamın qaydalarından biri də ara vermədən cavab verməkdir. Cavabı salam verənin eşidəcəyi tərzdə rəsmi ibarələrlə qaytarmaq lazımdır. Baş və ya əl ilə cavab verilsə, cavabı verən vəzifəsini düzgün yerinə yetirməmiş olur. Sözsüz ki, salam verən öz aralarında olan adətə görə əlini qaldırmaqla və ya papağını götürməklə ehtiram göstərərsə, ".(eynilə sahibinə) qaytarın.” ayəsinə müvafiq o cür də cavab vermək olar.
Təvazökarlığın nişanələrindən biri mübahisə etməməkdir.
İmam Sadiq(ə) buyurur:
".....Təvazökarlığın bir sıra nişanələri vardır Onlardan biri də haqlı olmağına baxmayaraq, mübahisəni tərk etməkdir. Təvazökarlıq yaxşılıqların mənbəyidir.”(yenə orda)
Racib İsfahani bu sözün leksik mənasını belə açıqlayır:
"Rəqibə üstün gəlmək və ona qələbə çalmaq məqsədilə aparılan söhbətə "cidal” (mübahisə) deyilir. Belə bir söhbətin "mücadilə” adlanmasının səbəbi də iki mübahisə edəndən birinin digərinə öz fikrini zorla qəbul etdirmək istəyidir. "Cidal” sözünün kökü "cədəltül həblə” (iki möhkəm toxudum) kəlməsindən götürülmüşdür, rəqibini öz fikrindən, əqidəsindən zorla döndərmək üçün bu kimi vasitəyə əl atıb öz sözü və rəyi ilə onu dolaşdırmaq istəyidir.”(«Müfrədati-Rağib» "Cədəl”
maddəsi.)
"Cidal” sözünün istilahda işlənən mənası isə rəqibin etiraf etdiyi məsələlərdən onun öz əleyhinə istifadə etməkdir. Bu metod rəqibin gətirilmiş dəlil-sübutlara qane olmağına böyük təsir bağışlayır. Belə söhbətlər etik normalara riayət etməklə keçirilsə, bunun heç bir eybi olmaz və «Quran» baxımından da belə mübahisələr bəyənilir.
Mübahisə insanların əksəriyyətinin mübtəla olduğu cəhətlərdən biridir. Onun müxtəlif növləri haqda geniş surətdə söhbət açmaq olar. Lakin mövzudan kənara çıxmamaq şərtilə bu haqda qısaca söhbət edəcəyik.
Cidalın (mübahisə) müsbət cəhəti.
Mübahisə etmək islam dinində tamamilə qadağan edilməmişdir. Əksinə «Quran»ın bəzi ayələrində Allah-təala Peyğəmbər(s)-ə əmr edir ki, insanlarla mücadilə etsin. Çünki mübahisə etmək insanların hidayət olunması üçün zəruridir. Neçə-neçə şəxslər bu kimi mübahisələrin nəticəsində çoxlarını xeyirxahlığa, səadətə dəvət edib, bədbəxtlik və azğınlıqdan qurtarmışlar.
«Qurani-Kərim»də buyurulur:
"(Ya Məhəmməd!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, yolda olanları da daha yaxşı tanıyır!” («Nəhl» - 125).
"Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin:
"Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana («Tövrat»a və «İncil»ə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınızı birdir. Biz yalnız Ona təslim olanlarıq!” («Ənkəbut» - 46).
Buna əsasən, demək olar ki, mücadilə tamamilə qadağan olunmamışdır. «Qurani-Kərim»də məntiqli söhbət və mübahisə pislənilmir.
İslamda yalnız qalmaqallı, hay-küylü, acıqlı və sonu hörmətsizliklə bitən mübahisələr bəyənilməyib kəskin surətdə pislənilmişdir. Əgər üstün gəlmək məqsədilə mücadilə edilməzsə, bu, həqiqətlərin aydın olması üçün ən gözəl vasitə olar.
İslami rəvayətlərdə Peyğəmbər(s) və məsum imamlarla(ə) müxalif qüvvələr arasında baş vermiş mübahisələrdə aydın olan bir çox mətləblər vardır. Bundan əlavə məsum İmamlar(ə) öz səhabələrinə həmişə müxalif qüvvələrlə bəhs etməyi tövsiyə edirdilər. Bu isə islamda mübahisənin tam surətdə qadağan olunmamasına bir dəlildir.
Burada Hişam ibn Həkəmi misal gətirmək olar. O, imam Sadiq(ə)-in ən yaxşı və tanınmış şagirdlərindən idi. Xüsusilə, kəlam elmində çox məharətli idi. Təhqiqatçılar onun bu elmdə böyük təcrübəyə malik olduğunu çox gözəl bilirlər. Mübahisə zamanı özünəməxsus bacarıqla bəhsdə qələbə çalardı. Onun bir çox mübahisələri olmuşdur. Əmr ibn Übeydi Mötəzim ilə olan bəhsi onun ən məhşur bəhsidir. Bir sözlə, Hişam müxalif qüvvələrlə həmişə elmi mübahisə edərdi. Əgər islam nəzərində bütün mübahisələr pislənilsəydi, imam Sadiq(ə) ona buyurmazdı:
"Ey Hişam! Sən iki ayaqla yerə yıxılmazsan. (Əgər sənin üçün heç bir cavab olmazsa,) yerə düşmək istəsən, pərvaz edirsən. (Məğlub olduğunu görüb özünə nicat verirsən). Sənin kimiləri insanlarla danışmalıdırlar. Özünü qoru. Bizim şəfaətimiz ardınca gələr inşallah.”(«Üsuli-Kafi» I c/ s.173
/ hədis №4.)
