SƏBİR QƏHRƏMANI İKİ QADINDAN BİR DƏRS
1- İmam Sadiq (ə) buyurdu: "Allah-təala Davud Peyğəmbərə (ə) vəhy etdi ki, get Ovsun qızı Xəlavəyə behişt müjdəsi ver. Ona behiştdə səninlə bir yerdə olacağını çatdır”.
Həzrət Davud (ə) o qadının evinə gedərək qapısını döydü. Qadın çölə çıxanda Davudu (ə) görüb dedi: "Mənim haqqımda vəhy nazil olubmu ki, qapıma gəlmisən?”
Davud (ə) buyurdu: "Bəli”.
Qadın dedi: "O nə barədədir?”
Davud (ə) buyurdu: "O İlahi vəhy sənin fəzilətin barəsindədir”.
Qadın dedi: "O mən deyiləm. Bəlkə adı mənim adıma oxşar qadın olsun. Mən buna layiq deyiləm”.
Davud (ə) buyurdu: "O qadın sənsən”.
O dedi: "And olsun Allaha! Özümdə məni buna müvəffəq edən bir əməl görmürəm”.
Həzrət Davud (ə) ona buyurdu: "Öz həyatından mənə bir az danış”.
O qadın dedi: "Mənə hər bir dərd, bəla və ziyan dəyəndə səbir etdim və indi də səbir edirəm. Hətta Allahdan istəmədim ki, onu məndən uzaqlaşdırsın. Əgər özü məsləhət bilsə, onu uzaqlaşdırar. Səbir etməyim üçün savab istəmədim və həmişə Allaha şükr etdim”.
Davud (ə) ona buyurdu: "Elə buna görə həmin məqama çatmısan (ki, mənimlə behiştdə bir yerdə olacaqsan)”.
İmam Sadiq (ə) bu əhvalatların nəqlindən sonra buyurdu: "Bu bir dindir ki, Allah onu saleh bəndələri üçün istəmişdir”.(Bihar, 71-ci cild, səh.89, 14-cü cild, səh.39; Mişkatul-ənvar, səh.23.)
2- "Ümmü Əqil” adlı qadın səhrada yaşayırdı. Bir gün onun yanına iki qonaq gəldi. Bu zaman qadının oğlu Əqil mənzildən çöldə, dəvələrin yanında idi. Birdən qadına xəbər verdilər ki, dəvələr hürkəndə oğlun aralıqda qalaraq ölüb. Ümmü Əqil ona xəbər gətirəndən qonaqları qəbul etmək üçün kömək istədi və ona bir qoyun verdi. O da qoyunu kəsib ətini ayırdı. Ümmü Əqil bu ətdən qonaqlar üçün ləziz yemək bişirib onların qabağına qoydu. Qonaqlar yemək yeyəndə əhvalatdan xəbərdar oldular. Onlar Ümmü Əqilin səbirinə, dözümünə və ruhiyyəsinə təəccüb etdilər ki, o, bu müddətdə oğlunun ölməsini bildirməyib. Qonaqlar gedəndən sonra Ümmü Əqil müsəlmanlardan bir dəstəsinin yanına gələrək dedi: "Sizin aranızda Qurandan agahlığı olan bir şəxs varmı mənə Quran ayəsi ilə təsəlli versin?”
Bir şəxs bəli deyərək bu ayələri oxudu: "Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq”-deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır”.(Bəqərə surəsi, ayə 156.)
Ümmü Əqil onlarla vidalaşıb getdi və dəstəmaz alıb namaz qılmağa başladı. Sonra əlini dua etmək üçün qaldırdı və ərz etdi: "Ya Rəbbim! Səbir barəsində verdiyin fərmana əməl etdim. İndi isə verdiyin vədəni (mükafatı) mənə çatdır”.
"Əgər oğlum olsaydı, filan ehtiyacımı yerinə yetirərdi” sözləri zehnindən keçəndə, deyirdi: "Allah ümməti üçün Məhəmmədi (s) əbədi (yadigar) etmişdir. (Məhəmməd (s) varımızdırsa, nə qəm varımızdır)”.(Səfinətul-bihar, 2-ci cild, səh.7.)
