Yeddinci fəsil
QADINLARIN ƏMƏL ETMƏLİ OLDUĞU BİR NEÇƏ VƏZİFƏ
Bu fəsildə qadınların və qızların inkişaf amili, tərəqqisinin əsası, kamilləşməsi və hərtərəfli səadətə nail olmaları üçün İslamda lazım sayılan doqquz mühüm əməli xülasə şəklində nəzərinizə çatdırırıq.
1-Qadın üçün ən yaxşı şey
Qadın üçün hər şeydən mühüm hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz, öz gözəlliyini çirkin adamların tamaşasından qoruyub saxlayar və yalnız ərinə məxsus olar. İslam hicabı və iffətli olmaqla, təlaq və ayrılıq, qeyri-şəri əlaqələr, ana bətnindəki uşaqların siqtinin (vaxtsız salınmasının), uşaqların başsız qalmasının və onlarla digər fəsadın qarışısı alınar.
Hicab mədəni və əxlaqi inqilabın çarxlarının hərəkətə gəlməsi üçün güclü amil, nəsillərin süqutu təhlükəsinin qarşısını almağın əsas bünövrəsi və ailə mühitinin qorunması amilidir.
İslam hicabı qadınlar üçün məhdudiyyət deyil, qadınların alış-veriş əşyası olmasının qarşısını alaraq, onları cəmiyyətin müxtəlif sahələrində, xüsusən tibdə, maarifdə (yəni cismin və ruhun sağlamlığında) müsbət və fəal bir qüvvəyə çevirir. Qurani-Məcid iki yerdə hicabı qadınlara vacib edir. Peyğəmbər (s) və imamlar (ə) da həmçinin buna çox təkid edirlər.
Hicab həqiqi azadlığın aradan getməsi üçün səbəb deyil, əksinə insanın həqiqi azadlığının carçısı, amili və onları əyri yollardan, tüfeyli həyat sürməkdən doğru və düzgün yollara sövq edir.
Bir gün səhabələr Həzrət Rəsulullahın (s) hüzurunda idilər. Həzrət (s) onlardan soruşdu: "Qadın üçün ən yaxşı şey nədir?”
Heç kəs düzgün cavab verə bilmədi. Həzrət Əli (ə) Peyğəmbərin (s) sualını Fatimədən (s) soruşdu. Fatimə (ə) buyurdu: "Qadın üçün ən yaxşı şey odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin”.
Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: "Fatimə (ə) mənim bədənimin yarısıdır”.(Kəşful-ğəmmə, 2-ci cild, səh.92.)
İran və Əlcəzair inqilablarında qadının hicabı düşmən əleyhinə şəhidlərin qanından da güclü silah idi. Beləliklə, hicab bədbəxtlik və fəlakət amili deyil. Əksinə hicabsızlıq bədbəxtlik amilidir. Hicab isə inkişaf və ümidverici amildi.
2-Qızların və qadınların ailə qurması
Qız həddi-büluğa çatanda oğlanlar kimi evlənmək onun üçün də təbii olur. Bundan imtina etmək axar suyun əksinə üzmək kimi bir işdir. Bu, təkcə onun inkişafının qarşısını almaqla nəticələnmir, onu süquta uğradır. Xülasə, ailə qurmaq məsələsində qadının hüququna kamil şəkildə riayət olunmalıdır. Hər şeydən mühüm budur ki, evlənmək məsələsində toyu çətinləşdirmək, bərbəzəkli keçirmək, boş və mənasız xərclərə yol vermək kimi lazımsız əməlləri hər iki tərəf aradan qaldırmalıdır. Toy İslamın ilk vaxtlarındakı kimi çox sadə keçirilməlidir ki, hər iki tərəfdən heç kəs məşəqqətə düçar olmasın. Kişi azad olduğu kimi qız və qadınlar da özlərinə həyat yoldaşı seçməkdə azaddırlar. Belə işlərdə gərək qız və qadının şəxsiyyəti sınmasın. İki həyat yoldaşının razılığı və mehriban olmaları üçün gərək lazım olan tədbirlər görülsün. Bir sözlə, əgər kişi ilə qadının İslami hüquqlarına riayət olunsa, bir çox problemlər öz düzgün həllini tapacaq.
