Müqəddimə Şübhəsiz, bütün insanlar xoşbəxtliyi sevir və arzulayırlar. Bu böyük səadətə nail olmaq üçün nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə yaratmaq gözəl bir xüsusiyyətdir. Allahın göndərdiyi peyğəmbər və övliyalar da bu yolla getmiş, haqsevərləri bu yola dəvət etmişlər. «Qurani-Kərim»də həmin mövzuya açıq-aydın işarə edilərək təkidlə buyurulur: "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta)! Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. («Şəms»- 9, 8) Əlbəttə, ulu Tanrının and içməyə ehtiyacı olmasa da, bizə mətləbin zəruriliyini anlatmaq üçün bu böyük kəlamın doğruluğuna on bir dəfə and içir.(Həmin on bir and aşağıdakılardır: "And olsun günəşə və onun işığına! (günəşin qalxdığı vaxta) And olsun (günəşin) ardınca çıxan aya! And olsun (günəşi) parlaq edən gündüzə! And olsun onu (günəşi) örtən gecəyə! And olsun göyə və onu yaradana! And olsun yerə və onu döşəyənə! And olsun nəfsə və onu yaradana! (ona biçim verənə). (Necə də yeni andlar, qəribə və mənalı andlar)) Həmçinin Allah-təala «Qurani-Kərim»in başqa bir yerində sonuncu peyğəmbər Mühəmməd(s)-in göndərilməsini insanların maariflənməsi və tərbiyələndirilməsi üçün əsas səbəb hesab edərək buyurur: "(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər”. Peyğəmbər(s) öz peyğəmbərliyi barədə belə buyurur: "Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərilmişəm”.(«Müstədrəkül-vəsail». II c.səh. 282, «Səfinətül-bihar». I c. səh.410.) İmam Səccad (İmam Zeynülabidin)(ə) Həzrəti-Mühəmməd(s)-dən belə nəql edir : "Mən Allah tərəfindən əxlaqı saflaşdırmaq və gözəlləşdirmək üçün gəlmişəm”. Həzrəti-Əli(ə) də nəfsin təlim və tərbiyəsində qətiyyətli olmağı xoşbəxtliyin açarı hesab edərək buyurur: "Fərz edək ki, əgər bizim behiştə getmək ümidimiz və cəhənnəm əzabından qorxumuz olmasaydı belə, yenə də əxlaqı saflaşdırma yolunu tutub, nəfsimizi çirkinliklərdən paklaşdırmağın yeri var, çünki səadəti yalnız və yalnız bu yolla əldə etmək olar”.(«Mişkatül-ənvar»səh 243 «Biharül-ənvar» XXVI c. səh.405(Beyrut çapı)) Sonda, belə nəticəyə gəlmək olar ki, müqəddəs dinimizdə ən aktual, diqqət mərkəzində olan, insani keyfiyyətlərə, kamala yetişməkdə əsas rol oynayan ən mühüm məsələ nəfs və ruhun saflaşdırılmasının həyati, zəruri bir qanun kimi müzakirə olunmasıdır. Həzrəti-Əli(ə) insan ruhunu elə bir əkin sahəsinə oxşadır ki, əgər bu sahəni fəzilət və əxlaqi keyfiyyətlərlə suvarmasan, onun təravəti məhv olub məhsul verməz. Əmirəlmöminin(ə) buyurur: "Əkin sahəsinin suvarmaya ehtiyacı olduğu kimi, insanın da özünü islah və tərbiyə etməsinə həddən artıq ehtiyacı vardır”.(«Qürərül-hikəm» I c. səh. 224) "Əxlaq” "xülq” sözünün cəmidir. "Xülq” insanın daxili xüsusiyyətləri, «xəlq» isə zahiri forma deməkdir. İnsanlarda müşahidə olunan hər bir əməl, daxili keyfiyyət, hərəkət əxlaq və əxlaqi rəftar adlanır. "Xəlq” və "xülq” sözləri ərəb mənşəli olub, eyni kökdən götürülmüşdür, lakin məna etibarı ilə bu sözlər bir-birindən fərqlənirlər. Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər: 1)Fitri (təbii) 2)İktisabi (kəsb edilmiş, qazanılmış və ixtiyari) Fitri sifətlər insanın nəfsani qüvvəsində zatən yaradılmış keyfiyyətlərdir. Onları əldə etməkdə iradənin və əməlin heç bir rolu yoxdur. Məsələn, Allahaxtarma, ürfan, təbii hiss (metafizika), maraq hissi, haqsevərlik, ədalətsevərlik, başıucalıq və alnıaçıqlıq, şəxsiyyət və müstəqillik, azadlıq və azadəlik, daimilik və kamilliksevərlik, əql, şəhvət, qəzəb və bu kimi daxili hissləri misal göstərmək olar. İnsanın daxili xüsusiyyətlərindən hesab edilən belə hisslər əslində ona əta olunmuş, onun zati və nəfsani qüvvəsi mərhələsində insanı başqa canlılardan ayıran bir imtiyazdır. İktisabi sifətlər isə əməl və ixtiyar mərhələsində tədriclə qazanılan, fitri sifətlərdən faydalanaraq insan üçün nə isə bir nəticə verən xüsusiyyətlərdir. Əgər fitri istedad və qabiliyyətlərdən düzgün istifadə olunmasa, iktisabi sifətlər də pis olacaqdır. Bu mərhələdə yaxşı sifətləri əxlaqi keyfiyyətlər, pisləri isə rəzil (alçaq) sifətlər adlandırırlar, belə ki, əgər insanın əməlləri yaxşı sifətlərdən təsirlənmiş olarsa, onu əxlaqi gözəllik, yox əgər rəzil sifətlərdən bəhrələnmiş olarsa, onu əxlaqi çirkinlik deyə qəbul edirlər. Əxlaqi keyfiyyətlərə yetişmək üçün elmi, əməli təcrübə və çalışmalar lazımdır. İlk növbədə fəzilətli və rəzil xüsusiyyətləri müəyyənləşdirmək, insanın şəxsiyyətindən və həqiqi məqamından xəbərdar olmaq, sonra isə nəfsi-əmmarə (pis işlərə sövq edən qüvvə) ilə mübarizə aparmaq lazımdır. Əgər mübarizə olmasa, insan nəfsani (heyvani) ehtiraslara qalib gələ bilməz. Bu döyüş meydanından qələbə ilə, başıucalıqla çıxmayan insanlar nəfsin fəzilət və gözəlliklərindən məhrumdurlar. Belələri qiyamət və hesab günü ziyan çəkənlərdən olar, necə ki «Qurani-Kərim»də buyurulur: "O gün ki, nə mal-dövlət, nə də övlad fayda verər! Ancaq sağlam (təmiz, daxildə şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” («Şüəra»-88, 89) Əxlaq elmi müxtəlif elmi-nəzəri baxışlarda Əxlaqi məsələlərin hər bir hissəsini özünəməxsus bəhsə malik olan müxtəlif nəzəriyyələr əsasında araşdırmaq olar. Biz burada yalnız onlardan ən əhəmiyyətlisinə işarə edirik: 1.nəzəri əxlaq və ya əxlaq fəlsəfəsi, 2.tətbiqi əxlaq və ya əxlaqi-müqarin, 3.əməli əxlaq və ya əxlaqi-üslub.(Əlbəttə, əxlaq elmini ictimai, siyasi, iqtisadi, hərbi və s. adlar altında,Əlbəttə qruplaşdırmaq olar. Biz bəhsin uzanmamasına görə bu bölmələri burada araşdırmırıq.) Nəzəri əxlaqda əxlaq fəlsəfəsi, yəni əxlaqın bünövrə və əsasından, yaxşılıq və pisliklərin meyarından bəhs olunur. Əxlaqın nisbi və mütləq olması, təbii gözəllik və çirkinliklər, fayda və ziyanlar bu bölmənin diqqət mərkəzində durur. Tətbiqi əxlaqda müxtəlif nəzəriyyələr müqayisə edilir, onları araşdırdıqdan sonra ölçü və prinsiplərinə uyğun aralarından ən yaxşısı seçilir. Yuxarıdakı mövzunun nə qədər faydalı və zəruri olmasına baxmayaraq, biz bu haqda danışmaq fikrində deyilik. Əgər Allah bizi müvəffəq edərsə, bu barədə söz açarıq. Bu kitabda əməli əxlaq barədə söhbət açılacaqdır. Əlbəttə, başqa