Fatimənin (s) iman və ibadəti İbadət nədir? İbadət məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. İbadət qadir, əziz, kamil və mütəal Yaradan müqabilində zəlil və zəif mövcudun acizanə səcdəsidir. Naqis mövcudların təkamül yolu ibadətdir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Allahı tanıma və qəlb imanı güclü olduqca ibadətdə də daha dəyərli olur. İbadətdə sabitlik və keyfiyyət imana möhkəmlik verir, yəqinliyi gücləndirir. «Ölənəcən Allahına ibadət et.»(«Hicr» surəsi, ayə 99) İbadət məqsəd deyil, yoldur. Çünki məqsəd kamala çatmaq, Allaha yaxınlaşmaqdır. Din və şəriətə uyğun ibadət məqsədə doğru bir yoldur. Əgər Quran «sizi yalnız ibadət üçün yaratdım» deyə buyurursa, bu ibadətin məqsəd olması demək deyil. İbadət yol, abid yolçu və məqsəd Allaha çatmaqdır. Buna görə də din insanı məqsədə çatıracaq doğru yoldur.(«Siratəl-mustəqim».) |