Məhz elə bu mübahisələrinə görə imam Sadiq(ə) onun barəsində belə buyurmuşdur:
".(Hişam) dili və əli ilə bizim köməkçimizdir.”(«Üsuli-Kafi» I c/ s.172.)
"Hişam ibn Həkəm bizim haqqımızın bayraqdarı, sözümüzü xalqa yetirən, doğruluğumuzu təsdiq edən və düşmənlərimizin səhv sözlərini rədd edən bir insanlardır. Ona tabe olmaq bizə tabe olmaq, onunla düşmənçilik etmək və müxalif olmaq bizimlə düşmənçilik etmək və müxalif olmaqdır.”(Hişam ibn Həkəm” müəllif
Abdulla Nəimə s.66.)
Demək, mübahisə islam nəzərindən tam surətdə qadağan olunsaydı, imam Sadiq(ə) mübahisə etmək qabiliyyəti olan bəzi səhabələrinə din düşmənləri ilə mübahisə etməyi heç vaxt tövsiyə etməzdi.
Buna görə də Şam şəhərindən imam Sadiq(ə)-in hüzuruna gəlib onunla mübahisə etmək istəyən kişiyə qarşı İmam (ə) Zirarə ibn Əyəni təyin edib buyurdu: "Sən onunla mübahisə et.”(«Tənqihül-məqal»: Nəcəf
nəşri: I c / s.439.)
Mübahisənin mənfi cəhəti.
Əgər mübahisə etməkdə məqsəd düşmənçilik və ya, özünün fəzilətli olduğunu göstərmək olarsa, bu, «Quran» baxımından haramdır. Çünki bu məqsədlə mübahisə edən şəxs özünü islah etməmiş və dünyaya olan bağlılıqları özündən uzaqlaşdırmamışdır. Həcc və ümrə mərasimində ehram bağlanan zaman mübahisə etmək ehramın fəlsəfəsi olan maddi və dünyəvi bağlılıqları qırmağa zidd olduğuna görə haram buyurulmuşdur.
«Qurani-Kərim»də buyurulur:
"Həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz.....” («Bəqərə» - 197).
Şübhəsiz ki, mübahisə düşmənçilik və üstün gəlmək naminə olarsa, xoşagəlməz nəticələr verər. Bunlardan bir neçəsini qeyd edirik:
Həyasızlıq:
Mübahisənin xoşagəlməz nəticələrindən biri insanın abır-həyasını itirməsidir. Xüsusilə, rəqib eyib tutan, danışığında ədəb-ərkana riayət etməyən və sözlərinə sərhəd qoymayan olarsa, mübahisə, hörmətsizlik və təhqirlə nəticələnəcəkdir.
Əmirəl-möminin(ə) buyurur:
"Abır-həyanı qorumaq istəyən kəs mübahisə və dava-dalaş etməsin.”(«Nəhcül-bəlağə»: Feyzül
islam: hikmət №354.)
İmam Sadiq(ə) buyurur:
"Həyatda iki şəxslə mübahisə etmə: birincisi, ağıllı və səbirli adamla; ikincisi, isə nadan və axmaq adamla. Çünki birincisi sənə qalib gələ bilər, ikincisi isə sənə əziyyət verər.”(«Cameüs-səadat»: c.2 / s.285.)
Mübahisə düşmənçiliyə səbəb olar.
Əmirəl-möminin(ə) xalqı düşmənçilik və kin-küdurətə səbəb olduğuna görə mübahisədən çəkindirərək buyurur:
"Mübahisə və dava-dalaşdan çəkinin. Çünki bu, din qardaşlarını bir-birinə qarşı kinli edib araya nifaq salır.”(«Üsuli-Kafi» II c/ s.300
/ hədis №1.)
Demək, təvazökarlıqdan o kəs dəm vura bilər ki, təvazökarlıq onun əməlini, davranışını, danışığını büsbütün əhatə etsin. Şübhəsiz, haqsız olduğunu bilə-bilə sözünü isbat etmək üçün inadkarlıq edib fikrini xalqa zorla qəbul etdirən şəxsdə təkəbbürlük xisləti üstün gəlir və onu mübahisənin acınacaqlı, xoşagəlməz nəticələrinə tərəf sürükləyir. Habelə insanlarla davranışın da özünü qürurlu aparan şəxs təvazökarlıq iddiasını edə bilməz. Belə şəxslər xalq arasında sevilmir, nəticədə (qiyamət günü) təkəbbürlülərlə bir yerdə olacaqlar. (Məhşər ayağına gələcəklər).