Həzrət Peyğəmbər (s) buyurub: "İslamda Allah yanında evlənmək kimi sevimli heç bir əməl yoxdur”.(Qisarul-cuməl, səh.228 və 290, Vəsailuş-şiədən nəql olunub.)
İmam Sadiq (ə) buyurub: "Evlənməkdə əsas götürülən ölçü iffət və namuslu olmaqdır.(Həmin mənbə.)
Həzrət Peyğəmbər (s) buyurub: "Qızınız üçün elçi gələnin yaxşı əxlaqı və dinindən razı qalsanız, ona müsbət cavab verin. Əgər belə etməsəniz, böyük bir fitnə-fəsad bərpa olacaq”.(Həmin mənbə.)
Əlbəttə, oğlanın razılığı lazım olduğu kimi, gərək qızın da razılığına kamil şəkildə riayət olunsun. İndi isə bu əhvalata diqqət yetirin:
Peyğəmbərin dövrü idi. Cavan bir qızın atası, məsləhətləşmədən onun ailə qurması üçün toy tədarükü gördü. Cavan qız Peyğəmbərin (s) hüzuruna gdərək atasının bu əməlinə şiddətlə etiraz etdi. Peyğəmbər (s) o kişini hüzuruna çağırıb danladı və bu növ ailə qurmanı batil saydı. Qız Peyğəmbərin (s) və sonra da qohum-əqrəbasının yanına getdi və dedi: "Mən həqiqətdə bu evlənməyə razı idim. Ancaq istəyirdim qızlar başa düşsünlər ki, atalarının qızlarını ərə verməkdə tam ixtiyarları yoxdur”.(Tarixdəki dastanlar, 2-ci cild, səh.54.)
Cuvəybir adlı şəxsə (yoxsul qara zənci oğlana) ərə getməyə razılıq verən qız - "Zəlfa”nın əhvalatı - hamıya məlumdur və qızlar üçün yaxşı bir dərsdir. Bu əhvalat da Həzrət Peyğəmbərin (s) zamanında baş verib.
MƏRİFƏTLİ QADIN VƏ ƏRİNİN ƏTİRİ
Aişə adlı şərafətli və gözəl bir qız Məsəblə evləndi. Məsəb ər olmaqdan əlavə, onun üçün təlim-tərbiyə müəllimi idi. Hicab, iffət kimi sair mənəvi fəzilətləri ona öyrətdi və həyat yoldaşının dünya görüşünün artması üçün çox çalışdı.
Müharibə başladı. Məsəb döyüşə getdi. Bir neçə müddətdən sonra qayıtdı. Məsəbin mərifətli həyat yoldaşı onu qarşılamağa tələsdi. Ona təbrik dedi və üz-gözünün toz-torpağını təmizlədi. Məsəb ona dedi: "And olsun Allaha! Qorxuram ki, bu paltarın, paslanmış zirehin və dəmir silahın iyi sənə əziyyət versin. Sənin mənə bu qədər məhəbbət göstərəcəyini gözləmirdim”.
O mərifətli qadın cavabında dedi: "And ola Allaha bu iy mənim üçün müşk ətrindən daha yaxşıdır”.(İslam tarixi dastanlarından, 2-ci cild, səh.63.)
YOXSUL KƏNDLİNİN ƏLLAMƏ MƏCLİSİNİN QIZI İLƏ EVLƏNMƏSİ
Saleh Mazandarani Mazandaran kəndlərinin birindən idi. Valideynləri yoxsul olan Saleh dini təhsil almaq üçün İsfahana gedərək oradakı bir mədrəsədə çox çətinliklə təhsil almağa başladı. Hətta gecələr mütaliə etmək üçün mədrəsənin ümumi çıraqlarının yanında saatlarla durar, onların nurundan istifadə edərdi. Onun elmi səviyyəsi artdıqdan sonra Əllamə Məhəmməd Təqi Məclisinin dərsində rəsmi şəkildə iştirak etməyə başladı. Əllamə onunla danışıqlarında və bəhslərində, Salehin mərifətli bir cavan oğlan olduğunu gördü. Molla Saleh evlənmək yaşına çatığı üçün ailə qurmaq qərarına gəlmişdi. Bir gün dərsdən sonra Əllamə Məclisi (rəh.) ona işarə etdi ki, gözləsin. Şagirdlər gedəndən sonra Əllamə ona dedi: "Eşitmişəm ki, evlənmək qərarına gəlmisən?”
