HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHRƏBANUYA SUALI VƏ ONUN CAVABI
Şəhrəbanunu əsir kimi Mədinəyə gətirəndə, Həzrət Əli (ə) ondan soruşdu: "Atandan fil süvariləri (və İran ordusunun məğlubiyyəti) barəsində hansı sözləri xatırlayırsan?”
Şəhrəbanu cavabında dedi: "Yadımdadır, atam o zaman deyərdi ki, hər zaman Allahın iradəsi qalib gəlsə, bütün arzular onun müqabilində xar və nakam olar. Hər zaman ömürün, izzət və şövkətin sonu çatsa, ölüm vaxtı çatacaq. Onun qabağında təslim olmaqdan başqa çarə yoxdur”.
Həzrət Əli (ə) buyurdu: "Doğrudan da atan nə qədər gözəl söz deyib! Bütün işlər İlahi müqəddəratın müqabilində xar və təslim olar. Hətta əcəl çatan zaman belə, insanın xahişlərinə və gördüyü tədbirlərinə qalib gələr”.
Həzrət Şəhrəbanu İmam Səccadı (ə) dünyaya gətirəndə vəfat etdi.
5-İmam Baqirin (ə) anası Fatimə (ə)
İmam Baqirin (ə) əziz anası Fatimə (ə) (Ümmü Əbdullah) İmam Həsən Müctəbanın (ə) qızı idi. İmam Sadiq (ə) onu yad edib, şəni və məqamı haqqında buyurub: "O çox doğru və düz danışan idi. İmam Həsənin (ə) ailəsində onun kimi bir qadın olmayıb”.
İmam Baqirin (ə) üstün olmasının səbəblərindən biri bu idi ki, iki tərəfdən (yəni həm ata və həm də ana) imamətə bağlıydı. Onun əsli İmam Həsən (ə) və İmam Hüseyn (ə) vasitəsilə risalət mənbəyi həzrət Peyğəmbərə (s) çatır. Onun uca mənəvi məqamı və kəramətlərindən biri budur ki, həzrət (ə) bir gün bir divarın altında oturur. Birdən divar yarılır və onun uçacağını bildirən möhkəm səs eşidilir. Həzrət (ə) divara işarə edərək buyurur: "Yox! Mustafanın haqqına and verirəm. Allah sənə aşmağa icazə verməsin”.
Divar onun bu sözü və işarəsindən sonra havadan asılı vəziyyətdə qalır və İmam (ə) sağ-salamat oradan uzaqlaşır. Bundan sonra İmam Sadiq (ə) (o Həzrətdən (ə) təhlükənin uzaqlaşmasına xatir) yüz dinar sədəqə verir.(Üsuli kafi, 1-ci cild, səh.469.)
6-İmam Sadiqin (ə) anası Ümmü Fərvə
Həzrət İmam Sadiqin (ə) əziz anası, Fatimə adlı möhtərəm qadın Ümmü Fərvə kimi tanınırdı. Ümmü Fərvə İmam Səccadın (ə) xalası oğlu Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı idi. O, tanınmış şiə fəqihi və İmam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. İmam Sadiq (ə) də onu İmam Səccadın (ə) daha etibarlı və etimadlı səhabəsi kimi yad edirdi. Əhli-sünnə tarixçiləri onu "Tabein seyyidlər”indən və İmam Səccadın (ə) dövründəki "yeddi fəqihlər”dən biri kimi qeyd edirdilər. O hicri 101, ya 102, ya 108 və ya 112-ci ildə 72 yaşında Mədinədə vəfat etdi.(Ə`yanuş-şiə, 8-ci cild, səh.446; Təbəqate ibn Sə`d, 5-ci cild, səh.139; Tənqihul-məqal, 2-ci cild, səh.23 (Qasim kəlməsi); Üsuli kafi, 1-ci cild, səh.472.)
Bir gün İmam Rzanın (ə) hüzurunda Qasim ibn Məhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: "Bu iki nəfər şiə idilər”.(Tənqihul-məqal, 2-ci cild, səh.23.)
İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin qızı idi. Onun şəni və məqamına İmam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: "Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər”.
Sonra buyurur, "anam nəql edir ki, atam (İmam Baqir (ə)) ona buyurdu: "Ey Ümmü Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər”.(Üsuli kafi, 1-ci cild, səh.472.)
Görkəmli hədis alimi Məsudi, "Mürucuz-zəhəb”də rəvayət edir: "Ümmü Fərvə öz əsrinin bütün qadınlarından daha pərhizkarı idi”.
O pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu İmam Sadiqi (ə) "İbnul-Mukərrəmə” (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.17.)
Nəql olunur ki, bir gün Ümmü Fərvə Kəbənin kənarında təvafla məşğul idi. Həcərul-əsvədin yanına gəldi və onu sol əllə məsh etdi. Oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: "Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin” (Yəni sol əllə "Həcərul-əsvədi” məsh etdin).
Ümmü Fərvə ona belə cavab verdi: "Bizim sənin elminə ehtiyacımız yoxdur”.(Ə`yanuş-şiə, 1-ci cild, səh.659.)
Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: "Etiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ümmü Fərvənin əri İmam Baqir (ə), qaynatası İmam Səccad (ə), övladı hikmət mədəni və elmin qaynar bulağı olan İmam Sadiq (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və İmam Səccadın (ə) etimadlı şagirdlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?”(Muntəhəl-amal, 2-ci cild, səh.81.)
7-İmam Kazimin (ə) əziz anası Humeydə
İmam Musa Kazimin (ə) əziz anası Humeydə Məğrib (Afrika və Əndəlos tərəflərindən olan) mühacirlərindən idi. İmam Baqir (ə) oğlu İmam Sadiqin (ə) onunla evlənəcəyi ərəfədə o xanıma buyurdu: "Adın nədir?”
Ərz etdi: "Humeydə”.
İmam (ə) ona buyurdu: "Sən dünyada mədh olunmuş, axirətdə isə bəyənilmisən”.
Sonra isə İmam Sadiqə (ə) buyurdu: "Bu qızı həyat yoldaşın olması üçün özünlə apar”.
İmam Sadiq (ə) həyat yoldaşı Humeydənin (İmam Kazimin (ə) anasının) şəninə buyurub: "Humeydə çirkinliklərdən və qatqılardan saf qızıl külçəsi tək pakdır. Allahın mənə və məndən sonrakı höccətə bəxş etdiyi kəramətə xatir, mələklər onu mənə qovuşanadək daim qorudular”.(Üsuli kafi, 1-ci cild, səh.477 və 476.)
Humeydə savadlı və hədis bilən bir qadın idi. O etimadlı rəvayətçi kimi bəzən İmam Sadiqdən (ə) eşitdiyi rəvayətləri nəql edirdi. Əbu Bəsir deyir ki, İmam Sadiq (ə) şəhid olandan sonra onun yanına getdim və başsağlığı dedim. O ağladı və mən də ağladım. O dedi: "Əgər İmam Sadiq (ə) vəfat edən zaman hüzurunda olsaydın, təəccüblü bir mənzərəni müşahidə edərdin. O Həzrət (ə) son anlarında gözünü açdı və buyurdu: "Bütün yaxın adamlarımı buraya topla”.
Hamını çağırdım. O Həzrət (ə) onlara nəzər saldı və buyurdu: "Şübhəsiz bizim şəfaətimiz namazı yüngül sayanlara çatmayacaq”.
İmam Kazim (ə) Əbva kəndində (Məkkə ilə Mədinə arasında yerləşir və Peyğəmbərin (s) anası Həzrət Amənənin (ə) qəbri oradadır) dünyaya göz açdı. Həzrətin (ə) ata-anası (İmam Sadiq (ə) və Humeydə) həcc mərasimini yerinə yetirmək üçün dostları ilə birlikdə Mədinədən Məkkəyə gedəndə yolda İmam Kazimin (ə) dünyaya gəlməsi kəramətlər və təəccüblü hadisələrlə baş verdi. Bu barədə hədislərdə və tarixdə nəql olunub.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.19.)