Təvazökarlığın fəzilətli sifətlərdən olmasına baxmayaraq, hər yerdə təvazökarlıq bəyənilmir. Çünki bəzi hallarda təvazökarlığın özünün mənfi təsirləri ola bilər. Buna görə də həyatımızda elə hallara rast gəlirik ki, burada təvazökar olmaq qadağan olunmuşdur. Bunlardan bir neçəsini qeyd edirik.
Təkəbbürlü şəxs qarşısında təvazökarlıq
Təkəbbür rəzil sifətlərdən olub böyük günahlardan hesab olunur. Buna görə də təkəbbürlü şəxslər qarşısında təvazökar olmaq bəyənilmir. Çünki təkəbbürlü insan qarşısında təvazökar olmaq onun belə bir mövqe tutmasını təsdiqləməkdir. Halbuki Allah-təala təkəbbürlü şəxsləri sevmir.
İmam Sadiq(ə) buyurur:
"Allah-təala həzrəti Davuda vəhy göndərib buyurdu: "Ey Davud! Allah dərgahına ən yaxşı adamların təvazökarlar olduğu kimi, ən uzaq adamlar da təkəbbürlü şəxslərdir.”(Əlcəvahirus-sünniyyə»: s.69.)
Ona görə buyurmuşlar ki, təkəbbürlüyə qarşı təkəbbürlü olun, qoy onun təkəbbürü sınıb xalq arasında kiçilsin.
Peyğəmbər(s) buyurmuşdur:
"Mənim ümmətimin təvazökarlarına qarşı təvazökar olun. Təkəbbürlü şəxslərlə rastlaşdıqda siz də onlara qarşı təkəbbürlü olun. Çünki belə rəftar onların təkəbbürünün pozulmasına səbəb olar.”(«Cameüs-səadat»: Beyrut nəşri:
I c/ s.363; Qəzali «Ehyan-ülumid din» Beyrut nəşri: III c/ s.341.)
Var-dövlət xatirinə təvazökarlıq.
Təvazökarlığın bəyənilmədiyi məqamlardan biri də dövlətlilərə qarşı varına görə təvazökarlıq etməkdir. Əgər bir kəs zəngin qarşısında yalnız onun var dövlətinə görə təvazökarlıq edərsə, imanının bünövrəsi laxlayır. Dövlətlinin fəqir-füqəraya qarşı təvazökarlığı isə bunun əksinə olaraq çox bəyənilmişdir.
Həzrəti Əli(ə) bu haqda buyurur:
"Allah savabını qazanmaq üçün dövlətlilərin kasıblar qarşısında təvazökar olmaları nə qədər gözəldir?! Allaha arxalanmaq üçün kasıbların dövlətlilər qarşısında təkəbbürlü olmaları isə ondan da gözəldir.”(«Biharül-ənvar» XXXII c/
s.123; «Nəhcül-bəlağə» Sübhi Saleh: Hikmət №406.)
"..Dövlətlinin yanına gedib varına görə ona boyun əyənin dininin üçdən ikisi əldən gedər.”(«Nəhcül-bəlağə» Feyzül İslam:
Hikmət №219.)
«Tövrat»da da buyurulur:
"Dövlətinə görə dövlətlinin qarşısında təvazökar olanın dininin üçdən ikisi məhv olar.”(Əlcəvahirus-sünniyyə: s.66.)
Kafirlər qarşısında təvazökarlıq:
Təvazökarlığın müstəsna hallarından biri də kafirlər qarşısında boyun əyməməkdir. Möminlər kafirlər(Qeyd etmək lazımdır ki, burada
kafirlər dedikdə, islama qarşı pozucu təbliğlər aparan, müsəlmanlarla müharibə
edən, onlara qarşı düşmən münasibət bəsləyən kafirlər nəzərdə tutulur. Amma
müsəlmanlarla sülh bağlayıb dostluq əlaqələri quranlara qarşı səmimi və
mehriban olmağın heç bir eybi yoxdur. Allah-təala buyurur: "Allah din yolunda
sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və
onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları
sevər!” («Mümtəhinə» - 8).
) qarşısında boyun əyməməli, özlərini elə aparmalıdırlar ki, kafirlər onlara ehtiramla yanaşsınlar. Möminlər yalnız və yalnız möminlərə qarşı təvazökar, kafirlərə qarşı təkəbbürlü olmalıdırlar. «Qurani-Kərim»də buyurulur:
"Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur!” («Mümtəhinə» - 29).
"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” («Maidə» - 54).
Fasiq və namazı tərk edən şəxslərin qarşısında təvazökarlıq.
Şərab içən, sələm yeyən, namazı tərk edən və s. bu kimi fasiq əməllərə qurşanan şəxslərə qarşı təvazökarlıq müstəsna hallardandır, yəni bəyənilmir.
Dinimizdə göstəriş verilir ki, belə şəxslərlə onları yenidən günah işlətməyə sövq edən tərzdə (yumşaqlıqla) davranmaq olmaz. Ona görə də dinimizdə onlara salam vermək belə pislənilir.