HƏZRƏT RƏSULULLAHIN (S) İLK HƏYAT YOLDAŞI XƏDİCƏ (Ə)
Qüreyş tayfasından olan Xuvəylidin qızı Xədicə (ə) Məkkənin tanınmış və sərvətli qadınlarından idi. Çox iffətli və ismətli olduğu üçün cahiliyyət zamanında ona "Tahirə” (ismətli xanım) deyirdilər. O iki dəfə ailə həyatı qurmuş və ərlərinin hər ikisi dünyadan getmişdilər. Özünün və ərlərindən ona çatan var-dövləti ilə ticarətlə məşğul olardı. Onun ticarət işində hər qəbilədən bir neçə adam xidmət edərdi. O, bu yolla çoxlu sərvət toplamışdı. Xədicənin ticarət karvanları həmişə uzaq və yaxın şəhərlərə gedərdi. Xədicə (ə) əvvəllər xaçpərəst olduğu üçün məsihilərin kitablarından İslam Peyğəmbərinin (s) əhvalatını eşitmişdi. Eyni zamanda Məkkədə həzrət Məhəmmədin (s) əxlaqını və simasını görmüş, onunla ailə həyatı qurmağa meyilli idi. Peyğəmbər (s) də həmçinin buna razı idi. O əmisi Əbu Talibin vasitəsi ilə toya hazırlıq gördü. Xədicə qırx yaşında, o zaman iyirmi beş yaşı olan Peyğəmbərlə (s) ailə qurdu. O, Məhəmmədlə (s) mehriban və fədakarlıqla yaşadı və besətin doqquzuncu, ya onuncu ilində dünyasını dəyişdi.
Həzrət Xədicə (ə) Peyğəmbərlə (s) evlənəndə İslamın ilk çağları və düşmənlərin Peyğəmbərə (s) qarşı təhlükə yaratdığı dövrlər idi. O İslamı qəbul edən ilk qadın idi və bütün var-dövlətini Rəsulullahın (s) ixtiyarında qoydu. O Həzrət (s) bütün var-dövlətini İslamın inkişafı və yoxsul camaatın yolunda xərclədi. Həzrət Xədicə (ə) deyirdi: "Bizim var-dövlətimizdən təkcə iki dəri qalmışdı. Gündüzlər ona qoyunlar üçün ot yığar, gecələr isə yatanda üstümüzə örtərdik”.
Bu, onun var-dövləti ilə göstərdiyi fədakarlığı idi. Onun digər fədakarlığı isə canı ilə Peyğəmbəri (s) və onun ilahi məqsədlərini müdafiə etməsiydi. Bunun da Peyğəmbər (s) üçün çox böyük əhəmiyyəti var idi. O, Peyğəmbərin (s) qəmlərinə şərik, ona mehriban və nəvazişli olmuşdu. Xədicə (ə) behiştin ən yaxşı və tarixdəki dörd nümunəvi qadınlardan biridir. Xədicə iki aləmin xanımı Həzrət Fatiməni (ə) tərbiyə edib boya-başa çatdıran qadındır. Həzrət Əli (ə) "Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: "İslamın əvvəlindəki çətin anlarda, İslam dini Rəsulullahın (s), Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim”.(Nəhcül-bəlağə, 192-ci xütbə.)