8-İmam Rzanın (ə) möhtərəm anası Nəcmə
İmam Rzanın (ə) anası Məğribdən (Afrika və keçmiş Əndəlos hüdudlarından) olan "Tuktəm” adlı bir qadın idi.(Onun üçün Ərva, Səmmanə və . . . kimi digər adlar da demişlər. İmam Rzanın (ə) təvəllüdündən sonra onu "Tahirə” də çağırırdılar. Nəcmənin künyəsi Ümmül-Bənin idi (Uyunu əxbarir-Rza, 1-ci cild, səh.16; Ə`yanuş-şiə, 2-ci cild, səh.13).)İmam Kazimin (ə) anası Humeydə (o da Əndəlosdan idi) onunla tanış olur və onu oğlu İmam Kazimin (ə) həyat yoldaşı olması üçün bəyənir. Tuktəm imamət və vilayət ailəsində Nəcmə adlandırılır. Nəcmə İmam Kazimlə (ə) ailə qurmazdan əvvəl Humeydədən İslam əxlaqı və qayda-qanunlarını öyrənir. O, din, istedad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həzrət Humeydə deyir: "Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm, mənə buyurdu: "Ey Humeydə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək”.
Mən bu göstərişə əməl edib Nəcməni oğlum İmam Kazimlə (ə) evləndirdim. İmam Rza (ə) da ondan dünyaya gəldi”.(E`lamul-vəra, səh.302.)
Rəvayətdə gəlib ki, Humeydə oğlu İmam Kazimə (ə) buyurur: "Oğlum! Tuktəm elə bir qadındır ki, ondan yaxşısını heç vaxt görməmişəm. Səni onunla evləndirirəm və sənə ona yaxşılıq etməyi sifariş edirəm”.(Uyunu əxbarir-Rza, 1-ci cild, səh.14 və 15.)
Həzrət Nəcmə (ə) Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırır ki, Həzrət İmam Rzaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: "Dayə tutmaqla mənə kömək edin”.
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyir: "And olsun Allaha yalan demirəm! Südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən sonra namaz, təsbih zikrlərim və ibadətlərim azalıb (ibadət və münacatlarımı yerinə yetirmək üçün kömək istəyirəm)”.(Həmin mənbə, səh.15.)
İmam Rzanın (ə) anası Həzrət Nəcmədən (ə) nəql olunur ki, "oğluma (Əli ibn Musa ər-Rzaya (ə)) hamilə olanda heç bir ağırlıq hiss etmədim. Yatanda öz bətnimdən həmd, təhlil və təsbih səsi eşidərdim və qorxardım. Yuxudan ayılanda isə heç bir səs eşitmirdim. O, (Həzrət Rza) dünyaya gələndə bir əlini yerə qoydu və başını səmaya qaldırıb dodaqlarını hərəkətə gətirdi. Elə bil ki, bir söz deyirdi. Bu anda atası Musa ibn Cəfər (ə) mənim yanıma gəldi və buyurdu: "Ey Nəcmə! Allahın kəraməti sənə mübarək olsun”.
Uşağı bir ağ parçaya büküb Həzrət Musa ibn Cəfərə (ə) verdim. Həzrət (ə) onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Fərat çayının suyundan istədi və onun ağzını Fərat suyu ilə islatdı. Sonra onu mənə tapşırdı və buyurdu: "Bu uşağı məndən al! O yer üzündəki Bəqiyyətullahdır”.(Uyunu əxbarir-Rza (ə), 1-ci cild, səh.20.)
