Əhli-beyt əmanəti əgər Qurani-kərimin təfsirçiyə ehtiyacı vardırsa, ən üstün təfsirçi Quranın vəhy olunduğu həzrət Peyğəmbərdir. O, qeyb sirlərindən və Quran maarifindən agah olmuşdur. Bu səbəbdən də Quran Peyğəmbəri öz təfsirçisi kimi tanıtdırır. «Nəhl» surəsində buyurulur: «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən ki, bəlkə düşünüb dərk edələr». Həzrət Peyğəmbər (s) öz əməlləri, rəftarı, əxlaqı və danışığı ilə Quranı bəyan və təfsir edib, Quranla tanışlıq yolunu da göstərmişdir. Quranla məhz onun yaxını olan Əhli-beyt baxışıyla tanış olmalıyıq. Əhli-beyt Quranla qoşadır. Mələkut aləmi ilə əlaqəli olan, Quranın danışdığı Əhli-beyt eynən Peyğəmbər (s) kimi Quran təfsirçisi bilinir. Əhli-beyt Quranın dili, ona çatmağın yoludur. Çünki Quran dilsiz, Əhli-beyt isə natiq bir vəhydir. Həqiqətdə hər ikisi vəhydir. Quran və Əhli-beyt iki surətdə cilvələnmiş eyni bir həqiqətdir. Həm Əhli-beyt, həm də Quran eyni risalət və vəhydir. «Bu ancaq nazil olan bir vəhydir».(«Nəcm» surəsi, ayə 4.) Ayə Quran, onun məzmunu Əhli-beyt haqqındadır. Əhli-beytin sözü, sükutu, xarakteri, əməli həm vəhy, həm də xalqa gətirilən dəlilidir. Hər ikisi Allahın ipidir və ondan yapışmaq gərək! «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın». («Ali-imran» surəsi, ayə 103). Bu ipin bir tərəfi Allah-təala, digər tərəfi xalqın qarşısındadır. Yalnız ona möhkəm sarınmaqla təbiətin qaranlıq quyusundan çıxmaq, azğınlıqdan qurtulmaq olar. Quran və Əhli-beyt həmin qırılmaz ipdir.(«Ürvətül-vüsqa».) |