QADINLARIN SİYASİ İŞLƏRDƏ İŞTİRAK ETMƏSİ
Hicrətin səkkizinci ilində Məkkə İslam döyüşçülərinin, Allah Peyğəmbərinin (s) və İmam Əlinin (ə) əli ilə fəth edilərək müsəlmanların ixtiyarına keçdi. Kafirlər təslim oldular və Peyğəmbərin (s) hüzuruna gəlib o Həzrətə (s) beyət etdilər. Bu arada şücaətli və qəhrəman bir qadın, Əkrəmə ibn Əbi Cəhlin həyat yoldaşı "Ümmü Həkim” İslam dinini qəbul edəndən sonra bir dəstə qadınla Peyğəmbərin (s) hüzuruna gəldi. Ümmü Həkim Həzrətdən (s) soruşdu: "Allahın fərmanı "məruf”dan(Allahın fərmanı "Mumtəhinə” surəsi, 11-ci ayə. Bu barədə sonra qeyd olunacaq.) məqsəd nədir? Bizə də ona riayət etmək sifariş olunub”.
Peyğəmbər (s) ("məruf”un bir neçə aydın nümunəsinə işarə edib) buyurdu: "Məqsəd budur ki, qadınlar (acı hadisələr üz verəndə) sifətlərinə əlləri ilə xəsarət yetirməsinlər, üzlərinə vurmasınlar, saçlarını yolmasınlar, qara paltar geyinməsinlər, uca səslə nalə edib fəryad qoparmasınlar, öz kişilərini küfrə təhrik etməsinlər”.(Əl-mizan, 19-cu cild, səh.283; Kafidən nəql olunub.)
Bu qadınlar beyət üçün gəldikləri zaman Allah tərəfindən "Mumtəhinə” surəsinin 11-ci ayəsi nazil oldu. Ayədə qadınların beyəti üçün altı şərt zikr olunur və belə buyurulur: "Ey Peyğəmbər! İmanlı qadınlar sənin yanına beyət üçün gəldikləri zaman,
1. Allaha şərik qoşmasınlar;
2. Oğurluq etməsinlər;
3. Zina etməsinlər;
4. Öz övladlarını öldürməsinlər;
5. Bir kəsə böhtan atmasınlar;
6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər.
Bunlara əsasən onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayan və mehribandır!”
Qadınlar beyət üçün hazır olanda Ümmü Həkim soruşdu: "Necə beyət edək?” Peyğəmbər (s) buyurdu: "Mən heç vaxt qadınlarla əllə görüşməyəcəyəm”.
Sonra bir qab istədi. Qabı gətirdilər və ona su tökdülər. Həzrət (s) əlini onun içinə saldı və çıxartdı. Bu zaman buyurdu: "Ey qadınlar! Siz də öz əllərinizi bu suya vurun”.(Həmin mənbə.)
Belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin (s) dövründəki nümunəvi qadınlar O Həzrətin (s) məktəbinin şagirdləri kimi siyasi bir işdə, yəni beyətdə iştirak etdilər, arxa cəbhədə yaralılara tibbi yardım göstərmək üçün daim hazır olur, yaxın adamlarının şəhid olmalarını həmişə iftixar bilir və bu yolda Allaha xatir olduğu üçün müqavimətli idilər. Əgər onların ərləri şəhid olsaydı, digər həyat yoldaşı seçməyi özlərinə ar bilməzdilər. Hənzələnin həyat yoldaşı Cəmilənin əhvalatında işarə olunduğu kimi, onlar hətta ərlərindən sonra öz övladlarını da cəbhəyə göndərməyə hazır idilər.