Sədi deyib:
Qəmi varmı arxası möhkəm olanın, Nuhun qorxusu yox düşsə tufana. |
6-Çətinliklərlə mübarizə aparmaq üçün qəti qərar
Qadınla kişinin güclü iradəsinin olması demək olar ki, işləri 95% asanlaşdırır. Bu barədə müəllifin kifayət qədər təcrübəsi vardır. Qadınlar həmişə ağır və acı hadisələrlə qarşılaşırlar. Bəzən də kişi (yəni əri) müxtəlif bəlalara düçar olur. Əgər qadın hər cür hadisələrlə mübarizə aparmaq üçün ciddiyyətlə qəti qərara gəlsə, ərini özündən yaxşıca razı salar və onun üçün elə möhkəm arxa olar ki, bunun dəyərini Allahdan başqa heç kəs bilməz. Bu barədə aşağıdakı mətləblərə diqqət yetirin:
a) İmam Əli (ə) öz şerlərindən birində buyurur:
"İnsan iki halda olur. Çətinlik və asanlıq halında, ya da nemət və bəla halında”.
"Qəhrəman oğlan o kəsdir ki, əgər ruzigar ondan üz çevirsə, acı hadisələr onu üzməsin”.
"Əgər çətinliklər mənə üz versə, mən onun müqabilində möhkəm dağ kimi dayanaram və dözərəm”.
"Bu bəlaların və xoşagəlməzliklərin müvəqqəti olduğunu bildiyim üçün onların müqabilində səbir edərəm”.
Öndə ya nemət var, ya da ki bəla. O kəs zirəkdir ki, sınmamış qala. Çətinliklər başa ələnən zaman, Ötəridir bilib, bərk dayanıram. |
b) Deyirlər tanınmış şahlardan biri, Kəsra (Ənuşirəvan), öz zəmanəsinin həkim və alimi Büzürgmehrə qəzəbləndi. Əmr verdi, onu zindana atdılar. Zəncir və kündə ilə şairə işgəncə verirdilər. Bir müddətdən sonra, bir neçə nəfəri məxfi şəkildə Büzürgmehrin yanına göndərdi. Gizlin məmurlar gördülər ki, o oturub və üzündə heç qəm-qüssə əlaməti yoxdur. Ondan soruşdular: "Necə olur ki, bu çətin və ağır vəziyyətində səni şad görürük?”
O cavabında dedi: "Mən bir neçə dərmanı bir-birinə qarışdırıb ondan məcun (yəni bir neçə tərkibdən qarışıq şəkildə düzəlmiş dərman) hazırlayıb içirəm. Buna görə də şadam”.
Dedilər: "O məcun dərmanı nədir?”
Dedi: "Bu məcun dərman altı şeydən təşkil olunubdur”.
Allaha arxayın olmaq.
İnsan üçün Allah nə təyin etmişsə, o da olacaq.
İmtahanlarda səbir və dözümlü olmaq daha yaxşıdır.
Əgər səbir etməsəm, dözümsüzlüklə dərdi və əzab-əziyyəti qova bilmərəm.
Vəziyyətləri məndən də pis olanlar vardır.
Bu saatdan sonrakı saata qədər (bu sütundan digər sütuna kimi) fərəc (yəni çətinliklərin həlli) ehtimalı vardır”.
Məmurlar şahın yanına qayıtdılar. Əhvalatı şaha danışdılar. Şah əmr etdi, Büzürgmehri azad etdilər.(Səfinətul-bihar, 2-ci cild, səh.7.)
Belə bir vəziyyəti və ruhiyyəni ələ gətirmək üçün insan gərək təvəkkülünü (ümidini), imanını, hazırlığını, yaxşı və müsbət işlərlə məşğul olmağı artırsın və soyuqqanlı deyil, istiqanlı olsun. Məlum olduğu kimi hərarət (istilik) soyuqluqdan (əhəmiyyət verməməkdən və pis rəftardan) daha yaxşıdır. Çünki hərarət, (yəni dirilik) canlının təbiətidir və həmçinin soyuqluq da ölülük təbiətidir. Həzrət Peyğəmbər (s) buyurub: "İstiqanlı adamlara uzun ömürlük müjdəsini ver”.
Həmçinin buyurub: "Hər bir dərdin kökü, soyuqqanlılıqdır”.(Səfinətul-bihar, 1-ci cild, səh.242.)