Bəli, Xədicə canı və malı ilə ən çətin şəraitdə İslama xidmət etmək üçün ayağa qalxdı və qəhrəmanlıqla İslamı müdafiə etdi. O, bu yolda ən ağır çətinliklərə dözdü. Bəzən çörək, su götürüb İmam Əli (ə) ilə birlikdə Peyğəmbəri (s) tapmaq üçün gedərdilər ki, əgər düşmən tərəfindən tutulub saxlanılmışdırsa, ya gizlədilmişdirsə, ona su və çörək versinlər. Xədicə "Şəbi Əbi Talib” mühasirəsi zamanı həyatının ən çətin dövrünü yaşadı. Bu çətinlik üç il çəkdi. O, dağ kimi dözümlü oldu və sonda canını bu yolda fəda etdi. Axır vaxtlarda az-az əziyyət çəkirdi. Şəbin mühasirəsindən çıxdıqdan bir il sonra (besətin doqquzuncu, ya onuncu ili) Peyğəmbərin (s) vəfalı sirdaşı Əbu Talibin vəfatından bir neçə gün keçməmişdi ki, dünyasını dəyişdi. Peyğəmbər (s) həmin ili "Hüzn və qəm-qüssə” ili adlandırdı. Çünki həmin ildə iki fədakar dostunu itirmişdi.(Əl-məcalisus-sunniyyə, 5-ci cild, səh.6.)Peyğəmbər (s) Xədicənin ona göstərdiyi mehribanlıqları və fədakarlıqları heç vaxt unutmurdu. Həmişə onu xatırlayar və salam deyərdi. Həzrət (s) bir gün Aişənin deyinməsinin müqabilində buyurdu: "Hamı məni təkzib edəndə Xədicə məni təsdiq edərdi. Hamı məndən uzaqlaşanda, o mənə iman gətirdi. Məni tək-tənha qoymadı və müdafiə etdi. Allah ona rəhmət etsin, çox bərəkətli qadın idi. O mənim üçün altı övlad dünyaya gətirdi”.(Üsdul-ğabə, 8-ci cild, səh.438. Bu övladlar Qasim, Əbdullah, Rüqəyyə, Ümmü Gülsüm, Zeynəb və Fatimə Zəhradan (s) ibarətdirlər.)
Bu, iki dünyanın nümunəvi xanımı İslamın hədəf və məqsədlərini irəli aparmaqda qadınlara iffət, səbir və dözüm, fədakarlıq, çalışqanlıq, acı hadisələr qarşısında bütün varlığı ilə qəhrəmancasına müqavimətli olmaq dərsi verdi. O isbat etdi ki, qadın nəinki bütün çətinliklərə dözə bilər, hətta Allaha görə eşq və səxavətlə onları gözəl qarşılaya bilər.
HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSRİNİN QƏHRƏMAN QADINLARI
Həzrət Peyğəmbərin (s) əsrinin digər qadınları da, o Həzrətin (s) məktəbində seçilmiş və şücaət göstərmişlər. Burada sizin nəzərinizi onlardan bir neçə nümunəyə xülasə şəkildə cəlb edirik:
1-Süməyyə - ilk şəhid qadın
İslamın əvvəlində Əmmarın atası, yəni Süməyyənin əri Yasərə İslamı qəbul etdiyinə görə, şəhid olana qədər şallaq vurdular. Sonra isə Süməyyənin ardınca gəldilər. Onu hədələdilər ki, əgər Peyğəmbəri (s) inkar etməsə, onun ayaqlarının hər birini dəvəyə bağlayıb iki tərəfə çəkib şaqqalayacaqlar. Süməyyə onların hədə-qorxusundan qorxmadı. Çünki o çox imanlı idi və ərinin yolunu getmək istəyirdi. Peyğəmbərin (s) sözləri qulağında sırğa olmuşdu: "Yasərin ailəsi! Səbir edin, sizin yeriniz behiştdir”.
Sonra o qadını bu cür ağır və zülmkarcasına işgəncə ilə şəhid etdilər. O və əri İslamın əvvəlindəki ilk şəhidlərdir. Əmmar belə bir ata-anadan dünyaya gəlmişdi, ömrünün axırına qədər İslam yolunda çalışdı və Siffeyn savaşında İmam Əlinin (ə) ordusunda şəhid oldu.(Ə`yanuş-şiə, 42-ci cild, səh.210; Əsədul-ğalibə, 4-cü cild, səh.43 və 44.)