Saleh ərz etdi: "Bəli”.
Əllamə içəridəki otağa keçərək dərs oxumuş, mərifətli və ağıllı qızı Aminəyə dedi: "İstəyirəm ki, səni sərvəti olmayan, lakin fazil və alim bir oğlana ərə verəm. Bu da sənin razılığından asılıdır”.
Aminə cavabında dedi: "Yoxsulluq ki, eyb deyil”.
Əllamə onun razılığını alıb toya hazırlıq görür. Aminə çox sadə şəkildə ər evinə gedir. Bu qadın o qədər mehriban idi ki, əri elmi kitabları mütaliə edəndə, elə vaxt olurdu ki, bəzi məsələləri həll edə bilmirdi və ondan kömək istəyirdi, Aminə də məsələni həll edərdi. Təzə evləndikləri zaman bir gün Molla Saleh evdən çölə çıxdı. Qayıtdıqdan sonra gördü ki, həyat yoldaşı məsələnin cavabını doğru-düzgün yazıb qoyub. Bunu görə Saleh səcdəyə gedərək səhərə qədər ibadət və şükür etməklə məşğul oldu. Onun bu əməli üç gün çəkdi. Əllamə macəradan xəbərdar oldu. Molla Salehi çağırdı və ona dedi: "Əgər qızımla evlənmək istəmirsənsə, səni başqa bir qızla evləndirim”.
O cavabında dedi: "Əksinə, Allahın mənə əta etdiyi nemətinə görə şükür və ibadət edirəm. Ancaq nə qədər çalışıramsa, görürəm ki, bu şükürü yerinə yetirə bilmirəm”.(Səfinətul-bihar, 2-ci cild, səh.41.)
TOY LƏVAZİMATI YERİNƏ SİLAH ALMAQ
Həzrət Peyğəmbərin (s) dövründə Sədul-Əsvəd adlı bir müsəlman evlənə bilmirdi. Heç bir qadın onunla ailə qurmağa razı deyildi. Axırda əhvalatı Həzrət Peyğəmbərə (s) danışdı. Peyğəmbər (s) onu Ömər ibn Vəhəbin qızıyla nişanladı. Səd Peyğəmbərin (s) bu işindən çox şad oldu və evlənmək üçün toy tədarükü görməyə başladı. Toy üçün təyin olunmuş vaxt gəlib çatdı. Səd toy ləvazimatı almaq üçün bazara gedəndə birdən qulağına belə bir səs dəydi: "Əl-cihad, əl-cihad”.
"Döyüşə hazırlaşın! Tələsin, silahınızı götürüb, atlara minin. Fürsəti əldən verməyin . . . ".
Səd bir az fikirləşdi. Sonra qərara gəldi ki, toy ləvazimatı yerinə qılınc və nizə alsın. O, bunları alıb özünü İslam ordusunun döyüşçülərinə çatdırdı və böyük qəhrəmanlıqla döyüşüb axırda şəhid oldu.(İslam tarixi dastanlarından, 2-ci cild, səh.45.)
İndi bizim bundan da çox cavanlarımız vardır ki, bütün varlığını İslam yolunda fəda etmişlər. Gəlin biz də bu cavanlar kimi olaq. Qadınlar da çətin anlarda və böhranlı vəziyyətlərdə gərək bu cür fikirləşsinlər.
3-Ailədə qayda-qanunun və səfa-səmimiyyətin qorunub saxlanılması
Məhəbbət ər-arvad arasındakı mehribanlığın bünövrəsi və övladların tərbiyəsində mühüm amildir. Övladların yoldan azmalarının və törətdikləri fəsadların əsas səbəbi ərlə arvad arasında İslami məhəbbətin və düzgün qayda-qanunun olmamasıdır. Məsələn, kişinin, ya qadının narkotik maddələrə qurşanması, namuslu və iffətli olmaqda İslam qayda-qanunlarına riayət etməməsi və onların inadkarlığı uşaqları yoldan elə azdırır ki, elə bil daha onlar üçün çıxış yolu qalmır. Şübhəsiz ki, gərək evdə mehribanlıq olsun, uşaqlar rahat və arxayın boya-başa çatsınlar. Daha nigarançılıq və iztirab onlara hakim olmasın. İmam Sadiq (ə) buyurur: "Allah rəhmət etsin o kişiyə ki, həyat yoldaşıyla yaxşı rəftar edər. Çünki Allah onu həyat yoldaşı üçün himayəçi təyin etmişdir”.