mövzulara az da olsa, toxunmaq istərdik. Əməli əxlaq dedikdə onun təlim və tərbiyəsində zəruri olan, təcrübi yolla bizi hədəfə yaxınlaşdıran bir sıra xüsusi qayda və qanunlar nəzərdə tutulur. Şübhəsiz, təcrübi sözü burada qəlbən edilən (niyyət, məhəbbət, nifrət, bədgümanlıq, həsəd, kin, təvazökarlıq, təkəbbürlük və s.) və bunun nəticəsində hərəkətimizlə reallaşdırdığımız əməllər mənasını ifadə edir. Əxlaq elmində əməl insan xarakterinin göstəricisi olduğundan diqqət mərkəzində durur. Başqa sözlə desək, əxlaq elmində ədəb və hökmlər hüquqi və məsuliyyət cəhətdən deyil, faydalı olduğundan araşdırılır. Məsələn, əgər bir şəxsdə nadir hallarda, təsadüfən bir hərəkət müşahidə olunursa, fiqhi və hüquqi cəhətdən beşlik hökmlərin birinə-vacib, haram, müstəhəb, məkruh, mübah aid olmasına baxmayaraq, bu, əxlaq elmi çərçivəsindən xaric bir hərəkət sayılır. Ondan fərqli olaraq, əgər edilmiş hərəkət insanın xasiyyəti ilə birbaşa bağlı olub onun mənəviyyatında iz qoyursa, bu, artıq əxlaq elminin tədqiqat obyektinə çevrilmiş olur. Fiqh və əxlaq elmində ədəb və sünnələrin bir çoxunun birgə qeyd olunması da məhz bu cəhətdən diqqəti cəlb edir, ancaq belə qeydlər müdaxilə və təkrara səbəb olmur, çünki hər iki tədqiqat obyekti bir-birindən fərqlənir. Fiqh elmində söhbət hər bir şəxsin üzərinə düşən məsuliyyətə görə vəzifəsini yerinə yetirməsindən və cəmiyyətdə hüququnun müəyyən edilməsindən gedir. Lakin əxlaq elminin əsas predmeti ali əxlaqi dəyər və insani keyfiyyətlərdir. Əxlaq elmi insan əməlinin faydasından bəhs edir. Belə ki, əgər bu faydanı onun öhdəsindən götürüb əxlaq elmindən kənar etsək, başqa istiqamətə yönəltmiş olarıq. Əxlaq elmi digər elmlərlə də əlaqədardır. Onları ayıran cəhət isə yenə də mövzunun həmin əxlaqi və dəyərli cəhətidir. Məsələn, əxlaq elmində zərurətə görə nəfsani qüvvələrin və onların arasındakı təsirin necəliyi haqda çoxlu bəhslər vardır. Bunlar bir cəhətdən psixoloci mövzu olduğundan psixologiyaya aiddir. Ancaq əxlaq elmində insanın daxili nəfsani qüvvəsinin müzakirə olunmasına ona görə dəyər verilir ki, onlar insanın formalaşmasına və mənəviyyatına təsir göstərir. Qısaca desək, elm və fəlsəfə əxlaqa və əxlaqi dəyərlərə xidmət göstərə bilər, amma əxlaq elmində daxili qüvvələrin elmi və fəlsəfi cəhəti yox, onların əxlaqi dəyəri müzakirə olunur. Ümumiyyətlə, nəfsani qüvvələr və əməllərin hüquqi və məcburi təsirləri hüquq və fiqh elmi ilə əlaqədardır. Belə ki, insanın nəfsani qüvvəsində olan psixi gerçəklik və reaksiyalar psixologiya elminə aid olan məsələlərdir. Cismin və ruhun qarşılıqlı təsiri və təsir altına düşməsi, nəfsin zatı və kamillik hərəkəti, ölümdən sonra ruhun sağ qalması məsələləri fəlsəfə elminə aiddir. Onu əxlaq elmində müqəddimə və əxlaqi dəyər mövzusunun əsası kimi müzakirə etmək olar. NƏTİCƏ Əmələ qiymət verən amil nəzəri və elmi cəhətdən yox, əxlaqi baxımdan dəyərli olmalıdır. Ola bilsin ki, bir şəxs elm və məntiq cəhətdən fəzilət və kəramət barədə fikir yürüdə bilməsin, amma bir çox fəzilətlərə malik olsun və yaxud əksinə, biri elmdən xəbərdardır, lakin bu elmin fəzilət və kəramətindən faydalana bilmir. Əmirəlmöminin Əli(ə) buyurur: «Elə alimlər vardır ki, cahillik və nadanlığı onu məhv edir, lakin elm və biliyi onun harayına yetişmir”.