2-Digər bir neçə qəhrəman qadın
İslamın ilk dövrlərində digər şücaətli qadınlar da olub. Onlar müxaliflərin çox ağır işgəncələri altında özlərinin səbir və dözümləri ilə İslamı müdafiə etmiş və düşmən qarşısında təslim olmaq həsrətini, onların qara qəlblərində saxlayaraq şərəfli ölümü qəbul edib və heç vaxt təslim olmayıblar.
1 - "Lubəynə” bəni-Muməl tayfasının kənizi idi. Ömər ibn Xəttab İslamı qəbul etməmişdən qabaq ona çox işgəncə verərdi. Lakin bu qadın heç vaxt təslim olmadı və İslam dinindən əl çəkmədi.
2 - "Zinnirə” bəni-Məxzum tayfasından idi. Müsəlman olduğuna görə Əbu Cəhlin ona verdiyi ağır işgəncələrə dözdü və heç vaxt təslim olmadı.
3 - "Nəhdiyyə” bəni - Nəhd tayfasında olan kəniz idi. İslamı tərk etməsi üçün Bəni - Əbdüd -Dar qəbiləsindən olan xanımının ağır işgəncələrinə məruz qalsa da əqidəsindən dönmədi.(Kamil ibn Əsir, 2-ci cild, səh.47)
4 - Mərifətli və çalışqan qadınlardan biri də Cabir ibn Həkimin qızı, "Qəzziyyə” adlandırılan Ümmü Şərik Əsədi idi. O Qüreyş tayfasının bəni-Amir qəbiləsindən idi. İslamın əvvəllərində müsəlman olan bu qadın dinin təbliği üçün çox çalışırdı. O, gizlin və aşkarda xüsusən qadınları İslama dəvət edirdi. Buna görə də ağır işgəncələrə məruz qalırdı. Bir dəfə onu palansız dəvəyə mindirib, üç gecə-gündüz ac və susuz vəziyyətdə saxladılar. Sonra isə əl-ayağını bağlayıb, yandırıcı çöllükdə, qızmar günəşin altında yolun üstünə atdılar. Əgər Allahın lütf və mərhəməti, qeybdən İlahi yardımlar gəlməsəydi, şübhəsiz tələf olacaqdı.(Bu barədə mə`lumat əldə etmək üçün Hilyətul-övliya, 2-ci cild, səh.66-ya və Əl-İsabə, 4-cü cild, səh.137-yə müraciət olunsun.)
Ümmü Şərik digər mühacirlərlə birlikdə Mədinəyə hicrət etdi. Əri artıq dünyadan getmişdi. Bir gün Rəsulullahın (ə) hüzuruna gəldi və dedi: "Mənim ərim çoxdan vəfat edib. Gəlmişəm ki, sənə evlənməyi təklif edəm”.
Həzrət Rəsulullah (s) buyurdu: "Gözlə, Allah tərəfindən bir hökm (əmr) gəlsin”.
"Əhzab” surəsinin 50-ci ayəsi nazil oldu. Bu hökm ancaq təkcə Peyğəmbərə (s) aid edildi. Peyğəmbər (s) onu zövcəsi olmağa qəbul edərək himayəsinə aldı.(Həmin mənbə; Məcməul-bəyan, 8-ci cild, səh.364.)
5 - Mərifətli qadınlardan biri də bəni - Səlim tayfasından olan Xənsa idi. O, İslam dinin təbliğ edərdi və qəbiləsinin bütün üzvlərinin İslamı qəbul etməsinə səbəb olmuşdu. O bəzən özünün şer və şüarları ilə müsəlmanları kafirlərin əleyhinə qaldırardı. Qadisiyyə savaşında oğlanlarının dördünü də döyüş meydanına göndərdi və onların dördü də şəhid oldular (bu barədə bir az sonra qeyd olunacaq).
6 - Xeybər savaşında iştirak edən qadınlardan biri də "Ümmü Ziyad Əşcəiyyə” idi. O, özünü digər beş qadınla birlikdə Xeybərə çatdırdı. Peyğəmbər (s) onların gəlişindən xəbərdar olduqda buyurdu: "Niyə gəlmisiniz?”