Həmçinin buyurur: "Kişinin ən pis düşməni əxlaqsız arvaddır”.(Qisarul-cuməl, səh.289.)
Qadın və qızların şəxsiyyəti, kişi və oğlanların şəxsiyyəti kimi qorunub saxlanılsın. Əgər qadının şəxsiyyəti tapdanılsa, qəlbində özünü alçaldılmış hiss edər. Bəzən qızlar bu səbəbə görə, özlərini "alçaldılmış” bilib, eyibli olduqlarını güman edirlər. Nəticədə evlənməkdən boyun qaçırır və buna görə də cəmiyyət digər fəsadlarla üzləşir. Quran "Bəqərə” surəsinin 186-cı ayəsində, ər-arvadı bir-biri üçün "libas” bilir və buyurur: "Onlar sizin, siz də onların libasısınız”.
Burada "libas” kəlməsi onların hər ikisini bir-birinin eybini örtməsinə, abır-həyalarını qorumasına və özlərini iki bədəndə bir ruh kimi hiss etmələrinə çox gözəl bir işarədir. Həzrət Peyğəmbər (s) qadınlara, digər qadınların örtülü və eyib yerləri barəsində ərlərinə danışanlarla oturub-durmağı nəhy edər və buyurardı: "Əgər bir qadın, başqa bir qadının xüsusiyyətlərini (yəni örtülü yerləri barəsində) öz ərinə danışsa, onun əri o qadının bədənini görmüş kimi olur”.(Təfsire ibn Kəsir, 3-cü cild, səh.284.)
İndi isə qadınların hüququna riayət etməyə çox diqqət yetirmək üçün aşağıdakı Qurana aid bir əhvalata nəzər salın:
"Həzrət Peyğəmbərin (s) zamanı idi. Ovs ibn Samit evinə gələndə mehriban həyat yoldaşını namazda səcdə halında gördü. İstədi ki, namazdan sonra onunla cinsi əlaqədə olsun. Lakin həyat yoldaşı bu işə meyilsiz olduğunu bildirdi. O narazı oldu və dedi: "Əntə ələyyə kə zəhri ummi”.
O zaman bu sözə "zihar” deyilir, qadını boşamaq və onun kişiyə əbədi haram olması sayılardı. Xovlə hərçənd ki, təqsirkar idi, amma Ovs da tələsik belə qərara gəlməməli və arvadının şəxsiyyətini sındırmamalıydı. Hər halda o çox peşiman oldu və çarə yolu fikirləşməyə başladı. Xovlə də çox narahat olaraq özünü Peyğəmbərin (s) yanına çatdırdı. Əhvalatı ərz etdi və bildirdi: "Ovs mənim əmim oğludur. Ondan bir neçə övlad sahibiyəm. Onu çox sevirəm. Görəsən bir çarə yolu var?”
Peyğəmbər (s) buyurdu: "Hələlik bu barədə Allah tərəfindən bir əmr yoxdur. Əgər bir əmr olsa sizə bildirərəm”.
Qadın ağlaya-ağlaya evə qayıtdı. O hər gün Mütəal Allah tərəfindən bu barədə bir əmrin gəlməsi ümidi ilə Peyğəmbərə (s) müraciət edirdi. Mehriban Allah "Mücadilə” surəsinin ilk ayələrini əziz Peyğəmbərinə (s) nazil etdi. Ayələrin mənası belədir: "Ya Peyğəmbər! Sənə şikayət edən və səninlə danışan qadını eşitdim. Allah eşidən və görəndir. Əmr belədir: Qadınları ilə zihar edib, sonra sözlərindən peşiman olub dönənlər bir kölə azad etdikdən sonra qadınları onlara halal olur. Kim (azad etməyə bir kölə) tapmasa, iki ay ardıcıl oruc tutsun. Əgər buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır”.