(«Nəhcül-bəlağə» (Feyzül İslam); hikmət-104) Bu nadanlıq və cəhalət həmin əxlaqi-mənəvi çatışmamazlıqlardır ki, alimi məhv edir. Buna görə də əxlaq fəzilət və rəzalət meyarıdır. Burada ədalətə hüquqi və ictimai məsuliyyət kimi yox, əxlaqi dəyər kimi yanaşılır, yəni ədalət əxlaq elmində fəzilət və kəramət kimi hesab olunursa, fiqh və hüquq elmində isə hüquqi-ictimai amil kimi qəbul edilir. Əgər əxlaqi baxımdan ədaləti qəbul etmək könüllü və ixtiyaridirsə, hüquqi cəhətdən isə o, ictimai əhəmiyyətə malik olduğu üçün məcburidir. Aydındır ki, bir şəxs ədalətə cəzanın qorxusundan riayət edirsə, öz qanuni vəzifəsini yerinə yetirmiş olur, lakin əxlaqi nəzərdən bunun heç bir fayda və təsiri yoxdur, çünki ədalət seçimi yalnız fəzilət və güzəştin təşəkkülündə qiymətli hesab edilir. İtaət adətən qorxu, ümid və zor tətbiq etməklə mümkün ola bilər. Seçim və ixtiyar isə onun əksi olaraq, fədakarlıq, istək, eşq və rəğbətdən doğur. Əli(ə) eşq və məhəbbətlə edilən ibadəti azadələr ibadəti adlandırır, ancaq qorxu və mükafat ümidi ilə edilən ibadəti isə qullar və tacirlər ibadəti adlandırmışdır. Əxlaqi fəzilətlər fitri bünövrədir. Əlbəttə məsuliyyətin ağırlığına dözməyənlər də var. Amma əxlaqi dəyərlərsiz və qayda-qanunla yaşayan az adam tapılar. Hətta aşkarda əxlaqı inkar edənlər belə öz hüquq və azadlıqlarını ciddiyyətlə müdafiə edir hüquqlarının pozulmasından ikrah hissi duyur, özləri bağladıqları əhd-peymana sadiq qalmasalar da, başqalarının onlara qarşı vəfalı olmasını istəyirlər. Belələri əxlaq və əxlaqi fəzilətləri inkar etsələr də, heç vaxt başqalarının üstünlüyünü qəbul etmirlər. Bütün bunlar əxlaqi dəyərlərin fitri olmasına ən yaxşı dəlildir. Bir sözlə, əgər ehtiras və şəhvət hissləri cəmiyyətə hakim kəsilərsə, onun uçuruma doğru yuvarlanmasına və yaxud əksinə, əgər əxlaqi və insani fəzilətlər cəmiyyətdə rəvac taparsa, bütün insanların əmin-amanlıq, xoşbəxtlik içərisində yaşamasına heç bir şübhə yeri qalmaz. Sonda belə bir nəticəyə gəlmək olar ki, əxlaq elminin predmeti əxlaqi keyfiyyətlərdir. Əxlaqi qayda və qanunlar mənəvi dəyərlərdən hasil olan qanunlardır. Bəzən hüquqi cəhətdən qəbahət sayılmayan bir hərəkət, əxlaqi baxımdan böyük günah, mənəvi aşınma, nöqsan hesab edilir. Məsələn, fiqh və hüquqda insanlar pis niyyətə görə cəzalandırılmırlar, lakin əxlaq elmində niyyət əsasdır. İnsanlar niyyətləri ilə biri-birindən fərqlənirlər. Həmçinin bir işin ictimai maraq və fərdi ehtiyaclar üzündən rəva görülməsi və fiqh elmində də bunun mübah (izn verilmiş, haram və məkruh olmayan) hesab edilməsi mümkündür, amma onun mənfi əxlaqi təsirlərini nəzərdən qaçırmaq olmaz. Məsələn, insan xasiyyət və psixikasında yaratdığı fəsadları unudaraq yalan danışmağa, qeybət etməyə məcbur olur. Əxlaq alimləri belə tövsiyə edirlər ki, tövriyə(Həqiqəti