Onlar dedilər: "Yaralılara tibbi yardım göstərmək və onlara kömək etmək istəyirik”.
Rəsulullah (s) buyurdu: "Burada qalaraq vəzifənizi yerinə yetirin”. Xeybər qalası fəth ediləndə Rəsulullah (s) döyüşdə əldə edilmiş qənimətlərdən onlara da verdi.(Üsdul-ğabə, 5-ci cild, səh.584.)
7 - Şücaətli qadınlardan və şəhid analarından biri də Peyğəmbərin (s) kənizi "Ümmü Əymən”dir (onun adı Bərkə idi). Həzrət Peyğəmbər (s) onu azad etdi və Übeydə Xəzrəci ilə evləndirdi. Ondan bir oğlan uşağı dünyaya gəldi və adını "Əymən” qoydular. Onun əri vəfat edəndə Peyğəmbər (s) onu Zeyd ibn Harisə ilə evləndirdi. Ondan da bir oğlu dünyaya gələndə adını "Üsamə” qoydular.(Səfinətul-bihar, 2-ci cild, səh.736.) Ümmü Əymən o qədər qoçaq və şücaətli idi ki, Ühüd savaşında cəbhənin yaxınlığında idi. Bir dəstə müsəlmanın fərariliyini görəndə çox narahat olur və ovucuna torpaq götürüb onların üzlərinə ataraq qışqırır: "Siz arvadsınız. Gedin evinizə arvadların sap əyirən cəhrəsi arxasında oturun. Vay olsun sizə!”(Şərhe Nəhcül-bəlağə, İbn Əbil-Hədid, 3-cü cild, səh.390.)
Onun fəzilət və rəşadəti barəsində məlumat çoxdur. Ümmü Əymən Rəsulullahdan (s) sonra əqidəsini dəyişmədi, həmişə Həzrət Fatimə Zəhra (ə) və Əhli-beytlə (ə) birlikdə oldu. Onun oğlu Əymən Hünəyn döyüşündə, bəni-Haşimdən olan doqquz nəfərlə düşmənin qarşısında durub şəhid olana qədər vuruşdu.(Oğlu Üsamə yaşı iyirmidən də az olarkən Peyğəmbər (s) tərəfindən ali baş komandanlıq ləyaqətini qazanmışdı)
8 - Ühüd savaşında Mədinədəki müsəlman evlərindən çoxu şəhid vermişdi. Maraqlı budur ki, qadınlar öz övladlarını, ərlərini və qardaşlarının halını xəbər almazdan qabaq Peyğəmbəri (s) soruşurdular.
Bu qadınlardan biri də Qeysin qızı Sudadır. O, iki şəhid anasıdır. Onun oğlanları Ühüd savaşında Peyğəmbərin (s) hüzurunda şəhid olmuşdular. O öz oğlanları barəsində danışmır, əksinə təkrar-təkrar deyirdi: "Peyğəmbərdən (s) nə xəbər var?”
Ona "Peyğəmbər (s) sağdır” deyiləndə, dayanmadan özünü Rəsulullaha (s) çatdırdı. Peyğəmbəri (s) sağ-salamat görüb dedi: "Daha bütün müsibətlərim asandır. Siz salamat olsanız, heç bir qəmim yoxdur”.
O yüksək ruhiyyəli bir qadın idi. Döyüş meydanında oğlanlarının cənazəsini tapdı və dəvənin belinə yükləyib Mədinəyə tərəf yola düşdü. Yolda camaat ondan soruşdular: "Peyğəmbərdən (s) nə xəbər var?”
O dedi: "Peyğəmbər (s) salamatdır”.
Aişə ondan soruşdu: "Dəvənin belindəki yük nədir?”
O dedi: "Ürəyimin parası iki oğlumdur. Onlar Allah yolunda qəhrəmanlıq göstərmişlər, aparıram torpağa tapşıram”.(Şərhe Nəhcül-bəlağə, İbn Əbil-Hədid, 3-cü cild, səh.390.)