İMAM MUSA KAZİMİN (Ə) QIZI HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATI
Qələm şəni və məqamını yazmaqda aciz olan çox möhtərəm qadınlardan biri İmam Musa Kazimin (ə) qızı Həzrət Fatimə Məsumədir (ə). Onun qəbri şiələrin ziyarətgahı və pənah apardığı yer, Qum elmiyyə hövzəsinin, müctəhidlərin və elm-əməl dahilərinin mərkəzidir. Bəzilərinin nəql etdiyinə əsasən, onun anası həmin Həzrət Nəcmədir. Həzrət Rza (ə) həm ata və həm də ana tərəfindən onun qardaşıdır. Həzrət Fatimeyi-Məsumə (ə) hicri qəməri 173-cü il zilhiccə ayının əvvəlində Mədinə şəhərində dünyaya göz açıb və 201-ci il rəbiüs-sani ayının 12-də 28 yaşında Qum şəhərində dünyadan gedib.(Mustədrəku səfinətil-bihar, 8-ci cild, səh.257; İrşade Mufidin tərcüməsi, 2-ci cild, səh.236.)
Hicri 200-cü ildə (yeddinci Abbasi xəlifəsi Məmunun israrı və dəvətindən sonra) Həzrət Əli ibn Musa ər-Rza (ə) Xorasana gəldi və burada Məmun onu ehtiramla qarşıladı. Çoxlu imam övladları Həzrət Rza (ə) ilə görüşmək üçün Hicazdan İrana gəldilər. O cümlədən Həzrət Məsumə (ə) də öz qohumlarından ibarət karvanla qardaşı ilə görüşmək üçün İrana gəldi. Ancaq Savə şəhərinə çatanda xanım xəstələndi. Yaxınlarından Qum barəsində soruşdu. Onlar dedilər ki, yaxındır. Əmin-amanlıq və müqəddəs şəhər olduğuna görə xanım sakin olmaq üçün Qumu seçdi. Qumda tanınmış şiələrdən olan Səd Əşərinin oğlanları Həzrət Məsumənin (ə) Savəyə gəldiyini eşitdikdə onu qarşılayaraq izzət və ehtiramla Quma gətirdilər. O Həzrət (ə) Musa ibn Xəzrəc ibn Səd Əşərinin evinə gəldi.(Bu ev indi də "Sittiyyə” elmi mədrəsəsi adıyla Miri Qum adlı məhəllədədir.) 17 (ya 16) gündən sonra isə dünyasını dəyişdi.(Səfinətul-bihar, 2-ci cild, səh.376.)İndi Həzrət Məsumənin (ə) Qumdakı pak və İlahi ziyarətgahı, ölkənin və xaricdəki müxtəlif bölgələrdən gəlmiş Əhli-beyt (ə) aşiqlərinin ziyarət mərkəzidir. İmam Kazim (ə) buyurur: "Qum Ali Məhəmmədin (s) evi, Ali Məhəmməd (s) şiələrinin sığınacağı və pənahgahıdır”.(Həmin mənbə, səh.446.)
Bəzi rəvayətlərə əsasən, Harun ibn Musa ibn Cəfər (ə) öz qohumlarından Həzrət Məsumə (ə) də daxil olmaqla 22 nəfərlə İrana gəlir. Yolda Harun (ə) yemək yeyərkən Məmunun cəlladları hücum edərək onu şəhid etdilər, digər adamlarını isə yaralayıb pərakəndə saldılar. Nəql olunur ki, Savədə Həzrət Məsumənin (ə) yeməyinə zəhər qatıb, o əziz və möhtərəm Xanımı (ə) zəhərlədilər. Xanım (ə) yatağa düşdü və çox çəkmədi ki, şəhid oldu. Məmun İmam Kazimin (ə) övladlarından altı, ya da yeddi nəfərini şəhid etdi. Çünki onlar qardaşları İmam Rzanın (ə) qanını almaq məqsədiylə Məmunun hakimiyyətinə etiraz etmişdilər . . . ".(Əl-həyatus-siyasiyyətul-İmamir-Riza (ə), müəllif Cəfər Murtəza Amili, səh.428; Qiyame sadate ələvi, səh.161 və 168.)
Müəllif isə belə deyir: "Bu nəzər, Həzrət Məsumənin (ə) 201-ci hicri qəməri ilində vəfat etdiyi qeyd olunmuş səhih nəzərlə uyğun gəlmir. Çünki Həzrət İmam Rza (ə) 203-cü hicri qəməri ilində şəhid olmuşdu”.
