Quran böyük əmanətdir Qurani-kərim heç bir təhrif və dəyişikliyə uğramamış Peyğəmbər (s) möcüzəsi, böyük əmanətdir. O, qiyamətədək insanların ixtiyarındadır və heç bir nöqsan onun qüdsiyyətini ləkələyə bilməz. Çünki Quranı bütün təhriflərdən qoruyan ilahi qüdrətdir. «Hicr» surəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq». Qurani-kərim ilahi maarifin əhatəli nuru, geniş dəryasıdır. Düşüncə və təfəkkürlə onun dərinliyinə varmaq, qəvvaslıq etmək mümkündür. Bu yolla qiymətli qeybi gövhərlər və dürrlər əldə edilir. Qurani-kərim özünü nur kimi tanıtdırır. «O özünü Peyğəmbərə iman gətirən, yardım göstərən və onunla nazil edilmiş nurun ardınca gedənlər – məhz onlar nicat tapanlardır».(«Əraf» surəsi, ayə 157.) Nurun xüsusiyyəti işıqlanmaq və işıqlandırmaqdır. Buna görə də Quran özünü təfsir edir, ayələr bir-birini aydınlaşdırır. «Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi».(«Zumər» surəsi, ayə 33.) Bununla belə Quranın dərin maarifi ilə tanış olmaq üçün agah təfsirçiyə ehtiyac vardır. Çünki üzməyi yaxşı bacarmayanlar üçün dənizin dərinliyinə getmək xətərdir. Quran maarifindən səmərəli bəhrələnmək üçün Quranla tamamlanacaq yolla gedilməlidir. Bu halda Quran yönəldici və işıqlandırıcı olar. Əks təqdirdə, kifayət qədər xətərlər ortaya çıxa bilər. «İsra» surəsində buyurulur: «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. O, zalimlərin ancaq ziyanını artırır». |