BİR ŞƏHİD ANASINDAN İBRƏT DƏRSİ
Bədr döyüşündə Süraqənin oğlu Harisənin boğazından bir ox dəydi və o, şəhid oldu. Onun şəhid olması xəbəri Mədinəyə çatanda anası və bacısı mənzildən çölə çıxdılar. Anası ətrafındakı qadınlara dedi: "And olsun Allaha! Peyğəmbər (s) gələndə, ondan oğlumun behiştdə, ya cəhənnəmdə olduğunu soruşmayınca ağlamayacam. Peyğəmbər (s) gələndə ondan soruşacam, əgər buyursa oğlun cəhənnəmdədir, o qədər ağlayacam ki, göz yaşlarım cəhənnəmin odunu söndürsün və o qədər nalə çəkəcəm ki, sonu bilinməyəcək. Əgər buyursa ki, behiştdədir heç vaxt ağlamayacam. Əksinə, çox sevinəcəm”.
Bədr döyüşündən sonra Peyğəmbər (s) Mədinəyə gəldi. Harisənin anası o Həzrətin (s) hüzuruna gəlib ərz etdi: "Ey Allahın Rəsulu! Yaxşı bilirsən ki, mən Harisəni çox sevirdim. O mənim gözümün işığı idi. Onun şəhidlik xəbəri mənə çatanda ağlamadım ki, sizdən soruşum, o behiştdədir, yoxsa cəhənnəmdə? Əgər cəhənnəm odunda olsa, ağlayıb nalə edəcəm”.
Peyğəmbər (s) ona buyurdu: "Behişt bir neçə mərtəbədən ibarətdir. Sənin oğlun firdovse-əlada, behiştin ən yüksək məqamındadır”.
Ana dedi: "Mən onun üçün heç vaxt ağlamayacam”.
SƏBİR QƏHRƏMANI ÜMMÜ SƏLİM
Ümmü Səlim Məkkədə İslamı qəbul edən tənha qadın idi. O, İslama vəfalı olan bir müsəlman kimi vəzifəsini yerinə yetirirdi. Əri vəfat etdiyi üçün Mədinədən Əbu Təlhə Ənsari adlı bir cavan oğlan ona elçilik etdi. Əbu Təlhə gözəl oğlan və hörmətli ailədən idi. Ancaq hələ İslamı qəbul etməmişdi. Ümmü Səlim çox istəyərdi ki, Əbu Təlhə onun həyat yoldaşı olsun. Lakin onun elçiliyinə qətiyyətlə rədd cavab verdi və dedi: "Bu şərtlə sənin həyat yoldaşın olaram ki, müsəlman olasan”.
Onunla bütpərəstliyin əsassız olması barəsində söhbət etdi. Bundan sonra Əbu Təlhə müsəlman oldu və Ümmü Səlim onunla ailə qurdu. Maraqlısı budur ki, Ümmü Səlim öz mehriyyəsini Əbu Təlhənin İslamı qəbul etməsini təyin etdi. Bir müddətdən sonra onların oğlu oldu və bu uşağa çox məhəbbət bəsləyirdilər. Amma bir gün Əbu Təlhə mənzildə olmayanda uşaq xəstələnərək dünyadan getdi. Ümmü Səlim onu bir parçaya büküb otağın küncünə qoydu. Əbu Təlhə evə gələndə, Ümmü Səlim uşağın öldüyünü bildirmədən, hazırladığı ləziz yeməyi ərinin qabağına qoydu. Əbu Təlhə uşağın əhvalını soruşdu. Ümmü Səlim dedi: "O yatıb, yeməyini ye”.
Ümmü Səlim təbəssüm və şirin sözlərlə ərini sevincə qərq etdikdən sonra ona dedi: "Doğrusu, bir neçə müddət olar ki, sənin yanında bir əmanət var idi. Bu gün onu sahibinə qaytardım. Daha nigaran olmazsan?”