Çox zaman qadınlar ərləri tərəfindən əziyyət və çətinliklərə məruz qalırlar. Məsələn, ər xəstələnir, ya müflis olur, ya ailəsinin dolanışığını təmin etmək üçün yaxşı işi olmur, ya şəhid olur, ya canına və malına ziyan dəyir və yaxud ümumiyyətlə, qadın ər tərəfindən narahatlıq içində yaşayır. Bu narahatçılıqların çoxu qəsdən olmur. Ancaq təəssüflər olsun ki, əksər hallarda qadın hövsələsizlikdən rəftar tərzini dəyişir və mehribançılığı itirir. Aydındır ki, belə olan halda onun özü, həyat yoldaşı və övladları üçün pis nəticələr baş verir. Qadın əgər bu laqeyidlik yerinə, cəhd göstərsə və ərinə kömək etsə, həm ərinin işini asanlaşdırar, həm özünə və uşaqlarına kömək etmiş olar və həm də Mütəal Allah dərgahında üzüağ olar. Bu, həm də ailənin çətinliklərinin həllində təsirli ola bilər. Həzrət Peyğəmbərin (s) dövründə, O Həzrətin (s) Əbdullah ibn Məsud adlı yaxın sirdaşlarından birinin qadınının adı "Zeynəb Səqəfiyyə” idi və ondan bir neçə övladı olmuşdu. Onların güzəranı yaxşı deyildi. Zeynəb özü qərara gəldi ki, ərinə kömək etsin. Eyni halda vəzifələrini və dini ibadətlərini yaxşıca yerinə yetirməkdən başqa, o, sənətlə də məşğul olmaqla bir miqdar pul qazanardı. Bununla da ailə güzəranını təmin etməkdən əlavə, yoxsullara da kömək edərdi. Bir gün ərinə dedi: "Görəsən Mütəal Allah yanında mükafatım vardır?”
Əbdullah dedi: "Get, Peyğəmbərdən (s) soruş!”
O, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Təsadüfən gördü ki, digər bir qadın da həmin sual üçün gəlib. Onlar Bilal Həbəşini həmin sualı Peyğəmbərdən (s) soruşmaq üçün vasitə qərar verdilər. Bilal Həzrət Rəsulullahın (s) hüzuruna gedib qayıtdı və dedi: "Rəsulullah (s) buyurur ki, sizin iki mükafatınız vardır:
Allah yolunda infaq (sədəqə vermək) mükafatı.
Öz yaxınlarına (ərinə və uşaqlarına) kömək etmək mükafatı. Bunun özü də sileyi-rəhm sayılır”.(Hilyətul-övliya, 2-ci cild, səh.69 və 70.)
Dolaşıq məsələ kimi bəzi işlər qadınlara ailədə əziyyət verir. Qadın həyatın çətinliklərini kitab oxumaqla və bacarıqlı adamlarla məsləhətləşməklə həll etməli və onun açarlarını tapmalıdır. O, bu açarlarla həyatın hər cür bağlı kilidlərini, dolaşıq düyünləri iti və güclü pəncəsiylə açar. İnsan bu qeyd olunanları gecikdirməsin ki, yoxsa şairin aşağıdakı şerindəki kimi təəssüflənər.
Əfsus arzularım hələ ki xamdır, Arzular bişincə ömür tamamdır. |
O, maraqlanıb doğru və düzgün yolu öyrənməlidir. Həzrət Peyğəmbər (s) buyurub: "Hər bir şeyin sütunu vardır. İslam dininin sütunu, agahlıq və mütəxəssis olmaqdır”/(Nəhcül-fəsahə, səh.90.)
Həzrət Əmirəlmöminin Əli (ə) buyurub: "Düşüncəsiz və şüursuz ibadət edən adam, öz ətrafında fırlanan dəyirman ulağına bənzəyir və o heç bir şey anlamır”.(Səfinətul-bihar, 2-ci cild, səh.115.)
9-Öhdəyə almaq və məsuliyyət hissi
Bütün qələbələrin əsası və çətinliklərdən ibarət olan qayaları aşıb keçməyin əsas vasitəsi Mütəal Allahın dərgahında məsuliyyət hissidir. Əgər insan işlərini Allaha xatir yerinə yetirsə və başa düşsə ki, onun ən xırda pis, ya yaxşı işi Allah dərgahında qalır və qiyamət günü ona görə cavab verməlidir, o zaman bütün çətin işləri Allaha xatir, asanlıqla yerinə yetirər. İmamlar (ə) və alimlər çox ağır çətinliklə qarşılaşanda buyurardılar: "Çətinlikləri asanlaşdıran şey, o işin böyük Allaha xatir olmasıdır”.
Belə olan halda, biz də başqalarının oduna yandıq və sair kimi sözlər deyilməz və hamı Allahın razılığına xatir iş görər.
DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRİ
Bəzi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan azmağın səbəbi üç şeydədir:
1. Şəhvət qüvvəsi;
2. Qəzəb qüvvəsi;
3. Xəyal və vəhm qüvvəsi.
Əgər birincinin qarşısı alınmasa ismətsizliyə, abırsızlığa və pozğunluğa səbəb olacaq. Əgər ikincinin qarşısı alınmasa yersiz əsəbləşməyə, dava-dalaşlara və fitnələrə səbəb olacaq. Üçüncüsünün qarşısı alınmasa, təkəbbürə, zülmə və haqsızlığa səbəb olacaq. İstər kişi, istər qadın olsun, insan gərək məsuliyyət hissiylə, təqva və öhdəsinə almaqla bu qüvvələri nəzarətə götürüb onlardan islah və təkamül üçün bir vasitə kimi istifadə etsin.