Həzrət Məsumənin (ə) (Əhli-beyt (ə) kəriməsi) məzarının ziyarəti barədə çoxlu rəvayətlər nəql olunub. O cümlədən, Həzrət Rza (ə) buyurub: "Hər kəs Həzrət Məsumənin (ə) məzarın ziyarət etsə, onun yeri behiştdir”.(Uyunu əxbarir-Riza (ə), 2-ci cild, səh.267; Səvabul-ə`mal, səh.98.)
Yenə də buyurub: "Mənim şiələrimin hamısı Həzrət Məsumənin (ə) şəfaəti sayəsində behiştə daxil olacaqlar”.(Mustədrəku səfinətul-bihar, 8-ci cild, səh.258.)
Diqqəti cəlb edən digər nöqtə budur ki, Həzrət Məsumənin (ə) ziyarətnaməsinin mətnini Həzrət Rza (ə) Səd Əşəriyə öyrədibdir.(Bihar, 102-ci cild, səh.266.)
9-İmam Cavadın (ə) anası Xəyzran
İmam Cavadın (ə) anasının adı Xəyzran idi. Onu Reyhanə, Səbikə və Mirrisiyyə kimi adlarla da çağırardılar. Bu qadın öz dövrünün ən yaxşı qadınlarından idi. İslam Peyğəmbəri (s) bu şücaətli və fəzilətli qadının və övladı İmam Cavadın (ə) gələcəyi barəsində belə buyurmuşdu: "Atam fəda olsun Nəvbə əhlindən olan pak təbiətli, ən yaxşı kənizin oğluna!”(Rəyahinuş-şəriət, 3-cü cild, səh.22; Bihar, 50-ci cild, səh.7.)
Xəyzran Nəvbə əhlindən (Misirin yaxınlığında, Afrikadakı məntəqələrdən biri) Mariyə Qibtiyyənin tayfasından idi. Mariyə Qibtiyyə Həbəşistanın padşahı Nəcaşinin İslam Peyğəmbərinə (s) hədiyyə etdiyi həmin mərifətli qadın idi. Peyğəmbərin (s) ondan İbrahim adlı övladı oldu, ancaq uşaq tezliklə dünyadan getdi.(Bihar, 18-ci cild, səh.419 və 22-ci cild, səh.152.)
İmam Kazimin (ə) şagirdlərindən biri Yezid ibn Suləyt Mədinə ilə Məkkə arasındakı yolda İmam Kazimlə (ə) görüşdü. Həzrətdən (ə) özündən sonrakı canişini barədə soruşdu. Həzrət (ə) bir az şərh verdikdən sonra buyurdu: "Məni bu il tutacaqlar. İmamət oğlum Əli (ibn Musa ər-Rza (ə)) ilədir”.
Sonra buyurdu: "Oğluma (Həzrət Rzaya) müjdə ver ki, tezliklə əmin, etimadlı və mübarək bir oğlan (yəni İmam Cavad (ə)) sahibi olacaq. O sənə mənimlə burada görüşməyini xəbər verəcək. O zaman ona xəbər ver ki, oğlanın (İmam Cavadın) anası, Rəsulullahın (s) oğlu İbrahimin anası, Rəsulullahın (s) həyat yoldaşı Mariya Qibtiyyənin tayfasından olan bir kənizdir. Əgər bacarsan mənim salamımı o kənizə (Xəyzurana) çatdır”.(Üsuli kafi, 1-ci cild, səh.315.)
Beləliklə görürük ki, İmam Kazim (ə) Xəyzuranla görüşməzdən və o xanımın İmam Rza (ə) ilə evlənməsindən əvvəl Həzrət Peyğəmbər (s) salamını Cabir ibn Əbdullah vasitəsilə İmam Baqirə (ə) çatdırdığı kimi, öz salamını ona çatdırmağı buyurur.