Əbu Təlhə dedi: "Niyə nigaranam? Əmanət gərək sahibinə qaytarılsın”.
Ümmü Səlim bildirdi: "Allah istədi ki, mənə və sənə əmanət verdiyi övladı bu gün bizdən alsın”.
Əbu Təlhə düşüncəli həyat yoldaşının səbirinə, rəftar tərzinə və Allaha təvəkkül etməsinə təəccüb edərək dedi: "Sənin əvəzində mən səbirli və dözümlü olmalıyam”.
Ayağa qalxıb uşağa qüsl verdi, kəfənləyərək dəfn etdi. Sonra Rəsulullahın (s) hüzuruna gəlib oğlunun vəfatını və həyat yoldaşının rəftarını danışdı. Peyğəmbər (s) dua etdikdən sonra buyurdu: "Allaha şükür edirəm ki, mənim ümmətim arasında Bəni İsrailin dözümlü qadını kimi qadın vardır”.
Bir şəxs soruşdu: "O qadının əhvalatı necədir?”
Peyğəmbər (s) buyurdu: "Bəni İsraildə iki uşağı olan ailə var idi. Bir gün onlar bir neçə nəfəri qonaq dəvət etdilər. Kişi eşikdə idi, qadın isə mətbəxdə məşğul idi. Sonra kişi ilə qonaqlar evə daxil oldular. Bu arada, çöldə oynayan həmin iki oğlan uşağı quyuya düşdü. Qadın ərini və qonaqları xəbərdar etmədən uşaqları ölmüş halda quyudan çıxartdı. Onları parçaya büküb bir kənara qoydu. Qonaqlar gedəndən sonra bəzəyib ərinin yanına gəldi və xoş rəftar, şirin sözlərlə onu bu acı xəbərə hazırladı. Əri uşaqlarını soruşdu və onları səslədi. Birdən ölmüş həmin iki uşaq Allahın əmri ilə qadının səbirli olmağına xatir dirilib ata-anasının yanına gəldilər”.
Ümmü Səlimin göstərdiyi digər fədakarlığı sizə təqdim edirik:
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra bir gün Əbu Təlhənin mənzilinə daxil oldu. Ümmü Səlim Peyğəmbəri (s) yaxşı qarşılamaq üçün dünya malından heç nəyi olmadığı üçün (əvvəlki ərindən olan) Ənəs adlı on yaşlı oğlunu Peyğəmbərin (s) hüzuruna gətirdi və ərz etdi: "Ya Rəsulullah! Bu oğlanı sizə xidmətçi gətirmişəm. Sizə layiq olmasa da, qəbul edin və onun haqqında dua edin”.
Peyğəmbər (s) ona dua etdi və Peyğəmbərin (s) bu duası Ənəsin çoxlu övlad və var-dövlət sahibi olmasına səbəb oldu. O, hicri 91-ci ildə Bəsrədə dünyasını dəyişdi.
Ümmü Səlim Hüneyn döyüşündə də iştirak etmişdi. O əlinə xəncər götürüb Peyğəmbərə (s) zərər toxunmaması üçün onu qoruyurdu. Əbu Təlhə bu macəranı Peyğəmbərə (s) dedi. Rəsulullah (s) buyurdu: "Bəli, bilirəm. Qoy qalsın. Ümmü Səlim xəncəri ona görə əlinə götürüb ki, əgər bizə düşmən yaxınlaşarsa, onun qarnını yırtsın”.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.406; İslam tarixindəki qadınlar, səh, 64.)
Belə qənaətə gəlirik ki, qadınlar onun kimi ola bilərlər. Çünki Ümmü Səlim də sadə bir ailədən idi. Daha heç kim bəhanə edə bilməz ki, Peyğəmbər (s) qadını, Peyğəmbər (s) övladı və İmam (ə) övladı olduğu üçün belə idilər və yalnız onlar belə ola bilərlər. Həqiqət budur ki, bütün qadınlar bunu bacara bilərlər.