yalan olmadan dolayısı yolla gizlətmək və başqa cür göstərmək.) etmək imkanı olan yerdə yalan danışılmasın. Əlbəttə, əməllərdən bəzisi həm fiqh və həm də əxlaq elmində qadağan olunmuşdur. Məsələn, qeybət, yalan, töhmət və s. Lakin hər iki elm bu məsələlərə müxtəlif prizmalardan yanaşır. Fiqh elmi mövzunun hüquqi cəhətini öhdəsinə götürür(Fiqh, əxlaq və s. İslamın əvvəllərində vahid bir elmin tərkib hissələri olmuşdur. Sonralar din alimləri tərəfindən bir-birindən ayrılmışdır. Əslində, "fiqh” sözü "Quran” istilahında bütün dini (üsuliddin, firuiddin, əxlaq, təfsir və s.) maarif və məsələlərin dərk olunması mənasında işlənmişdir. Bu bölümün mənimsənilməsi asan olsun deyə, keçən əsrlərdə müxtəlif hədis və rəvayətlərdən bəhrələnərək yuxarıdakı başlıqlar altında təsnif olunmuşdur. Siz qeybət haqda nazil olmuş ayədə fiqhi cəhət ilə (qeybətin haramlığı) əxlaqi cəhətin birgə müzakirə olunmasını müşahidə edirsiniz. Allah-təala bir ayədə "(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qılmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar.”(Hücərat-12)-cümləsi ilə həm qeybəti qadağan edir, həm də onun əxlaqi dəyərə zidd olmasına işarə edir, ona görə ki, bu birləşmə həm də tərbiyəvi cəhətdən mühümdür. Buna görə də tərbiyəçi müəllim və mürəbbilərin bu iki cəhəti nəzərdə tutmaları tövsiyə olunur.), əxlaq elmi isə əxlaqi fəzilət və qəbahətləri şərh edir. Məsələn, qeybətin iki cəhəti vardır: birinci cəhət odur ki, qeybət möminin əziyyətinə və hörmətinin aradan getməsinə səbəbdir. Bu da fiqh elmində haram əməllərdən və böyük günahlardan hesab olunur. İkinci cəhət bundan ibarətdir ki, qeybət ruhi xəstəliyin bir növüdür. Bu isə ali insani dəyərlərə ziddir. Təkrar etməklə də insanı öz həqiqi simasından çıxarıb onu yırtıcı heyvana döndərir. Məhz mövzunun bu tərəfi əxlaq elminə aiddir. Birinci hissədə qeybəti olunanın razılığını (halallığını) əldə etməklə qarşısını almaq olar. İkinci hissədə isə təkcə halallıq almaq kifayət etmir. Burada qəlb aynasının paklanmasına görə ibadət, dua və istiğfara ehtiyac vardır. Odur ki, fiqh elmi təkcə hökmləri bəyan etməklə kifayətlənir, əxlaq elmi isə günahın qarşısının alınması və mənəvi xəstəliklərdən bəhs edir. «Quran»da qeybət din qardaşının meyidini yeməsi kimi təsvir olunmuşdur. Həqiqətin araşdırılması əxlaq elminə aid olan bir xüsusiyyətdir, belə ki, insanın qeybət etmək yalan danışmaq nəticəsində yırtıcı, vəhşi heyvan dərəcəsinə və yaxud cansız üfunətli meyid surətinə düşməsi barədə aparılan tədqiqatlar sırf əxlaq elmi əhatəsində olan bir mövzudur. Şübhəsiz, bütün insanların vücudunda batini və zahiri hərəkətlərə təsir göstərən fitri qüvvələr vardır. Həmin qüvvələrin ən əhəmiyyətlisi bunlardır: haqsevərlik, ürfan və Allah eşqi, kamala yetişmək duyğusu, gözəllik, maraq, ədalətpərəstlik, fədakarlıq, mənfəətpərəstlik, özünüsevmə, şəxsiyyətə pərəstiş, dünyaya bağlılıq, zənginlik arzusu, vəzifəpərəstlik, şəhvət, qəzəb və s. Bunlar insan xislətində fəzilət, rəzalət və ziddiyyətlərin yaranmasında xüsusi rol oynayır. Bu