Zeyd ibn Asimin həyat yoldaşı Ümmü Əmmarənin (Nəsibənin) sərgüzəştində deyilir ki, o, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq və Peyğəmbərlə (s) daim səhnədə qalmaq üçün Mədinə müsəlmanlarının Həzrətlə (s) bağladığı möhkəm peyman kimi tanınmış "Əqəbə beyəti”ndə iştirak etdi. Peyğəmbər (s) buyurdu: "Bu iki qadının beyətini qəbul etdim. Mənim bunu qəbul etməyim, onlar üçün kifayət edər. Çünki mən (beyətdə) qadınlarla əl görüşmürəm”.(Bihar, 19-cu cild, səh.16. Bu peyman be`sətin onuncu ilində baş verdi. Həmin bey`ətdə Ovs və Xəzrəc qəbiləsindən 73 kişi və iki qadın iştirak etdilər.)
HƏMNƏ VƏ ÜÇ ŞƏHİDİN XƏBƏRİ
Qəhrəmanlıq göstərmiş qadınlardan biri də Həmnədir. O, Əbdullah ibn Cəhşin həyat yoldaşı idi. Ühüd savaşından sonra o, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbər (s) ona yaxınlarından üçünün - əvvəl (dayısı) Həmzə Seyyidüş-Şühədanın (ə), sonra qardaşı Abdullahın və daha sonra isə ərinin - şəhid olması xəbərini verdi. O narahat oldu. Lakin ağlayan halda dedi: "Bizim hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq. Allah onları bağışlasın və şəhidliyi onlar üçün mübarək etsin”.
Həmnə qəmgin halda, lakin qəlbi ümidlə dolu özünü Pərvərdigarının razılığı müqabilində təslim etdi.
MUSƏBİN HƏYAT YOLDAŞI ZEYNƏB
Müsəlman, igid bir cavan oğlan olan Musəb ibn Umeyr Ühüd savaşında şəhid oldu. Həzrət Peyğəmbər (s) Ühüd savaşından sonra Mədinəyə qayıdanda, onu qarşılayanların içində gözü Musəbin həyat yoldaşı Zeynəbə sataşdı. Həzrət (s) ona buyurdu: "Qardaşının (Əbdullahın) şəhid olmasına görə səbir et”.
Zeynəb dedi: "İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”.
Peyğəmbər (s) buyurdu: "Səbir et”.
Zeynəb dedi: "Kimə görə səbir edim?”
Peyğəmbər (s) buyurdu: "Həmzənin (ə) şəhid olmasına görə səbir et”.
Zeynəb dedi: "İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”.
Həzrət Peyğəmbər (s) üçüncü dəfə buyurdu: "Səbir et və dözümlü ol”.
Zeynəb dedi: "Kimə görə səbir edim?”
Peyğəmbər (s) buyurdu: "Ərin Musəbin şəhid olmasına görə səbir et”.
Zeynəb bu sözü eşidəndə əhvalı dəyişdi və ağlayıb dedi: "Aman bu dərddən!”
Həzrət Peyğəmbər (s) buyurdu: "Qadın üçün ər qədər yaxın ikinci bir şəxs yoxdur”.
Zeynəbdən soruşdular: "Nə üçün ərinə görə narahat oldun?”
O cavabında dedi: "Onun yetim qalmış uşaqları yadıma düşdü”.(Bihar, 20-ci cild, səh.64.)
Yəni mənim ağlamağım və qəmginliyim ərimin Peyğəmbərdən (s) qabaq ölməsinə görə deyil. Əksinə onun yetimlərinə xatirdir.
ZƏHRA (S) MƏKTƏBİNİN ŞAGİRDİ FİZZƏ
Bəzən müəllimi onun şagirdinin vasitəsi ilə də tanımaq olar. Həzrət Zəhranın (s) şagirdlərindən biri xidmətçisi Fizzə idi. O, iftixar etdiyi xidməti müddətində Zəhrayi Əthərin (s) məktəbindən dərslər öyrənmiş, onu elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) yanında nur kimi parlamışdı. O "Nəvbə” əhlindən idi. Geridə qalmış məntəqədən və səhrada yaşayan bir qövmdən çıxsa da, Fizzə düşüncə, elm, Quran və hədisləri bilmək cəhətdən yüksəlmiş və Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən olmuşdu.