İMAM RZANIN (Ə) XƏYZURANIN PAKLIĞI VƏ MƏDHİ BARƏSİNDƏ BUYURDUĞU SÖZLƏR
Bir gün İmam Rza (ə) öz əshabına buyurdu: "Mən elə bir övlad (İmam Cavad) sahibi olmuşam ki, dəryaları yaran Musa ibn İmrana oxşayır. Anası da paklıq və müqəddəslikdə İsa ibn Məryəmə (ə) oxşayır. Bu uşağın anası (yəni Xəyzuran) pak və pakizə yaradılmışdır”.(Bihar, 50-ci cild, səh.15.)
İmam Rzanın (ə) bacısı Həkimə söyləyir ki, İmam Cavadın (ə) təvəllüdü yaxınlaşanda, İmam Rza (ə) mənə buyurdu: "Həkimlə (mama ilə) birlikdə Xəyzuranın otağına get”.
Sonra İmam Rza (ə) o otağın işığını yandıraraq oradan çıxdı və qapını bağladı. Xəyzuranda doğum ağrısı başlananda çıraq söndü. Çıraq söndüyünə görə narahat olduq. Lakin Həzrət Cavad (ə) dünyaya gələndə həmin otaq onun vücudunun nuru ilə işıqlandı. Bu zaman İmam Rza (ə) qapını açaraq otağa daxil oldu. Uşağı götürüb beşiyinə qoydu və mənə buyurdu: "Ey Həkimə! Beşiyin yanında qal”.
Üçüncü gün gördüm ki, İmam Cavad (ə) gözlərini səmaya dikib. Sonra sağ və sol tərəfə baxdı və dedi: "Əşhədu ənla ilahə illəllah
Və ənnə Məhəmmədən Rəsulullah”.
Həkimə deyir ki, mən qorxdum və dəhşətə gəldim. Bu halda Həzrət İmam Rzanın (ə) hüzuruna getdim və ərz etdim: "Bu uşaqdan elə sözlər eşitdim ki, təəccübləndim”.
İmam Rza (ə) buyurdu: "Nə eşitdin?”
Ərz etdim: "O Allahın birliyinə və Məhəmmədin (s) risalətinə şəhadət verdi”.
İmam Rza (ə) buyurdu: "Bu uşağın həyatında təəccüblü işlər sən gördüyündən də çoxdur”.(Bihar, 50-ci cild, səh.10.)
10-İmam Hadinin (ə) anası Həzrət Səmanə
Həzrət Səmanə (ə) Məğrib əhlindən idi. Allahın əli ilə Mədinəyə gəlib çıxdı və İmam Cavadın (ə) həyat yoldaşı oldu. Bu mərifətli qadın mənəvi fəzilətlər və kamal yolunda o qədər üstün idi ki, onu Seyyidə və Ümmül-Fəzl (fəzilətlər anası) adlandırardılar. Həzrət Səmanə (ə) öz dövründə zöhd və pəhrizkarlıqda misilsiz idi. İlin çox günlərini müstəhəb oruc tutardı.
Səmanə Məğrib karvanıyla Mədinəyə gəldi. Orada Məhəmməd ibn Fərəcin vasitəsi ilə İmam Cavadın (ə) evinə gələrək O Həzrətin (ə) həyat yoldaşı oldu. İmam Cavad (ə) onun şəninə belə buyurub: "Onun adı Səmanədir. O məni həqiqətən tanıyır. O, behişt qadınlarındandır. Tüğyankar şeytan ona yaxın gəlmir. İnadkar zalımların hiyləsi ondan uzaqdır. Heç vaxt yatmayan Tanrının lütf və mərhəməti altındadır”.
Böyük alim Seyyid Mürtəza "Uyunul-mucizat” kitabında Həzrət Səmanənin şənindən yazır: "O, Allaha ibadətdə təvazökarlıq və acizliyin son həddində olardı və Allahla çox sıx bağlılığı vardı”.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.23; Muntəxəbut-təvarix, səh.789.)
İman nuru cilvələnir bu canda, Mustafa qanunu yaşayır onda. Çöhrəsi günəşdir şərəf şəfəqli, Qəlbi vaqif, Ümmül-kitab hədəfli. İmamət tacıyla başı ucalmış, Önündə mələklər diz üstə qalmış. |