Həzrət Peyğəmbər (s) Allahın əmrini Ovsa xəbər verdi. Ovs dedi: "Oruc tutmağa və kölə azad etməyə gücüm çatmır. Siz kömək etməsəniz, altmış fəqiri də doydura bilmərəm”.
Peyğəmbər (s) ona lızmı miqdarda buğda, ya arpa yeməyi verərək dua etdi. O da həmçinin Allahın əmrini icra etdi. Həzrət Peyğəmbər (s) bu ər-arvadın yenidən bir-biri ilə qalan həyatlarını davam etdirəcəyini bildirdi. Onlar təzədən ailə qurub, yeni həyata başladılar. Bu, gücsüz qadının müdafiəsi idi ki, onun barəsində Quran ayələri nazil oldu. Peyğəmbər (s) şəxsən özü ailə mühitinin islahı və qorunması üçün tam ciddiyyətlə çalışdı.
Bu macəradan belə nəticə alınır ki, qadınlar da gərək öz ərlərinin iffətinin qorumağa çalışsınlar və özləri üçün çətinliklər yaratmasınlar. Gördüyümüz kimi, adı çəkilən qadın ərinə lazım olan şəraiti yaratmamaqla, onun həyat yoldaşı olan kişi isə tələsik qərara gəlməklə özlərini necə də çətinliyə saldılar.
Həzrət Peyğəmbər (s) buyurub: "Hər kəs Allaha xatir özünün bədxasiyyət qadınıyla səbirli və mehriban olsa, Allah ona dərgahında şükr edənlərin mükafatını verər”.(Qisarul-cuməl, səh.289, Vəsailuş-şiədən nəql olunub.)
4-Şəhidin hər iki tərəfli qohumlarının, onun uşaqlarına diqqət yetirmələri
Əlbəttə şəhidə ehtiram hamı üçün vacibdir. Çünki o, ən yaxşı sərmayəsini, yəni öz canını İslam, cəmiyyət və ölkəsi yolunda fəda etmiş, bununla düşmənin qarşısını almağa səbəb olmuşdur. Əgər şəhidlər olmasaydı, hamıya ziyan dəyərdi. Bu arada xüsusilə şəhidlərin yaxın qohumları çox diqqətli olmalıdırlar. Məxsusən şəhidin qadınına, uşaqlarına, ata və anasına nəhayət dərəcədə ehtiram olunmalıdır. Təəssüflər olsun ki, bəzən şəhidin ata-anasıyla həyat yoldaşı arasında xırda bir səbəbə görə dava-dalaş düşür. Əgər hər iki tərəf İslam cəmiyyətinin qayda-qanunlarına bağlı olsalar və ona əməl etsələr, heç bir kin-küdurət və düşmənçilik ortaya çıxmaz. Həzrət Peyğəmbər (s) öz göstərişlərinin birində buyurur: "İnsan şəhid olanda haqq münadisi nida edər:
Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir qəlbdən ötüb keçməyən nemətlər sənə müjdə olsun!”
Həzrət (s) sonra davam edir: "Allah-təala buyurur:
Mən şəhid yadigarlarının himayəçisiyəm. Hər kəs onları sevindirsə, məni sevindirər və hər kəs onları qəzəbləndirsə, məni qəzəbləndirirər”.(Məcməul-bəyan, 2-ci cild, səh.538.)
Şəhidin məqamını və onun yadigarlarının ehtiramını yada salaq. Görəsən xırda bir səbəb üstündə, onun pak ruhunu narahat etməyə və ona hər iki tərəfdən yaxın olan adamları qəmgin etməyə dəyərmi? Yadda saxlamaq lazımdır ki, bizim hər sahədə qayda-qanunlarımız vardır. Nə üçün qayda-qanunlara diqqət olunmasın və nəticədə Allah eləməmiş İslam və şəhidlərin yolunun əksinə olaraq, acı və xoşagəlməz hadisələr baş versin. Ümidvarıq ki, şəhidlərin qohumları öz dəyərlərini başa düşüb lazımsız işlərlə öz böyük hörmətlərini hədər verməyəcək və şəhidlərin pak ruhunu incitməyəcəklər. Unutmamalıyıq ki, şəhidlərin uşaqları, onların bədənlərinin yarısıdırlar. Onlar şəhid övladı olmaqlarıyla fəxr edirlər. Gərək onların həyatları bəzi inadkarlıqların əlində oyuncağa çevrilməsin. Bu məsələlərin həllinin açarı şəhidin ata-anasının və həyat yoldaşının əlindədir. Yaranmış çətinliklərin həllinə məntiqlə, mehribançılıq və məhəbbətlə yanaşmaq lazımdır. Başqaları da çətinliyin həllində yardımçı olmalıdırlar. Əgər bacarmırlarsa, müdaxilə etməməlidirlər.