Əhvalatlardan birində nəql olunur ki, Abdullah Məkkəyə tərəf getdiyi yolda karvandan geri qalmışdı. Çöllükdə bir qadın gördü. Bu qadın da öz karvanından geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq üçün birlikdə Məkkəyə tərəf yola düşsünlər. Yolda Abdullah o qadına nə dedisə, qadın Quran ayəsi ilə onun cavabını verdi. Karvana çatanda o qadının oğlanları çox sevindilər. Abdullah onlardan soruşdu: "Bu qadın kimdir? Onunla hər nə danışdımsa, Quran ayəsi ilə cavab verdi”.
Onlar dedilər: "Bu qadın Xanım Zəhranın (s) kənizi və bizim anamız Fizzədir. İyirmi ildir ki, dilində Quran ayələri ilə danışır”.
Fizzə İmam Hüseynin (ə) hərəkatında iştirak etmiş və Həzrət Zeynəblə (ə) birlikdə olmuşdur. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı.(Bihar, 41-ci cild, səh.273; Üsuli kafidə İmam Hüseynin (ə) mövludu babı-Kərbəlada Fizzə və Şirin macərası nəql olunmuşdur.)
Biz bu vasitə ilə də Fatimeyi-Zəhranın (s) məqamın dərk edə bilərik. O Həzrət (s) elm və əməl meydanında belə bir kəniz yetişdirmişdi.
Həzrət Peyğəmbərdən (s) sonrakı dövrdəki nümunəvi qadınlardan biri də Əkrəmənin həyat yoldaşı Ümmü Həkimdir. Əbu Cəhlin oğlu Əkrəmə İslamı qəbul edəndən sonra, müsəlmanlarla rumluların savaşında şəhid oldu. Əbu Süfyanın oğlu Yezid bu qadınla evlənmək istədi. Lakin o, İslamda tanınmış şəxslərdən biri Xalid ibn Səidin həyat yoldaşı oldu. Xalid toya tədarük görmək istəyəndə o dedi: "Səbir et. Müharibə qurtarandan sonra evlənərik”.
Xalid dedi: "Ürəyimə damıb ki, bu savaşda şəhid olacam”.
Ümmü Həkim dedi: "Əgər elədirsə, maneə yoxdur”.
Xalid (arxa cəbhədə) bir körpünün kənarında onunla evləndi və müsəlmanlardan bir dəstəni toy ziyafətinə dəvət etdi. Buna görə də o körpü, Ümmü Həkim körpüsü adıyla tanındı. Müsəlmanlar hələ Xalidin qonağı idilər ki, rum qoşunu çatdı. Müsəlmanlar dayanmadan onların qarşısında sıraya düzüldülər və savaş başladı. Xalid şücaətli və dilavər bir kişi idi. O şiddətli tufan kimi düşmənin bağrını yardı və düşmənin bir dəstəsini öldürdükdən sonra şəhid oldu. Ümmü Həkim ikinci ərinin şəhadəti ilə üzləşdi. O özündə ümidsizlik və qəmginliyə yol vermədən evləndikləri xeymənin sütununu yerindən qopardıb rumlularla döyüşməyə başladı və onlardan yeddi nəfəri öldürdü.(Təbəqate ibn Sə`d, 4-cü cild, səh.71; Əcnadine Şam adıyla tanınmış bu döyüş 14-cü hicri ilində baş verdi.) Bununla belə o şücaətlik göstərib, hər dəfə qəhrəmanlıqla düşmən meydanına gedər və öz yerinə qayıdardı. Şəhid ərinin yolunu davam etdirmək, onun yolunu davam etdirmək və şəhidə layiqli həyat yoldaşı olmağı isbat etməyin mənası budur.