qüvvələrin hidayət və islahetmə baxımından təsiri və təsirə uğramasını öyrənmək zəruridir. Pis xüsusiyyətləri yaxşıdan ayırmaq, ali məqsədlərlə dar düşüncəli fikirləri fərqləndirmək özünü tanımağa bağlıdır. İnsan təkamülə gedən yolun vasitələrini tapmadan və onu düz yola yönəltmədən kamala yetişə bilərmi?! Əxlaq elmi haqsevər insanlar üçün gözəl bir bələdçidir. Bu elm onun dəyərlərini tanıdır, vasitələrini əldə etməyi öyrədir, bu yolda olan maneə və əngəlləri açıqlayır. Məsələn, insanın fitri qüvvələrindən biri də özünüsevmədir. Bu qüvvə insan fəaliyyətinin əsas mənşəyidir. O, həyata bağlılığından və əbədi yaşamaq istəyindən bu hədəfə yetişmək üçün bacardıqca çalışır. Özünüsevmə qüvvəsi düşmən tərəfdən gələn təhlükə ilə üzləşəndə insanı var gücü ilə özünü müdafiə etmək məcburiyyətində qoyan bir qüvvədir. Beləliklə, qüvvələrin insan vücudunda olması bütün əməllərin mənşəyi və onun hərəkətvericisidir. Qeyd: İslam əxlaqında əməlin keyfiyyət və həqiqi dəyərinin düşüncə növünə və məqsədə bağlı olmasını bilmək lazımdır. İşin təkcə zahiri dəyərləri mənfi və müsbət anlayışına meyar deyildir. Niyyət o qədər mühümdür ki, insan taleyinin aqibətini onunla qabaqcadan müəyyən etmək olar. Əslində, insan, tayfa, qəbilə, millətlərin taleyi onların niyyət və məqsədinə bağlıdır. Allah-təala «Qurani-Kərim»də buyurur: "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca) Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”. («Rəd»-11) Diqqəti cəlb edən odur ki, xarici faktorlarla yanaşı, daxili amillər də insanın düşüncə və niyyətinin formalaşmasında mühüm rol oynayır. Məlum olduğu kimi, daxili amillər iki cürdür: təbii və iktisabi (sonradan əldə edilmiş). Təbii amillər insan vücudunda təbii yaranmış hissiyyat və qüvvələrdən ibarətdir. İktisabi amillər isə insanda zaman keçdikcə ixtiyari olaraq rəftar və əməllərinin təsiri nəticəsində meydana gəlmiş nəfsani sifətlər, adətlərdir. Bütün hallarda insan fəaliyyəti bu faktorlardan təsirlənir. Onlar insan hərəkətinin və qətiyyətinin təkanverici amilləridir. İnsanda olan bacarıq və qabiliyyətlər bu çərçivə əhatəsində işlədilir. Özünüdərkə, qüvvələrin normallaşdırılmasına, nəfsin təlim və tərbiyəsinə olan bütün bu təkidlər amillərin insan əməlində və onun keyfiyyətində nə kimi rol oynadığına görədir, belə ki əməl ruhun formalaşmasında qarşılıqlı olaraq təsir qoyur. Həmin qarşılıqlı təsir həmişəlik davam edir və heç vaxt insan bu çarpışmadan xilas ola bilmir. Şəhvətpərəst, qarınqulu şəxsin yemək-içmək və şəhvətdən başqa bir fikri yoxdur. Özünü islah etmiş, haqsevər insanın isə Allaha ibadət və onun bəndələrinə xidmət göstərmək fikri vücuduna hakim kəsilmişdir. Qorxaq, ağciyər şəxs düşmənlə üzləşəndə yolunu yalnız qaçmaqda və təslim olmaqda görür. İgid, qorxmaz insan isə mübarizə və döyüşü həmişə gözündə tutmuşdur. Odur ki, insan nəfsani və fitri qüvvələri islah etməklə hər bir şeyə nail ola bilər. Bunun üçün də insanı islah etmək lazımdır, yəni o, özü özünə sahib olmalı, dünyaya hakim kəsilməlidir, dünya ona yox. |