BİZİM PUSQUMUZDA DAYANMIŞ SƏKKİZ GÖZƏTÇİ
Məsuliyyət hiss etməyimiz üçün Quran ayələrinə və məsumlardan nəql olunan hədislərə nəzər salaq. Mütəal Allah tərəfindən hər gün bizə səkkiz gözətçi nəzarət edir. Bu gözətçilər bizi əhatə edib pis və yaxşı hərəkətimizi, sözümüzü yazırlar, yaxud onları saxlayırlar. Nəzarətçilər bunlardan ibarətdir:
1- Məkan;
"Zilzal” surəsinin 4-cü ayəsində buyurulur: "Qiyamət günü yer öz hekayəsini söyləyəcəkdir”.
2-Zaman;
İmam Əli (ə) buyurur: "Günlər hər gün deyər:
Mən təzə günəm. Məndə etdiyin hər bir əmələ şahidəm”.
3-Dil;
Quranda "Nur” surəsi, 24-cü ayədə buyurulur: "Qiyamət günü insanların dilləri (onlar qazandıqları günahlarını dandıqda) etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər”.
4-Bədən üzvləri;
"Yasin” surəsinin 65-ci ayəsində buyurulur: "Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər”.
5-İki mələk;
Quranda "İnfitar” surəsinin 10-cu ayəsində buyurulur: "Şübhəsiz, sizin üstünüzdə gözətçi mələklər vardır”.
6-Əməl kitabı;
"Casiyə” surəsinin 29-cu ayəsində buyurulur: "Bu, bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizinlə haqqı danışar. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!”
7-Peyğəmbərlər və imamlar (ə);
"Nisa” surəsinin 41-ci ayəsində buyurulur: "Hər ümmətdən (peyğəmbərini) əməllərinə şahid gətirəcəyimiz və səni (Peyğəmbəri) də onlara şahid təyin edəcəyimiz zaman halları nə cür olacaq?”
İmam Sadiq (ə) buyurub: "Bu ayə Rəsulullahın (s) ümməti barədə nazil olubdur ki, hər əsrin (dövrün) özünün İmamı (ə) vardır və onların əməlinə şahiddir. Həzrət Məhəmməd (s) biz İmamlara (ə) da şahiddir”.(Üsuli kafi, 1-ci cild, səh.190.)
8-Rəhman Allah;
Hər şeydən öncə bizim hamımız Allahın hüzurundayıq və O bizim əməllərimizə şahiddir. "Yunus” surəsinin 61-ci ayəsində buyurulur: "Siz nə iş görsəniz, Biz ona şahidik”.
Tanınmış təfsir alimi Əllamə Bursəvi, bu gözətçilər barəsində bir neçə məqamı bəyan etdikdən sonra deyir: "Ey günahkar! Bütün bu gözətçilər və şahidlər barədə nə düşünürsən və nə edəcəksən?”
Bəli, bu, bizim böyük Allah qarşısındakı vəziyyətimizdir. Əlbəttə gərək naümid olmayaq. Çünki Allahın rəhməti qəzəbindən böyükdür. Nə qədər ki, möhlət verilib, gərək ondan istifadə edərək məsuliyyət hiss edib, vəzifəmizi yaxşı yerinə yetirək və tövbə suyu ilə öz günahlarımızı yuyaq. Çünki Allah-təala buyurub: "Əgər Mənim bəndəm bir saat Mənə hüsni-zənn (yaxşı güman) etsə, onu Cəhənnəm odu ilə qorxutmaram”.(Təfsire ruhul-bəyan, Əllamə Bursəvi, 10-cu cild, "Zilzal” surəsi, 4-cü ayənin şərhində bu barədə kamil şəkildə izah verilib. )
Belə halda şübhəsiz, bu gözətçilərin yanında üzüağ olarıq. Gərək heç vaxt Allahın rəhmətinə sui-zənndə (pis gümanda) olmayaq. Bu, böyük günahlardan sayılır. Bu göstərişləri və əməlləri yerinə yetirməklə qadınlar da çətinlikdən nicat taparlar.
Ümidvarıq ki, qadınları çətinlikdən və acı hadisələrdən qurtarmaq üçün xeyirxahlıq və məsuliyyət hissi ilə yazılmış bu kitab, onların həyatında müsbət rol oynayan bir əsər olacaq.