5-Ali ruhiyyə, dözümlülük və nigaran olmamaq
Təbiidir ki, əgər böyük dövlətlərin müdaxiləsi olsa, uzun sürən müharibələrdə çoxlu ziyanlar, didərginlər olacaq, bir çox evlər viran qalacaq, şəhidlər, yaralılar, əlillər və sair yaranacaq. Bu çətinlikləri aradan qaldırmaq üçün bütün qüvvələrin səfərbər olunmasından və zərər çəkmişlərə nicat verməyə tələsməkdən əlavə, güclü ruhiyyə, səbir, inqilabçı dözümü, nigaranlıqdan uzaqlıq kimi insanı təhlükələrdən saxlamaq üçün gərəkli olan köməklər lazımdır. Bu ruhiyyə təvəkkül, ixlas, iman və Haqqın insan üçün təyin etdiyi taleyin müqabilində təslim olmaq sayəsində əldə edilir. Quran ayələri, hədislər, İmam Əlinin (ə) Nəhcül-bəlağədəki kəlamları və məsum imamların (ə) sözləri insana bu cür hadisələrdə yaxşı köməkçi və munisdir.
Həm Peyğəmbər (s) və həm də İmam Sadiq (ə) buyurublar: "Hər bir imanlı insan bəlaya düçar olanda, onun qarşısında səbirli və dözümlü olsa, Allah ona min şəhidin savabını (mükafatını) verər”.(Üsuli kafi, 2-ci cild, səh.92; Bihar, 71-ci cild, səh.93 və 94.)
İmam Sadiq (ə) deyib: "Şükür etmək kimi heç bir şey neməti artırmaz və səbir kimi heç bir şey bəlanı azaltmaz”.(Bihar, 71-ci cild, səh.94.)
Cabir İmam Sadiqdən (ə) soruşdu: "Səbire cəmil” nədir?
İmam (ə) buyurdu: "Şikayət olunmayan səbir (yəni dözəndə, səbir edəndə daha şikayət etməyəsən)”.(Həmin mənbə, səh.93.)
İmam Sadiq (ə) buyurub: "Nə çox olur ki, bir saat səbir uzun müddətli xoşbəxtliyə və nə çox da olur ki, bir saatlıq ləzzət uzun müddətli qəm-qüssəyə səbəb olur”.(Məcalisul-mufid, səh.33.)
Həzrət Rəsulullah (s) buyurur: "Səbir üç hissədən ibarətdir:
1. Günah qarşısında səbir.
2. İtaət yolundakı səbir.
3. Giriftarçılığın və acı hadisələrin qarşısında səbir.
Hər kəs günah qarşısında səbir etsə, səbirin sayəsində günah ondan uzaqlaşana qədər Allah onun üçün yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə fasiləsi yerlə göy arası qədər olar. Hər kəs Allaha itaət etmək yolunda səbir etsə və dözsə, Allah onun üçün altı yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə məsafəsi yerin dibindən ərşə qədər olar. Hər kəs giriftarçılığın və acı hadisələrin müqabilində səbir etsə, Allah onun üçün doqquz yüz dərəcə yazar və hər dərəcənin digər dərəcə ilə fasiləsi, yerin axırıncı nöqtəsindən ərşin axırıncı nöqtəsinə qədər olar”.(Üsuli kafi, 2-ci cild, səh.11; Bihar, 71-ci cild, səh.77.)
Şübhəsiz, əgər müsəlmanlar bu haqq sözlərin sayəsində tərbiyə olunsalar, güclü və sarsılmaz ruhiyyə ilə özlərini hər cür hadisələrə öyrədər və inkişaf edə bilərlər.